Məhkəmə qərarları › İş №1(007)-160/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-160/2021

21.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-160/2021 21.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Seyfullayeva Şəbnəm Əfqan qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Mirzəyev Ceyhun Namiq oğlunun, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs qızının, müdafiəçi- Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi qızının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs Xanbala oğlunun iştirakı ilə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair sadələşdirilmiş icraat materialına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğlu xx.xx.2021-ci il tarixdə, saat 21 radələrində keçmiş arvadı Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanına gələrək onların boşanmaları ilə bağlı aralarında yaranmış mübahisə zamanı qəsdən Zərərçəkmiş şəxs sağ qolundan dişləyərək ona sağ bazunun sıyrıqları və hematoması ilə nəticələnən, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarət yetirməklə, qəsdən zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs oğlu məhkəmə iclasında özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2010-cu ildə ailə qurmuşlar. Həmin nikahdan iki qız övladları vardır. 2019-cu ildə rəsmi olaraq boşanmışlar. Boşandıqdan sonra o, övladları ilə görüşmək üçün arabir Frəngizin razılığı ilə onun yaşadığı ünvan 3 ünvanına gedir. O, xx.xx.2021-ci il tarixdə, saat 21 radələrində Frəngizin yaşadığı ünvan 3 ünvanına getmişdir. Bir müddət uşaqlarla danışıb, ünsiyyətdə olmuşdur. Uşaqlar yatmağa getdikdən sonra o, Frəngizlə oturub söhbət etmişdir. Bu zaman aralarında mübahisə yaranmışdır. O, Frəngizə əl qaldırmamış, ümumiyyətlə onu vurmaq istəməmişdir. Əsəbindən başını bir neçə dəfə mətbəxin divarına vurmuşdur. Bununla da əsəbləri soyumadığı üçün o, əsəbindən iki dəfə Frəngizin sağ qol nahiyəsindən dişləmiş və mənzili tərk etmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs ilə barışmışdır. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən barəsində olan sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Xanbaba oğlu ilə 2010-cu ildə ailə qurmuşlar. Həmin nikahdan iki qız övladları vardır. 2019-cu ildə rəsmi olaraq boşanmışlar. Onlar boşandıqdan sonra Tural arabir onun yaşadığı ünvana gələrək uşaqları ilə görüşür. xx.xx.2021-ci il tarixdə, saat 21 radələrində Tural onun yaşadığı Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 75A, mənzil 201 ünvanına gəlmişdir. Bir müddət Tural uşaqlarla ünsiyyətdə olmuşdur. Sonra onların arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Tural əsəbləşərək mətbəxdə masanın üzərində olan stəkanları götürərək döşəməyə çırpıb qırmış, sonra əli ilə mətbəxin divarlarına yumruq vurmağa başlamışdır. Buna baxmayaraq Tural sakitləşməmiş, ona hücum edərək sağ qolunun yuxarı ətraflarını bir neçə dəfə dişləyərək qoluna xəsarət yetirmişdir. Bir neçə dəqiqə sonra Tural mənzildən çıxıb getmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Məhkəmədən sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 tərəfindən verilmiş canlı şəxsin ekspertizasına dair xx.xx.2021-ci il tarixli, 185 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sağ bazunun sıyrıqları və hematoması olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların, ola bilsin dişləmə) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2021-ci il tarixdə alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcə də yıxılma nəticəsində alınmaları inkar olunur. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu Lənkəran Hərbi Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 336-cı maddəsi ilə təqsirli bilinib 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş cəza 1 il 6 ay sınaq müddəti verilməklə şərti tətbiq edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs oğlunun törətdiyi əməldə cinayət tərkibi vardır, onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Məhkəmə baxışı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqlarını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmamasını göstərmiş, bunları ifadə edən ərizəni məhkəməyə təqdim etmiş və barəsində olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda, Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Məhkəmədən sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, aşağıdakılara əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin təhqiqatda iştirak etdiyi müddət 10 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 10 iş saatı, cəmi 20 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 120 (bir yüz iyirmi) manat (20x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.11, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilsin. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs oğluna 20 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (bir yüz iyirmi) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar