Məhkəmə qərarları › İş №1(007)-158/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-158/2023

07.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-158/2023 07.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxx 1982-ci ildə Ermənistan Respublikası, Masis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, əvvəllər məhkum olunmamış, heç yerdə işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 19 dekabr 2022-ci il tarixdə, saat 13 radələrində Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi, 36 saylı evin 34 saylı mənzilində arvadı Zərərçəkmiş şəxs ilə aralarında ailə-məişət münasibətləri zəminində yaranmış mübahisə zamanı, yumruqla sonuncunun baş və bədən nahiyələrinə qəsdən vuraraq, ona sol gözün ağlı qişasının qansızması ilə müşayiət olunan söz gözətrafı nahiyənin hematoması, sol gicgah, sağ kürək nahiyələrinin, sol saidin arxa, sağ əlin arxa, sol diz oynağının ön səthlərinin qançırları ilə müşayiət olunan xəsarətlər yetirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs dərəcəsinə görə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, 2022-ci ilin may ayında o, Zərərçəkmiş şəxs ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurub. Ailə həyatı qurduqdan sonra mütəmadi olaraq Pərvanənin bacısı və anası onların ailə işlərinə müdaxilə etdiyi üçün aralarında dəfələrlə sözsöhbətləri olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 13 radələrində yaşadığı ünvan 2 ünvanında evdə olarkən həyat yoldaşı Zərərçəkmiş şəxs onun sözünə baxmadığı üçün bu zəmində aralarında yaranmış mübahisə zamanı o, əsəbiləşərək Zərərçəkmiş şəxs qolundan tutaraq sifət nahiyəsinə bir dəfə sillə vurmuşdur. Bu zaman Pərvanə göz nahiyəsindən xəsarət almışdır. Pərvanə evdən çıxmaq istəyəndə onun qolundan tutaraq fiziki güc tətbiq edib, qolunu buraraq məcburi kənara itələyib başqa otağa salmışdır. Bundan sonra qapını bağlamışdır. Pərvanə evdə qışqıraraq hay-küy salmağa başlamışdır. O, yataq otağına keçmiş və otaqdan çıxarkən Pərvanənin evin qapısını açaraq qaçıb getdiyini görmüşdür. Sonradan ona məlum olmuşdur ki, Pərvanə anasının yaşadığı ünvana getmişdir. Atası gedib Pərvanəni evə gətirmək istəsə də sonuncu gəlməmişdir. Səhəri gün ona məlum olmuşdur ki, Pərvanə ondan polisə şikayət etmişdir. Hadisə yaşadığı ünvanda evdə baş verib, 5-10 dəqiqə davam edib. Hadisə evdə baş verdiyindən həmin hadisənin şahidləri olmayıb. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini bildirdi və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, barəsində ittiham irəli sürülmüş şəxsi və onun müdafiəçisini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, o, 2022-ci ilin may ayında Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurub. Ailə həyatı qurduqdan sonra mütəmadi olaraq Kənan ilə aralarında mübahisələr olmuşdur. xx.xx.2022-ci il tarixdə, saat 13 radələrində yaşadığı ünvan 3 ünvanında evdə olarkən həyat yoldaşı Təqsirləndirilən şəxs ilə aralarında yaranmış mübahisə zamanı Kənan heç bir səbəb olmadan onun saçından tutaraq, yumruqla baş və bədən nahiyələrinə zərbə endirərək ona xəsarət yetirmişdir. O, Kənanın əlindən çıxıb evi tərk edərək Binəqədi rayonu, “Azadlıq” metrosunun yaxınlığında yaşayan anasının yaşadığı ünvana getmişdir. Səhhətində yaranmış problemlərlə əlaqədar xx.xx.2022-ci il tarixdə 4 saylı TTYS-na müraciət etdikdən sonra Nizami RPİ-nin 25-ci PŞnə müraciət etmişdir. Hadisə yaşadığı ünvanda mənzildə baş verib, mübahisə 5-10 dəqiqə davam edib. Hadisə mənzildə baş verdiyindən həmin hadisənin şahidləri olmayıb. Sonda Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs etdiyi əməlinə görə bağışlamadığını bildirdi və barəsində ittiham irəli sürülmüş şəxsə ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan canlı şəxsin ekspertizasının 27 dekabr 2022-ci il tarixli, 1177 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol gözün ağlı qişasının qansızması ilə müşayiət olunan söz gözətrafı nahiyənin hematoması, sol gicgah, sağ kürək nahiyələrinin, sol saidin arxa, sağ əlin arxa, sol diz oynağının ön səthlərinin qançırları xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xx.xx.2022-ci il tarixdə alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan AZE seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Nilay Heydərli xx.xx.2012-ci ildə doğulmuşdur, atası Təqsirləndirilən şəxs, anası Aynur Heydərovadır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 №-li Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də barəsində ittiham irəli sürülmüş şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona cərimə növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə barəsində ittiham irəli sürülmüş şəxs barəsində cərimə növündə təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin iştirak etdiyi müddət 21 iş saatı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 126 manat (21x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 1.000 (min) manat məbləğində cərimə növündə cəza təyin edilsin. Barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs 21 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 126 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar