Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-161/2020 16.09.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclası katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı - Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi - X2, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, onun müdafiəçisi - “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1976-cı il tarixdə Lənkəran rayonunun Ləj kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, “xxxxxxxxxxxxxxxx” MMC-də ekspeditor vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonunun Ləj kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, R.Məmmədov küçəsi, ev 4-də yaşayan, xx xxx 2020-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, xx xxxxxx 2020-ci il tarixdə saat 13 radələrində texniki cəhətdən saz vəziyyətdə olan, “B” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi özünə məxsus “Ford Edge” markalı ** SP *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti ilə Binə qəsəbəsi istiqamətində 90 km/saat sürətlə hərəkətdə olarkən H.Əliyev prospekti 108 saylı ünvanın qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, təhlükə yaranandan sonra da nəqliyyat vasitəsi piyadanın vurulduğu yerdən dayanma yolundan hər hansı böyük məsafələrdə olarkən, sürücünün tormozlama əməliyyatı aparmaqla yolu artıq keçməkdə olan piyadaya kimi nəqliyyat vasitəsinin dayandırmağa texniki imkanı olduğu halda, bu tələblərə əməl etməyərək yolu sağdan sola keçən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ hissəsi ilə vuraraq, ehtiyatsızlıqdan sonuncuya dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyan və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəsi olan baş beyinə, qişalarına, mədəciklərinə qansızma ilə müşayiət olunan kəllə əsasının sol ön çuxuruna keçən sol təpə-gicgah sümüklərinin xətti sınığı, sol İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ və X qabırğaların yerdəyişmiş sınıqları, sol qamış sümüyünün tam sınığı, sol təpə-ənsə və sol təpə nahiyələrinin və sağ baldırın aşağı 1/3-nin ön-iç səthinin əzilmiş yaraları, sol təpə, sağ qaşüstü, sağ almacıq nahiyələrinin, sağ mil-biləyin arxa səthinin, sağ əlin arxa səthinin və 2-ci barmağın arxa səthinin, sol saidin arxa səthinin, sol əlin arxa səthinin, sol baldırın aşağı 1/3-nin arxa-bayır nahiyəsinin sıyrıqları və burnun sağ səthinin qançırı xəsarətlərini yetirməklə Zərərçəkmiş şəxs başın küt travması nəticəsində kəllənin əsas sümüyünün sınığı ilə müşayiət olunan baş beyinə, onun qişalarına və mədəciklərinə qansızma nəticəsində hadisə yerində ölmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 13 radələrində idarə etdiyi özünə məxsus “Ford Edge” markalı ** SP *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, H.Əliyev prospekti ilə Mərdəkan qəsəbəsi istiqamətində yolun birinci, yəni sol birinci hərəkət zolağı ilə hərəkətdə olan zaman metronun “Koroğlu” stansiyasına çatmağa bir az qalmış bir nəfər piyada onun yoluna çıxaraq avtomobilin sağ qabaq tərəfinə dəymiş və zərbənin təsirindən qarşıya atılaraq asfaltın üzərinə yıxılmışdir. O, dərhal avtomobili saxlayaraq piyadaya yaxınlaşmış, 5 dəqiqə sonra isə hadisə yerinə təcili yardım avtomobili gəlmiş və piyadanı xəstəxanaya aparmışlar. Lakin xəstəxanada məlum olmuşdur ki, piyada ölmüşdür. O, mərhumu və onun ailə üzvlərini hadisəyədək tanımamışdır, hazırda zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayəti və tələbi yoxdur. Lakin o, hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş ekpsertiza zamanı onun piyadanı görmə şəraitini nəzərə almaqla hadisənin qarşısını almağa imkanının olubolmaması məsələsi yoxlanılmamışdır. Baş vermiş hadisədə təqsiri olmadığından, onun barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X4 ifadə verərək göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə ona məlum olmuşdur ki, Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində atası Zərərçəkmiş şəxs yolu piyada keçərkən sonradan adını bildiyi, lakin əvvəllər tanımadığı və heç bir münasibəti olmadığı Təqsirləndirilən şəxs idarə etdiyi “Ford Edge” markalı ** SP *** dövlət qeydiyyat nişanlı avtomobillə vurulmuş və aldığı bədən xəsarətlərindən hadisə yerində ölmüşdür. Bu xəbəri aldıqdan sonra Nizami rayon Polis İdarəsinə gəlmişlər, hadisə barədə məlumat verildikdən sonra atasının nəşini təhvil vermişlər, atasını aparıb dəfn etmişlər. Hadisədən sonra Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş maddi ziyana görə lazımi köməklik göstərilmişdir, həmin şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur, onunla barışmışdır. Məhkəmədən həmin halların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında Şahid ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir, nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Mahirin Bakı şəhərində qeydiyyatda olmadığı üçün ** SP *** dövlət qeydiyyat nişanlı “Ford Edge” markalı avtomobili alarkən onun adına rəsmiləşdirmişlər, o, Mahirə avtomobili idarə etməsi üçün etibarnamə vermişdir. Avtomobil onun adına qeydiyata alınsa da, əri Mahirin faktiki mülkiyyətindədir və avtomobilin yol-nəqliyyat hadisəsi nəticəsində əzilməsi zamanı maddi ziyan Mahirin özünə dəymişdir. İbtidai istintaq zamanı bu barədə ərizə də vermişdir. xx xxxxxx 2020-ci il tarixdə Mahir həmin avtomobili idarə edərkən baş vermiş yol-nəqliyyat hadisəsinin şahidi olmamışdır, bu barədə yalnız Mahirin özündən eşitmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: -Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs yol-nəqliyyat hadisəsi nəticəsində ölməsi faktına görə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v. 1) -“Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında xx xxxxxx 2020-ci il tarixli 2/1366 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə keçirilən müayinəsi zamanı ayıq olduğu müəyyən edilmişdir. (i.v. 16) -AC seriyalı, 349275 nömrəli sürücülük vəsiqəsinin surətindən və Baş Dövlət X5 xx xxxx 2020-ci il tarixli 016-20866-1220 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək üçün “B” kateqoriyalı sürücülük vəsiqəsi vardır, o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. (i.v. 19, 31) -xx xxxx 2019-cu il tarixdə notarial qaydada verilmiş ƏN-Vİ seriyalı, 683899 nömrəli etibarnamənin surətindən görünür ki, Şahid mülkiyyət hüququ üzrə ona məxsus olan ** SP *** dövlət qeydiyyat nişanlı “Ford Edge” markalı avtomobili “sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək” və digər səlahiyyətlərlə 01 il müddətinə, xx xxxx 2020-ci il tarixədək Təqsirləndirilən şəxs vermişdir. (i.v. 21) -“Baxış keçirilməsi haqqında” xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-in Növbətçi Hissələri İdarəetmə Xidmətindən xx xxxx 2020ci il tarixli 003-3513-1220 nömrəli məktubla daxil olmuş görüntüyə baxış keçirilən zaman müəyyən edilmişdir ki, “TŞ4-047.3 Part 1” adlı fayldakı çəkiliş H.Əliyev prospektinin üzü Binə qəsəbəsi istiqamətində hərəkətini əhatə edir. Görüntünün 02.26-cı dəqiqəsində kişi cinsli piyada şəxs yolun sağ yan hissəsindəki Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, 108 ünvanında yerləşən “Gimnastika Arenası”ndan üzü H.Əliev prospekti 117 saylı ünvanda yerləşən “Atletlər kəndi” istiqamətində adi yerişlə hərəkət edərək yolun ehtiyyat hərəkət hissəsini keçdikdən sonra hərəkətini adi yerişlə davam etdirərək yolu keçir, birinci zolağın ortasına çatdıqda, çəkilişin 03.08 saniyəsində həmin zolaqda hərəkətdə olan “Ford Edge” markalı ** SP *** dövlət qeydiyyat nişanlı avtomobillə piyada vurulur. Bundan sonra sürücü avtomobili saxlayaraq piyadaya yaxınlaşır. (i.v. 44) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 Publik hüquqi şəxsin Nizami rayon şöbəsinin xx xxxx 2020-ci il tarixli 30 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs meyitində aşağıdakı xəsarətlər aşkar olunmuşdır: baş beyinə, qişalarına, mədəciklərinə qansızma ilə müşayiət olunan kəllə əsasının sol ön çuxuruna keçən sol təpə-gicgah sümüklərinin xətti sınığı, sol İİİ. İV, V, Vİ, Vİİ, Vİİİ və X qabırğaların yerdəyişmiş sınıqları, sol qamış sümüyünün tam sınığı, sol təpəənsə və sol təpə nahiyələrinin və sağ baldırın aşağı 1/3-nin ön-iç səthinin əzilmiş yaraları, sol təpə, sağ qaşüstü, sağ almacıq nahiyələrinin, sağ mil-biləyin arxa səthinin, sağ əlin arxa səthinin və 2-ci barmağın arxa səthinin, sol saidin arxa səthinin, sol əlin arxa səthinin, sol baldırın aşağı 1/3-nin arxa-bayır nahiyəsinin sıyrıqları və burnun sağ səthinin qançırı. Qeyd edilən xəsarətlər həyatidirlər, bərk küt əşyanın (əşyaların) təsirindən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcələrinə görə canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmanın əlamətini daşıyırlar, baş vermiş ölümlə birbaşa səbəbli əlaqələri vardır. Zərərçəkmiş şəxs ölümünə səbəb başın küt travması nəticəsində kəllənin əsas sümüyünün sınığı ilə müşayiət olunan baş beyinə, onun qişalarına və mədəciklərinə qansızma olmuşdur. Ölüm meyitin meyitxanada müayinəsindən təxminən 2-4 saat əvvəl baş verə bilərdi. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (i.v. 70-73) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli 4474 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, “Ford Edge” markalı ** SP *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. -Toplanmış sübutların qiymətləndirilməsi haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263-1 və 263.4-cü maddələri ilə cinayət işi başlanması rədd edilmiş, ** SP *** dövlət qeydiyyat nişanlı “Ford Edge” markalı avtomobil və bir ədəd CD disk maddi sübut qismində tanınmış, CD disk cinayət işinə əlavə edilmişdir. (i.v. 148-154) -xx xxx 2020-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs maddi sübut kimi tanınmış ** SP *** dövlət qeydiyyat nişanlı “Ford Edge” markalı avtomobili təhvil almışdır. (i.v. 109) Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxxxx 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsin hüquqi varisini və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Məhkəmə əlavə olaraq qeyd edir ki, təqsirləndirilən şəxs özünü baş vermiş cinayət əməlinə görə təqsirli bilməyib, ona bəraət verilməsini xahiş etsə də, məhkəmə iclasında müəyyən edildi ki, o, baş vermiş yol-nəlqiyyat hadisəsi zamanı ölmüş zərərçəkmiş şəxsin yaxın qohumu olan oğlu ilə razılıq əldə edərək ona maddi ziyan qismində ödəniş etmiş, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmişdir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Məhkəmə Təqsirləndirilən şəxs və müdafiəçisinin, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə verilmiş ittiham üzrə bəraət verilməsi barədə məhkəmədə etdikləri çıxışlarına münasibətdə qeyd edir ki, cinayətprosessual qanunvericiliyinə görə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Lakin məhkəmə tədqiqi zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu həmin maddə ilə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır; cinayətin törədilməsinə məhz Təqsirləndirilən şəxs aidiyyəti olmuşdur və onun bu cinayət hadisəsində təqsirliliyi sübuta yetirilmişdir, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 263.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1ci maddəsində nəzərdə tutulmuş əməllər (avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda, həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur və üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur. -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. -Zərərçəkmiş şəxsin hüquqi varisi X2 ibtidai istintaq zamanı və məhkəməyə təqdim etdiyi ərizələrdən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində atası Zərərçəkmiş şəxs ölməsi ilə bağlı Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır, ona dəymiş ziyan ödənilmişdir. O və ailə üzvləri Təqsirləndirilən şəxs ilə barışmışlar, Azərbaycan Respublikası CM-nin 80-1-ci maddəsinə əsasən onun cəzadan azad edilməsini xahiş etmişdir. Məhkəmə həmin halla bağlı qeyd edir ki, ölmüş zərərçəkmiş şəxsin yaxın qohumu, oğlu Rasim Yusifovun təqsirlənidirilən şəxsin CM-nin 80-1-ci maddəsinə əsasən cəzadan azad edilməsi barədə xahişinin əsası yoxdur, belə ki, həmin maddi hüquq norması göstərilən şəraitdə cəzadan azad etməni tənzimləmir. Bununla yanaşı CM-nin 263-cü maddəsinin qeydinin 2-ci hissəsində həmin Məcəllənin yalnız 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxsin zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuşdur, CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş şəxsə münasibətdə belə cinayət məsuliyyətindən azad etmə nəzərdə tutulmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ərizə təqdim edərək onunla barışmasını bildirməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2013-cü il tarixli 5 nömrəli Qərarının 21-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, ... məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz; 59.1.10-59.1.14-cü maddələrinə əsasən şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi; cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması; zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması; cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hallardır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Hazırkı halda məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası CPM-nin 346.1.13-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməli olduğu məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələbinə əsasən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulmamış, həbsdə saxlanılmamışdır, onun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olsa da, onun məntəqə tipli cəzaçəkmə müəssəsinə göndərilməsinədək barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz olunmasına zərurət yoxdur, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəzanın icrası Cinayət Məcələsinin 45-ci və Cəzaların İcrası Məcəlləsinin 154-cü maddəsinin tələblərinə uyğun təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə əsas olacaq hallar müəyyən edilməmişdir; zərərçəkmiş şəxsin hüquqi varisi məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmişdir, cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, maddi sübut qismində tanınmış ** SP *** dövlət qeydiyyat nişanlı “Ford Edge” markalı avtomobilin ibtidai istintaq zamanı etibarnamə əsasında sahiblik və istifadə edən Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalı, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab olunan cəmi 150 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Bundan başqa məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinin həyata keçirilməsi üçün müqavilə əsasında vəkili məhkəmə iclasına buraxılmışdır, ona görə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Məhkəmə məsrəfi hesab olunan cəmi 150 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Maddi sübut qismində tanınmış bir ədəd CD disk cinayət işinin saxlanılma müddətində iş materiallarında saxlanılsın, maddi sübut qismində tanınmış ** SP *** dövlət qeydiyyat nişanlı “Ford Edge” markalı avtomobilin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-161/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-161/2020
16.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver