Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-150/2022 01.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, onun nümayəndəsi-Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1997-ci il tarixdə Biləsuvar rayonunun Yuxarı Cürəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Azərbaycan Respublikası DİNnin X3 Alayının Xüsusi təyinatlı 1-ci taborunun 3-cü bölüyünün polis nəfəri vəzifəsində xidmət etmiş, hazırda işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran 2, Bağ massivi, Bağ evi 204-də qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, R.Bağırov küçəsi, nömrəsiz evdə yaşayan, 21 fevral 2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, polis serjantı rütbəsində olmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X3 Alayının polis nəfəri vəzifəsində qulluq edərkən 30 dekabr 2021-ci il tarixdə saat 22 radələrində ünvan 1 ünvanında yerləşən “Altun Saray” şadlıq evinin həyətyanı sahəsini əhatə edən hasarın arxa tərəfində arvadı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı qəsdən əlinin içi ilə sonuncunu baş və sifət nahiyələrinə zərbələr vuraraq Zərərçəkmiş şəxs burun sümüyünün yerdəyişməyən natamam xətti sınığı, burun belinin, sol gözün üst qapağı nahiyəsinin və sağ gözün iç bucağı nahiyəsinin qançırları ilə müşayiət olunan dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül xəsarət yetirmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun uzaq qohumudur. Xəyalə ilə iki ildən artıq sevgili münasibətində olmuşdur, 20 may 2020-ci il tarixdə onlar nişanlanmışlar, 2020-ci ilin iyul ayında toy etməyə hazırlaşdıqları üçün Xəyalənin atasının təkidi ilə rəsmi nikaha daxil olmuşlar. Lakin pandemiya səbəbindən toy məclisi gecikmişdir. Rəsmi nikahları olsa da, onlar faktiki birlikdə yaşamamışlar. İşlə bağlı Şuşa şəhərinə ezam olunmamışdan əvvəl Xəyalə ona bildirmişdir ki, 30 dekabr 2021-ci il tarixdə iş yoldaşları ilə restoranda “Yeni il” şənliyi qeyd etmək istəyirlər. O, buna etiraz etmiş və Xəyalənin şənliyə getməsinə icazə verməmişdir. 28 dekabr 2021-ci il tarixdə Xəyalə israrla şənliyə getmək istədiyini və müdirinin il sonu əmək haqlarını restoranda verəcəyini, 30 dekabr 2021-ci il tarixdə “Altun” şadlıq sarayında şənlik keçirəcəklərini, pula ehtiyacı olduğunu israrla bildirdiyi üçün Xəyalənin şənliyə getməsinə icazə vermişdir. 29 dekabr 2021-ci il tarixdə “Whatsap” vasitəsi ilə “sms” yazaraq şənlikdə saat 21:30-dək iştirak etməsini, həmin saatda gedib onu oradan aparacağını dedikdə, Xəyalə onunla razılaşmışdır. 30 dekabr 2021-ci il tarixdə saat 21:30da “Altun” şadlıq sarayının qarşısına getmiş, şənliyin keçirildiyi zala baxdıqda yalnız Xəyalənin işlədiyi yerin kollektivinin deyil, kənar qonaqların da zalda şənlik etdiklərini gördükdə əsəbləşmişdir. Çünki Xəyalə ona işlədiyi uşaq baxçasının kollektivinin olacağını, kənar şəxslərin olmayacağını bildirmişdir. Xəyaləyə zəng edib onu çöldə gözlədiyini demiş, Xəyalə hazırlaşıb çölə çıxanadək təxminən 25-30 dəqiqə vaxt keçmişdir. Xəyalə saat 22:05-də şadlıq sarayından çölə çıxdıqda, ona bayaqdan bir neçə dəfə zəng etdiyini, hansı səbəbdən cavab vermədiyini soruşduqda, Xəyalə musiqinin səsindən telefonun zəngini eşitmədiyini demiş, ondan nəyə görə danışdıqları kimi saat 21:30-da çıxmamasını və onu bu zamana qədər gözlətdiyini soruşanda, Xəyalə yalan danışaraq çöldə gözlədiyini demiş, o isə şüşədən içəriyə baxaraq Xəyaləni gördüyünü, ona yalan danışmamasını demişdir. Mübahisə də buna görə başlamış, Xəyalə ilə bu şəkildə mübahisə edərək “Altun” şadlıq sarayının həyətyanı sahəsinin arxa tərəfinə getmişlər, oraya çatdıqda Xəyalənin onunla yersiz mübahisə etdiyi, yalan danışmaqda davam etdiyi üçün əsəbləşmiş və sol əlinin içi ilə onun sol tərəfində olan Xəyalənin sifətindən vuraraq itələmişdir. Həmin vaxt əlində hər hansı bir əşya olmamışdır. Xəyalə özünü pis hiss etdiyi və ağladığı üçün yolla keçən taksini saxlatdırıb onu yaşadığı evə aparmışdır. Orada Xəyalənin valideynləri ilə aralarında mübahisə yarandığına görə o, çıxıb evinə getmişdir. Daha sonra ona məlum olmuşdur ki, Xəyalə onun barəsində şikayət etmişdir. Təqsirləndirilən şəxs daha sonra ifadəsində göstərmişdir ki, onun ümumiyyətlə Xəyaləyə hər hansı xəsarət yetirmək niyyəti olmamış, sadəcə olaraq əsəbi olduğu üçün belə bir hərəkət etmişdir. Əməlindən səmimi peşman olmuşdur, dəfələrlə cəhd etməsinə baxmayaraq, Xəyalə ilə barışa bilməmişdir. Barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun uzaq qohumudur, Pərvizlə ailə qurmaq üçün 20 may 2020-ci il tarixdə nişanlanmışlar, 2020-ci ilin iyul ayında isə rəsmi olaraq nikaha daxil olmuşlar. Onların toyları pandemiya səbəbindən uzandığı üçün təşkil edə bilməmişlər. 30 dekabr 2021-ci il tarixdə iş yoldaşları ilə yeni il bayramını “Altun” şadlıq evində qeyd edəcəkləri barədə Pərvizə bir həftə əvvəldən məlumat vermiş, Pərviz onun şənlikdə iştirak etməsinə icazə vermiş və həmin gün saat 22:00-da gəlib şadlıq evindən onu götürüb yaşadığı evə aparacağını bildirmişdir. İş yoldaşları ilə birlikdə “Altun” şadlıq evinin ümumi zalında, təxminən 18-19 nəfər iş yoldaşları ilə birlikdə yeni ili qeyd etmişlər. 30 dekabr 2021-ci il tarixdə təxminən saat 22:00-da Pərviz şadlıq evinin qarşısına gələrək ona zəng etmiş, evə getmək üçün küçəyə çıxmasını demişdir. O, saat 22 radələrində iş yoldaşları ilə sağollaşıb şadlıq evindən çıxmışdır. Küçəyə çıxdıqda Pərvizin sol tərəfdən əsəbi halda gəldiyini görmüş, əli ilə işarə edərək onu çağırmış və özü gəldiyi tərəfə qolundan tutub itələməklə, bir dəfə də şillə ilə onun başından vuraraq “Altun” şadlıq evinin arxa hissəsinə gedən yolun kənarına aparmışdır. Pərviz orada onunla mübahisə edərək əsəbi halda qışqırmış, nalayiq söyüşlərlə təhqir edərək əli ilə başından və sifətindən zərbələr vurub onu döymüşdür. Pərvizin onu vurması nəticəsində sifət və burun nayihələrində şiddətli ağrılar yaratmış, eyni zamanda onun burnundan da qan gəlmişdir. Həmin hadisə zamanı orada heç kim olmamışdır. Pərviz yolla keçən qeydiyyat nişanını və markasını bilmədiyi taksi ilə onu yaşadığı evə aparmış, 10 manat pulu da ondan götürərək taksiyə vermişdir. Onlar evə çatdıqda anası Rəna və atası Səyyar Pərvizdən onu niyə döydüyünü soruşduqda, Pərviz yaxşı etdiyini və ona heç nə edə bilməyəcəklərini deyərək mübahisə etməyə başlamışdır. Pərviz bu hadisəyədək bir neçə dəfə onu təhqir etmiş, hətta onu döysə də, heç bir zaman barəsində şikayət etməmiş, valideyinlərinə də belə hadisə haqqında danışmamışdır. Pərvizin 30 dekabr 2021-ci il tarixdə onu döyməsindən sonra onunla ayrılmaq, bağlanmış nikahın pozulması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Təqsirləndirilən şəxs ilə barışmamışdır, şikayətçidir, onun barəsində qanunda nəzərdə tutulan qaydada cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Səyyar oğlu onun xalası nəvəsidir. 20 may 2020-ci il tarixdə qızı Xəyalə ilə Pərviz nişanlanmışlar, 2020-ci ilin iyul ayında isə toy etməyə hazırlaşdıqları üçün onların rəsmi qaydada nikaha daxil olmasını bildirmişlər. Lakin pandemiya səbəbindən toy məclisi gecikmişdir. Rəsmi nikahları olsa da, onlar faktiki birlikdə yaşamamışlar. Xəyalə işlədiyi kollektivin keçirdiyi şənlikdə iştirak etmək üçün 30 dekabr 2021-ci il tarixdə saat 18 radələrində “Altun” şadlıq sarayına getmişdir. Bu barədə Pərvizin əvvəlcədən məlumatı olmuş və Xəyaləyə icazə vermişdir. Həmin gecə saat 23 radələrində Xəyalə və Pərviz evə gəlmişlər, o, qapını açandan sonra Xəyalənin üzündə maska olduğundan üzünü tam görə bilməsə də, gözlərinin şişkin olduğunu hiss etmiş və Xəyalə otağa keçdikdə o da Xəyalənin arxası ilə otağa girmişdir. O, maskanı aşağı çəkdikdə Xəyalənin burnunun həddən artıq şiş olduğunu, alnında qırmızımtıl qançır olduğunu görmüş, ondan nə baş verdiyini soruşmuşdur. Xəyalə Pərvizin onu döydüyünü dedikdən sonra o, otaqdan çıxaraq Pərvizdən qızını niyə döydüyünü soruşmuş, Pərviz isə “yaxşı etmişəm, mənə heç nə edə bilməzsiniz, gedin kimə istəyirsiniz deyin” deyə ona cavab vermişdir. Həmin vaxt “Mərkəzi Klinika”ya zəng etmişlər, lakin bayram olduğundan heç bir həkimin işdə olmadığını və xəstəyə baxıldığı təqdirdə isə analiz cavablarının bayramdan sonra çıxacağını dedikləri üçün X1 aparmamışlar. O, tibb bacısı olduğu üçün ilkin tibbi yardımları özü etmişdir. Təxminən 2 gün sonra Xəyalənin sifətində, burnunda ağrılar çox olduğu üçün X5 xəbər vermişlər. Mənzilə gələn həkimlər onu müayinə etmiş və ağrıkəsici vurmuşlar. Daha sonra onları 25-ci polis şöbəsinə dəvət etmişlər. Oraya gedərək izahat vermişlər və ekspert həkim Xəyaləni müayinə etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 13 fevral 2022-ci il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanmışdır. (i.v. 1) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 Publik Hüquqi şəxsin Nizami rayon şöbəsinin 11 yanvar 2022-ci il tarixli 06 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs burun sümüyünün yerdəyişməyən natamam xətti sınığı, burun belinin, sol gözün üst qapağı nahiyəsinin və sağ gözün iç bucağı nahiyəsinin qançırları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törədilmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 30.12.2021-ci il tarixdə alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Xəsarətin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. (i.v. 22-23) -Azərbaycan Respublikası DİN-in X3 Alayının komandirinin 06 yanvar 2022-ci il tarixli Ə-5ş/033-22 nömrəli əmrindən çıxarışdan görünür ki, polis serjantı Təqsirləndirilən şəxs “Azərbayran Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddənin 1-ci bəndinə əsasən (öz arzusu ilə) 06 yanvar 2022-ci il tarixdən xidmətdən xaric edilmişdir. (i.v. 24) - 23 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, əməlində xuliqanlıq cinayətinin tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə cinayət təqibinə xitam verilmişdir. (i.v. 111-117) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, onun nümayəndəsini, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 128-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan əməli törətmiş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmamışdır. Belə olan halda, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsində nəzərdə tutulan əlamətlər olmadığından, təqsirləndirilən şəxsin həmin əsaslarla cinayət məsuliyyətindən azad edilməsinə əsas yoxdur, ona görə onun barəsində ittihamedici hökm çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin 14 fevral 2022-ci il tarixli məktubundan və Azərbaycan Respublikası DİN-nin 5 saylı “ASAN xidmət” mərkəzindəki xidməti tərəfindən verilmiş 16 mart 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 63) - 21 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 93-94) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində, cəzasını ağırlaşdıran hal qismində həmin Məcəllənin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla qəsdən böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Buna görə də, təqsirləndirilən şəxsə əməlinin tövsif olunduğu maddənin sanksiyası hüdudlarında azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı tutulmamış, həbsdə saxlanılmamışdır. Ona görə məhkəmə hesab edir ki, cəzanın hesablanması zamanı Azərbaycan Respublikası CM-nin 69-cu maddəsinin müddəalarının tətbiqi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, Zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə qarşı mülki iddia verməmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına səbəb olacaq ekspertiza keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, dövlət hesabına təyin edilmiş vəkilin məhkəməyədək icraat və məhkəmə icraatı zamanı, iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət ümumilikdə 35 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı, iş materialları ilə tanış olmaqla birlikdə, ümumilikdə 35 saat göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 210 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-150/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-150/2022
01.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver