Məhkəmə qərarları › İş №1(007)-162/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-162/2021

07.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-162/2021 07.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Mehdiyeva Günel Tariyel qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs Şahin oğlunun iştirakı ilə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: xx.xx.1995-ci ildə Naxçıvan MR-nın Şərur rayonunun Qaraburc kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Naxçıvan MR, Şərur rayonu, Qaraburc kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair sadələşdirilmiş icraat materialına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 14.03.2021-ci il tarixdə saat 22:30 radələrində işlədiyi ünvan 2 ünvanında yerləşən “Elays” adlanan çay evində ofisiant işləyən Zərərçəkmiş şəxs ona həvalə olunmuş işi icra etməməsi səbəbindən aralarında baş vermiş mübahisə zamanı, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ünvanına nalayiq sözlər söyləməsi səbəbindən qəsdən əli ilə Zərərçəkmiş şəxs sifətinə vuraraq ona sol gözün üst qapağı və sol qaş nahiyəsini əhatə edən hematoması, sol gözün ağlı qişasının qansızması ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, ünvan 2 ünvanında yerləşən “Elays” çay evində işləməklə orada olan bütün işlərə nəzarət etmişdir. Həmin çay evində işə başlayan zaman Zərərçəkmiş şəxs orada ofisiant işləyirdi. Çay evində işləyən ofisiantlar gündəlik 15 manat əmək haqqı alırlar. Zərərçəkmiş şəxs bir neçə dəfə onunla, eləcə də başqa işçilərlə heç bir səbəb olmadan mübahisə etmiş, iş vaxtı narazılıqlar yaratmış, bir neçə dəfə ona həvalə olunan işi icra etməkdən imtina etmişdir. 14.03.2021-ci il tarixdə saat 22:30 radələrində o, Nahidənin çay evində kassir işləyən Subhanə ilə mübahisə etdiyini görüb ona yaxınlaşaraq sakitləşməsini, hərəkətlərinə son qoymasını, işçilərlə mübahisə etmək əvəzinə masaların üzərini təmizləməsini tələb etmişdir. Bu zaman Nahidə ümumiyyətlə orada işləmək istəmədiyini deyib əmək haqqını ödəməyini tələb etmişdir. O, iş vaxtının saat 00:00-da bitdiyini, iş vaxtı bitdikdən sonra əmək haqqını verəcəyini dedikdə, Nahidə onunla mübahisə etməyə başlamış və onun ünvanına nalayiq ifadələr işlətməklə, onu söyüb təhqir etmişdir. Bu zaman o, əsəbiləşib sağ əli ilə Nahidənin sol sifət nahiyəsinə bir dəfə vurmuşdur. Sonra Nahidəyə əmək haqqı olaraq 15 manat pul verib çay evini tərk etməsini tələb etmişdir. O, Zərərçəkmiş şəxs sol sifət nahiyəsindən vurmuş, lakin Nahidənin sol tərəfindən hər-hansı xəsarət olmamış, onun xəsarəti sağ gözündə olmuşdur. Onun heç bir təqsiri yoxdur. Məhkəmədən ona cəza verilməməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında yerləşən “Elays” çay evində ofisiant işləməklə gündəlik 15 manat əmək haqqı almışdır. Əvvəl həmin çay evini Kamran işlətmiş, sonradan Təqsirləndirilən şəxs çay evində olan bütün işlərə nəzarət etməyə başlamışdır. Təqsirləndirilən şəxs çay evinə gəldiyi gündən heç bir səbəb olmadan işdə ona narahatçılıq yaratmışdır. Həmin çay evində onunla bərabər bir neçə ofisiant işləmişdir. Hər ofisianta bir neçə masa həvalə olunmuşdur ki, həmin masalarda əyləşən şəxslərə xidmət etsinlər. 14.03.2021-ci il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs ona aid olmayan masanın üzərini təmizləməyini tələb etmişdir. O, həmin masanın ona aid olmadığını, həmin masanı təmizləməyəcəyini dedikdə Təqsirləndirilən şəxsla aralarında mübahisə baş vermişdir. Təqsirləndirilən şəxs mütəmadi olaraq ona qarşı bu kimi hərəkətlər etməsi səbəbindən əsəbiləşib işdən çıxacağını deyib, əmək haqqını verməsini Müzəffərdən tələb etmişdir. Müzəffər iş vaxtının saat 00:00-da bitdiyini, iş vaxtı bitəndən sonra əmək haqqını verəcəyini demişdir. O, Müzəffərdən əmək haqqını verməsini tələb etmişdir. Bu zaman Müzəffər əli ilə sifətinə vurmuş, sonra ona əl-qol atmış, dartmışdır ki, aparıb çöldə döysün. Bundan sonra ona 15 manat əmək haqqı vermişlər. O, xəsarət aldığı üçün polisə şikayət ərizəsi ilə müraciət etmişdir. Müzəffərin onu vurması nəticəsində xəsarətinin gah sol, gah da sağ gözündə olduğunu deməsini sağ və sol tərəfini seçə bilməməsi ilə əlaqələndirir. Təqsirləndirilən şəxs ilə barışmamışdır, onun cəzasını çəkməsini istəyir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili X4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 15.03.2021-ci il tarixdə ərizə ilə 25-ci PŞ-nə müraciət edərək 14.03.2021-ci il tarixdə işlədiyi ünvan 2 ünvanında yerləşən “Elays” adlanan çay evində Müzəffər adlı şəxsin onunla mübahisə edərək, əli ilə sifətinə vuraraq xəsarət yetirdiyini bildirmiş və Müzəffər adlı şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Baş vermiş hadisəni araşdırmaq məqsədilə “Elays” adlanan çay evinə getmişlər və orada olan videogörüntüyə baxmışlar. Videogörüntüyə baxan zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sol sifət nahiyəsinə vurduğunu müəyyən etmişlər. Zərərçəkmiş şəxs xəsarətinin sağ və ya sol tərəfindən olması dəqiq yadında deyildir. Proses iştirakçılarının dediklərinə əsasən Zərərçəkmiş şəxs xəsarəti sağ gözündə olmuşdur. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında dindirilmiş məhkəmə-tibb eksperti X5 canlı şəxsin ekspertizasına dair 15.03.2021-ci il tarixli, 207 nömrəli rəyi müdafiə edərək bildirmişdir ki, təhqiqatçının qərarı əsasında Zərərçəkmiş şəxs Nizami rayon MTE PA və ETT Birliyinə müraciət etmiş və onun tərəfindən 15.03.2021-ci il tarixdə Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinədən keçirilmişdir. Zərərçəkmiş şəxs şikayəti sol gözətrafı nahiyədə və sol gözdə olan ağrıdan olmuşdur. Zərərçəkmiş şəxs xəsarəti sol gözündə olmuşdur. Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onda sol gözün üst qapağı və sol qaş nahiyəsini əhatə edən hematoması, sol gözün ağlı qişasının qansızması, sağ əlin qançırı olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, 14.03.2021-ci il tarixdə alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmaları inkar olunur. Müayinə zamanı Zərərçəkmiş şəxs başqa xəsarət aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 tərəfindən verilmiş canlı şəxsin ekspertizasının 15.03.2021-ci il tarixli, 207 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sol gözün üst qapağı və sol qaş nahiyəsini əhatə edən hematoması, sol gözün ağlı qişasının qansızması, sağ əlin qançırı olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 14.03.2021-ci il tarixdə alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmaları inkar olunur. - zərərçəkmiş şəxs qismində tanınma haqqında 19.03.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 12.04.2021-ci il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. - 01 ədəd “CD” diskə köçürülmüş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sol sifət nahiyəsindən vurur və bir-birlərinə əl-qol atırlar. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair ifadəsi özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilir və ifadəsində göstərdiyi xüsusatlar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olundu. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan ağırlaşdıran hal müəyyən olunmadı. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini, törədilmə şəraitini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs islah olunması üçün barəsində cəmiyyətdən təcrid olunmamaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə bağlı olmayan islah işləri cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının CPM-nin 346.1.19 və 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut olan 1 ədəd “CD” disk sadələşdirilmiş icraat materialında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin təhqiqatda iştirak etdiyi müddət 10 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 20 iş saatı, cəmi 30 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 180 (bir yüz səksən) manat (30x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi oğluna dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində hər ay qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmaqla 6 (altı) ay müddətinə islah işləri cəzası təyin edilsin və cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə tapşırılsın. İş üzrə maddi sübut olan 1 ədəd “CD” disk sadələşdirilmiş icraat materialında saxlanılsın. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 30 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğluna 180 (bir yüz səksən) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar