Məhkəmə qərarları › İş №1(007)-165/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-165/2023

28.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-165/2023 28.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçiləri, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1964-cü ildə Ağdam rayonu, Cəvahirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ağdam rayonu, Cəvahirli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 16 sentyabr 2022-ci il tarixdə ünvan 2 ünvanında Şahid1 20 manat pul müqabilində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 11,671 qram olan narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 16 sentyabr 2022-ci il tarixdə, saat 01 radələrində Bakı şəhəri, Nizami RPİ-nin X1 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 2 saylı evin qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 3 ünvanında yerləşən Bakı şəhəri Nizami RPİ-nə gətirilmiş, orada üzərinə keçirilmiş axtarış zamanı əynindəki boz rəngi pencəyinin sol iç cibindən 01 ədəd sellofan bükülüdə təmiz çəkisi 11.671 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, fərdi olaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində, “texnikomun yataqxanası” deyilən yerdə “Ağdam servis” adlanan avtomobillərin təmiri sexində rəngsazlıqla məşğul olub dolanır. Əvvəllər bir neçə dəfə narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. Hər dəfə marixuananı tanımadığı ayrı-ayrı şəxslərdən əldə edib istifadə etmişdir. 2022-ci ilin avqust ayının sonlarında bir dəfə iş yerinin yaxınlığında, yataqxanada yaşayan Anar adlı şəxsdən 10 manata 01 büküm marixuana almışdır. xx.xx.2022-ci il tarixdə axşam saatlarında öz şəxsi istifadəsi üçün istifadəsində olan ***-***-**-** mobil nömrədən Anarın dəqiq xatırlamadığı, təxminən ***-***-**-** mobil nömrəsini yığıb 20 manatlıq marixuana istəmişdir. Telefonda Anarla razılaşdıqdan sonra həmin gecə, yəni xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Nizami rayonu, İ.Məmmədov küçəsi 17 ünvanın yaxınlığında görüşüb 20 manat pulu Anara verib, 01 ədəd sellofanda marixuana almışdır. Anar ondan ayrıldıqdan az sonra ona mülki geyimdə olan iki nəfər yaxınlaşıb polis əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Bakı şəhəri Nizami RPİ-nə dəvət etdilər. Polis İdarəsində xidməti otaqların birində təhqiqatçı tərəfindən hüquqlarının müdafiəsi üçün dövlət hesabına vəkil dəvət edilmiş və ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Sonra polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən ona üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı maddə, yaxud əşya olduğu halda könüllü təqdim etmək təklif olunmuşdur. Həmin vaxt o, əynində olan pencəyinin sol cibindən 01 ədəd selleofan bükülünü təqdim edib bildirmişdir ki, həmin narkotik vasitəni az müddət əvvəl Nizami rayonu, İ.Məmmədov küçəsi 17 ünvanın yaxınlığında şəxsi istifadəsi üçün Anar adlı şəxsdən 20 manata almışdır. Üzərinə keçirilən axtarış zamanı təqdim etdiyi marixuana polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüş və tərkibinin və çəkisinin müəyyən edilməsi üçün məhkəmə-bioloji ekspertizasına göndəriləcəyi bildirilmişdir. Şəxsi axtarışın nəticəsinə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bütün bu proseslərdə polis əməkdaşları tərəfindən ona qarşı hər hans formada zor, ya da təziq tətbiq olunmamışdır. Sonda Təqsirləndirilən şəxs, törətdiyi əməldən səmimi peşman olduğunu bildirdi və barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2015-ci ildən DİO-da, 2021-ci ildən isə Bakı şəhəri, Nizami RPİ-nin NMB-də əməliyyat müvəkkil vəzifəsində çalışır. xx.xx.2022-ci il tarixdə Nizami RPİ-nə daxil olmuş məlumatda “Asif” adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması göstərilmişdir. Eyni tarixdə onun və NMB-nin əməliyyat müvəkkili Şahid4 iştirakı keçirilmiş əməliyyat tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə saat 01:00 radələrində ünvan 5 ünvanın qarşısında “Asif” adlı şəxs müəyyən edilərək Nizami RPİ-nə dəvət edilmişdir. Nizami RPİ-də həmin şəxsin xx.xx.1964-cü ildə Ağdam rayonunda anadan olmuş Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Nizami RPİ-nin TŞ-nin təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına vəkil dəvət edilərək hüquq və vəzifləri izah edilmişdir. Sonra təhqiqiatçı tərəfindən onun və əməliyyat müvəkkili Şahid4 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı mobil telefon vasitəsi ilə video çəkilişin aparılması Nizami RPİ-nin X2 inspektor kriminalisti Şahid6 həvalə edilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində dövriyyəsi qadağan edilmiş narkotik vasitə, yaxud psixotrop maddə olduğu halda könüllü təqdim etsin. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan boz rəngli pencəyinin sol iç cibindən 01 ədəd şəffaf selofanda, içərisində spesifik iyə malik yaşıl rəngli ot kütləsini təqdim edərək narkotik vasitə olan marixuana olduğunu, “Anar” adlı şəxsdən öz istifadəsi üçün 20 manata aldığnı bildirmişdir. Həmin bükülü təhqiqatçısı tərəfindən götürülərək qablaşdırılmış və baxışın nəticəsinə dair protokol tərtib edilərək onların tərəfindən imzalarla təsdiq edilmişdir. Eyni tarixdə davam edən əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə saat 03:00 radələrində Nizami rayonu, İ.Məmmədov küçəsi 17 ünvanında yerlşən yaşayış evinin girişi qarşısında Şahid1 və Şahid2 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq Nizami RPİ-nə dəvət edilmişdir. Sonra Nizami RPİ-nin TŞ-nin təhqiqatçısı tərəfindən Şahid2 hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına vəkil dəvət edilərək hüquq və vəzifləri izah edilmişdir. Sonra təhqiqiatçı tərəfindən onun və əməliyyat müvəkkili Şahid4 iştirakı ilə Şahid2 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı mobil telefon vasitəsi ilə video çəkilişin aparılması Nizami RPİ-nin X2 inspektor kriminalisti Şahid6 həvalə edilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən şübhəli şəxs Şahid2 təklif olunmuşdur ki, üzərində dövriyyəsi qadağan edilmiş narkotik vasitə, yaxud psixotrop maddə olduğu halda könüllü təqdim etsin. Həmin vaxt Şahid2 əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf selofanda, içərisində spesifik iyə malik yaşıl rəngli ot kütləsini təqdim edərək narkotik vasitə olan marixuana olduğunu, xx.xx.2022-ci il tarixdə Nizami rayonu, İ.Məmmədov küçəsi 17 ünvanında yerləşən yaşayış evinin girişində tanışı Anardan öz istifadəsi üçü 20 manata aldığını bildirmişdir. Həmin bükülü təhqiqatçısı tərəfindən götürülərək qablaşdırılmış və baxışın nəticəsinə dair protokol tərtib edilərək onların tərəfindən imzalarla təsdiq edilmişdir. Şahid4 məhkəmə iclasında Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan şəxsi axtarış və götürmə keçirilməsi barədə 16 sentyabr 2022ci il tarixli protokoldan və diskə baxış protokolundan görünür ki, Nizami RPİ-nin NMB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Nizami rayonu, İ.Məmmədov küçəsi 17 ünvanın qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində Təqsirləndirilən şəxs saxlanılaraq Nizami RPİ-nə gətirilmiş, xidməti otaqların birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli pencəyinin sol iç cibindən 01 ədəd şəffaf selofanda, içərisində spesifik iyə malik yaşıl rəngli ot kütləsini təqdim edərək narkotik vasitə olan marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs sellofanda olan kütlənin marixuana olduğunu, öz istifadəsi üçün Anar adlı şəxdən 20 manat aldığını bildirmişdir. Şəxsi axtarış zamanı video çəkilişdən istifadə edilmişdir. İş materiallarında olan materialların məhkəmə ekspertizasının 16 sentyabr 2022-ci il tarixli, 7/1045 saylı rəyindən görünür ki, “Vət.Şahid1 aşkar olunmuş bir ədəd sellofan bükülüdə təmiz çəkisi 36,873 qram, vət.Şahid2 götürülmüş bir ədəd sellofan bükülüdə təmiz çəkisi 11,441 qram və vət. Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd sellofan bükülüdə təmiz çəkisi 11.671 qram bitki mənşəli kütlələr tərkiblərinə görə eyni olub, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudullmuş marixuanadır. Həmin maddənin 0.15 qram hissəsi (hər obyektdən 0.05 qram) tədqiqata sərf edilmiş, 59.835 qram hissəsi qalıq qalmışdır. İşdə olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 09 dekabr 2022-ci il tarixli, 7478 saylı rəyindən görünür ki, hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 31 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, təhqiqatçı tərəfindən şübhəli şəxs qismində Nizami RPİ-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki boz rəngli pencəyinin sol iç cibindən 01 ədəd şəffaf selofanda, içərisində spesifik iyə malik yaşıl rəngli ot kütləsini təqdim edərək narkotik vasitə olan marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs sellofanda olan kütlənin marixuana olduğunu, öz istifadəsi üçün Anar adlı şəxdən 20 manat aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman çəkilmiş video görüntünün olduğu 01 ədəd CD iş üzrə sübut növü kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 10 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 11.621 qram narkotik vasitə qurudulmuş mariaxuana məhkəmənin hökmünə qədər saxlanılmasından ötrü Nizami RPİ-nin maddi sübutların saxlama kamerasına qəbzlə təhvil verilmiş, ********* saylı cinayət işinin materiallarından Şahid1 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi və Şahid2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair ********* saylı cinayət işi ayrıca icraata ayrılmışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli, 02 nömrəli Qərarının 4-cü bəndindən görünür ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 09 dekabr 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Xalq Məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin (köhnə redaksiyada) 145-ci maddəsinin 2-ci hissəsi, 1,2,6,7-ci bəndləri, 23-1 və 40-cı maddələrinə əsasən, əməyə mütləq cəlb olunmaqla 02 il 05 ay 05 gün müddətinə azadlıqdan şərti məhkum olunmuş, xx.xx.1999-cu ildə Azərbaycan Respublikası CM-nin (köhnə redaksiyada) 50-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan 16 sentyabr 2022-ci il tarixli tutma protokolundan, təqsirləndirilən şəxs qismində cəlb edilmə barədə 17 sentyabr 2022-ci il tarixli qərardan və eyni tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs, 16 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 17 sentyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 16 sentyabr 2022-ci il tarixdən 17 sentyabr 2022-ci il tarixədək tutulduğu 01 (bir) gün müddət həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan, xalis çəkisi 11.621 qram narkotik vasitə qurudulmuş mariaxuana məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 72 manat ekspertiza xərcinin 24 manat hissəsi Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalı, ekspertiza xərcinin qalan hissəsinin isə ayrılmış cinayət işləri üzrə digər təqsirləndirilən şəxslərdən mütənasib surətdə tutulmalı olması nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş 01 (bir) ədəd “CD” disk Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin işdə iştirak etdiyi müddət 34 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 204 manat (6x34) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 16 sentyabr 2022-ci il tarixdən 17 sentyabr 2022-ci il tarixədək tutulduğu 01 (bir) gün müddət nəzərə alınmaqla, həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq üzərində 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Bakı şəhərini tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 72 manat məbləğində pul vəsaitinin- 24 manat hissəsi Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanması kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 11.621 qram narkotik vasitə qurudulmuş mariaxuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılan 01 (bir) ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs 34 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 204 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar