Məhkəmə qərarları › İş №1(007)-165/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-165/2020

12.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-165/2020 12.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi X1katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Mirzəyev Ceyhun Namiq oğlunun, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Səməndər qızının, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1973-cü ildə Şəmkir rayonunun Tatarlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Tatarlı kəndində qeydiyyatda olan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ondan ötrü ki, o, xx xxxxxxx 2019-cu il tarixdə saat 18:30 radələrində alkoqollu içki təsirindən sərxoş halda əvvəllər qeyri-rəsmi ər-arvad münasibətində olmaqla həmin münasibətlərinin pozulması ilə əlaqədar ondan ayrılmış Zərərçəkmiş şəxs2 kirayə yaşadığı ünvan 1 ünvanına gələrək sonuncunun yenidən keçmiş tanışı Zərərçəkmiş şəxs1 ilə ər-arvad kimi yaşamasını bəhanə edib mübahisə etməklə heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini başqa şəxsin şəxsiyyətinin fövqündə üstün qoymaqla, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək həmin ünvanda yaşayan qonşuların yanında onların narahatçılığına səbəb olmaqla Zərərçəkmiş şəxs2 saçından əlləri ilə tutub yerə yıxaraq ayağı ilə bədəninin müxtəlif nahiyələrinə vurub Zərərçəkmiş şəxs2 sol budun bayır və arxa səthlərinin qançırları ilə müşayiət olunan, ümumilikdə sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, hadisə yerində soba üzərində olan dəmir tavanı götürüb silah qismində istifadə etməklə Zərərçəkmiş şəxs2 istiqamətində atmış, lakin sonuncuya dəyməmiş, sonra hadisə yerindən götürdüyü silah qismində istifadə etdiyi dəmir boru parçası, həmçinin yumruq və təpiklə Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə vuraraq, ona İİ və İİİ barmaqlarının hərəkət məhdudluğu ilə müşayiət olunan sağ əlin arxa səthinin şişkinlik halında əzilməsi, sağ əlin ovuc səthinin qançırı xəsarəti ilə nəticələnən sağlamlığa qəsdən yüngül zərər vurmuş, sonra qərəzli hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs1 məxsus olmaqla həmin ünvanda evin qarşısında saxladığı “Tofaş” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa şüşəsi ilə arxa işıqlarını daşla vurub sındıraraq, əli ilə avtomobilin dövlət qeydiyyat nişanını əzməklə, qapıların tutacaqlarını, ön buferini çıxarıb yararsız vəziyyətə gətirərək özgə əmlakını məhv etməklə ümumilikdə Zərərçəkmiş şəxs1 700 manat miqdarında ziyan vuraraq qərəzli hərəkətləri ilə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilməyərək göstərmişdir ki, 2010-cu il tarixdə Zərərçəkmiş şəxs2 ilə qeyri-rəsmi olaraq ailə həyatı qurmuş, 2011-ci ildə oğlu Nail, 2014-cü ildə isə qızı Röya dünyaya gəlmişdir. Bəsti xadimə kimi, özü isə fəhləliklə məşğul olub ailəsini dolandırmışdır. Evli olduğu müddətdə kirayədə yaşadıqları Sabunçu rayonundakı evinə tanışı Zərərçəkmiş şəxs1 tez-tez qonaq gəlmiş, Bəsti ona Mehmanın qohumu olduğunu demişdir. O, bir neçə dəfə Mehmanı evində içkili vəziyyətdə görmüş, sonra isə Bəsti ilə bir yerdə tutmuşdur. Sonra ona məlum olmuşdur ki, Bəsti ona qədər Mehmanla bir yerdə yaşamışdır. O, Mehmanı evdən qovmuş, məhəllədə biabır olduğu üçün yaşadığı evdən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsinə köçmüşdür. Mehman da onların evindən bir qədər kənarda kirayə ev tutub yaşamağa başlamışdır. xx.xx.2019-cu il tarixdə gecə saatlarında Bəstinin övladları ilə evdə olmadığını görmüş, Bəstinin övladlarını götürüb Mehmanın yanına getdiyini bilmişdir. O, əşyalarını götürüb anasının evinə getmiş və təxminən 20 gün Bəsti ilə əlaqə saxlamamışdır. xx.xx.2019-cu il tarixdə övladlarına baş çəkib pul vermək istəmişdir. Bu məqsədlə bacısından 180 manat, fəhlə işlədiyi yerdə ustasından əmək haqqını alıb, üzərində cəmi 330 manat pul ilə Bəstinin yaşadığı evə getmişdir. Həmin gün saat 18:30 radələrində Mehmanın evinin qapısını döyüb Bəstini bayıra çağırmışdır. Bəstiyə uşaqlarını görmək istədiyini dedikdə Bəsti ona “içkilisən, çıx get” demişdir. Bəsti onu əsəbləşdirmiş, o da Bəstini vurmuşdur. Səs-küyə Mehman çıxmışdır. Mehman yumruqla burnundan vurub ona burun sümüyünün yerdəyişməyən sınığı, burun belinin şişkinlik halında əzilməsi və sağ tərəfli sıyrıqları xəsarəti yetirmişdir. Mehman onu vurduğu üçün o da əlinə keçən dəmir ilə Mehmanı vurmuşdur. Bəsti ilə Mehman bir yerdə onu əl və ayaqla döyərək bayıra çıxartmışlar. O, əsəbləşib Mehmanın avtomobilinin buferini yerindən çıxartmışdır. Ətrafda heç kim olmamış, qonşular onları ayırmamışdır. Həmin vaxt sərxoş olmuşdur. Hadisə vaxtı cibində olan pulunu itirmişdir. Zərərçəkmiş şəxslərə xəsarət yetirdiyi üçün özünü təqsirli bilir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslərlə barışmışdır, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayıti və tələbi yoxdur. Məhkəmədən zərərçəkmiş şəxslərlə barışmasını nəzərə alaraq barəsində cəza təyin edilməməsini xahiş etmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, 2006-cı ildən Zərərçəkmiş şəxs2 ilə yaxın münasibəti olmuşdur, 2019-cu ilin oktyabr ayından isə bir yerdə yaşayırlar. Zərərçəkmiş şəxs2 əvvəllər qeyrirəsmi Təqsirləndirilən şəxs ilə yaşamış və Qoşqardan ayrıldıqdan sonra onunla qeyrirəsmi yaşamışdır. Hazırda Bəsti övladları ilə bir yerdə onunla Nizami rayonu, Keşlə qəsəbəsində kirayədə yaşayır. xx.xx.2019-cu il tarixdə saat 19 radələrində ailəsi ilə evdə olarkən həyətin qapısı döyülmüş, Qoşqarın içkili vəziyyətdə gəldiyini görmüşdür. O, Qoşqarla üzbəüz gəlmək istəmədiyindən Bəsti Qoşqarı yola salmaq üçün qapıya çıxmışdır. 2-3 dəqiqədən sonra yenidən qapı döyülmüş, Bəsti yenə qapıya çıxdıqdan az sonra bayırdan səs-küy səsləri gəldiyini eşitmişdir. Həyətə çıxdıqda Qoşqarın Bəstinin saçından tutaraq yerə yıxıb, yerdə təpiklədiyini görmüşdür. Qoşqarı sakitləşdirmək istəyərkən Qoşqar onun yaxasından tutub ona yumruq atmışdır. Qoşqar içkili olduğu üçün ona baş qoşmamışdır. Sonra Qoşqar onun əynində olan köynəyini dartıb cırmış, həyətdəki qaz plitəsinin üzərində olan tavanı içərisindəki yeməklə bir yerdə Bəstinin üzərinə tullamış, lakin tava heç kimə dəyməmişdir. Qoşqarı bayıra çıxarmaq istəyərkən Qoşqar bayır qapının arxasındakı, təxminən uzunluğu bir metr olan metaldan su borusunu götürüb onun üzərinə hücum etmişdir. Qoşqar həmin boru ilə onun boynundan və əlindən vurub xəsarət yetirmişdir. O, özünü qorumaq üçün Qoşqarı yumruqla vurmuşdur. O, çətinliklə borunu Qoşqarın əlindən alıb onu bayıra çıxartmışdır. Bir qədər keçmiş bayırdan şüşə səsi gəlmişdir. Bəsti ilə bayıra çıxdıqda Qoşqarın ona məxsus küçədə saxladığı “Tofaş” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilinin arxa şüşəsini, qapıların tutacaqlarını və arxa işıqların şüşələrini sındırdığını aşkar etmişlər. Məhəllədə uşaqlar bir nəfərin avtomobili vurub sındırdığını demişdir. Hadisə zamanı Qoşqar ona 700 manat ziyan vurmuşdur. Ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, 2006-cı ildə Zərərçəkmiş şəxs1 ilə qeyri-rəsmi yaşamışdır. Sonradan aralarında narazılıq olduğu üçün Zərərçəkmiş şəxs1 ayrılıb Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi ailə həyatı qurmuşdur. Qoşqar mütəmadi olaraq spirtli içki qəbul etmiş, hətta bir dəfə yanında içki yoldaşı ilə evə gəlmişdir. Bu səbəbdən aralarında sözsöhbət olmuş, nəticədə xx.xx.2019-cu il tarixdə Qoşqardan ayrılaraq iki övladını da götürüb əvvəl yaşadığı Mehmanın yanına qayıtmışdır. Həmin gündən etibarən Qoşqar tez-tez içkili vəziyyətdə onların kirayədə yaşadığı ünvan 2 ünvanındakı fərdi yaşayış evinə gəlib onları narahat etmişdir. xx.xx.2019-cu il tarixdə saat 19 radələrində övladları və Mehmanla evdə olarkən həyətin bayır qapısı döyülmüş, Qoşqarın içkili vəziyyətdə gəldiyini görmüşdür. Qoşqar ona uşaqlarını görmək istədiyini dedikdə Qoşqara içkili olduğunu, çıxıb getməsini bildirmişdir. Qoşqar getmiş və 2-3 dəqiqədən sonra yenidən gəlib qapını döymüşdür. O, qapının qarşısına çıxanda Qoşqar onun saçından tutub yerə yıxmış və yerdə ayaqlarına bir neçə dəfə təpik vurmuşdur. Səs-küyə çıxan Mehman Qoşqarı sakitləşdirib oradan uzaqlaşdırmaq istəyərkən Qoşqar Mehmanın yaxasından tutub əynindəki köynəyini cırmışdır. Daha sonra Qoşqar həyətdəki qaz plitəsinin üzərində olan tavanı içərisindəki yeməklə birlikdə onun üzərinə tullamışdır. Tava heç kimə dəyməmişdir. Mehman çətinliklə Qoşqarı bayıra çıxartmağa çalışmışdır. Həmin vaxt Qoşqar bayır qapının arxasındakı, təxminən bir metr uzunluğunda metaldan su borusunu götürüb Mehmanın üzərinə hücum etmişdir. Mehman onun içkili olduğunu bildiyi üçün baş qoşmamışdır. Qoşqar həmin boru ilə Mehmanı vurmuşdur. Mehman çətinliklə borunu Qoşqarın əlindən alıb onu həyətdən çıxartmışdır. Bir az keçmiş bayırdan şüşə səsi gəlmiş, Mehmanla bayıra çıxdıqda Mehmanın küçədə saxladığı avtomobilinin arxa şüşəsinin, qabaq qapıların tutacaqlarının və arxa işıqların şüşələrinin, qeydiyyat nömrəsinin sındırıldığını görmüşlər. Həmin vaxt Qoşqar artıq orada olmamışdır. Ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qonşu kimi tanımışdır. O, Keşlə qəsəbəsində təndirdə işləyir. Təqsirləndirilən şəxs həmişə uşaqları ilə gəlib çörək aldığından Qoşqarı oradan tanıyır. xx.xx.2019-cu il tarixdə axşam saatlarında işdən evə gəlmişdir. Həyətdən səs-küy səslərini eşidib bayıra çıxmışdır. Bu zaman Qoşqarı həyətdən bayıra çıxartdıqlarını görmüşdür. Qoşqarın Mehmanı, Mehmanın Qoşqarı vurmasını, ümumiyyətlə kiminsə kimi vurmağını görməmiş, söyüş eşitməmişdir. Qoşqarın Mehmana məxsus avtomobilin şüşəsini daşla sındırdığını eşitməmişdir. Sonradan eşitmişdir ki, Qoşqar Bəstinin keçmiş həyat yoldaşıdır, içkili vəziyyətdə gəlib. Müstəntiqə də məhkəmədə verdiyi məzmunda ifadə vermişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsi və zərərçəkmiş şəxsləri tanımamışdır. xx.xx.2019-cu il tarixdə saat təxminən 19 radələrində şəxsi işi ilə əlaqədar Keşlə qəsəbəsi, Kəndçi küçəsi 44 ünvanının qarşısında tanışını gözləyərkən oradakı həyətlərdən birində dava-dalaş olduğunu, səs-küy gəldiyini görmüşdür. Dava edənlər sonra həyətdən çölə çıxmışlar. Kimin kiminlə dalaşdığını, kimin kimi vurduğunu, avtomobilə zədə yetirildiyini görməmişdir. Sadəcə səsküy olduğunu eşitmiş, hər hansı söyüş eşitməmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanılması və aidiyyəti üzrə göndərilməsi haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 qarşılıqlı döyülərək hər ikisinin sağlamlığa qəsdən yüngül zərər vurmaya aid xəsarət almaları faktı üzrə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. - sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2019-cu il tarixli tibbi müayinə protokolundan görünür ki, xx.xx.2019-cu il tarixdə müayinə olunan Təqsirləndirilən şəxs yüngül dərəcəli sərxoş olduğu müəyyən olunmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5- Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizasına dair xx.xx.2019-cu il tarixli, 1075 saylı rəyin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs burun sümüyünün yerdəyişməyən sınığı, burun belinin şişkinlik halında əzilməsi və sağ tərəfli sıyrıqları, üst dodağın iç səthinin qansızması, sağ budun iç səthinin şişkinlik halında əzilməsi və qançırı olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2019-cu il tarixdə yarana bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Müayinə zamanı aşkar edilən sağ tərəfli qasıq nahiyəsindəki şişkinlik, qasıq yırtığı olub, xəstəlik hesab edilir və xx.xx.2019-cu il tarixdə baş vermiş hadisə ilə əlaqəli deyil. Lokalizasiya və xarakterlərinə əsasən demək olar ki, xəsarətlərin şəxsin öz boyu hündürlüyündən yıxılması və şəxsin özü tərəfindən özünə yetirməsi nəticəsində yaranması inandırıcı deyildir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5- Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizasına dair xx.xx.2019-cu il tarixli, 1076 saylı rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs1 İİ və İİİ barmaqların hərəkət məhdudluğu ilə müşayiət olunan sağ əlin arxa səthinin şişkinlik halında əzilməsi, sağ əlin ovuc səthinin qançırı olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2019-cu il tarixdə yarana bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Lokalizasiya və xarakterlərinə əsasən demək olar ki, xəsarətlərin şəxsin öz boyu hündürlüyündən yıxılması və şəxsin özü tərəfindən özünə yetirməsi nəticəsində yaranması inandırıcı deyildir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5- Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizasına dair xx.xx.2019-cu il tarixli, 1077 saylı rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs2 sol budun bayır və arxa səthlərinin qançırları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2019-cu il tarixdə yarana bilər, ümumilikdə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Lokalizasiya və xarakterlərinə əsasən demək olar ki, xəsarətlərin şəxsin öz boyu hündürlüyündən yıxılması və şəxsin özü tərəfindən özünə yetirməsi nəticəsində yaranması inandırıcı deyildir. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs kimi tanınmışdır. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs kimi tanınmışdır. - qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin materialları və Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsindən həmin Məcəllənin 221.3-cü maddəsinə tövsif edilmişdir. - təqsirləndirilən şəxsə yenidən ittiham edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ittiham elan edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə ilk növbədə sübutların məcmusuna əsaslanmaqla qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 dərəcəsinə görə yüngül zərər vurmaya aid olan İİ və İİİ barmaqların hərəkət məhdudluğu ilə müşayiət olunan sağ əlin arxa səthinin şişkinlik halında əzilməsi, sağ əlin ovuc səthinin qançırı kimi xəsarətlərin, Zərərçəkmiş şəxs2 dərəcəsi təyin edilməyən sol budun bayır və arxa səthlərinin qançırları kimi xəsarətlərin yetirilməsi təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələri, eləcə də işdə olan ekspertiza rəyləri ilə sübuta yetir. Lakin Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etməsi sübut olunmur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə düzgün tövsif edilməmişdir. Onun törətdiyi əməl Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməli olduğuna dair mövqeyini məhkəmə aşağıdakılarla əsaslandırır. Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx xxxxxx 2006-cı il tarixli qərarında xuliqanlıq cinayət əməlinin məzmunu və tətbiqi məsələləri ilə bağlı aşağıdakı hüquqi mövqelərini ifadə etmişdir: “ Xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-in 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda, nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər CM-in şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2004-cü il tarixli qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədənailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissiilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisəvə ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadəedən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs uşaqlarını görmək üçün zərərçəkmiş şəxslərin yaşadığı ünvana getmiş və orada aralarında şəxsi münasibətlər zəminində mübahisə baş vermişdir. Mübahisə zamanı Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyəti olmadan Zərərçəkmiş şəxs1 dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarət, Zərərçəkmiş şəxs2 sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Buna görə də onun əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdikləri ərizələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs ilə barışmışlar, ona qarşı heç bir şikayət və tələbləri yoxdur, onlara dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə hesab edir ki, aşağıdakılara əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdığını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsində nəzərdə tutulmuş məsələni həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri xitam olunmalıdır. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 20 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 22 iş saatı, cəmi 42 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 252 (iki yüz əlli iki) manat (42x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.3, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri xitam olunsun. Təqsirləndirilən şəxs 42 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 252 (iki yüz əlli iki) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar