Məhkəmə qərarları › İş №1(007)-164/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-164/2021

09.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-164/2021 09.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs - 08 avqust 1979-cu il tarixdə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada işləyən, əvvəllər məhkum olunmamış, Masallı şəhəri, Digah küçəsi, ev 98-də qeydiyyatda olan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, o, 11 mart 2021-ci il tarixdə saat 14:30 radələrində ünvan 1 ünvanda yerləşən adsız çayxanada qeyri-rəsmi nikahda olduğu Zərərçəkmiş şəxs ilə sonuncunun birgə övladlarının zəruri ehtiyacları üçün ondan pul tələb etməsi səbəbindən aralarında ailə-məişət münaqişəsi zəminində baş vermiş mübahisə zamanı qəsdən əli ilə Zərərçəkmiş şəxs vurub, ona sol bazunun hematoması və sol alın gicgah nahiyəsinin qançırı ilə müşayiət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 17 ildir ki, dini nikahdadırlar, rəsmi nikahları isə yoxdur. Birgə yaşadıqları müddətdə üç övladları doğulmuşdur. Evli olduqları müddətdə onun maddi imkanının zəif olması səbəbindən demək olar ki, hər gün Həyat onunla mübahisə etmişdir. Lakin övladlarına görə Həyatın bu hərəkətlərinə səbrlə yanaşmışdır. Lakin son zamanlar onun iş yerinin olmaması və pul qazana bilməməsi səbəbindən Həyatın ona qarşı rəftarı daha da pisləşmişdir. Həyat onu övladlarının yanında nüfuzdan salmışdır. Bu səbəbdən o, 2020-ci ilin sentyabr ayından birgə yaşadıqları ünvan 2 ünvanını tərk etmişdir. Halhazıradək şəhərin müxtəlif yerlərində çayxanalarda işləyir, yaşamağa yeri olmadığı üçün işlədiyi yerlərdə də gecələyir. Bu yolla az miqdarda olsa da pul qazanıb övladlarına göndərmişdir. Bəzən qazandığı pul özünə belə kifayət etmədiyi üçün övladlarına pul göndərə bilməmişdir. Buna görə Həyatla aralarında ciddi narazılıqlar olmuşdur. Bundan başqa Həyat onu müxtəlif qadınlarla xəyanət etməkdə ittiham edir. O, əvvəllər Həyatın bu ittihamlarına səbrlə cavab verib günahsız olmasını isbatlasa da, son vaxtlar artıq Həyatın bu tip ittihamlarına cavab vermir. 11 mart 2021-ci il tarixdə saat 14:30 radələrində Həyat onun işlədiyi Nizami rayonu, R.Rüstəmov küçəsi, 44 saylı ünvanda yerləşən adsız çayxanaya gəlmişdir. Həmin çayxananı o, bir neçə gün əvvəl icarəyə götürdüyü üçün tam olaraq istifadəyə açmamışdır. Həyat çayxanaya girərkən içəridə iki nəfər tanımadığı müştəri olmuşdur. O, həmin müştərilərin Həyatı görməməsi üçün onu çayxananın mətbəxinə aparmış və gəlməsinin səbəbini soruşmuşdur. Həyat ona tək gəlmədiyini, üç övladının çayxananın önündəki küçədə onu gözlədiyini, uşaqların maddi ehtiyacı üçün pul lazım olduğunu demişdir. O, çayxana yeni fəaliyyətə başladığı üçün ona pul verməyə imkanının olmadığını Həyata izah etmişdir. Bundan sonra Həyat yenə də onu müxtəlif qadınlarla xəyanət etməkdə və bu səbəbdən evə pul göndərə bilməməkdə ittiham etmişdir. Onun dediklərinə əhəmiyyət vermədiyini görən Həyat onu və vəfat etmiş anasını, onun qəbrini təhqir etməyə başlamışdır. Bundan sonra o, əsəbləşərək Həyatın üzünün sol tərəfinə və sol qoluna yumruqla vurmuşdur. Həyat isə onun yanında DİN-nin 102 xidmətinə zəng vurub onun barəsində şikayət etmiş və çayxananı tərk etmişdir. Həyatla aralarıda olan münaqişə təxminən 5-6 dəqiqə davam etmiş, həmin vaxt yanlarında heç kim olmamışdır. Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərmişdir ki, Həyat daha əvvəl də onun mərhum anasına qarşı təhqiredici ifadələr işlətmiş, anasının və nənəsinin bütün fotoşəkillərini zibilliyə atmışdır, lakin o, Həyata zor tətbiq etməmişdir. Hadisə vaxtı isə artıq dözməyərək onu ifadəsində göstərdiyi qaydada vurmuşdur. Hazırda əməlindən səmimi peşmançılıq çəkir, lakin zərərçəkmiş şəxs onunla barışmamışdır. Barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 17 il nikahdankənar, ər-arvad münasibətində yaşamışlar, bu müddətdə üç övladları doğulmuşdur. Əvvəllər Zaurla münasibətləri normal olsa da, son zamanlar Zaurun ona və övladlarına qarşı rəftarı və qayğısı kəskin şəkildə pisləşmişdir. Belə ki, o, Zaurun Aytən adlı qadınla və başqa digər qadınlarla gizlin sevgi münasibətində yaşamasını və bu səbəbdən ona və öz övladlarına qarşı laqeyd münasibətinin olmasını dəqiq bilir. Zaur münasibətdə olduğu ingilis dili müəlliminə görə onu döyərək xəsarət yetirmişdir. 2020-ci ilin sentyabr ayından halhazıradək Zaur onunla və övladları ilə bir evdə yaşamır, ona məlum olmayan yerlərdə gecələyir. Onun Zaurdan başqa tələbi olmamışdır, yalnız öz övladlarının maddi tələbatlarını ödəməsini daim Zaurdan tələb etmişdir. Daimi olmasa da, ara-sıra görüşərək Zaurdan övladlarının tələbatları üçün zəruri olan pul istəmişdir. 11 mart 2021-ci il tarixdə saat 14:30 radələrində üç övladı ilə birgə Zaurun icarə əsasında işlətməyə başladığı ünvan 3 ünvanda yerləşən adsız çayxanaya getmişdir. Həmin çayxananın önünə çatdıqda o övladlarını çöldə saxlayıb özü tək çayxanaya daxil olmuşdur. Çayxanada iki nəfər əvvəllər tanımadığı şəxslərdən başqa müştəri olmamışdır. Zaur onun çayxanaya gəlməsini görüb, həmin müştərilərin yanında danışmamaq üçün onu çayxananın mətbəxinə aparmışdır. Orada Zaur ondan nə səbəbə gəlməsini soruşub onu təhqir etmiş, o da Zaurun təhqiramiz sözlərinə dözməyib həmin sözləri Zaurun özünə qaytarmışdır. O, Zaura gəlişinin səbəbinin övladlarının baxımına ondan maddi yardım istəməyi ilə bağlı olduğunu demişdir. Bundan sonra Zaur qəflətən onun üzərinə yeriyib əli ilə üzünün sol tərəfindən və sol əlindən qəsdən vuraraq ona bədən xəsarətləri yetirmişdir. Zaur onu vurduqdan sonra o, dərhal DİN-nin 102 xidmətinə zəng vurub Zaur tərəfindən döyülməsi barədə polisə məlumat vermiş və çayxananı tərk edərək getmişdir. Təqsirləndirilən şəxsla aralarında olan münaqişə təxminən 10 dəqiqə davam etmiş, hadisə zamanı yanlarında heç kim olmamış və ya kimsə yanlarına gəlməmişdir. O, Zaurun anasını deyil, münasibətdə olduğu ingilis dili müəllimi olan qadını söymüş, buna görə Zaur onu vuraraq xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs ilə barışmamışdır, onun barəsində qanunda nəzərdə tutulan qaydada ağır cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 12 mart 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında Təqsirləndirilən şəxs əməlində böyük ictimai təhlükə törətməyən aşkar cinayətin əlamətləri olduğundan onun barəsində cinayət təqibi üzrə məhkəməyədək sadələşdirilmiş icraat başlanmışdır. (i.v. 1) - 11 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə ünvan 4 ünvanında yerləşən adsız çayxananın mətbəxində baş vermiş hadisə yerinə baxış keçirilərək protokol tərtib olunmuş, hadisə yerinin fotoşəkilləri çəkilmişdir. (i.v. 11-12) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 publik hüquqi şəxsin Nizami rayon şöbəsinin canlı şəxsin ekspertizasına dair 19 mart 2021-ci il tarixli 10/206 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sol bazunun hematoması, sol alın gicgah nahiyəsinin qançırı olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların, ola bilsin əl, ayaq) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 11.03.2021-ci il tarixdə alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. (i.v. 25-26) -Sübutların qiymətləndirilməsi haqqında 28 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında baş vermiş münaqişə şəxsi münasibətlər zəminində baş verdiyinə görə Təqsirləndirilən şəxs əməlində həmin fakt üzrə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilmişdir. (i.v. 56-58) Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.1-346.1.12-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müvafiq məsələlər müşavirə otağında məhkəmə tərəfindən müzakirə edilməlidir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və zərərçəkmiş şəxsi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, istər məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, istərsə də məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin dispoziyasında nəzərdə tutulan zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurması özünün etirafedici ifadəsi ilə yanaşı mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. Təhqiqat orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 128-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, CM-nin 128-ci maddəsində nəzərdə tutulan əməli törətmiş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmamış və ona dəymiş ziyanı ödəməmişdir. Belə olan halda, CM-nin 73.2-ci maddəsində nəzərdə tutulan əlamətlər olmadığından, təqsirləndirilən şəxsin həmin əsaslarla cinayət məsuliyyətindən azad edilməsinə əsas yoxdur, ona görə onun barəsində ittihamedici hökm çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 27 mart 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 19) -Atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs doğulmuş 25 avqust 2007-ci il təvəllüdlü Mehriban İbrahimovanın, 24 noyabr 2010-cu il təvəllüdlü Zəhra İbrahimovanın və 18 iyun 2013-cü il təvəllüdlü Nihad İbrahimovun ataları hesab edilməsi qeydiyyata alınaraq, bu barədə şəhadətnamələr verilmişdir. (i.v. 20-23) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə himayəsində azyaşlı uşaqların olmasını Azərbaycan Respublikası CMnin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Buna görə də, məhkəmə ona əməlinin tövsif olunduğu maddənin sanksiyası hüdudlarında azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1 -ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini dəyişdirməmək, yaşadığı Masallı rayonunun hüdudlarını tərk etməmək (Bakı şəhərində faktiki və daimi yaşadığı ünvan yoxdur), habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.13-346.1.22-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müvafiq məsələlər müşavirə otağında məhkəmə tərəfindən müzakirə edilməlidir. Məhkəmə həmin məsələləri müzakirə edərək qeyd edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olmadığından cəzaçəkmə müəssisəsinin növü müəyyən edilmir; onun təqsirləndirildiyi maddədə əlavə cəza nəzərdə tutulmamışdır; barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur; zərərçəkmiş şəxs tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verilməmişdir; iş üzrə maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza keçirilməmişdir; təhqiqat orqanı tərəfindən məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə qətimkan tədbiri seçilməmişdir, hazırda da buna əsaslar və zərurət yoxdur. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin təhqiqat zamanı və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 27 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 23:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, yaşadığı Masallı rayonunun hüdudlarını tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təhqiqat zamanı və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, 27 saat göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş Müdafiəçi “xxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 162 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar