Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-153/2021 08.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Bakı şəhəri, Xətai rayonu, Gen. Mehmandarov küçəsi ev 94, mənzil 5-də qeydiyyatda olan, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzaçəkməsinin əvvəli xx xxxxxxx 2019-cu il tarixdən hesablanmış, cəzaçəkməsinin sonu xx xxxxx 2021-ci il tarixədək olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsinin hesabında olub həmin hökm üzrə cəza çəkməklə, hazırkı cinayət işi ilə bağlı 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində məhkumlara qadağan olunmuş narkotik vasitə heroin əldə edərək özündə saxlamış və gəzdirmişdir. Belə ki, o, cəza çəkdiyi Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində “Cəzaçəkmə müəssisələrinin X7” ilə qadağan olunmuş əşya olan narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən əldə edib özündə saxlamış və gəzdirmiş, xx xxxxxx 2020-ci il tarixdə saat 17:00 radələrində müəssisənin əməkdaşları tərəfindən 3 saylı dəstənin yataqxanasında axtarış-baxış tədbirləri keçirilən zaman əynindəki şalvarının sol yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,028 qram narkotik vasitə hesab olunan heroin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1 saylı cəzaçəkmə müəssisəsində azadlıqdan məhrum etmə cəzasını çəkir. xx xxxxxx 2020-ci il tarixdə saat 17:00 radələrində qeydiyyatda olduğu 3 saylı dəstədə olarkən müəssisənin əməkdaşları hal şahidləri ilə birlikdə ona yaxınlaşaraq üzərinə axtarış-baxış tədbirinin keçirilməli olduğunu bildirmişlər. Keçirilən tədbir zamanı əynindəki şalvarının sol yan cibindən bir ədəd siqaret qutusunun gümüşü rəngli kağızına bükülmüş narkotik vasitə hesab olunan heroin aşkar edilərək götürülmüşdür. O, etiraf etmişdir ki, həmin narkotik vasitə ona məxsusdur və bir neçə gün öncə müəssisənin ərazisindən ağacın dibindən tapmış, narkotik istifadəçisi olduğundan öz istifadəsi üçün cibində saxlamışdır. Narkotik vasitənin götürülməsi ilə əlaqədar protokol tərtib edilmiş, o, həmin protokolun və zərfin üzərini imzalamışdır. Törətdiyi əməlin cinayət olmasını bilir və əməlindən peşmandır. Barəsində aşağı həddə cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsinin rəisinin növbətçi köməkçisi Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 17:00 radələrində alınmış əməliyyat məlumatı əsasında müəssisə əməkdaşları hal şahidlərinin iştirakı ilə müəssisənin 3 saylı dəstəsində qeydiyyatda olan məhkum Təqsirləndirilən şəxs üzərinə axtarış-baxış keçirmişlər. Bu zaman Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən bir ədəd siqaret qutusunun gümüşü rəngli kağızına bükülmüş, içərisində tünd gəhvəyi rəngli xüsusi iyə malik narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Məhkum Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar olunmuş həmin narkotik vasitə özünə məxsusdur, narkotik vasitəni müəssisənin ərazisindən tapmış, istifadə etmək üçün üzərində saxlamışdır. Aşkar olunmuş narkotik vasitəyə bənzər maddə götürülərək ekspertizaya təqdim olunması üçün qablaşdırılmış, məhkumun özü və digər iştirakçılar zərfin üzərini və protokolu imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşları Şahid2, Şahid3 və Şahid4, şahid F.A.Əagərovla eyni məzmunlu ifadələr vermişlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: -Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v. 1) - 1 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşları Şahid1, Şahid3 və İlqar Həsənovun iştirakları ilə tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli aktın surətindən görünür ki, məhkum Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:00 radələrində qeydiyyatda olduğu 3 saylı dəstənin yataqxanasında özünü şübhəli aparmış, əməkdaşlar tərəfindən üzərinə axtarış-baxış keçirdikdə şalvar geyiminin sol yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş içərisində tünd qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. (i.v. 25) - 1 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşları Şahid4, Şahid1, Şahid3, Şahid2, hal şahidləri-məhkumlar X1 və X2, habelə məhkum Təqsirləndirilən şəxs iştirakları tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, məhkum Təqsirləndirilən şəxs qeydiyyatda olduğu dəstənin yataqxanasında müəssisə əməkdaşları hal şahidlərinin iştirakı ilə üzərində axtarış-baxış tədbiri keçirilən zaman ona məxsus şalvarının sol yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş, içərisində tünd qəhvəyi rəngli, xüsusi iyə malik, narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin narkotik vasitənin ona məxsus olduğunu etiraf etmişdir. Götürülmüş narkotik vasitəyə bənzər maddə hal şahidlərinin və iştirakçıların iştirakı ilə xüsusi zərfdə qablaşdırılaraq möhürlənmişdir. Protokol həmçinin, Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. (i.v. 32-33) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 6/2569 nömrəli ekspert arayışından görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...məhkum Təqsirləndirilən şəxs üzərində axtarış zamanı ona məxsus şalvarın sol yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş içərisində narkotik vasitəyə bənzər maddə...” qeydli zərfdəki bir ədəd gümüşü rəngli kağızı bükümdə təmiz çəkisi 0,028 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına daxildir. Heroinin təmiz çəkisi 0,028 qram, tədqiqata sərf olundu 0,02 qram, qalıq 0,008 qram. (i.v. 34-37) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2021-ci il tarixli 6/74 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...məhkum Təqsirləndirilən şəxs üzərində axtarış zamanı ona məxsus şalvarın...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,008 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına daxildir. Heroinin təmiz çəkisi 0,008 qram, tədqiqata sərf olundu 0,003 qram, qalıq 0,005 qram. (i.v. 74-78) -Azərbaycan Respublikası Ədliyyə Nazirinin “Cəzaçəkmə müəssisələrinin X3 təsdiq edilməsi barədə” xx.xx.2011-ci il tarixli 7 nömrəli Kollegiya qərarından və onun 11-ci əlavəsinin çıxarışından görünür ki, narkotik vasitələr məhkumlara qadağan olunmuş əşyaların siyahısına aiddir. (i.v. 79) -Maddi sübut kimi tanımaq haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, bir ədəd bükümdə təmiz çəkisi 0,005 qram olan narkotik vasitə-heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir. (i.v. 80) -Sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddə ilə ittiham elan edilmiş, onun 1 saylı cəzaçəkmə müəssisəsində azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınaraq, barəsində qətimkan tədbiri seçilməmişdir. (i.v. 81-82) Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxxxx 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün səmimi etiraf ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizasının rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 317-2.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx xxxxxx 2020-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin xx xxx 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.2, 182.2.2, 182.2.3, 331.2 və 332.2.1-ci maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 62 və 66.3-cü maddələrinə əsasən qəti olaraq 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxx 2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx xxx 2016-cı il tarixli qərarının 1.2-ci bəndinə əsasən cəzadan azad edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkməsinin əvvəli xx xxxxxxx 2019-cu il tarixdən hesablanmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, ərazi narkoloji dispanserində qeydiyyata alınması qərara alınmış, narkomaniyadan məcburi müalicə təyin edilmişdir. (i.v. 13-19, 73) - 1 saylı cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, cəzasının əvvəli xx xxxxxxx 2019-cu il, cəzasının sonu xx xxxxx 2021-ci il olan Təqsirləndirilən şəxs cəza şəkdiyi müddətdə islah yoluna qədəm qoymamışdır. (i.v. 39-40) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 12-ci bəndində göstərilmişdir ki, cinayətlərin residivi, təhlükəli residivi və xüsusi təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən, cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qanunvericiliyin istinad olunan tələbləri baxımından məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-cı il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanı çəkərkən hazırkı cinayət əməlini törətmişdir, ona görə məhkuma hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Məhkəmə əlavə olaraq qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 59.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən, həmin Məcəllənin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs kimi yenidən qəsdən cinayət törətsə də, Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunduğundan, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlərin nəzərə alınmaması ilə bağlı Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinin tələbinə uyğun olaraq həmin hal cinayətlərin residivini yaratmır və cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilə bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilməli olan azadlıqdan məhrum etmə cəzasına Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə təyin olunmuş 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 07 gün hissəsini tamamilə birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsindəki qətimkan tədbirinin həlli, cəzaçəkmə müəssisəsinin rejimi və cəzaçəkmə müddətinin əvvəlinin hesablanması məsələləri ilə bağlı qeyd edir ki, məhkəmə təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməli olması qənaətinə gəlmişdir, ona görə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinin tələbinə uyğun olaraq hökmlərin məcmusu qaydasında cəza təyin edilərək cəzaçəkmə müddətinin əvvəli hazırkı hökmün çıxarıldığı xx xxxxx 2021-ci il tarixdən hesablanmalıdır. İbtidai istintaq zamanı və məhkəmənin hazırlıq iclası zamanı təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkməkdə olması nəzərə alınmaqla barəsində qətimkan tədbiri seçilməmişdir. Lakin təqsirləndirilən şəxsin əvvəlki hökm üzrə azadlıqdan məhrum etmə cəzasının müddəti xx xxxxx 2021-ci il tarixdə başa çatır. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, müstəsna hal kimi hökmün icrasının təmini məqsədi ilə təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməli, bu qətimkan tədbiri isə hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs kimi (cinayətlərin residivi qaydasında) ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkərkən hazırkı cinayət əməlini törətdiyinə görə hökmlərin məcmusu üzrə təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməyə davam etməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış narkotik vasitə məhv edilməli; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınmasının qərara alındığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkil Müdafiəçi cinayət işinin materialları ilə tanış olmaqla birlikdə məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 20 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş həmin müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İbtidai istintaq zamanı isə, təqsirləndirilən şəxsin hüquqları dövlət hesabına təyin edilmiş vəkil X8 tərəfindən müdafiə edilsə də, vəkilin ibtidai istintaqın gedişində təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddətin həcmi və əmək haqqının məbləği barədə müstəntiq tərəfindən arayış tərtib olunmamış, eləcə də vəkil tərəfindən buna dair hesabat arayışı təqdim olunmamışdır. Ona görə məhkəmə hesab edir ki, həmin hissədə hüquqi yardıma görə əmək haqqının ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 07 (yeddi) gün hissəsini tamamilə birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) ay 07 (yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinin tələbinə uyğun olaraq hökmlərin məcmusu qaydasında cəza təyin edilərək cəzaçəkməsinin əvvəlinin hazırkı hökmün çıxarıldığı xx xxxxx 2021-ci il tarixdən hesablanması və əvvəlki hökm üzrə azadlıqdan məhrum etmə cəzasının xx xxxxx 2021-ci il tarixdə başa çatması nəzərə alınmaqla, hökmün icrasının təmini məqsədi ilə, onun barəsində həbs qətimkan tədbiri seçilsin və bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs müvafiq rejim üzrə cəzaçəkmə müəssisəsinə köçürülməsinədək saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanası müəyyən edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınmasının qərara alındığı nəzərə alınsın. Maddi sübut qismində tanınaraq Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan, ekspertiza tədqiqatından sonra qalmış 0,005 qram narkotik vasitə heroin məhv edilsin. Məhkəmə məsrəfi hesab olunan 81,82 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, 20 saat göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş Müdafiəçi “xxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ013501**********1944, S.Wİ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 120 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-153/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-153/2021
08.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver