Məhkəmə qərarları › İş №1(007)-163/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-163/2025

21.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-163/2025 21.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1987-ci il tarixdə Naxçıvan MR Şahbuz rayonunun Y.Remeşin kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, bir uşağı olan, işləməyən, Naxçıvan MR Naxçıvan şəhəri, Əliabad qəsəbəsi, döngə 16, ev 9-da qeydiyyatda olan, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, həmin cəzanı çəkməmiş, hazırkı işlə bağlı 02 noyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 04 noyabr 2024-cü il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, həmin qətimkan tədbirinin şərtlərini pozaraq məhkəmədən gizləndiyindən 31 yanvar 2025-ci il tarixdə haqqında axtarış elan olunmuş, qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 25 fevral 2025-ci il tarixdə həbs edilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə metadon əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkisi 0,04 qram narkotik vasitə metadon əldə edib saxlayaraq daşımış, 02 noyabr 2024-cü il tarixdə saat 10:00-da Bakı şəhəri Nizami rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Nizami rayonu, M.X.Şərifli küçəsi, 4A ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq üzərində şəxsi axtarış aparılarkən əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd təmiz çəkisi 0,04 qram olan narkotik vasitə metadon aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 02 noyabr 2024-cü il tarixdə saat təxminən 10 radələrində Bakı şəhəri Nizami rayonu, M.X.Şərifli küçəsi, 4A ünvanının qarşısında olan zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Daha sonra onun üzərini yoxlamışlar, lakin üzərindən heç nə çıxmamışdır. Onu Xətai rayonunda da polislər tutub saxlamışlar. Əlinə dubinka ilə vurmuşlar, dözə bilməmişdir. Daha sonra onu döymüşlər və şkafa vurmuşlar. Onu birinci 5 nəfər polis əməkdaşı “blok”da döymüş, sonra “besedka”da çəkiliş aparmışlar. O, yoxlanılmasına razıdır, qanı tərtəmiz olmuşdur. Naxçıvanda olan zaman narkotik istifadə etməmişdir, orada narkotik yoxdur. Telefonunu polis əməkdaşları aldıqları üçün məhkəmə iclaslarından məlumatı olmamış, məhkəməyə gəlməmişdir. Polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı prokurora məlumat vermiş, lakin rəsmi olaraq ərizə ilə müraciət etməmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində narkotik vasitə olmamışdır, narkotik vasitəni Mehman adlı polis əməkdaşı onun boynuna qoymuşdur. Xətaidə olan işlə bağlı saxlanılan zaman onun üzərində narkotik vasitə olmuşdur. Lakin bu işlə bağlı onun üzərində narkotik vasitə olmamışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun 03 noyabr 2024-cü il tarixdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadəsində elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, 02 noyabr 2024-cü il tarixdə saat təxminən 10 radələrində ünvan 1 ünvanın qarşısında olan zaman 3 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirərək narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Daha sonra isə videoçəkiliş apararaq üzərində narkotik maddə olub-olmadığını soruşduqda o, əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd metadon həbini, şalvarının sol cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu və içərisində vizit kart, şəxsiyyət vəsiqəsi, 01 ədəd 100 manat, 01 ədəd 10 manat və 02 ədəd 5 manatlıq pul əskinasları olan qara rəngli pul qabını təqdim etmişdir. Bundan sonra üzərində şəxsi axtarış davam etdirilsə də, üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilmiş həmin həb isə 01 ədəd zərfə qoyularaq qablaşdırılmış və polis əməkdaşı tərəfindən götürülmüşdür. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış, protokol tərtib olunmuş, o və polis əməkdaşları həmin protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Həmin metadon həbini 02 noyabr 2024-cü il tarixdə saat 09 radələrində Nizami rayonu R.Teymurov küçəsində yerləşən “Ayla” şadlıq sarayının yaxınlığında tanımadığı şəxsdən müalicə məqsədi ilə 10 manata əldə etmişdir. Həmin şəxsin adını bilmir, arıq bədən quruluşlu şəxs olmuşdur. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir psixi və fiziki zorakılıq tətbiq olunmamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında elan olunmuş həmin ifadəsi ilə razılaşmamış, bunun səbəbini izah edə bilməsə də, məhkəmədə verdiyi ifadəsinin əsas kimi qəbul olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmədə son sözündə isə, əməlindən peşman olmasını nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 02 noyabr 2024-cü il tarixdə “Kənan” adlı şəxsin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Nizami RPİ-nin NMB-nə məlumat daxil olmuşdur. Buna görə “Kənan” adlı şəxsin ətrafında əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. Həmin vaxt Kənan adlı şəxsin Təqsirləndirilən şəxs olduğunu dəqiqləşdirmişlər. Daha sonra qərarın icrası ilə əlaqədar 02 noyabr 2024-cü il tarixdə saat 10:00 radələrində o, həmçinin Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkilləri Şahid3 və Şahid2, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayonu, M.X.Şərifli küçəsi, 4A ünvanının qarşısında saxlayaraq özlərini ona təqdim etmişlər. Daha sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirərək üzərinə şəxsi axtarış aparılması məqsədi ilə hal-hazırda şübhəli şəxs qismində saxlanıldığı ünvanda videoçəkiliş aparılacağı bildirilmişdir. Təqsirləndirilən şəxs isə heç bir etiraz etməmişdir. Həmin gün saat 10:05-də Nizami rayonu, M.X.Şərifli küçəsi, 4A ünvanının qarşısında videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürməistintaq hərəkəti aparılmışdır. Həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd metadon həbini, şalvarının sol cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu və içərisində vizit kart, şəxsiyyət vəsiqəsi, 01 ədəd 100 manat, 01 ədəd 10 manat və 02 ədəd 5 manatlıq pul əskinasları olan qara rəngli pul qabını təqdim edərək metadon həbini müalicə məqsədi ilə üzərində saxladığını bildirmişdir. Onun üzərində şəxsi axtarış davam etdirilsə də, üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra üzərindən aşkar edilmiş 01 ədəd qara rəngli pul qabı içərisində olan əşyalarla birlikdə Təqsirləndirilən şəxs özünə qaytarılmış, 01 ədəd “Samsung” markalı mobil telefon sübut əhəmiyyətinə malik olduğundan götürülmüşdür. Eyni zamanda, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd “M40” yazısı olan metadon həbi ekspertizaya təyin olunması üçün 01 ədəd zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür. Yekunda protokol tərtib olunmuş, tərtib edilmiş protokol ucadan oxunmuş, o və digər iştirakçılar həmin protokolun doğruluğunu imzalan ilə təsdiq etmişlər. Qeyd olunan bu tədbirlər zamanı Təqsirləndirilən şəxs özünü səmimi apararaq əməlini etiraf etmiş, tərəflərindən də ona qarşı qanunsuz hərəkətə yol verilməmişdir. Təqsirləndirilən şəxs şəxsən onun tərəfindən fiziki zor tətbiq edilməmişdir, həmin şəxsin üzərinə narkotik vasitə qoyulması barədə göstərilənlərin hər hansı əsası yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid3, Şahid1la eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Bakı şəhəri Nizami rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid2 iştirakı mümkün olmadığından, həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş və onun digər şahidlərlə eyni məzmunlu ifadə verdiyi müəyyən edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 02 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 02 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin NMB-nə Təqsirləndirilən şəxs Elbəy oğlunun qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələri əldə edərək daşıması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı, 02 noyabr 2024-cü il tarixdə, saat 10:00-da Bakı şəhəri Nizami rayonu, M.X.Şərifli küçəsi, 4A ünvanının yaxınlığında piyada hərəkət edən zaman o, saxlanılaraq üstü yoxlanılmışdır. Üstünün yoxlanılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələrin və psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd metadon (M40) yazılmış həbi, şalvarın sol yan cibindən qara rəngli 01 ədəd “Samsung” markalı mobil telefon, 01 ədəd pul qabı içərisində özünə məxsus şəxsiyyət vəsiqəsi, 01 ədəd 100 manatlıq, 01 ədəd 10 manatlıq və 02 ədəd 5 manatlıq pul əskinaslarını təqdim etmişdir. Sonra üstünün yoxılanılması zamanı sübut əhəmiyyəti kəsb edən hər hansı əşya və predmet aşkar edilməmişdir. Aşkar edilmiş 01 ədəd metadon (M40) yazılmış həb qablaşdırılmış və 162 saylı möhürlə möhürlənmişdir. Şəxsin üstünün yoxlanılması Bakı şəhəri Nizami rayonu, M.X.Şərifli küçəsi, 4A ünvanında keçirilmişdir. Yoxlama zamanı “Samsung” markalı videokamera vasitəsi ilə Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 tərəfindən videoçəkiliş aparılmışdır. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Nizami RPİ-nin inzibati binasında tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. (i.v. 9-10) - 02 noyabr 2024-cü il tarixli protokollardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin NMB-nə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs Elbəy oğlunun narkotik vasitələrin və psixotrop maddələrin qanusuz olaraq əldə edib saxlamasında və istifadə etməsində şübhəli bilindiyi üçün 02 noyabr 2024-cü il tarixdə saat 10:00-da o, ünvan 1 ünvanın yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq üstü yoxlanılmış, üzərindən öz deməsinə görə 01 ədəd narkotik vasitə hesab edilən metadon həbi götürülməsi raportda qeyd olunmuş və aidiyyatı üzrə təqdim olunmuşdur. Təqdim olunan 01 ədəd ağ rəngli zərfə təhqiqatçı tərəfindən baxış keçirilmiş, zərf bağlı vəziyyətdə olmuş, zərfin üzərində 02 ədəd üzərində Azerbaycan Respublikası DİN yazılmış Zərflər üçün “162 №”li möhülə möhülənmiş vəziyyətdə olmuş, zərfin üzərində (üzərində yoxlama aparılan şəxs) 1) Təqsirləndirilən şəxs və imza, həmçinin zərfin üzərində iştirakçılar sözləri yazılaraq Şahid3, imza və Şahid2 imza yazıları yazılmışdır, zərfin tamlığı pozulmamışdır. Daha sonra 01 ədəd DVD-yə HP markalı kompüterdə baxış keçirilmişdir. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər kütlələrin aşkar olunması, Təqsirləndirilən şəxs ondan narkotik vasitə aşkar olunması baradə bildirməsi əksini tapmışdır. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, protokol imzalarla təsdiq edilmişdir. Həmin görüntülərə 02 noyabr 2024-cü il tarixdə müstəntiq tərəfindən şübhəli şəxsin və müdafiəçisinin iştirakları ilə baxış zamanı qeyd olunanların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 13-14, 62) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 02 noyabr 2024-cü il tarixli 6/5108 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 162” möhür əksi, “Üzərində yoxlama aparılan şəxs: 1. Təqsirləndirilən şəxs /imza/; İştirakçılar: 2. Şahid3; 3. Şahid2 /imza/; Tərtib etdi: /imza/ Şahid1” əl yazıları olan zərfdəki 1 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş bozumtulqəhvəyi rəngli dərman tabletinin tərkibində təsiredici maddənin miqdarı: 0,04 qram olan narkotik vasitə - metadon müəyyən edilmişdir. Metadon Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metadon tabletinin sayı 1 ədəd tablet olmuş, tədqiqata 0,5 ədəd tablet sərf edilmiş, 0,5 ədəd tablet qalmışdır. (i.v. 44-47) - 04 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin NMBnin əməliyyat müvəkkili Şahid1 rəhbərliyi ilə “Kənan” adlı şəxslə bağlı əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 02 noyabr 2024-cü il tarixli qərar Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qanuni hesab edilmişdir. (i.v. 92) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasına dair 04 noyabr 2024-cü il tarixli 7170 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 124-125) - 14 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən onun narkotik vasitəni polis əməkdaşlarına təqdim etməsi narkotik vasitə, psixotrop maddələri könüllü təhvil vermə və narkotik vasitə, psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin açılmasında və bu əməlləri törətmiş şəxslərin aşkar edilməsində, cinayət yolu ilə əldə edilmiş əmlakın tapılmasında fəal iştirak etmə kimi qiymətləndirilməmiş, buna görə də o, cinayət məsuliyyətindən azad edilməmiş, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbəni müəyyən etmək üçün cinayət işindən material ayrılaraq Nizami RPİ-nin NMB-nə göndərilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş tədqiqatdan sonra təmiz çəkisi 0,04 qram olan 01 ədəd narkotik vasitə metadon maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq qalan 0,5 ədəd tablet saxlanması üçün Nizami RPİ-nin maddi sübutların saxlanc kamerasına təhvil verilməsi, içərisində videogörüntünün olduğu 01 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli məktuba əlavə edilmiş 01 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmış, Təqsirləndirilən şəxs məxsus olan “Samsung A10” markalı mobil telefonun maddi sübut kimi tanınmamış və sahibinə qaytarılmışdır. (i.v. 145-150) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Qərarının 4-cü və 5-ci bəndlərinə əsasən məhkəmələrə izah edilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizasının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin və müdafiəçisinin irəli sürdüyü dəlillər məhkəmə tədqiqi zamanı hərtərəfli, tam və obyektiv araşdırılmış, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ifadələrində özünü təqsirli bilərək işin faktiki halları ilə uyğunluq təşkil edən ifadələr vermiş, eləcə də videoyazı ilə ilə müşayiət olunan üstünün yoxlanılması zamanı üzərində olan narkotik vasitəni təqdim edib ona məxsus olduğunu etiraf etmiş, onu hansı qaydada əldə etdiyini izah etmişdir. Hansı ki, bu qeyd olunanlar digər sübutlarla yanaşı, qeydə alınmış videogörüntü ilə öz təsdiqini tapmışdır. Videogörüntünün izlənilməsi zamanı isə, Təqsirləndirilən şəxs narkotik vasitəni təqdim edərkən hər hansı tərəddüd etməsi, özünü şübhəli aparması müşahidə edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad olunan 24 dekabr 2021-ci il tarixli Qərarının 25-bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə, məhkəmə tədqiqi ilə toplanmış sübutları yoxlayıb qiymətləndirərkən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində polis əməkdaşları tərəfindən ona fiziki təzyiq göstərilməsini, üzərində narkotik vasitə metadon olmadığı halda həmin maddənin üzərinə qoyulması barədə irəli sürdüyü dəlillər, yuxarıda qeyd olunanlar baxımından əsassız hesab olunmalıdır, öz təsdiqini tapmamışdır. Eyni zamanda Təqsirləndirilən şəxs 04 noyabr 2024-cü il tarixdə şübhəli şəxs kimi tutmadan azad edildikdən sonra ona qarşı yol verilmiş, hüquq və mənafelərinə toxunduğunu hesab etdiyi hər hansı qanunsuz hərəkətlə bağlı müvafiq orqanlara şikayət verməkdə, araşdırılmasını tələb etməkdə sərbəst olmuş, buna baxmayaraq o, bu hüquq və imkanlardan istifadə etməmişdir. Bundan başqa təqsirləndirilən şəxs məhkəmədə son sözlə çıxışında müvafiq halın nəzərə alınaraq ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 02 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 25) - 04 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair məhkəməyə təqdimat verilməsi barədə müstəntiqin vəsatətinin müdafiə olunmasından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nizami rayon prokuroru tərəfindən imtina edilmiş, onun saxlanıldığı Nizami RPİ-nin MSY-dən azad olunması qərara alınmışdır. (i.v. 78-81) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 04 noyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 82-83) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs, onun barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğu üçün və üzrlü səbəblər olmadan məhkəmə iclaslarına gəlməyib gizləndiyindən onun haqqında axtarış elan olunmuş, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. -Bakı şəhəri Nizami rayon polis idarəsinin 25-ci polis şöbəsinin 26 fevral 2025-ci il tarixli 3/2-1667/25 nömrəli və 3 saylı istintaq təcridxanasının 28 fevral 2025-ci il tarixli 3- 16-17/42/2-1163/2025 nömrəli məktublarından görünür ki, barəsində axtarış elan edilərək həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs 25 fevral 2025-ci il tarixdə tutulmuşdur. -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 12 noyabr 2024-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 mart 2019cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 01 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. (i.v. 101-102, 113-123) -Naxçıvan şəhər icra və probasiya şöbəsinin 22 yanvar 2025-ci il tarixli 335483/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli hökmü icra üçün 12 dekabr 2024-cü il tarixdə həmin icra və probasiya şöbəsinə daxil olmuşdur. Lakin məhkumun olduğu yer tərəflərindən müəyyən olunmamış və qeydiyyata götürülməmişdir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası icra edilməmişdir. -“Elektron məhkəmə” informasiya sistemində qeydə alınmış məlumatdan görünür ki, X1 23 may 2010-cu ildə doğulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 18.4.4 və 83.1-ci maddələrinin tələbləri baxımından qeyd edir ki, yuxarıda istinad olunan hökmlə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum olunduğundan, həmin hal residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə qəti olaraq təyin edilmiş və çəkilməmiş 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1- 1-ci maddəsində müəyyən edilmiş qaydada hesablanmaqla, müvafiq müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı, həmin cəzanı Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin ediləcək müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs müvafiq müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 02 noyabr 2024-cü il tarixdən 04 noyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı isə onun axtarışda olan şəxs kimi tutulduğu 25 fevral 2025-ci il tarixindən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalmış narkotik vasitə məhv olunmalı, içərisində videogörüntü olan 01 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi xidmətlərə görə (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına və xx.xx.2025-ci il tarixli 141 saylı qərarla edilmiş dəyişikliyə əsasən hesablanaraq – 15 saat 6 manatdan, 4 saat 11 manatdan olmaqla) əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş və çəkilməmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsində müəyyən edilmiş qaydada hesablanmaqla, 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun, həmin cəzanı Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 02 noyabr 2024-cü il tarixdən 04 noyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsində müəyyən edilmiş qaydada hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 25 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, maddi sübut qismində tanınmaqla Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalan 0,5 ədəd tablet narkotik vasitə metadon məhv edilsin, videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan 60 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 134 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar