Məhkəmə qərarları › İş №1(007)-159/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-159/2023

31.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-159/2023 31.01.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X2, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum edilməmiş, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 13 noyabr 2022-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən mənzilin giriş qapısının kilidinin açıq olmasından istifadə edib mənzilin qapısını açıb qanunsuz olaraq yaşayış sahəsinə daxil olub oradan Zərərçəkmiş şəxs məxsus 01 ədəd 800 manat dəyərində ÇXR istehsalı, “Zimmer” markalı, 43 düym ölçülü smart televizoru və 01 ədəd 51 manat dəyərində “netis” markalı, W1 modelli modern aparatını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 851 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, 13 noyabr 2022-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsində yerləşən 2538 saylı binanın 2-ci blokunda tanımadığı, lakin xoşuna gələn bir qız yaşadığından həmin qızı görmək üçün oraya getmiş, binanın 2-ci blokuna daxil olub liftdən istifadə etməklə ən yuxarı mərtəbəyə qalxmışdır. Məqsədi həmin qızla təsadüfən də olsa, rastlaşmaq olmuşdur. Lakin yuxarı qalxdıqda heç kəsi görmədiyindən pilləkənlərdən istifadə etməklə aşağı düşmək qərarına gəlmiş və bu zaman həmin blokda 10-cu mərtəbədə yerləşən 125 saylı mənzilin giriş qapısının azacıq açıq olduğunu görmüş, mənzilə yaxınlaşdıqda içəridən heç bir səs eşitməmişdir. Qapını açıb içəri daxil olmuş və mənzilin boş olduğunu, içəridə heç kəsin olmadığını və divan, mətbəx mebeli, bir ədəd otağın divarına quraşdırılmış smart televizor olduğunu görmüşdür. Televizoru oğurlamaq qərarına gəlmiş, televizoru divardan ayırıb götürmüş, həmçinin televizorun yanında olan modem aparatını da götürüb mənzildən çıxmışdır. Daha sonra taksi sifariş etmiş və və yaşadığı ünvana getmişdir. Törətdiyi cinayətdən heç kəsin məlumatı olmamışdır. Törətmiş olduğu əməli səmimi etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə olaraq cinayət törətməsini nəzərə alaraq məhkəmədən yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs kimi Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək ona dəymiş maddi ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı hər hansi şikayət və tələbinin olmadığını bildirmişdir. Belə ki, məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərəçəkmiş şəxs kimi Zərərçəkmiş şəxs ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır və hal-hazırda "xxxx" MMC-də satış meneceri vəzifəsində işləyir. 14 noyabr günorta saat 12 radələrində Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi, 2538, nömrəli binanın 2-ci blokunun 10-cu mərtəbəsində mənzil 125 ünvanında yerləşən özünə məxsus mənzilə getmişdir. Mənzilə yaxınlaşıb giriş qapısını açmaq istəyəndə qapının açıq olduğunu görmüş və mənzilə daxil olduqda mənzilin qonaq otağında divardan asılmış “Zimmer” markalı smart televizorun və yanındakı modern aparatının yerində olmadığını aşkar etmişdir. Əvvəl evində oğurluq baş verdiyini düşünməmişdir, çünki mənzilin giriş qapısına, qapının kilid yerinə baxmış, lakin qapıda və kilid yerində hər hansı kənar təsirdən əmələ gəlmiş zədələrə rast gəlməmişdir. Sonradan mənzilindən çıxanda giriş qapısını kilidləməyin yadından çıxdığını düşünmüşdür. Həmin mənzili 4 il qabaq almış, mənzil orta təmirli olmuş, mənzildə mətbəx mebelindən başqa heç bir əşya olmamışdır. 10 noyabr 2022-ci il tarixdə mənzilin qonaq otağı üçün divan alıb gətirib mənzilin qonaq otağında yerləşdirmiş, 11 noyabr 2022-ci il tarixdə isə sözügedən “Zimmer” markalı televizoru gətirib qonaq otağında divardan asmış, modern aparatını da televizorun yanında qoymuş və mənzildən çıxmışdır. 14 noyabr 2022-ci il tarixdə mənzilə gəlib daxil olduqda televizorun və modern aparatının yerində olmadığını görmüşdür. Mənzildə qeyd olunan əşyaları aşkar etmədikdə əvvəl oğurluq olduğunu düşünməmiş, buna görə də bu barədə dərhal polisə məlumat verməmişdir. Sözügedən əşyalarının yerində olmadığını aşkar etdikdən sonra mobil telefonunda olan xüsusi proqram vasitəsilə 11 noyabr 2022-ci il tarixdən 14 noyabr 2022-ci il tarixədək olan müddət ərzində qeydə alınan görüntülərə baxmış və görüntülərdə 13 noyabr 2022-ci il tarixdə saat 18 radələrində əynində qəhvəyi rəngli gödəkçə olan naməlum şəxsin binanın blokuna daxil olması, mobil telefonla danışması, sonradan əlində televizorla binanın blokunun dəhlizində hərəkət etməsini müəyyən etmişdir. Həmin şəxsin fotoşəkillərini və videogörüntüsünü mobil telefonunun yaddaşına köçürmüş və araşdırmaya təqdim etmişdir. Mənzilindən oğurlanmış “Zimmer” markalı smart televizorun qiyməti 800 manat, "K@TV1” şirkətinə məxsus modern aparatının qiyməti 51 manat təşkil edir. Hadisə nəticəsində ona ümumilikdə 851 manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 18/176 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. İşdən sonra, həm də asudə vaxtlarında etibarnamə əsasında idarə etdiyi Toyota Prius markalı, 77EN321 dövlət qeydiyyat nişanlı avtomobil ilə Bolt taksi şirkətində taksi fəaliyyəti ilə məşğul olmaqla qazanc əldə edir. 13 noyabr 2022-ci il tarixdə axşam saat 19- 20 radələrində Bolt taksi şirkəti vasitəsilə sərnişindən ünvan 5 ünvanından Nizami rayonu, Babək prospektində yerləşən xatırlamadığı ünvana gediş göstərilmiş sifarişi qəbul etmiş və Nizami rayonu, M.Abbasov küçəsində yerləşən 2538 saylı binanın yan tərəfində, yola yaxın tərəfdə sonradan adını bildiyi Təqsirləndirilən şəxs sərnişin qismində götürmüş, sərnişinin əlində 01 ədəd böyük qutu olmuş, o, avtomaşının yük hissəsini açmağını xahiş etmişdir. O da idarə etdiyi avtomobilin yük hissəsini açmış və həmin şəxs əlindəki qutunu yük hissəsinə qoyub maşının arxa oturacağında oturmuşdur. Həmin şəxs avtomobilə sərnişin qismində əyləşəndə onun əlində başqa hər hansı əşya və predmet olmamış və sərnişini sifarişdə qeyd edilən ünvana, yəni Nizami rayonu Babək prospektinə aparmış, həmin şəxs magistral yoldan sağa girişdə köşkün yanında avtomobili saxlatdıraraq düşüb getmişdir. Həmin şəxsin kim olduğunu bilməmiş, onu əvvəllər görməmiş və tanımamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahid X5 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır, hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir, təqaüdçüdür. Təqsirləndirilən şəxs onun oğludur. 13 noyabr 2022-ci il tarixdə oğlu Təqsirləndirilən şəxs yaşadığı evə gələrək ona Vətən müharibəsi iştirakçısı olan dostunun 70 manata televizor satdığını, özündə 50 manat olduğunu bildirib, həmin televizoru almaq üçün ondan 20 manat əlavə pul istəmiş, o, Mehtiyə 20 manat pul vermiş və pulu verəndə sonuncuya bildirmişdir ki, birdən televizor oğurluq olar, dəqiqləşdirib alsın. Mehti isə cavabında narahat olmamağını bildirmiş və həmin gün axşam saat 19 radələrində oğlu Mehti əlində smart televizor və modern aparatı ilə evə gəlmiş və həmin televizoru modern aparatı ilə birlikdə 70 manata müharibə iştirakçısı olan yoldaşından aldığını bildirmişdir. Oğlu Mehtinin həmin televizoru və modem aparatını oğurluq yolu ilə əldə etməsini bilməmiş və 22 noyabr 2022-ci il tarixdə Nizami RPİ-nin 25-ci polis şöbəsinin əməkdaşları onun yaşadığı ünvana gələrək oğlu Mehtinin oğurluq hadisəsində şübhəli olduğunu və sözügedən televizor və modem aparatını oğurladığını bildirmişlər Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də, Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli, qanunauyğun və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Qeyd edilən Sərəncamdan da görünür ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan hazırkı cinayət əməlləri üzrə vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi, həm “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan sanksiyada nəzərdə tutulmuş daha yüngül növdə cəza təyin edilməlidir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10.3-cü bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunmasına dair qanun layihələrinin hazırlanmasına dair Sərəncamda göstərilən dövlət qurumlarına tövsiyyə və tapşırıqlar verilmişdir. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, X1 olaraq istintaqa təqdim etdiyi 01 ədəd ÇXR istehsalı, “Zimmer” markalı, 43 düym ölçülü smart televizor və 01 ədəd “netis” markalı, W1 modelli modern aparatı maddi sübut hesab edilmiş və Zərərçəkmiş şəxs qaytarılmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş xx.xx.2023-cü il tarixli, 8İ-723 reyestr nömrəli ərizəsindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan ödənilmiş, təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İş materiallarında olan AR DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 21 dekabr 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan olan hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 12:40-da tutulmuş, xx.xx.2022-ci il tarixdə saat 16:00-da barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə o, ibtidai istintaq dövründə 02 gün müddətinə tutulmuşdur. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış 01 ədəd ÇXR istehsalı, “Zimmer” markalı, 43 düym ölçülü smart televizor və 01 ədəd “netis” markalı, W1 modelli modern aparatın zərərçəkmiş şəxsə təhvil verilməsi nəzərə alınmalı, hadisə yerində olan videomüşahidə kameralarındakı videogörüntünün əks olunduğu 01 ədəd CD disk və videogörüntülərdən əldə edilmiş 02 ədəd fotoşəkil cinayət işinin materiallarında saxlanmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 06 ay (iki il altı ay) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət (01 gün həbsdə olma müddəti 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 02 il 05 ay 26 gün (iki il beş ay iyirmi altı gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 50 manat (əlli manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd ÇXR istehsalı, “Zimmer” markalı, 43 düym ölçülü smart televizor və 01 ədəd “netis” markalı, W1 modelli modern aparatının zərər çəkmiş şəxsə təhvil verilməsi nəzərə alınsın. Hadisə yerində olan videomüşahidə kameralarındakı videogörüntünün əks olunduğu 01 ədəd CD disk və videogörüntülərdən əldə edilmiş 02 ədəd fotoşəkil cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 06 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 72 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 06 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar