Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-165/2022 14.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxx 1985-ci il tarixdə Gürcüstan Respublikasının Tbilisi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri, Nizami rayonu, R.Teymurov küçəsi ev 28A, mənzil 7-də qeydiyyatda olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 oktyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1ci maddəsi ilə təqsirli bilinib, 02 il 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 05 ay 18 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, 18 iyul 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, hazırkı iş üzrə 05 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 06 dekabr 2021-ci il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, həmin qətimkan tədbirinin şərtlərini pozaraq məhkəmədən gizləndiyindən 10 iyun 2022-ci il tarixdə haqqında axtarış elan edilmiş və qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 31 iyul 2022-ci il tarixdə tutulmuş, həmin vaxtdan həbsdə olmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan metadon əldə edərək, üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 25 noyabr 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 0,18 qram çəkidə narkotik vasitə metadon əldə edib üzərində saxlamaqla daşımış, 05 dekabr 2021-ci il tarixdə saat 06:15 radələrində Bakı şəhəri Nizami rayon polis idarəsinin Post-patrul xidməti bölüyünün polis nəfərləri tərəfindən Bakı şəhəri, Nizamı rayonu, Q.Qarayev prospekti, 25 ünvanında şübhəli şəxs kimi saxlanılaraq ünvan 2nında yerləşən Nizami RPİ-nin 25-ci polis şöbəsinə gətirilmiş, orada xidməti otaqda üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan cins şalvarın sağ yan cibindən üzərindəki göstəriciyə əsasən metadonun təsir maddəsinin ümumi miqdarı 0,18 qram (1 ədəd həbdə 0,04 qram) təşkil edən üzərində “Methadone-40” göstəricisi olan bır ədəd konvalyut kəsiyində 04 ədəd bütöv, 1 ədəd ½ hissə olan qəhvəyi rəngli həblər narkotik vasitə olan metadon, eləcə də tərkibində preqabalinin təsir maddəsinin ümumi miqdarı 0,3 qram (bir ədəd kapsulda preqabalinin təsir maddəsinin miqdarı 0,15 qramdır) təşkil edən üzərində “150 mg” göstəricisi olan ümumi sayı 2 ədəd olan ağ rəngli dərman kapsulası güclü təsir edən maddə preqabalin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən iki ildir ki, narkotik maddələrdən istifadə edir. 25 noyabr 2021-ci il tarixdə Yasamal rayonunda üzdən tanıdığı, adını xatırlamadığı şəxsdən adlarını “metadon” və “Alise” kimi bildiyi həblər alıb üzərində saxlamışdır. 05 dekabr 2021-ci il tarixdə təxminən saat 06:15 radələrində Nizami rayonu, Q.Qarayev prospektində olan zaman polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etmiş, ona şübhəli olduğunu izah edib polis şöbəsinə dəvət etmişlər. Orada xidməti otaqların birində onun üzərinə baxış keçiriləcəyi, bu zaman videoçəkilişdən istifadə olunacağı bildirilmiş, daha sonra ona üzərində qeyriqanuni əşyalar varsa, təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan tünd göy rəngli cins şalvarın sağ cibindən “metadon” kimi tanıdığı içərisində 4 ədəd tam və 1 ədəd yarım həb olan üzərinə “methadone-40” sözləri yazılmış 1 ədəd dərman listini və “Alise” kimi tanıdığı içərisində 2 ədəd həb olan üzərində “150 mg” sözü yazılan 1 ədəd dərman listini çıxarıb təqdim etmişdir. Sorğu zamanı o, “metadon” kimi bildiyi narkotik vasitə həblərin bir ədədini 15 manata, “Alise” kimi tanıdığı həblərin bir ədədini 3 manata aldığını bildirmişdir. Bundan sonra aşkar olunan maddələr qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs daha sonra əməlindən səmimi peşmançılıq hissləri keçirdiyini, yaşlı və xəstə anasına tək özünün baxdığını nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin Postpatrul xidməti bölüyünün polis nəfəri Şahid1 ifadəsində göstərmişdir ki, 04 dekabr 2021-ci il tarixdə saat 19:00-dan polis nəfərləri Şahid2 və Şahid3 ilə birlikdə xidmətdə olmuşdur. 05 dekabr 2021-ci il tarixdə saat 06:15 radələrində 3 saylı sektorda xidmət aparan zaman, ərazidə baş verən oğurluq hadisələri ilə əlaqədar, Nizami rayonu “Q.Qarayev” metrostansiyası yanında bir nəfər şəxsə yaxınlaşıb şəxsiyyətini təsdiq edən sənədini tələb etmişlər. Həmin şəxsin üzərində sənəd olmadığından və özünü şübhəli apardığından onu Nizami RPİ-nini 25-ci polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Bundan sonra onların və 25-ci polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid4 iştirakları ilə Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılmışdır. Axtarış başlanmazdan əvvəl həmin şəxsə mobil telefondan istifadə olunmaqla videoçəkiliş aparılması barədə xəbərdarlıq edilmiş, hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ cibindən “metadon” kimi tanıdığı içərisində 4 ədəd tam və 1 ədəd yarım həb olan üzərinə “methadone 40” sözləri yazılmış 1 ədəd dərman listi və içərisində 2 ədəd həb olan üzərində “150 mg” sözü yazılan 1 ədəd dərman listini çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, Yasamal rayonunda tanımadığı şəxsdən “metadon” kimi tanıdığı həblərin 1 ədədini 15 manata, “Alise” kimi tanıdığı həbin isə bir ədədini 3 manata almış, özü istifadə etmək üçün üzərində saxlayıb gəzdirmişdir. Aşkar olunmuş həmin narkotik vasitəyə bənzər maddələr kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş, onlar tərtib olunmuş protokolu imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin Postpatrul xidməti bölüyünün polis nəfəri Şahid3, Şahid1la oxşar məzmunda ifadə vermişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİnin Post-patrul xidməti bölüyünün polis nəfəri Şahid2 iştirakı mümkün olmadığından onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş, müəyyən olunmuşdur ki, o, Şahid1 ifadəsinə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-c polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, 04 dekabr 2021-ci il tarixdə saat 09:00-dan Nizami RPİ-nin 25-ci polis şöbəsində əməliyyat növbəsində olmuşdur. 05 dekabr 2021-ci il tarixdə saat 06:15 radələrində Nizami RPİ-nin Post-patrul xidməti bölüyünün polis nəfərləri Şahid2, Şahid1 və Şahid3 birlikdə xidmət aparan zaman Nizami rayonu, “Q.Qarayev” metrostansiyası yanında bir nəfər şəxs özünü şübhəli apardığından şəxsiyyətini müəyyən etmək üçün onu 25-ci polis şöbəsinə gətirmişlər. Şöbədə həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Bundan sonra onun və qeyd olunan polislərin iştirakları ilə, videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunandan sonra onun paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ cibindən “metadon” kimi tanıdığı içərisində 4 ədəd tam və 1 ədəd yarım həb olan üzərinə “methadone 40” sözləri yazılmış 1 ədəd dərman listi və içərisində 2 ədəd həb olan üzərində “150 mg” sözü yazılan 1 ədəd dərman listini çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs Yasamal rayonundan tanımadığı şəxsdən “metadon” kimi tanıdığı həblərin 1 ədədini 15 manata, “Alise” kimi tanıdığı həbin isə bir ədədini 3 manata aldığını, şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş həmin narkotik vasitəyə oxşar maddələr müvafiq qaydada götürülmüş, kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənmişdir. Bundan sonra protokol tərtib olunmuş, protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 05 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. (i.v. 1) - 05 dekabr 2021-ci il və 10 fevral 2022-ci il tarixli protokollardan görünür ki, polis əməkdaşları tərəfindən, videoçəkiliş aparılmaqla, Təqsirləndirilən şəxs üzərində həmin tarixdə 25-ci PŞ-nin inzibati binasında şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya sənədləri verməsi təklif edilmiş, həmin vaxt o, önülü olaraq əynində olan tünd göy rəngli cins şalvarın sağ cibindən “metadon” kimi tanıdığı içərisində 4 ədəd tam və 1 ədəd yarım həb olan üzərinə “methadone 40” sözləri yazılmış 1 ədəd dərman listi və içərisində 2 ədəd həb olan üzərində “150 mg” sözü yazılan 1 ədəd dərman listini çıxardıb təqdim edərək, şəxsi istifadəsi məqsədi ilə Yasamal rayonundan tanımadığı şəxsdən “metadon” kimi tanıdığı həblərin 1 ədədini 15 manata, “Alise” kimi tanıdığı həbin isə 1 ədədini 3 manata aldığını və üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Videogörüntülərə baxış zamanı 05 dekabr 2021-ci il tarixli protokolda qeyd edilənlərin öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 29-30, 117) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 05 dekabr 2021-ci il tarixli 6/5381 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №165” dairəvi möhür əksi olan, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə üzərində “Methadone-40” göstəricisi olan bir ədəd konvalyut kəsiyində 4 ədəd bütöv, 1 ədəd ½ hissə olan qəhvəyi rəngli həblərin üzərindəki göstəriciyə əsasən metadonun təsir maddəsinin ümumi miqdarı 0,18 qram (1 ədəd həbdə 0,04 qram) təşkil edir. Təqdim olunmuş üzərində “150 mg” göstəricisi olan ümumi sayı 2 ədəd olan ağ rəngli dərman kapsulasının tərkibində preqabalinin təsir maddəsinin ümumi miqdarı 0,3 qram (bir ədəd kapsulda preqabalinin təsir maddəsinin miqdarı 0,15 qramdır) olduğu müəyyən edildi. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in siyahısına (Siyahı İİ) daxildir. Preqabalin 2016-cı il 18 mart tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” (1 nömrəli əlavə) daxildir. Qeyd: metadon həblərinin ümumi sayı 04 ədəd bütöv, 01 ədəd ½ hissə olmuş, tədqiqata 01 ədəd və ½ hissə sərf edilmiş, 03 ədəd qalıq qalmışdır; preqabalin kapsulasının sayı 02 ədəd olmuş, 01 ədəd tədqiqata sərf edilmiş, 01 ədəd qalıq qalmışdır. (i.v. 41-43) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasına dair 14 dekabr 2021-ci il tarixli 5080 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 84-85) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 11 fevral 2022-ci il tarixli 337 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq (əqli gerilik) və s. psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq (əqli gerilik) və s. psixi xəstəlik qeyd olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmayıb, hal-hazırda hər hans psixi xəstəlik aşkar olunmur, xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. O, hövsələsizlik, hirslilik, qıcığa qarşı həssaslıq, kobudluq, laqeydlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir, əqliintellektual imkanlarında gerilik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs əqliintellektual imkanları nəzərə almaqla, hadisə zamanı öz hərəkətlərinin mahiyyətini dərk etmək və onları idarə elmək qabiliyyətinə malik olmuşdur. Onda özündən uydurmağa meyillilik əlamətləri aşkar edilmədi. Təqsirləndirilən şəxs sensor-perseptiv proseslərin fərdi xüsusiyyətlərinə görə ona ittiham olunan əməli törədən zaman hadisə şəraitini nəzərə alaraq iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavramaq iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri aşkar edilmədi. (i.v. 128-131) - 17 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş dəyişdirilmədən saxlanılmış, əməlində Azərbaycan Respublikası CM-nin 234.2 və 240.1-ci maddələrinin tərkib əlaməti olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi naməlum mənbənin müəyyən edilməsi mümkün olmadığından cinayət işinin materiallarından naməlum mənbəyə dair material ayrılmış və həmin mənbənin müəyyən edilməsi məqsədi ilə Nizami RPİ-nin 25-ci PŞ-nə göndərilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd konvalyut kəsiyində 04 ədəd bütöv, 01 ədəd ½ hissə olan qəhvəyi rəngli “Methadone-40” həbləri və 02 ədəd “150 mg” göstəricisi olan preqabalin kapsulu maddi sübut kimi tanınaraq məhkəmənin hökmünə qədər qalıq qalan 03 ədəd “Methadone-40” həbi və 01 ədəd preqabalin kapsulu saxlanılmasından ötrü Nizami RPİ-nin maddi sübutların saxlama kamerasına qəbzlə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsini özündə əks etdirən 01 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 141-147) Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan metadonun əldə olunma mənbəyi barədə material ayrılmışdır, nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 05 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 23) - 06 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair müstəntiqin vəsatəti və onunla bağlı prokurorun təqdimatı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli 4(007)- 400/2021 nömrəli qərarı ilə təmin edilməmişdir. (i.v. 69-73) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 06 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 74-75) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 13 yanvar 2022-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Hərbi Məhkəməsinin 06 noyabr 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.2.5-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 62-ci maddəsinə əsasən 05 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş; Sumqayt Hərbi Məhkəməsinin 12 noyabr 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 329.1-ci maddəsi ilə təqsirli bilinib, 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 04 fevral 2008-ci il tarixdə cəzanın sonu ilə azad edilmiş; Qusar Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib, qazancından dövlət nəfinə 20% tutulmaqla 09 ay müddətinə islah isləri cəzasına məhkum edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 aprel 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 aprel 2014-cü il tarixli qərarı ilə 09 ay 12 gün vaxtından əvvəl şərti azad olunmuş, 23 yanvar 2015-ci il tarixdə cəza müddəti başa çatmış; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 oktyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 05 ay 18 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, 18 iyul 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (i.v. 97-100, 120-127) - 10 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin şərtlərini pozduğu, üzürlü səbəblər olmadan məhkəməyə gəlməyərək gizləndiyi üçün, habelə, məcburi gətirilməsinə dair qərarın icrası mümkün olmadığından Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən onun haqqında axtarış elan edilmiş, barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir; - 3 saylı istintaq təcridxanasının 02 avqust 2022-ci il tarixli xx/xx-3524 nömrəli məktubundan görünür ki, barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs 31 iyul 2022ci il tarixdə Nizami RPİ-nin əməkdaşları tərəfindən tutularaq 02 avqust 2022-ci il tarixdə saxlanılması üçün həmin təcridxanaya gətirilmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 7-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 18.1-ci maddəsində cinayətlərin residivi əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi kimi təsbit edildiyindən, residivin müəyyən olunması zamanı şəxsin əvvəllər məhkum olunub-olunmaması, olunubsa, məhkumluğunun ödənilibödənilməməsi və yaxud götürülüb-götürülüməməsi yoxlanılmalı, Cinayət Məcəlləsinin 83cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və yaxud ödənilmiş məhkumluqlar, habelə böyük ictimai təhlükə törətməyən (istər əvvəl, istər yeni törədilmiş) cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar isə Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayətlərin residivini yaradan hallar kimi nəzərə alınmamalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinin tələbləri baxımından qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəlki hökmlər üzrə məhkumluğu ödənilmişdir, sonuncu Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 oktyabr 2018-ci il tarixli hökmü ilə isə, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmişdir, baxmayaraq ki, sonradan həmin cəzanın çəkilməmiş hissəsi müvafiq müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir, yuxarıda istinad edilən Plenum Qərarına əsasən, o cümlədən Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsində nəzərdə tutulan, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqların residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığına dair tələbi baxımından, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə həmin məhkumluq residiv yaratmır, ona görə cəza təyini zamanı nəzərə alınmamalıdır. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Bu halda məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası CPM-nin 202.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 05 dekabr 2021-ci il tarixdə saat 06:45-də şübhəli şəxs qismində tutulmuş, 06 dekabr 2021-ci il tarixdə saat 11:00-dan saat 11:45-dək təqsirləndirilən şəxs qismində dindirildikdən sonra onun barəsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılması üçün vəsatət və təqdimat tərtib olunaraq məhkəməyə təqdim olunmuşdur. Məhkəmə tərəfindən eyni tarixdə işə baxılaraq həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuş və həmin vaxtadək tutmada olan təqsirləndirilən şəxs dərhal azad edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin tutmada qalması bir gündən artıq davam etdiyindən, o cümlədən təqsirləndirilən şəxsin mənafeyinə uyğun olaraq, onun tutulma müddəti 02 gün hesablanmalıdır. Bununla da, məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə, CM-nin 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı isə axtarışda olan şəxs kimi 31 iyul 2022-ci il tarixdə tutulduğu vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələbinə uyğun olaraq, hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış narkotik vasitə məhv olunmalı; maddi sübut olan bir ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, qərar əsasında dövlət hesabına təyin olunmuş vəkilin məhkəməyədək icraat və məhkəmə icraatı dövründə təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət ümumilikdə 80 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 05 dekabr 2021-ci il tarixdən 06 dekabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 31 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış bir ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilən, ekspertiza tədqiqatından sonra qalan 03 ədəd “Methadone-40” həbi və 01 ədəd preqabalin kapsulu məhv edilsin. Məhkəmə məsrəfi olan 65 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə icraatı dövründə ümumilikdə 80 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 480 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-165/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-165/2022
14.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver