Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-160/2023 23.08.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1997-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Lənkəran şəhəri, Z.Əliyeva küçəsi, dalan 2, ev 2-də qeydiyyatda olan, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 fevral 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə təqsirli bilinib, 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.6 və 66.3-cü maddələrinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 dekabr 2016-cı il tarixli hökmü ilə ona təyin olunmuş 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası yeni hökmlə təyin olunmuş cəza ilə qismən toplanılmaqla qəti olaraq 07 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Salyan Rayon Məhkəməsinin 03 dekabr 2018-ci il tarixli qərarı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 dekabr 2016-cı il tarixli hökmü üzrə ittihamdan CM-nin 185.2.2-ci maddəsi ilə bağlı epizodda “təkrarən” söz ifadəsi çıxarılmış, onun Sabunçu Rayon Məhkəməsinin 14 dekabr 2016-cı il tarixli hökmünə əsasən təqsirli bilindiyi əməli Azərbaycan Respublikası CM-nin 177.2.2, 185.2.2 və 234.1-ci maddələrindən həmin Məcəllənin 177.2.2, 185.1 və 234.1-ci maddələrinə tövsif edilmiş, CM-nin 177.2.2-ci maddəsi ilə təyin edilmiş 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası və CM-nin 234.1-ci maddəsi üzrə təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası dəyişdirilmədən saxlanılmış, CM-nin 185.1-ci maddəsi ilə ona 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla üzərində qəti olaraq 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası CM-nın 66.5-ci maddəsinə əsasən Sabunçu Rayon Məhkəməsinin 22 avqust 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi üzrə təyin edilmiş 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılıb üzərində qəti olaraq 06 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Sabunçu Rayon Məhkəməsinin 14 dekabr 2016-cı il tarixli hökmündən CM-nin 66.3-cü maddəsi xaric edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 fevral 2017-ci il tarixli hökmü ilə CM-nin 180.2.4-cü maddəsinə əsasən təyin edilmiş 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası dəyişdirilmədən saxlanılmış, CM-nin 66.5 və 66.2-ci maddələrinə əsasən Sabunçu Rayon Məhkəməsinin 14 dekabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.1, 177.2.2, 234.1-ci maddələrinə əsasən təyin edilmiş 06 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla üzərində qəti olaraq 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 fevral 2017-ci il tarixli hökmü üzrə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi və cəzanın əvvəlinin 10 yanvar 2016-cı il tarixdən hesablanması nəzərə alınmış, həmin hökm qalan hissədə dəyişdirilmədən saxlanılmış, 08 iyul 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, hazırkı iş üzrə 06 dekabr 2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, həmin qətimkan tədbirinin şərtlərini pozaraq məhkəmədən gizləndiyindən 31 mart 2023-cü il tarixdə haqqında axtarış elan edilmiş və qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 05 iyun 2023-cü il tarixdə tutulmuş, həmin vaxtdan həbsdə olmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirmişdir (qaçırmışdır). Belə ki, o, talama məqsədi olmadan nəqliyyat vasitəsini qaçırmaqla ələ keçirmə məqsədilə 28 oktyabr 2022-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 72 nömrəli binanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs məxsus “VAZ 21214 minik” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili istintaqa məlum olmayan alətlə arxa sağ şüşəsini çıxarıb avtomobilə qanunsuz daxil olaraq salonun saxlanc yerindəki açarla mühərriki işə salaraq nəqliyyat vasitəsini ələ keçirərək qaçırmışdır. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmənin ilkin iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində “Niva” markalı **-BH-*** nömrə nişanlı avtomobili qaçırmaq niyyətinin olmadığını, yalnız bir az sürdüyünü, yanacağı qurtardıqdan sonra yolun kənarında qoyub getdiyini göstərsə də, sonradan verdiyi ifadəsində əməlini səmimi etiraf edərək özünü təqsirli bilmiş və göstərmişdir ki, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuşdur, sonuncu dəfə 08 iyul 2022-ci il tarixdə 16 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılmışdır. Həmin vaxtdan sonra Sabunçu rayon İcra Hakimiyyətinin yaxınlığında yerləşən avtoyuma məntəqəsində işləmiş, həmin avtoyuma məntəqəsində də gecələmişdir. 28 oktyabr 2022-ci il tarixdə saat 02 radələrində piyada metronun “Neftçilər” stansiyasının qarşısından keçib işlədiyi avtoyuma məntəqəsinə gedərkən ünvanını bilmədiyi binanın qarşısında ağ rəngli “Niva” markalı **- BH-*** nömrə nişanlı avtomobilin dayandığını görmüşdür. O, əvvəllər də “Niva” markalı avtomobil qaçırtmışdır, ona görə həmin vaxt qeyd olunan avtomobili qaçıraraq sürmək qərarına gəlmişdir. “Niva” markalı avtomobilə yaxınlaşaraq ətrafda heç kimin olmadığına əmin olduqdan sonra avtomobilin qapılarını yoxlamışdır. Avtomobilin qapıları bağlı olduğundan, yerdən tapdığı dəmir parçası ilə avtomobilin sağ arxa yan şüşəsini çıxarıb pəncərədən avtomobilə daxil olmuşdur. Bundan sonra saxlanc yerinə baxdıqda orada avtomobilin açarlarını aşkar etmişdir. Avtomobili işə salmaq istədikdə akkumulyatorun sitemdən ayrıldığını müəyyən etmişdir. O, avtomobilin akkumulyatorunu sistemə birləşdirdikdən sonra motoru işə salıb sürərək ərazidən uzaqlaşmışdır. Bundan sonra həmin “Niva” markalı avtomobildə səhərə qədər Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində gəzmişdir. Həmin gün saat 08 radələrində Bakıxanov qəsəbəsi ərazisində avtomobilin yanacağı qurtarmışdır. Ona görə avtomobili yol kənarında saxlayıb ərazidən uzaqlaşmışdır. Həmin gün saat 18 radələrində Bakıxanov qəsəbəsi ərazisində olduğu zaman polis əməkdaşları ona yaxınlaşıb avtomobil qaçırtdığını bildirmişlər. O, etdiyi əməli səmimi etiraf etmiş və polis əməkdaşları ilə birlikdə Nizami RPİ-nin 24-cü polis şöbəsinə getmişdir. Avtomobili qaçırtmaqda məqsədi yalnız onu sürmək olmuşdur. Avtomobili idarə edərkən ona hər hansı ziyan vurmamışdır. Zərərçəkmiş şəxslə aralarında barışıq olmamışdır. Əməlindən səmimi peşmandır. Barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, fərdi qaydada avtomobil alqı-satqısı ilə məşğul olur. 17 avqust 2022-ci il tarixdə, satmaq məqsədi ilə X4 məxsus, X2 baş etibarnamə əsasında idarə etdiyi “VAZ 21214” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili 7200 manata Rəfail Hüseynovdan almışdır. 7200 manat pulu Rəfailə tam ödədikdən sonra metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən 30 saylı notariat kontorunda həmin şəxs ona baş etibarnamə vermişdir. Bundan sonra o, qeyd olunan avtomobilə əlavə 1500 manat pul xərcləmişdir. Bundan sonra avtomobili “8-ci km”də yerləşən “Avtomobil bazarı”na yaxın olsun deyə ünvan 1 ünvanında yaşayan dostu Eldənizə vermişdir. Eldəniz avtomobili yaşadığı binanın həyətində saxlamışdır. O, Eldənizlə birlikdə qeyd olunan avtomobili bir neçə dəfə bazara aparmış, sonuncu dəfə avtomobilin qaçırıldığı gündən 15 gün əvvəl həmin avtomobili Eldənizin yaşadığı binanın qarşısında saxlayaraq Eldənizin avtomobili müştərilərə rahat şəkildə təqdim etməsi üçün açarlarını Eldənizə vermişdir. 28 oktyabr 2022-ci il tarixdə saat 12 radələrində Eldəniz ona zəng vuraraq avtomobilin yerində olmaması barədə məlumat vermişdir. Buna görə dərhal qeyd olunan ünvana getmiş və həqiqətən də avtomobilin yerində olmadığını gördükdə bu barədə polisə məlumat vermişdir. Bir neçə saat sonra avtomobilin Sabunçu rayonu ərazisində aşkar olunması barədə ona məlumat verilmiş, o, polis əməkdaşları ilə birlikdə həmin ünvana gedib avtomobilə keçirilən baxışda iştirak etmişdir. Avtomobildə üzdə, gözlə görünən hər hansı zədə və ya çatışmazlıq aşkar edilməmiş, eyni zamanda avtomobilin işərisində olan əşyalar oğurlanmamış, ona görə polisdə ifadəsində belə ifadə vermiş, ona hər hansı ziyan dəymədiyini bildirmişdir. Bundan sonra avtomobili ustaya aparıb yoxlatmış və onda bəzi problemlərin olduğunu öyrənmişdir. Lakin, bu barədə polisə məlumat verməmiş, ifadəsinin yenidən alınmasını tələb etməmişdir. Zərərçəkmiş şəxs ifadəsində daha sonra göstərmişdir ki, avtomobil alqı-satqısında dostu Şahid ilə şərik olsa da, təqsirləndirilən şəxsin qaçırdığı avtomobilin pulu onun tərəfindən tam olaraq ödənildiyindən ziyan onun özünə dəymişdir. Avtomobilin qaçırılması zamanı ona ümumilikdə 2000 manatdan artıq ziyan dəymişdir, həm də hadisənin baş verdiyi 2022-ci ilin oktyabr ayından avtomobil hərəkətsiz qalmışdır, ona görə o, əldə edəcəyi xeyirdən məhrum olmuş, ziyana düşmüşdür. Bununla əlaqədar təqsirləndirilən şəxslə barışmamışdır. Təqsirləndirilən şəxsin bibisi ziyanı ödəyəcəklərini bildirsə də, o da ziyanı ödəməmişdir. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə dostdurlar, Etibar fərdi qaydada avtomobil alqı-satqısı ilə məşğul olur. Etibarla ortaq pul qoyub avtomobil alıb bir qədər baha qiymətə satmaqla qazanc əldə etmişlər. 17 avqust 2022-ci il tarixdə Etibarla birlikdə satmaq məqsədi ilə X1 7200 manata “VAZ 21214” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil almışlar. Rəfailin pulu tam ödənildikdən sonra metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən 30 saylı notariat kontorunda Rəfail Etibara baş etibarnamə vermişdir. Bundan sonra Etibar bu avtomobilə əlavə 1500 manat pul xərləmişdir. Həmin vaxtdan o, “8-ci km”də yerləşən “Avtomobil bazarı”na yaxın olsun deyə qeyd olunan avtomobili yaşadığı binanın həyətində saxlamışdır. Eyni zamanda avtomobili müştəri olduqda təqdim edə bilməsi üçün avtomobilin açarlarını özündə saxlamışdır. O, Etibarla birlikdə qeyd olunan avtomobili bir neçə dəfə bazara aparmış, sonuncu dəfə avtomobilin qaçırıldığı gündən 15 gün əvvəl avtomobili bazardan gətirib yaşadığı binanın qarşısında saxlamışdır. 28 oktyabr 2022-ci il tarixdə saat 01 radələrində o, yaşadığı binanın həyətində olduğu zaman qeyd olunan avtomobil saxladığı yerdə olmuş, həmin gün saat 12 radələrində yaşadığı evin pəncərəsindən baxdıqda avtomobilin yerində olmadığını aşkar etmişdir. Dərhal həyətə çıxaraq binanın ətrafında avtomobili axtarmış, avtomobili tapa bilmədikdə Etibara zəng vurub hadisə barədə məlumat vermişdir. “VAZ 21214” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qaçırılması nəticəsində ona heç bir ziyan dəyməmişdir. O, avtomobil alqı-satqısında dostu Zərərçəkmiş şəxs ilə şərik olsa da, qeyd olunan avtomobilin pulu tam olaraq Zərərçəkmiş şəxs tərəfindən ödənildiyindən hadisə nəticəsində yalnız Etibara ziyan dəymişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 21 noyabr 2022-ci il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1- 2) - 17 avqust 2022-ci il tarixdə notariat qaydada təsdiq edilməklə verilmiş etibarnamənin surətindən görünür ki, X5 ona məxsus “VAZ 21214” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili “sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək” kimi səlahiyyətlərlə 09 ay 26 gün müddətinə, 12 iyun 2023-cü il tarixədək Zərərçəkmiş şəxs vermişdir. (i.v. 6) - 28 oktyabr 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən Zərərçəkmiş şəxs, Şahid və hal şahidlərinin iştirakları ilə “VAZ 21214” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlandığı yerə, yəni Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 72 nömrəli binanın həyətinə baxış keçirilmişdir. (i.v. 8-9) - 28 oktyabr 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakları ilə “VAZ 21214” markalı **-BH- *** dövlət qeydiyyat nişanlı avtomobilin aşkar edildiyi yerə, yəni ünvan 2 ünvanına, habelə həmin avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobildən hər hansı bir əşya, pul, sənədlər, detal və hissələrin oğurlanması, avtomobilin üzərində zədə və pozuntu izlərinin olması müəyyən edilməmişdir. (i.v. 12-14) - 29 oktyabr 2022-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs “VAZ 21214” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili saz və işlək vəziyyətdə açarları ilə birlikdə təhvil almış, avtomaşına heç bir ziyan və yaxud zədə yetirilmədiyini, avtomaşından heç bir əşya və yaxud sənəd oğurlanmadığını göstərmişdir. (i.v. 31) - 15 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, əməlində Azərbaycan Respublikası CM-nin 177, 185.2, 186 və 187-ci maddələrinin tərkib əlamətləri olmadığından barəsində həmin maddələrlə cinayət təqibinin aparılması rədd edilmiş, iş üzrə 2011-ci il buraxılışlı, “VAZ 21214” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınaraq sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir. (i.v. 126- 130) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 185.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsinə əsasən avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən CM-nin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 185.1ci maddəsində nəzərdə tutulan əməli törətmiş təqsirləndirilən şəxs hal-hazıradək iş üzrə zərərçəkmiş şəxslə barışmamış və ona dəymiş ziyanı ödəməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsində nəzərdə tutulan əlamətlər olmadığından, təqsirləndirilən şəxsin həmin qaydada cinayət məsuliyyətindən azad edilməsinə əsas yoxdur, ona görə onun barəsində ittihamedici hökm çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 15 dekabr 2022-ci il tarixli tələbnamədən, hökmlərin, qərarların surətlərindən və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 dekabr 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, CM-nin 70-ci maddəsinə əsasən 06 ay sınaq müddəti təyin olunmaqla cəzası şərti hesab edilmiş; Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 iyun 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, CM-nin 85.2-ci maddəsinə əsasən 600 manat cərimə cəzasına məhkum olunmuş, 30 avqust 2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Amnistiya Qərarının 1.8-ci bəndinə əsasən cəzadan azad edilmiş; Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 avqust 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 dekabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 185.2.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib, 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş; Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 fevral 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə təqsirli bilinib, 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.6 və 66.3-cü maddələrinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 dekabr 2016-cı il tarixli hökmü ilə ona təyin olunmuş 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası yeni hökmlə təyin olunmuş cəza ilə qismən toplanılmaqla qəti olaraq 07 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş; Salyan Rayon Məhkəməsinin 03 dekabr 2018-ci il tarixli qərarı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 dekabr 2016-cı il tarixli hökmü üzrə ittihamdan CM-nin 185.2.2-ci maddəsi ilə bağlı epizodda “təkrarən” söz ifadəsi çıxarılmış, onun Sabunçu Rayon Məhkəməsinin 14 dekabr 2016-cı il tarixli hökmünə əsasən təqsirli bilindiyi əməli Azərbaycan Respublikası CM-nin 177.2.2, 185.2.2 və 234.1-ci maddələrindən həmin Məcəllənin 177.2.2, 185.1 və 234.1-ci maddələrinə tövsif edilmiş, CM-nin 177.2.2-ci maddəsi ilə təyin edilmiş 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası və CM-nin 234.1-ci maddəsi üzrə təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası dəyişdirilmədən saxlanılmış, CM-nin 185.1-ci maddəsi ilə ona 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla üzərində qəti olaraq 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası CM-nın 66.5-ci maddəsinə əsasən Sabunçu Rayon Məhkəməsinin 22 avqust 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi üzrə təyin edilmiş 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılıb üzərində qəti olaraq 06 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Sabunçu Rayon Məhkəməsinin 14 dekabr 2016-cı il tarixli hökmündən CM-nin 66.3-cü maddəsi xaric edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 fevral 2017-ci il tarixli hökmü ilə CM-nin 180.2.4-cü maddəsinə əsasən təyin edilmiş 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası dəyişdirilmədən saxlanılmış, CM-nin 66.5 və 66.2-ci maddələrinə əsasən Sabunçu Rayon Məhkəməsinin 14 dekabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.1, 177.2.2, 234.1-ci maddələrinə əsasən təyin edilmiş 06 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla üzərində qəti olaraq 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 fevral 2017-ci il tarixli hökmü üzrə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi və cəzanın əvvəlinin 10 yanvar 2016-cı il tarixdən hesablanması nəzərə alınmış, həmin hökm qalan hissədə dəyişdirilmədən saxlanılmış, 08 iyul 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (i.v. 59-77, 123- 125) - 06 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v. 119) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli 1(007)- 160/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəməyə gəlməyib gizləndiyindən onun haqqında axtarış elan olunmuş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. -Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin 05 iyun 2023-cü il tarixli 52-2/2- 10473/23 nömrəli məktubundan görünür ki, barəsində axtarış elan edilərək həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs 05 iyun 2023-cü il tarixdə tutularaq 3 saylı istintaq təcridxanasına təhvil verilmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində, cəzasını ağırlaşdıran hal qismində həmin Məcəllənin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 fevral 2017-ci il tarixli hökmü üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməsə də, Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinin tələbinə uyğun olaraq həmin hal hazırda böyük ictimai təhlükə törətməyən cinayət törətmiş təqsirləndirilən şəxsə münasibətdə residivin müəyyən olunması zamanı nəzərə alınmır. Ona görə də müstəntiqin iş üzrə cinayətlərin residivini təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal kimi müəyyən etməsi əsassız hesab olunmaqla nəzərə alınmamalı, ittiham aktından xaric edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulmamış, həbsdə saxlanılmamışdır, ona görə CM-nin 69-cu maddəsi ilə müəyyən edilmiş qaydada cəza müddətindən çıxılma üçün əsaslar yoxdur. Lakin, təqsirləndirilən şəxsin məhkəmədən qaçıb gizlənməsi ilə əlaqədar barəsində axtarış elan olunaraq tutulduğu və həmin vaxtdan həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla, cəzaçəkmənin əvvəli 05 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir, belə ki, yuxarıda qeyd olunduğu kimi, təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivi müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxsə dəymiş maddi ziyan ödənilməsə də, onun tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən maddi ziyanın ödənilməsini tələb edən həmin zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər, ona bu hüququ izah edilməlidir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış avtomobilin məhkəməyədək icraat zamanı sahibi olan zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından, qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 36 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 05 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış “VAZ 21214 minik” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 36 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 216 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə dəymiş ziyanı tələb etdiyi halda, mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüququ zərərçəkmiş şəxsə izah edilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-160/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-160/2023
23.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver