Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-154/2022 25.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Mustafayev Əşrəf Əli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1982-ci ildə Naxçıvan MR-nın Şərur rayonunun Muğanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04.12.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən hər ay qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmaqla 5 ay 24 gün müddətinə islah işləri cəzasına məhkum edilmiş, 28.09.2020-ci il tarixdə cəzasını çəkib qurtarmış və qeydiyyatdan çıxarılmış, Naxçıvan MR-nın Şərur rayonunun Muğanlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs 22.06.2021-ci il tarixdə saat 16:50 radələrində keçmiş arvadı Zərərçəkmiş şəxs işlədiyi Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 89 ünvanında yerləşən “Lotos” ticarət mərkəzinin 5-ci mərtəbəsində yerləşən “Lotos Studio” gözəllik salonuna gələrək ictimai yer olan salonun içərisində sonuncunun uşaqlarını ona göstərməməsini bəhanə edərək heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini başqa şəxsin şəxsiyyətinin fövqündə üstün qoymaqla, ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək ətrafdakıların narahatçılığına səbəb olmaqla yüksək səslə nalayiq ifadələr işlətməklə Zərərçəkmiş şəxs qarşı zor tətbiq edərək yumruqla baş və bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq sonuncuya baş beyin silkələnməsi, sol bazunun hematoması, sağ çiyin qurşağının, döş qəfəsinin qançırları, boyun cızıqları ilə nəticələnən ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilərək göstərmişdir ki, o, hər ay 650 manat aliment ödəyir və uşaqlarının başqa xərclərini də qarşılayır. Lakin zərərçəkmiş şəxs uşaqları ilə görüşməyinə şərait yaratmır. O, hadisə baş verən gün uşağının istədiklərini alıb uşağını görmək üçün Zirə kəndinə getmiş, uşağına zəng etmiş, telefonu açmamış, zərərçəkmiş şəxsə zəng etmiş o da telefona cavab verməmişdir. Zərərçəkmiş şəxsin atası uşağı göstərəcəyini bildirmiş, lakin uşağı göstərməmişdir. O, dəniz kənarına gedib aldıqlarını oraya atmışdır. O, uşağı ilə görüşə bilmədiyindən əsəbi halda zərərçəkmiş şəxsin işlədiyi salona gedib onu vurmuşdur. Səhv etmişdir, bir daha belə bir hərəkətə yol verməyəcəkdir. Əməlindən peşmandır. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun keçmiş həyat yoldaşıdır. Dəfələrlə belə hadisə baş vermiş, o, dəfələrlə şikayət etmişdir. Təqsirləndirilən şəxs içir, onların evinin yanında ev tutub hər gün onu, uşaqlarını güdmüş, istədiyi vaxt məktəbə gedib dərs vaxtı uşağı götürmüşdür. O, narahat olmuşdur. Sonra bir gün təqsirləndirilən şəxs uşağı götürüb evə gətirməmişdir. Onu nalayiq ifadələrlə təhqir edərək əgər gəlsə öldürəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs uşağa elə sözlər demişdir ki, uşaq atasını “qara siyahı”ya atmışdır. 14 yaşındakı uşağa “anan əxlaqsızdır, ananı öldürəcəm” demişdir. Uşağı qaçaqaça onun iş yerinə gəlib demişdir ki, “ana gəlmə, ata məhəllədədir, deyir səni öldürəcək”. Qayınatasına zəng edib xahiş etmişdir ki, “onu məhəllədən aparın, müalicə edin”. Təqsirləndirilən şəxs onu nalayiq söyüşlərlə söyüb təhqir edərək alimenti ödəməyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs alimenti ödəmədiyi üçün o, pandemiya dövründə çox sıxıntı yaşamışdır. Təqsirləndirilən şəxs istədiyi vaxt onların evinə gəlmiş, uşaqları görmüşdür. Təqsirləndirilən şəxs uşaqların tərbiyəsi, təhsili ilə məşğul olan ata deyildir. Əgər təqsirləndirilən şəxs yaxşı olsaydı 2 uşağını ona verərdi ki, onlara baxsın, təhsil versin. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü müdafiə üçün yalan ifadə vermişdir. Hadisə günü o, iş yerində olmuşdur. Ramilin gəldiyini, özündə olmadığını görmüşdür. O, salonun qapısını bağlayıb tutmuşdur ki, Ramil içəri girməsin. Həmin vaxt salonda olan lazer ustasının anası ona narahat olmamağını, o, orada olduğu üçün Ramilin onu vurmayacağını demişdir. Ramil oğlu Nurlanın harada olduğunu soruşaraq onun üstünə cummuşdur. Ramil başından, yumruqla 2 dəfə qabırğasından vurmuşdur. Qız qaçıb mühafizəçini çağırmışdır. Orada işləyən Əfqan adlı şəxs gələnə kimi Ramil yumruqla onun başından vurmuşdur. 10 ildir ki, Təqsirləndirilən şəxs zorakılığına dözür. Ramil pandemiya dövründə 9000 manata yaxın alimenti ödəməmişdir və o, bununla bağlı aidiyyəti orqanlara müraciət etmişdir. Ramil dəfələrlə zəng edib onu söymüşdür. Ramilin ondan uzaq durmasını istəyir. Bununla bağlı dəfələrlə Ramilin valideynlərinə də demişdir. Ramil onu döymüş, öldürəcəyi ilə hədələmişdir. Şikayətçidir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, “Lotos” ticarət mərkəzində fəhlə işləyir. Hadisə baş verən gün kafedə oturub çay içən zaman bir nəfər xanım gəlib kömək istəmişdir. O, salona daxil olmuş, Ramilin Aygünü döydüyünü görüb dərhal Ramilin qolundan tutub kənara çəkmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 18.08.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 128.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 X4 23.06.2021-ci il tarixli, 527 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs baş beyin silkələnməsi, sol bazunun hematoması, sağ çiyin qurşağının, döş qəfəsinin qançırları, boynun cızıqları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 22.06.2021-ci il tarixdə alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. - zərərçəkmiş şəxs qismində tanınma haqqında 21.08.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs kimi tanınmışdır. - cinayət işinin tövsif edilməsi haqqında 30.08.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmə və ittiham elan edilməsi haqqında 01.09.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - qətimkan tədbirinin seçilməsi barədə 01.09.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 21.03.2022-ci il tarixli tələbnamədən və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-365/2017 saylı, 04.12.2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla 5 ay 24 gün müddətinə islah işləri cəzası təyin edilmiş, 28.09.2020-ci ildə cəzasını çəkib qurtarmış və qeydiyyatdan çıxarılmışdır. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, özünü təqsirli bilir. Əsəblərinə sahib ola bilməmiş və Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Əməlindən peşmandır, səhv hərəkət etdiyini başa düşür. Barəsində “8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs “8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarına əsasən cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Milli Məclisinin “8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” 5 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən məhkəmələr - icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 23.5-ci bəndinə əsasən məhkəmələr tərəfindən müvafiq hallarda Amnistiya Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinin tələblərinə uyğun olaraq bu Qərarın 2.5-ci, 2.12-ci, 2.13-cü və 3.2-ci bəndlərində, 4-cü, 5-ci, 6-cı və 9-cu hissələrində nəzərdə tutulan şəxslər barəsində tətbiq edilir. Həmin Qərarın 28-ci bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarının 10-cu və 11-ci bəndləri ilə müəyyən edilmiş məhdudiyyətlərin dairəsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində amnistiyanın tətbiqinə məhdudiyyət yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlin böyük ictimai təhlükə törətməyən cinayət hesab olunduğunu, barəsində amnistiyanın tətbiqinə məhdudiyyət olmadığını, cinayət işi üzrə icraata amnistiya aktına əsasən xitam verilməsinə razılığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsində nəzərdə tutulmuş məsələni həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri xitam olunmalıdır. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 15 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 90 (doxsan) manat (15x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.3, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: “8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri xitam olunsun. Təqsirləndirilən şəxs məhkəmədə 15 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 90 (doxsan) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-154/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-154/2022
25.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver