Məhkəmə qərarları › İş №1(007)-165/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-165/2021

24.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-165/2021 24.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səməd Mənsur küçəsi, ev 12-də qeydiyyatda olmaqla yaşayan, 11 mart 2021-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs karantin rejimini pozmaqla xəstəliklərin yayılması üçün real təhlükə yaratmışdır. Belə ki, o, 10 dekabr 2020-ci il tarixdə yeni növ koronovirus infeksiyasının (Covid-19 PCR) təyini üçün barəsində aparılmış laborator müayinənin nəticəsi pozitiv olmaqla, “Covid-19” virus infeksiyasına yoluxub hava-damcı yolu ilə keçən həmin infeksiyanın daşıyıcısı olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 may 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respubikasinın ərazisində havadamcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nın 4.5.5-ci bəndinin tələblərinə əsasən digər şəxsləri xəstəliyə yoluxdura biləcəyinə görə 14 gün müddətinə karantin qaydalarına uyğun müşahidəyə götürülərək hüquq və vəzifələri, göstəriləcək xidmətlərin dairəsi və təcridolunma müddəti barədə ona məlumat verilməklə yaşadığı mənzili (evi) tərk etməməsi və bu tələblərin pozulmasına görə qanunda nəzərdə tututulmuş cinayət məsuliyyəti barədə xəbərdar olmasına baxmayaraq 21 dekabr 2020-ci il tarixdə saat 16:40 radələrində yaşadığı ünvanı tərk edərək xüsusi karantin rejimini pozmaqla yeni növ koronavirus (COVİD-19) infeksiyasının (yoluxucu xəstəliyin) yayılması üçün real təhlükə yaratmış və həmin gün saat 17 radələrində Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 137 ünvanında yerləşən Bakı Metropoliteninin “Koroğlu” stansiyasının qarşısında quraşdırılmış stasionar postda Bakı şəhəri Nizami RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq yaşadığı mənzilə qaytarılmışdır. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 07 dekabr 2020-ci il tarixdə özünü pis hiss etdiyindən şübhələnmişdir ki, COVİD-19 yoluxucu xəstəliyinə düçar olmuşdur, buna görə həkimlərə müraciət etmişdir. 10 dekabr 2020-ci il tarixdə evinə həkim briqadası gəlmiş və ondan test götürülmüşdür. Testin nəticəsi pozitiv olduğundan 12 dekabr 2020-ci il tarixdə saat 12:47-də onun 070 217 66 50 mobil telefon nömrəsinə SMS gəlmişdir ki, testin nəticəsi pozitiv olaraq o, COVİD-19 yoluxucu xəstəliyinə düçar olmuşdur, qeydiyyata düşmüşdür və karantin rejiminə riayət etməlidir. Bundan sonra o, özü səhvən hesablamışdır ki, karantin rejimi 07 dekabrda başlayaraq həmin ayın 21-də başa çatır, odur ki, 21 dekabr 2020-ci il tarixdə hesab etmişdir ki, bayıra çıxa bilər. Həm də mətbuatda eşitmişdir ki, təkrar testə ehtiyac yoxdur. Ona görə həmin gün saat 16:40 radələrində evdən çıxıb adına olan avtomobili idarə edib şəhərin mərkəzinə tərəf getmiş, saat 17 radələrində Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində “Koroğlu” metrostansiyasının qarşısında quraşdırılmış stasionar postda polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bundan sonra ona məlum olmuşdur ki, düzgün hesablama aparmamışdır, 28 dekabr 2020-ci ildə müşahidə müddəti bitməlidir. Polis əməkdaşları onu yaşadığı mənzilə qaytarmışlar. Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərmişdir ki, hesab edir ki, o, heç kimə təhlükə yaratmamışdır, sağlam olmuşdur, zərərçəkmiş şəxs yoxdur. İnzibati qaydada ola bilsin ki, xətaya yol vermişdir, lakin cinayət əməli törətməmişdir. Barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin PPXB-nin polis nəfəri Şahid1 ifadəsində göstərmişdir ki, 21 dekabr 2020-ci il tarixdə digər polis əməkdaşları ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən “Koroğlu” metrostansiyasının qarşısında quraşdırılmış stasionar postda xidmət etmişdir. 21 dekabr 2020-ci il tarixdə saat 17 radələrində tərəflərindən yoxlanılan vətəndaşların arasında Təqsirləndirilən şəxs COVİD-19 yoluxucu xəstəliyinə düçar olaraq qeydiyyata alınmaqla müalicə olunmasına baxmayaraq karantin rejimini pozmaqla həmin xəstəliyin yayılması üçün real təhlükə yaratması müəyyən edilmişdir. Bununla əlaqədar Təqsirləndirilən şəxs tərəflərindən Nizami RPİ-nin 25-ci PŞ-nə gətirilib bu barədə həmin şöbənin rəhbərliyinə raportla məruzə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin PPXB-nin polis nəfəri Şahid2, Şahid1lə oxşar məzmunda ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 21 dekabr 2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v. 1) -Bakı şəhəri Nizami RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən tərtib olunmuş 21 dekabr 2020-ci il tarixli raportdan görünür ki, 21 dekabr 2020-ci il tarixdə saat 17:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, Bakı Metropoliteninin “Koroğlu” stansiyasının qarşısında quraşdırılmış stasionar postda yoxlanılan vətəndaşların arasında Təqsirləndirilən şəxs COVİD-19 yoluxucu xəstəliyinə düçar olaraq qeydiyyata alınmaqla müalicə olunmasına baxmayaraq karantin rejimini pozmaqla həmin xəstəliyin yayılması üçün real təhlükə yaratması tərəflərindən müəyyən edilmiş və o, 25-ci PŞ-nə gətirilmişdir. (i.v. 6) - 21 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, S.Mənsur küçəsi, ev 12-də yaşayan, 10 dekabr 2020-ci il tarixdən ev şəraitində müalicə alması tövsiyə edilmiş, “Corona” virus xəstəsi Təqsirləndirilən şəxs yaşadığı mənzili özbaşına tərk etdiyi üçün, 21 dekabr 2020-ci il tarixdə saat 17:00-da Bakı şəhəri, Nizami rayonu, “Koroğlu” metrostansiyasının qarşısında saxlanılması barədə lentə alınmış videogörüntüyə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs yaşadığı mənzili özbaşına tərk etdiyi üçün saxlanılan zaman lentə alınmış videogörüntü 1 dəqiqə müddətindədir, görüntüdə Təqsirləndirilən şəxs ona aid olan “COVİD-19” testinin nəticəsinin “pozitiv” olması barədə ona 10 dekabr 2020-ci il tarixdə sms-lə məlumat verildiyini etiraf edir. (i.v. 11) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” Publik hüquqi şəxsin 18 yanvar 2021-ci il tarixli 04-17/108-2021 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin COVİD-19 Məlumat bazasına əsasən 11 dekabr 2020-ci il tarixdə koronavirus infeksiyasının laborator müayinə nəticəsi pozitiv olmuşdur. Təqsirləndirilən şəxs COVİD- 19 xəstəsi kimi 11 dekabr 2020-ci il tarixdən 13 saylı BŞX-da müşahidəyə götürülmüş, 28 dekabr 2020-ci il tarixdə sağalmış və müşahidə müddəti bitmişdir; -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” Publik hüquqi şəxs tərəfindən keçirilmiş məhkəmə-tibbi ekspertizasının 12 fevral 2021-ci il tarixli 177/KEŞ nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs 11.12.2020-ci il tarixdə “Covid-19” ilə bağli müayinə aparılmış və müayinənin nəticəsinin pozitiv (+) olmuşdur. Təqsirləndirilən şəxs sanitariya-gigiyena qaydaları pozmaqla bədənində, paltarında və ya sair formada koronavirusun (COVİD-19) bir yerdən başqa yerə daşınmasının və digər şəxsləri yoluxdura biləcəyi istisna edilmir. “Covid-19” virus infeksiyasının inkubasiya dövrü 1-14 gün arası davam edir və orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq sağalma müddəti müxtəlif olur. (i.v. 62-65) - 06 mart 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs könüllü razılığı əsasında onun istifadə etdiyi və daxilində 070 217 66 50 saylı mobil nömrə olan “Samsung” markalı “A 30” modelli mobil telefonda olan SMS yazışmalarına müstəntiq tərəfindən baxış keçirilmişdir. Baxış zamanı mobil telefonda 12 dekabr 2020-ci il tarixdə saat 12:47-də daxil olmuş aşağıdakı məzmunda SMS mətn müəyyən edilmişdir: “İTS.GOV.AZ” saytından “Hörmətli Təqsirləndirilən şəxs. Sizin 10.12.2020-ci il tarixində COVİD-19 ilə bağlı verdiyiniz testin nətcəsi pozitivdir. Xahiş olunur, siz və ailə üzvləriniz yaşayış yerini tərk etməyəsiniz. Karantin rejimini pozduğunuz təqdirdə Azərbaycan Respublikası İnzibati Xətalar və Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna bilərsiniz. Tel. 1542”. Həmin mətnli mesaj Təqsirləndirilən şəxs tərəfindən açılıb oxunmuşdur. Bundan başqa baxış zamanı mobil telefonda 28 dekabr 2020-ci il tarixdə saat 13:42-də daxil olmuş aşağıdakı məzmunda digər SMS mətn müəyyən edilmişdir: “İTS.GOV.AZ” saytından “Hörmətli Təqsirləndirilən şəxs. Siz və sizinlə eyni evdə yaşayan şəxslərin COVİD-19 ilə bağlı evdə özünütəcrid müddəti bitmişdir. Sağlamlığınızı qoruyun”. Həmin mətnli mesaj Təqsirləndirilən şəxs tərəfindən açılıb oxunmuşdur. (i.v. 71-72) - 09 mart 2021-ci il tarixli qərardan görünür ki, videoçəkilişin 01 ədəd DVD diski və SMS mesajlarının mətnləri cinayət işi üzrə xüsusi əhəmiyyət kəsb etdikləri üçün maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 73-74) -Sübutların qiymətləndirilməsi haqqında 10 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 139- 1.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. (i.v. 75-78) Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 1 may tarixli 161 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nın 4.5 və 4.6-cı bəndlərinə əsasən yaşadığı və ya olduğu yerdə karantin nəzarətinə götürülmüş şəxs aşağıdakı tələblərə riayət etməlidir: onunla birgə yaşayan şəxslərin xəstəliyə yoluxma riskini azaltmaq üçün ayrı otaqda qalmalı, bu mümkün olmadıqda, mənzili yaxşı havalandırmalı, həmin şəxslərlə ən az 1 (bir) metr məsafədə olmalı və ünsiyyət zamanı tibbi maskadan istifadə etməlidir; şəxsi gigiyena vasitələrini və istifadə etdiyi digər əşyaları onunla birgə yaşayan şəxslərdən təcrid etməlidir; mənzilin (evin) daxilində mümkün qədər az hərəkət etməlidir; ümumi istifadə yerlərini tez-tez havalandırmalıdır; mənzili (evi) tərk etməməlidir; yaşadıqları və ya olduqları yerdə karantin nəzarətinə götürülmüş şəxslərin laboratoriya müayinəsi bu Qaydaların 3.2-ci bəndinə uyğun olaraq həyata keçirilir. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan müayinələrin nəticəsi neqativ olduqda, karantin müddəti başa çatmış hesab edilir. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan sonuncu laboratoriya müayinəsinin nəticələri əldə olunana qədər karantin nəzarətinə götürülmüş şəxsin yaşadığı və ya olduğu yeri tərk etməsi qadağandır. Həmin Qərarın 7.6-cı bəndinə əsasən karantin rejimini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizasının rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Cinayət qanunvericiliyinə görə, Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin obyekti insanların normal sağlamlığını təmin edən ictimai münasibətlərdir. Həmin cinayətin obyektiv cəhəti elan edilmiş karantin rejimlərini pozmaqla xəstəliklərin yayılması və ya onların yayılması üçün real təhlükə yaratmaqdan ibarətdir. Əməlin tövsifi üçün xəstəliyin yayılması üsulunun heç bir əhəmiyyəti yoxdur, zəruri əlamətləri kimi karantin elan olunmuş rejim zamanı xəstəliyin yayılması və ya yayılması üçün real təhlükə yaratması hərəkətlərinin mövcudluğu əsas götürülməlidir. Bu cinayətin subyektiv cəhəti təqsirkarın həm birbaşa, həm də dolayı qəsd formasında təqsirini nəzərdə tutur. Təqsirkar özündə yayılan xəstəliyin olmasını, karantin rejiminə riayət olunmasının vacibliyini, buna görə məsuliyyət daşıyacağını bilir, lakin birbaşa qəsdlə onu yaymaq istəyir və ya dolayı qəsdlə orqanizmində olan xəstəliyin yayıla biləcəyinə şüurlu surətdə yol verir. Bu zaman qeyd edilən cinayətin motivi əməlin tövsifi üçün zəruri əhəmiyyət kəsb etməsə də, xəstəliklərin qəsdən yayılması hallarına səbəb kimi intiqam almaqdan, nifrətdən və ya digər şəxsi münasibətlərin pozulmasından ibarət ola bilər. Cinayət-prosessual qanunvericiliyinə görə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, məhkəmə tədqiqi zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır; cinayətin törədilməsinə məhz Təqsirləndirilən şəxs aidiyyəti olmuşdur və onun bu cinayət hadisəsində təqsirliliyi sübuta yetirilmişdir, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda - iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 28 dekabr 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 17) - 11 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 104-105) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139- 1.1-ci maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı tutulmamış, həbsdə saxlanılmamışdır. Ona görə məhkəmə hesab edir ki, cəzanın hesablanması zamanı Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin müddəalarının tətbiqi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış bir ədəd DVD disk və iki ədəd SMS mətni saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza isə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 30 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dəvət olunmuş müdafiəçiyə əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış bir ədəd DVD disk və iki ədəd SMS mətni saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, 30 saat göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş Müdafiəçi 180 manat əmək haqqı “xxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ********************, S.Wİ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar