Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-151/2021 24.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1944-cü ildə Ermənistan Respublikasının İcevan rayonunun Ağkilsə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs 01 yanvar 2021-ci il tarixdə yeni növ koronavirus infeksiyasının (Covid-19 PCR) təyini üçün barəsində aparılmış laborator müayinənin nəticəsi pozitiv olmaqla, “Covid-19” virus infeksiyasına yoluxub hava-damcı yolu ilə keçən həmin infeksiyanın daşıyıcısı olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2020-ci il tarixli, 73-1 nömrəli qərarına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01 may 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”-nın 4.5.5-ci maddəsinin tələblərinə əsasən digər şəxsləri xəstəliyə yoluxdura biləcəyinə görə 14 gün müddətinə karantin qaydalarına uyğun müşahidəyə götürülərək hüquq və vəzifələri, göstəriləcək xidmətlərin dairəsi və təcridolunma müddəti barədə ona məlumat verilməklə yaşadığı mənzili (evi) tərk etməməsi və tələblərin pozulmasına görə qanunda nəzərdə tutulmuş cinayət məsuliyyəti barədə xəbərdar olmasına baxmayaraq 02.01.2021-ci il tarixdə saat 11:30 radələrində yaşadığı ünvanı tərk edərək xüsusi karantin rejimini pozmaqla yeni növ koronavirus (Covid 19) infeksiyasının (xəstəliyinin) yayılması üçün real təhlükə yaratmış və həmin gün saat 11:45 radələrində ünvan 2 ünvanında karantin rejimi ilə əlaqədar təşkil olunmuş stasionar postda Nizami RPİ-nin PPXB-nün polis nəfərləri tərəfindən saxlanılaraq yaşadığı mənzilə qaytarılmışdır. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanda ailəsi ilə birlikdə yaşayır. 27-28 dekabr 2020-ci il tarixdə bədəninin müxtəlif yerlərində ağrıları başlamışdır. Ailə üzvləri yoluxmaqdan qorxduqları üçün onu evdə tək qoyub başqa evə getmişlər. 31 dekabr 2020-ci il tarixdə yaşadığı evə təcili tibbi yardım briqadası çağırmışdır ki, ondan yaxma götürülsün. 01 yanvar 2021-ci il tarixdə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən zəng gəlmiş və mobil telefonla onunla danışan xanım testinin nəticəsinin pozitiv olduğunu, yəni “Covid 19” xəstəliyinə yoluxduğunu bildirərək evdən çıxmamağını demişdir. Bundan sonra o, evdə tək oturmağa başlamışdır ki, heç kimi yoluxdurmasın. 02 yanvar 2021-ci il tarixdə saat 09:23 radələrində onun mobil telefonuna evdən çıxmamağı ilə bağlı “SMS” də gəlmişdir. 02 yanvar 2021-ci il tarixdə onun ciyərləri ağrımağa başlamış, sahə həkimi və tibb bacısı gəlmədiyindən o, müalicə yazdırmaq və rentgen etmək üçün 3 saylı şəhər kliniki xəstəxanaya həkimə getmək qərarına gəlmişdir. Buna görə də 02 yanvar 2021-ci il tarixdə saat 11:30 radələrində o, evdən çıxmış və özünə məxsus “Vaz 2107” markalı, **- UF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Keşlə qəsəbəsindən Heydər Əliyev prospektinə gedən yolda saat 11:45-də Davud Aslan küçəsi 2 ünvanında qurulmuş stasionar postda polis əməkdaşları tərəfindən saxlanılmışdır. Postda onun şəxsiyyət vəsiqəsi yoxlanıldıqda “Covid 19” xəstəliyinə yoluxması barədə ona məlumat verilmişdir və onun hərəkəti məhdudlaşdırılmışdır. Bir neçə dəqiqədən sonra Nizami RPİ-nin 23-cü PB-nin polis əməkdaşları həmin ünvana gəlmişlər, onu videoya çəkərək sorğu-sual etmişlər və izahatı alınmışdır. Sonra o, öz yaşadığı evə getmişdir. 04 yanvar 2021-ci il tarixdə onun vəziyyəti pisləşdiyi üçün Zığ qəsəbəsində yerləşən xəstəxanaya yerləşdirilmiş və 18 yanvar 2021-ci il tarixdə sağaldığı üçün evə buraxılmışdır. Heç bir yerdə işləmir, təqaüdçüdür, dövlət ittihamçısının çıxışında ona istədiyi 2500 manat cəriməni ödəməyə maddi imkanı yoxdur. 1-ci Qarabağ müharibəsində iştirak etmişdir. Yaşı ilə əlaqədar birinci dəfədir ki, belə səhvə yol vermişdir. Məhkəmədən bağışlanmağını xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin PPXB-nün polis nəfəri, polis serjantı Şahid3 ifadəsində göstərmişdir ki, 02 yanvar 2021-ci il tarixdə 5965 çağırışlı avtomaşınla 15 saylı patrul sektorunda xidmət aparan zaman “Covid 19” pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi üzrə ünvan 2 ünvanında təşkil olunmuş stasionar postda xidməti davam etdirərkən, saat 11:45 radələrində həmin posta “Vaz 2107” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobil yaxınlaşmışdır. Həmin vaxt orada xidmət aparan Şahid1 postdan keçən bütün sürücüləri yoxladığı kimi həmin sürücünün də icazəsinin olub-olmamasını şəxsiyyət vəsiqəsini portala daxil edərək yoxladıqda, orada “Aktiv koronavirus xəstəsidir, fiziki təmasa çıxmağı və hərəkəti qəti qadağan edilmişdir” sözləri yazılmışdır. Buna görə də onlar həmin sürücünün hərəkətini məhdudlaşdıraraq efir vasitəsi ilə Nizami RPİ-nin 23-cü PB-nə məlumat vermişlər. Nizami RPİ-nin 23-cü PB-nin əməliyyat qrupu gəldikdə onlar sürücü Təqsirləndirilən şəxs 23-cü PB-nin əməliyyat qrupuna təhvil vermişlər. 23-cü PB-dən gələn əməkdaşlar sürücü Təqsirləndirilən şəxs yaxınlaşaraq sürücüyə bir neçə sual vermişlər. Sürücü Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq “Covid 19” xəstəsi olduğunu bildiyini, “Covid 19” xəstəsi ola-ola evdən çıxmağın inzibati və cinayət məsuliyyətinə səbəb ola biləcəyi barədə xəbərdar olduğunu və evdən bayıra çıxmaqda məqsədinin həkimə getmək olduğunu demişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilə göndərilmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin PPXB-nün polis nəfəri, polis baş serjantı Şahid2 Şahid3 ilə oxşar məzmunda ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 02 yanvar 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə cinayət işi başlanmış və istintaq aparılması üçün icraata götürülmüşdür. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” tərəfindən Bakı şəhəri Nizami RPİ-nə ünvanlanmış 05 fevral 2021-ci il tarixli, 04- 17/322-2021 saylı məktubdan görünür ki, ünvan 7 ünvanda yaşayan, xx.xx.1944-cü il təvəllüdlü vətəndaş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Covid-19 məlumat bazasına əsasən 01.01.2021-ci il tarixdə koronavirus infeksiyasına laborator müayinə nəticəsi pozitiv olmuşdur. Təqsirləndirilən şəxs Covid-19 xəstəsi kimi ərazisi üzrə Nizami rayonu 32 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında qeydiyyata götürülmüşdür. Xəstə ev şəraitində müalicə almış, 14.01.2021-ci il tarixində təcrid olunma müddəti bitmişdir. - baxış keçirilməsi haqqında 06.03.2021-ci il tarixli protokoldan görünür ki, “DVD” diskə baxış zamanı müəyyən olunmuşdur ki, “Nizami RPİ-nin 23-cü Polis Bölməsinin təhqiqatçısı, polis kapitanı Surac Əhmədovun Təqsirləndirilən şəxs nə vaxtdan “Covid 19” xəstəsi olmasını, testin pozitiv olub-olmamasını və nəyə görə yaşadığı ünvanı tərk etdiyini soruşduqda, Təqsirləndirilən şəxs 1 həftəyə yaxın “Covid 19” xəstəsi olduğunu, testinin nəticəsinin pozitiv çıxdığını və xəstə ola-ola evdən çölə çıxmağın qadağan olduğunu bilməsinə baxmayaraq xəstəxanaya getdiyini deməsi” aşkar olunmuşdur. - baxış keçirilməsi haqqında 06.03.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan və istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan zənglər, sms mətnləri və anten məlumatları olan 1 ədəd CD disk “xxxx” MMC-dən götürülmüş və həmin diskdə olan 10 vərəqdən ibarət məlumatlar cinayət işi materiallarına əlavə edilmiş və həmin ***-***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan zənglər, sms mətnləri və anten məlumatlarına baxış keçirilən zaman 01 yanvar 2021-ci il tarixdə, saat 21:25:58-də və 21:38:46-da Təqsirləndirilən şəxs istifadəsində olan +**********65 saylı mobil nömrəsində +**********45 saylı mobil nömrədən zəng gəldiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs +**********45 saylı mobil nömrədən zəng edən şəxsin həkim olduğunu və ona “Covid 19” xəstəsi olduğunu deməsini bildirmişdir. Bundan başqa baxış zamanı çıxarışların üçüncü vərəqəsində 02 yanvar 2021-ci il tarixdə saat 09:23-də ‘'its.gov.az”-dan Təqsirləndirilən şəxs istifadəsində olan +**********65 saylı mobil nömrəsinə “SMS” gəldiyi müəyyən edilmişdir. Çıxarışların üçüncü vərəqəsində olan anten məlumatlarında Təqsirləndirilən şəxs 02 yanvar 2021-ci il tarixdə saat 11:51-də yaşadığı evdə olmaması və Nərimanov rayonu, Heydər Əliyev prospekti 105 ünvanında olması müəyyən edilmişdir. Həmin tarixdə saat 11:51:39-dan 12:15:21-dək yaşadığı ünvanı tərk etməsi aşkar edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 sağlamlıq vəziyyətinin təyininə dair 03.03.2021-ci il tarixli, 311/KEŞ saylı rəyinin nəticə hissəsindən görünür ki, 01.01.2021-ci il tarixdə yeni növ virus infeksiyasının (Covid-19 PCR) təyini üçün aparılmış laborator müayinə zamanı Təqsirləndirilən şəxs müayinənin nəticəsinin pozitiv olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs “Covid-19” virus infeksiyasının daşıyıcısı olduğu halda sanitar-gigiyena qaydalarını pozmaqla digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir. “Covid-19” virus infeksiyasının inkubasiya dövrü 1-14 gün arası davam edir və orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq sağalma müddəti müxtəlif olur. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 06.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. - qətimkan tədbirinin seçilməsi haqqında 06.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - sübutların qiymətləndirilməsi haqqında 09.03.2021-ci il tarixli qərardan görünür ki, iş üzrə 1 ədəd “DVD” və 1 ədəd “CD” disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 25.01.2021-ci il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2020-ci il tarixli, 161 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nın 1.3-cü bəndinə əsasən bu Qaydalar yoluxucu xəstəliklərin yayıldığı xarici ölkələrdən Azərbaycan Respublikasının ərazisinə gələn şəxslərə; yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslərə; yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslərlə təmasda olan şəxslərə şamil edilir. Həmin Qaydaların 2.1.4-cü bəndinə əsasən karantin nəzarəti - yoluxucu xəstəliyə yoluxma faktının erkən aşkar edilməsi və həmin xəstəliyə xas olan əlamətlərin müşahidə olunması məqsədilə yoluxduğu güman edilən və təmasda olan şəxslərin digər şəxslərdən təcrid edilməsidir. Həmin Qaydaların 2.1.5-ci bəndinə əsasən karantin yeri - yoluxması güman edilən şəxslərin karantin nəzarətində saxlandıqları karantin müəssisələri və ya onların yaşadıqları, yaxud olduqları yerdir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən yoluxduğu güman edilən şəxslər bu Qaydaların 3.8-ci bəndində göstərilənlər istisna olmaqla, sərhəd buraxılış məntəqəsindən birbaşa həmin yoluxucu xəstəlik üçün ÜST-nin tövsiyələri nəzərə alınmaqla, hər bir xəstəliyin xüsusiyyətlərindən asılı olaraq Nazirlər Kabinetinin müəyyən etdiyi müddətdə karantin müəssisələrinə yerləşdirilirlər. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən yaşadığı və ya olduğu yerdə karantin nəzarətinə götürülmüş şəxs aşağıdakı tələblərə riayət etməlidir: onunla birgə yaşayan şəxslərin xəstəliyə yoluxma riskini azaltmaq üçün ayrı otaqda qalmalı, bu mümkün olmadıqda, mənzili yaxşı havalandırmalı, həmin şəxslərlə ən az 1 (bir) metr məsafədə olmalı və ünsiyyət zamanı tibbi maskadan istifadə etməlidir; şəxsi gigiyena vasitələrini və istifadə etdiyi digər əşyaları onunla birgə yaşayan şəxslərdən təcrid etməlidir; mənzilin (evin) daxilində mümkün qədər az hərəkət etməlidir; ümumi istifadə yerlərini tez-tez havalandırmalıdır; mənzili (evi) tərk etməməlidir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən yaşadıqları və ya olduqları yerdə karantin nəzarətinə götürülmüş şəxslərin laboratoriya müayinəsi bu Qaydaların 3.2-ci bəndinə uyğun olaraq həyata keçirilir. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan müayinələrin nəticəsi neqativ olduqda, karantin müddəti başa çatmış hesab edilir. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan sonuncu laboratoriya müayinəsinin nəticələri əldə olunana qədər karantin nəzarətinə götürülmüş şəxsin yaşadığı və ya olduğu yeri tərk etməsi qadağandır. Həmin Qaydaların 4-1.1-ci bəndinə əsasən aparılmış laboratoriya müayinələri nəticəsində yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər yoluxucu xəstəliyin müalicəsi üçün ayrılmış xüsusi tibb müəssisəsinə yerləşdirilirlər. Həmin Qaydaların 4-1.2-ci bəndinə əsasən yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər xəstəliyi yüngül formada keçirdiyi hallarda və onların xüsusi tibb müəssisəsindən kənarda müalicə olunması mümkün hesab edildikdə, onlar həkim rəyinə əsasən bu Qaydaların 4.5-ci bəndində göstərilənlərə riayət etməklə, yaşadıqları və ya olduqları yerdə təcrid olunurlar və onların üzərində bu Qaydaların 4.4-cü bəndinə uyğun olaraq (ərazi ambulator-poliklinika müəssisəsi tərəfindən gündəlik olaraq telefon vasitəsilə) tibbi müşahidə həyata keçirilir. Həmin Qaydaların 4-1.3-cü bəndinə əsasən yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslərə onların hüquq və vəzifələri, həmin şəxslərə göstəriləcək xidmətlərin dairəsi və təcridolunma müddəti barədə məlumat verilir, bu Qaydaların 4.5-ci bəndinin tələblərinin pozulmasına görə qanunda nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti barədə, habelə təcrid müddətində mobil telefonu işlək vəziyyətdə saxlaması və onun söndürülməsinin yolverilməzliyi, eləcə də mobil tətbiq vasitəsilə yaşadığı və ya olduğu yerin müəyyən edilməsinin mümkünlüyü barədə xəbərdarlıq edilir və onlardan bu barədə yazılı iltizam alınır. Həmin Qaydaların 7.2-ci bəndinə əsasən karantin nəzarətinə götürülmüş şəxslərin karantin yerini tərk etməsi və kənar şəxslərin onları ziyarət etməsi (“Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sosial xidmət göstərilməsi halları istisna olmaqla) qadağandır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 07 sentyabr 2020-ci il tarixli Qərarı ilə (Protokol №9) təsdiq edilmiş “Koronavirus infeksiyasının (Covid-19) idarə olunması üzrə Metodik Təlimat”ın “COVİD-19 xəstələrinin ambulator şəraitdə aparılması” hissəsində qeyd olunur ki, xəstəliyin yüngül forması olan şəxslər tibbi nəzarətdən aşağıdakı hallarda çıxarılır: qızdırma olmadıqda və respirator simptomlar azaldıqda və burun-boğazdan PZR müayinənin mənfi nəticəsindən sonra; klinik simptomların olmadığı, lakin PZR müayinənin müsbət nəticəsi hallarında müşahidə 14 gün ərzində davam edir (xəstələnmənin 1-ci günündən hesablanır). Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxsnın cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxsnın koronavirus (Covid-19) infeksiyasına 01.01.2021-ci il tarixdə yoluxduğunu bilib yaşadığı yerdə təcrid olunaraq müalicə olunması, habelə bu yeri tərk etməmək və məsuliyyət barədə xəbərdar olunmasına baxmayaraq, karantin nəzarətinə götürülmüş şəxs kimi karantin nəzarəti müddəti ərzində 02.01.2021-ci il tarixdə yaşadığı ünvan 1 ünvanını tərk etməsi, bununla da epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratması toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini, yaşını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə münasibətdə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınan yuxarıda sadalanmış halların məcmusunu rəhbər tutaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, həmçinin təqsirləndirilən şəxsin yaşını, işləməməsini, təqaüdçü olmasını, maddi imkanının ağır olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının və azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiq deyildir. Məhkəmə cəzanın ədalətli olmasını və şəxsin islah olunmasına təsirini təmin etmək üçün Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün sayır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və üzərinə onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.20-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 1 ədəd “DVD” və 1 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 30 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 30 iş saatı, cəmi 60 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 360 (üç yüz altmış) manat (60x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməklə barəsində 6 (altı) ay sınaq müddəti müəyyən edilsin. Sınaq müddəti hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri üzrə Probasiya idarəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya idarəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd “DVD” disk və 1 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaqda 30 saat, məhkəmədə 30 saat, cəmi 60 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 360 (üç yüz altmış) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-151/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-151/2021
24.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver