Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-155/2020 16.09.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclası katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı - Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, onun müdafiəçisi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1990-cı il tarixdə Zərdab rayonunun Xanməmmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, bir uşağı olan, fərdi qaydada işləyən, əvvəllər məhkum olunmamış, Zərdab rayonu, Xanməmmədli kəndində qeydiyyatda olan, ünvan 1-də yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməsinə dair sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, o, xx xxxxx 2020-ci il tarixdə saat 21:30 radələrində ünvan 1 ünvanında, Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlərin pozulması zəminində aralarında baş vermiş münaqişə zamanı qəsdən ayağı ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən vurduqdan sonra boğaz nahiyəsindən əli ilə sıxmaqla Zərərçəkmiş şəxs sağ çiyin qurşağının, döş qəfəsinin, sağ saidin qançırları, sağ bazunun hematoması, sol ayaq pəncəsinin sıyrığı ilə müşahidə olunan qəsdən sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən dörd ildir ki, Zərərçəkmiş şəxs tanıyır. Nobatəli onun qayınanası Şahid2 ilə qeyrirəsmi münasibətdədir və Laləyə məxsus ünvan 2 ünvanında yaşayır. O da öz arvadı Şahid1 və 8 yaşlı qızı Yağmur Qurbanova ilə birlikdə həmin evdə yaşayır. Mənzil iki otaqdan ibarətdir. Otaqların birində öz ailəsi ilə o, digərində isə Nobatəli Lalə ilə birlikdə yaşayırlar. Nobatəli dəfələrlə onun ailə üzvləri ilə birlikdə həmin evi tərk etməsi, özünün evdə Lalə ilə birlikdə tək yaşaması üçün onlarla süni münaqişə yaratmış, onu və Höküməni dəfələrlə təxribata çəkmişdir ki, onlar Nobatəli ilə münaqişə etsinlər və Nobatəli onlar barəsində polisə şikayət etsin. Lakin Hökümə və o, Nobatəlinin bu niyyətinə şərait yaratmamış, onlara qarşı qıcıqlandırıcı əməllərinə göz yummuşlar. Sonuncu dəfə xx xxxxx 2020-ci il tarixdə saat 21:30 radələrində birgə yaşadıqları mənzildə olarkən Nobatəli ümumi istifadə etdikləri mətbəxdə natəmizlik yaratdığı üçün arvadı Hökümə gileylənmişdir. Nobatəli Hökümənin gileylənməsini eşidib Höküməyə, xoşuna gəlmirsə evdən çıxıb gedə bilməsini demişdir. Həmin vaxt o, qonaq otağında olmuşdur. Nobatəlinin Höküməyə evdən çıxıb getməsini deməsi artıq onun səbrini daşırmış və o, qonaq otağından çıxaraq Nobatəlinin olduğu yataq otağına keçib Nobatəliyə həddini bildirmək istəmişdir. Həmin vaxt Nobatəli çarpayının üzərində oturmuşdur. O, bir dəfə Nobatəlini xəbərdar etmək üçün asta tərzdə onun sol tərəfindən qarın boşluğuna ayağı ilə toxunmuşdur. Bundan sonra Nobatəli sürüşərək oturduğu çarpayıdan yerə yıxılmışdır. Nobatəli çarpayıdan yerə yıxılan zaman bədəninin sol tərəfi taxta çarpayıya sürtülmüşdür. Nobatəli yerə yıxıldıqdan sonra o, Nobatəlini bir neçə dəfə təpiklə vurmuş, boğazından tutub sıxmağa başlamışdır. Həmin vaxt Nobatəli də onun boğazından tutub sıxmış, uzanıqlı vəziyyətdə onu özünə tərəf çəkmiş və bu səbəbdən o da Nobatəlinin üzərinə yıxılmışdır. Evdə olan qaynanası Lələ onları ayırmışdır. Nobatəli ilə aralarında olan münaqişə təxminən 2-3 dəqiqə davam etmiş, evdə başqa şəxs olmamış, çox səs-küy olmadığı üçün isə qonşulardan onların səsini eşidib yaxınlaşan olmamışdır. Hadisə zamanı Nobatəli onun yaxasından tutub dartdığı üçün onun sinəsində bir neçə sıyrıq əmələ gəlmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkdiyini bildirərək barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qeyri-rəsmi münasibətdə olduğu Şahid2 kürəkənidir. Coşqun Lalənin qızı Hökümə ilə evlidir. O, Lalə, Hökümə, Coşqun və onların azyaşlı qızı Yağmur, birlikdə ünvan 1 ünvanında yaşayırlar. Coşqun və Hökümə dəfələrlə onunla münaqişə yaratmış və onu bıçaqla öldürməklə hədələmişlər. Lakin bu zaman ona xəsarət yetirilmədiyinə görə həmin şəxsləri bağışlamış, onlar barəsində şikayətçi olmamışdır. Coşqun və Hökümə isə onun yaşadıqları həmin mənzili tərk etməsini tələb etmişlər. xx xxxxx 2020-ci il tarixdə saat 21:30 radələrində Hökümə guya onun evin mətbəxində natəmizlik yaratmasını bəhanə gətirərək onu təhqir etmişdir. Həmin vaxt o, yataq otağında çarpayının üzərində oturmuşdur. Hökümənin ona dediyi təhqiramiz ifadələri eşitsə də, yerindən qalxmamış və oturduğu yerdən Höküməyə irad bildirmişdir ki, qadına yaraşmayan ifadələr işlətməsin. Bu vaxt qonaq otağında olan Coşqun qəfildən onun olduğu otağa keçib, üzərinə hücum etmişdir. Coşqun təpiklə onun sağ tərəfdən qarın boşluğuma vurduğu üçün başı sol tərəfində açıq vəziyyətdə olan pəncərəyə dəymiş, o, çarpayıdan döşəmənin üzərinə düşmüşdür. Bundan sonra Coşqun onu uzanıqlı olduğu vəziyyətdə yerdə bir neçə dəfə təpiklə vurmuşdur. O, uzandığı yerdən Coşqunun sinəsindən tutub özündən uzlaşdırmağa çalışsa da, bacarmamışdır. Həmin vaxt evdə olan Lalə onlara yaxınlaşaraq ayırmışdır. Hökümə bu hadisələri görsə də, heç bir reaksiya verməmişdir. Coşqunla aralarında olan münaqişə təxminən 5 dəqiqə davam etmişdir. Həmin vaxt Lalə və Hökümədən başqa yanlarında heç kim olmamışdır. Çox səs-küy yaranmadığı üçün qonşulardan onların münaqişə etmələrini bilib yaxınlaşan olmamışdır. Hadisə zamanı o, Coşquna heç bir xəsarət yetirməmişdir. Bir dəfə Coşqunu özündən uzaqlaşdırmaq üçün sinəsini əlləri ilə tutmuşdur. Təqsirləndirilən şəxs ilə barışmamışdır, onun barəsində qanunda nəzərdə tutulan qaydada ağır cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şahid1 ifadə verərək göstərmişdir ki, ünvan 1 ünvanında anası Şahid2, əri Təqsirləndirilən şəxs, azyaşlı qızı Yağmur və anasının qeyri-rəsmi münasibətdə olduğu Zərərçəkmiş şəxslə birlikdə yaşayırlar. Mənzil iki otaqdan ibarətdir, otaqların birində onlar ailəliklə, digərində isə X6 ilə birlikdə təxminən dörd ildir ki, yaşayırlar. Nobatəli onların mənzili tərk etmələri və özünün mənzildə anası Lalə ilə birlikdə tək yaşaması üçün dəfələrlə onlarla süni münaqişə yaratmışdır. Lakin hər dəfə onlar ehtiyatlı davranmış, Nobatəlinin hərəkətlərinə əhəmiyyət verməmişlər. Lakin xx xxxxx 2020-ci il tarixdə saat 21:30 radələrində evdə olarkən Nobatəli ümumi istifadə etdikləri mətbəxdə natəmizlik yaratdığı üçün o, Nobatəliyə irad bildirmişdir. Bunun cavabında Nobatəli ona, xoşuna gəlmirsə, evdən çıxıb gedə bilməsini demişdir. Həmin vaxt qonaq otağında olan əri Coşqun Nobatəlinin onunla bu tərzdə danışmasını eşitmiş, əsəbiləşərək qonaq otağına keçib Nobatəlinin üstünə hücum etmiş, onlar otaqda əlbəyaxa olmuşlar. Həmin vaxt o, əsəbi olduğu üçün Nobatəli ilə Coşqun arasında olan dava-dalaşa əhəmiyyət verməmişdir. X6 ilə Coşqunu bir-birindən ayırmışdır. O, Nobatəli ilə Coşqun arasında olan dava-dalaşa tam olaraq fikir verə bilməsə də, Nobatəlinin yerdə uzandığını, Coşqunun isə onun üzərində olmasını, hər ikisinin biri-birinin yaxasından tutub dartdıqlarını, sonradan Coşqunun yaxasında bir neçə sıyrıq olmasını görmüşdür. Məhkəmə iclasında Şahid2 ifadə verərək göstərmişdir ki, ünvan 1 ünvanında qeyrirəsmi münasibətdə olduğu Zərərçəkmiş şəxslə, qızı Şahid1, onun əri Təqsirləndirilən şəxs və onların azyaşlı qızı Yağmurla birlikdə yaşayır. Dörd ildir birlikdə yaşayırlar və bu müddətdə Hökümə ilə Coşqun Nobatəlini mənzildən uzaqlaşdırmaq üçün əllərindən gələni etmişlər, ona görə evdə dəfələrlə mübahisə olmuşdur. xx xxxxx 2020-ci il tarixdə saat 21:30 radələrində saat 21:30 radələrində evdə olarkən Hökümənin ümumi istifadə etdikləri mətbəxdə natəmizlik yaratmasını bəhanə gətirərək Nobatəliyə irad tutduğunu, ona şəxsiyyətini alçaldacaq söz dediyini eşitmişdir. Nobatəli isə cavabında Höküməni tərbiyəli olmağa dəvət etmişdir. Lakin Hökümə Nobatəli ilə mübahisəni davam etdirmişdir. O, həmin vaxt hamam otağından çıxarkən Coşqunun qəfildən Nobatəlinin üzərinə hücum etməsini görmüşdür. Coşqun təpiklə vurub çarpayının üstündə oturan Nobətəlini yerə yıxmış, Nobatəli yerə uzanıqlı olduğu vaxt onu bir neçə dəfə təpiklə vurmuş, sonradan onlar əlbəyaxa olmuşlar. Həmin vaxt o, yaxınlaşıb Nobatəli ilə Coşqunu ayırmışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: -Cinayət təqibi üzrə məhkəməyədək sadələşdirilmiş icraatın başlanması barədə xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında Təqsirləndirilən şəxs əməlində böyük ictimai təhlükə törətməyən aşkar cinayətin əlamətləri olduğundan onun barəsində cinayət təqibi üzrə məhkəməyədək sadələşdirilmiş icraat başlanmışdır. (i.v. 1) -Hadisə yerinə baxış keçirilməsi haqqında xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs iştirakı ilə ünvan 3 ünvanındakı hadisə yerinə baxış keçirilərək, protokol tərtib olunmuş, hadisə yerinin fotoşəkilləri çəkilərək toplanmış materiala əlavə olunmuşdur. (i.v. 21-22) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 X5 Nizami rayon şöbəsinin canlı şəxsin ekspertizasına dair xx xxx 2020-ci il tarixli 304 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sağ çiyin qurşağının, döş qəfəsinin, sağ saidin qançırları, sağ bazunun hematoması, sol ayaq pəncəsinin sıyrığı olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən xx.xx.2020-ci il tarixdə alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. (i.v. 29-30) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 X5 Nizami rayon şöbəsinin canlı şəxsin ekspertizasına dair xx xxxxx 2020-ci il tarixli 311 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs boynun aşağı şöbəsinin, sağ körpücük nahiyəsinin, döş qəfəsinin arxa səthinin sağ yarısının sıyrıqları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən xx.xx.2020-ci il tarixdə alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. (i.v. 32-33) -Sübutların qiymətləndirilməsi haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı Təqsirləndirilən şəxs sinəsindən tutub özündən uzqlaşdırmaq istəyən vaxt sonuncuya dərəcəsi təyin olunmayan xəsarətlər yetirməsi özünü müdafiə kimi qiymətləndirilmiş və onun barəsində Azərbaycan Respublikası CPMnin 39.1.2 və 280.3-cü maddələri ilə cinayət təqibinə xitam verilmiş, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında baş vermiş münaqişə şəxsi münasibətlər zəminində baş verdiyinə görə Təqsirləndirilən şəxs əməlində həmin fakt üzrə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilmişdir. (i.v. 69-73) Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxxxx 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.1-346.1.12-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müvafiq məsələlər müşavirə otağında məhkəmə tərəfindən müzakirə edilməlidir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, istər məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, istərsə də məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin dispoziyasında nəzərdə tutulan zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurması mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. Təhqiqat orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 128-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında müəyyən edildi ki, CM-nin 128-ci maddəsində nəzərdə tutulan əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışmamış və ona dəymiş ziyanı ödəməmişdir. Belə olan halda, CM-nin 73.2-ci maddəsində nəzərdə tutulan əlamətlər olmadığından təqsirləndirilən şəxsin həmin əsaslarla cinayət məsuliyyətindən azad edilməsinə əsas yoxdur, ona görə onun barəsində ittihamedici hökm çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 23) -AZ-İİ seriyalı, 886601 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx xxxx 2012-ci il tarixdə doğulmuşdur, atası Təqsirləndirilən şəxs, anası Şahid1dır. (i.v. 69) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Qərarın 2-ci bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməklə ilk dəfə məsuliyyətinə cəlb edilməsini, əməlindən səmimi peşman olmasını, himayəsində bir azyaşlı uşağı olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Buna görə də, məhkəmə ona əməlinin tövsif olunduğu maddənin sanksiyası hüdudlarında azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1 -ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini dəyişdirməmək, yaşadığı Bkı şəhərini tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.13-346.1.22-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müvafiq məsələlər müşavirə otağında məhkəmə tərəfindən müzakirə edilməlidir. Məhkəmə həmin məsələləri müzakirə edərək qeyd edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməmişdir, ona görə cəzaçəkmə müəssisəsinin növü müəyyən edilmir, onun təqsirləndirildiyi maddədə əlavə cəza nəzərdə tutulmamışdır, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur, zərərçəkmiş şəxs tərəfindən mülki iddia verilməmişdir, iş üzrə maddi sübut tanınmamışdır, təhqiqat orqanı tərəfindən məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə qətimkan tədbiri seçilməmişdir, hazırda da buna əsaslar və zərurət yoxdur. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həminşəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin təhqiqat zamanı və məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 25 iş saatı müddətinə bərabər tutulduğundan, (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 150 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini dəyişdirməmək, yaşadığı Bakı şəhərini tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs 25 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi “xxxxxxxxxxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ********************, S.W.İ.RT.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 150 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-155/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-155/2020
16.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver