Məhkəmə qərarları › İş №1(007)-153/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-153/2022

24.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-153/2022 24.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1992-ci il tarixdə Şəmkir rayonunun Qapanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, fərdi qaydada işləmiş, məhkumluğu olmayan, Şəmkir rayonunun Qapanlı kəndində qeydiyyatda olan, hazırkı iş üzrə 09 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 11 noyabr 2021-ci il tarixdə tutmadan azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, həmin qətimkan tədbirinin şərtlərini pozaraq məhkəmədən gizləndiyindən 15 aprel 2022-ci il tarixdə haqqında axtarış elan edilmiş və qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunmuş, 25 aprel 2022-ci il tarixdə tutulmuş, həmin vaxtdan həbsdə olmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 06 oktyabr 2021-ci il tarixdə gecə saat 02 radələrində ünvan 1 ünvanında saxlanılmış Zərərçəkmiş şəxs1 məxsus “Toyota Prius” markalı **-BY-*** dövlət qeydiyyat nişanlı atomobilin sağ yan şüşəsini yerdən götürdüyü daşla sındırmaqla avtomobilin əl sandıqçasındakı içərisində 600 manat nağd pul olan 20 manat dəyərində pul kisəsini gizli olaraq talayıb, ümumilikdə Zərərçəkmiş şəxs1 620 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 06 oktyabr 2021-ci il tarixdə gecə saat 02 radələrində ünvan 2 ünvanında saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus “Mercedes” markalı **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan şüşəsini yerdən götürdüyü daşla sındırmaqla avtomobilin salonuna quraşdırılmış ümumilikdə 1500 manat dəyərində “Kenvud” markalı 5 ədəd səsgücləndiriciləri və əl sandıqçasında olan 115 manat pulu gizli olaraq talayıb, ümumilikdə Zərərçəkmiş şəxs2 1615 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, cəzaçəkmə müəssisəsindən azad olunandan sonra Bakı şəhərində müxtəlif işlərdə işləmişdir. 06 oktyabr 2021-ci il tarixdə gecə saat 02 radələrində Nizami rayonu ərazisində yerləşən “8-km bazarı”nın yaxınlığında yerləşən kafelərdən birində yeyib-içdikdən sonra pulunun olmamasını görüb oğurluq etmək qərarına gəlmişdir. Buna görə də yolu keçərək binaların arasını gəzmiş, binaların qarşısında dayanmış avtomobillərdən hər hansısa birinin şüşəsini sındırmaq üçün əlverişli şərait olan yer axtarmışdır. Bəhruz Nuriyev küçəsində üzərində 17 yazısı olan binanın yaxınlığında dayanmış avtomobillərə yaxınlaşmış, orada “Toyota” və “Mercedes” markalı avtomobillər dayandığını görmüşdür. Əvvəl “Toyota” markalı avtomobilə yaxınlaşmış, yerdən götürdüyü daş parçası ilə həmin avtomobilin qabaq sağ yan şüşəsini sındırmış, sonra avtomobilə minərək orada axtarış etməyə başlamışdır. Avtomobilin əl sandıqçasında qadın pul kisəsini görmüş, pul kisəsini götürərək əynindəki şalvarın cibinə qoymuşdur. Bundan sonra avtomobildən enərək yaxınlıqdakı “Mercedes” markalı avtomobilin də sağ yan şüşəsini eyni üsulla sındırıb avtomobilə minmiş, avtomobilin salonunda axtarış etmiş və qolaltı sandıqçasından 115 manat pul tapmışdır. Həmin pulları götürüb cibinə qoymuş, bundan sonra avtomobilin arxa hissəsinə keçmiş və həmin hissədə olan maqnitafon “kalonka”larını, “basavik” kimi bildiyi “kalonka”nı və “uslinitel”i baqaj hissəsindən söküb özü ilə götürmüşdür. O, həmin yerdən bir qədər aralandıqdan sonra “Toyota” markalı avtomobildən oğurladığı pul kisəsinə baxmış, pul kisəsində olan sənədləri və pul kisəsini ağaclıq ərazidə tullamış, pul kisəsindəki 600 manat pulu isə götürmüşdür. “Mercedes” markalı avtomobildən götürdüyü əşyaları 07 oktyabr 2021-ci il tarixdə səhər saatlarında Nizami rayonu ərazisindəki “8-ci km bazarı”nda 250 manata tanımadığı şəxsə satmış, əldə etdiyi bütün pulları öz tələbatlarına xərcləmişdir. Bu oğurluqları təkbaşına etmişdir. 07 oktyabr 2021-ci il tarixdə gecə saatlarında “Həzi Aslanov” metrosunun yaxınlığında “Hyundai” markalı avtomobilin süsəsini sındıraraq 15 manat pul oğurladığına görə 36-cı polis bölməsinin əməkdaşları tərəfindən saxlanılmış və məhkəmənin qərarı ilə 1 ay müddətində inzibati qaydada həbs olunmuşdur. Təqsirləndirilən şəxs daha sonra zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanı ödədiyini, törətdiyi əməldən peşman olduğunu bildirərək, ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, “Toyota Prius” markalı **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobili 300-400 manat ödəməklə kredit yolu ilə almışdır. 05 oktyabr 2021-ci il tarixdə axşam saat 23 radələrində avtomobili ünvan 1 ünvanında yerləşən binanın qarşısında saxlayıb yaşadığı mənzilə getmişdir. 06 oktyabr 2021-ci il tarixdə saat 08 radələrində binanın həyətinə enib avtomobilə minmək istəyən zaman avtomobilin ön sağ yan şüşəsinin sındırıldığını aşkar etmişdir. DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş, bundan sonra avtomobilindən nəsə oğurlanıb-oğrulanmadığını müəyyən etmək üçün baxış keçirmişdir. Həmin vaxt avtomobilin əl sandıqçasında qoyduğu içərisində 600 manat nağd pul, özünə məxsus şəxsiyyət vəsiqəsi, sürücülük vəqisəsi və avtomobilin texniki pasportu olan pul kisəsinin oğurlandığını aşkar etmişdir. Polis əməkdaşları gələrək sənədləşmə işləri aparmışlar. Bundan sonra binanın həyətyanı sahəsində axtarış aparan zaman binanın yaxınlıqında olan ağaclıq sahədən özünə məxsus şəxsiyyət vəsiqəsini, sürücülük vəsiqəsini və avtomobilin texniki pasportunu tapmışdır. Ona məxsus 20 manat pul kisəsi də oğurlanmaqla birlikdə ona 620 manat ziyan dəymişdir. Polislər tərəfindən aparılan araşdırma ilə oğurluğun Təqsirləndirilən şəxs tərəfindən edildiyi müəyyən olunmuşdur. Ona vurulmuş maddi ziyan hazırda ödənilmişdir, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 05 oktyabr 2021-ci il tarixdə saat təxminən 23:30 radələrində etibarnamə ilə idarə etdiyi özünə məxsus “Mercedes E220” markalı **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobilini yaşadığı ünvan 2 ünvanının yaxınlığında saxlamış və qapılarını bağlayıb evə getmişdir. Səhəri gün, 06 oktyabr 2021-ci il tarixdə saat təxminən 12:00 radələrində işə getmək üçün avtomobilinə yaxınlaşdıqda qabaq sağ şüşəsinin naməlum şəxs tərəfindən sındırıldığını aşkar etmişdir. Bundan sonra avtomobilinə baxış keçirən zaman 1 ədəd “Kenwood” markalı səs gücləndiricinin, 5 ədəd “Pioneer markalı “kalonka”nın və 115 manat pulunun yerində olmadığını aşkar etmiş, həmin şeylərin naməlum şəxs tərəfindən oğurlandığını başa düşmüşdür. Səs gücləndiricinin və 5 ədəd “kalonka”nın ümumi dəyəri 1500 manat təşkil etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1615 manat maddi ziyan dəymişdir. Polisə müraciəti əsasında aparılan araşdırma zamanı oğurluğun Təqsirləndirilən şəxs tərəfindən edildiyi müəyyən olunmuşdur. Ona vurulmuş maddi ziyan hazırda ödənilmişdir, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 05 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 avtomobilindən oğurluq edilməsi barədə ərizəsi əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 06 oktyabr 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən Zərərçəkmiş şəxs1 və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 8-9) - 09 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 avtomobilindən oğurluq edilməsi barədə ərizəsi əsasında toplanmış material ********* nömrəli cinayət işinə əlavə edilmişdir. (i.v. 33) - 06 oktyabr 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən Zərərçəkmiş şəxs2 və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 38-39) - 21 dekabr 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzə əməl Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.3-cü maddəsinə tövsif edilmişdir. (i.v. 47-48) - 10 noyabr 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə hər iki epizod üzrə hadisə yerini əyani olaraq göstərib oğurluğu hansı qaydada etdiyini ifadəsində göstərilən qaydada təsvir etmişdir. (i.v. 68-69) -Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin 20 oktyabr 2021-ci il tarixli 011-9830-1221 nömrəli məktubundan görünür ki, 06 oktyabr 2021-ci il tarixdə ünvan 3 ünvanında vət. Zərərçəkmiş şəxs1 məxsus “Toyota” markalı **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobildə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilərkən əl izlərindən 01 ədədi xx xxxx 1992-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin ovuc əksi ilə eynilik müəyyən edilmişdir. (i.v. 102) -Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin 28 yanvar 2022-ci il tarixli 22/84R nömrəli rəyindən görünür ki, xx.xx.2021-ci il tarixdə ünvan 3 ünvanında vət. Zərərçəkmiş şəxs1 məxsus “Toyota” markalı **-BY-*** dövlət qeydiyyat nişanlı avtomaşında baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 07 ədəd yapışqanlı lent kəsiklərinin üzərində olan 02 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Tədqiqata təqdim edilmiş vətəndaş Təqsirləndirilən şəxs əl-barmaq və ovuc əksləri (daktiloskopik xəritə) müqayisəli tədqiqat üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 01 ədədi xx.xx.1992-ci ildə Şəmkir rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin ovuc əksi ilə eynilik müəyyən etmişdir. Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd ovuc izi DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin, o cümlədən vət. Təqsirləndirilən şəxs ovuc əksləri ilə eynilik müəyyən edilməmişdir. (i.v. 107- 112) - 31 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 186.1, 326.2 və 177.2.3-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmiş, hadisə yerindən götürülmüş əl-barmaq izləri maddi sübut kimi tanınmışdır. (i.v. 116-119) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etiraf ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - təkrar törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 09 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində həmin tarixdə tutulmuşdur. (i.v. 57) - 11 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, tutmadan azad olunmuşdur. (89-90) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 20 yanvar 2022-ci il tarixli tələbnamədən, hökmün və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 iyun 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1 və 221.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 29 dekabr 2016-cı il tarixdə Salyan Rayon Məhkəməsinin 28 dekabr 2016-cı il tarixli qərarı ilə 02 ay 27 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. (i.v. 94-95, 96-98) -Bakı şəhəri Xətai rayon prokurorluğunun 13 aprel 2022-ci il tarixli ********* nömrəli məktubundan və ona əlavə edilən 01 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmədiyindən cinayət işi üzrə icraata xitam verilmiş, onun əməlində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin tərkibi olmadığından bu xüsusat üzrə barəsində cinayət təqibinin başlanması rədd edilmiş, əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunması üçün barəsində inzibati icraat başlanılmışdır. - 15 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin şərtlərini pozduğu, üzürlü səbəblər olmadan məhkəməyə gəlməyərək gizləndiyi üçün, habelə, məcburi gətirilməsinə dair qərarın icrası mümkün olmadığından Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən onun barəsində axtarış elan edilmiş, barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir; -Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin 25 aprel 2022-ci il tarixli məktubundan və tutma protokolundan görünür ki, barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs 25 aprel 2022-ci il tarixdə tutulmuşdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinin tələbləri baxımından qeyd edir ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 09 noyabr 2021-ci il tarixdən 11 noyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı isə barəsində elan olunmuş axtarışla əlaqədar tutulduğu 25 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələbinə uyğun olaraq, hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış hadisə yerindən götürülən əl-barmaq izləri cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; məhkəmə məsrəfinin tutulmasına səbəb olacaq ekspertiza isə iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, dövlət hesabına təyin edilmiş vəkilin məhkəməyədək icraat və məhkəmə icraatı dövründə təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət ümumilikdə 86 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 09 noyabr 2021-ci il tarixdən 11 noyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 25 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış hadisə yerindən götürülən əl-barmaq izləri cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı ümumilikdə 86 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş Müdafiəçi 516 manat əmək haqqı müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar