Məhkəmə qərarları › İş №1(007)-163/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-163/2022

16.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-163/2022 16.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Mustafayev Əşrəf Əli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Mirzəyev Ceyhun Namiq oğlunun, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin 02.10.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 05.12.2018-ci il tarixli qərarı ilə cəzası 3 ilə endirilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07.12.2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən qalan 5 ay 15 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 21.05.2021-ci il tarixdə cəzasını çəkib qurtardığı üçün şöbənin qeydiyyatından çıxarılmış, Sumqayıt şəhəri, yat-14, ünvan 1 ünvanında qeydiyyatda olan, 09.12.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 11.12.2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,865 qram olan narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, 09 dekabr 2021ci il tarixdə saat 17:50 radələrində Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 102 ünvanında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81 ünvanında yerləşən Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilmiş, şöbədə üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofanın içərisindən təmiz çəkisi 0.865 qram maddə kütləsi, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs oğlu məhkəmə baxışında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, 09.12.2021-ci il tarixdə Nizami rayonu ərazisində olarkən tanımadığı bir nəfər şəxs ondan siqaret istəmiş, o da siqaret vermişdir. Həmin şəxs onun qolundakı döymədən onun həbsdə olduğunu bilmiş və hansı cəzaçəkmə müəssisəsində cəza çəkdiyini soruşmuşdur. Sonra həmin şəxs rayona getmək istədiyini, lakin üzərində pul olmadığını, 20 manat pulun müqabilində ona narkotik vasitə verə biləcəyini demişdir. O da 20 manat pul verib narkotik vasitəni götürmüşdür. Həmin şəxsdən bir az uzaqlaşdıqdan sonra polis əməkdaşları ona yaxınlaşaraq 24-cü PŞ-nə dəvət etmişlər. Polis şöbəsində üzərinə baxış keçirilən zaman üzərindən bir büküm narkotik vasitə olan heroin çıxmışdır. Əməlindən peşmandır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs oğlunun qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞnin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, polis şöbəsinə “Ceyhun” adlı şəxsin mütəmadi olaraq narkotik vasitələri üzərində saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Keçirilmiş tədbirlər nəticəsində 09.12.2021-ci il tarixdə Nizami rayonu, Q.Qarayev prospekti yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək onu 24-cü PŞ-nə dəvət etmişlər. PŞ-də xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış keçirilməzdən əvvəl ona üzərində qeyriqanuni əşya olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs cibindən bir büküm çıxardıb təqdim edərək bükümün içərisindəkinin narkotik vasitə olduğunu bildirmişdir. İş üzrə şahid Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin baş əməliyyat müvəkkili Şahid1 ərizə ilə məhkəməyə müraciət edərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və məhkəmə iclaslarını iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid1 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi, ədavəti və qohumluğu olmamışdır. 09 dekabr 2021-ci il tarixdə Bakı şəhəri, Nizamı rayonu, Q.Qarayev prospekti 102 ünvanında 30-35 yaşlarında “Ceyhun” adlı şəxsin mütəmadi olaraq narkotik vasitələri üzərində saxlaması və daşıması barədə daxil olmuş məlumat barədə 24-cü PŞ-nin əməkdaşları ilə aidiyyəti üzrə Nizami RPİ-nin 24-cü PŞ-nin rəisinə məruzə olunaraq, alınmış əməliyyat məlumatının yoxlanılmasına razılıq əldə edildikdən sonra, yaradılmış əməliyyat qrupu üzvləri ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 102 ünvanının yaxınlığına gəldikdə orada xarici əlamətləri Ceyhun adlı şəxsin xarici əlamətləri ilə üst-üstə düşən şəxsi görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduğunu bildirərək, həmin şəxsə özünü təqdim etməsi təklif olunduqda o, özünü təqdim edərək xx xxxxxx 1987-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, Sumqayıt şəhəri, yataqxana 14, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Bundan sonra həmin şəxsə narkotik vasitələrin üzərində gəzdirilməsində və istifadəsində şübhəli olması barədə izah verib onu 24-cü PŞ-nə dəvət etmişdir. PŞ-nə gəldikdən sonra bu barədə şöbə rəisi adına raportla müraciət olunmuşdur. Daha sonra PŞ-də xidməti otaqlardan birində videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarışdan əvvəl ona təklif olunmuşdur ki, üzərində olan qeyri-qanuni əşyaları masanın üzərinə qoyaraq təqdim etsin. Bu zaman Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim edərək həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu qeyd edərək həmin narkotik vasitəni 09.12.2021-ci il tarixdə saat 16 radələrində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm iştirakçıların gözü qarşısında qablaşdırılaraq 164 saylı möhürlə möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya aşkar olunmamışdır. Bundan sonra bu barədə protokol tərtib edilmiş və o da protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. İş üzrə şahid Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin baş əməliyyat müvəkkili Şahid2 oğlu ərizə ilə məhkəməyə müraciət edərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və işi ilə əlaqədar növbəti iclasları onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid2 istintaqda Şahid1 ilə oxşar məzmunda ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 11.12.2021-ci il tarixli qərardan görünür ki, toplanmış material əsasında Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. - cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə 09.12.2021-ci il tarixli protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - şəxsi axtarış və götürmə aparılması haqqında 09.12.2021-ci il tarixli protokoldan görünür ki, videoçəkiliş aparılmaqla baxış zamanı şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs oğlu ona edilmiş təklifə əsasən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofanı çıxarıb təqdim edərək həmin sellofanın içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitə heroini 09.12.2021-ci il tarixdə saat 16 radələrində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmə və ittiham elan etmək haqqında 11.12.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-410/2021 saylı, 11.12.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs oğlunun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının 10.12.2021-ci il tarixli, 6/5449 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №164” möhür əksi, “Təqsirləndirilən şəxs oğlundan aşkar edilmiş maddə...” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,865 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 X1-Narkoloji tibbi yoxlamanın 15.01.2022-ci il tarixli, 208 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs oğlunda opioidlərin və sintetik opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - sübutların qiymətləndirilməsi haqqında 15.02.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlundan aşkar edilib götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,865 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və Təqsirləndirilən şəxs oğlunun üzərinə keçirilmiş şəxsi axtarış və götürmə haqqında protokola əlavə edilmiş 01 ədəd CD disk maddi sübut hesab edilmiş, narkotik vasitə heroinin tədqiqatdan sonrakı 0,815 qram qalığı Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. - 01 ədəd “CD” diskə köçürülmüş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs oğlunun üzərinə baxış keçirilən zaman ona edilmiş təklifə əsasən əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofanı çıxarıb təqdim edərək həmin sellofanın içərisində narkotik vasitə olduğunu, həmin narkotik vasitəni 09.12.2021-ci il tarixdə saat 16 radələrində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında “Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitəsidir, onun 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin əldə edib saxlaması özünün, şahidin ifadələri, həmçinin cinayət işinin materiallarındakı digər sənədlərlə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs oğlu tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs oğlunun cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun törətdiyi əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 21.03.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 02.10.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin 05.12.2018-ci il tarixli qərarı ilə cəzası 3 ilə endirilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07.12.2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən qalan 5 ay 15 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 21.05.2021-ci il tarixdə cəzasını çəkib qurtardığı üçün şöbənin qeydiyyatından çıxarılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs oğlunun cəzadan azad edildiyi gündən iki il keçmədiyinə görə məhkumluğu ödənilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs oğlunun məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin əsas obyektini əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektini isə ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrin normal fəaliyyətini təmin edən ictimai münasibətlər, konkret insanın-fərdin sağlamlığı təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğluna təyin ediləcək cəzanın müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasını çəkib qurtardıqdan sonra məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən cinayət törətmiş Təqsirləndirilən şəxs oğlu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni 09.12.2021-ci il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 0,815 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut olan 1 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 109,90 (bir yüz doqquz manat, doxsan qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs oğlundan tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlu cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 28 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 15 iş saatı, cəmi 43 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 258 (iki yüz əlli səkkiz) manat (43x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 09.12.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 0,815 qram narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 109,90 (bir yüz doqquz manat, doxsan qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs istintaqda 28 saat, məhkəmədə 15 saat, cəmi 43 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 258 (iki yüz əlli səkkiz) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar