Məhkəmə qərarları › İş №1(007)-151/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-151/2022

09.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-151/2022 09.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, xüsusi ittihamçı X6 nümayəndəsi və vəkili-Bakı şəhəri 2 saylı vəkil bürosunun vəkili Nümayəndə, barəsində şikayət verilmiş X4 müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, barəsində şikayət verilmiş X3 müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xüsusi ittihamçı X6, barəsində şikayət verilmiş X9 və X3 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xüsusi ittihamçı X10, X9 və X3 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, İcbari Tibbi Sığorta üzrə X11 Ərazi Bölmələrini İdarəetmə Birliyi X1 İnstitutunda ağciyər vərəm cərrahiyyə şöbəsinin müdiri vəzifəsində işləyir. Onunla eyni şöbədə həkim cərrah vəzifəsində işləyən X9 xəstə X8 ilə qabaqcadan danışıb cinayət əlaqəsinə girərək onun işdən çıxarılmağına nail olmaq məqsədilə işgüzar nüfuzuna xələl gətirən hərəkətlər etmiş, İnstitutda müalicə alan X5 intim əlaqədə olmaq barədə təklif etməyi haqda böhtan xarakterli məlumatları sosial şəbəkələrdə yaymışlar. Belə ki, Youtube kanalı, Unikal.org, facebook saytında, cebhe.info, bakı trend saytlarında onun işdən çıxarılmağına nail olmaq məqsədilə barəsində ləkələyici məlumatlar yaymışlar. Youtube kanalında Fizuli Əıliyev tərəfindən Nizami rayonunda yerləşən İnstitutda lentə alınaraq Cebhe info TV-də 17.02.2022-ci il tarixdə yerləşdirilərək yayımlanan proqramda yayılmış və 7624 nəfər tərəfindən izlənilmiş məlumatda ona böhtan atılaraq Aytac Əhmədovaya guya bir gecəlik intim əlaqədə olmağı təklif etməyi ilə əlaqədar şərəfini və ləyaqətini alçaldan, işgüzar nüfuzuna xələl gətirən informasiya yayılmışdır. Həmin informasiyadan fasebook istifadəçiləri Samir Zeynalov və digər 3 şəxs paylaşım edərək sosial mediada onun barəsində ləkələyici məlumatları yaymışlar. Bundan başqa “Unikal” saytına müraciət edən Aytac Əhmədova məlumat verərək aşağıdakıları bildirmişdir: “Hadisə 25 yanvar tarixində baş verib. Həmin gün Ağciyər institutunda yanğın baş verdi. Bu zaman xəstələri başqa yerə köçürürdülər. Mən isə palatamda qalacağımı deyib, etirazımı bildirmişəm. Bir də gördüm ki, qapı açıldı və xəstəxananın şöbə müdiri Zaur Həsənov otağıma gələrək, “Sən hələ getməmisən?”, - deyə mənə sual verdi. Mən də ona dedim ki, getmirəm. Bu zaman mənə dedi ki, sənə bir söz deyəcəyəm, səninlə bir gecəlik intim münasibət yaşamaq istəyirəm. Mən isə qapını açıb çıxmağını tələb etdim. Mənə dedi ki, əsəbiləşmə, nə dedim ki?! Bundan sonra gözlədim ki, o, məndən etdiyi hərəkətə görə üzr istəyər, amma o bunu etmədi. Məsələ ilə bağlı Nizami Rayon Polis İdarəsinə və Nizami Rayon Prokurorluğuna ərizə yazaraq müraciət etmişəm”. Həmin sayta o, müraciət edərək bildirmişdir ki, A.Əhmədovanın iddiaları əsassızdır: “Onlar məni şöbə müdirliyindən kənarlaşdırmaq üçün bunu edirlər. Dedikləri hamısı şər-böhtandır. Mən artıq həmin qadınla bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişəm”. Şikayətə əlavə etdiyi disk №1-də X12 Aytacla danışığını güya ki, Əhmədova Aytacın xəbəri olmadan video yazıya almışdır. 00:42-ci saniyədən Əhmədova Aytac danışığında bildirir ki, hamısı gedib heç kim yoxdur. Bu elə bildi ki, mən çıxmışam sonra Aygün mənə dedi ki, şam verim sənə onsuzda sən qalırsan burda, o da ordan gəlirmiş görürmüş ki, mən burdayam mən də gizlənmişəm. Qayıtdı ki, çıx bura onsuz bilirəm ki, burdasan. Çixdim dedi geyin veşivi vüşüvü yığ get. Məndə qayıtdım ki, mən heç hara getmirəm mən burdada qalacam heç kim yoxdur ağzını bağlayıb çıxıb gedirəm. Dedim bağla çıx get də böyük bir şeydi ki. Hə yaxşı sonra getdi. Məndə elə telefonda vatsapa baxırdım statusa bir də qapı açıldı gördüm qayıdıb. Durub belə neynirsən dedim heç bir şey neyniyəcəm. Getmədin sən dedim yox. Sənə bir söz desəm olar tam səmimi dedim buyur. Qayıtdı ki, mənimlə bir gecəlik də olsa olarsan münasibət yaşamaq istiyirəm sənlə Əliyev Fizuli bu ifadəni bir daha təkrarlayaraq Zaur dedi ifadəsini işlətmişdir. Bu video yazılını xəstəxananın bir çox əməkdaşlarına Fizuli Əliyev göndərmişdir. Disk № 2-də Fizuli Əliyev şöbənin digər həkimi Abbasova Ağca ilə münaqişəsini video lentə alaraq xəstələrin yanında 00:45 saniyədən etibarən Fizuli Əliyev danışığında hörmətli xəstələrim sizin yanınızda bəyan elədim onu və indi də sizə görün nə bəyan eliyirəm. Həmin o faktı sizin iştirakınızla araşdırıram ki, necə ki, siz xəstələr mənə müraciət eliyirsiz həmin Aytac Əhmədova da mənə şöbə müdirinin ona cinsi əlaqədə olmağını təklif edib bu saat həmin videonu sizə mən göstərirəm. Bu video yazımı da Facebook, Youtube kanallarında həmçinin media kanallarında paylaşılmışdır. Disk № 3-də Fizuli Əliyev iş zamanı həkim otağında video çəkiliş apararaq You Tube kanalında paylaşmışdır. Bu video da 06:30-dan etibarən Fizuli Əliyev danışığında bildirir ki, belə bir vəziyyətdə siz təsəvvürünüzə gətirin bu hadisələrdən sonra şöbə müdiri Həsənov Zaur mənə müraciət eliyib hansı tonda ki, bəs sən bu tərbiyəsizliyə son qoyacaqsan yoxsa qoymayacaqsan. Həsənov Zaurun şöbədə nəlayiq hərəkəti haqqında xəstənin ona müraciəti var idi bu hadisədən bir həftə sonra və o, bunları malalayırdı, açığı istəmirdi ki, belə bir insident yaşansın insident nədən ibarət idi. Aytac Əhmədova adlı bir xəstə bu işıq partlayış olduğu zaman bütün xəstələr təxliyə olunduğu halda Aytac Əhmədova xəstəxanada şöbədə daha doğrusu qaranlıqda tək yatmışdır. Həsənov Zaur həmin xəstədən xoşuna gəldiyi üçün ona intim təklifini etmişdir xəstə iradını bildirmişdir və ondan üzr istəməsini istəmişdir. O da söz vermişdir ki, üzr istəyəcək. Aytac Əhmədovanın dediyinə görə və Aytac Əhmədova onun cəsarətli addımlarını burda gördükdən sonra kabinetinə dəfələrlə gəlib kabinetdə yanaşı olan masada əyləşib öz iradını ona bildirib və xahiş edib ki, bu məsələni aydınlaşdırsın. O, üstündən keçmişdir ki, üzr istəyəcək bunlar hamısı qaydasına düşəcək. Lakin heç bir üzr istəmiyib və o, bunu yazılı surətdə xəstənin istəyi ilə bunu çəkmiş və ictimailəşdirmişdir. Öz xahişi ilə ki, siz belə bir qabiliyyətiniz var, mən bunu bacarmıram, xahiş edirəm bunu icra edəsiniz. Onu da bildirməyi zəruri hesab edir ki, Fizuli Əliyevin qanunsuz hərəkətləri İnstitut rəhbərliyi tərəfindən müzakirə edilməklə 15 fevral 2022-ci il tarixdə 127-k saylı əmrlə nizam intizam qaydalarına riayət etmədiyinə, şöbənin əməkdaşlarına və xəstələrə qarşı qeyri-etik davranış nümayiş etdirdiyinə və bununla da şöbədə normal iş ahəngini qəsdən pozduğuna görə intizam qaydasında töhmət verilmişdir. O, evli olmaqla 5 övlad atasıdır. Həyat yoldaşı uzun müddət jurnalistika sahəsində fəaliyyət göstərməklə tanınmış şəxsdir. Oğlu Qarabağ müharibəsi veteranı olmaqla Dövlət başçısı tərəfindən Laçının azad olunmasına görə medalı ilə təltif edilmişdir. Özü də 2-ci Qarabağ Müharibəsində həkim kimi Yevlax hospitalına ezam olunub yaralı zabit və əsgərlərə tibbi yardım göstərmiş və cərrahiyyə əməliyyatları həyata keçirmişdir. Qızlarının ikisi ali təhsilli olmaqla müxtəlif vəzifələrdə çalışır. Digər 2 övladı yetkinlik yaşına çatmamışlar və şagirddirlər. Barəsində qeyd olunan şərəf və ləyaqətini ləkələyən məlumatların yayılması nəticəsində ailələri mənəvi sarsıntı keçirmiş və işgüzar nüfuzlarına xələl gəlmişdir. Ona görə də onlara mənəvi zərər vurmuş Fizuli Əliyev və Aytac Əhmədovanın AR CM-nin 147-ci və 148-ci maddələri ilə təqsirli bilinib cəzalandırılmalarını tələb edir. Beləliklə də, Fizuli Əliyev və Aytac Əhmədova Azərbaycan Respublikasında qüvvədə olan qanunvericiliyə məhəl qoymayaraq, onun işdən çıxarılmağına nail olmaq məqsədilə şərəf və ləyaqətinə xələl gətirən, onu qanunsuz, əsassız şəkildə təhqir edərək, qeyri-insani formada ona olmazın böhtanlar ataraq, qərəzli şəkildə nüfuzdan salmaqla onun haqqında mənfi xarakterli içtimai rəy formalaşdırmışlar. Hesab edir ki, X4 və X3 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılmaları barədə ittiham hökmü çıxarılmalı və haqqında təhqir və böhtan xarakterli məlumatları dərc edən sosial media saytları - Youtube kanalı, Unikal.org, facebook, cebhe.info, bakı trend saytlarında təkzib verilməlidir. Onun xüsusi ittihamçı qismində tanınmasını, şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları yaymaqla, kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatlarında barəsində böhtan xarakterli yalan məlumatlar yaymış X9 və X3 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələrində nəzərdə tutulan cinayətlərin törədilməsində təqsirli bilinmələri, həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın yuxarı həddində cəzalandırılmaları barədə ittiham hökmü çıxarılmasını, haqqında təhqir və böhtan xarakterli məlumatları dərc edən sosial media saytları - Youtube kanalı, Unikal.org, facebook, cebhe.info saytlarının üzərinə yalan informasiya və ləkələyici məlumatların təkzibi öhdəliyinin X9 və X3 üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, xüsusi ittihamçı X10 gəlməmişdir. Məhkəmə xüsusi ittihamçının nümayəndəsinin (vəkilinin) hazırlıq iclasında iştirak etdiyini nəzərə alaraq, hazırlıq iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X6 nümayəndəsi və vəkili Nümayəndə şikayətlə eyni məzmunlu izahat vermiş, şikayətin məhkəmənin icraatına qəbul edilməsini və məhkəmə baxışının təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, X9 və X8 gəlməmişdir. Məhkəmə onların hüquqlarının həyata keçirilməsi üçün dövlət hesabına təyin olunmuş vəkillərinin hazırlıq iclasında iştirak etdiklərini nəzərə alaraq, hazırlıq iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində şikayət verilmiş X4 vəkili Müdafiəçi2 xüsusi ittiham qaydasında şikayətdə qeyd olunan məlumat və ya videonun yayılmasında X4 təqsiri olmasına dair sübut olmadığını nəzərə alaraq, xüsusi ittiham qaydasında şikayətin icraata götürülməsindən imtina olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində şikayət verilmiş X3 vəkili Müdafiəçi1 xüsusi ittiham qaydasında şikayətdə irəli sürülən dəlilləri təsdiq edən sübutlar, konkret olaraq X3 təqsirinə dair sübutlar olmadığına görə şikayətin icraata götürülməsindən imtina olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, xüsusi ittiham qaydasında şikayəti, ona əlavə edilmiş sənədləri öyrənərək, hesab edir ki, şikayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olmadığından, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir; 299.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında aşağıdakı məsələlərə baxılır: 299.3.1. məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə; 299.3.2. aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə; 299.3.3. xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə; 299.3.4. cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə; 299.3.5. cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olub-olmaması barədə. 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: 302.2.1. bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.2. bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.3. bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. Məhkəmə ilk növbədə şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlayaraq, qeyd edir ki, xüsusi ittihamçı X10 cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin harada, nə vaxt törədilməsini, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləğini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin məhz barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X9 və X8 tərəfindən törədildiyini, bunun nə ilə, hansı sübutla təsdiq edildiyini, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (soyadı, adı, atasının adı və yaşayış yeri göstərilməklə), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyini göstərməmişdir. Ümumiyyətlə, X9 və X8 adlı şəxslərin həqiqətən mövcud olduqları barədə sübutlar, onların şəxsiyyətini təsdiq edən sənədlər şikayətə əlavə edilməmişdir. Cinayət-prosessual qanunvericiliyinə görə, xüsusi ittiham qaydasında şikayət o zaman əsaslı hesab edilir ki, şikayətdə istinad olunan əməlin həqiqətdə baş vermiş olduğu, bu əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyi, habelə həmin əməlin barəsində şikayət verilən şəxs tərəfindən törədildiyi müvafiq sübutlarla əsaslandırılsın. Məhkəmə qeyd edir ki, şikayətdə istinad olunan əməlin həqiqətdə baş verdiyini, bu əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyini, şikayətdə istinad olunan əməlin məhz X9 və X8 tərəfindən törədildiyini təsdiq edəcək sübutlar təqdim edilməmiş və şikayətdə əsaslandırılmamışdır. Şikayətə müvafiq saytlardan çıxarışlar əlavə edilsə də, saytlarda getmiş həmin məlumat və müsahibələrin məhz X9 və X8 tərəfindən verildiyi, müəllifi olduqları barədə sübutlar əldə edilməmişdir. Şikayətə əlavə edilmiş 03 ədəd CD diskin hər biri isə boş olmaqla, heç bir məlumat həmin daşıyıcılara yerləşdirilməmişdir. Hazırlıq iclasında proses iştirakçılarının iştirakı ilə yoxlanılan zaman həmin hal öz təsdiqini tapmışdır. Bundan başqa, məhkəmə qeyd edir ki, şikayətdə cinayətin harada törədilməsinin göstərilməsi və bu barədə sübutun təqdim edilməsi, xüsusi ittiham qaydasında şikayətin müraciət edilmiş məhkəməyə aidiyyətini və ya işin ərazi aidiyyəti üzrə hansı məhkəməyə aid olmasını müəyyən edən haldır. Bu səbəbdən də, şikayətdə cinayətin harada törədilməsinin göstərilməsi və bu barədə sübutun təqdim olunması mütləq şərtdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, bununla bağlı Azərbaycan Respublikası CPM-nin 293.3.2 və 299.3.1-ci maddələrinin tələbinə də əməl edilməmişdir. Şikayətin məhkəmə icraatının mümkünlüyünün yoxlanılması zamanı nəzərə alınmalıdır ki, qanunvericilik məhz onu təsbit etmişdir ki, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə digər məlumatlarla yanaşı törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi (CPM-nin 293.3.2-ci maddəsi); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi (CPM-nin 293.3.3-cü maddəsi) göstərilməli, daha sonra isə buna dair sübutlar təqdim olunmalıdır. Hansı ki, X6 şikayətində belə məlumatlar öz əksini tapmamışdır, onun sübut qismində təqdim etdiyi internet saytlarında yayıldığı ehtimal edilən məlumatların həqiqətən həmin saytlarda yayıldığını, habelə bu saytlardan hansının məhz ilkin mənbə olmasını, törədilməsi ehtimal edilən əməlin tarixini göstərən və müəyyən edən sübutlar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin Qərarın 11-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Bununla da, X6 xüsusi ittiham qaydasında şikayətinin yoxlanılması zamanı müəyyən edilmişdir ki, şikayətin məzmunu Azərbaycan Respublikası CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun deyil, həmin şikayətin qanunvericiliyin tələblərinə əməl edilməklə verilmiş xüsusi ittiham qaydasında şikayət qismində qəbul olunaraq şikayət üzrə məhkəmə baxışının keçirilməsi və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi üçün heç bir qanuni əsas yoxdur. Belə olan halda, məhkəmə şikayət üzrə əlavə araşdırma və hüquqi qiymətləndirmə aparılmasına artıq zərurət görməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmunu Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığından, xüsusi ittihamçı X6, X9 və X3 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə qeyd edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslərin hüquqlarının təmin edilməsi üçün məhkəmənin qərarı əsasında müdafiəçilər dəvət edilmiş, ərazi üzrə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 şikayət və ona əlavə edilmiş sənədlərlə tanış olmuş, məhkəmənin hazırlıq iclasında iştirak etmişlər. Vəkillərin göstərdikləri hüquqi yardıma görə iştirak etdikləri müddət hər birinə münasibətdə 05 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 293, 299, 302.1.8 və 302.2.3-cü maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Xüsusi ittihamçı X6, X9 və X3 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X7 05 saat göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi2 və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X5 05 saat göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi1 hər birinə 30 manat əmək haqqı müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərar elan olunduğu gündən hesablanmaqla 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar