Məhkəmə qərarları › İş №1(007)-154/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-154/2023

31.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-154/2023 31.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsədullayev İrfan İlyas oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxxxx 1986-cı ildə Rusiya Federasiyası, Kemerovo vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam-orta təhsilli, heç yerdə işləməyən, sonuncu dəfə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 180.2.3 və 180.2.4-cü maddələri ilə təqsirli bilinib, 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 10 sentyabr 2022-ci ildə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, daimi yaşayış yeri olmayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 10 sentyabr 2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 93 ünvanında yerləşən “8-ci km bazarı”nda olduğu zaman həmin vaxt bazarlıq edərək avtobus dayanacağı istiqamətində piyada hərəkət edən Zərərçəkmiş şəxs1 çiynindən asdığı çantasının açıq vəziyyətdə olmasından istifadə edib çantaya əlini salaraq içərisində 220 manat nağd pulu və şəxsiyyət vəsiqəsi olan 10 manat dəyərində pul kisəsini çıxarmaqla gizli olaraq talayıb, ümumilikdə Zərərçəkmiş şəxs1 230 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20 sentyabr 2022-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 93 ünvanında yerləşən “8-ci km bazarı”nda olduğu zaman bəzək əşyalarına baxan Zərərçəkmiş şəxs2 fikrinin yayınmasından istifadə edib sonuncunun bijuteriya piştaxtasının üzərinə qoyduğu içərisində 620 manat nağd pul və 2 manat dəyərində «BakıKart» nəqliyyat vasitəsi kartı, maaş kartı olan 20 manat dəyərində pul kisəsini gizli olaraq talayıb, ümumilikdə Zərərçəkmiş şəxs2 642 manat manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, 29 sentyabr 2022-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində metronun "İnşaatçılar” stansiyasının yaxınlığında istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 1,227 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 20 manata əldə edib üzərində daşıyaraq saxlamış, 29 sentyabr 2022-ci ildə saat 19:30 radələrində Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 61 ünvanın qarşısında rayon ərazisində oğurluq cinayəti törətməsində şübhəli şəxs qismində saxlanılaraq, Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti 81B ünvanında yerləşən Nizami Rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinə gətirilərək üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sağ kiçik cibindən 01 ədəd bükümdə təmiz çəkisi 1,227 qram kustar üsulla hazırlanmış ağ rəngli kristallik maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, xx xxxxxxx 1986-cı ildə Rusiya Federasiyası Kemerovo vilayətinin Leninsk-Kuznetsk şəhərinin Demyanovka kəndində azərbaycanlı ailəsində anadan olmuş, atası X1, anası X2 olmuş, ailədə ondan başqa iki böyük qardaşı da olmuşdur. 1998-ci ildə ailəlikcə RF-dan Mingəçevir şəhərinə köçmüş və həmin şəhərdə yaşamış, hazırda da həmin şəhərdə qeydiyyatdadır. Ailə üzvlərinin hamısı dünyasını dəyişib və onun heç bir yaxın qohumu yoxdur. Əvvəllər dəfələrlə CM-nin müxtəlif maddələri ilə məhkum olunmuş, hal-hazırda daimi yaşayış yeri olmadığına görə küçələrdə və hostellərdə gecələyir. Sonuncu dəfə cəzasını 1 saylı CÇM-də çəkdikdən sonra 10 sentyabr 2022-ci il tarixdə azadlığa buraxılmışdır. Təxminən 10 il müddətdir ki, narkotik vasitə istifadəçisidir. X3 çıxdığı gün narkotik vasitə almaq üçün pula ehtiyacı olduğundan yenidən oğurluq etmək qərarına gəlmişdir. Qeyd olunan tarixdə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “8-ci km. bazarı”na gəlmiş və bazarda olarkən bir nəfər tanımadığı qadının qarşıda getdiyini və çiynindən asdığı çantanın isə açıq olduğunu görmüşdür. Qadının əlində yüklərinin olmasından və çantanın açıq olmasından istifadə edib əlini çantaya salıb içərisində olan qırmızı rəngli pul kisəsini götürmüşdür. Kisəni götürdükdən sonra istiqamətini dəyişdirib yoluna davam etmişdir. Biraz getdikdən sonra heç kimin olmadığı yerdə dayanıb oğurladığı pul kisəsinin içinə baxmış, pul kisəsinin içərisində 220 manat nağd pul və şəxsiyyət vəsiqəsi olduğunu görmüş, kisədə olan 220 manat pulu götürüb pul kisəsini şəxsiyyət vəsiqəsi ilə birlikdə xatırlmadığı yerdə zibil qutusuna ataraq çıxıb getmişdir. Bundan bir neçə gün sonra 20 sentyabr 2022-ci il tarixdə yenidən “8-ci km. bazarı”na getmiş, bazarda gəzərkən bəzək əşyaları satılan piştaxtanın qarşısında iki nəfər tanımadığı qadının dayandığını, bəzək əşyası almaq istədiklərini və özlərinə məxsus çəhrayı rəngli pul kisəsini bəzək əşyalarının satıldığı piştaxtanın üzərinə qoyduqlarını görmüşdür. Həmin şəxslərin fikrinin yayınıq olmasından istifadə edib piştaxtanın üzərində olan çəhrayı rəngli pul kisəsini götürüb üzərində olan pencəyin iç cibinə qoyub oradan uzaqlaşmışdır. Bazarın yaxınlığında olan yaşayış binalarının arasına girib orada oğurladığı pul kisəsini açıb içinə baxdıqda 554 manat nağd pul və 1 ədəd metro kartı olduğunu görmüşdür. Pul kisəsinin içərisində olan 554 manat pulu və metro kartını götürüb kisəni orada zibil qutusuna ataraq çıxıb getmişdir. 29 sentyabr 2022-ci il tarixdə saat təxminən 19 radələrində Nizami rayonu, C.Naxçıvanski küçəsi 61 ünvanının qarşısında olan zaman 2 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq 24-cü polis şöbəsinin əməkdaşları olduqlarını bildirmiş və onun oğurluq cinayəti törətməkdə şübhəli olduğunu izah edərək 24-cü polis şöbəsinə dəvət etmişlər. O, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə gəlmişdir. Polis şöbəsində xidməti otaqda olan zaman ona hüquq və vəzifələri izah edilmiş, bundan sonra dövlət hesabına müdafiəçi təyin olunmuşdur. Xidməti otaqda olan zaman öz razılığı əsasında müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirildikdə üzərində olan və 20 sentyabr 2022-ci il tarixdə oğurladığı pul kisəsinin içərisindən götürdüyü bir ədəd “Bakıkart” nəqliyyat vasitəsi kartını təqdim edərək həmin kartı haradan əldə etdiyini bildirmiş, bundan başqa üzərindən 29 sentyabr 2022-ci il tarixdə səhər saatlarında Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 20 manata aldığı və şəxsi istifadəsi üçün daşıdığı "Şüşə” kimi tanıdığı narkotik vasitəni təqdim etmişdir. Həmin narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış və möhürləndikdən sonra iştirakçılar və onun tərəfindən imzalanmışdır. Oğurluq hadisələri nəticəsində əldə etdiyi pulları öz şəxsi istifadəsi, eyni zamanda narkotik vasitə əldə etmək üçün istifadə etmiş və demək olar ki, hamısını xərcləyib qurtarmışdır. Zərərçəkmiş şəxs2 oğurlanmış pul kisəsinin içərisində bir ədəd "Sberbank” Rusiya Federasiyası bankına aid kartının pul kisəsinin içərisində olduğunu görməmiş və həmin karta fikir vermədiyindən pul kisəsi ilə birlikdə tullamış, başqa heç bir oğurluq etməmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini bildirdi və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, Zərərçəkmiş şəxs1, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5 və 234.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs1 bildirmişdir ki, o, 10 sentyabr 2022-ci il tarixdə saat təxminən 16 radələrində bazarlıq üçün Bakı şəhəri, Nizami rayonu, Qara qarayev 93 ünvanında yerləşən “8-ci km bazarı”na gəlmişdir. Bir qədər bazarlıq etdikdən sonra zoğal alaraq satıcıya pulu ödəyib özünə məxsus içərisində şəxsiyyət vəsiqəsi və 220 manat nağd pulu olan pul kisəsini əl çantasının içərisinə qoyub çantanı bağlamışdır. Daha sonra aldığı meyvə tərəvəzləri götürüb yaşadığı ünvana getmək üçün bazardan çıxıb piyada olaraq avtobus dayancağına getmişdir. Nizami rayonu 81 ünvanında yerləşən avtobus dayanacağına çatdıqdan sonra əlindəki yükləri yerə qoyub saata baxmaq üçün mobil telefonunu çantasından götürdüyü zaman qırmızı rəngli pul kisəsinin oğurlandığını aşkar etmişdir. Baş vermiş hadisə zamanı 220 manat nagd pulu, dəyəri 10 manat olan qırmızı rəngli pul kisəsi və özünə məxsus şəxsiyyət vəsiqəsi oğurlanmışdır. Yəni ümumilikdə ona 230 manat maddi ziyan dəymişdir. O, ilkin izahatında dəymiş maddi ziyanı 220 manat ona görə yazmışdır ki, yalnız oğurlanmış nağd pulu hesablamışdır. Sonda Zərərçəkmiş şəxs1, ona vurulmuş zərərin təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyini, buna görə də sonuncudan şikayətçi olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs2 və şahidlər Şahid1 və Şahid2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü səbəbdən baş verməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişlər. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, 04 iyun 2019-cu il tarixdə Rusiya Federasiyasının vətəndaşı olmağına baxmayaraq milliyətcə azərbaycanlıdır, orta təhsilini Azərbaycan Respublikasında almışdır. 4 il müddətdir ki, Rusiya Federasiyasında yaşayaraq oranın vətəndaşlığını almışdır. Rusiya Federasiyasının Ukraniya Respublikası ilə arasında olan müharibəyə görə 13 sentyabr 2022-ci il tarixdə ailə üzvüləri ilə birlikdə valideyinlərinin yaşadığı Azərbyacan Respublikasına gəlmişdir. ünvan 7 ünvanında yerləşən mənzili 300 manata kirayə tutaraq orada yaşayırlar. 20 sentyabr 2022-ci il tarixdə axşam saatlarında bazarlıq üçün Bakı şəhəri, Nizami rayonu, Qara qarayev 93 ünvanında yerləşən “8-ci km bazarı”na getmişdir. Bir qədər bazarlıq etdikdən sonra bujiterya piştaxtasına yaxınlaşmış, həmin vaxt bujiteryalara baxan zaman əlində olan pul kisəsini piştaxtanın üzərinə qoymuşdur. Həmin bəzək əşyalarından bir neçəsi xoşuna gəldiyindən onları almaq qərarına gəlmiş və satıcıdan qiyməti soruşmuşdur. Satıcı qiyməti dedikdən sonra pul kisəsini götürərək satıcıya ödəniş etmək istəmişdir. Həmin vaxt pul kisəsinin oğurlandığını aşkar etmişdir. Baş vermiş hadisə zamanı 20 manat dəyərində pul kisəsinin, içərisində 620 manat nağd pul və 2 manat dəyərində metro kartının oğurlanması nəticəsində 642 manatr maddi ziyan dəymiş, Rusiya Ferderasiyasına məxusu “Sberbankın” maaş kartını bank tərəfindən pulsuz verilmiş, kartda pul vəsaiti olmamış, ilkin izahatında həyəcanlı olduğundan maddi ziyanı 560 manat göstərmişdir. Sonda Zərərçəkmiş şəxs2, ona vurulmuş zərərin təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyini, buna görə də sonuncudan şikayətçi olduğunu bildirmişdir. Şahid Nizami RPİ-nin 24-cü PŞ-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs adlı şəxsi tanımamış, sonuncu ilə heç bir münasibəti olmamışdır. O, Nizami RPİ-nin 24-cü PŞ-nin baş əməliyyat müvəkkili vəzifəsidə çalışır və polis mayoru rütbəsindədir. 20 sentyabr 2022-ci il tarixdə X4 ərizə ilə 24-cü PŞ-nə müraciət edərək ünvan 8 ünvanda yerləşən “8-ci km bazarı”nda 560 manat dəyərində əmlakının talanmasını bildirdiyindən həmin cinayəti törətmiş şəxsin şəxsiyyətinin müəyyən edilməsi məqsədi ilə keçirilmiş əməliyyat tədbirləri nəticəsində oğurluq hadisəsinin cəzaçəkmə müəssisəsindən yeni azadlığa çıxmış Təqsirləndirilən şəxs adlı şəxs tərəfindən törədilməsi müəyyən edildiyindən 29 sentyabr 2022-ci il tarixdə saat 19.30 radələrində radələrində ünvan 9 ünvanın qarşısına gəldikdə orada xarici əlamətləri Təqsirləndirilən şəxs adlı şəxsin xarici əlamətləri ilə üst-üstə düşən şəxsin olmasını görüb həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olmalarını bildirdikdən sonra, həmin şəxsə özünü təqdim etməsi təklif olunmuş, həmin şəxs özünü təqdim edərək xx xxxxxxx 1986-cı ildə Rusiya Federasiyasının Kemerovo vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam-orta təhsilli, əvvəllər məhkum edilmiş, işsiz, Mingəçevir şəhəri, Xətai küçəsi ev 23, mənzil 20-də qeydiyyatda olan, daimi yaşayış yeri olmayan Təqsirləndirilən şəxs olmasını bildirdikdən sonra, həmin şəxsə oğurluq hadisəsinin törədilməsində şübhəli olması bildirilərək onlarla birlikdə Nizami RPİ-nin 24-cü PŞ-nə getməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs təkliflə razılaşaraq onlarla birlikdə Nizami RPİ-nin 24-cü PŞ-nə gəlmiş və PŞ-də təhqiqatçı tərəfindən hüquqlarının müdafiə edilməsi üçün müdafiəsi dəvət olunduqdan sonra Təqsirləndirilən şəxs üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçiriləcəyi elan edilmişdir. Təqsirləndirilən şəxs təkliflə razılaşaraq üzərinə vəkilin iştirakı olmadan şəxsi axtarış aparılmasını xahiş edərək bu barədə ərizə verdikdən sonra xidməti otaqların birində üzərinə keçirilən şəxsi axtarış zamanı təhqiqatçı Coşqun Qədiməliyev tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs təkliflə razılaşaraq əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 01 ədəd «KGTel» markalı mobil telefon, həmin şalvarın sağ kiçik cibindən 01 ədəd şəffaf sellofana bükülü halda içərisində ağ rəngli, kristal formada spesifik iyə malik olan maddəni, şalvarının sağ yan cibindən 01 ədəd göy rəngli alışqanı, şalvarının sol arxa cibindən «Bakı Kart» nəqliyyat vasitəsi kartını, eləcə də sol qolunda olan gümüşü rəngli «Tissot» markalı saatını təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəkinin «şüşə» kimi tanıdığı metamfetaminin olduğunu, şəxsi istifadəsi üçün 20 manata tanımadığı şəxsdən aldığını, üzərindən aşkar edilmiş «BakıKart» nəqliyyat vasitəsi kartını xx.xx.2022-ci il tarixdə 8-ci kilometr bazarında olan mağazadakı piştaxtanın üzərindən oğurladığı çəhrayı rəngli pul kisəsinin içərisindən əldə etdiyini bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində şahid Nizami İnin 24-cü PŞ-nin sahə inspektoru polis kapitanı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan baxış keçirilməsi haqqında 10 sentyabr 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs1 qarşı oğurluq cinayətinin törədildiyi hadisə yeri Bakı şəhəri, Nizami rayonu ərazisindəki 8-ci km bazarında yerləşir. İş materiallarında olan baxış keçirilməsi haqqında 20 sentyabr 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs2 qarşı oğurluq cinayətinin törədildiyi hadisə yeri Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 93 ünvanında yerləşən “8-ci km bazarı”nda yerləşir. İş materiallarında olan şəxsi axtarış və götürmə haqqında 29 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Coşqun Qədiməliyev tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 01 ədəd «KGTel» markalı mobil telefon, həmin şalvarın sağ kiçik cibindən 01 ədəd şəffaf sellofana bükülü halda içərisində ağ rəngli, kristal formada spesifik iyə malik olan maddəni, şalvarının sağ yan cibindən 01 ədəd göy rəngli alışqanı, şalvarının sol arxa cibindən «Bakı Kart» nəqliyyat vasitəsi kartını, eləcə də sol qolunda olan gümüşü rəngli «Tissot» markalı saatını təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəkinin «şüşə» kimi tanıdığı metamfetamin olduğunu, şəxsi istifadəsi üçün 20 manata tanımadığı şəxsdən aldığını, üzərindən aşkar edilmiş «BakıKart» nəqliyyat vasitəsi kartını xx.xx.2022-ci il tarixdə 8-ci kilometr bazarında olan mağazadakı piştaxtanın üzərindən oğurladığı çəhrayı rəngli pul kisəsinin içərisindən əldə etdiyini bildirmişdir. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 30 sentyabr 2022-ci il tarixli, 6/5620 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №164» dairəvi möhür əksləri olan, «Təqsirləndirilən şəxs...» ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 1,227 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu itlə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına daxildir. Həmin maddənin 0.050 qram hissəsi tədqiqata sərf edilmiş, 1,177 qram hissəsi isə tədqiqatdan sonra qalıq qalmışdır. İş materiallarında olan videogörüntüyə baxış keçirilməsi haqqında 14 oktyabr 2022ci il tarixli protokoldan görünür ki, Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Coşqun Qədiməliyev tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 01 ədəd «KGTel» markalı mobil telefon, həmin şalvarın sağ kiçik cibindən 01 ədəd şəffaf sellofana bükülü halda içərisində ağ rəngli, kristal formada spesifik iyə malik olani maddəni, şalvarının sağ yan cibindən 01 ədəd göy rəngli alışqanı, şalvarının sol arxa cibindən «Bakı Kart» nəqliyyat vasitəsi kartını, eləcə də sol qolunda olan gümüşü rəngli «Tissot» markalı saatını təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəkinin «şüşə» kimi tanıdığı metamfetamin olduğunu, şəxsi istifadəsi üçün 20 manata tanımadığı şəxsdən aldığını, üzərindən aşkar edilmiş «BakıKart» nəqliyyat vasitəsi kartını xx.xx.2022-ci il tarixdə 8-ci kilometr bazarında olan mağazadakı piştaxtanın üzərindən oğurladığı çəhrayı rəngli pul kisəsinin içərisindən əldə etdiyini bildirmişdir. İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 01 dekabr 2022-ci il tarixli, 7279 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ifadənin yerində yoxlanması haqqında 21 dekabr 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılarkən, ibtidai istintaq zamanı verdiyi ifadəsini hadisə yerində bir daha təsdiq etmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 21 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1,227 qram narkotik vasitə heroinin maddi sübut kimi tanınması və ekspertiza tədqiqatından sonra təmiz çəkisi 1.177 qramı və 01 ədəd “Bakı Kart” nəqliyyat vasitəsi kartının Nizami RPİ-nin MSSK-na təhvil verilməsinin nəzərə alınması, 01 ədəd CD diskin maddi sübut kimi tanınması qərara alınmışdır. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.2, 177.2.5 və 234.1-ci maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs, məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətməsini məhkəmə cinayətlərin residivi və Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 05 oktyabr 2023-cü il tarixli arayışından və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli hökmünün surətindən görünür ki, sonuncu dəfə Təqsirləndirilən şəxs həmin hökmlə Azərbaycan Respublikası CM-nin 180.2.3 və 180.2.4-cü maddəsi ilə təqsirli bilinib, 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla isə təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini, az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasından azad edildiyi gündən 2 il keçmədən törətmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edildiyi təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikası CM-nin 17.1-ci maddəsinə əsasən həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsi tətbiq edilməklə, həmin cəzalar qismən toplanmalı və cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssəsində müəyyən edilməlidir. İş materiallarında olan 29 sentyabr 2022-ci il tarixli tutma protokolundan, 01 oktyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 29 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 01 oktyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 oktyabr 2022-ci il tarixli qərarı ilə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 29 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. Bundan başqa, iş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli qərarlarından görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 18 yanvar 2023-cü il tarixədək uzadılmış, məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə onun barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə hazırlıq iclasında baxılanadək təsdiq edilmiş və xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılmaqla iş məhkəmə baxışına təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 93 və 93-1ci maddələrinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə uyğun olaraq, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin müvəqqəti saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış xalis çəkisi 1,177 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin müvəqqəti saxlama kamerasında saxlanılan 01 ədəd “Bakı Kart” nəqliyyat vasitəsi kartı qanuni sahibi Zərərçəkmiş şəxs2 qaytarılmalı, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.5 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 60 iş saatı, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 360 manat (60x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə isə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, ona çəkilməsi üçün qəti olaraq, 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə növündə cəza müəyyən edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli 29 sentyabr 2022-ci il tarixdən hesablansın. Hökm qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanması kamerasında saxlanılan, xalis çəkisi 1.177 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanması kamerasında saxlanılan, 01 ədəd “Bakı kart” qanuni sahibi Zərərçəkmiş şəxs2 qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs 60 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 360 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar