Məhkəmə qərarları › İş №1(007)-16/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-16/2021

09.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-16/2021 09.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs nümayəndəsi, Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-“Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, iki uşağı olan, fərdi qaydada işləyən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 01 il 07 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 10 iyul 2020-ci il tarixdə cəzasını tam çəkib qurtarmış, ünvan 3-da qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi ev 1, mənzil 54-də kirayədə yaşayan, 15 fevral 2020-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, o, 100.000 ABŞ dollarının ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı Apelyasiya Məhkəməsinin 08 dekabr 2014-cü il tarixli 2(103)-6106/2014 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 fevral 2019-cu il tarixli 3(005)-433/2019 nömrəli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə həbs inzibati tənbeh növü təyin edilməsinə və və icra sənədindəki tələbi icra etməsi üçün ona 06 sentyabr 2019-cu il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, hərəkətlərini davam etdirməklə borcunu tələbkara ödəməməklə qeyd edilən məbləğdə zərərçəkmiş şəxsə maddi ziyan vuraraq məhkəmənin qanuni qüvvəyə minmiş məlum qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi qaydada avtomobillərin təmiri işləri ilə məşğul olur, aylıq gəliri orta hesabla 300 manat təşkil edir. Bakı Apelyasiya Məhkəməsinin 08 dekabr 2014-cü il tarixli 2(103)-6106/2014 nömrəli qətnaməsinə əsasən 100.000 ABŞ dollarını manat məzənnəsi ilə Zərərçəkmiş şəxs ödəməlidir. O, məhkəmə qətnaməsi üzrə qeyd olunan məbləği Zərərçəkmiş şəxs borca almamışdır və ona borclu deyildir. Belə ki, o, 2011-ci ildə sosial şəbəkədə Zərərçəkmiş şəxs ilə tanış olmuş və 2012ci ildə Rusiya Federasiyasının Minvod şəhərində “Essentuki” su biznesi ilə məşğul olmaq üçün şirkət açmışdır. Zərərçəkmiş şəxs Rusiya Federasiyasının vətəndaşı olduğu üçün şirkətin təsisçisi olaraq onun adı qeyd olunmuşdur. Həmin ərəfədə o, su biznesi ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxs isə şirkətin mühasibatlıq işlərinə baxmışdır. Həmin vaxtlar Zərərçəkmiş şəxs biznes fəaliyyətini genişləndirmək məqsədi ilə ondan 135.000 ABŞ dolları məbləğində borca pul istəmiş, o isə şirkətin hesabında olan puldan qeyd olunan məbləği Zərərçəkmiş şəxs vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs həmin məbləği ondan alıb banka yerləşdirərək öz adına sənədləşdirmişdir. Qeyd olunan məbləği o, bank vasitəsilə Zərərçəkmiş şəxs borca verə bilməməyinə səbəb onun Rusiya Federasiyasının vətəndaşı olmaması olmuşdur. 2013-cu ilin qış aylarında Minvod şəhərində gördüyü biznes fəaliyyətində iflasa uğradığına görə tamamilə oradan çıxaraq Bakı şəhərinə qayıtmışdır. Minvoddan Bakıya qayıdandan sonra avtomobillərin təmiri ilə məşğul olmağa başlamışdır. Həmin vaxtdan bir müddət keçəndən sonra 2014-cü ilin yay aylarında o, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə dəvət edilmiş və məhkəmə zamanı bilmişdir ki, Zərərçəkmiş şəxs onun barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs məhkəməyə bildirmişdir ki, guya o, müxtəlif vaxtlarda sonuncudan hissə-hissə 100.000 ABŞ dolları məbləğində borca pul almış və qeyd olunan məbləği ona qaytarmamışdır. Məhkəmə baxışı zamanı o, Zərərçəkmiş şəxs ona qarşı dediklərinin şər və böhtan olduğunu, ondan borca pul almadığını qeyd etsə də, məhkəmə onun dediklərinə məhəl qoymamış, Zərərçəkmiş şəxs dediklərinə inanaraq 100.000 ABŞ dolları məbləğində pulun və mənəvi zərərə görə 1000 ABŞ dollarının ondan alınaraq Zərərçəkmiş şəxs ödənilməsinə dair 31 iyul 2014-cü il tarixli 2(005)-3440/2014 nömrəli qətnamə çıxarmışdır. Bundan sonra o, qətnamədən aidiyyəti üzrə apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsində işə baxılan zaman rayon məhkəməsinin mənəvi zərərə görə 1000 ABŞ dollarının ondan alınaraq Zərərçəkmiş şəxs verilməsinə dair hissəsinin ləğv olunmasına dair 08 dekabr 2014-cü il tarixli 2(103)-6106/2014 nömrəli qətnamə çıxarılmışdır. Məhkəmə qətnaməsindən sonra o, qeyd olunan məbləğdən 2500 manat məbləğində ödəniş etmişdir. Cinayət işi məhkəməyə verildikdən sonra pandemiya dövrünə təsadüf etmiş, bütün işlər dayanmış, ödəniş qabiliyyətini itirmişdir. O, zərərçəkmiş şəxslə razılıq əldə etməyə çox cəhdlər etmiş, ödəniş etməyə çalışmışdır. 2500 manatdan sonra yalnız 115 ABŞ dolları ödəniş edə bilmişdir. O, hazırda da zərərçəkmiş şəxslə barışıq əldə etmək, ödəniş etmək istəyir. Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərmişdir ki, ailədə yeganə işləyən şəxsdir, himayəsində iki azyaşlı uşağı vardır. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 iyul 2014-cü il tarixli 2(005)-3440/2014 nömrəli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 100.000 ABŞ dolları məbləğində borc pul və 1000 ABŞ dolları məbləğində vurulmuş mənəvi ziyanın əvəzi kimi pul alınıb onun təmsil etdiyi Zərərçəkmiş şəxs verilməlidir. Bakı Apelyasiya Məhkəməsinin 08 dekabr 2014-cü il tarixli 2(103)-6106/2014 nömrəli qətnaməsi ilə həmin qətnamə 1000 ABŞ dolları məbləğində pulun tutulması hissəsində ləğv edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 aprel 2016-cı il tarixli 3(005)-163/2016 nömrəli qərarına əsasən 10 gün müddətinə inzibati həbsə alınmışdır. Bundan əvvəl Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi icra şöbəsinin təqdimatına əsasən borcluya münasibətdə 21 oktyabr 2015-ci il tarixli 8(005)-869/2015 nömrəli qərardadı ilə ölkəni tərk etməyi qadağan etmişdir. Bakı Apellyasiya Məhkəməsinin qərarı qanuni qüvvəyə mindikdən iki il keçdikdən sonra borclu anlaşılmaz üsulla buraxılmış prosessual müddətlərini bərpa etdirmiş və onun tərəfindən kassasiya şikayəti Ali Məhkəməyə verilmişdir. Ali Məhkəmənin 05 yanvar 2017-ci il tarixli 2(102)-6273/16 nömrəli qərarı ilə bütün əvvəlki məhkəmələrin qərarları qüvvədə saxlanılmışdır. Ali Məhkəmənin qərarı çıxandan sonra icra şöbəsi cinayət işinin açılması barədə İstintaq İdarəsinə 2017-ci ilin iyul ayında təqdimat verməli olduğu halda məlum olmuşdur ki, borclu Təqsirləndirilən şəxs bir il müddətinə borcu ödəməmək üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərardadı ilə möhlət verilmişdir. Tamirlan Məmmədov hər ay 500 manat ödəməklə beş ay ərzində cəmi 2500 manat pulu icra şöbəsinin bank hesabına ödəmişdir. Beş il ərzində bu pul tələbkara yeganə ödənilmiş pul olmuşdur. Təqsirləndirilən şəxs şəxsi işinin digər rayona göndərilməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 may 2019cu il tarixli 7(005)-176/2019 nömrəli qərarı qəbul edildikdən sonra Təqsirləndirilən şəxs qətnamənin hissə-hissə ödənilməsi barədə əvvəl verdiyi ərizəsini geri götürmüşdür. Təqsirləndirilən şəxs şəxsi işi Bakı şəhəri Nizami rayon icra şöbəsinə 2019-cu ilin iyun ayında gəldikdən sonra barəsində toplanmış material onun cinayət məsuliyyətinə cəlb olunmasından ötrü Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilmişdir. Hazırda da zərərçəkmiş şəxsə dəymiş maddi ziyan, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş pul məbləği tam ödənilməmişdir. Təqsirləndirilən şəxs barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Bakı Apelyasiya Məhkəməsinin 08 dekabr 2014-cü il tarixli 2(103)- 6106/2014 nömrəli qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən 100.000 ABŞ dollarını ödəniş günü Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə Zərərçəkmiş şəxs ödəməlidir. Qətnamə üzrə verilmiş icra sənədi 07 aprel 2015-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin icraatına daxil olmuş, icra məmuru tərəfindən müvafiq qərarla icraata başlanılmış, tələbin icrası barədə borclu Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ünvanına bildiriş göndərilmişdir. Sonradan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli 1(005)-278/2018 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 01 il 07 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş borclu Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli 7(005)-176/2019 nömrəli qərarı ilə yaşayış yerinin dəyişdirilməsi qərara alınmış, yaşayış yerinin ünvan 2 ünvanına dəyişdirilməsinə icazə verilmişdir. Borclu Təqsirləndirilən şəxs yaşayış yeri dəyişildiyindən Bakı Apelyasiya Məhkəməsinin 08 dekabr 2014-cü il tarixli 2(103)-6106/2014 nömrəli icra sənədi icra olunması üçün 01 iyul 2019-cu il tarixdə Bakı şəhəri Nizami rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Həmin tarixdə icraatın davam etdirilməsinə dair qərar qəbul edilərək tərəflərə və icra sənədini qəbul etmiş məhkəməyə məlumat verilmişdir. İcra sənədinin icrası ilə əlaqədar borclu Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına baxış keçirilmiş, borclunun həmin ünvanda yaşaması müəyyən edilmiş və borcluda tələbin yönələ biləcəyi əmlak aşkar edilməmişdir. Bundan sonra 05 iyul 2019-cu il tarixdə borclu Təqsirləndirilən şəxs şöbəyə dəvət olunaraq izahatı alınmış, izahatında borc məbləğini tam olaraq ödəyə bilməyəcəyini, borcu hissə-hissə tələbkarın xeyrinə ödəyəcəyini qeyd etmişdir. Həmin tarixdə inzibati məsuliyyətdən sonra borc məbləğini tələbkarın xeyrinə tam olaraq ödəmədiyi üçün Azərbaycan Respublikası CM-nin 306-cı maddəsinin tələbləri izah olunmaqla tələbin icrasına dair 10 gün yeni müddət verilmişdir. Borcluya verilmiş yeni müddət başa çatdıqdan sonra 22 iyul 2019-cu il tarixdə yenidən şöbəyə dəvət olunaraq izahatı alınmış, icra sənədində göstərilən 100.000 ABŞ dollarını tələbkarın xeyrinə tam olaraq ödəniş edə bilmədiyini bildirmişdir. İcra sənədinin icrasının təmin olunması məqsədi ilə 16 aprel 2015-ci il tarixdə borclu Təqsirləndirilən şəxs əmlakının axtarılması haqqında qərar qəbul edilmiş, icra olunması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə, Azərbaycan Respublikası BDYPİ-nə və bank təşkilatlarına göndərilmişdir. Təqdim olunan 28 iyul 2015-ci il tarixli məktuba əsasən Təqsirləndirilən şəxs adında “xxxx” ASC-nin Sabunçu filialında ipotekada olan “Toyota Camry” minik markalı ** GC *** dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli 8(005)- 869/2015 nömrəli qərardadı ilə üzərinə həbs qoyularaq qərardad icra olunması üçün Azərbaycan Respublikası DİN BDYP-si İdarəsinə göndərilmişdir. İcra sənədinin icraatı zamanı borclu Təqsirləndirilən şəxs icra sənədində qeyd olunan ünvan 3 ünvanında yaşamadığı aşkarlanmışdır. Belə olan halda borclu Təqsirləndirilən şəxs yaşadığı yerin müəyyən edilməsi istiqamətində görülmüş tədbirlər nəticə vermədiyindən barəsində 22 fevral 2016-cı il tarixdə axtarış qərarı qəbul edilərək icra olunması üçün Bakı şəhəri Nərimanov RPİ-nə göndərilmişdir. 01 aprel 2016-cı il tarixdə Bakı şəhəri Nərimanov RPİnin əməkdaşları tərəfindən borclu Təqsirləndirilən şəxs saxlanılaraq Bakı şəhəri Nərimanov rayon icra və probasiya şöbəsinə təhvil verilmişdir. 05 aprel 2016-cı il tarixdə Təqsirləndirilən şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə təqdim olunmuşdur. Həmin məhkəmənin 05 aprel 2016cı il tarixli 3(005)-163/2016 nömrəli qərarı ilə borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. 17 avqust 2016-cı il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli 8(005)-869/2015 nömrəli qərardadının icrası məqsədi ilə borclu Təqsirləndirilən şəxs məxsus “Toyota Camry” minik markalı ** GC *** dövlət qeydiyyat nişanlı avtomobilin axtarışına dair qərar qəbul olunmuşdur. Qeyd olunan avtomobil etibarnamə əsasında ünvan 4 ünvanında qeydiyyatda olan X12 tərəfindən idarə olunduğundan qərar icra olunması üçün Gəncə şəhər BPİ-nə göndərilmişdir. Gəncə şəhər BPİ-nin DYPŞ-si tərəfindən 27 sentyabr 2016-cı il tarixli 11/3203 nömrəli məktubla Bakı şəhəri Nərimanov rayon icra və probasiya şöbəsinə məlumat üçün bildirilmişdir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3358 nömrəli icra vərəqəsinə əsasən Gəncə şəhər sakini X7 “Toyota Camry” minik markalı ** GC *** dövlət qeydiyyat nişanlı avtomobil üzərində mülkiyyət hüququ tanınmış və avtomobil üzərinə qoyulmuş həbs götürülmüşdür. İcraat zamanı borclu Təqsirləndirilən şəxs ümumi əmlakının araşdırılması məqsədi ilə 16 sentyabr 2006-cı il tarixdən birgə nikahda olduğu 09 sentyabr 1979-cu il təvəllüdlü Məmmədova (Plaxova) Diana Vyaçeslavovnanın əmlakının axtarışına dair qərar qəbul olunmuş, icra olunması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nə və bank təşkilatlarına göndərilmiş, birgə nikahda olduğu müddətdə arvadının adına daşınar, daşınmaz əmlak, qiymətli kağız və pul vəsaiti aşkar edilməmişdir. Bundan sonra 18 iyul 2017-ci il tarixdə borclu Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına baxış keçirilmiş, borcluya məxsus tələbin yönələdilə biləcək əmlak aşkar edilmədiyindən, bu barədə akt tərtib olunmuşdur. Daha sonra icraat zamanı borclu Təqsirləndirilən şəxs iş axtaran şəxs kimi qeydiyyatda olub-olmaması, işsizliklə bağlı müavinətin verilibverilməməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Məşğulluq Xidmətinin Bakı şəhəri Nərimanov rayon Məşğulluq Mərkəzinə müraciət olunmuş, məlum olmuşdur ki, iş axtaran vətəndaş kimi mərkəzdə qeydiyyata alınmamışdır. İcra tədbirləri davam etdirilən zaman qətnamənin icrasına dair borclu Təqsirləndirilən şəxs tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edilmiş, məhkəmənin 03 avqust 2017-ci il tarixli 8(005)-1024/2017 nömrəli qərardadı ilə qətnamənin icrasına bir il müddətinə möhlət verilmişdir. Bundan sonra borclu qətnamədə göstərilən borc məbləğindən hər ay 500 manat olmaqla hissə-hissə icra olunması barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etsə də, həmin rayon məhkəməsinin 10 aprel 2019-cu il tarixli 8(005)-207/2019 nömrəli qərardadı ilə onun ərizəsi təmin olunmamış, həmin qərardad şikayət əsasında Bakı Apelyasiya Məhkəməsinə göndərilmiş və sözügedən məhkəmənin 10 aprel 2019-cu il tarixli 8(103)-207/2019 nömrəli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkməsinin 15 fevral 2019-cu il tarixli 8(005)-187/2019 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İcra sənədinin icraatı zamanı 11 mart 2019-cu il tarixdə Təqsirləndirilən şəxs ölkə hüdudlarından kənara çıxmaması üçün ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimat baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə təqdim olunmuş, məhkəmənin 28 mart 2019-cu il tarixli 8(005)-281/2019 nömrəli qərardadı ilə borclunun ölkədən getmək hüququ müvəqqəti olaraq 1 il müddətinə məhdudlaşdırılmış, qərardad icra olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə göndərilmişdir. Belə ki, göstərilən bu müddətlərdə borclu Təqsirləndirilən şəxs icra sənədində göstərilən borc məbləğini tələbkarın xeyrinə ödəmədiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə təqdim olunmuş və məhkəmənin 05 fevral 2019-cu il tarixli 3(005)-433/2019 nömrəli qərarı ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Borclu Təqsirləndirilən şəxs inzibati məhsuliyyətdən sonra ona verilmiş yeni müddət ərzində də borc məbləğinin tələbkarın xeyrinə ödənilməsi istiqamətində real addımlar atmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs şöbəyə dəvət olunaraq məhkəmə qətnaməsini icra etməyəcəyi təqdirdə cinayət məsuliyyətinə cəlb olunacağı izah olunmuşdur. Təqsirləndirilən şəxs bu müddət ərzində icra sənədində göstərilən borc məbləğindən tələbkarın xeyrinə cəmi 2500 manatını Bakı şəhəri Nərimanov rayon icra və probasiya şöbəsinin depozit hesabına köçürmüşdür. Borclu Təqsirləndirilən şəxs bu cür hərəkətləri tələbkarın şikayətlərinə səbəb olmuş, qeyd olunanlara baxmayaraq barəsində tətbiq olunmuş məhkəmə qərarlarından nəticə çıxarmamış və tələbkara olan borcunu tam olaraq ödəməmişdir. Bütün bunlara baxmayaraq borclu Təqsirləndirilən şəxs tələbkarın xeyrinə tam olaraq pul vəsaiti ödəyəcəyini vəd etsə də, vədinə əməl etməmişdir. Borclu tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması üçün müvafiq təqdimat verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid1la eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, oğlu Təqsirləndirilən şəxs Bakı Apelyasiya Məhkəməsinin 08 dekabr 2014-cü il tarixli 2(103)-6106/2014 nömrəli qətnaməsinə əsasən 100.000 ABŞ dollarını ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə Zərərçəkmiş şəxs ödəməlidir. Məhkəmə qətnaməsi üzrə qeyd olunan məbləği Tamirlan Zərərçəkmiş şəxs borca almamışdır və ona borclu deyildir. Tamirlan 2011-ci il tarixdə sosial şəbəkədə Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Sonradan Tamirlan 2012-ci ildə Rusiya Federasiyasının Minvod şəhərində “Essentuki” su biznesi ilə məşğul olmaq üçün şirkət açmışdır. Zərərçəkmiş şəxs Rusiya Federasiyasının vətəndaşı olduğu üçün həmin şirkətin təsisçisi olaraq onun adı rəsmiləşdirilmişdir. Həmin ərəfədə Tamirlan su biznesi ilə əlaqədar alqı-satqı işi ilə məşğul olmuş və Zərərçəkmiş şəxs isə şirkətin mühasibatlıq işlərinə baxmışdır. Həmin ərəfələrdə Zərərçəkmiş şəxs biznes fəaliyyətini genişləndirmək məqsədilə Tamirlandan 135.000 ABŞ dolları məbləğində borca pul almışdır. Zərərçəkmiş şəxs həmin məbləği Tamirlandan alıb banka yerləşdirərək öz adına sənədləşdirmişdir. Tamirlan 2013-cu ilin qış aylarında Minvod şəhərində iş gördüyü biznes fəaliyyətində iflasa uğradığına görə tamamilə oradan çıxaraq Bakı şəhərinə qayıtmışdır. Tamirlan Minvod şəhərindən Bakıya qayıdandan sonra avtomobillərin təmiri ilə məşğul olmağa başlamışdır. 2014-cü ilin yay aylarında Tamirlan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə dəvət edilmiş və məhkəmə zamanı məlum olmuşdur ki, Zərərçəkmiş şəxs Tamirlanın barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Tamirlanın müxtəlif vaxtlarda ondan hissəhissə 100.000 ABŞ dolları məbləğində borca pul aldığını və qeyd olunan məbləği ona qaytarmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı Tamirlan bildirmişdir ki, Zərərçəkmiş şəxs ona qarşı dedikləri şər və böhtandır. Lakin məhkəmə Zərərçəkmiş şəxs dediklərinə inanaraq Tamirlandan 100.000 ABŞ dolları məbləğində pulun və mənəvi zərərə görə 1000 ABŞ dollarının alınaraq Zərərçəkmiş şəxs ödənilməsinə dair 31 iyul 2014-cü il tarixli 2(005)-3440/2014 nömrəli qətnamə çıxarmışdır. Bundan sonra Tamirlan həmin məhkəmə qətnaməsindən aidiyyəti üzrə apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsində işə baxılaraq qətnamənin mənəvi zərərə görə 1000 ABŞ dollarının Tamirlandan alınaraq Zərərçəkmiş şəxs verilməsinə dair hissəsinin ləğv olunmasına dair 08 dekabr 2014-cü il tarixli 2(103)-6106/2014 nömrəli qətnamə çıxarılmışdır. Tamirlan məhkəmə qətnaməsində qeyd olunan məbləğdən 2500 manat məbləğində pulu ödəniş etmişdir. Lakin pandemiya dövrünə təsadüf etdiyi üçün işləmədiyindən ödəniş edə bilməmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 08 yanvar 2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. (i.v. 1) -Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 iyul 2014-cü il tarixli 2(005)- 3440/2014 nömrəli qətnaməsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs iddiası qismən təmin edilmiş, 100.00 ABŞ dolları məbləğində pulun və mənəvi zərərə görə 1000 ABŞ dolları məbləğində pulun ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə Təqsirləndirilən şəxs alınıb Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. (i.v. 19-23) -Bakı Apelyasiya Məhkəməsinin 08 dekabr 2014-cü il tarixli 2(103)-6106/2014 nömrəli qətnaməsinin surətindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3440/2014 nömrəli iş üzrə 31 iyul 2014-cü il tarixli qətnaməsi qismən, mənəvi zərərə görə 1000 ABŞ dolları məbləğində pulun ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə Təqsirləndirilən şəxs alınıb Zərərçəkmiş şəxs verilməsi hissəsində ləğv edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. (i.v. 12-15) -İcra vərəqəsindən görünür ki, 100.000 ABŞ dolları məbləğində pulun ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə Təqsirləndirilən şəxs alınıb Zərərçəkmiş şəxs verilməsi ilə bağlı Bakı Apelyasiya Məhkəməsinin 08 dekabr 2014-cü il tarixli 2(103)-6106/2014 nömrəli icra vərəqəsi 30 mart 2015-ci il tarixdə verilmişdir. (i.v. 16) - 07 aprel 2015-ci il tarixli qərardan görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 08 dekabr 2014-cü il tarixli 2(103)-6106/2014 nömrəli icra vərəqəsi əsasında Bakı şəhəri Nərimanov rayon icra şöbəsi tərəfindən icraata başlanılmışdır. (i.v. 17) - 16 aprel 2015-ci il tarixli qərardan görünür ki, borclu Təqsirləndirilən şəxs əmlakının axtarılmasına başlanılmışdır. (i.v. 32) - 21 oktyabr 2015-ci il tarixli 8(005)-869/2015 nömrəli qərardaddan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs mülkiyyətində olan “Toyota Camry” markalı ** GC *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. (i.v. 48) - 22 fevral 2015-ci il tarixli qərardan görünür ki, borclu Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və saxlanılaraq Bakı şəhəri Nərimanov rayon icra şöbəsinə təhvil verilməsi qərara alınmışdır. (i.v. 53) - 05 aprel 2016-cı il tarixli 3(005)-163/2016 nömrəli qərardan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 10 gün müddətinə inzibati həbs edilmişdir. (i.v. 58-59) - 03 avqust 2016-cı il tarixli icra vərəqəsindən görünür ki, iddiaçı X7 cavabdeh Təqsirləndirilən şəxs və qeyrilərinə qarşı iddiası Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 22 iyun 2016-cı il tarixli 2(044)-3358/2016 nömrəli qətnaməsi ilə təmin edilmiş, “Toyota Camry” markalı ** GC *** dövlət qeydiyyat nişanlı avtomobil üzərində X7 mülkiyyət hüququ tanınmış və avtomobilin üzərinə qoyulmuş həbs götürülmüşdür. (i.v. 61) - 17 avqust 2016-cı il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Toyota Camry” markalı ** GC *** dövlət qeydiyyat nişanlı avtomobilin barəsində axtarış elan edilmiş və üzərinə həbs qoyulmuşdur. (i.v. 67) - 18 iyul 2017-ci il tarixli aktdan görünür ki, borclu Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına icra məmuru tərəfindən baxış keçirilmiş, mənzildə borlcuya məxsus tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. (i.v. 81) - 03 avqust 2017-ci il tarixli 8(005)-1024/2017 nömrəli qərardaddan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən borclu Təqsirləndirilən şəxs həmin məhkəmənin 31 iyul 2014-cü il tarixli 2(005)-3440/2014 nömrəli qətnaməsinin icrasına 1 il müddətində möhlət verilmişdir. (i.v. 87-88) - 05 fevral 2019-cu il tarixli 3(005)-433/2019 nömrəli qərardan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 10 gün müddətinə inzibati həbs edilmişdir. (i.v. 58-59) - 28 mart 2019-cu il tarixli 8(005)-281/2019 nömrəli qərardaddan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq - 1 il müddətinə məhdudlaşdırılmışdır. (i.v. 113-114) - 01 iyul 2019-cu il tarixli qərardan görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 08 dekabr 2014-cü il tarixli 2(103)-6106/2014 nömrəli icra vərəqəsi əsasında icra hərəkətlərinin Bakı şəhəri Nizami rayon icra və probasiya şöbəsində davam etdirilməsi qərara alınmışdır. (i.v. 124) - 05 iyul 2019-cu il tarixli aktdan görünür ki, borclu Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına icra məmuru tərəfindən baxış keçirilmiş, mənzildə borlcuya məxsus tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. (i.v. 130) - 24 oktyabr 2019-cu il tarixli qərardan görünür ki, borclu Təqsirləndirilən şəxs birgə nikahda olduğu X1 əmlakının axtarışı elan edilmişdir. (i.v. 142) -Sübutların qiymətləndirilməsi haqqında 02 mart 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmışdır. (i.v. 226-233) Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsin nümayəndəsini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin nümayəndəsinin izahatı, şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 306.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci (hazırkı 528.1-ci) maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Azərbaycan Respublikası CM-nin 306-cı maddəsinin “Qeyd”inə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 306.1ci maddəsində nəzərdə tutulan əməli törətmiş Təqsirləndirilən şəxs cinayət işinin məhkəmənin icraatına daxil olduğu 15 aprel 2020-ci il tarixindən yekun məhkəmə aktının çıxarıldığı 09 iyul 2021-ci il tarixinədək qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini tam icra etməmişdir, müdafiə tərəfinin çoxsaylı vəsatətləri, eləcə də zərərçəkmiş şəxsin nümayəndəsinin razılığı əsasında məhkəmə iclasları təxirə salınsa da, məhkəmə icraatı dövründə Zərərçəkmiş şəxs cəmi 115 ABŞ dolları məbləğində (23 iyun 2021-ci il tarixdə) pul ödəniş etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin qeyd edilən əsasla cinayət məsuliyyətindən azad edilməsinə əsas yoxdur, ona görə onun barəsində ittihamedici hökm çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Ödəniş qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən borc ödənişi ilə bağlı Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin və Zərərçəkmiş şəxs hesabına ümumilikdə 2500 manat və 115 ABŞ dolları məbləğində pul ödənilmişdir. (i.v. 98-99) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 18 yanvar 2020-ci il və 23 yanvar 2021-ci il tarixli tələbnamələrdən, hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həbsdə saxlanıldığı 15 avqust 2018-ci il tarixdən 17 oktyabr 2018-ci il tarixədək olan 64 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə 04 ay 04 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və üzərində qəti olaraq 01 il 07 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, 10 iyul 2020-ci il tarixdə cəzasını tam çəkib qurtarmışdır. (i.v. 165, 195-199) -Bakı şəhər Probasiya İdarəsinin 19 aprel 2021-ci il tarixli 21-1/AM-228490/3 nömrəli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 07 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını çəkib qurtardığı üçün 10 iyul 2020-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. -AZE seriyalı, 18147040 nömrəli və AZE seriyalı, 18147038 nömrəli şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, X3 23 avqust 2007-ci il tarixdə, X4 26 aprel 2009-cu il tarixdə doğulmuşlar. (i.v. 221-222) - 15 fevral 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 223-224) Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli hökmü ilə təyin edilmiş cəza azadlıqdan məhrum etmə ilə bağlı olmadığından əməlində cinayətlərin residivi yaranmır, cəza çəkilib qurtardığından isə hökmlərin məcmuyu qaydasında cəza təyin edilməsi üçün əsas yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqların olmasını və iş üzrə dəymiş maddi ziyanın qismən (2500 manat və 115 ABŞ dolları) ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.1.14-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini ədalət mühakiməsi və xeyrinə qətnamə çıxarılmış şəxsin mənafeyi təşkil etməsini nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı tutulmamışdır, ona görə onun cəzaçəkmə müddətinin başlanğıcı hazırkı yekun məhkəmə aktının çıxarıldığı 09 iyul 2021-ci il tarixindən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, iş üzrə maddi ziyan tam ödənilməsə də, məhkəməyədək icraat və məhkəmə icraatı zamanı zərərçəkmiş şəxs tərəfindən mülki iddia verilməmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə qeyd edir ki, ibtidai istintaqda Təqsirləndirilən şəxs dövlət hesabına vəkil təyin edilmiş, Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili X8 ibtidai istintaqda iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmişdir. İş materiallarına əsasən vəkilin göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 22 iş saatı olmuşdur, Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla həmin müdafiəçiyə əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Bundan başqa Təqsirləndirilən şəxs məhkəmədə dövlət hesabına vəkil təyin edilmiş, Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X5 iş materialları ilə tanış olub və məhkəmənin hazırlıq iclasında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmişdir. İş materiallarına əsasən vəkilin göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 10 iş saatı müddətində olmuşdur, Nazirlər Kabinetinin müvafiq qərarına uyğun hesablanmaqla həmin müdafiəçiyə əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmə icraatının sonrakı mərhələsində isə Bakı şəhəri 20 saylı vəkil bürosunun (sonradan “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosuna keçirilmiş) vəkili Müdafiəçi müqavilə əsasında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini həyata keçirmişdir, ona görə CPM-nin 193-cü maddəsinin tələbləri baxımından həmin vəkilə münasibətdə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 09 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilib hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmaqla, həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs müvafiq rejim üzrə cəzaçəkmə müəssisəsinə göndərilməsinədək həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanası müəyyən edilsin. İbtidai istintaqda, iş materialları ilə tanış olmaqla birlikdə, vəkil X6 Təqsirləndirilən şəxs 22 saat göstərdiyi pulsuz hüquqi yardıma görə 132 manat əmək haqqı “xxxx” ASCnin “Cəfər Cabbarlı” filialı, kod 200048, VÖEN **********, m/h - AZ37NABZ********************, SWİFT KOD AİİBAZ2X, hesab - AZ41AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri “Mərkəz” vəkil bürosu vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Məhkəmənin ilkin mərhələsində, iş materialları ilə tanış olmaqla birlikdə, vəkil X2 Təqsirləndirilən şəxs 10 saat göstərdiyi pulsuz hüquqi yardıma görə 60 manat əmək haqqı “xxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ********************, SWİFT.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar