Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-157/2025 12.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Hidayət oğlunun iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1992-ci ildə Qazax rayonu, Daşsalahlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qazax rayonu, Daşsalahlı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi, nömrəsiz evdə yaşayan, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə, təqsirləndirilən şəxs – xx.xx.1961-ci ildə Neftçala rayonu, Həsənabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, Həsənabad qəsəbə ərazi dairəsi, Günəşli kəndində qeydiyyatda olan və yaşayan, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) baş usta işləyərkən, özgənin əmlakını gizli olaraq talama məqsədilə iş yoldaşı, həmin MMC-də mühafizəçi işləyən Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, xx.xx.2024-cü il tarixdə, gecə saat 01 radələrində qrup üzvü Təqsirləndirilən şəxs2 ilə birlikdə sərbəst giriş-çıxış hüququna malik olduqları həmin şirkətin Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 76 ünvanında yerləşən tikinti aparılan sahədəki çoxmənzilli binanın anbar kimi istifadə olunan zirzəmisinə gələrək orada MMC-yə məxsus bir ədədinin dəyəri 25 manat, cəmi dəyəri 2.500 manat olan 100 ədəd dəmir dirəkləri gizli olaraq talayıb oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) mühafizəçi işləyərkən özgənin əmlakını gizli olaraq talama məqsədilə iş yoldaşı, həmin MMC-də baş usta işləyən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, xx.xx.2024-cü il tarixdə, gecə saat 01 radələrində qrup üzvü Təqsirləndirilən şəxs1 ilə birlikdə sərbəst giriş-çıxış hüququna malik olduqları həmin şirkətin Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 76 ünvanında yerləşən tikinti aparılan sahədəki çoxmənzilli binanın anbar kimi istifadə olunan zirzəmisinə gələrək orada MMC-yə məxsus bir ədədinin dəyəri 25 manat, cəmi dəyəri 2.500 manat olan 100 ədəd dəmir dirəkləri gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs1 özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, o, "xxxx" MMC-yə məxsus tikinti şirkətində baş usta işləmişdir. xx.xx.2024-cü il tarixdə, təxminən saat 13 radələrində işdə olan zaman onunla birlikdə işləyən Samilə və mühafizəçi işləyən Hilala birlikdə oğurluq etməyi təklif etmişdir. Bundan sonra o, tikintidə istifadə olunan dəmir dirəkləri oğurlamalarını, oğurladıqdan sonra hərəsinə 200 manat pul çatacağını demişdir. Onun bu təklifi ilə Hilal və Samil razılaşmışdır. Mühafizəçi Hilalın növbəsi 21 oktyabr 2024-cü il tarixdən 22 oktyabr 2024-cü il tarixə keçən gecə olduğundan, onlar oğurluğu həmin gecə etmək qərarına gəlmişlər. Buna görə də 21 oktyabr 2024-cü il tarixdə, saat 18 radələrində o, işini yekunlaşdırdıqdan sonra yaşadığı evə getmişdir. O, gecə saat 23:30 radələrində tikintiyə getmiş, orada Hilalın Samillə birlikdə onu gözlədiyini görmüşdür. Bundan sonra o, Hilal və Samilə əvvəlcədən danışdığı Ramil adlı şəxsin yük avtomobili ilə gələcəyini, birlikdə yükləri yükləyəcəklərini söyləmişdir. Onlar birlikdə təxminən 2 saata yaxın gözlədikdən sonra 22 oktyabr 2024-cü il tarixdə gecə təxminən saat 01 radələrində yük avtomobili tikintiyə gəlmişdir. Bu zaman Hilal giriş qapılarını açdıqdan sonra "Mercedes Ateco” markalı yük avtomobili içəri daxil olmuşdur. Yük avtomobilinin sürücüsü avtomobili saxladıqdan sonra yük hissəsini açmışdır. Bundan sonra o, Samil və yük avtomobilinin sürücüsü ilə birlikdə binanın zirzəmisindən 100 ədəd dəmir dirəyi yük hissəsinə yükləmişlər. Onlar dəmir dirəkləri yüklədikdən sonra Ramil ona 1000 manat verərək qalan 500 manatı gün ərzində verəcəyini demişdir. Sonradan sürücü yük hissəsini bağlayaraq Ramillə birlikdə çıxıb getmişdir. O, bundan sonra Hilala 400 manat verərək özünə 200 manat götürməsini, qalan 200 manatı isə Samilə verməsini bildirmişdir. Daha sonra o, Ramilin avtomobilində tikinti obyektindən çölə çıxmış və obyektin girişindəki darvazanın yanında düşmüş, özünə məxsus “Hyundai Sonata” markalı avtomobil ilə yaşadığı ünvana getmişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilmişdir, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Əməlindən peşmandır. Məhkəmədən barəsində həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs2 özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, o, "xxxx" MMC-yə məxsus tikinti şirkətində mühafizəçi işləmişdir. xx.xx.2024-cü il tarixdə, təxminən saat 13 radələrində işdə olan zaman onunla birlikdə baş usta kimi fəaliyyət göstərən Kərim və fəhlə işləyən Samil mühafizə otağına gəlmişlər. Onlarla bir az söhbət etdikdən sonra birlikdə oğurluq etmələrini təklif etmişlər. Bundan sonra Kərim tikintidə istifadə olunan dəmir dirəkləri oğurlamalarını, oğurladıqdan sonra ona 200 manat pul çatacağını söyləmişdir. O, Kərimin etdiyi təkliflə razılaşmışdır. Bir qədər sonra Kərim oğurluğu gecə saatlarında edəcəklərini, özünün yük avtomobili gətirəcəyini, dəmir dirəkləri birlikdə yük avtomobilinə yükləyəcəklərini söyləmişdir. Onlar birlikdə plan qurduqdan sonra o, öz işinə davam etmişdir. Təxminən saat 23 radələrində o, Samilə zəng edərək tikinti yerinə gəlməyini demişdir. Onlar birlikdə təxminən yarım saat gözlədikdən sonra Kərim mühafizə otağına gəlmişdir. Onlar birlikdə mühafizəçi otağında əyləşmişlər. Kərim yük avtomobili danışdığını demişdir. Onlar birlikdə təxminən 2 saata yaxın gözlədikdən sonra saat təxminən 01 radələrində yük avtomobili tikintiyə gəlmişdir. Bu zaman o, tikintinin giriş qapılarını açdıqdan sonra “Mercedes Ateco” markalı yük avtomobili içəri daxil olmuşdur. Bundan sonra o, ətrafa nəzarət etmiş, Kərim, Samil və yük avtomobilinin sürücüsü, adını sonradan bildiyi Ramillə birlikdə 100 ədəd dəmir dirəyi yük hissəsinə yükləmişdir. Kərim ona 400 manat pul verərək 200 manatı özünə gotürməyini, qalan 200 manatı isə Samilə verməyini demişdir. Bundan sonra Kərim və yük avtomobilinin sürücüsü Ramil adlı şəxs çıxıb getmiş, Samil də paltarlarını dəyişib qısa müddətdən sonra çıxıb getmiş, o isə işdə qalmışdır. Zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilmişdir, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Əməlindən peşmandır. Məhkəmədən barəsində həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən əməli törətməkdə təqsirləri öz ifadələri ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. İş üzrə zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, istintaqda verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, 2 ildən artıqdır ki, "xxxx" MMC şirkətlər qrupunda direktor vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə, saat 16 radələrində o, işlərini yekunlaşdırdıqdan sonra yaşadığı mənzilə getmişdir. 22 oktyabr 2024-cü il tarixə keçən gecə o, evdə yatmışdır. Təxminən saat 02 radələrində şirkətin sürücüsü Arzumanın “WhatsApp” da buraxılmış zəngini görmüş, onunla əlaqə saxladıqda Arzuman ona demişdir ki, ona şirkətdə fəhlə işləyən Samil zəng edib bildirmişdir ki, şirkətə aid Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 76 ünvanında yerləşən tikinti aparılan sahədəki çoxmənzilli binanın anbar kimi istifadə olunan zirzəmisindən orada mühafizəçi işləyən Hilal və baş usta Kərim tərəfindən təxminən 100 ədəd dəmir dirəklər oğurlanır və ya kiməsə satılır. Samil Arzumandan şirkət rəhbərliyinin bundan xəbəri olub-olmadığını soruşmuş, Arzuman da ona dəqiq bir cavab verə bilməyib dəqiqləşdirmək üçün ona zəng vurmuş və onun bundan xəbəri olub-olmamasını soruşmuşdur. Həmin vaxt o, oğurluq olduğunu başa düşmüş və dərhal Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə getmişdir. Orada o, oğurluq barədə məlumat vermiş və ərizə yazmışdır. Polis Şöbəsinin əməliyyat qrupu dərhal hadisə yerinə yollanmış, artıq o, izahat verən zaman əməliyyat qrupu tərəfindən yük maşını Polis Şöbəsinə gətirilmiş, yük maşınının yük yerində dəmir dirəklər olmuş, onlar ona təqdim olunmuş və o, təsdiq etmişdir ki, həmin dirəklər rəhbəri olduğu şirkətə məxsusdur, yük maşınında 100 ədəd dəmir dirək olmuşdur. Sonra o, özü də tikinti sahəsinə getmiş və məlum olmuşdur ki, oradan həqiqətən də cəmi 100 ədəd dəmir dirək oğurlanmışdır. Onların bir ədədinin dəyəri 25 manatdır. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 2500 manat maddi ziyan dəymişdir. İş üzrə Şahid1 məhkəməyə ərizə ilə müraciət edərək, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, 6 aya yaxındır ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 76 ünvanında yerləşən "xxxx" MTK-ya məxsus tikinti şirkətində fəhlə işləyir. xx.xx.2024-cü il tarixdə, təxminən saat 18 radələrində o, işini yekunlaşdırdıqdan sonra yaşadığı evə getmişdir. O, evdə olan zaman təxminən saat 23 radələrındə tikinti obyektində mühafizəçi işləyən Hilal ona zəng edərək tikintiyə gəlməyini demişdir. Bundan sonra o, hazırlaşıb tikintiyə getmişdir. O, tikintiyə getdikdən sonra Hilal ona demişdir ki, onu Kərim çağırtdırıb, bir yük maşını gələcək, ona dəmir dirəkləri yükləməyə kömək etmək lazımdır. Daha sonra ikisi birlikdə Kərimi gözləmişlər, təxminən yarım saat sonra iş yoldaşı Kərim də gəlmişdir. Onlar Kərim və Hilalla birlikdə mühafizəçi otağında əyləşmişlər. Kərim yük avtomobili danışdığını, bir azdan gələcəyini demişdir. Həmin vaxt o, Kərimin və Hilalın danışıqlarından şübhələnmişdir, onların oğurluq etmək istəyib-istəməmələrini öyrənmək üçün müdir Fərhad müəllimin sürücüsü Arzumana zəng vurub bu barədə bildirmişdir. Arzuman isə ona bir tutarlı cavab verməmişdir. Onlar birlikdə təxminən 2 saata yaxın gözlədikdən sonra yük avtomobili tikintiyə gəlmişdir. Bu zaman Hilal giriş qapılarını açdıqdan sonra yük avtomobili içəri daxıl olmuşdur. Yük avtomobilinin sürücüsü avtomobili saxladıqdan sonra yük hissəsini açmışdır. Arzuman ona heç nə demədiyindən düşünmüşdür kı, onların xəbəri var. Bundan sonra o, Kərim və sürücü birlikdə binanın zirzəmisindən 100 ədəd dəmir dirəyi həmin avtomobilin yük hissəsinə yükləmişlər və dərhal o, yaşadığı ünvana getmişdir. Təqsirləndirilən şəxslər hər ikisi yalan deyir, onun dəmir boruları oğurlamaq və onların satışından pul qazanmaq fikri olmamışdır. Belə bir niyyəti olsa idi, şirkətin rəhbərliyinə bu barədə məlumat verməzdi. İş üzrə Şahid2 məhkəməyə ərizə ilə müraciət edərək, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, o, dəmir alışı və satışı ilə məşğuldur. xx.xx.2024-cü il tarixdə ***-***-**-** saylı mobil nömrədən “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə ona zəng gəlmişdir. Həmin şəxs özünü Kərim kimi təqdim edərək tikintidə briqadir olduğunu və 100 ədəd dəmir dirək olduğunu bildirmişdir. O, həmin şəxsə ala biləcəyini dedikdə həmin şəxs 100 ədəd dəmir dirəyi 15 manatdan satacağanı bildirmiş, o da onunla razılaşmışdır. xx.xx.2024-cü il tarixdə günorta saatlarında Kərim adlı şəxs ona zəng edərək gecə saat 01 radələrində “Neftçilər” metrostansiyasının yaxınlığında tikintiyə gəlməyini demişdir. Onunla razılaşdıqdan sonra Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində “Mercedes Ateco” markalı yük avtomobilini görmüşdür. O, yük avtomobilinin üzərində olan mobil nömrə ilə əlaqə saxladıqdan sonra gecə saatlarında iş olduğunu, yük aparılacağını söyləmişdir. Onlar həmin şəxslə yəni adını sonradan bildiyi Röyal adlı şəxslə danışan zaman ona 60 manat pul verəcəyini dedikdə sürücü onunla razılaşmışdır. O, təxminən saat 00:30 radələrində sürücünün yanına getmiş və onlar birlikdə “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən tikintiyə gəlmişlər. Tikintiyə yaxınlaşan zaman giriş qapıları açılmış və onlar yük avtomobili ilə içəri daxil olduqdan sonra sürücü yük avtomobilinin yük hissəsini açmışdır. Sonradan Kərim adlı şəxs Samil adlı şəxslə birlikdə dəmir dirəkləri avtomobilin yük hissəsinə yükləmişlər. Yüklər yükləndikdən sonra o, Kərimə 1000 manat verərək, qalan pulu 1-2 saat ərzində göndərəcəyini söyləmişdir. Bundan sonra o, sürücü ilə tikinti obyektindən çıxmış, təxminən 300 metr getdikdən sonra “Neftçilər” dairəsinin yanında polis əməkdaşları onları saxlamış və 24-cü PŞ-nə aparmışlar. Kərim ona dirəklərin oğurluq olması barədə heç nə deməmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilməsi barədə Nizami RPİ-nin İŞ-nin baş müstəntiqi Rafail Tağıyevin vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir. - qətimkan tədbirinin seçilməsi haqqında və tutulmuş şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və müvəqqəti saxlama yerindən azad edilmişdir. - cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - qətimkan tədbirinin seçilməsi haqqında və tutulmuş şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və müvəqqəti saxlama yerindən azad edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/9003 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd 2.20 sm uzunluğunda dəmir dirəyin istifadədə olması nəzərə alınmaqla, 2024-cü ilin oktyabr ayına olan orta bazar qiyməti təxminən 25.00 manat müəyyən edilir. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 100 ədəd hər biri 220 sm uzunluğunda dəmir dirəklər iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və məhkəmə baxışına qədər saxlanması üçün sahibi "xxxx" MMC-nin direktoru Nümayəndə qaytarılmış, həmçinin istintaq zamanı oğurlanmış dirəklərin satışından əldə olunduğu üçün Təqsirləndirilən şəxs1 götürülmüş 600 manat və Təqsirləndirilən şəxs2 götürülmüş 400 manat pul sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və sahibi Şahid2 qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında Plenum qərara almışdır ki: 2.Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir... 7.Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir.... 10. Özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək,cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir.... 11. CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur....”. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını oğurlaması tədqiq edilmiş mötəbər və mümkün sübutların məcmusu, özünün, şahidlərin, zərərçəkmiş şəxsin nümayəndəsinin ifadələri, həmçinin cinayət işinin materiallarındakı digər sənədlərlə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs1 cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını oğurlaması tədqiq edilmiş mötəbər və mümkün sübutların məcmusu, özünün, şahidlərin, zərərçəkmiş şəxsin nümayəndəsinin ifadələri, həmçinin cinayət işinin materiallarındakı digər sənədlərlə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs2 cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməl az ağır cinayət hesab olunur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkumluğu barədə məlumat yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin nümayəndəsinin şikayətinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 2 gün həbsdə saxlanılması həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi, nömrəsiz evi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərini, həmçinin Abşeron rayonunu tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin nümayəndəsinin şikayətinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən cəza təyin edilərkən Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 2 gün həbsdə saxlanılması həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Neftçala rayonu, Həsənabad qəsəbə ərazi dairəsi, Günəşli kəndində yerləşən fərdi evi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunu tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldıqları müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındıqları vaxtdan hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan 100 ədəd hər biri 220 sm uzunluğunda dəmir dirəklər sahibi "xxxx" MMC-nin direktoru Nümayəndə, oğurlanmış dirəklərin satışından əldə olunmuş Təqsirləndirilən şəxs1 götürülmüş 600 manat və Təqsirləndirilən şəxs2 götürülmüş 400 manat pul sahibi Şahid2 qaytarılmış hesab edilməli; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərcinin 25 (iyirmi beş) manatı Təqsirləndirilən şəxs1 və 25 (iyirmi beş) manatı Təqsirləndirilən şəxs2 tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardım 30 iş saatı müddətinə bərabər olduğundan 180 (bir yüz səksən) manat (30x6) məbləğində əmək haqqı, Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardım 32 iş saatı müddətinə bərabər olduğundan 192 (bir yüz doxsan iki) manat (32x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 2 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq üzərində 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın və cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi, nömrəsiz evi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərini, həmçinin Abşeron rayonunu tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 2 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq üzərində 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın və cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Neftçala rayonu, Həsənabad qəsəbə ərazi dairəsi, Günəşli kəndində yerləşən evi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunu tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut olan 100 ədəd hər biri 220 sm uzunluğunda dəmir dirəklər sahibi "xxxx" MMC-nin direktoru Nümayəndə, oğurlanmış dirəklərin satışından əldə olunmuş Təqsirləndirilən şəxs1 götürülmüş 600 manat və Təqsirləndirilən şəxs2 götürülmüş 400 manat pul sahibi Şahid2 qaytarılmış hesab edilsin. İş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərcinin 25 (iyirmi beş) manatı Təqsirləndirilən şəxs1 və 25 (iyirmi beş) manatı Təqsirləndirilən şəxs2 tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs1 30 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 180 (bir yüz səksən) manat əmək haqqı, Təqsirləndirilən şəxs2 32 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 192 ( bir yüz doxsan iki) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-157/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-157/2025
12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver