Məhkəmə qərarları › İş №1(007)-155/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-155/2021

13.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-155/2021 13.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1968-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, M.Fətəli küçəsi, ev 148-də qeydiyyatda olmaqla yaşamış, 26 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 27 yanvar 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 0,164 qram narkotik vasitə heroin və 0,065 qram çəkidə psixotrop maddə olan metamfetamin əldə edib daşımaqla saxlamış və 07 noyabr 2020-ci il tarixdə həmin narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə “Kent” markalı siqaret qutusuna qoyub qara rəngli kişi ayaqqabısının tayının içərisində gizlətməklə, həmin ayaqqabı cütünü göy və qırmızı rəng çalarları olan ağ rəngli sellofan torbaya qoyaraq ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Ağ ciyər xəstəlikləri” institutunun giriş qapısının qarşısında narkotik vasitələr gizlədilmiş ayaqqabı olan sellofan torbanı “Rasim” adlı şəxsə çatdırılması üçün, sonuncu tərəfindən göndərilmiş taksi fəaliyyəti ilə məşğul olan Şahid2 vermiş, həmin gün saat 00:35 radələrində ölkədə tətbiq olunan hərbi vəziyyət üzrə Bakı şəhər ərazisində tətbiq olunan “komendant” saatı ilə əlaqədar ünvan 2 ünvanda qurulmuş stasionar postda Şahid2 idarə etdiyi “Opel Astra” markalı ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobil polis əməkdaşları tərəfindən saxlanılaraq baxış keçirilən zaman, avtomobilin sağ qabaq oturacağında üzərində göy və qırmızı rəng çalarları olan ağ rəngli sellofan torba içərisində 01 ədəd sellofan torbaya bükülü halda bir ədəd kişi cinsinə məxsus qara rəngli ayaqqabı tayının içərisində “Kent” markalı siqaret qutusunda qeyd olunan 0,164 qram narkotik vasitə heroin və 0,065 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, iki ildir ki, narkotik maddə istifadə edir, istifadə etdiyi narkotik maddə “kokos”dur. Üç ilə yaxın “Ağ ciyər xəstəxanası”nda mühafizəçi işləmişdir. İş yerində təsadüfən Rasim adlı şəxslə tanış olmuşdur. Rasimlə tanışlığı zamanı özü etiraf etmişdir ki, narkotik maddə istifadəçisidir. Rasim ondan xahiş etmişdir ki, onun üçün narkotik maddə tapsın. O, təmənnnasız olaraq Rasimə söz vermişdir ki, narkotik vasitə tapar. 07 noyabr 2020-ci il tarixdə saat 00:05 radələrində Rasim onun istifadəsində olan 077 390 11 01 nömrəsinə zəng vurub bildirmişdir ki, yanına taksi sürücüsü göndərir, ona bir az narkotik maddə göndərsin. O, öz istifadəsində olan narkotik maddəni siqaret qutusunun içərisinə, siqaret qutusunu da ayaqqabının içərisinə qoyub sellofana büküb digər sellofana qoyduqdan sonra iş yerinin qarşısında gözləyən taksi sürücüsünə vermişdir. Taksi sürücüsü ondan sellofanın içərisində nə olduğunu soruşanda bildirmişdir ki, iş yoldaşının ayaqqabısıdır. Taksi sürücüsü ondan sellofan paketi götürüb çıxıb getmişdir. O, sonradan Rasimə zəng vurub göndərdiyi narkotik maddəni alıb-almadığını soruşmuşdur. Rasim telefonda bildirmişdir ki, taksi sürücüsü yolda ona vermiş olduğu sellofanı tullamışdır. Sonradan Rasimin telefon nömrəsinə zəng çatmamışdır. Daha sonra bilmişdir ki, polis əməkdaşları onu axtarır, Rasimə göndərdiyi narkotik vasitə taksi sürücüsündə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs daha sonra ifadəsində göstərmişdir ki, bilmədən bu cinayəti törətmişdir, lakin əməlindən səmimi peşmançılıq çəkir. Özü xəstədir, gözü zəif görür, ailə vəziyyəti də ağırdır, o, işləməsə, ailəsinin vəziyyəti daha da pisləşəcəkdir. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞnin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 07 noyabr 2020-ci il tarixdə 25-ci PŞ-də əməliyyat qrupunun tərkibində növbədə olan zaman, Azərbaycan Respublikası ərazisində hərbi vəziyyətin elan edilməsi ilə əlaqədar Bakı şəhəri ərazisində komendant saatının tətbiq olunması ilə bağlı ünvan 3 ünvanqda yerləşdirilmiş 5 saylı stasionar postdan zəng vurub əməliyyat qrupunu posta çağırmışlar. O, əməliyyat qrupu ilə birgə 5 saylı posta getmişdir. Saat 00:20 radələrində stasionar postu keçmək istəyən “Opel Astra” markalı ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobil əməkdaşlar tərəflərindən saxlanılmış, avtomobilin sürücüsünün özünü təqdim etməsinə görə Şahid2 olması müəyyən edilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən baxış keçirilən zaman avtomobilin salonunda qabaq sağ oturacağın üzərində olan sellofan paketdə daşınması qadağan olunmuş əşyaların olması şübhə yaratdığından dəvət olunmuş hal şahidlərinin iştirakları ilə Şahid2 üzərinə və avtomobilinə baxış keçiriləcəyi elan edilmişdir. Şahid2 təkliflə razılaşdıqdan sonra üzərinə keçirilmiş baxış zamanı heç bir qanunsuz əşya müəyyən edilməmişdir. Avtomobilə keçirilən baxış zamanı salonun qabaq sağ oturacağında üzərində göy və qırmızı rəng çalarları olan ağ rəngli sellofan torbanın içərisində bir ədəd sellofan torbaya bükülü halda bir ədəd kişi cinsinə məxsus qara rəngli ayaqqabı tayının içərisində “Kent” markalı siqaret qutusunda, siqaretin kağızına bükülmüş bir ədəd büküm aşkar edilmişdir. Şahid2 idarə etdiyi avtomobildən aşkar edilmiş içərisində narkotik vasitə olduğu şübhə edilən həmin bükümdəki maddənin nə olduğunu bilmədiyini, həmin əşyanın bir qədər əvvəl ünvan 4 ünvanda naməlum şəxsdən alınaraq ünvan 5 klinik xəstəxanasının təcili tibbi yardım stansiyasında naməlum şəxsə çatdırılmasının “9111 Ekonom Taksi” xidməti altında fəaliyyət göstərən şirkətin sifarişi üzrə ona verildiyini bildirmişdir. Həmin maddələr protokollaşdırılaraq ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin əməkdaşları Şahid3, Şahid4, Şahid5, Şahid6 və Şahid7, Şahid1 ifadəsinə oxşar məzmunda ifadələr vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, “Opel Astra” markalı ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobillə fərdi taksi fəaliyyəti ilə məşğul olur. 07 noyabr 2020-ci il tarixdə R.Rüstəmov küçəsində taksi fəaliyyəti ilə məşğul olduğu zaman “9111” saylı taksi şirkətindən təxminən saat 00:15 radələrində ona Nizami rayonu, Şərifli küçəsində yerləşən 4 saylı Vərəm dispanserindən Sabunçu rayonunun ərazisində yerləşən 3 saylı şəhər kiliniki xəstəxanasının təcili tibbi yardım şöbəsinə olan sifarişi qəbul etdikdən sonra müştərinin sifariş etdiyi 055 833 88 55 nömrəsi ilə əlaqə saxlamışdır. Bu zaman o, hərbi vəziyyətlə əlaqədar müştəridən qadağan olunmuş vaxtda şəhərə çıxış icazəsinin olub-olmadığını soruşmuş, müştəri icazəsi olmadığından getməyəcəyini, 3 saylı şəhər kiliniki xəstəxanasının təcili tibbi yardım şöbəsinə paltar göndərəcəyini bildirmişdir. O, müştəri ilə razılaşıb Şərifli küçəsində yerləşən 4 saylı vərəm dispanserinin giriş qapısına yaxınlaşanda dispanserin qapısındakı adını bilmədiyi mühafizəçi ona yaxınlaşıb sifariş edilən taksinin onun olub-olmadığını soruşmuş, o, sifarişə gəldiyini təsdiq etmişdir. O, mühafizəçidən soruşmuşdur ki, bayırda gözləsin, yoxsa dispanserin həyətinə daxil olsun. Mühafizəçi ona bir neçə dəqiqə gozləməsini, bir nəfər şəxsin özünün ona yaxınlaşacağını bildirmişdir. Təqribən 5 dəqiqə sonra qara paltar geyinmiş təqribən 35-40 yaşlı orta boylu bir nəfər şəxs əlində, içərisində ona məlum olmayan əşyalar olan sellofan paketlə yaxınlaşmışdır. O, idarə etdiyi avtomobildə sükan arxasında oturmuşdur. Həmin şəxs ona avtomobilin qabaq sağ pəncərəsindən yaxınlaşıb əlindəki sellofan paketi qabaq sağ oturacağa qoyub ondan gediş haqqının paketi çatdıracağı ünvanda veriləcəyi barədə məlumatımın olub-olmadığını soruşmuşdur. O, həmin şəxsə ona bu barədə heç nə deyilmədiyini bildirmişdir. Bundan sonra sellofan paketi gətirən şəxs dispanserin girişində xidmət aparan mühafizəçidən onun, yəni paket gətirənin mobil telefonunu gətirməsini xahiş etmişdir. Ancaq özü sonradan mühafizəçinin xidməti otağına girərək öz mobil telefonunu götürərək yenidən ona yaxınlaşmış və kiməsə zəng vurub danışdıqdan sonra ona 3,8 azn deyil, 4 azn gediş haqqını sifariş verən şəxsin ödəyəcəyini bildirmişdir. O, paketi gətirəndən soruşmuşdur ki, paketdəki nədir? Həmin şəxs demişdir ki, ayaqqabıdır. O, güman etmişdir ki, həmin şəxs sifarişi verən şəxsin özü ilə əlaqə saxlamışdır. Bundan sonra o, 4 saylı vərəm dispanserindən sifarişin çatacağı Sabunçu rayonunda yerləşən 3 saylı şəhər kiliniki xəstəxanasının təcili tibbi yardım şöbəsinə yollanan zaman komendant vəziyyəti ilə əlaqədar Q.Qarayev prospektindəki “Ruslan” marketin qarşısında qurulmuş stasionar postda maşınına baxış keçirilən zaman idarə etdiyi avtomobilin ön qabaq sağ oturacağına qoyulmuş sellofan paket polis əməkdaşının diqqətini cəlb etmişdir. Polis əməkdaşları sellofan paketdə nə olduğunu soruşmuşlar. O, polislərə bildirmişdir ki, taksi fəaliyyəli ilə məşğul olur, sellofan paketin içərisində nə olduğunu bilmir, sifarişlə aparır və ünvanı da demişdir. Polis əməkdaşları 25ci PŞ-nin əməkdaşlarını hadisə yerinə çağırmışlar. Hadisə yerinə gəlmiş polis əməkdaşları komendant vəziyyəti ilə əlaqədar sellofan paketə onun yanında baxış keçirən zaman paketin içərisinə qəzetə bükülmüş bir tay kişi ayaqqabısının içərisinə qoyulmuş “Kent” markalı siqaret qutusunu götürmüşlər. Bundan sonra polislərdən biri ucadan narkotik daşıdığını bildirmiş, yenidən avtomobilə ətraflı baxış keçirilsə də, qadağan olunmuş əşya aşkar edilməmişdir. O, dərhal taksi sifariş edən 055 *** ** ** nömrəsinə zəng edib soruşmuşdur ki, bu paketin içində nə olmuşdur. Bu vaxt polis əməkdaşlarından biri onun telefonunu alıb söndürmüş və telefonu götürmüşdür. Polis əməkdaşları avtomobilinin acarını çıxarmışlar. O siqaret qutusunun içərisində nə olduğunu görməmiş və polislər ona göstərməmişlər. Polis əməkdaşları onu şübhəli şəxs qismində 25-ci PŞ-nə aparmışlar. PŞdə üzərinə baxış keçirilmiş, üzərində qadağan olunmuş əşya aşkar edilməmişdir. Baxış keçirilən zaman ona şöbədə bildirmişlər ki, stasionar postda götürülən siqaret qutusunun içərisindəki narkotik vasitədir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid9 və Şahid8 məhkəməyə məcburi gətirilmələrinə dair qərar qəbul edilmiş, lakin qərarın icrası mümkün olmamışdır. Bununla əlaqədar həmin şahidlərin istintaq zamanı verdikləri ifadələri məhkəmə iclasında elan edilərək tədqiq olunmuşdur. Şahidlərdən Şahid9 oglu sözügedən ifadəsində göstərmişdir ki, 07 noyabr 2020-ci il tarixdə ünvan 3 ünvanda yerləşdirilmiş stasionar postda polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirində hal şahidi kimi iştirak etmişdir. Stasionar postu keçmək istəyən “Opel Astra” markalı ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobil polis əməkdaşları tərəflərindən saxlanılmışdır, avtomobilə və onun sürücüsü, özünü Şahid2 kimi təqdim edən şəxsin üzərinə baxış keçirilmişdir. Şahid2 üzərinə keçirilmiş baxış zamanı heç bir qanunsuz əşya müəyyən edilməmişdir. Avtomobilə keçirilən baxış zamanı salonun qabaq sağ oturacağında üzərində göy və qırmızı rəng çalarları olan ağ rəngli sellofan torba içərisində bir ədəd sellofan torbaya bükülü halda bir ədəd kişi cinsinə məxsus qara rəngli ayaqqabı tayının içərisində “Kent” markalı siqaret qutusunda, siqaretin kağızına bükülmüş bir ədəd büküm polis əməkdaşları tərəfindən aşkar edilmişdir. Şahid2 avtomobildən aşkar edilmiş içərisində narkotik vasitə olduğu şübhə edilən həmin bükümdəki maddənin nə olduğunu bilmədiyini, həmin əşyanın bir qədər əvvəl ünvan 6 ünvanda naməlum şəxsdən alınaraq ünvan 7linik xəstəxanasının təcili tibbi yardım stansiyasında naməlum şəxsə çatdırılmasının “9111 Ekonom Taksi” xidməti altında fəaliyyət göstərən şirkətin sifarişi üzrə ona verildiyini bildirmişdir. Bundan sonra polis şöbəsinə getmiş və orada tərtib edilmiş protokolu imzaları ilə təsdiq etmişlər. Digər Şahid8 ifadəsinin Şahid9 ifadəsi ilə eyni məzmunlu olduğu müəyyən edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 09 noyabr 2020-ci il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v. 1) - 07 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası ərazisində hərbi vəziyyətin elan edilməsi ilə əlaqədar tətbiq olunan Bakı şəhəri ərazisində komendant saatı tətbiq olunan zaman ünvan 3 ünvanda yerləşdirilmiş komendant postunda saxlanılmış Şahid2 üzərinə və etibarnamə əsasında idarə etdiyi “Opel Astra” markalı ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış zamanı nəqliyyat vasitəsinin salonunun qabaq sağ oturacağında üzərində göy və qırmızı rəng çatarları olan ağ rəngli sellofan torba içərisində 01 ədəd sellofan torbaya bükülü halda bir ədəd kişi cinsinə məxsus qara rəngli ayaqqabı tayının içərisində “Kent” markalı siqaret qutusunda, siqaretin kağızına bükülmüş 01 ədəd büküm aşkar edilmişdir. Şahid2 idarə etdiyi avtomaşından aşkar edilmiş içərisində narkotik vasitə olduğu şübhə edilən həmin bükümdəki maddənin nə olduğunu bilmədiyini, həmin əşyanın bir qədər əvvəl ünvan 8 ünvanda naməlum şəxsdən alınaraq ünvan 5 klinik xəstəxanasının təcili tibbi yardım stansiyasında naməlum şəxsə çatdırılması “9111 Ekonom Taksi” xidməti altında fəaliyyət göstərən şirkətin sifarişi üzrə ona verildiyini bildirmişdir. (i.v. 3-4) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 08 noyabr 2020-ci il tarixli 6/2420 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...**-RZ-*** saylı d.q.n. avtomobildən aşkar olunmuş...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,164 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, bir ədəd bükümdə təmiz çəkisi 0,065 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı 1) daxildir. Qeyd: Heroinin təmiz çəkisi 0,164 qram, tədqiqata sərf olundu 0,050 qram, qalıq 0,114 qram. Metamfetaminin təmiz çəkisi 0,065 qram, tədqiqata sərf olundu 0,030 qram, qalıq 0,035 qram. (i.v. 34-38) - 26 yanvar 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Şahid2 tanınmaya təqdim edilmiş 4 nəfər şəxs arasında soldan sağa 2-ci dayanmış Təqsirləndirilən şəxs tanıyaraq ona narkotik vasitəni verən şəxs olduğunu bildirmişdir. (i.v. 82-84) - 27 yanvar 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir. (i.v. 89-90) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasının 18 fevral 2021-ci il tarixli 518 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 148-149) -Sübutların qiymətləndirilməsi haqqında 02 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham qüvvədə saxlanılmış, Təqsirləndirilən şəxs və Şahid2 barələrində Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş, cinayət işinin Şahid2 barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə olan hissəsinə hissəvi xitam verilmiş, cinayət işi üzrə aşkar edilərək götürülmüş 0,164 qram narkotik vasitə heroin və 0,065 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, tədqiqatdan sonrakı qalıq çəkisi 0,114 qram narkotik vasitə heroinin və 0,035 qram psixotrop maddə metamfetaminin maddi sübutların saxlanc kamerasına təhvil verilməsi, istintaq zamanı keçirilmiş istintaq əməliyyat tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs narkotik vasitə əldə etdiyi naməlum mənbənin, narkotik vasitələri əldə etmiş şəxslərin və istintaqa “Rasim” adı ilə məlum olan şəxsin müəyyən edilməsi mümkün olmadığından, cinayət işinin materiallarından narkotik vasitənin əldə edilməsi, “Rasim” adlı şəxsin müəyyən edilərək əməlinə hüquqi qiymət verilməsi məqsədilə material ayrılması və Nizami RPİ-nə göndərilməsi qərara alınmışdır. (i.v. 156-162) Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, Təqsirləndirilən şəxs narkotik vasitə əldə etdiyi naməlum mənbənin müəyyən edilməsi məqsədi ilə ibtidai istintaq zamanı material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qərarın 2-ci bəndi ilə məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Qeyd olunan Qərarın 4-cü bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 26 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 66) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 02 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 26 yanvar 2021-ci il tarixdən hesablanmışdır. (i.v. 116-118) -Bakı şəhəri 60 saylı MKİS-nin 03 fevral 2021-ci il tarixli 35 nömrəli arayışından, nikah haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri - arvadı X1 və 11 iyul 1997-ci il təvəllüdlü qızı X2 ibarətdir; -Bakı şəhəri 60 saylı MKİS-nin rəisi tərəfindən 03 fevral 2021-ci il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur; -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 03 mart 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 154-155) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 59.1-ci maddəsində dairəsi müəyyən edilmiş cəzasını yüngülləşdirən, Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi müəyyən edilmiş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 26 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, Azərbaycan Respublikası CPM-nin 175.5ci maddəsinin tələbinə uyğun olaraq, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,114 qram olan narkotik vasitə heroin və 0,035 qram metamfetamin məhv edilməli; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, habelə o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 50 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 26 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,114 qram olan narkotik vasitə heroin və 0,035 qram metamfetamin məhv edilsin. Məhkəmə məsrəfi olan 81,82 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, 50 saat göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi "xxxx" ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ013501**********1944, SWİFT.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsilə 300 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar