Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-154/2025 30.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1996-cı il tarixdə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Neftçala şəhəri M.Ə.Rəsulzadə küçəsi, ev 18-də qeydiyyatda olan, 24 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 26 oktyabr 2024-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə heroin əldə edib daşıyaraq üzərində saxlamış və satmışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 0,846 qram çəkidə narkotik vasitə heroin əldə edərək üzərində saxlayıb daşımış, satış məqsədi ilə əldə etdiyi həmin narkotik vasitə heroinin 0,301 qram hissəsini 24 oktyabr 2024-cü il tarixdə Bakı şəhəri Nizami rayonu, Azər Manafov küçəsində yerləşən 7 saylı doğum evinin qarşısındakı parkda 10 manat müqabilində Şahid1 satmış, bundan sonra Şahid1la birlikdə piyada gəzərkən ünvan 1 ünvanında həmin gün saat 14 radələrində Nizami rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid1la birlikdə şübhəli şəxs qismində saxlanılmış, Şahid1 üstü yoxlanılarkən əynindəki ağ rəngli jaketin sol yan cibindən ondan aldığı 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,301 qram olan tünd qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, onun üstü yoxlanılarkən isə əynindəki qara rəngli şalvarının sağ yan cibindən xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə Şahid1 satdığı narkotik vasitə heroinlə eynilik təşkil edən 3 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,145 qram, 0,250 qram, 0,150 qram, ümumi təmiz çəkisi 0,545 qram olan tünd qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 24 oktyabr 2024-cü il tarixdə günorta saatlarında “Qara Qarayev” ərazisində, 7 saylı doğum evinin qarşısındakı parkda olarkən təsadüfən tanışı Tağını görmüş və onunla söhbət edə-edə parkla üzü yuxarı piyada getmişlər. Əvvəlcə “Sevinc” kinoteatrı tərəfdə skamyada oturub söhbət etmişlər, sonra isə Şirin Mirzəyev küçəsi ilə piyada gəzən zaman mülki geyimdə olan şəxslər onları saxlamış, özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmiş və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib üstlərini yoxlayacaqlarını demişlər, onlar da etiraz etməmişlər. Bundan sonra onları Nizami rayon polis idarəsinə aparmışlar, orada üstləri yoxlanılmış, 3-4 saat keçdikdən sonra aparıb çöldə çəkiliş aparmışlar. Tağı onu şərləmişdir, Tağı narkotik vasitəni ondan almamışdır, onun üzərində ümumiyyətlə narkotik vasitə olmamış və narkotik satışı ilə məşğul olmamışdır. Əksinə, onun özü narkotik vasitəni Tağıdan almışdır. Polislərə etiraf etmişdir ki, narkotikdən istifadə edir, səhhətində problemləri var. Amma saxlanan vaxt üzərində narkotik olmayıb, saxlanılandan əvvəl isə Tağıya narkotik satmayıb. Məhkəmə iclasında növbəti ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, Şahid1 məhkəmədə verdiyi ifadəsində dedi ki, atışıb narkotiki almışlar. Doğrudan da Tağı ilə gedib 20 manat verib narkotiki almışlar. O, 20 manat verib narkotiki almış, sonra Tağı 10 manat vermiş, o da narkotikin yarısını Tağıya vermiş, özü istifadə etdiyinə görə üstündə heç nə qalmamışdır. Birlikdə olduqları vaxt polis əməkdaşları gəlmiş və onları polis idarəsinə aparmışlar. Polis idarəsində olarkən polislər həmin 3 büküm narkotik vasitəni onun üzərinə qoymuşlar. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi cari ifadəsi arasında əhəmiyyətli ziddiyyət olduğundan (baxmayaraq ki, həmin ifadəsində də o, verilmiş ittiham üzrə özünü təqsirli bilməmişdir), Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun 26 oktyabr 2024-cü il tarixdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs sözügedən ifadəsində göstərmişdir ki, ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilmir. Özü subaydır, əvvəllər məhkum olunmamışdır, lakin Abşeron polisində barəsində narkotik vasitə ilə bağlı cinayət işi vardır. Heç bir yerdə işləmir, psixi xəstəliyi var. Xeyli vaxtdır ki, arabir narkotik vasitə istifadə edir. Bir müddət əvvəl Qara Qarayev ərazisində bir neçə gün dönərxanada işləmiş, həmin zaman da təsadüfən Tağı ilə tanış olmuşdur. 24 oktyabr 2024-cü il tarixdə günorta saatlarında Qara Qarayev ərazisində, 7 saylı doğum evinin qarşısındakı parkda olarkən təsadüfən Tağını görmüş və onunla söhbət edə-edə parkla üzü yuxarı piyada gəlmiş, əvvəlcə “Sevinc” kinoteatrı tərəfdə skamyada oturub söhbət etmiş, sonra isə Şirin Mirzəyev küçəsi ilə piyada gəzən zaman mülki geyimdə olan polis əməkdaşları onları saxlamışlar. Onlar özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib üstlərini yoxlayacaqlarını demişlər. Onlar etiraz etməmişlər. Polis əməkdaşlarından biri mobil telefonla videoçəkiliş aparmağa başlamış və digər polis əməkdaşı ilk əvvəl Tağıya üzərində qanunsuz əşya varsa onu təqdim etməyini təklif etmişdir. Tağı da əynində olan ağ rəngli jaketin sol yan cibində olan bir sellofan bükümü çıxarıb təqdim etmişdir. Polis əməkdaşı həmin bükümü açdıqda onun içərisində qəhvəyi rəngli maddə olduğu görünmüşdür. Polis əməkdaşı həmin bükümü ağ zərfə qoyub onu möhürləmişdir. Bundan sonra ona təklif edilmişdir ki, üzərində qanunsuz əşya varsa onu təqdim etsin, o da əynindəki şalvarının sağ yan cibindən 3 ədəd sellofan bükümləri təqdim etmişdir. Həmin bükümlər narkotik vasitə heroin olmuş, onları şəxsi istifadəsi uçün əldə etmişdir. Polis əməkdaşı həmin bükümləri açdıqda onların da içərisində qəhvəyi rəngli maddələr olduğu görünmüşdür. Daha sonra polis əməkdaşı həmin bükümləri də ağ zərfə qoyub möhürləmişdir. Bundan sonra onlar Nizami rayon polis idarəsinə gətirilmiş, orada onların üstlərinin yoxlanılması ilə bağlı protokol yazılmış və onlar protokolu imzalamışlar. Daha sonra təhqiqatçı tərəfindən onlara vəkil təqdim edilmiş və onlar izahat vermişlər. O, həmin heroini tutulduğu gün Nizami rayonu ərazisində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 20 manata almışdır. O, narkotik satışı ilə məşğul olmur. Şahid1 onun üzərindən götürülən bir büküm heroini tutulmamışdan əvvəl ona 10 manat müqabilində satmasını yalan deyir, o, Tağıya narkotik satmamışdır. Onun mobil telefonu olmadığı üçün heç bir mobil nömrə də istifadə etmir. Təqsirləndirilən şəxs ifadəsinin elan olunmasından sonra göstərmişdir ki, o, həmin ifadə ilə razı deyil, istintaq zamanı deyilən yerlərə imza etmişdir. Hazırda məhkəməyə verdiyi ifadəni təsdiq edir. Amma ona qarşı yol verilmiş qanunsuz hərəkətlərlə bağlı hər hansı orqana şikayət verməmişdir. Şahid1la onun üzərindən çıxan narkotiklərin eyni tərkibli olduğunun səbəbini isə izah edə bilmir. Təqsirləndirilən şəxs məhkəmədə son sözündə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə özünü təqsirli bilmədiyini, narkotik vasitə satmadığını nəzərə alaraq, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, uzun illərdir ki, narkotik vasitə istifadə edir. 24 oktyabr 2024-cü il tarixdə o, tanışı Təqsirləndirilən şəxsla birlikdə qərara gəlmişlər ki, narkotik vasitə alsınlar. Narkotik vasitəni Əli 20 manata almışdır. O da üzərində olan 10 manat pulu sonra Əliyə vermiş və narkotik vasitəni yarıya bölmüşlər. Onlar “kakos” kimi tanıdıqları narkotik vasitəni “Ağa” adlı şəxsdən almışlar. Lakin sonra Əlinin narkotik vasitəni nə etdiyini bilməmişdir. Bundan sonra polislər onları tutmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 24 oktyabr 2024-cü il tarixdə Bakı şəhərində yaşayan Əli adlı şəxsin narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı raportla idarə rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə razılıq verilmişdir. Bundan sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün ondan, bölmənin digər əməliyyat müvəkilləri Şahid4 və Şahid3 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Keçirdikləri tədbirlər nəticəsində 24 oktyabr 2024-cü il tarixdə saat 14:00 radələrində ünvan 3 ünvanının qarşısında narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs və onun yanında olan və şəxsiyyəti müəyyən edilən Şahid1 saxlanılmışdır. Onlara özlərini təqdim edib polis əməkdaşı olduqlarını və onların narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirirərək üstlərini yoxlayacaqlarını demişlər. Həmin şəxslər buna etiraz etməmişlər. Həmin yerdə mobil telefonla videoçəkiliş aparmaqla ilk əvvəl Şahid1 üzərində qanunsuz əşya varsa onu təqdim etməsini təklif etmişlər. Şahid1 da şəxsi əşyaları ilə yanaşı əynində olan ağ rəngli jaketin sol yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümü açdıqda onun içərisində qəhvəyi rəngli maddə olduğu görünmüş və həmin büküm ağ zərfə qoyularaq möhürlənmişdir. Şahid1 həmoin bükümdəki maddənin “kakos” kimi adlandırdığı narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif etmişlər ki, üzərində qanunsuz əşya varsa onu təqdim etsin. Təqsirləndirilən şəxs da şəxsi əşyaları və 10 manat pulla yanaşı əynindəki şalvarının sağ yan cibindən 3 ədəd şəffaf sellofan bükümləri təqdim etmişdir. Həmin bükümləri açdıqda onların da içərisində qəhvəyi rəngli maddələr olduğu görünmüşdür. Daha sonra həmin bükümlər də ağ zərfə qoyulub möhürlənmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümlərdə olan narkotik vasitə heroindir və onları şəxsi istifadəsi üçün əldə etmişdir. Bundan sonra həmin şəxsləri Nizami rayon polis idarəsinə aparmışlar, onların üstlərinin yoxlanılması ilə bağlı protokol tərtib edilmiş və protokolu bütün iştirak edənlər imzalamışlar. Daha sonra topladıqları material maddi sübutlarla birlikdə raport yazılaraq təhqiqatçıya verilmişdir. Təhqiqatçı tərəfindən həmin şəxslərə vəkil təqdim edilmiş və onlar izahat vermişlər. Qeyd olunan tədbirlərin həyata keçirilməsi zamanı Təqsirləndirilən şəxs özünü səmimi aparmış, tərəflərindən ona qarşı qanunsuz hərəkətə yol verilməmiş, hər hansı təzyiq göstərilməmişdir. Şahid2 sualları cavablandırarkən göstərmişdir ki, Təqsirləndirilən şəxs döyən, incidən olmamış, qanunsuz hərəkətə yol verilməmişdir. Onun özü və ya digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs döyülməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni könüllü təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkilləri Şahid3 və Şahid4, Şahid2la eyni məzmunlu ifadə vermişlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 25 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 24 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Nizami RPİ-nin NMB-nə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, daşması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 24 oktyabr 2024-cü il tarixdə saat 14:00-da ünvan 4 ünvanının yaxınlığında saxlanılan Təqsirləndirilən şəxs və Şahid1 hüquq və vəzifələri, o cümlədən tutulan andan etibarən müdafiəçiyə malik olmaq hüququ izah edilmişdir. Həmin şəxslərə saxlanılan zaman paltarlarında, əşyalarında və ya bədənlərində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut etməyə kifayət qədər əsaslar olduğundan Təqsirləndirilən şəxs və Şahid1 saxlanıldıqları yerdə üstləri yoxlanılmağa başlanmışdır. Üstü yoxlanılan şəxs Şahid1 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotk vasitələrin və psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid1 əynində olan qara rəngi gödəkçənin sağ yan cibindən Nokia markalı mobil telefon, sol yan cibindən alışqan, iç cibindən içində metro kartı, bank kartı, 2 ədəd 1 manatlıq əskinas olan qara rəngli pul qabı, ağ rəngli jaketin sol yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli, spesifik iyə malik narkotikə bənzər maddə, sağ yan cibindən siqaret və kəmərində olan açarlıqdan bir ədəd təsbeh çıxararaq təqdim etmişdir. Aşkar edilmiş 1 ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəgli maddə qablaşdırılmış və 162 saylı möhürlə möhürlənmişdir. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl digər saxlanılan şəxs Təqsirləndirilən şəxs da paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələrin və psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 3 ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli maddəni şalvarın sağ yan cibindən 1 ədəd siqaret qutusu, 1 ədəd alışqanı və şalvarının arxa sağ cibindən 2 ədəd 5 manatlıq əskinazı təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs ustü yoxlanılmışdır. Yoxlama zamanı sübut əhəmiyyəti kəsb edən hər hansı əşya və predmet aşkar edilməmişdir. Aşkar edilmiş 2 ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli maddə qablaşdırılmış və 162 saylı möhürlə möhürlənmişdir. Üstünü yoxlama ünvan 5 ünvanında keçirilmişdir. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Nizami RPİ-nin inzibati binasında tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və proktokola qeydlər daxil olmamış, protokol imzalarla təsdiq edilmişdir. (i.v. 10-12) - 24 oktyabr 2024-cü il və 25 oktyabr 2024-cü il tarixli protokollardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin NMB-nə daxil olmuş məlumat əsasında narkotik vasitələrin və psixotrop maddələrin qanusuz olaraq əldə edib saxlamasında və istifadə etməsində şübhəli bilindikləri üçün 14 yanvar 2025-ci il tarixdə saat 14:00-da Şahid1 və Təqsirləndirilən şəxs ünvan 1 ünvanında saxlanılaraq üstləri yoxlanılmış, Şahid1 üzərindən öz deməsinə görə 01 ədəd narkotik vasitə hesab edilən heroin, Təqsirləndirilən şəxs üzərindən öz deməsinə görə 03 ədəd narkotik vasitə hesab edilən heroin götürülməsi raportda qeyd olunmuş və aidiyyatı üzrə təqdim olunmuşdur. Təqdim olunan 02 ədəd ağ rəngli zərfə baxış keçirilmiş, zərf bağlı vəziyyətdə olmuş, zərfin üzərində 02 ədəd üzərində Azərbaycan Republikası DİN yazılmış Zərflər üçün 162 № möhürlə möhürlənmiş vəziyyətdə olmuş, zərfin üzərində saxlanılan şəxslərin imzaları, həmçinin, zərfin üzərində iştirakşılar sözləri yazılaraq imza Şahid3, imza Şahid2, imza Şahid4 yazıları, imza Şahid1 və imza Təqsirləndirilən şəxs yazıları yazılmış zərfin tamlığı pozulmamışdır. Daha sonra 1 ədəd DVD-yə HP markalı kompüterdə baxış keçirilmişdir. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər kütlələrin aşkar olunması, Şahid1 və Təqsirləndirilən şəxs onlardan aşkar olunmuş maddələrin narkotik vasitə olması barədə bildirmələri əksini tapmışdır. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, protokol imzalarla təsdiq edilmişdir. DVD diskdə olan görüntülərə müstəntiq tərəfindən 25 oktyabr 2024-cü il tarixdə baxış keçirilərkən göstərilənlərin öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 15-16, 87-88) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 25 oktyabr 2024-cü il tarixli 6/4999 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N162” dairəvi möhür əksi, “Şahid1 (imza)” yazısı və imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,301 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində: Azərbaycan Respublikası DİN Zərflər üçün N162” dairəvi möhür əksi, “(imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,145 qram, 0,250 qram, 0,150 qram, ümumi təmiz çəkisi 0,545 qram tünd qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Şahid1 və Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynidirlər. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: 1. T.Ə Hüseynov: heroinin təmiz çəkisi 0,301 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,251 qram qalıq qalmışdır. 2. Təqsirləndirilən şəxs: heroinin ümumi təmiz çəkisi: 0,545 qram olmuş, tədqiqata ümumi 0,09 qram sərf edilmiş, 0,455 qram ümumi qalıq qalmışdır. (i.v. 67-70) - 26 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir. (i.v. 92) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasının 29 noyabr 2024-cü il tarixli 7557 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 187-188) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatriya Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin 22 noyabr 2024-cü il tarixli 3369 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1 və 21.3-cü maddələrinin təsiri altına düşmür. Yoxlanılanb şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır, onun məcburi müalicəyə ehtiyacı yoxdur. (i.v. 189-191) - 23 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,145 qram, 0,250 qram, 0,150 qram, ümumi təmiz çəkisi 0,545 qram narkotik vasitə heroin cinayət işi uzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, aparılmış tədqiqatlardan sonra qalıq qalmış 0,455 qram narkotik vasitə heroin saxlanması uçün Nizami RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxslərin üstlərinin yoxlanılması zamanı aparılmış video çəkilişin 1 ədəd DVD diski iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılması nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin qeydinin 1-ci bəndi tətbiq edilməmiş, Təqsirləndirilən şəxs ifadəsində törətdiyi cinayət əməlini etiraf etməməsi barədə hissələri subut kimi qəbul edilməmiş və özünü müdafiə xarakterli ifadə kim qiymətləndirilmiş, cinayət işinin istintaqı zamanı zəruri və təxirəsalınmaz əməliyyat tədbirləri həyata keçirilməsinə baxmayaraq Təqsirləndirilən şəxs narkotik vasitə heroini əldə etmə mənbəyim müəyyən etmək mümkün olmamış, bununla bağlı əməliyyat tədbirlərinin davam etdirilməsi üçün cinayət işindən material ayrılaraq Nizami RPİ-nin 25-ci PŞ-nə göndərilmiş, Təqsirləndirilən şəxs və Şahid1 ayrı-ayrılıqda müstıqil cinayətlər törətdikləri üçün cinayət işinin materillarlarından Şahid1 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ayrı icraata cinayət işi ayrılmışdır. (i.v. 211-220) -Hökmün surətindən görünür ki, Şahid1 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli 1(007)-213/2025 nömrəli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə (24 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs 10 manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq 0,301 qram çəkidə narkotik vasitə heroin əldə edib üzərində saxlayıb daşıdığına görə) təqsirli bilinib, məhkum edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Habelə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Qərarının 4-cü və 5-ci bəndlərinə əsasən məhkəmələrə izah edilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Qərarın 9-cu bəndinə əsasən CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitənin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə ibtidai istintaq zamanı material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs və müdafiəçisinin irəli sürdüyü dəlillər məhkəmə tədqiqi zamanı hərtərəfli, tam və obyektiv araşdırılmışdır, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs verilmiş ittiham qanuni və əsaslıdır, toplanaraq tədqiq edilmiş sübutların məcmusu, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlaması və satması barədə qənaətə gəlməyə kifayət qədər əsas verir, təqsirləndirilən şəxsə məhz bununla bağlı ittiham verilmişdir. Hansı ki, həmin ittiham təkzibedilməz sübutlarla öz təsdiqini tapmışdır, müdafiə tərəfinin irəli sürdüyü dəlillər isə əsasızdır. Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı üzərində aşkar edilmiş narkotik vasitənin ona məxsus olduğunu etiraf etmiş, onu hansı qaydada və məqsədlə əldə etdiyini bildirmişdir, hansı ki, bu, qeydə alınmış videogörüntülərlə də öz təsdiqini tapmışdır. Şahid1 və Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroinlərin xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olmaları ekspertiza rəyi ilə təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs hazırda, əməliyyataxtarış tədbirləri zamanı ona təzyiq göstərildiyi qeyd etsə də, ibtidai istintaq mərhələsində belə təzyiqlər olması, onların davam etməsi barədə bildirməmiş, cinayət işi müstəntiqin icraatında olarkən istər şübhəli şəxs qismində, istərsə də təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra həmin statuslarda verdiyi ifadələrində özünü təqsirli bilməsə də, işin faktiki halları ilə uyğunluq təşkil edən ifadələr vermişdir. Məhkəmə iclasında isə ziddiyyətli ifadələr vermiş, lakin bunların səbəbini izah edə bilməmişdir. Bununla yanaşı nəzərə alınmalıdır ki, Şahid1 artıq məhkəmə hökmü ilə təqsirli bilinərək məhkum edilmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad olunan 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə, məhkəmə tədqiqi ilə toplanmış sübutları yoxlayıb qiymətləndirərkən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində polis əməkdaşları tərəfindən ona təzyiq göstərilməsi və s. barədə irəli sürdüyü dəlillər, yuxarıda qeyd olunanlar baxımından əsassız hesab olunmalıdır, öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs ona qarşı yol verilmiş, hüquq və mənafelərinə toxunduğunu hesab etdiyi hər hansı qanunsuz hərəkətlə bağlı müvafiq orqanlara şikayət verməkdə, araşdırılmasını tələb etməkdə sərbəst olmuş, buna baxmayaraq o, bu hüquq və imkanlardan istifadə etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 24 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 50) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 24 oktyabr 2024-cü il tarixdən hesablanmışdır. (i.v. 135-138) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 07 noyabr 2024-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.2 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 01 il 07 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Abşeron Rayon Məhkəməsinin icraatındadır. (i.v. 142-144, 146-154) -Bakı şəəhər probasiya idarəsinin 30 may 2025-ci il tarixli, 3-16-21-1/2-35569/2025 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli hökmü ilə 01 il 07 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs Bakı şəhər probasiya idarəsinə 04 fevral 2023-cü il tarixdə qeydiyyata alınmış, 24 sentyabr 2024-cü il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində, cəzasını ağırlaşdıran hal qismində həmin Məcəllənin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 24 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, Azərbaycan Respublikası CPM-nin 175.5ci maddəsinin tələbinə uyğun olaraq, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitə heroin məhv edilməli, içərisində videogörüntü olan 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərcinin müvafiq hissəsi (digər təqsirləndirilən şəxsə münasibətdə ümumi 114 manat ekspertiza xərcinin 57 manat hissəsinin tutulması nəzərə alınmaqla) təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi qaydada müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi xidmətlərə görə (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına və xx.xx.2025-ci il tarixli 141 saylı qərarla edilmiş dəyişikliyə əsasən hesablanaraq – 30 saat 6 manatdan, 4 saat 11 manatdan olmaqla) əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 24 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi qaydada müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut qismində tanınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra ümumi çəkisi 0,455 qram qalmış narkotik vasitə heroin məhv edilsin, içərisində videogörüntü olan 01 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan 57 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 224 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-154/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-154/2025
30.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver