Məhkəmə qərarları › İş №1(007)-157/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-157/2023

28.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-157/2023 28.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxxx 1997-ci ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, heç yerdə işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli talamaqla təkrar oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs «İnstagram» sosial şəbəkəsində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin rəsmi səhifəsinə oxşar saxta «unibank_official», «leobank_az», «albali_az», «unibankofficial» və sair adlı səhifələr yaradaraq özünü həmin bankın rəsmi nümayəndəsi kimi təqdim etmiş, bundan sonra bank xidmətləri ilə bağlı məsləhətlər almaq üçün «İnstagram» sosial şəbəkəsi vasitəsi ilə ona müraciət edən Zərərçəkmiş şəxs2 ilə danışaraq sonuncunun adına "xxxx" Açıq Səhmdar Cəmiyyətində açılmış 4098 5844 5082 3339 nömrəli “Leobank” bank kartına dair məxfi məlumatları, yəni kart sahibinin anket məlumatlarını, təvəllüdünü, hesab kartının kodunu, kartın şəklini və digər zəruri məlumatları əldə etmiş, əldə etdiyi həmin məlumatlar əsasında 10 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində 250 nömrəli orta məktəblə üzbəüz yerləşən yeni tikilmiş yaşayış binasının 1-ci giriş, 12-ci mərtəbəsində yerləşən 149 nömrəli mənzildə elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə öz istifadəsində olan «Xiaomi Redmi 9» markalı mobil telefonu vasitəsi ilə Zərərçəkmiş şəxs2 bank kartına daxil olmuş, kart hesabında olan 424 manat pul vəsaitini elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə öz adına "xxxx" Açıq Səhmdar Cəmiyyətində açılmış kart hesabına gizli olaraq mədaxil edərək talamaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs «İnstagram» sosial şəbəkəsində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin rəsmi səhifəsinə oxşar saxta «unibank_official», «leobank_az», «albali_az», «unibankofficial» və sair adlı səhifələr yaradaraq özünü həmin bankın rəsmi nümayəndəsi kimi təqdim etmiş, bundan sonra bank xidmətləri ilə bağlı məsləhətlər almaq üçün «İnstagram» sosial şəbəkəsi vasitəsi ilə ona müraciət edən Zərərçəkmiş şəxs3 ilə danışaraq sonuncunun adına "xxxx" Açıq Səhmdar Cəmiyyətində açılmış 5243-7544- 1396-9872 nömrəli “Albalı” bank kartına dair məxfi məlumatları, yəni kart sahibinin anket məlumatlarını, təvəllüdünü, hesab kartının kodunu, kartın şəklini və digər zəruri məlumatları əldə etmiş, əldə etdiyi həmin məlumatlar əsasında 16 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində 250 nömrəli orta məktəblə üzbəüz yerləşən yeni tikilmiş yaşayış binasının 1-ci giriş, 12-ci mərtəbəsində yerləşən 149 nömrəli mənzildə elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə öz istifadəsində olan «Xiaomi Redmi 9» markalı mobil telefonu vasitəsi ilə Zərərçəkmiş şəxs3 bank kartına daxil olmuş, kart hesabında olan 2000 manat pul vəsaitini elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə öz adına "xxxx" Açıq Səhmdar Cəmiyyətində açılmış kart hesabına gizli olaraq mədaxil edərək talamaqla təkrar oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs «İnstagram» sosial şəbəkəsində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin rəsmi səhifəsinə oxşar saxta «unibank_official», «leobank_az», «albali_az», «unibankofficial» və sair adlı səhifələr yaradaraq özünü həmin bankın rəsmi nümayəndəsi kimi təqdim etmiş, bundan sonra bank xidmətləri ilə bağlı məsləhətlər almaq üçün «İnstagram» sosial şəbəkəsi vasitəsi ilə ona müraciət edən Zərərçəkmiş şəxs1 ilə danışaraq sonuncunun adına "xxxx" Açıq Səhmdar Cəmiyyətində açılmış 5243 7544 1302 8570 nömrəli “Albalı” bank kartına dair məxfi məlumatları, yəni kart sahibinin anket məlumatlarını, təvəllüdünü, hesab kartının kodunu, kartın şəklini və digər zəruri məlumatları əldə etmiş, əldə etdiyi həmin məlumatlar əsasında 25 fevral 2022-ci il tarixdə Bakı şəhəri Nizami rayonu, Naxçıvanski küçəsində 250 nömrəli orta məktəblə üzbəüz yerləşən yeni tikilmiş yaşayış binasının 1-ci giriş, 12-ci mərtəbəsində yerləşən 149 nömrəli mənzildə elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə öz istifadəsində olan «Xiaomi Redmi 9» markalı mobil telefonu vasitəsi ilə Zərərçəkmiş şəxs1 bank kartına daxil olmuş, kart hesabında olan 1904 manat pul vəsaitini elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə öz adına "xxxx" Açıq Səhmdar Cəmiyyətində açılmış kart hesabına gizli olaraq mədaxil edərək talamaqla təkrar oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs «İnstagram» sosial şəbəkəsində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin rəsmi səhifəsinə oxşar saxta «unibank_official», «leobank_az», «albali_az», «unibankofficial» və sair adlı səhifələr yaradaraq özünü həmin bankın rəsmi nümayəndəsi kimi təqdim etmiş, bundan sonra bank xidmətləri ilə bağlı məsləhətlər almaq üçün «İnstagram» sosial şəbəkəsi vasitəsi ilə ona müraciət edən Zərərçəkmiş şəxs4 ilə danışaraq sonuncunun adına "xxxx" Açıq Səhmdar Cəmiyyətində açılmış “Albalı” bank kartına dair məxfi məlumatları, yəni kart sahibinin anket məlumatlarını, təvəllüdünü, hesab kartının kodunu, kartın şəklini və digər zəruri məlumatları əldə etmiş, əldə etdiyi həmin məlumatlar əsasında 18 may 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində 250 nömrəli orta məktəblə üzbəüz yerləşən yeni tikilmiş yaşayış binasının 1-ci giriş, 12-ci mərtəbəsində yerləşən 149 nömrəli mənzildə elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə öz istifadəsində olan «Xiaomi Redmi 9» markalı mobil telefonu vasitəsi ilə Zərərçəkmiş şəxs4 bank kartına daxil olmuş, kart hesabında olan 2607 manat pul vəsaitini elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə öz adına "xxxx" Açıq Səhmdar Cəmiyyətində açılmış kart hesabına gizli olaraq mədaxil edərək talamaqla təkrar oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, 2022-ci ilin fevral ayında özünə məxsus olan «Xiaomi Redmi 9» markalı mobil telefonundan instaqram sosial şəbəkəsində «Unibank Official» adlı səhifə açmış, həmin səhifədə rəsmi elanlara aid fotoşəkilləri paylaşmış, bununla da həmin səhifənin "xxxx" ASC-yə aid olması görüntüsü yaratmışdır. Bununla da müxtəlif şəxslər kredit almaq üçün həmin səhifəyə mesajlar yazmışlar. O da kredit verilməsi üçün müraciət edən şəxsin kartında müəyyən pul vəsaitinin olmalı olduğunu bildirmişdir. Beləliklə də, həmin səhifədə ona yazan Mramiz adlı şəxs kreditə pul ayrılmasını ondan xahiş etmiş, o da kart hesabında hər 1000 manat kredit ayrılmasına görə 100 manat pul olmalı olduğunu demişdir. Mramiz də ona "xxxx" kartının üzərində olan 16 rəqəmli nömrəni göndərmiş, o da həmin kartın pin kodunu ondan istəmiş və Mramizin mobil telefon nömrəsini də almışdır. O, öz telefonunda olan "xxxx" mobil tətbiqindən Mramizin kart məlumatlarını qeyd edərək mobil nömrəsini qeyd etmiş, sonra Mramizlə danışmış və mesajla gələn 6 rəqəmli otp kodunu ona deməsini xahiş etmiş, Mramiz də ona həmin kodu demişdir. Bundan sonra o, həmin kod vasitəsi ilə Mramizin kartına daxil olmuş və orada olan 424 manat pulu kart hesabından çıxartmış, sonra Mramizi instaqram hesabında blok etmiş, həmin 424 manat pulu da özünə aid olan "xxxx" virtual kart hesabına köçürüb nağdlaşdırmış, bu hal 22 fevral 2022-ci ildə olmuşdur. O, həmin üsullarla 2022-ci ilin fevral ayında Həqiqət adlı şəxsin 1904 manatını, 2022-ci ilin fevral ayında Zöhrə adlı qadının 2000 manatını, 2022-ci ilin may ayında isə Qoşqar adlı şəxsin isə 2607 manatını götürmüşdür. Sonda Təqsirləndirilən şəxs, törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə vurulmuş zərəri ödəyərək onlarla razılıq əldə etdiyini bildirdi və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına (o cümlədən istifadəsində mobil nömrələrinə sms-bildiriş çatdırılmasına) baxmayaraq, məhkəmə iclaslarına gəlməmişlər, gəlməməyinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, o, bir il əvvəl "xxxx" ASC-dən 3000 manat kredit götürmüş, həmin krediti götürəndə ona “Albalı” kart da bonus olaraq verilmiş, həmin kartın içərisində də 2000 manat pul olmuşdur. 25 fevral 2022-ci ildə ona “İnstagram” sosial şəbəkəsində “Unibank.az” adlı səhifədən mesaj gəlmiş və əgər istədiyi halda “Albalı” kartında olan pul limitinin artırılmasının mümkün olduğu bildirilmişdir. Mesaj yazan şəxs özünü ona həmin bankın işçisi kimi təqdim etmiş, lakin o, sonradan mesaj yazan şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. O da öz növbəsində Cahidə mesaj yazaraq pul limitini artırmaq istədiyini bildirmiş, Cahid də onun “Albalı” kartına əlavə olaraq 3000 manat pul əlavə edilə biləcəyini, lakin bunun üçün kartın balansında 200 manat pul olmalı olduğunu demişdir. O da kartının balansında 1904 manat pul olduğunu bildirmişdir. Cahid onun şəxsiyyət vəsiqəsinin və “Albalı” kartının hər iki üzünün şəklini istəmiş, o da şəxsiyyət vəsiqəsinin və bank kartının hər iki üzünün şəklini çəkib həmin instagram səhifəsinə göndərmişdir. Onun “Albalı” kartının nömrəsi 5243 7544 1302 8570 olmuşdur. Cahid kartın balansında nə qədər pul olması barədə çıxarışı istəmiş, o da kartı bankomata salmış və balansda pul olmasına dair çek çıxartmış, sonra həmin çekin şəklini Cahidə göndərmişdir. Cahid də onun telefonunun mesaj bölməsinə bir azdan kod gələcəyini bildirmiş, həmin kodu Cahidə deməsini tapşırmışdır. Həqiqətən də onun mesaj bölməsinə kod gəlmiş, o da kodu Cahidə bildirmiş, lakin bir müddət sonra Cahidlə əlaqə saxlaya bilməmiş, yəni Cahidin instagramda olan nömrəsinə zəng çatmamışdır. Bir neçə gündən sonra o, kartını bankomata salıb pul çıxartmaq istəmiş və kartında olan 1904 manatın oğurlandığını aşkar etmişdir. Bundan sonra o, kartında olan pulun Cahid tərəfindən 25 fevral 2022-ci il tarixdə hissə-hissə olmaqla çəkildiyini bilmişdir. Məhkəməyə təqdim edilmiş Zərərçəkmiş şəxs1 notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, **********561 saylı ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur, ona dəymiş maddi ziyan tam ödənilmişdir. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, 10 fevral 2022-ci ildə “İnstagram” sosial şəbəkəsinə daxil olmuş, orada “Leobank” səhifəsinə yazaraq kredit almaq istədiyini bildirmişdir. Həmin səhifədən də ona cavab verilmiş və ona 2000 manat məbləğində kredit verə biləcəklərini bildirmişlər. Lakin bunun üçün onların deyəcəkləri hesaba 100 manat köçürmək lazım olduğunu bildirmişlər. Ondan “Leabank” kartının kodunu istəmişlər, o da həmin kartının kodunu bildirmişdir, həmin vaxtı kartda 44 manat pul olmuşdur. Bundan sonra o, 2000 manat kredit almaq üçün "xxxx" kartından “Birbank” proqramı vasitəsi ilə 200 manat pulu “Leobank” kartına köçürmə etmişdir. "xxxx" kartının nömrəsi 4169 7377 0871 7364 olmuşdur. Kartında əvvəldən 44 manat olmuş, 200 manat da yükləyəndən sonra kartında 244 manat olmuşdur. Həmin səhifədən ona yazıb bildirmişlər ki, balansında 2200 manat olacağını görəcəkdir. O da “Leobank” kartının balansını yoxlamış, kartının bloka düşdüyünü və həmin kartda olan 244 manat pulunun silindiyini görmüşdür. O da həmin səhifəyə yazaraq bu barədə maraqlanmış, ona cavab vermişlər ki, o, məlumat vermədən kartının balansına baxdığı üçün kartı bloka düşmüşdür. Onlar kartın blokdan açılması üçün təkrarən karta pul yükləmək lazım olduğunu bildirmişlər. O da "xxxx"a aid olan 5243 7544 1346 1938 nömrəli “Albalı” kartından “İbank” proqramı vasitəsi ilə 180 manat pulu 4098 5844 5082 3339 nömrəli “Leobank” kartına göndərmiş, həmin səhifədən ona cavab verilmişdir ki, bir neçə dəqiqədən sonra ona 1900 manat kredit veriləcəkdir. Təxminən 10 dəqiqətən sonra o, “Leobank” kartına daxil olmuş və kartının bloka düşdüyünü, kartında olan pulun silindiyini bilmişdir. “İnstaqram” səhifəsində olan nömrəyə dəfələrlə zəng etsə də, həmin nömrəyə zəng çatmamış və o da aldandığını başa düşmüşdür. Bu barədə şikayət etmiş və onun şikayəti ilə bağlı araşdırma başlanılmış, araşdırma zamanı kartından pul oğurlayan şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Məhkəməyə təqdim edilmiş Zərərçəkmiş şəxs2 notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, **********562 saylı ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur, ona dəymiş maddi ziyan tam ödənilmişdir. Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, 2022-ci ilin fevral ayında ona məxsus olan "xxxx" ASC-nin “Albalı” kartı bloka düşmüş, həmin ərəfədə o, “Facebook” sosial şəbəkəsi vasitəsi ilə özünü "xxxx" ASC-nin işçisi kimi təqdim edən şəxslə əlaqə saxlamış və kartının blokdan açılması üçün ondan kömək istəmiş, həmin şəxs də ondan “Albalı” kartının nömrəsini istəmiş, onunla danışan şəxsin Təqsirləndirilən şəxs olduğunu sonradan öyrənmişdir. O da kartının nömrəsini, yəni 5243-7544-1396-9872 nömrəsini Cahidə vermiş, kartının nömrəsini Cahidə göndərəndə kartının içərisində 2000 manat məbləğində pul olmuşdur. Cahid qısa müddət ərzində onun kartını blokdan çıxardacağını bildirmişdir. Bir az sonra o, kartını yoxlayanda kartının blokdan çıxarılmadığını görmüş, Cahidin nömrəsinə zəng edəndə isə nömrəyə zəng çatmamış, sonradan Cahidin onu aldatdığını, yəni kartının nömrəsini alandan sonra gizli şəkildə kartından 2000 manat pulu oğurladığını bilmişdir. Zərərçəkmiş şəxs3 07 fevral 2023-cü il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə ərizə təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs qohumları tərəfindən ona dəymiş 2000 manat ziyan ona ödənilmişdir, buna baxmayaraq, o, təqsirləndirilən şəxsdən şikayətçidir. Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, 18 may 2022-ci ildə kredit götürmək istəmiş, lakin vaxtı olmadığına və işdən çıxa bilmədiyinə görə onlayn qaydada kredit götürmək istəmişdir. Buna görə də o, "xxxx" ASC-nin instaqram səhifəsinə daxil olmuş və orada yazaraq onlayn qaydada kredit götürmək istədiyini bildirmişdir. Onun «Unibank Albalı» kredit kartı olmuş, həmin kartın balansında 8000 manat pul olmuş, həmin puldan 1370 manat xərcləmiş, 6626 manat pul qalmışdır. O, kredit götürmək istədiyini yazanda ondan həmin şəxs Albalı kartın nömrəsini istəmiş, o da həmin kartın nömrəsini vermiş, ona mesajla 6 rəqəmli kod gələcəyini bildirmişlər və həmin kodu onlara göstərmələrini bildirmişlər. Həqiqətən də onun telefonunda mesaj bölməsinə 6 rəqəmli kod gəlmiş, o, həmin 6 rəqəmli kodu onlara, yəni instaqramda onunla yazışan şəxsə vermiş, daha sonra «albalı» kartından həmin tarixdə, yəni 18 may 2022-ci il tarixdə 600 manat, 200 manat, 500 manat, 300 manat və 700 manat, cəmi 2607 manat pul oğurlandığını bilmişdir. O da başa düşmüşdür ki, kimsə onun kartı barədə gizlin məlumatları ələ keçirərək kartdan həmin məbləğlərdə pulları oğurlamışdır. Bundan sonra öz mobil tətbiq proqramına baxmış, kartından çıxarılan pulların sonu “2894” və sonu “6418” rəqəmləri ilə bitən kartlara köçürüldüyünü bilmişdir. Məhkəməyə təqdim edilmiş Zərərçəkmiş şəxs4 notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, **********234 saylı ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır, ona dəymiş maddi ziyan tam ödənilmişdir. İş materiallarında olan könüllü təqdim edilən əşyanı götürmə və əşyaya baxış keçirilməsi haqqında 28 mart 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 istintaq orqanına təqdim etdiyi 01 ədəd kassa qəbzindən görünür ki, onun 5243 7544 1302 8570 nömrəli “Albalı” kartında 1904,05 manat pul vəsaiti olmuşdur. İş materiallarında olan könüllü təqdim edilən əşyanı götürmə və əşyaya baxış keçirilməsi haqqında 28 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “Xiaomi Redmi 9” markalı mobil telefona baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin mobil telefonun “Mesajlar” bölməsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 və Təqsirləndirilən şəxs arasında danışıqların olması müəyyən edilmişdir. Həmin danışıqların məzmunundan görünür ki, Təqsirləndirilən şəxs Zöhrə İsgərdərovaya “Kartınızda pul varmı xanım?” məzmunlu mesaj göndərmiş, Zərərçəkmiş şəxs3 isə “o sirr qalsa olar?” məzmunlu mesaj göndərmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 “zəhmət olmasa şəxsiyyət vəsiqəsinin fin kodunu, mobil nömrənizi və kartınızın son 8 rəqəmini qeyd edin yoxlayaq” məzmunlu mesaj göndərmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 “zəhmət olmasa blokda olan kartınızın ön və arxa hissəsinin şəklini çəkib göndərin” məzmunlu mesaj yazmışdır. İş materiallarında olan baxış keçirilməsi haqqında 29 avqust 2022-ci il tarixli protokoldan görünür ki, cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" ASC-dən məhkəmə qərarı əsasında əldə edilən hesabdan çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs1 bank kartından 25 fevral 2022-ci il tarixdə hissə-hissə olmaqla 1904 manat pul vəsaiti, Zərərçəkmiş şəxs4 bank kartından isə 18 may 2022-ci il tarixdə hissə-hissə olmaqla 2607 manat pul vəsaiti məxaric edilmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi barədə 15 dekabr 2022-ci il tarixli qərardan görünür ki, "xxxx" ASC-dən 29 avqust 2022-ci il tarixli məktubla daxil olmuş bir ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs istifadəsində olmuş «Xiaomi Redmi 9» markalı mobil telefon maddi sübut kimi tanınaraq BMCMİ-də saxlanılmış, Təqsirləndirilən şəxs aşkar edilmiş 4098 5844 6031 0517 nömrəli “Leo” kart, 4169 7332 2682 5078 nömrəli "xxxx" kartı, 4098 5844 5857 4231 nömrəli “Leo” kart, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 istintaq orqanına təqdim etdiyi 01 ədəd kassa qəbzi və ona məxsus olan 5243 7544 1302 8570 nömrəli “Albalı” bank kart, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 5243-7544-1396-9872 nömrəli “Albalı” bank kartı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 istintaq orqanına təqdim etdiyi "xxxx" ASC-nin bank çıxarışı iş üzrə maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və zərərçəkmiş şəxslərə vurulmuş zərəri tam şəkildə ödəməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 28 iyul 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 noyabr 2022ci il tarixli qərarından görünür ki, həmin tarixdə, Təqsirləndirilən şəxs barəsində 01 ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçilməklə, həbs etmənin əvvəli 26 noyabr 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair iş üzrə məhkəmə baxışı təyin edilmiş və onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı 26 noyabr 2022-ci il tarixdən 28 fevral 2023-cü il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 03 (üç) ay 02 (iki) gün həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla və təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Habelə, Azərbaycan Respublikası CPM-nin 175.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda, daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyinə görə hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə təqsirləndirilən şəxsin həbsdə saxlanılmaqla, azadlıq və bir sıra digər hüquqlarına məhdudiyyətlər qoyulmasına zərurət yoxdur və Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməlidir. Habelə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə uyğun olaraq, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılan 01 (bir) ədəd “CD” disk, Zərərçəkmiş şəxs1 istintaq orqanına təqdim etdiyi 01 ədəd kassa qəbzi və Zərərçəkmiş şəxs4 istintaq orqanına təqdim etdiyi "xxxx" ASC-nin bank çıxarışı cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan 01 ədəd “Xiaomi Redmi 9” markalı mobil telefon qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılmalı, habelə iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılan 4098 5844 6031 0517 nömrəli və 4098 5844 5857 4231 nömrəli iki ədəd “Leo” bank kartları və 4169 7332 2682 5078 nömrəli "xxxx" ASC-yə məxsus bir ədəd bank kartı Təqsirləndirilən şəxs, 5243 7544 1302 8570 nömrəli bir ədəd “Albalı” bank kartı Zərərçəkmiş şəxs1, 5243 7544 1396 9872 nömrəli bir ədəd “Albalı” bank kartı Zərərçəkmiş şəxs3 qaytarılmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi müddət 30 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 180 manat (30x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı 26 noyabr 2022-ci il tarixdən 28 fevral 2023-cü il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 03 (üç) ay 02 (iki) gün müddət nəzərə alınmaqla, həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Bakı şəhərini tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbsdən azad edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılan 01 (bir) ədəd “CD” disk, Zərərçəkmiş şəxs1 istintaq orqanına təqdim etdiyi 01 ədəd kassa qəbzi və Zərərçəkmiş şəxs4 istintaq orqanına təqdim etdiyi "xxxx" ASC-nin bank çıxarışı cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan 01 ədəd “Xiaomi Redmi 9” markalı mobil telefon qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılan 4098 5844 6031 0517 nömrəli və 4098 5844 5857 4231 nömrəli iki ədəd “Leo” bank kartları və 4169 7332 2682 5078 nömrəli "xxxx" ASC-yə məxsus bir ədəd bank kartı Təqsirləndirilən şəxs, 5243 7544 1302 8570 nömrəli bir ədəd “Albalı” bank kartı Zərərçəkmiş şəxs1, 5243 7544 1396 9872 nömrəli bir ədəd “Albalı” bank kartı Zərərçəkmiş şəxs3 qaytarılsın. Təqsirləndirilən şəxs 30 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 180 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar