Məhkəmə qərarları › İş №1(007)-152/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-152/2021

05.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-152/2021 05.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, bir uşağı olan, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Nəsimi rayonu, B.B.Məcidov küçəsi, ev 76-da qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Əzizbəyov küçəsi, ev 48-də yaşamış, 12 noyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 13 noyabr 2020-ci il tarixdə tutmadan azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, həmin qətimkan tədbirinin şərtlərini pozaraq məhkəmədən gizləndiyindən haqqında axtarış elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 22 sentyabr 2021-ci il tarixdə həbs edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib daşımaqla saxlamışdır. Belə ki, o, 11 noyabr 2020-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Papanin” adlanan ərazidə istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 1,495 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib, daşımaqla üzərində saxlalmış, 12 noyabr 2020-ci il tarixdə saat 01:40 radələrində ölkədə olan hərbi vəziyyət dövründə komendant saatının tətbiq olunması ilə əlaqədar ünvan 1 ünvanında yerləşən “Bravo” marketin qarşısında qurulmuş 7 saylı komendant postunda Nizami RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 2 ünvanda yerləşən Nizami RPİ-nin inzibati binasına gətirilmiş, RPİ-də üzərinə keçirilmiş şəxsi axtarış zamanı qeyd olunan 1,495 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, X2 məhəllə uşağı kimi tanıyır. 12 noyabr 2020-ci il tarixdə təxminən saat 01 radələrində Eminlə birlikdə Bakı şəhəri, H.Əliyev prospektində olan zaman yaşadığı Buzovna qəsəbəsinə getmək üçün yola çıxmışlar. Bu zaman Valeh və Umudun avtomobillə yoldan keçdiklərini görmüşlər, həmin şəxslər onları avtomobilə götürmüşlər. O və Emin avtomobildə arxa oturacaqda əyləşmişlər. Onlar hərəkətə başlamışlar və bundan sonra komendant saatına görə postda saxlanılmışlar. Onunla Emin avtomobildən düşmüşlər, polis əməkdaşları onlardan sənədlərini istəyərək avtomobilə baxış keçiriləcəyini bildirdikdə, Umudla Valeh avtomobili sürərək oradan qaçıb getmişlər. Bundan sonra polis əməkdaşları onu və Emini Nizami rayon polis idarəsinə aparmışlar. Polis idarəsində o, üzərinə şəxsi axtarış və götürmə aparılmasına razılıq verərək bu barədə ərizə yazmışdır, habelə axtarışın videoçəkiliş vasitəsilə keçirilməsinə etiraz etməmişdir. Bundan sonra polis əməkdaşları ona üzərində qanunsuz əşya varsa təqdim etməsini təklif etmişlər, o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd siqaretin şəffaf sellofanında olan bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümdəkinin narkotik vasitə olan heroin olmasını, narkotik vasitəni şəxsi istifadəsi üçün 20 manata tanımadığı şəxsdən bir gün əvvəl saat 20 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Papanin” adlanan ərazidə aldığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən aşkar olunmuş maddə qablaşdırılmaqla bu barədə protokol tərtib edilmiş, o da protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Valeh Dadaşovun, Emin Kərimovun və Umud Qurbanovun narkotik vasitələrin istifadəçisi olduqlarından xəbəri olsa da, rastlaşdıqları vaxt üzərlərində narkotik vasitə olub-olmamasından xəbəri olmamışdır. Təqsirləndirilən şəxs daha sonra əməlindən səmimi peşmançılıq hissləri keçirdiyini, himayəsində bir azyaşlı uşağı olduğunu göstərərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin əməkdaşı Şahid5 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası ərazisində hərbi vəziyyət elan edilməsi ilə əlaqədar Bakı şəhəri ərazisində tətbiq olunan komendant saatı zamanı, 12 noyabr 2020-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində yerləşən 7 saylı stasionar komendant postunda xidmətdə olmuşdur. Həmin gün saat 01:40 radələrində “BMW” markalı **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobil komendant postunda saxlanılmış, avtomobildən 4 nəfər şəxs düşmüşdür. Həmin şəxslərə sənədlərini təqdim etmələri və avtomobilə baxış keçiriləcəyi elan edilmişdir. Lakin onlar özlərini şübhəli apararaq sənədlərini təqdim etməmişlər, avtomobilə baxış keçirməyə başlayan vaxt sürücü və digər şəxs avtomobilə əyləşərək avtomobili hərəkətə gətirərək komendant postundan uzaqlaşmağa başlamışlar. Ona görə sözügedən avtomobili YPX əməkdaşı təqib etməyə başlamışdır. Postda qalmış digər iki nəfər şəxs qaçmaq istəyərkən onları postda olan əməkdaşlar saxlamışlar və və hər iki şəxs Nizami RPİ-nə aparılmışlar. Araşdırma zamanı həmin şəxslərin Təqsirləndirilən şəxs və X4 olmaları müəyyən edilmiş, habelə onların üzərlərindən narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin əməkdaşı Şahid4 ifadəsində göstərmişdir ki, 12 noyabr 2020-ci il tarixdə saat 01:40 radələrində ölkədə hərbi vəziyyət dövründə komendant saatının tətbiq olunması ilə əlaqədar Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində yerləşən 7 saylı stasionar komendant postunda saxlanılmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasında iştirak etmişdir. Şəxsi axtarış aparılan zamanı üzərində qanunsuz əşya olduğu halda təqdim etməsi təklif olunan Təqsirləndirilən şəxs etiraz etməyərək əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofanda bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümdəkinin narkotik vasitə heroin olduğunu, şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı üzərindən başqa heç bir qanunsuz əşya müəyyən edilməmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalarla təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin əməkdaşları X1 və Şahid1 yuxarıda qeyd edilən şahidlərlə eyni məzmunlu ifadələr vermişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsi məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunarkən onun da həmin şahidlərlə eyni məzmunda ifadə verdiyi müəyyən olunmuşdur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 13 noyabr 2020-ci il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v. 9) - 26 yanvar 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs və qeyrilərindən narkotik vasitə aşkar edilməsi faktı üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılaraq icraata qəbul edilmişdir. (i.v. 5-6) - 22 fevral 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs narkotik vasitə aşkar edilməsi faktı üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. (i.v. 1-2) - 12 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, polis əməkdaşları tərəfindən, videoçəkiliş aparılmaqla, Təqsirləndirilən şəxs üzərində həmin tarixdə saat 03:30-da Nizami RPİ-nin inzibati binasında şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa, təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofanda bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümdəkinin narkotik vasitə olan heroin olduğunu, şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. (i.v. 14) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 13 noyabr 2020-ci il tarixli 6/2472 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Saxlanılan şəxs (imza) Qadaşov V.” və s. qeydləri olan zərfdəki saat qabı içərisində 2 ədəd bükümlərdə - ayrı-ayrılıqda təmiz çəkiləri 0,110 qram və 0,905 qram, ümumi təmiz çəkisi 1,015 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət maddələr eyni tərkibli psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” siyahısına daxildir. Həmin zərfdəki saat qabı içərisindəki 2 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,046 qram və 0,070 qram, ümumi təmiz çəkisi 0,116 qram olan açıq qəhvəyi rəngli tozşəkilli hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış, eyni tərkibi narkotik vasitə heroindir. Üzərində “Saxlanılan şəxs (İmza) Təqsirləndirilən şəxs” və s. qeydləri olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 1,495 qram olan qəhvəyi rəngli tozşəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “Saxlanılan şəxs (İmza) E.Kərimov” və s. qeydləri olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,695 qram olan açıq qəhvəyi rəngli tozşəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin heroinlə saat qabı içərisində 2 bükümdə olan heroinlər tərkibinə görə eyni olub Təqsirləndirilən şəxs üzərindən götürülməsi qeyd edilən heroindən və kimyəvi komponentlərinə görə fərqlidir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” siyahısına daxildir. (i.v. 35-40) - 20 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, 12 noyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış və götürmə zamanı Nizami RPİ-nin TŞ-nin baş təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif olunur, Təqsirləndirilən şəxs təkliflə razılaşaraq əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən siqaretin gümüşü kağızında olan bir ədəd bükümü təqdim edərək həmin bükümdəkilərin narkotik vasitə olan heroin olmasını və şəxsi istifadəsi üçün əldə edib üzərində saxlamasını bildirir. (i.v. 76) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasına dair 02 dekabr 2020-ci il tarixli 3350 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 94-95) - 05 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, ********* nömrəli cinayət işi üzrə 25 yanvar 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs aşkar edilmiş ümumi xalis çəkisi 1,495 qram kustar üsulla hazırlanmış narkotik vasitə və bir ədəd CD maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq çəkisi 1,445 qram narkotik vasitə heroin maddi sübutların saxlanc kamerasına təhvil verilmiş, bir ədəd CD disk cinayət işinə əlavə edilmişdir. (i.v. 97-101) Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 12 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 23) - 13 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami rayon prokuroru tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqda Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin vəsatətinin müdafiə edilməsindən imtina olunmuşdur. (i.v. 68-70) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 13 noyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs müvəqqəti tutulmaqdan azad edilmiş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 71-72) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 23 noyabr 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsinin 04 mart 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 600 manat məbləğində cərimə cəzasına məhkum edilmiş; Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 iyun 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 62, 66.5 və 68.2-ci maddələrinə əsasən 01 il müddətinə azadlıqdan məhrum etmə və 600 manat məbləğində cərimə cəzalarına məhkum edilmiş, 29 dekabr 2009-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 avqust 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 67.1 və 68.2-ci maddələrinə əsasən 02 il müddətinə azadlıqdan məhrum etmə və 600 manat məbləğində cərimə cəzalarına məhkum edilmiş, Abşeron Rayon Məhkəməsinin 29 may 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 67.1 və 68.2-ci maddələrinə əsasən 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə və 600 manat məbləğində cərimə cəzalarına məhkum edilmiş, 15 mart 2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 avqust 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə və 600 manat məbləğində cərimə cəzalarına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 may 2017-ci il tarixli qərarı ilə 05 ay 08 gün vaxtından əvvəl şərti azad edilmiş, cəzası başa çatmışdır. (i.v. 77-80) -"xxxx" ASC-nin Sahil filialına aid terminal vasitəsi ilə həyata keçirilmiş ödənişə dair 30455 nömrəli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər probasiya idarəsinin hesabına 600 manat məbləğində cərimə ödəmişdir. - 17 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzürlü səbəblər olmadan məhkəmə iclaslarına gəlməyərək gizləndiyindən və olduğu yer məlum olmadığından Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən haqqında axtarış elan olunmuş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. - 3 saylı istintaq təcridxanasının 25 sentyabr 2021-ci il tarixli 17/40-3977 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 22 sentyabr 2021-ci il tarixdə Nizami RPİnin əməkdaşları tərəfindən tutularaq, 24 sentyabr 2021-ci il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına təhvil verilmişdir. - AZ-İİ seriyalı, 885176 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 18 dekabr 2011-ci il tarixdə doğulmuşdur. Azərbaycan Respublikası CM-nin 18.4.2 və 18.4.3-cü maddələrinə əsasən yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Həmin Məcəllənin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Məhkəmə qeyd edir ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsinin 04 mart 2009-cu il tarixli hökmü üzrə cinayət əməlini törədərkən yetkinlik yaşına çatmamış olmuşdur, ona görə ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə 600 manat məbləğində cərimə cəzası təyin edilmişdir. Baxmayaraq ki, Təqsirləndirilən şəxs həmin cərimə məbləğini 12 iyul 2021-ci il tarixdə ödəmişdir, CM-nin 18.4.2 və 18.4.3-cü maddələrinin tələbləri baxımından onun həmin məhkumluğu residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs digər hökmlər üzrə məhkumluqları isə CM-nin 83.6-cı maddəsinin tələbləri baxımından ödənilmiş hesab olunur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 12 noyabr 2020-ci il tarixdən 13 noyabr 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı isə hökmün çıxarıldığı hazırkı tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış 1,445 qram narkotik vasitə heroin məhv olunmalı; maddi sübut olan bir ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bu zaman məhkəmə nəzərə alır ki, ekspertiza tədqiqatının dəyəri 108,46 manat olsa da, həmin tədqiqat üç nəfər şəxsdən aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddələrin tədqiqi üzrə aparılmışdır, ona görə ekspertiza xərci üç nəfər şəxs arasında bölünməklə hazırkı iş üzrə olan hissəsi Təqsirləndirilən şəxs tutulmalıdır. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət ümumilikdə 100 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 12 noyabr 2020-ci il tarixdən 13 noyabr 2020ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 22 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış bir ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,445 qram olan narkotik vasitə heroin məhv edilsin. Məhkəmə məsrəfi olan ekspertiza xərcinin 36,15 manat hissəsi Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, ümumilikdə 100 saat göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi "xxxx" ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ013501**********1944, S.Wİ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 600 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar