Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-150/2025 03.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X1, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1979-cu il tarixdə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Goranboy rayonu, Ağamalıoğlu kəndində qeydiyyatda olan və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 30 noyabr 2024-cü il tarixdə, saat 07 radələrində avtomobil yuyucusu işlədiyi ünvan 1 ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasının zirzəmisində olan yeraltı qarajda fəaliyyət göstərən avtoyuma məntəqəsində yuyulması üçün ona təhvil verilmiş Zərərçəkmiş şəxs etibarnamə ilə idarə etdiyi “Range Rover” markalı, ** HL *** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanc yerindən Zərərçəkmiş şəxs məxsus həmin dövrün məzənnəsi ilə 15980 manat təşkil edən 9400 ABŞ dolları məbləğində pulu gizli olaraq talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xeydi miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, təxminən 15 ildir ki, Bakı şəhərində kirayədə yaşamış və əsasən avtoyuma məntəqələrində işləmişdir. 2021-ci ildən ünvan 3 nömrəli hündürmərtəbəli binanın zirzəmisində olan yeraltı qarajda yerləşən avtoyuma məntəqəsində yuyucu işləyir. Məntəqə 24 saat fəaliyyət göstərir, gündüz növbəsində Baba adlı yuyucu, gecə növbəsində isə saat 20:00-dan səhər saat 08:00-a qədər o tək işləyir. «Range Rover» markalı ** HL *** nömrəli avtomobili idarə edən Eldəniz adlı şəxs həmin binada yaşayır və onun avtomobilini adətən həftədə 1-2 dəfə o gecə növbəsində yuyur. Belə ki, Eldəniz gecə evə gələndə avtomobili ona təhvil verir və o yuduqdan sonra da səhər təhvil alıb gedir. 29 noyabr 2024-cü il tarixdə, axşam saatlarında hava yağışlı olduğu üçün o avtoyuma məntəqəsinə işə getməmiş, həmin gecə daimi müştərisi olan Elməddin adlı şəxs ona zəng vurub demişdir ki, səhəri günü saat 08-də rayona yola çıxacaq və xahiş etmişdir ki, gecə gəlib onun maşınını yusun. O da 30 noyabr 2024-cü il tarixdə saat 06:30 radələrində avtoyuma məntəqəsinə gəlmişdir ki, Elməddinin maşınını yusun. O, gəlib görmüşdür ki, Eldəniz də öz «Range Rover» markalı ** HL *** nömrəli avtomobilini avtoyuma məntəqəsində saxlamış, Eldəniz maşının yuyulması ilə bağlı ona bir söz deməsə də yuma yerində saxladığı üçün belə başa düşmüşdür ki, onun da maşını yuyulmalıdır, çünki Eldənizin daimi olaraq qarajda saxladığı yer başqa tərəfdə olmuşdur. O əvvəl Elməddin adlı şəxsin maşınını yumuş və sonra da Eldənizin maşınını yumuşdur. Eldənizin maşını kilidlənməmiş vəziyyətdə olmuş və açarı da şitin üstündə olmuşdur. O maşını yumaq üçün açanda görmüşdür ki, qabaq sağ oturacağın üstündə iki qutu siqaret, mobil telefon və rezinlə bağlanmış halda bir paçka dollar əskinası var. O buna ilk əvvəl əhəmiyyət verməyib maşını yumuş və yuyub qurtardıqdan sonra mobil telefonu qapının içəri cibinə qoymuş, siqaretləri də külqabıya qoymuş, həmçinin bir paçka dollar əskinasını isə götürüb cibinə qoymuşdur. Bundan sonra maşını öz yerinə verib saxlayaraq qapıları bağlayıb açarı da digər açarları qoyduqları elektrik şitində olan qaba qoymuşdur. O bundan sonra avtoyumadan çıxıb kirayə yaşadığı evə getmiş, saat təxminən 09:00 radələrində Baba ona zəng edib demişdir ki, Eldəniz maşını götürüb getmiş, yumanın pulu kimi 100 manat versə də onda xırdalamağa pul olmadığından pulu götürməmişdir. Eldəniz də ona demişdir ki, Niyaziyə deyərsən kart göndərər, pulu karta köçürər. O da müdiri Turalın kart nömrəsini Eldənizin vatsapına göndərmişdir. Eldəniz ona səsli mesaj göndərib demişdir ki, hazırda maşın sürür, boşalan kimi pulu göndərəcək. İlk əvvəl o fikirləşmişdir ki, Eldəniz pulunun oğurlandığını bilib ona zəng edər, o da pulu qaytarar, lakin ondan bir xəbər çıxmadığı üçün o həmin oğurladığı pulu öz şəxsi ehtiyaclarına xərcləmək qərarına gəlmişdir. Bu məqsədlə kirayə yaşadığı evi dəyişmək istəmiş, həmin evi təhvil verib əşyalarını taksiyə yığmış və soraqlaşıb «Yeganə» şadlıq sarayının arxa tərəfindən 300 manata həyət evi kirayə tapıb ora köçmüş və kirayə pulunu da ödəmişdir. Bildirir ki, o, Eldənizin pulundan Əhmədli qəsəbəsində dollar dəyişən məntəqədə pul dəyişib manata çevirmişdir. O, Əhmədli qəsəbəsində metronun yanında olan dükanlardan birindən özünə 130 manata gödəkçə və 45 manata ayaqqabı alıb geyinmişdir. Həmçinin onun yol xərcləri də çıxmış və digər tələbatlarını da ödəmişdir. Həmin günü, yəni 30 noyabr 2024-cü il tarixdə, saat təxminən 18:00 radələrində Eldəniz onun 055 *** ** ** saylı nömrəsinə iki dəfə zəng etsə də o cavab verməmiş, sonra isə Tural onu Eldənizlə konfrans əlaqəyə qoşmuş, Eldəniz onun maşınından pul oğurladığını bildirsə də, o ilk əvvəl etiraf etməmiş, sonra Eldəniz polisə şikayət edəcəyini bildirəndə qorxaraq pulu qaytaracağını bildirmişdir. Lakin özü kirayə yaşadığı evə gedib Eldənizlə görüşə getməmişdir. Daha sonra qalan pulu sayaraq, götürdüyü puldan 8300 ABŞ dolları qaldığını görmüşdür. Həmin pul üstündə qalmış və o növbəti gün Əhmədlidə yerləşən «Nargilə» kafesində yemək yeyərkən polis əməkdaşları onu saxlamış, o da üzərində gəzdirdiyi 8300 ABŞ dollarını təhvil vermişdir. Törətmiş olduğu əməli səmimi etiraf etməsini, peşmançılıq çəkməsini və dəymiş zərərin əksər hissəsini ödəməsini nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi, ev 46C, mənzil 11-də 2016-cı ildən ailəsilə birlikdə yaşayır. Həmin ünvanda yaşadığı müddətdən də idarə etdiyi avtomobilini gecələr yaşadığı binanın altında olan yeraltı qarajda saxlayır. Həmçinin adətən həmin qarajda olan avtoyuma məntəqəsində tez-tez avtomobilini yuduzdurur. Avtoyuma məntəqəsini Turad aldı şəxs işlədir və orada işləyən işçilər isə ara-sıra dəyişir. 30 noyabr 2024-cü il tarixdə saat 00:30 radələrində baş etibarnamə ilə idarə etdiyi «Range Rover» markalı, ** HL *** nömrə nişanlı avtomobili ilə yaşadığı ünvana gəlmiş və avtomobilini yuduzdurmaq qərarına gəldiyindən binalarının altında olan yeraltı qarajdakı avtoyuma məntəqəsinə yaxınlaşmışdır. Lakin həmin vaxt heç bir işçi olmadığından divarda yazılmış mobil nömrəyə zəng etsə də, cavab verən olmamışdır. Bir neçə dəqiqə sonra isə başqa nömrədən həmin avtoyuma məntəqəsində işləyən Niyazi adlı şəxs özü onunla əlaqə saxlamışdır ki, ona avtomobilini yuduzdurmaq istədiyini bildirdiyindən o da açarı avtomobilin içərisinə qoub getməyini və gecə saatlarında gəlib yuyacağını demişdir. Bildirdi ki, növbəti gün başqa bir adama işi ilə əlaqədar pul verməli olduğundan evə gəlməmişdən bir neçə saat əvvəl 9400 ABŞ dolları pulu idarə etdiyi avtomobilin sağ sərnişin tərəfdən alın şüşəsinin alt hissəsində olan saxlanc yerinə qoymuş, qapısını örtsə də, kilidləməmişdir. Evə qalxarkən isə yorğun olduğundan həmin pulu götürməyi unutmuşdur. 30 noyabr 2024-cü il tarixdə, saat 09:30 radələrində evdən çıxmış və yeraltı qaraja düşərək avtomobilini götürmüşdür. Həmin vaxt avtomobili yuyulmuş, qapıları da kilidli vəziyyətdə olmuş və Niyazi özü olmadığından başqa işçi avtoyuma məntəqəsindəki yatdıqları otaqdan avtomobilinin açarını gətirib ona vermişdir. Sonra o işləri ilə əlaqədar çıxıb getmiş və gün ərzində bir neçə ünvanlarda olmuşdur. Həmin günü saat təxminən 10:30 radələrində Niyazi whatsapp vasitəsilə ona hazırda xatırlamadığı bank kartının nömrəsi ilə birlikdə səsli mesaj göndərərək avtomobilini yuduğundan ödəniş etməyini istəmişdir.Saat təxminən 17:30 radələrində evdən çıxmış, avtomobilində olan pulu müvafiq şəxsə çatdırmaq məqsədilə yol gedərkən pulu qoyduğu saxlanc yerini açıb baxdıqda 9400 ABŞ dolları pulun yerində olmadığını görmüşdür. Dərhal avtomobili saxlamış və həmin pulu gecə saatlarında avtoyuma məntəqəsinin Nəzər adlı işçisinin götürdüyünü təxmin etdiyindən onun nömrəsinə 2 dəfə zəng etsə də, Nəzər cavab verməmişdir. Sonra avtoyuma məntəqəsini işlədən Turala zəng etmiş və bu barədə məlumat vermişdir. Tural isə özü Nəzər ilə danışandan sonra Nəzərin pulu götürdüyünü boynuna almadığını ona bildirmişdir. Bundan sonra onun təkidi ilə konfrans zənglə Nəzər ilə əlaqə saxlamış, pulu qaytaracağı təqdirdə polisə şikayət etməyəcəyini demişdir. Artıq bundan sonra Nəzər avtomobilinin saxlanv yerindən 9400 ABŞ dolları pulu götürdüyünü etiraf etmiş və pulu qaytarması üçün təxminən 15 dəqiqə sonra binalarının altında işlədiyi avtoyuma məntəqəsinə gələcəyini dediyindən o da həmin ünvana getmişdir. Lakin təxminən 1 saat gözləsə də, Niyazi ora gəlməmiş, həmçinin telefonunu söndürmüşdür. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Daha sonra Nəzər polis əməkdaşları tərəfindən saxlanılmış, üzərində isə ona məxsus olan 9400 ABŞ dollarından 8300 ABŞ dolları ona qaytarılmışdır. Qalan 1100 ABŞ dolları pulu Nəzər öz şəxsi ehtiyyaclarına xərcləndiyini bildirmişdir. Hal-hazırda ona dəymiş zərər tam ödənilməsə də, təqsirləndirilən şəxslə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, yaşadığı evin həyətyanı sahəsində olan bir mərtəbəli bir otaqlı evi kirayə verir. 2024-cü ilin noyabr ayının 16-da həmin evi Nəzər adlı şəxs ondan kirayə götürmüş və 100 manat beh vermişdir. O, Nəzərə bildirmişdir ki, evi yalnız ailələrə kirayə verir və Nəzər də demişdir ki, ailəsi rayondadır və bir neçə günə gələcək. O da Nəzərə demişdir ki, yalnız həyat yoldaşı gəlib sənədlərini təqdim etdikdən sonra onunla müqavilə bağlayacaq. Sonrakı günlərdə Nəzər öz şəxsi əşyalarını gətirib evə yığmış və hər dəfə soruşanda demişdir ki, ailəsi rayondadır və bir neçə günə gələcək, Nəzər ona 50 manat da əlavə ödəniş etmişdir. Sonrakı günlərlə Nəzər yalnız gündüzlər gəlib evdə qalmış, gecə hardasa işlədiyi üçün evdə olmamışdır. 01 dekabr 2024-cü il tarixdə polis əməkdaşları onlara gəlmiş və ondan Nəzəri soruşmuş, o, Nəzərin həyətindəki evdə kirayədə qaldığını bildirmiş və polis əməkdaşları ilə birlikdə həmin evə getdikdə məlum olmuşdur ki, Nəzər əşyalarını da götürüb qapını bağlayıb evdən getmişdir. O, Nəzərin konkret nə vaxt evdən getməsini bilmir, Nəzər ona məlumat vermədən evi tərk edib getmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid4 ifadəsində göstərmişdir ki, hazırda Nizami Rayon Polis idarəsinin 25-ci Polis şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. X3 30 noyabr 2024-cü il tarixdə yaşadığı ünvan 2 ünvanında yerləşən hundürmərtəbəli yaşayış binasının zirzəmisində olan yeraltı qarajdakı avtoyuma məntəqəsində yuyucu işləyən Nəzər adlı şəxs tərəfindən yuyulması üçün saxladığı «Range Rover» markalı, ** HL *** nömrəli avtomaşınının bardaçokundan 9400 ABŞ dolları məbləğində pulunun oğurlanması faktına görə müvafiq əməliyyat tapşırığı icraatına daxil olmuşdur. Həmin əməliyyat tapşırığına əsasən bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, həmin cinayətin Təqsirləndirilən şəxs tərəfindən törədildiyi müəyyən edilmişdir və məlum olmuşdur ki, o, Əhmədli qəsəbəsində kirayədə qalmışdır, Təqsirləndirilən şəxs kirayədə qaldığı həyət evinə gedildikdə məlum olmuşdur ki, o, bir gün əvvəl əşyalarını da götürüb həmin evi tərk etmişdir. Keçirilmiş tədbirlər nəticəsində 01 dekabr 2024- cü il tarixdə Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs müəyyən edilərək onlar tərəfindən saxlanılmışdır. Belə ki, saxlanılan şəxsə polis əməkdaşı olduğunu bildirib oğurluq etməkdə şübhəli olduğu üçün onlarla 25-ci Polis şöbəsinə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş və onlarla birlikdə şöbənin inzibati binasına gəlmişdir. Yolda gələrkən 30 noyabr 2024-cü il tarixdə işlədiyi avtoyuma məntəqəsində Eldənız adlı müştərisinin maşınından oğurluq etməsini səmimi etiraf etmiş və oğurladığı pulun böyük qisminin hazırda üzərində olduğunu bildirmişdir. Polis şöbəsində həmin şəxsin saxlanılması barədə şöbə rəhbərliyinə raport vermişlər. Polis şöbəsində təhqiqatçı tərəfindən izahatı alınarkən Təqsirləndirilən şəxs 30 noyabr 2024-cü il tarixdə ünvan 2 ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasının zirzəmisində olan yeraltı qarajda fəaliyyət göstərən işlədiyi avtoyuma məntəqəsində yuyulması üçün saxlanılan Zərərçəkmiş şəxs məxsus «Range Rover» markalı, ** HL *** nömrəli avtomaşınının bardaçokundan 9400 ABŞ dolları pulu oğurladığını bir daha etiraf etmiş, həmin pulun 1100 ABŞ dollarını öz şəxsi ehtiyaclarına xərclədiyini bildirmiş və üzərində olan qalan 8300 ABŞ dollarını da təhqiqatçıya təhvil vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2024-cü il noyabr ayının təxminən ortalarından ünvan 3 ünvanında yerləşən hündürmərtəbəli binanın zirzəmisində olan yeraltı qarajdakı avtoyuma məntəqəsində yuyucu işləyir. Onunla birlikdə Nəzər adlı işçi də işləyir. Belə ki, o gündüz növbəsində, Nəzər isə gecə növbəsində işləyir. Onlar hər gün növbəni dəyişəndə avtoyuma məntəqəsinin ümumi işlərini də bir-birlərinə təhvil verirlər. 30 noyabr 2024-cü il tarixdə səhər saatlarında o işə gələndə Nəzər artıq çıxıb getdiyindən onu görməmişdir. Qeydiyyat dəftərinə baxanda görmüşdür ki, Nəzər iki maşın yumasını qeyd etmiş, onlardan biri onların daimi müştəriləri Eldənizə məxsus «Range Rover» markalı, ** HL *** nömrə nişanlı avtomobil olmuşdur. Həmin günü axşam saatlarında isə avtoyuma məntəqəsini işlədən Turaldan keçən gecə Nəzərin daimi müştəriləri olan Eldənizə məxsus «Range Rover» markalı, ** HL *** nömrə nişanlı avtomobilin bardaçokunda olan 9400 ABŞ dolları pulu oğurladığını öyrənmişdir. Tural bildirmişdir ki, Eldənizlə birlikdə Nəzərlə telefonla danışıb onu avtoyumaya çağırmış, Nəzər 15 dəqiqəyə gələcəyini desə də sonradan telefonu söndürüb gəlməmişdir. Həmçinin sonradan 01 dekabr 2024-cü il tarixdə polis əməkdaşlarının Nəzəri saxladıqlarını, onun maşından 9400 ABŞ dollarını oğurladığını etiraf etdiyini və pulun çox hissəsini də qaytardığını eşitmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında yerləşən hündürmərtəbəli binanın zirzəmisində olan yeraltı qarajdakı avtoyuma məntəqəsini 2020-ci ildən icarə əsasında işlədir. Avtoyuma məntəqəsində işləyən işçilər ara-sıra dəyişdiklərindən son 10 gün müddətndə gündüz növbəsində Baba adı ilə çağırdıqları Babamir, gecə növbəsində isə Nəzər adlı işçilər işləmişdir. O özü isə 3- 5 gündən bir həmin avtoyuma məntəqəsinə gedib ümumi işlərə nəzarət edir. Bildirir ki, həmin avtoyuma məntəqəsində daimi olaraq maşınlarını yuduzduran müştərilər maşınlarını gətirərkən işçilər olmasa belə maşınlarını avtoyuma ərazisində saxlayıb açarını da avtoyuma məntəqəsinə qoyur, ya da ki, mühafizəçiyə təhvil verirlər, işçilər də gəlib avtoyuma ərazisində dayanan maşınları yumaq lazım olduğunu bildiklərindən yuyub orada saxlayırlar. 29 noyabr 2024-cü il tarixdə axşam saatlarında Nəzərlə telefonda danışanda səhər Babanın işə gəlməyəcəyini və özünün gündüz növbəsində işləyəcəyini bildirmişdir. Odur ki, 30 noyabr 2024-cü il tarixdə saat təxminən 09 radələrində Nəzərə zəng edib maraqlananda səhər saatlarında gəlib 1-2 maşın yuduğunu və çıxıb getdiyini bildirmişdir. Həmin günü saat təxminən 17 radələrində «Range Rover» markalı, ** HL *** nömrə nişanlı avtomobilin sahibi olan daimi müştəriləri Eldəniz ona zəng edib gecə saatlarında maşınını yuduzdurmaq üçün gətirib avtoyuma məntəqəsində saxlayaraq açarını avtoyuma məntəqəsindəki şkafın üstünə qoyduğunu, gecə saatlarında maşını Nəzərin yuduğunu və səhər saatlarında da maşını götürüb getdiyini, həmçinin maşının bardaçokunda olan 9400 ABŞ dolları pulunun Nəzər tərəfindən oğurlandığını və maşına Nəzərdən başqa heç kimin girmədiyini məlumat vermişdir. Eldəniz Nəzərin onun telefonlarına cavab vermədiyim dediyindən o özü Nəzərə zəng etmişdir, ilkin danışıqları zamanı Nəzər işə gəlməyəcəyini demişdir ki, o da onun Eldənizin maşınından pul götürdüyünü bildirmişdir. Nəzər pul götürmədiyini və onu şərlədiklərini bildirəndə isə konfrans zənglə Eldənizi də danışıqlarına qoşmuşdur. Konfrans danışıqları zamanı Nəzər yenə də Eldənizin maşınından pul götürmədiyini bildirib təxminən 15 dəqiqə sonra məsələni aydınlaşdırmaq üçün avtoyuma məntəqəsinə gələcəyini demişdir. Lakin 5-10 dəqiqə sonra o təkrarən Nəzərə zəng edəndə artıq onun telefonu söndürdüyünü görmüşdür. Eldənizlə o avtoyuma məntəqəsində təxminən 1 saat gözləsələr də, Nəzər gəlməmişdir. Artıq bundan sonra Eldəniz 102 xidmətinə zəng edib maşınından oğlurluq olması barədə məlumat vermişdir. Sonradan Eldənizin ona deməsindən bilmişdir ki, Nəzər 01 dekabr 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmış, eləcə də maşınından 9400 ABŞ dollarını oğurladığını etiraf etmiş və pulun çox hissəsini də qaytarmışdır. Bu barədə onun başqa məlumatı yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs Hərbi Dəniz Qüvvələri Hərbi Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 242-ci maddəsinin «B» bəndi ilə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Goranboy Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 01 il 11 ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, Yasamal Rayon Məhkəməsinin 08.11,2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021 -ci il tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, xx.xx.2021 -ci il tarixdə cəzadan azad olunmuşdur. Hal-hazırda məhkumluğu ödənilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş 9400 ABŞ dolları məbləğində zərərin 8300 ABŞ dolları hissəsini ödəməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə də barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-340/2024 saylı qərarı ilə 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə o, hökm çıxarıldığı hazırkı vaxtadək həbsdədir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 8300 ABŞ dolları məbləğində pul vəsaitinin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il (iki il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 8300 ABŞ dolları məbləğində pul vəsaitinin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X4 ödənilmək üçün 108 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-150/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-150/2025
03.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver