Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-152/2023 07.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs3 MMC-nin nümayəndəsi Nümayəndə2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, iki uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Şəki şəhəri, M.Əzizbəyov küçəsi, ev 35A-da qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, ev 2-də yaşayan, 11 iyun 2022-ci il tarixdə axtarışda olan şəxs qismində tutulmuş, 12 iyun 2022-ci il tarixdə tutmadan azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, 14 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 16 iyun 2022-ci il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, həmin qətimkan tədbirinin şərtlərini pozaraq məhkəmədən gizləndiyindən 17 mart 2023-cü il tarixdə haqqında axtarış elan edilmiş, qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 24 aprel 2023-cü il tarixdə həbs edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrarən özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə 17 dekabr 2021-ci il tarixdə istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Zərərçəkmiş şəxs2 MMC-nin ünvan 1 ünvanında yerləşən mağazasına zəng vurub özünü “Şahid1” kimi təqdim edərək 4669 manat dəyərində “Apple” markalı “İphone 13ProMX1TB GOLD” modelli mobil telefonu sifariş verərək 19 dekabr 2021-ci il tarixdə saat 16 radələrində qeyd edilən ünvandan həmin mağazanın satış meneceri vəzifəsində işləyən Nümayəndə1 sonuncuya həmin telefonun pulunu ödəməsi barədə yalan məlumat verməklə aldadıb etibarından sui-istifadə etməklə onun cinayətkar niyyətindən xəbəriz olan, taksi fəaliyyəti ilə məşğul olan Şahid3 vasitəsilə alıb yenidən onun tapşırığı əsasında Şahid3 tərəfindən ünvan 2 ünvanında yerləşən təndirxana kimi fəaliyyət göstərən yerə təhvil verildikdən sonra o, həmin tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs2 MMC-yə məxsus 4699 manat dəyərində “Apple” markalı “İphone 13ProMX1TB GOLD” modelli mobil telefonu həmin təndirxanadan götürüb ələ keçirməklə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-yə 4699 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə 18 yanvar 2022-ci il tarixdə istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Zərərçəkmiş şəxs3 MMC-nin “online satış” şöbəsinə zəng edib özünü “Anar Atakişiyev” kimi təqdim edərək 3500 manat dəyərində “Apple” markalı “İphone 13ProMax 6 GB/256GB Graphite” modelli mobil telefonu sifariş verib müvəqqəti kirayə yaşadığı ünvan 3 ünvanına çatdırılmasını bildirdikdən sonra həmin gün saat 22 radələrində Zərərçəkmiş şəxs3 MMC-də kuryer işləyən Zərərçəkmiş şəxs1 Yəhya oğlu tərəfindən sifariş əsasında həmin mobil telefon ünvan 3 ünvanına çatdırıldıqda, həmin ünvanın qarşısında guya mobil telefonun işləməsi vəziyyətini yoxlayacağını bildirib Zərərçəkmiş şəxs1 alıb mənzilə daxil olaraq qapısını bağlayıb həmin mənzilin binanın arxa tərəfində yerləşən qapısından çıxıb tərk etməklə ələ keçirib zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs3 MMC-yə 3500 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin dekabr ayında həyat yoldaşının çətin hamiləlik keçirməsi ilə əlaqədar olaraq ona təcili pul lazım olmuşdur. Heç bir yerdə işləmədiyi üçün pul qazana bilməmişdir. Buna görə hər hansı bir elektron əşyalar satılan mağazaların birindən telefon əldə edib satmaq qərarına gəlmişdir. Əvvəllər telefon mağazasında işlədiyi üçün bir neçə nəfərin şəxsiyyət vəsiqəsinin şəkili ona məxsus olan mobil telefonda olmuşdur. Həmin şəxsiyyət vəsiqələrinin içərisindən Şahid1 məxsus olan şəxsiyyət vəsiqəsi ilə Zərərçəkmiş şəxs2 mağazasının səhifəsində qeydiyyatdan keçmiş və ora iki əlaqə nömrəsi yerləşdirmişdir. Həmin mobil nömrələrin biri və əsası ***-***-**-**, digəri isə ***-***-**-** olmuşdur. 17 dekabr 2021-ci il tarixdə ***-***-**-** mobil nömrəsindən “Baku Electronic”in online satış mağazasına zəng vurub qeydiyyatdan keçmiş, özü üçün 01 ədəd qiyməti 4699 manat olan “Apple” markalı “İphone 13 Pro max 1TB” modelli telefon istəmişdir. Həmin mobil telefonun Nizami rayonunda yerləşən “Nazlı” şadlıq sarayının yanına çatdırılmasını, çatırılmadan bir saat qabaq onunla əlaqə saxlanılmasını bildirmişdir. Orada sifariş qeydiyyata götürüldükdən sonra 18 dekabr 2021-ci il tarixdə sifarişin kuryer vasitəsi ilə gətiriləcəyi ona bildirilmiş və ondan çatırılmanın yeri soruşulmuşdur. Həmin tarixdə başqa işləri olduğu üçün sifarişi qəbul edə bilməmiş və kuryer onu gözləyib telefonu yenidən mağazaya qaytarmışdır. Həmin gün onunla yenidən əlaqə saxlanıldıqdan sonra o, sifarişin arxasınca 19 dekabr 2021-ci il tarixdə taksi göndərəcəyini bildirmişdir. 19 dekabr 2021-ci il tarixdə istifadəsində olan ***-***-**-** mobil nömrəsindən taksi şirkətinə zəng vurub taksi sifariş etmiş və taksinin ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 mağazasından sifarişi götürüb Xəzər rayonu, Buzovna qəsəbəsi, Aruz Mirzəyev küçəsi, 4 ünvanında yerləşən, icarəyə götürüb işlətdiyi təndirxanaya aparmasını söyləmişdir. Buna görə 11 manat gediş haqqı olduğu ona bildirilmişdir. O, razılaşdıqdan təxminən 15 dəqiqə sonra taksi sürücüsü onunla əlaqə saxlamış, mağazada olduğunu deyib səlahiyyətli şəxslərlə danışmasını istəmişdir. O, sürücünün mobil nömrəsi ilə mağazada işləyən şəxslərlə danışdıqdan sonra sifarişin taksi sürücüsünə verildiyi ona bildirilmişdir. Təxminən 40 dəqiqə sonra sürücü onunla yenidən əlaqə saxlamış, sürücüyə təndirxananın yerini dəqiq başa saldıqdan sonra təndirə girməsini istəmiş və orada olan şəxslə danışdıqdan sonra sürücünün pulunu verib telefonu orada saxlamasını xahiş etmişdir. Həmin təndirxanada olan şəxs onun tərəfindən dönərçi kimi işə götürülən Rəşad adlı şəxs olmuşdur. O, Rəşada taksi sürücüsünün pulunu verib yola salmasını demişdir. Rəşadın onun etdiyi əməldən xəbəri olmamışdır. 19 dekabr 2021ci il tarixdə saat 18 radələrində o, telefonu həmin yerdən götürmüş, oradan “28 May” metrosunun yaxınlığında yerləşən telefon mağazasına gedib telefonu 2800 manata satmışdır. O, mobil telefonu satan zaman öz şəxsiyyət vəsiqəsinin surətini vermiş, surətin üzərinə ona məxsus olan 13 pro max telefonu satdığı, həmin telefonun oğurluq və girov olmadığını öz imzası ilə təsdiq etdiyi barədə qeydlər yazaraq imzalamışdır. Telefonun satılmasından əldə etdiyi pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, yenə pula ehtiyacı olduğundan “Tap.az” saytında nömrəsini tapdığı günlük ev kirayə verən şəxsə zəng etmişdir. Həmin şəxs ona bildirmişdir ki, evi günü 35 manata verir. O, ev sahibi olan Fərrux adlı şəxsə 17 yanvar 2022-ci il tarixdə 35 manat verərək ünvan 3 ünvanını kirayə götürmüşdür. Məqsədi həmin evə sifariş vermək və sifariş verdiyi mobil telefonu götürdükdən sonra pulunu ödəməyib çıxıb pəncərədən qaçmaq olmuşdur. O, evə girdikdə evin arxa tərəfdə qapısının olmasını müəyyən etmişdir. Evi iki günlük götürmüş, pulun qalan 35 manatını növbəti gün verəcəyini bildirmişdir. 17 yanvar 2022-ci il tarixdə qeyd olunan ünvanda olarkən ***-***-**-** mobil nömrəsi ilə Zərərçəkmiş şəxs3 (“Umico”) şirkətindən “İphone 13 pro” markalı mobil telefonu sifariş vermişdir. Həmin gün saat 21 radələrində ünvan 3 ünvanında olan zaman sifariş verdiyi mobil telefonu gətirmişlər. O, qapını açmış, adını bilmədiyi sifarişi çatdıran şəxs, sonradan tanıdığı Zərərçəkmiş şəxs1 Yəhya oğlu mobil telefonu ona vermişdir. O, telefonu götürmüş və həmin şəxsə demişdir ki, evdə telefona baxıb pulu da gətirəcəkdir. Tez qapını bağlayıb evdə olan arxa qapıdan qaçmışdır. Əldə etdiyi həmin “İphone 13 pro” markalı telefonu əvvəlcədən “tap.az” saytında yerləşdirdiyi elan əsasında tanıdığı, adını “una Lətif” deyə qeyd etdiyi şəxsə 18 yanvar 2022-ci il tarixdə 2200 manata Nizami rayonu ərazisində “Oskar” şadlıq sarayından bir az yuxarıda vermişdir. Həmin şəxs ona ilkin olaraq 2000 manat pul vermis, 200 manat pulun müqabilində isə ona qızıl verə biləcəyini bildirmişdir. Həmin şəxs qızıl alveri ilə məşğul olduğunu, “Moskva” unvermağında işlədiyini bildirmişdir. O, 19 yanvar 2022-ci il tarixdə “*2111” taksi şirkəti vasitəsi ilə sifariş verdiyi kuryer taksi ilə Lətif adlı şəxsdən sonuncunun deməsinə görə 200 manat dəyərində qızıl uşaq sırğasını götürmüşdür. Bu zaman da əldə etdiyi gəliri öz ehtiyaclarına xərcləmiş, eyni zamanda sırğanı “Gənclik” tərəfdə yerləşən “beşmərtəbə”nin altında olan qızıl zərgərlərindən birinə satmışdır. Hazırda o, zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanı tam ödəmiş, zərərçəkmiş şəxslər onunla barışmışlar, ona qarşı heç bir tələb, şikayət və iddiaları yoxdur. Həmin halı və dövlət büdcəsinə müvafiq pul məbləğini ödədiyini nəzərə alaraq, barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 göstərmişdir ki, Zərərçəkmiş şəxs2 MMC-nin ünvan 5 ünvanında yerləşən filialının çağrı mərkəzinə 17 dekabr 2021-ci il tarixdə sifariş daxil olmuşdur. Özünü Şahid1 kimi təqdim edən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən zəng vuraraq, “Apple” marklı “İphone 13ProMX1TB GOLD” modelli mobil telefonu sifariş etmişdir. Sifarişlə bağlı ona müvafiq məlumat verildikdən sonra həmin şəxslə 4669 manat qiymətə şifahi razılıq əldə olunmuşdur. Həmçinin həmin şəxs əlavə əlaqə nömrəsi olaraq ***-***-**- ** mobil nömrəni sifarişdə qeyd etdirmişdir. Sifarişin icra olunması üçün ilk növbədə müştərinin təqdim dediyi yerlərə malı çatdırmaq üçün kuryer getmiş, lakin həmin şəxslə əlaqə saxlamaq mümkün olmamışdır. 19 dekabr 2021-ci il tarixdə həmin şəxslə əlaqə saxladıqda malın pulunu ödədiyini bildirmiş və mağazadan götürəcəyini qeyd etmişdir. 19 dekabr 2021-ci il tarixdə təxminən saat 16 radələrində müştəri mağazanın yerləşdiyi ünvan 1 ünvanına taksi göndərmiş taksinin sürücüsünün mobil telefonu ilə onlarla yenidən əlaqə saxlamış, pulu ödədiyini, heç bir problemin olmadığını bildirmiş və mobil telefonun taksi sürücüsünə verilməsini xahiş etmişdir. Həmin zaman o, məhsulun ödənişi ilə bağlı sifariş blankına baxdıqda orada ödənişin nağd şəkildə yazıldığını gördüyü üçün mobil telefonu taksi sürücüsünə vermiş, hər ehtimalı nəzərə alaraq taksi sürücüsünün şəxsiyyət vəsiqəsinin şəklini çəkib özlərində saxlamışlar. O, sifarişin yerinə yetirilməsi ilə bağlı müvafiq olaraq şirkətə məlumat vermişdir. Təxminən 2-3 gün sonra şirkətdən gəlmiş məlumatda pulun ödənilməməsi səbəbindən sifarişin imtina olunması bildirilmişdir. Bu zaman ona məlum olmuşdur ki, həmin sifarişi verən şəxs dələduzluq edərək mağazaya məxsus olan mobil telefonu ələ keçirmişdir. Sistem üzrə həmin mobil telefonun İMEi kodu əsasında sorğu verən zaman mobil telefonun “28 May” metrostansiyasının yaxınlığında yerləşən “İphone Baku” mağazasına Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsi ilə satılması müəyyən edilmiş və bu barədə 102 xidmətinə zəng vurularaq məlumat verilmiş, eyni zamanda Xətai RPİ-nin 34-cü PŞ-nə ərizə yazmışdır. Baş vermiş hadisə nəticəsində mağazaya 4699 manat maddi ziyan dəymişdir. Dəymiş maddi ziyan ödənildiyinə görə Təqsirləndirilən şəxs ilə barışıq əldə olunmuşdur, ona qarşı şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs3 MMC-nin nümayəndəsi Nümayəndə2 göstərmişdir ki, Zərərçəkmiş şəxs3 MMC onlayn sifarişlər qəbul edir və sifariş olunan məhsulları ünvanlara çatdırır. 18 yanvar 2022-ci il tarixdə şirkətin mobil tətbiqindən ***-***-**-** mobil nömrə ilə qeydiyyatdan keçmiş, özünü Anar Atakişiyev kimi təqdim etmiş şəxs Nizami rayonu, B.Nuriyev küçəsi ev 65, mənzil 68 ünvanına “İphone 13 markalı” 256 GB həcmində 3500 manat dəyərində **********22217 İMEİ kodlu mobil telefon sifariş etmişdir. Şirkətdə kuryer kimi fəaliyyət göstərən Zərərçəkmiş şəxs1 Yəhya oğlu həmin mobil telefonu sifariş olunmuş ünvana çatdırmışdır. Şirkətin şifahi qaydasında qeyd olunmuşdur ki, müştəri telefonu və yaxud digər məhsulu təhvil almamışdan əvvəl yoxlamaq hüququna malikdir. Zərərçəkmiş şəxs1 Yəhya oğlu da mobil telefonu müştəriyə yoxlamaq üçün təhvil vermiş, sonuncu isə yoxlamaq məqsədi ilə telefonu götürdükdən sonra qapını bağlamışdır. Bir müddət keçdikdən sonra Zərərçəkmiş şəxs1 bir neçə dəfə qapını döymüş, lakin müştəri qapını açmamışdır. Dərhal bu barədə şirkəti məlumatlandırmış və sonra DİN-nin 102 xidmətinə məlumat vermişdir. Sonradan şirkətə məxsus mobil telefonun pulunu ödəmədən ələ keçirmiş şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Baş vermiş hadisə nəticəsində şirkətə 3500 manat maddi ziyan dəymişdir. Şirkətin daxili qaydalarına əsasən şirkətə dəymiş zərər Zərərçəkmiş şəxs1 tutulmuş, Təqsirləndirilən şəxs ailə üzvləri tərəfindən isə Zərərçəkmiş şəxs1 Yəhya oğluna həmin pulun əvəzi ödənilmişdir. Dəymiş maddi ziyan ödənildiyinə görə Təqsirləndirilən şəxs ilə barışıq əldə olunmuşdur, ona qarşı şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Yəhya oğlu ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 (“Umico”) şirkətində kuryer kimi fəaliyyət göstərmişdir. 18 yanvar 2022-ci il tarixdə şirkətin proqramı vasitəsilə ona mesaj daxil olmuşdur ki, ünvan 6 ünvana markasını bilmədiyi 3500 manat dəyərində mobil telefon çatdırmalıdır. Mobil telefonu həmin ünvana aparmış, ünvana yaxınlaşdıqdan sonra mənzilin qapısını bir nəfər 30-35 yaşlarında olan kişi, sonradan tanıdığı Təqsirləndirilən şəxs açmış, Rövşən telefona baxmaq üçün ondan götürmüş və qapını örtmüşdür. Şirkətin daxili nizamnaməsinə görə alıcı telefonun işlək vəziyyətdə olduğunu yoxlamalıdır. Bir neçə dəqiqə gözlədikdən sonra qapını döymüş, qapını açan olmamış, dərhal bu barədə şirkətin rəhbərliyinə məruzə etmiş, ona bildirilmişdir ki, 102 xidmətinə müraciət etsin. O, bu barədə polisə müraciət etmişdir. Həmin şəxs, yəni alıcı Təqsirləndirilən şəxs ***-***-**-** mobil telefon nömrəsi ilə əlaqə saxlamış və özünü Anar Atakişiyev kimi təqdim etmişdir. Bundan sonra şirkət tərəfindən onun əmək haqqından ümumilikdə 3500 manat pul tutulmuşdur. Hazırda Təqsirləndirilən şəxs ailə üzvləri qeyd olunan pul məbləğini ona geri ödəmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Azercell” GSM-in mağazasında proqramçı vəzifəsində çalışır. Zərərçəkmiş şəxs2 mağazasından “İphone 13ProMax 1 Terebayt Gold” markalı mobil telefonu o, sifariş verməmişdir, həmçinin onu əldə edib “28 May” metrostansiyasının yaxınlığında satan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir əlaqəsi və münasibəti olmamışdır. Ona 2022-ci ilin yanvar ayında polis şöbəsindən zəng gəlmiş və izahat vermək üçün şöbəyə dəvət etmişlər, orada izahat verən zaman da eyni xüsusatları təsdiq etmişdir. Özünə məxsus şəxsiyyət vəsiqəsi əsasında müəyyən avadanlıqlar almış, həmin zaman şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Bundan başqa o, tanımadığı heç kimə şəxsiyyət vəsiqəsi verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, taksi fəaliyyəti ilə məşğul olur, 19 dekabr 2021-ci il tarixdə işlədiyi şirkətdən ***-***-**-** saylı mobil nömrədən daxil olmuş sifarişdə ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 mağazasından sifarişin götürülüb Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən ünvana çatdırılması, sistemdə ödənişin 11 manat olması qeyd edilmişdir. O, həmin sifarişin icrası ilə əlaqədar 19 dekabr 2021-ci il tarixdə təxminən saat 16 radələrində qeyd etdiyi mağazaya yaxınlaşmış, orada olan şəxslərə sifarişlə əlaqədar gəldiyini söyləmiş və sifariş verən şəxsə zəng vurub mağaza ilə danışmasını bildirmişdir. Mağazada olan səlahiyyətli şəxs sifariş verən şəxslə danışdıqdan sonra ona mobil telefon vermiş, ona məxsus olan şəxsiyyət vəsiqənin şəklini çəkmək istəmişdir. O da buna heç bir etiraz etməyərək şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Daha sonra sifariş üzrə aldığı mobil telefonu Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən təndirin yanına çatdırmış və yenidən həmin şəxslə əlaqə saxlamış, həmin şəxs ona mobil telefonu təndirə verməsini, sifarişin icrası ilə bağlı ödənişi təndirdən götürməsini demişdir. O, içəri daxil olduqda yenidən həmin şəxslə əaqə saxlamış və həmin şəxs təndirdə işləyən şəxslə mobil telefonda danışmışdır. Bundan sonra o, mobil telefonu təndirdə işləyən şəxsə vermiş və ödənişi qəbul edib oradan çıxmışdır. Sifarişi verən şəxsi görməmiş, həmin şəxs sifarişi ***- ***-**-** mobil telefon nömrəsindən vermiş, o, həmin şəxslə qeyd olunan mobil telefon nömrəsi ilə əlaqə saxlamışdır. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid2 iştirakının təmin edilməsi mümkün olmadığından onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid sözügedən ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, “28 May” metrostansiyası yaxınlığında yerləşən “İphone-Baku” mobil telefon dükanında satıcı işləyir. 19 dekabr 2021-ci il tarixdə təxminən axşam saat 20 radələrində bir nəfər şəxs dükana yaxınlaşaraq “İphone13PRO MAX” markalı mobil telefonu satmaq istədiyini bildirmişdir. O, həmin telefonun yeni olduğunu görüb, ondan nə üçün satdığını və telefonun kimə məxsus olmasını soruşmuş, həmin şəxs ona bildirmişdir ki, telefonu dostu ona hədiyyə edib, anası isə xəstə olduğu üçün telefonu satır. O, həmin şəxsə inanıb, ondan şəxsiyyət vəsiqəsini tələb edərək telefonu 2800 manata almışdır. Həmin şəxs sənədin üzərində “mənə məxsus olan 13 pro max satdı. Satdığı telefon oğurluq və girov deyil, öz imzamla təsdiqləyirəm” sözlərini yazmışdır. Həmin telefonu o, 7- 8 gündən sonra adını bilmədiyi bir müştəriyə satmışdır. Baş vermiş hadisə ilə bağlı heç bir əlaqəsi yoxdur, həmin mobil telefonu şəxsiyyət vəsiqəsi tələb etmədən satmışdır. Telefon qutunun içərisində olmuş, telefonun bütün sənədləri də ona təqdim edilmiş, o da arxayın olub mobil telefonu həmin şəxsdən almışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 13 iyun 2022-ci il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ cild i.v. 1) - 01 aprel 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, 24-cü PŞ-nin təhqiqatçısı tərəfindən Zərərçəkmiş şəxs1 Yəhya oğlunun və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (İ cild i.v. 39-41) - 28 aprel 2022-ci il tarixli qərardan görünür ki, material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ cild i.v. 107) - 07 iyul 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraat qəbul edilmiş, həmin cinayət işi icraatda olan ********* nömrəli cinayət işinə birləşdirilmiş və sonuncu nömrə altında istintaq davam etdirilmişdir. (İ cild i.v. 229-230) - 07 iyul 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi həmin Məcəllənin 178.2.2-ci maddəsinə tövsif edilmişdir. (İ cild i.v. 233-234) - 31 avqust 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, müstəntiq tərəfindən Təqsirləndirilən şəxs, onun müdafiəçisinin və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (İ cild i.v. 248-250) - 01 sentyabr 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs1 Yəhya oglu ona təqdim edilmiş şəxslər arasında Təqsirləndirilən şəxs tanıyaraq ondan mobil telefonu götürən şəxsin olduğunu bildirmişdir. (İİ cild i.v. 1-4) - 20 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs 01 sentyabr 2022-ci il tarixdə elan edilmiş ittiham və barəsində seçilmiş başqa yerə getməmək barədə qətiimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 310-cu maddəsinin bütün tərkib əlamətləri üzrə, həmçinin CM-nin 178.2.1 və 157-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Şahid3 və Rəşad adlı şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsində göstərilən cinayətin tərkib əlamətlərinin olmaması nəzərə alınmaqla barələrində cinayət təqibi üzrə icraatın başlanması rədd edilmiş, Şahid2 və Lətif adlı şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsində göstərilən cinayətinin tərkib əlamətlərinin olmaması nəzərə alınmaqla barələrində cinayət təqibi üzrə icraatın başlanması rədd edilmiş, 07 yanvar 2021-ci il tarixli protokol əsasında götürülmüş 01 ədəd şəxsiyyət vəsiqəsinin surəti iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilmiş, ********* nömrəli cinayət işindən saxta sənədi hazırlamış şəxsiyyəti istintaqla araşdırılan şəxsə dair material ayrılmış və aidiyyəti üzrə Nizami RPİ-nin 24-ci PŞ-nə göndərilmişdir. (İİ cild i.v. 35-46) Bundan başqa, cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 11 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs axtarışda olan şəxs qismində həmin tarixdə tutulmuşdur. (İ cild i.v. 187) - 12 iyun 2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və tutmadan azad edilmişdir. (İ cild i.v. 224) - 14 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində həmin tarixdə tutulmuşdur. (İ cild i.v. 80-81) - 16 iyun 2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və tutmadan azad edilmişdir. (İ cild i.v. 98-99, 101) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 24 iyun 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (İ cild i.v. 103-104) -Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X2 25 sentyabr 2017-ci il tarixdə, X3 30 yanvar 2022-ci il tarixdə doğulmuşlar. (İİ cild i.v. 23-24) - 17 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin şərtlərini pozduğu, üzürlü səbəblər olmadan məhkəməyə gəlməyərək gizləndiyi üçün, habelə, məcburi gətirilməsinə dair qərarın icrası mümkün olmadığından Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən onun haqqında axtarış elan edilmiş, barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. -Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin 24 aprel 2023-cü il tarixli 52-2/2-7472 nömrəli məktubundan və ona əlavə edilən protokoldan görünür ki, barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs oğlu 24 aprel 2023-cü il tarixdə tutulmuşdur. -Zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin 08 may 2023-cü il tarixli 523/23 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində həmin MMC-yə dəymiş maddi ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayətləri yoxdur. -Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs3 MMC-nin 31 may 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində həmin MMC-yə dəymiş maddi ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayətləri yoxdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmə, iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir, onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş hüquqi şəxslərə dəymiş maddi ziyanı tam ödədiyini, zərərşəkmiş şəxslərlə barışıq əldə etdiyini, cinayət nəticəsində vurulmuş maddi ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini göstərmiş, bu əsasla cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda zərərçəkmiş hüquqi şəxslər "xxxx" MMC-nin və Zərərçəkmiş şəxs3 MMC-nin rəhbərlərinin adından məhkəməyə ayrılıqda təqdim edilən rəsmi məktublarda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində MMC-lərə dəymiş maddi ziyanın tam ödənildiyi, ona qarşı şikayətlərinin olmadığı göstərilmişdir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs "xxxx" ASC-nin “Nizami” filialında 25 may 2023-cü il tarixdə “X1”nin hesabı vasitəsi ilə cinayət nəticəsində vurulmuş ümumilikdə 8199 manat məbləğində maddi ziyanın iyirmi beş faizi miqdarında - 2050 manat məbləğində dövlət büdcəsinə ödəniş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, aşağıdakılara əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad olunan 11 iyun 2015-ci il tarixli Qərarının 40-cı bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 73- 1.1-ci maddəsinə əsasən CM-in 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə, cinayət məsuliyyətindən azad edilir. Cinayət Məcəlləsinin 73-1.2 və 73-1.3-cü maddələrində göstərilən hallarda isə, yəni Cinayət Məcəlləsinin 178.2 və 178.3-cü maddələri ilə nəzərdə tutulmuş şəxslərə münasibətdə zərərçəkmiş şəxslə barışığın əldə olunması və ona vurulmuş ziyanın ödənilməsi ilə yanaşı, dövlət büdcəsinə müvafiq olaraq ziyanın 25%-i və 50%-i miqdarında ödənişlərin edilməsi tələb olunur. Bu maddələrdə vurulmuş ziyan dedikdə, şəxsə qarşı irəli sürülmüş ittihamda göstərilən dələduzluq cinayəti nəticəsində ələ keçirilmiş pulun miqdarı və yaxud ələ keçirilmiş əmlakın dəyəri və müvafiq olaraq onların 25 və yaxud 50 faizləri başa düşülür. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışaraq onlara vurduğu maddi ziyanı ödədiyini, zərərçəkmiş şəxslərlə barışıq əldə etdiyini, o cümlədən cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət qanununun tələbləri baxımından cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin “Qeyd”inin 1-ci hissəsinə əsasən şəxs bu Məcəllənin 72 - 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Lakin Təqsirləndirilən şəxs həmin əsasla cinayət məsuliyyətindən azad olunmasına mane olacaq hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, cinayət işi üzrə icraata xitam verilməli olduğundan təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməlidir; zərərçəkmiş şəxslər məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmişlər, onlara vurduğu ziyanı ödədiyinə görə təqsirləndirilən şəxslə barışmışlar; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış 01 ədəd şəxsiyyət vəsiqəsinin surəti cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 35 iş saatı müddətinə bərabər tutularaq, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 43.1.2, 344-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxslərə vurduğu maddi ziyanı tam olaraq ödəyib barışıq əldə etdiyi və cinayət nəticəsində vurulmuş maddi ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyi üçün, Azərbaycan Respublikası CM-nin 73-1.2ci maddəsinə əsasən həmin Məcəllənin 178.2.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunsun və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin 01 ədəd kserosurəti cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 35 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 210 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə, qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-152/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-152/2023
07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver