Məhkəmə qərarları › İş №1(007)-158/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-158/2021

08.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-158/2021 08.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs-Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs1, onun müdafiəçisi-Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Cəlal oğlunun, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs2, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, subay, Zərərçəkmiş şəxs MMC-də tibbi porter vəzifəsində işləmiş, hazırda işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Qarayev küçəsi, ev 9-da qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində nömrəsiz fərdi yaşayış evində yaşayan, 06 noyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 07 noyabr 2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, 03 fevral 2021-ci il tarixdə həbsdə saxlanılma müddətinin uzadılmasından imtina edilərək dərhal həbsdən azad olunmuş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi, təqsirləndirilən şəxs - 31 avqust 1989-cu il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, bir uşağı olan, Zərərçəkmiş şəxs MMC-də tibbi porter vəzifəsində işləmiş, hazırda Fövqəladə Hallar Nazirliyinin Modul tipli hospitalında tibbi porter vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Mingəçevir şəhəri, 20 Yanvar ev 37/49, mənzil 12-də qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi ev 22, mənzil 58-də yaşayan, 07 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 08 fevral 2021-ci il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını talama məqsədi və tamah niyyəti ilə zərərçəkmiş şəxsin əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Belə ki, o, Zərərçəkmiş şəxs Beynəlxalq hospitalında tibbi-porter vəzifəsində işləyən zaman eyni vəzifədə işləyən iş yoldaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, talanacaq əmlakı satdıqdan sonra öz aralarında bərabər şəkildə böləcəklərinə dair razılığa gəlmiş, aralarında olan cinayətkar sövdələşməyə əsasən Təqsirləndirilən şəxs1 özgə əmlakını gizli yolla talama məqsədi və tamah niyyəti ilə 2020-ci ilin avqust ayının əvvəllərində tibbi-porter vəzifəsində işlədiyi, ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs Beynəlxalq hospitalının əməliyyatxana şöbəsinin giriş və çıxışına ona Zərərçəkmiş şəxs Beynəlxalq hospitalı tərəfindən icazə verilmiş cihazların yerləşdiyi otağına daxil olaraq, oradan qiyməti 2500 manat dəyərində olan bir ədəd istifadədə olmuş, “Karl Storz” markalı “H3-Z TH 100” modelli endoskopik cihazın kamerasını gizli yolla taladıqdan sonra həmin əmlakı satması və əldə olunacaq gəlirin aralarında bərabər şəkildə bölünməsi üçün qrupun digər üzvü olan Təqsirləndirilən şəxs2 vermiş, daha sonra Təqsirləndirilən şəxs2 tərəfindən endoskopik cihazın kamerası satılıb əldə olunan gəlir aralarında bərabər şəkildə bölünərək zərərçəkmiş Zərərçəkmiş şəxs Beynəlxalq hospitalına ümumilikdə 2500 manat maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişlər. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını talama məqsədi və tamah niyyəti ilə zərərçəkmiş şəxsin əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Belə ki, o, Zərərçəkmiş şəxs Beynəlxalq hospitalında tibbi-porter vəzifəsində işləyən zaman eyni vəzifədə işləyən iş yoldaşı X3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, talanacaq əmlakı satdıqdan sonra öz aralarında bərabər şəkildə böləcəklərinə dair razılığa gəlmiş, aralarında olan cinayətkar sövdələşməyə əsasən Təqsirləndirilən şəxs1 özgə əmlakını gizli yolla talama məqsədi və tamah niyyəti ilə 2020-ci ilin avqust ayının əvvəllərində tibbi-porter vəzifəsində işlədiyi, ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs Beynəlxalq hospitalının əməliyyatxana şöbəsinin giriş və çıxışına ona Zərərçəkmiş şəxs Beynəlxalq hospitalı tərəfindən icazə verilmiş cihazların yerləşdiyi otağına daxil olaraq, oradan qiyməti 2500 manat dəyərində olan bir ədəd istifadədə olmuş, “Karl Storz” markalı “H3-Z TH 100” modelli endoskopik cihazın kamerasını gizli yolla taladıqdan sonra həmin əmlakı satması və əldə olunacaq gəlirin aralarında bərabər şəkildə bölünməsi üçün qrupun digər üzvü olan Təqsirləndirilən şəxs2 vermiş, daha sonra Təqsirləndirilən şəxs2 tərəfindən endoskopik cihazın kamerası satılıb əldə olunan gəlir aralarında bərabər şəkildə bölünərək zərərçəkmiş Zərərçəkmiş şəxs Beynəlxalq hospitalına ümumilikdə 2500 manat maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişlər. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 20 fevral 2019-cu il tarixdən 10 sentyabr 2020-ci il tarixədək ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs Beynəlxalq hospitalının əməliyyatxana şöbəsində tibbi-porter vəzifəsində işləmişdir. Orxar Mahmudovu Zərərçəkmiş şəxs Beynəlxalq hospitalında işlədiyi vaxtdan etibarən tanıyır. Orxanla aralarında yaxşı münasibətləri yaranmışdır. 2020-ci ilin avqust ayının əvvəllərində Orxanla söhbət edən zaman ona maddi vəziyyəti yaxşı olmadığından əməliyyatxana şöbəsində olan endoskopik cihazın kamerasını oğurlayıb satmaq istədiyini demiş, Orxan həmin kameranı oğurlayacağı təqdirdə ona köməklik edə biləcəyini demişdir. Orxandan kameranı oğurlayıb satacağı təqdirdə hansı məbləğdə pul qazana biləcəyini soruşduqda, o, ən azı 1500 manat qazanc əldə edə biləcəyini demişdir. O, Orxanın dedikləri ilə razılaşıb işlədiyi hospitaldan həmin kameranı oğurlamağa qərar vermişdir. Həmin günün səhəri gecə növbədə olan zaman saat 05 radələrində endoskopik cihazın olduğu otağa daxil olub kameranı götürmüş, bundan sonra həmin kameranı sellofan torbaya yerləşdirib sellofan torbanı paltarlarının olduğu dolabda gizlətmiş, səhər iş vaxtı qurtardıqdan sonra saat 08 radələrində işdən çıxan zaman içərisində kamera olan sellofanı da özü ilə götürmüş, saat 10-11 radələrində Orxana zəng vuraraq endoskopik cihazın kamerasını oğurladığı barədə ona məlumat vermişdir. Razılaşmaya əsasən kameranı oğurladıqdan sonra Orxan kameranı satıb ona 1500 manat verməli, geriyə qalan məbləği isə özünə götürməli olmuşdur. Orxanla danışan zaman o, tezliklə kameranı satacağını demişdir. Səhəri gün Orxan ona zəng vuraraq Əhməd adlı şəxslə danışıb kameranı ona verməyini demişdir. O, ilk öncə Əhmədin kameranı almaq istədiyini fikirləşmiş, daha sonra kameranı vermək üçün Əhmədlə görüşən zaman onun satmaq məqsədilə kameranı ondan aldığını bilmişdir. Bundan sonra kameranı Əhmədə verib bu barədə Orxana məlumat vermişdir. Həmin günün səhəri görüşən zaman Orxan ona 1100 manat pul verib kameranı ucuz qiymətə satdığını, ona da az miqdarda pul qaldığını demişdir. O, razılaşıb 1100 manatı Orxandan götürmüş, lakin onun kameranı konkret olaraq hansı qiymətə satmasını bilməmişdir. Həmin pulları şəxsi ehtiyaclarına xərcləmişdir. 10 sentyabr 2020-ci il tarixdə “Yeni klinika”ya işə düzəldiyindən Zərərçəkmiş şəxs hospitalından öz istəyi ilə çıxmışdır. 30 oktyabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs hospitalın əməkdaşları onu hospitala dəvət etmiş, hospitalda olan zaman ondan endoskopik cihazın kamerası barədə məlumatının olub-olmadığını soruşmuşlar. O, həmin kameranı oğurladığını etiraf etmiş, ondan kameranı tələb etdikdə isə, kameranı sındırdığını demişdir. Hospitalın rəhbərliyi isə onun barəsində şikayət etmişdir. O, oğurluq barədə yalnız Orxana demişdir, digər şəxslərin bu məsələdən məlumatları olmamışdır. Təqsirləndirilən şəxs1 daha sonra ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı endoskopik cihazın kamerası aşkar olunaraq götürülmüşdür, Zərərçəkmiş şəxs hospitalın rəhbərliyinin ona qarşı şikayəti və tələbi yoxdur. Oğurluğu ancaq ağır maddi vəziyyətinə görə, pul əldə etmək üçün etmişdir. Atası birinci Qarabağ müharibəsində iştirak edərək yaralanmışdır, həmin vaxtdan daim müalicəyə ehtiyacı olur, əldə etdiyi pulu atasının müalicəsinə və digər xərclərinə sərf etmişdir. Qeyd etdiklərinin, əməlindən səmimi peşmançılıq çəkdiyinin nəzərə alınaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 03 oktyabr 2019-cu il tarixdən 04 noyabr 2020-ci il tarixədək ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs Beynəlxalq hospitalda tibbi-porter vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs1 hospitalda işlədiyi vaxtdan etibarən tanıyır. 2020-ci ilin avqust ayının əvvəllərində söhbət edən zaman Talıb maddi vəziyyəti yaxşı olmadığından əməliyyatxana şöbəsində olan endoskopik cihazın kamerasını oğurlayıb satmaq istədiyini ona demişdir. O, Talıba həmin kameranı hospitaldan çıxara biləcəyi təqdirdə satılması üçün ona köməklik edə biləcəyini demişdir. Eləcə də satış nəticəsində 1000-1500 manat qazanc əldə edə biləcəyini demişdir. Həmin vaxtdan 1-2 gün sonra saat 10-11 radələrində Talıb zəng vuraraq endoskopik cihazın kamerasını oğurladığı barədə ona məlumat vermişdir. Razılaşmaya əsasən Talıb kameranı oğurladıqdan sonra o, kameranı satıb Talıba 1500 manat verməli, geriyə qalan məbləği isə özünə götürməli olmuşdur. O, əvvəllər “X16”da birlikdə işlədiyi Əhmədə zəng vurub endoskopik cihazın kamerası barədə ona məlumat vermiş, Əhmədə həmin kameranı Talıbın Türkiyədən gətirdiyini, 2000 manata satdığını, kameranı baha qiymətə satacağı təqdirdə ona da pul veriləcəyini demişdir. Əhməd ona həmin kameranın şəklini çəkib atmağını demiş, kameranın şəklini Əhmədə atdıqdan sonra tanışlarından almaq istəyən olacağı təqdirdə ona məlumat verəcəyini demişdir. Həmin gün axşam Talıb Əhmədlə görüşüb kameranı ona vermişdir. Belə ki, Əhməd kameraya yaxından baxmaq istədiyini və tanışlarına göstərəcəyini demişdir. Həmin günün səhəri Əhmədlə görüşən zaman ona kameranın dünən onunla görüşən Talıba məxsus olduğunu demiş, həmin gün müxtəlif yerlərdə endoskopik cihazın kamerasını göstərsələr də, sata bilməmişlər. Bundan sonra Əhməd kameranı götürüb getmiş, həmin gün axşam isə ona zəng vuraraq Pərviz adlı tanışının kameranı alması üçün müştəri tapdığını, kameranın 4000 manata satılacağını, müştəri tapdığına görə ona da 1000 manat verəcəklərini demişdir. O, həmin təkliflə razılaşmış, həmin günün səhəri Əhmədlə birlikdə Pərvizin tapdığı müştəri ilə, yəni Xaləddinlə “Nərimanov” metrostasiyasının yaxınlığında görüşmüşlər, Xaləddin kameraya baxdıqdan sonra götürüb pulunu axşam 17 radələrində verəcəyini demişdir. Xaləddinlə razılaşıb kameranı ona vermiş, saat 17 radələrində Xaləddinlə “Nərimanov” metrostansiyasının yaxınlığında yenidən görüşüb 4000 manat pulu ondan almışlar. Xaləddin getdikdən sonra 4000 manat puldan 1700 manatını Əhmədə vermiş, 1000 manatı Pərvizə verməyini, 700 manatı isə özünə götürməyini demişdir. Həmin gün Talıbla görüşən zaman ona 1100 manat pul verib kameranı ucuz qiymətə satdığını, ona da az miqdarda pul qaldığını bildirmişdir. Talıb onunla razılaşıb 1100 manatı götürmüşdür. Lakin Talıb kameranın konkret olaraq hansı qiymətə satılmasını bilməmişdir. Həmin pulları şəxsi ehtiyaclarına xərcləmişdir. 2020-ci ilin sentyabr ayında Talıb həmin hospitaldan çıxıb başqa yerə işə düzəlmişdir. 2020-ci ilin noyabr ayında koronavirus xəstəliyinə tutulduğundan işə çıxa bilməmiş, həmin vaxtlarda Talıbın oğurluq etdiyinə görə tutulduğunu öyrənmiş, bundan sonra o da hospitala işə getməmiş və FHN-nin X11 tipli hospitalına işə düzəlmişdir. Oğurluq etmək Talıbın fikri olmuşdur. Lakin kameranı Talıb tək özü oğurlamış, o isə kameranı satmağı təşkil etmişdir. Əhmədin, Pərvizin və Xaləddinin isə kameranın oğurluq olmasından məlumatları olmamışdır, onlara Talıbın həmin kameranı Türkiyədən gətirdiyini demişdir. Təqsirləndirilən şəxs2 daha sonra ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı endoskopik cihazın kamerası aşkar olunaraq götürülmüşdür, Zərərçəkmiş şəxs hospitalın rəhbərliyinin ona qarşı şikayəti və tələbi yoxdur. Ağır maddi vəziyyətinə görə, pul əldə etmək üçün Talıbın oğurlanmış əmlakı satmaq barədə təklifinə razılaşmışdır. Əldə etdiyi pulu xroniki öddaşı xəstəliyindən əziyyət çəkən anasının müalicəsinə və digər xərclərinə sərf etmişdir. Qeyd etdiklərinin, əməlindən səmimi peşmançılıq çəkdiyinin və himayəsində azyaşlı uşağı olduğunun nəzərə alınaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə göstərmişdir ki, Təqsirləndirilən şəxs1 20 fevral 2019-cu il tarixdən 10 sentyabr 2020-ci il tarixədək Zərərçəkmiş şəxs Beynəlxalq hospitalında tibbiporter, yəni xəstə və cihaz daşıyıcısı vəzifəsində işləmişdir. Sonradan Talıb öz xahişi ilə işdən ayrılmışdır. 2020-ci ilin iyun ayında hospitalın əməliyyatxana şöbəsindəki endoskopik cihazın monitoru təmirə göndərilmiş, həmin müddət ərzində cihazın kamerası istifadə edilməmişdir. 30 oktyabr 2020-ci il tarixdə endoskopik cihazın monitoru təmirdən qayıtdıqdan sonra həmin cihazın kamerasının yerində olmadığı aşkar olmuşdur. Hospitalda kameranı axtarsalar da, tapa bilməmişlər, belə olan halda əməliyyatxana şöbəsindəki endoskopik cihazın yerləşdiyi otağa giriş-çıxışına icazə verilmiş şəxslərdən bu barədə soruşulmağa başlanmışdır. Lakin yenə də kameranı tapa bilməmişlər, bundan sonra Talıbın da işlədiyi müddət ərzində həmin otağa giriş-çıxış etdiyini fikirləşib onu hospitala dəvət etmişlər, Talıbdan kamera barədə məlumatının olub-olmaması soruşulduqda, o, işdən çıxmamışdan əvvəl əməliyyat şöbəsindəki endoskopik cihazın kamerasını oğurladığını bildirmişdir. Bundan sonra Talıba kameranı geri qaytarmasını demişlər, lakin o, dediklərinə məhəl qoymadığından bu barədə hüquq-mühafizə orqanlarına müraciət etməyə qərar vermişlər. Oğurluq hadisəsi nəticəsində oğurlanmış endoskopik cihazın kamerasının qiymətinin 2500 manat məbləğində müəyyən olunması barədə məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə razıdırlar, ibtidai istintaq zamanı həmin kamera götürülərək onlara təhvil verilmişdir. Dəymiş madid ziyan ödənildiyinə görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı şikayət və tələbləri yoxdur. Təqsirləndirilən şəxslərin barəsində hər hansı qərar qəbul olunmasını məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, əvvəllər “X16”da tibbi-porter vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs2 “X16”da işlədiyi vaxtdan etibarən tanıyır. Orxan da orada tibbi-porter vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs1 2020-ci ilin avqust ayında Orxan vasitəsilə tanımışdır. Belə ki, 2020-ci ilin avqust ayının əvvəllərində Orxan ona zəng vuraraq tanışının 2000 manata endoskopik aparatın kamerasını satdığını, baha satacaqları təqdirdə qalan pulu öz aralarında böləcəklərini bildirmişdir. Ona həmin kameranın şəklini çəkib atmasını demiş, Orxan kameranın şəklini ona atdıqdan sonra tanışlarından almaq istəyən olacağı təqdirdə ona məlumat verəcəyini demişdir. Bundan sonra tanışı “X16”nın direktoru Şahid3 zəng edərək bu barədə məlumat vermiş, Pərviz hazırda həmin kameraya ehtiyaclarının olmadığını və onun tanışlarına lazım olacağı təqdirdə ona məlumat verəcəyini bildirmişdir. Həmin gün axşam Talıbla “Xalqlar Dostluğu” metrostansiyasının yanında görüşmüşlər, Talıb kameranı ona təqdim edərək Orxanın onu göndərdiyini demişdir. Talıb ondan kameranın pulunu tələb etdikdə, satıldıqdan sonra pulu verəcəyini demiş, Talıb onunla sağollaşıb getmişdir. Lakin Talıb kameranın özünə məxsus olmasını ona deməmişdir. Həmin günün səhəri Orxanla görüşən zaman kameranı tanışının Türkiyədən gətirdiyini demişdir. Orxandan kameranın kimə məxsus olduğunu soruşduqda, o, Talıba məxsus olduğunu bildirmişdir. Həmin gün müxtəlif yerlərdə həmin kameranı göstərsələr də, sata bilməmişlər, bundan sonra Orxan kameranı götürüb getmiş, həmin gün axşam Pərviz ona zəng vuraraq Xaləddin adlı tanışının həmin kameranı almaq istədiyini demişdir. Pərvizlə danışan zaman o, Xaləddinə kameranın qiymətini 4000 manata satılması barədə dediyini, buna görə də kameranı satdıqdan sonra onlardan 1000 manat pul alacağını bildirmişdir. Bu barədə Orxana dedikdə o, razılaşmışdır. Həmin günün səhəri Orxanla birlikdə Xaləddinlə “Nərimanov” metrostasiyasının yaxınlığında görüşmüşlər, Xaləddin kameraya baxdıqdan sonra götürüb, pulunu axşam 17 radələrində verəcəyini demişdir. Xaləddinlə razılaşıb kameranı ona vermişlər, saat 17 radələrində Xaləddinlə “Nərimanov” metrostansiyasının yaxınlığında yenidən görüşüb 4000 manat pulu ondan almışlar. Xaləddin getdikdən sonra Orxan 4000 manat puldan 1700 manatını ona verib, 1000 manatı Pərvizə verməyini, 700 manatı isə özünə götürməyini demişdir. Orxanla ayrıldıqdan sonra “28 May” metrostansiyasının yaxınlığında Pərvizlə görüşüb 1000 manat pulu ona vermiş, özünə qalan 700 manatla isə kredit borclarını bağlamışdır. Sonradan polis əməkdaşları ona zəng vuran zaman həmin kameranın oğurluq olmasını bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Nürəddin oğlu ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç yerdə işləməsə də, tibbi avadanlıqlar üzrə mühəndisdir. Bununla bağlı müxtəlif hospital və klinikalarda avadanlıqları təmir edir. Orxan və Əhməd adlı şəxsləri əvvəllər tanımamış, onlarla hər hansı əlaqəsi olmamışdır. 2020-ci il avqust ayının əvvəllərində Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən “X16”da avadanlıqları təmir edən zaman həmin klinikanın direktoru Pərviz bir tanışının 4000 manata endoskopik cihazın kamerasını satdığını bildirmişdir. Pərvizdən həmin şəxsin kim olduğunu soruşduqda, o, kameranı satan şəxsin yaxını olduğunu deyib mobil telefon nömrəsini ona vermişdir. O, həmin nömrəyə zəng edib endoskopik cihazın kamerasının vəziyyəti barədə soruşmuşdur. Əhməd adlı şəxs kameranın işlək vəziyyətdə olduğunu və 4000 manata satıldığını demişdir. Həmin günün səhəri Əhməd və onun yanında olan şəxslə “Nərimanov” metrostansiyasının yaxınlığında görüşmüşlər. İlk öncə həmin şəxslərdən kameranı haradan aldıqlarını soruşmuş, Əhməd kameranı tanışlarının Türkiyədən gətirdiyini, pul lazım oluğuna görə satdığını demişdir. Əhmədin yanında olan Orxan da onun dediklərini təsdiqləmişdir. Kameraya baxdıqdan sonra yaxşı vəziyyətdə və münasib qiymətə olduğunu görüb onu almağa qərar vermişdir. Bundan sonra kameranı götürüb Orxan və Əhmədə saat 17 radələrində onlara pulu verəcəyini demişdir. Onlar razılaşmışlar, həmin gün saat 17 radələrində yenidən Əhməd və Orxanla “Nərimanov” metrostansiyasının yaxınlığında görüşmüş və 4000 manat pulu onlara vermişdir. Bundan sonra onlarla hər hansı əlaqəsi olmamışdır. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılan zaman Əhməd və Orxandan aldığı endoskopik cihazın kamerasının oğurluq yolu ilə əldə edilməsi ona məlum olmuşdur. O, 05 noyabr 2020-ci il tarixdə həmin kameranı protokol əsasında polislərə təqdim etmişdir. Lakin endoskopik cihazı almaq üçün verdiyi 4000 manat pul ona ödənilməmişdir, həmin pulu tələb edir, hesab edir ki, həmin pul vəsaiti ona qaytarılmalıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, “X16”nın direktoru vəzifəsində çalışır. Şahid1 2015-ci ildən etibarən tanıyır. Belə ki, Əhməd rəhbərlik etdiyi klinikada tibbi-porter vəzifəsində işləmişdir. Həmin vaxtdan onunla münasibətləri yaranmışdır. Əhməd 2017-ci ildə işdən çıxsa da, onunla əlaqələri qalmışdır. 2020-ci ilin avqust ayının əvvəllərində Əhməd ona zəng vuraraq tanışının endoskopik cihazın kamerasını satdığını bildirmişdir. Hazırda rəhbərlik etdiyi klinikada kameraya ehtiyac olmadığını, tanışlarından almaq istəyən olacağı təqdirdə ona məlumat verə biləcəyini demişdir. Əhməddən kameranı haradan əldə etdiyini soruşduqda, o, həmin kameranı tanışının Türkiyədən gətirdiyini bildirmişdir. Həmin günün səhəri tibbi avadanlıqlar üzrə mühəndis Şahid2 təmirlə bağlı rəhbərlik etdiyi klinikada olan zaman ona endoskopik cihazın kamerasının satılması barədə məlumat vermiş, Xaləddin kameranı satan şəxsin kim olduğunu soruşduqda, ona həmin şəxsin tanışı olmasını demiş və Əhmədin mobil telefon nömrəsini ona vermişdir. Xaləddin endoskopik cihazın kamerasını almaq istədiyini, buna görə də Əhmədə zəng vuracağını demişdir. O, Əhmədə zəng vuraraq Xaləddinin ona kamerayla bağlı zəng vuracağını demiş, həmin günün səhəri Əhməd ona zəng vuraraq endoskopik cihazın kamerasını Xaləddinə satdıqlarını və müştəri tapdığına görə ona həmin satışdan ayrılmış 1000 manat pulun onda olduğunu bildirmişdir. Həmin gün axşam Əhmədlə “28 May” metrostansiyasının yaxınlığında görüşmüş və 1000 manat pulu ondan almışdır. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağrılan zaman Əhmədin Xaləddinə satdığı endoskopik cihazın kamerasının oğurluq yolu ilə əldə edilməsi ona məlum olmuşdur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 06 noyabr 2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v. 1) -Zərərçəkmiş şəxs MMC-nin 05 noyabr 2020-ci il tarixli 793 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 20 fevral 2019-cu il tarixdən 10 sentyabr 2020-ci il tarixədək həmin MMC-də porter vəzifəsində işləmiş, işlədiyi müddətdə onun oğurluq hadisəsinin baş verdiyi otağa giriş və çıxışına icazəsi olmuşdur. (i.v. 5-6) - 05 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Şahid2 Nürəddin oğlundan 01 ədəd endoskopik cihazın kamerası götürülmüşdür. (i.v. 19) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 06 noyabr 2020-ci il tarixli 9/4890 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd istifadədə olmuş “Karl Storz” markalı “H3-Z TH100” modelli endoskopik cihazın kamerasının 2020-ci ilin avqust ayına olan və hazırkı orta bazar qiyməti təxminən 2500,0 manat müəyyən edilir. Həmin “Karl Storz” markalı “H3-Z TH100” modelli endoskopik cihazın kamerasının işlək vəziyyətdə olub-olmaması ekspertəmtəəşünasın səlahiyyətinə aid olmadığı üçün tədqiqat aparılmamışdır. (i.v. 23-26) -Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə 21 dekabr 2020-ci il tarixli qəbzindən görünür ki, o, MMC-yə məxsus bir ədəd tibbi endoskopik kameranı qəbul etmişdir. (i.v. 109) -Zərərçəkmiş şəxs MMC-nin 05 yanvar 2021-ci il tarixli 005 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 03 oktyabr 2019-cu il tarixdən həmin MMC-də porter vəzifəsində işləyir, işlədiyi müddətdə onun oğurluq hadisəsinin baş verdiyi otağa giriş və çıxışına icazəsi olmuşdur. (i.v. 110) -Sübutların qiymətləndirilməsi haqqında 22 yanvar 2021-ci il tarixli qərardan görünür ki, “Karl Storz” markalı “H3-Z TH100” modelli endoskopik cihazın kamerası maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs Beynəlxalq hospitalına qaytarılması nəzərə alınmış, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin bütün tərkib əlamətləri üzrə cinayət təqibinin başlanması rədd edilmiş, Şahid1, Şahid2 Nürəddin oğlu və Şahid3 əməllərində Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsinin tərkibi olmadığından onların barələrində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmişdir. (i.v. 123-129) Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini, zərərçəkmiş şəxsin nümayəndəsini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirlilikləri özlərinin etirafedici ifadələri ilə yanaşı mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, məhkəmə ekspertizasının rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onların cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 06 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 58-59) -Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 noyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 haqqında həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 06 noyabr 2020-ci il tarixdən hesablanmışdır. (i.v. 92-96) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 16 noyabr 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 99) -Bakı şəhəri Sabunçu rayon İHB-nın Ramana qəsəbəsi üzrə nümayəndəsi tərəfindən 11 yanvar 2021-ci il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 135) -Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsdə saxlanılma müddətinin uzadılmasından imtina edilmiş, müstəntiqin vəsatəti və onunla bağlı prokurorun təqdimatı təmin edilməmiş, Təqsirləndirilən şəxs1 məhkəmə iclas zalından dərhal buraxılmışdır. (i.v. 161-163) - 03 fevral 2021-ci il tarixli qərardan görünür ki, müstəntiq tərəfindən Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 164-165) - 07 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan ittihamın elan edilməsi üçün o, həmin tarixdə tutulmuşdur. (i.v. 276-278) - 08 fevral 2021-ci il tarixli qərardan görünür ki, müstəntiq tərəfindən Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 294-295) -Mingəçevir şəhəri 3 saylı MKİS-nin rəisi tərəfindən 19 fevral 2021-ci il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 299) - AZ-İV seriyalı, 435892 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 04 aprel 2020-ci il tarixdə doğulmuşdur. (i.v. 300) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 03 mart 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 301-302) -Məhkəməyə təqdim edilmiş 14 iyul 1999-cu il tarixdə qeydə alınmış 032182 nömrəli vəsiqənin surətindən görünür ki, X8 (Təqsirləndirilən şəxs1 atası) müharibə veteranıdır. -Məhkəməyə təqdim edilmiş “Azərsutikinti” xəstəxanasından verilmiş 341 nömrəli stasionar xəstəlik tarixindən çıxarışdan görünür ki, X8 04 fevral 1994-cü il tarixdən 12 iyun 1994-cü il tarixədək “Sağ əlin baş barmağının dəlib keçən güllə yarası. Sağ əlin İ barmağının çoxsaylı qəlpəli açıq sınığı. Baş barmağın osteomieliti” diaqnpzu ilə müalicədə olmuşdur. -Məhkəməyə təqdim edilmiş “Azərsutikinti” xəstəxanasının arayışından görünür ki, X1 (Təqsirləndirilən şəxs2 anası) “Xroniki öddaşı xəstəliyi” diaqnozu ilə 25 mart 2021-ci il tarixdən həmin xəstəxananın cərrahiyyə şöbəsində stasionar müalicədə olmuşdur, xəstəlik davam edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə törətdikləri əməl, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cinayət işi üzrə maddi ziyanın ödənilməsini və zərərçəkmiş şəxslə razılıq əldə edilməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə bununla yanaşı Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunaraq az ağır cinayət törətməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, atasının birinci Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək yaralanmasını və müharibə veteranı olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşağının olmasını, cinayət işi üzrə maddi ziyanın ödənilməsini və zərərçəkmiş şəxslə razılıq əldə edilməsini Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.1.12-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə bununla yanaşı Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunaraq az ağır cinayət törətməsini, əməlindən səmimi peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların isə olmamasını, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların isə olmamasını, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzanı yaşayış yerləri üzrə çəkməli və cəzaçəkmə müddətlərinin əvvəli onların cəzanı icra edən orqanda qeydiyyata alındıqları vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, yaşadıqları Bakı şəhərinin hüdudlarını tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 06 noyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 07 noyabr 2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, 03 fevral 2021-ci il tarixdə həbsdə saxlanılması müddətinin uzadılmasından imtina edilənə və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilənədək 02 ay 28 gün həbsdə saxlanılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs2 07 fevral 2021-ci il tarixdə ittiham elan edilməsi üçün tutulmuş, 08 fevral 2021-ci il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, bununla da 01 gün ərzində tutulmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılaraq, təqsirləndirilən şəxslərin üzərində qəti müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan, barələrində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, zərərçəkmiş hüquqi şəxs tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı vurulmuş maddi ziyanla mülki iddia qaldırılmamışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış “Karl Storz” markalı “H3-Z TH100” modelli endoskopik cihazın kamerasının Zərərçəkmiş şəxs MMC-yə qaytarılması nəzərə alınmalıdır; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaqın ilkin mərhələsində Təqsirləndirilən şəxs1 dövlət hesabına vəkil təyin edilmiş, Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X2 iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmişdir. Eləcə də ibtidai istintaq zamanı digər Təqsirləndirilən şəxs2 dövlət hesabına vəkil təyin edilmiş, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X9 iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmişdir. Lakin iş materiallarına həmin vəkillərin göstərdiyi hüquqi yardıma görə iştirak etdikləri müddəti təsdiq edən hesabat arayışı və ya müstəntiqin ittiham aktına əlavə etdiyi arayışda məhkəmə xərclərinə dair hissədə buna dair məlumat əlavə edilməmişdir. Ona görə məhkəmə hesab edir ki, həmin müdafiəçilərə əmək haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi ilə bağlı məsələnin müzakirəsi üçün əsaslar yoxdur. Bununla yanaşı işin ibtidai istintaqının sonrakı mərhələsində və məhkəmə icraatı dövründə Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Cəlal oğlu müqavilə əsasında iştirak edərək Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsini həyata keçirmişdir, ona görə həmin vəkilə münasibətdə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Bundan başqa, məhkəmə iclasında Təqsirləndirilən şəxs2 dövlət hesabına vəkil təyin edilmiş, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iş materialları ilə tanış olub və məhkəmə iclasında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmişdir. İş materiallarına əsasən vəkilin göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 30 iş saatı müddətində olmuşdur, Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla həmin müdafiəçiyə əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə 06 noyabr 2020-ci il tarixdən 03 fevral 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay 04 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 hazırkı iş üzrə 07 fevral 2021-ci il tarixdən 08 fevral 2021-ci il tarixədək ittiham elan edilməsi üçün tutulduğu 01 (bir) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış “Karl Storz” markalı “H3-Z TH100” modelli endoskopik cihazın kamerasının Zərərçəkmiş şəxs MMC-yə qaytarılması nəzərə alınsın. Məhkəmə məsrəfi olan 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. X4 məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, 30 saat göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş Müdafiəçi2 180 manat əmək haqqı “xxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ013501**********1944, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar