Məhkəmə qərarları › İş №1(007)-153/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-153/2024

01.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-153/2024 01.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərzadə Fərid Bəşir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs nümayəndəsi X1, təqsirləndirilən şəxs – mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs xx.xx.1996-cı il tarixdə Göyçay rayonu, Şəhadət kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Göyçay rayonu, Şəhadət kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 14 oktyabr 2023-cü il tarixdə saat 16:43 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “OPEL ASTRA” markalı, ** HE *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ilə “Neftçilər” metrostansiyası istiqamətindən “Xalqlar Dostluğu” metrostansiyası istiqamətində 2-ci hərəkət zolağı ilə 50 km/saat sürətlə hərəkətdə olan vaxtı “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bu tələblərə riayət etməyərək, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 115 ünvanında ehtiyatsızlıqdan yolun sağ tərəfindən sol tərəfinə keçmək istəyən piyada Zərərçəkmiş şəxs avtomobilin ön sol hissəsi ilə vurub sonuncunun baş-beynin orta dərəcəli əzilməsi, sağ alın-gicgah təpə nahiyəsinin subdural hematoması, pnevmosefaliya ilə müşayiət olunan sağ gicgah təpə sümüklərinin xətti sınığı, başın ənsə nahiyəsinin əzilmiş yarasından ibarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri almasına səbəb olmuşdur. Zərərçəkmiş şəxs- mülki iddiaçı Zərərçəkmiş şəxs məhkəmədə iddia ərizəsi təqdim edərək, cavabdeh Təqsirləndirilən şəxs məruz qalınan maddi və mənəvi zərərə görə 4688 manatın, eşitmə aparatının alınması ilə bağlı tələb olunan 990 manatın, müəyyən bir vaxta qədər əmək qabiliyyətini itirdiyinə görə zərərçəkmişin əldə edə biləcəyi 2000 manatın və növbəti 3 ayda tutulacaq baxıcıya görə 2300 manatın, ümumilikdə 10000 manatın tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 14 oktyabr 2023-cü il tarixdə günorta saatlarında idarə etdiyi “OPEL ASTRA” markalı avtomobil ilə “Laçın” Ticarət Mərkəzindən sifarişi qəbul edib 2 nəfər orta yaş həddində olan şəxsləri Bakıxanov qəsəbəsinə aparmış və oradan onları təkrar götürüb eyni ünvana qaytarmaq üçün hərəkətə başlamışdır. “Neftçilər” metrostansiyası istiqamətindən “Xalqlar Dostluğu” metrostansiyası istiqamətində 50 km/saat sürətlə yolun ikinci hərəkət zolağı ilə hərəkətdə olan vaxtı bir nəfər piyada kişinin yolun sağ tərəfindən sol tərəfinə keçmək üçün hərəkətə başlaması və birinci hərəkət zolağı ilə ikinci hərəkət zolağını ayıran düz xəttin üzərində dayanmasını görmüş, o, həmin piyadanı vurmamaq üçün avtomobili sağa, yəni yolun kənarına istiqamətləndirmiş, həmin vaxtı piyada yenidən geriyə hərəkət edərək, qaçmaq istədikdə idarə etdiyi avtomobili ilə onu vurmuş, zərbədən piyada yerə yıxılmış, idarə etdiyi avtomobil yolun sağ kənarında olan səkiyə dəyib dayanmışdır. O, avtomobildən düşüb piyadaya yaxınlaşmış və onu xəstəxanaya aparmışdır. Hazırda zərərçəkmiş şəxslə barışmış, dəymiş ziyanı tam ödəmişdir. Məhkəmədən cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs- mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 14 oktyabr 2023-cü il tarixdə saat 16:40 radələrində işlədiyi emalatxanada olan zaman mebel əşyası lazım olması ilə əlaqədar yolun əks tərəfinə keçmək üçün yolun kənarında hərəkətə başlamış və avtomobilin gəlməsini görüb birinci hərəkət zolağı ilə ikinci hərəkət zolağının arasındakı xətdə dayanmışdır. Avtomobilin onu vuracağından qorxub geri qaçmağa başlamış, lakin avtomobil onu vurmuş, zərbədən o, yerə yıxılmışdır. Həmin avtomobilin sürücüsü ona yaxınlaşmış, onun mobil telefonu vasitəsi ilə bacısı Aygünə zəng etmiş, bir qədər keçmiş bacısı hadisə yerinə gəlmiş və sürücü onları xəstəxanaya aparmışdır. Məhkəmə baxışında zərərçəkmiş şəxs-mülki iddiaçının nümayəndəsi X2 qardaşı Zərərçəkmiş şəxs dəymiş ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, təqsirləndirilən şəxslə barışdıqlarını və mülki iddia ərizəsini geri götürdüyünü bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsi tərəfindən verilmiş 2/39132 nömrəli, xx.xx.2023-cü il tarixli “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair” protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 00:05-də müayinə olunan Təqsirləndirilən şəxs ayıq olduğu müəyyən edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli, 8/3392 saylı rəyinin nəticə hissəsindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən “Opel Astra” markalı, **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4- Təcrübi və X6 Hüquqi şəxsin canlı şəxsin ekspertizasına dair xx.xx.2023-cü il tarixli, 1076 saylı rəyin nəticə hissəsindən görünür ki, vət. Zərərçəkmiş şəxs baş beynin orta dərəcəli əzilməsi, sağ alın-gicgah təpə nahiyəsinin subdural hematoması, pnevmosefaliya ilə müşayiət olunan sağ gicgah təpə sümüklərinin xətti sınığı, başın ənsə nahiyəsinin əzilmiş yarası olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. - maddi sübutun tanınması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, “OPEL ASTRA” markalı, **-HE-*** dövlət qeydiyyat nişanlı minik avtomobili maddi sübut kimi tanınmış və sürücü Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmışdır. Həmçinin cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 115 ünvanında baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası Növbətçi Hissələri İdarəetmə Xidmətindən daxil olmuş TŞ 4-027 videomüşahidə qurğusunun 3-cü kamerasında qeydə alınmış görüntünün köçürüldüyü bir ədəd “DVD” disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Nizami RPİ-i tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-13-52/2-48649/2023 nömrəli məktubdan görünür ki, xx.xx.1996-cı il təvəllüdlü, Göyçay rayonu Şəhadət ərazi dairəsi, Şəhadət kəndi sakini Təqsirləndirilən şəxs adına BD 201531 saylı “B1BC1C” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat Mərkəzi İnformasiya sistemində qeydə alınmamışdır. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur. - qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, proses iştirakçılarını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs - mülki iddiaçı ilə barışmış, ona vurulmuş zərəri tamamilə ödəmişdir və bu barədə zərərçəkmiş şəxs – mülki iddiaçının nümayəndəsi X2 ərizə vermişdir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə görə bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş şəxsin zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilməsi ilə yanaşı, onun əməlinin inzibati məsuliyyətə səbəb olub-olmaması məsələsi araşdırılmalıdır. İşə baxılan zaman Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hər hansı bir inzibati xəta tərkibinin əlaməti müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.21-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri xitam olunmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalı; maddi sübut kimi tanınmış “OPEL ASTRA” markalı, **-HE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin sürücü Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalı, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikasının CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: - ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs nümayəndəsi X2 mülki iddia ərizəsinin geri qaytarılması barədə ərizə verdiyindən verilmiş mülki iddia baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2,193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 46 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 276 (iki yüz yetmiş altı) manat (46x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.3, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd”inin 2-ci hissəsinə əsasən həmin Məcəllənin 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunsun və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunsun. Cinayət işi üzrə maddi sübut olan “Opel Astra” minik markalı, **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobil sürücü Təqsirləndirilən şəxs qaytarılmış hesab edilsin. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs 46 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 276 (iki yüz yetmiş altı) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Zərərçəkmiş şəxs- mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılsın. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar