Məhkəmə qərarları › İş №1(007)-162/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-162/2023

23.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-162/2023 23.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Ələsgərov Elvin Hidayət oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1991-ci il tarixdə Naxçıvan MR, Culfa rayonu, Bənəniyar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, iki uşağı olan, əvvəllər məhkum olunmamış, işləməyən, Naxçıvan MR, Culfa rayonu, Bənəniyar kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.İmanov küçəsi ev 32, mənzil 6-da yaşayan, 15 dekabr 2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, o, 03 oktyabr 2022-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, 118 ünvanında yerləşən, metronun “Koroğlu” stansiyasının yaxınlığında taksi fəaliyyəti ilə məşğul olan zaman həmin vaxt orada taksi fəaliyyəti göstərən tanışı Zərərçəkmiş şəxs avtomobilinə müştəri əyləşməsini görüb sonuncuya yaxınlaşaraq guya onun növbəsində müştəri qəbul etməsini bəhanə edib Zərərçəkmiş şəxsla heç bir əsaslı səbəb olmadan mübahisə edib özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə üstün qoymaqla, ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərmiş, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək ətrafdakıların narahatçılığına səbəb olmaqla qəsdən təpiklə Zərərçəkmiş şəxs xaya nahiyəsinə vuraraq sonuncuya sol xayanın şişkinlik halında əzilməsi ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarətlər yetirərək qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 5 ildir icarə götürdüyü “Mercedes Benz E220” markalı **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nizami rayonu, metronun “Koroğlu” stansiyasının yaxınlığında taksi fəaliyyəti göstərir. Həmin vaxtdan da Zərərçəkmiş şəxs ilə tanış olmuşdur, həmyerli kimi də yaxşı münasibətləri olmuşdur. Pərviz də icarə götürdüyü avtomobillə eyni yerdə taksi fəaliyyəti göstərir. 03 oktyabr 2022-ci il tarixdə saat təxminən 23 radələrində metronun “Koroğlu” stansiyasının yaxınlığında dayandığı zaman Pərviz də idarə etdiyi avtomobil ilə həmin əraziyə gəlmişdir. Bu zaman iki nəfər müştəri Pərvizin avtomobilinə əyləşmişdir. O, Pərvizin avtomobilinə yaxınlaşıb uzun müddətdir müştəri gözlədiyini, nəyə gorə növbəsini gözləmədən müştəri götürdüyünü deyərək ona irad bildirmişdir. Pərviz nalayiq ifadələr işlədərək yaxşı etdiyini, ona heç kimin irad bildirməyə haqqı olmadığını demişdir. Bu zaman aralarında sözlə mübahisə yaranmışdır. Müştərilər onların mübahisə etdiklərini gördükdə Pərvizin avtomobilindən düşüb digər avtomobilə əyləşərək getmişlər. Pərviz avtomobilindən düşüb yenidən onunla mübahisə etməyə başlamışdır. Onlar mübahisə edə-edə yol kənarında olan ağaclıq əraziyə getmişlər. Orada Pərviz onun ünvanına var-yox söyüşü işlədərək əlini sifətinə uzatmış, Pərvizin barmağı onun sağ gözünə dəymişdir. O, əsəbləşib ayaq zərbəsi ilə bir dəfə Pərvizin iki ayağının ortasından vurmuşdur. Bundan sonra onlar aralanmış və hərəsi öz idarə etdiyi avtomobillərə qayıtmışlar. Hadisə ümumilikdə təxminən bir-iki dəqiqə çəkmişdir. Həm o, həm də Pərviz bir qədər orada dayandıqdan sonra müştəri götürüb getmişlər. Ertəsi gün səhər saat 11 radələrində Pərviz taksi fəaliyyəti göstərdikləri əraziyə gələrək onunla görüşmüş, dünən aralarında baş vermiş mübahisə zamanı onu vurduğundan xayasının şişdiyini, ultrasəs müayinəsindən keçmək lazım olduğunu bildirmişdir. O, Pərvizə yalan danışmamasını, onu yüngül zərbə ilə vurduğunu, bu zərbənin təsirindən xayasının şişməsinin mümkün olmadığını demişdir. Pərviz onunla birlikdə öz avtomobilinə əyləşmiş və şalvarının qabaq hissəsini açaraq xayasını ona göstərmişdir. O, həqiqətən də Pərvizin xayasının şişdiyini görmüş və onu vurmağından peşman olduğunu deyərək Pərvizdən üzr istəmiş, səhhətinin bərpa olunması üçün maddi xərcləri ödəyəcəyini demişdir. Pərviz ultrasəs müayinəsindən keçmək üçün 72 manat pul lazım olduğunu bildirmişdir. O, cibində olan 40 manat pulu çıxarıb Pərvizə vermiş, qalan pulu da işləyib ödəyəcəyinə söz vermişdir. Həmin gün axşam saatlarında Pərviz onun istifadəsində olan mobil telefon nömrəsinə “whatsapp” proqramından mesaj yazaraq həkimin yazdığı dərmanları almaq üçün 107 manat pul lazım olduğunu, həmin mətndə həyat yoldaşına məxsus bank kartının nömrəsini qeyd edərək pulu təcili həmin karta ödəməsini bildirmişdir. O, cibində olan 95 manat pulu yaşadığı Buzovna qəsəbəsində yerləşən marketdə quraşdırılmış ödəmə terminalı vasitəsilə Pərvizin ona nömrəsini göndərdiyi bank kartının hesabına köçürmüşdür. Bir neçə gün Pərviz durduqları yerə gəlməmiş, onunla telefon əlaqəsi saxlayaraq avtomobilinin icarə haqqını ödəməsini tələb etməyə başlamışdır. O, etiraz etməyib 10 gün ərzində Pərvizin ona nömrəsini göndərdiyi bank kartının hesabına müxtəlif məbləğlərdə pul köçürmüşdür. Ümumilikdə Pərvizə 245 manat pul vermişdir. 13 oktyabr 2022-ci il tarixdə Pərviz onunla əlaqə saxlayıb həkimlərin xayasından cərrahi əməliyyat olunmasını məsləhət gördüklərini, buna görə pul lazım olduğunu demişdir. O, Pərvizə hazırda üzərində çox pul olmadığını bildirmişdir. Bir neçə saat keçmiş polis əməkdaşları onun istifadəsində olan telefon nömrəsinə zəng vuraraq onu Nizami RPİ-nin 25-ci polis şöbəsinə dəvət etmişlər. O, polis şöbəsinə gəldikdə Pərvizin ondan şikayət etdiyini öyrənmişdir. Polis şöbəsində olarkən o, bir daha Pərvizi vurduğundan peşman olduğunu, Pərvizin tibbi xərclərini ödəyəcəyini, lakin hazırda üzərində çox pul olmadığını bildirmişdir. Pərviz onunla razılaşmış və cərrahi əməliyyatı tibbi sığorta əsasında etdirəcəyini, lakin dərmanlara, həkimlərə və tibbi personala 500 manat pul ödəməli olduğunu bildirmişdir. O, etiraz etməmişdir. Təxminən 3-4 gündən sonra Pərvizin ona nömrəsini göndərdiyi bank kartının hesabına 500 manat pul köçürmüşdür. Bundan sonra Pərviz əməliyyat olunmuşdur. O, bazarlıq edərək xətəxanaya gedib Pərvizi ziyarət etmiş, xəstəxanada əlavə olaraq həkimə 100 manat, tibbi personala 30-40 manat pul vermişdir. Pərviz dərmanların alınması üçün əlavə olaraq pul lazım olduğunu bildirmişdir. O, xəstəxanada 100 manat pulu Pərvizə vermişdir. Pərviz xəsarət alması ilə bağlı polisə şikayət etdikdən sonra polisə çağırıldığı günədək Pərvizin avtomobilinin gündəlik 25 manat olmaqla icarə haqqını ödəmişdir. Bundan sonra Pərviz ona kredit və digər borclarını ödəmək üçün 675 manat pul lazım olduğunu və işin sonunda ona 750 manat pul ödəyəcəyi təqdirdə ondan şikayəti olmadığını bildirəcəyini demişdir. O, Pərvizə şikayəti ilə bağlı araşdırmanın sonunda məhkəmənin çıxardığı qərardan sonra həmin pulu ödəyəcəyini bildirmişdir. Bir neçə gün keçdikdən sonra onun telefonuna zəng olunmuş və barəsində cinayət işinin başlandığı bildirilmişdir. Hazırda Zərərçəkmiş şəxs vurduğu maddi ziyanı ödəmiş, aralarında barışıq əldə edilmişdir, əməlindən səmimi peşmandır. Həmin halı, himayəsində iki azyaşlı uşağı olduğunu, uşağının birinin səhhətində ciddi problemlər olduğunu, ailədə ondan başqa işləyən olmadığını nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 3 ildir icarə götürdüyü “Dasia Logan” markalı **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nizami rayonu, metronun “Koroğlu” stansiyasının yaxınlığında taksi fəaliyyəti göstərir. 2020-ci ildən Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. İlkin icarə götürdüyü “Mercedes-Benz E-220” markalı **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobillə eyni yerdə taksi fəaliyyəti göstərmişdir. İlkinlə aralarında həmyerli kimi yaxşı münasibətlər yaranmışdır. 03 oktyabr 2022-ci il tarixdə saat təxminən 23 radələrində metronun “Koroğlu” stansiyasının yaxınlığına gəldiyi zaman İlkinin də orada olduğunu görmüşdür. Təxminən 5 dəqiqə keçmiş iki nəfər müştəri onun idarə etdiyi avtomobilə əyləşmişdir. Bu zaman İlkin onun avtomobilinə yaxınlaşıb uzun müddətdir müştəri gözlədiyini, nəyə görə gələn kimi müştəri götürdüyünü deyərək ona irad bildirmişdir. Bu zaman aralarında sözlə mübahisə yaranmışdır. Müştərilər onların mübahisə etdiyini gördükdə, avtomobildən düşüb markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilə əyləşərək getmişlər. O, aralarında mübahisənin qızışmasının qarşısını almaq məqsədilə İlkini sinə nahiyəsindən itələyərək getməsini demişdir. İlkin ayaq zərbəsi ilə bir dəfə onun iki ayağının ortasından vurmuşdur. Bundan sonra onları ətrafda olan tanımadığı taksi sürücüləri ayırmışlar, hərəsi öz idarə etdiyi avtomobilə qayıtmışdır. Təqsirləndirilən şəxs ilə aralarında olan mübahisə təxminən 10 dəqiqə davam etmişdir. O, avtomobilinə minib 3 saylı şəhər Klinik Xəstəxanasına getmişdir. Xəstəxanada ultrasəs müayinəsindən keçmişdir. Onu müayinə edən həkim xayasından xəsarət aldığını, cərrahi əməliyyata ehtiyac olduğunu söyləmişdir. Ailə üzvlərinə məlumat vermədiyindən cərrahi əməliyyata razılıq verməmişdir. Xəstəxanadan çıxıb yaşadığı evə getmişdir. Ertəsi gün yenidən 3 saylı şəhər Klinik Xəstəxanasına getmişdir. Orada onu yenidən müayinə etmişlər və həkim dəqiq diaqnozun qoyulması üçün digər özəl xəstəxanada müayinədən keçməsini tövsiyyə etmişlər. O, “Vitamed” xəstəxanasına müraciət etmiş, müayinənin nəticəsini 3 saylı şəhər Klinik Xəstəxanasının həkiminə aparmışdır. Həkim ona müalicə yazmışdır. O, xəsarət aldığı barədə İlkinə məlumat vermiş, İlkin ona müalicə xərclərini ödəyəcəyinə söz vermiş və ilkin olaraq ultrasəs müayinəsindən keçmək üçün ona 45 manat pul vermişdir. 12-13 gün müalicə almışdır. Həmin ərəfədə İlkin müalicəsi üçün zəruri dərmanları almaq məqsədilə onun bank kartının hesabına 95 manat pul köçürmüşdür. Bundan sonra bir dəfə də İlkin yenidən dərmanların alınması üçün onun bank kartının hesabına 45 manat pul köçürmüşdür. Müalicədən sonra həkim cərrahi əməliyyata ehtiyac olduğunu bildirmişdir. O da, İlkinlə əlaqə saxlayıb əməliyyatın xərclərini və avtomobilinin gündəlik 25 manat icarə haqqını ödəməsini demişdir, İlkin isə pulunun olmadığını bildirmişdir. O, məcbur olub 13 oktyabr 2022-ci il tarixdə hadisə barədə 102 mərkəzi zəng xidmətinə telefonla, bundan sonra isə Nizami RPİ-nin 25-ci polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Polis şöbəsində aparılan araşdırma zamanı məhkəmə tibbi ekspertizasından keçmişdir. Polis şöbəsində İlkin onunla danışıq zamanı cərrahi əməliyyatın xərclərini və avtomobilinin icarə haqqını ödəyəcəyinə söz vermişdir. O, icbari tibbi sığorta ilə əməliyyat olunmuş, İlkin xəstəxanaya gələrək həkimə və tibbi personala pul ödəmişdir. Bundan başqa zəruri dərman preparatlarının alınması üçün ona 300 manat pul vermişdir. Həmin ərəfədə onun avtomobilinin gündəlik 25 manat icarə haqqı da İlkin tərəfindən ödənilmişdir. O, İlkinə uzun müddət işləmədiyindən 1400 manat məbləğində müxtəlif borclarının yarandığını, həmin borcları da ödəməsini demişdir. İlkn isə hadisə ilə əlaqədar yekun qərar verilmədiyini, əgər həbs olunmazsa 1400 manat borcunu ödəyəcəyini, həbs olunduğu təqdirdə ona heç bir pul ödəməyəcəyini bildirmişdir. Bir neçə gün keçmiş onun telefonuna zəng olunmuş və hadisə ilə əlaqədar cinayət işinin başlanılması bildirilmişdir. Hazırda Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı ödəmişdir, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 02 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmaqla xuliqanlıq hərəkətləri etməsi müəyyən olunduğundan həmin fakt üzrə məhkəməyədək sadələşdirilmiş icraat qaydasında toplanmış material üzrə yekun protokol prokuror tərəfindən təsdiq olunmamış, material əsasında Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1-2) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 publik hüquqi şəxsin Nizami rayon şöbəsinin 21 oktyabr 2022-ci il tarixli 974 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sol xayanın şişkinlik halında əzilməsi olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2022-ci il tarixdə alınması mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xəsarətin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətin şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcə də yıxılma nəticəsində alınması inkar olunur. (i.v. 23-24) - 15 dekabr 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı o, hadisə yerini əyani olaraq göstərmiş və təqsirləndirilən şəxs qismində istintaqa verdiyi ifadəsinə uyğun qaydada hadisənin hansı şəraitdə və qaydada baş verdiyini izah etmişdir. (i.v. 105-106) - 17 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmışdır. (i.v. 113-118) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etiraf ifadəsi ilə yanaşı mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 221.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 25 oktyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 35) -Şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, X3 11 sentyabr 2013-cü il tarixdə, X1 22 oktyabr 2017-ci il tarixdə doğulmuşlar. (i.v. 14-15) - 15 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 101) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Eləcə də, Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 23 mart 2004-cü il tarixli Qərarının 13-cü bəndi ilə məhkəmələrə tövsiyyə edilmişdir ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir halda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı ödəyərək onunla barışıq əldə etdiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin müvafiq olaraq 59.1.4, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın isə olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı tutulmamış, həbsdə saxlanılmamışdır. Ona görə məhkəmə hesab edir ki, cəza müddətinin hesablanması və cəzanın hesaba alınması zamanı Azərbaycan Respublikası CM-nin 69cu maddəsinin müddəalarının tətbiqi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs islah işləri cəzasını iş yeri üzrə çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı onun əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablanmalı, cəzanın icrası yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs islah işləri növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, iş üzrə mülki iddia yoxdur, Zərərçəkmiş şəxs məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin ona vurduğu ziyanı ödədiyinə və barışdıqlarına dair ərizə vermişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına səbəb olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 12 iş saatı müddətinə bərabər tutularaq, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, hər ay qazancından dövlət nəfinə 15% məbləğində pul tutulmaqla, 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin, o, cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablansın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 12 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 72 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar