Məhkəmə qərarları › İş №1(007)-164/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-164/2024

21.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-164/2024 21.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1971-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada işləyən, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti ev 18, mənzil 115-də qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, S.Əhmədov küçəsi ev 28/3-də yaşayan, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, həmin cəzanın icrası ilə bağlı 07 noyabr 2023-cü il tarixdən Bakı probasiya idarəsinin qeydiyyatında olmaqla (02 gün tutulması istisna olaraq) 21 fevral 2024-cü il tarixinə cəzasının 03 ay 12 gün hissəsini çəkmiş, hazırkı iş üzrə 26 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 28 oktyabr 2023-cü il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə edib daşıyaraq saxlamışdır. Belə ki, 26 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonunun ərazisində istintaqa məlum olmayan şəxsdən qanunsuz olaraq, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,765 qram olan ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış pisixotrop maddə metamfetamin əldə edib daşıyaraq saxlamış, 26 oktyabr 2023-cü il tarixdə saat 20:45-də radələrində Bakı şəhəri Nizami rayon polis idarəsinin 23-cü polis bölməsinin polis əməkdaşları tərəfindən ünvan 1 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 118 ünvanında yerləşən Nizami RPİ-nin 23-ci polis bölməsinə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,765 qram olan ağ rəngli kiristalşəkilli maddə kustar üsulla hazırlanmış pisixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 26 oktyabr 2023-cü il tarixdə səhər saatlarında ünvan 4 ünvanını bilmədiyi bir nəfər şəxsdən 15 manata özü istifadə etmək üçün 01 ədəd şəffaf rəngli sellofan bükümündə “şüşə” kimi tanıdığı ağ rəngli, kristalşəkilli maddəni alıb üzərində saxlamışdır. Elə həmin gün, yəni 26 oktyabr 2023-cü il tarixdə təxminən saat 20:45-də Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsində olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş və onu sorğu-sual edib üzərində şəxsiyyətimi təsdiq edən hər hansısa sənədin olub-olmadığını soruşmuşlar. Üzərində şəxsiyyətini təsdiq edən heç bir sənəd olmadığından təqdim edə bilməmişdir. Həmin vaxt üzərində gəzdirdiyi psixotrop maddəyə görə narahat olduğundan polislərin suallarından yayınaraq onlardan uzaqlaşmaq istəmişdir. Lakin polis əməkdaşları davranışlarından şübhələndikləri üçün onu saxlayıb 23-cü polis bölməsinə getməli olduqlarını bildirmişlər, o da etiraz etməmişdir. Polis bölməsinin inzibati binasının giriş hissəsində şəxsiyyəti tam dəqiqləşdirildikdən sonra xidməti otaqlardan birinə aparılmışdır. Orada ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş və videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Bundan sonra vəkilin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Həmin vaxt polis əməkdaşları üzərində qanunla qadağan olunmuş hər hansısa əşya və ya predmetin olubolmamasını soruşmuş, olduğu təqdirdə təqdim etməsini təklif etmişlər. Bundan sonra o, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümünü çıxarıb masanın üzərinə qoymuşdur. Təqdim etdiyi həmin büküm açıldıqda içərisində ağ rəngli kristalşəkilli maddə aşkar olunmuşdur. Həmin maddənin nə olması sualına cavab olaraq onun “şüşə” kimi tanıdığı narkotik maddə olduğunu və onu hansı qaydada əldə edib üzərində saxladığını bildirmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilməsi davam etdirilmiş, lakin üzərindən başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilərək götürülmüş həmin psixotrop maddə qablaşdırılaraq möhürlənmiş və ekspertizaya göndəriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs daha sonra əməlindən səmimi peşmançılıq çəkdiyini, ailə vəziyyətini nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 26 oktyabr 2023-cü il tarixdə saat 20:45 radələrində o, 23-cü polis bölməsinin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə inzibati ərazidə xidmət apararkən ünvan 5 ünvanının qarşısında bir nəfər şəxsin özünü şübhəli apardığını görüb həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərmiş, özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt qeyd olunan şəxsin anket məlumatları barədə şifahi sorğu-sual etdikdə həmin şəxsin narkotik vasitə istifadəçisinə bənzəməsi və üzərində narkotik vasitə olması şübhə yaratdığı üçün onu polis bölməsinə dəvət etmişlər. Həmin şəxs buna etiraz etməyib onlarla birlikdə 23-cü PB-nə yollanmışdır. Polis bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuş, bundan sonra həmin şəxs təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra vəkilin iştirakı ilə, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə haqqında qərarla tanış edilmiş, paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü sürətdə verməyi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şübhəli şəxsin təqdim etdiyi 01 ədəd bükümün içərisinə baxış keçirilərkən içərisində ağ rəngli, kristalşəkilli maddə olması aşkar edilmişdir. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bükümün içərisində “şüşə” kimi tanıdığı maddə olduğunu, həmin maddəni 26 oktyabr 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri Sabunçu rayonunda tanımadığı şəxsdən 15 manat pulun müqabilində aldığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Daha sonra şübhəli şəxsin üzərinə baxış keçirilən zaman qanunla dövriyyəsi qadağan olunmuş heç bir əşya və ya predmet aşkar olunmamışdır. Şübhəli şəxsin üzərindən aşkar olunmuş 01 ədəd bükümdəki maddə tərkibinin müəyyən edilməsi məqsədi ilə Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsi üçün 01 ədəd içərisi boş olan ağ rəngli kağız zərfin içərisinə qoyulub qablaşdırılaraq götürülmüş, zərfin üzəri və tərtib olunmuş protokol şübhəli şəxs, o cümlədən iştirakçılar tərəfindən imzalanmışdır. Qeyd olunan bu prosedurlar zamanı Təqsirləndirilən şəxs özünü səmimi apararaq əməlini etiraf etmiş, tərəflərindən də ona qarşı qanunsuz hərəkətə yol verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid2, Şahid1lə eyni məzmunlu ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 27 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 26 oktyabr 2023-cü il və 28 oktyabr 2023-cü il tarixli protokollardan görünür ki, 26 oktyabr 2023-cü il tarixdə saat 20:45-də Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfindən ünvan 5 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərində 23-cü PB-nin inzibati binasında xidməti otaqların birində vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış həyata keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs bu haqda qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü sürətdə verməyi təklif edilmişdir. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs könüllü olaraq, həmin vaxt əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümü masanın üzərinə qoymaqla təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümün içərisinə baxış keçirilərkən içərisində ağ rəngli, kristalşəkilli maddə olması aşkar edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindəkinin “şüşə” kimi tanıdığı maddə olduğunu, həmin maddəni 26 oktyabr 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri Sabunçu rayonunda tanımadığı şəxsdən 15 manat pulun müqabilində aldığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Daha sonra şübhəli şəxsin üzərinə baxış keçirilən zaman dövriyyəsi qadağan olunmuş heç bir əşya və ya predmet aşkar olunmamışdır. Aşkar olunmuş 01 ədəd bükümdəki maddə tərkibinin müəyyən edilməsi məqsədi ilə Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsi üçün 01 ədəd içərisi boş olan ağ rəngli kağız zərfin içərisinə qoyulub qablaşdırılaraq götürülmüş, zərfin üzəri, şəxsi axtarış və götürmə zamanı tərtib olunmuş protokol şübhəli şəxs və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntüyə 28 oktyabr 2023-cü il tarixdə baxış zamanı qeyd olunanların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 27-28, 63) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 27 oktyabr 2023-cü il tarixli 3-16- 16/2-6/5755 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №163” dairəvi möhür əksi olan, “Təqdim etdi Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar olan bir zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,765 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi 0,765 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,715 qram qalıq qalmışdır. (i.v. 36-39) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasına dair 21 noyabr 2023-cü il tarixli 7610 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 93-94) - 15 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2 və 234.4.1-ci maddələrinin tərkib əlamətləri olmadığından barəsində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman qeydə alınmış görüntülər olan 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunması nəzərə alınmış, şübhəli şəxs Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 0,765 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonrakı qalıq 0,715 qram psixotrop maddə metamfetamin saxlanılmasından ötrü Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra üzərində olan psixotrop maddəni polis əməkdaşlarına təqdim etməsi Azərbaycan Respublikası CMnin 234-cü maddəsinin qeydinin 1-ci bəndinə əsasən narkotik vasitəni könüllü surətdə təhvil vermə kimi qiymətləndirilməmiş, Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddənin mənbəyini müəyyən etmək məqsədi ilə cinayət işindən material ayrılmış, araşdırma aparılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinə göndərilmişdir. (i.v. 103-109) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən və mənzilindən aşkar edilərək götürülmüş psixotrop maddənin mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 26 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 16) - 28 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair məhkəməyə təqdimat verilməsi barədə müstəntiqin vəsatətinin müdafiə olunmasından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən imtina edilmiş, onun saxlanıldığı Nizami RPİ-nin MSY-dən azad olunması qərara alınmışdır. (i.v. 69-71) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 28 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 73-74) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 03 noyabr 2023-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 iyun 2015ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 31 avqust 2016-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən cəza müddəti 06 ay azaldılmış, 31 avqust 2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmiş; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. (i.v. 82-83, 85-92) -Bakı probasiya idarəsinin 08 fevral 2024-cü il tarixli 21-1/3-2495-22 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli hökmü ilə 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs 07 noyabr 2023-cü il tarixdə idarədə qeydiyyata alınmış və cəzasının sonu 02 noyabr 2026-cı il tarixə hesablanmışdır. Təqsirləndirilən şəxs 08 fevral 2024-cü il tarixə cəzasının 03 ay 01 gününü çəkmiş, çəkilməmiş cəzası 02 il 08 ay 25 gün təşkil edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində, cəzasını ağırlaşdıran hal qismində həmin Məcəllənin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 18.4.4 və 83.1-ci maddələrinin tələbləri baxımından qeyd edir ki, yuxarıda istinad olunan hökmlə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum olunduğundan, həmin hal residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 il 08 ay 14 gün hissəsini Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən, azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki gününün bərabər tutulması qaydasında hesablanmaqla, 01 il 04 ay 07 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı, həmin cəzanı Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin ediləcək müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs müvafiq müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində 02 gün müddət ərzində tutmada qaldığından, həmin müddət onun 23 avqust 2023-cü il tarixli hökm üzrə cəza çəkmə müddətinə daxil edilməməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 26 oktyabr 2023-cü il tarixdən 28 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı isə hökmün çıxarıldığı hazırkı tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalmış psixotrop maddə məhv olunmalı, maddi sübut olan disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddətə görə Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il 08 (səkkiz) ay 14 (on dörd) gün hissəsini Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən, azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki gününün bərabər tutulması qaydasında hesablanmaqla, 01 (bir) il 04 (dörd) ay 07 (yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun, həmin cəzanı Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 26 oktyabr 2023-cü il tarixdən 28 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 21 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilib hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmaqla, həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs müvafiq rejim üzrə cəzaçəkmə müəssisəsinə göndərilməsinədək həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut qismində tanınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalan 0,715 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin, şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan 65 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə 29 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 174 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar