Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-16/2024 30.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Seyfullayeva Şəbnəm Əfqan qızının katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – mülki cavabdeh Təqsirləndirilən şəxs, onun müdafiəçisi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1983-cü il tarixdə Biləsuvar rayonunun Səmədabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli,evli, himayəsində bir azyaşlı övladı olan, fərdi sahibkarlıqla məşğul olan, məhkumluğu ödənilmiş, Biləsuvar rayonu, Səmədabad kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, 27 may 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətməklə yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Belə ki, Təqsirləndirilən şəxs 27 dekabr 2022-ci il tarixdə, saat 01 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Porsche Cayenne” markalı, minik modelli, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi ilə Nizami rayonu, R.Rüstəmov küçəsi istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq 60 km/saat sürət nəzərdə tutulan avtomobili yaşayış məntəqəsində 110 km/saat sürətlə idarə etmiş və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozub, yəni diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin idarə olunması ilə əlaqədar hərəkətləri (tormozlama, manevr və sair) vaxtında yerinə yetirməli, avtomobili yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkəti təmin etməli olduğu halda bu tələbləri pozaraq Şərifli küçəsi 25 saylı ünvanın qarşısında dayanacaqda idarə etdiyi avtomobillə X5 məxsus “X13” markalı, minik modelli, **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ və arxa tərəflərindən toqquşması nəticəsində idarə etdiyi avtomobilin ön sərnişin oturacağında əyləşmiş sərnişin Zərərçəkmiş şəxs sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid sağ bazu sümüyünün yuxarı və orta 1/3-nin çox qəlpəli yerdəyişmə ilə qapalı sınığı, sağ baldırın hər iki topuğunun yerdəyişməsiz qapalı sınığından ibarət xəsarətlər almasına, eləcə də “X13” markalı, minik modelli, **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində Çingiz Tağıyevə 31599 (otuz bir min beş yüz doxsan doqquz) manat məbləğində maddi ziyan vurmasına səbəb olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs 27 dekabr 2022-ci il tarixdə, saat 01 radələrində yol nəqliyyat hadisəsi törətdikdən sonra “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, yəni Zərərçəkmiş şəxs ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, X14 avtomobili çağırmalı, zərərçəkən şəxs həyat üçün təhlükəli xəsarət aldığı hallarda yaxınlıqdakı tibbi müəssisəyə aparmalı və həmin müəssisədə şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməli olduğu halda bu tələbləri pozub yol-nəqliyyat hadisəsini törətdikdən sonra hadisə yeridən qaçmışdır. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Mülki iddiaçı X9 məhkəməyə mülki iddia təqdim edərək, mülki cavabdeh – Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 01 radələrində “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozmaqla törətdiyi yol nəqliyyat hadisəsi zamanı ona məxsus “X13” markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu zərərdən ödənilməmiş 26589 manat zərərin Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsi barədə hökm çıxarılimasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs – mülki cavabdeh Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək, mülki iddianı qəbul etdiyini bildirərək ittihamın mahiyyətinə uyğun ifadə vermiş, Zərərçəkmiş şəxs və mülki iddiaçı X5 dəymiş maddi ziyanı tamamilə ödədiyini, səmimi peşmançılığını bildirdiyini, zərərçəkmiş şəxsin və mülki iddiaçının onunla barışdıqlarını, ona qarşı heç bir tələbi, şikayəti və iddialarının olmadığını göstərmiş, barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli 1(007)- 16/2024 nömrəli qərarı ilə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs və mülki iddiaçı X9 ilə barışmaları və onlara dəymiş ziyanı tamamilə ödəməsi nəzərə alınaraq, o, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə (həmin maddənin qeydinə əsasən) cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan cinayət işinin icraatına həmin hissədə xitam verilmişdir. Həmçinin mülki iddiaçı X2 təqsirləndiridən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi barədə mülki iddia baxılmamış saxlanılmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə günü Elməddin və Zahid adlı tanışları ilə “Vərəm” dispanseri küçəsi ilə saatda 90 km. sürətlə hərəkətdə olan zaman təzyiqi ilə bağlı halı pisləşmiş, anidən onun idarə etdiyi avtomobil yolun kənarında dayanan “Land Cruiser” markalı avtomobilə çırpılmışdır. Bu vaxt onun başı avtomobilin ön şüşəsinə dəyərək huşunu itirmişdir. Onu “Tiflis” adlı dostu evlərinə aparmış, səhərə yaxın saat 6-da evdə ayılmışdır. Sonra müayinə üçün xəstəxanaya getmişdir. Dostu onu evlərinə aparanda özündə olmamışdır. Hadisə yerində polis əməkdaşları olmamış və hadisə yerindən yayınmağın qanunsuz olduğunu bilməmişdir. Sonradan avtomobilin cərimə meydançasında olduğunu bilmişdir. Zərərçəkmiş şəxs və mülki iddiaçı X5 dəymiş ziyanı tamamilə ödəmiş, onlarla barışmışdır. Səhhətində ciddi problemlər var. Hadisə yerindən qaçması həqiqətə uyğun deyil. Huşsuz vəziyyətdə evə aparıldığını, himayəsində azyaşlı övladının olmasını nəzərə alaraq ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, 26 dekabr 2022-ci il tarixdə təxminən saat 23:30 radələrində özünə məxsus “Land Cruiser” markalı avtomobili Şərifli küçəsi ilə R.Rüstəmov küçəsinin kəsişməsində saxlamışdır. 27 dekabr 2022-ci il tarixdə təxminən saat 08 radələrində avtomobilini saxladığı yerə yaxınlaşdıqda avtomobilin orada olmadığını görmüş, bununla bağlı olaraq DİN-nin 102 xidmətinə zəng edərək ona məxsus avtomobilin yerində olmadığını bildirmişdir. Təxminən 5-10 dəqiqə sonra polis əməkdaşı zəng edərək avtomobilinin qəza olması səbəbilə dayanacağa yerləşdirildiyini bildirmişdir. Daha sonra o, avtomobilinin saxlandığı duracağa getmiş, avtomobilinin sağ yan hissədən və arxa hissədən zədələndiyini görmüşdür. Həmçinin, Nizami rayon Polis İdarəsinə gedərək baş vermiş hadisə ilə maraqlandıqda avtomobilinin ağ rəngli, “Porsche” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurulduğunu öyrənmişdir. Baş vermiş yolnəqliyyat hadisəsi ilə əlaqədar ona dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülki iddia verdikdən sonra, təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmiş və onun nümayəndəsi və vəkili Nümayəndə mülki iddianın geri qaytarılması ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmişdir. Ona dəymiş ziyan tam olaraq ödənildiyi üçün Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, notariat qaydada təsdiq olunmuş ərizə göndərərək, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə Təqsirləndirilən şəxs qarşı şikayətinin və tələbinin olmadığını bildirib, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İstintaq zamanı Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 26 dekabr 2022-ci il tarixdə saat 22 radələrində dostu Elməddin ilə Nizami rayonu, Q.Qarayev prospektində yerləşən “Fortuna” restoranına gedərək orada yemək yemişlər. Təxminən saat 23 radələrində Ceyhun onların olduqları restorana gəlmişdir. Ceyhunla Elməddin arasında işlə bağlı münasibətləri vardır. Belə ki, Ceyhun telefon və telefon aksesuarların Dubay şəhərindən gətirib Elməddinə verir və sonuncu da həmin əşyaların satışını həyata keçirir. Ceyhun restoranda olan zaman yalnız çay içmiş, başqa nəyisə, həmçinin spirtli içki qəbul etməmişdir. O və Elməddin pivə içdikləri üçün Elməddin Ceyhundan onları yaşadıqları evə qədər aparmasını xahiş etmişdir. Restorandan çıxdıqdan sonra Elməddin Ceyhunun idarəsində olan “Porsche” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ oturacağında, o, ön sərnişin oturacağında, Ceyhun isə sükan arxasına əyləşmişdir. Ceyhun avtomobili Nizami rayonu, Şərifli küçəsi ilə Nizami rayonu, R.Rüstəmov küçəsi istiqamətində idarə edirmiş. Ceyhunun avtomobili hansı surətlə avtomobili idarə etdiyini dəqiq deyə bilmir, lakin sonuncu avtomobili sürətlə idarə edirmiş. Həmin vaxt o, Ceyhuna avtomobili yavaş sürətlə idarə etməsini bildirmişdir. Qeyd olunan vaxt təxminən saat 01 radələri olarmış. Şərifli küçəsi ilə R.Rüstəmov küçəsinin kəsişməsində Ceyhunun avtomobil ilə “Land Cruiser” markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobili vurmuşdur. Həmin vaxt hər şey anidən baş verdiyi üçün o, Ceyhunun digər avtomobili necə və hansı tərəfindən vurduğunu dəqiq olaraq görməmişdir. Baş vermiş hadisədən sonra o, qapını açmaqda çətinlik çəkmiş və biraz sonra çətinliklə də olsa qapını açmışdır. O, həmin vaxt sağ tərəfindən ciddi xəsarət aldığını və ağrılarının olduğunu hiss etmişdir. O, sağ qolunu tərpədə bilmədiyini hiss edəndə kənarda olan şəxslər ona yaxınlaşaraq onu çəmənliyin üstündə uzatmışlar. Qısa bir zamanda X10 X14 Stansiyasının həkimləri hadisə yerinə gəlmişlər və onu TTYS-nın avtomobilində oradan aparmışlar. Baş vermiş hadisədən sonra o, Ceyhunu hadisə yerində görməmişdir. Onunla birlikdə xəstəxanada Elməddin də həkim müayinəsindən keçmişdir. Xəstəxanada işləri bitdikdən sonra o, və Elməddin sonuncunun arvadının avtomobilində onun yaşadığı evə getmişlər. Elməddin onu evdə yerləşdirdikdən sonra oradan getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, hadisə baş verən gün o, Ceyhun və Zahir restoranda oturub yemək yemişlər. O, və Zahir spirtli içki qəbul etdikləri üçün onları evlərinə aparmasını Ceyhundan xahiş etmişlər. Onlar üçü avtomobilə əyləşmişlər, avtomobil hərəkətdə olarkən avtomobili idarə edən Ceyhun ani olaraq halının pisləşdiyini bildirmişdir. Bundan sonra bir səs eşitmiş və o, huşunu itirmişdir. Ümumiyyətlə Ceyhunu uzun müddətdir ki, tanıyır, Ceyhunun dəfələrlə başında sıxılmalar olmuşdur. Hadisədən sonra avtomobildən enib, beş-üç dəqiqə kənarda oturmuş, sonra görmüşdür ki, Zahir ağaca sıxılaraq yıxılıb yerdə qalmışdır. Zahir maşından düşərkən ayağı ilişib yıxılmış və qolu sınmışdır. Bundan sonra o, həyat yoldaşına zəng vurmuş, hadisə barədə məlumat vermiş, gəlib onu hadisə yerindən aparmasını xahiş etmişdir. Həyat yoldaşı hadisə yerinə gəlmiş, onu avtomobilə qoyaraq xəstəxanaya aparmışdır. Bu zaman Zahir təcili yardım avtomobili ilə onların önündə getmişdir. Hadisə yerində qalmış Ceyhundan xəbəri olmamışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 27 aprel 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. - Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Nizami rayon Polis İdarəsinin 15 mart 2023-cü il tarixli, 3-13-52/2-10230/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 1AE 421478 nömrəli “B,C” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir, onun sürücülük hüququndan məhrum olunması ilə bağlı hər hansı məlumat X1 qeydə alınmamışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 Publik Hüquqi şəxsin Nizami rayon şöbəsinin 08 fevral 2023-cü il tarixli, 131 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sağ bazu sümüyünün yuxarı və orta 1/3-nin çox qəlpəli yerdəyişmə ilə qapalı sınığı, sağ baldırın hər iki topuğunun yerdəyişməsiz qapalı sınığı olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcəsinə görə həm ayrı-ayrılıqda, həm də ki, ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yolnəqliyyat hadisələri ekspertizasının 31 yanvar 2023-cü il tarixli, 8/138 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Porsche” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisə barəsində müvafiq orqanlara xəbər vermədən hadisə yerindən getdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 110 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. - 22 may 2023-cü il tarixli qərardan görünür ki, “Porsche” markalı, 99-FB-44 dövlət qeydiyyat nişanlı avtomobil və “X13” markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmışdır. “Porsche” markalı, 99-FB-44 dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün Təqsirləndirilən şəxs təhvil verilməsi, “X13” markalı, **-RU- *** dövlət qeydiyyat nişanlı avtomobilin X5 təhvil verilməsi nəzərə alınmışdır. - 24 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsindən həmin Məcəllənin 263.1 və 264cü maddələrinə tövsif olunmuş və cinayət işinin istintaqı həmin maddələr ilə davam etdirilmişdir. - 25 may 2023-cü il tarixli “cinayəti törətməkdə şübhəli şəxsin tutulması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 may 2023-cü il tarixdə, saat 14:00-da şübhəli şəxs qismində tutulmuşdur. - 27 may 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1, 264-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələr ilə ittiham elan olunmuşdur. - 27 may 2023-cü il tarixli “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və X7 azad edilməsi” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, 27 may 2023-cü il tarixdə saat 12:30-da X7 azad edilmişdir. - 12 avqust 2021-ci il tarixli, AZ-İV No 618496 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 16 iyun 2021-ci il təvəllədlü X3, atası Təqsirləndirilən şəxsdur, anası X8r. - xx.xx.2023-cü il tarixdə “Medical Centre” Tibb Mərkəzi tərəfindən təkrar çıxarılmış cavabdan görünür ki, 1983-cü il təvəllüdlü (ş.v. AA-0392786) Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə “bazu oynağının rentgeni” müayinəsi olunmuş, sol bazu və dirsək oynağının dörd proyeksiyalı R-qrammasında: destruktiv dəyişikliklər qeyd olunmamış, sümük tamlığı pozulmamışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin İV hissəsinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməli; zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “X14” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” 10 aprel 2012-ci il tarixli Qərarına əsasən mənası universal xarakter daşıyan CM-in 264-cü maddəsinin məqsədi yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin gələcəkdə mülki hüquqlarının bərpasının mümkün olması üçün yol-nəqliyyat vasitələrini idarə edən şəxsləri törədilmiş hadisədən dərhal sonra hadisə yerində qalaraq şəxsiyyəti barədə qarşı tərəfi bu və ya digər vasitə ilə məlumatlandırmağa məcbur etməkdən ibarətdir. Bununla da, yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığına az ağır zərər vurulmuş zərərçəkmiş şəxsə yol-nəqliyyat vasitəsini idarə edən şəxs barəsində dərhal düzgün məlumatı əldə etmək imkanı verilir. Müvafiq olaraq, cinayət qanununun həmin müddəası yol-nəqliyyat vasitəsini idarə edən şəxsin üzərinə fəal və pozitiv öhdəlik qoyur ki, dərhal hadisədən sonra hadisə yerində qalsın, onu tanımaq və mülki hüquqların təmin edilməsi məqsədilə sonradan tapılmasını yüngülləşdirmək üçün lazımi məlumatları bildirsin. Belə məlumatlar sağlamlığına zərər vurulmuş şəxsə, bu mümkün olmadıqda isə, onun maraqlarını təmin edəcək digər şəxsə verilməlidir. Eyni zamanda, nəzərə alınmalıdır ki, nəqliyyat vasitəsini idarə edən şəxsin yol-nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, o cümlədən zərərçəkmiş şəxsi tibb müəssisəsinə aparması da onu öz şəxsiyyəti barədə məlumatları bu və ya digər vasitə ilə zərərçəkmiş şəxsə (tərəfə) çatdırmaq öhdəliyindən azad etmir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarı ilə belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin mənasına görə yolnəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq öhdəliyi daşıyır. Bu öhdəliyə riayət etməklə nəqliyyat vasitəsini idarə edən şəxsin yol-nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, o cümlədən zərərçəkmiş şəxsi tibb müəssisəsinə aparması hadisə yerindən qaçma kimi qiymətləndirilə bilməz. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək və istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 264-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə təqsirli bilməməsinə dair ifadəsi özünü müdafiə xarakterli, məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olundu. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 264-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinə əsasən bu Məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 05 avqust 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 331.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 62-ci maddəsinə əsasən 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2008-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 264cü maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxslərlə dəymiş ziyanı ödəməsini, ailəli olub, himayəsində bir azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret müəyyən edilmiş hallar müəyyən edilməmişdir. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 21-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, ... məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmin Məcəllənin 59.1.10-59.1.14-cü maddələrinə əsasən şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi; cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması; zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması; cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hallardır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Buna görə də, təqsirləndirilən şəxsə əməlinin tövsif olunduğu maddənin sanksiyası hüdudlarında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nazərat vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs 25 may 2023-cü il tarixdən 27 may 2023-cü il tarixədək 2 gün həbsdə saxlanılması həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq nəzərə alınmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəzanın icrası Cinayət Məcələsinin 45-ci və Cəzaların İcrası Məcəlləsinin 154-cü maddəsinin tələblərinə uyğun təmin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan “Porsche” markalı, 99-FB-44 dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs, “X13” markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobilin zərərçəkmiş şəxs X5 qaytarılması nəzərə alınmalı, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından, vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 59 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hüquqi xidmətə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351, 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 may 2023-cü il tarixdən 27 may 2023-cü il tarixədək 2 gün cinayət törətməkdə şübhəli şəxs qismində tutulması nəzərə alınaraq həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq üzərində 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nazərat vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan “Porsche” markalı, 99-FB-44 dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs, “X13” markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobil zərərçəkmiş şəxs X5 qaytarılmış hesab edilsin. Məhkəmə məsrəfi olan 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 59 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş Müdafiəçi 354 manat əmək haqqı müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-16/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-16/2024
30.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver