Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-166/2021 22.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1964-cü il tarixdə Daşkəsən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Daşkəsən şəhəri, Nizami küçəsi ev 19, mənzil 1-də qeydiyyatda olan, hazırkı iş üzrə 09 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 10 mart 2021-ci il tarixdə tutmadan azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, həmin qətimkan tədbirinin şərtlərini pozaraq məhkəmədən gizləndiyindən və olduğu yer məlum olmadığından haqqında axtarış elan edilərək həbs qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib, 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzanın icrasının əvvəli cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmış, üzərində nəzarətin həyata keçirilməsi həvalə edilmiş Bakı şəhər probasiya idarəsinin icra məmurunun təqdimatına əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli qərarı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 05 ay 04 gün hissəsi, iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla 02 ay 17 gün müddətinə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilmiş, barəsində həbs qətimkan tədbiri seçilərək məhkəmə iclas zalından həbsə alınmış, cəzaçəkməsinin əvvəli 15 iyul 2021-ci il tarixdən hesablanmış, həmin cəza müddəti 02 oktyabr 2021-ci il tarixdə başa çatmış, barəsində seçilmiş həbs qətimkan tədbirinin icrası ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla oğurlamışdır. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 03 sentyabr 2020-ci il tarixdə saat 16 radələrində ünvan 1 ünvanında yerləşən “Azercell Aziza” mobil telefon alqı-satqı mağazasına daxil olaraq piştaxtanın üzərindən Zərərçəkmiş şəxs məxsus, 680 manat dəyərində **********41027 İMEİ kodlu “iPhone 7 Plus” markalı mobil telefonu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs 680 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 03 sentyabr 2020-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “Azercell Aziza” telefon mağazasına daxil olaraq mağazada özünə məxsus “Honor 8A” markalı mobil telefonunu satmaq istədiyini satıcıya bildirmişdir. Satıcı ondan mobil telefonunu götürərək texniki vəziyyətini yoxlamış və 70 manat verə biləcəyini demişdir. O, satıcı ilə razılaşmış, satıcı ona 70 manat nağd pul ödədikdən sonra mobil telefonu götürüb təkrar yoxlatdırmaq məqsədi ilə digər tərəfdə olan mağazaya keçdikdə, mağazada olan işçilərin fikirlərinin yayındığını görüb dərhal piştaxtaya yaxınlaşmış, piştaxtanın üzərində olan “iPhone 7 Plus” markalı mobil telefonu gizlin götürüb cibinə qoymuş və mağazadan çıxıb getmişdir. Bundan sonra o, mobil telefonu satmaq məqsədi ilə Xətai rayonu, “Əhmədli” metrostansiyasının yaxınlığında yerləşən mobil telefonların satışı məntəqəsinə getmiş, “iPhone 7 Plus” markalı mobil telefonun özünə məxsus olmasını bildirərək 250 manat nağd pula satmışdır. Mobil telefonu satarkən şəxsiyyət vəsiqəsinin surətini də vermiş, telefonu ondan alan satıcı onun oğurluq olmasını bilməmişdir. Təqsirləndirilən şəxs daha sonra ifadəsində maddi ehtiyacı olduğu üçün belə oğurluq əməlinə yol verdiyini, əməlindən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxsin onunla barışdığını nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 2017-ci ilin mart ayından ünvan 2 ünvanında yerləşən “Azercell Aziza” telefon mağazasını icarə müqaviləsi ilə işlətmiş, mağazada mobil telefonların alqı-satqısını həyata keçirmişdir. Şahid1 onun satıcısıdır, Təqsirləndirilən şəxs isə əvvəllər tanımamışdır. 03 sentyabr 2020-ci il tarixdə saat 14 radələrində o, günorta yeməyi yemək üçün evə getmiş, həmin vaxt satıcısı Bəylər mağazada olmuşdur. Təxminən saat 15 radələrində mağazaya qayıtmış, Bəylərdən vitrinin üzərində əvvəlcədən qoymuş olduğu **********41027 İMEİ kodlu “iPhone 7 Plus” markalı mobil telefonun yerində olmamasını soruşduqda, Bəylər xəbəri olmadığını demişdir. Onlar birlikdə mağazanı axtarmışlar, lakin mobil telefonu tapa bilmədikdə mağazanın müşahidə kameralarına baxmışlar. Müşahidə etmişlər ki, yaşlı bir nəfər şəxs mağazaya daxil olaraq vitrinin üzərində olan telefonu işçilərdən gizlin götürüb cibinə qoyaraq oradan uzaqlaşmışdır. Bundan sonra Bəylər həmin şəxsin mağazaya daxil olduğunu, mağazada olan mobil telefonların qiyməti ilə maraqlandığını, sonra özünün “Honor 8A” markalı mobil telefonu satmaq məqsədi ilə gəldiyini, onun da həmin telefonu 70 manata aldığını bildirmişdir. Bəylər mağazada baş vermiş oğurluq hadisəsi haqqında DİN-nin 102 zəng mərkəzinə və 25-ci PŞ-nə ərizə ilə müraciət etmişdir. Faktiki olaraq mağazanın sahibi özü olduğuna və mallar ona məxsus olduğuna görə maddi ziyan da ona vurulmuşdur, ona görə zərərçəkmiş şəxs qismində o, tanınmışdır. Ona vurulmuş maddi ziyan tam olaraq ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur, onunla barışmışdır. Qərar qəbul olunarkən göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2013-cü ildən Xətai rayonu “Əhmədli” metrostansiyasının yaxınlığında “ELİT-mobile“ mobil telefonların alqı-satqısı mağazasını işlədir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. 03 sentyabr 2020-ci il tarixdə mağazada olarkən bir nəfər yaşlı şəxs mağazaya daxil olaraq “iPhone 7 plus” markalı mobil telefonunu satmaq istədiyini bildirmişdir. O da həmin şəxsdən şəxsiyyət vəsiqəsini tələb etdikdə, həmin şəxs Təqsirləndirilən şəxs olmasını, mobil telefonun isə özünə məxsus olmasını demişdir. Bundan sonra mobil telefonun texniki xüsusiyyətlərini yoxlamış və saz vəziyyətdə olmasına əmin olduqdan sonra 250 manata ondan almağa razılaşmışdır. O, həmin məbləğdə pulu verdikdən sonra Rəhman mağazadan çıxıb getmişdir. Həmin günü mobil telefonu tanımadığı şəxsə 300 manata satmışdır. Bir neçə gün sonra polis əməkdaşları mağazaya gələrək Rəhmandan almış olduğu mobil telefonun oğurluq olmasını dedikdə o, hadisədən məlumatlı olmuşdur. O, Rəhmandan mobil telefonu alan zaman ondan götürdüyü şəxsiyyət vəsiqəsinin surətini istintaqa təqdim etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 iştirakının təmin edilməsi mümkün olmadığından onun istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid sözügedən ifadəsində göstərmişdir ki, təxminən 2019-cu ildən Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov, 29 ünvanında yerləşən “Azercell Aziza” telefon mağazasında satıcı işləyir. Zərərçəkmiş şəxs isə həmin mağazanın sahibidir. Mağazada olan bütün mobil telefon və onların aksessuarları Zərərçəkmiş şəxs məxsusdur. 03 sentyabr 2020-ci il tarixdə saat 14 radələrində müdiri Anar günorta yeməyi yemək üçün evinə getmiş, həmin vaxt mağazada özü olmuşdur. Bir az keçmiş əvvəllər tanımadığı, sonradan adını bildiyi Rəhman adlı şəxs mağazaya daxil olmuş, “Honor 8A” markalı mobil telefonu satmaq istədiyini bildirmişdir. O da mobil telefonu ondan götürüb texniki sazlığını yoxladıqdan sonra həmin mobil telefonu 70 manata ala biləcəyini demişdir. Rəhman da onunla razılaşmışdır. Bundan sonra mobil telefonu qonşu mağazada olan ustaya göstərmək üçün mağazadan çıxmışdır. Müdiri Anara məxsus **********41027 İMEİ kodlu “iPhone 7 Plus” markalı mobil telefon həmin vaxt mağazada vitrinin üzərinə qoymuşdur. Təxminən 7-8 dəqiqə sonra yenidən mağazaya gəlmiş və Rəhmana 60 manat ödəniş etmişdir. Mobil telefonun “adapteri” olmadığı üçün 10 manatını özündə saxlamış, axşama qədər “adapter”i gətirəcəyi təqdirdə qalan 10 manat pulunu da verəcəyini Rəhmana bildirmişdir. Beləliklə, onlar razılaşmışlar və Rəhman mağazadan çıxıb getmişdir. Təxminən saat 15 radələrində Anar mağazaya gəlmiş və ondan vitrinin üzərinə əvvəlcədən qoymuş olduğu “iPhone 7 Plus” markalı mobil telefonun yerində olmamasını soruşduqda, xəbərinin olmadığını demişdir. Onlar birlikdə mağazanı axtarmışlar, lakin mobil telefonu tapa bilməmişlər. Bundan sonra Anarla birlikdə mağazanın müşahidə kameralarına baxdıqda, yaşlı bir nəfər şəxsin mağazaya daxil olaraq vitrinin üzərində olan telefonu işçilərdən gizlin götürüb cibinə qoyaraq oradan uzaqlaşmasını müşahidə etmişlər. Bəylər həmin şəxsi müşahidə kamerasında gördükdə tanıyaraq Anara həmin şəxsin mağazaya daxil olduğunu və mağazada olan mobil telefonların qiyməti ilə maraqlandığını, özünə məxsus “Honor 8A” markalı mobil telefonu satmaq məqsədi ilə gəldiyini və ondan mobil telefon aldığını demişdir. Bundan sonra mağazada baş vermiş oğurluq hadisəsi haqqında DİN-nin 102 zəng mərkəzinə və 25-ci PŞ-nə ərizə ilə müraciət etmişdir. Baş vermiş oğurluq hadisəsinə görə əvvəl o, şikayət ərizəsi versə də, mobil telefonun sahibi Zərərçəkmiş şəxsdur, ziyan Anara dəymişdir. Ona heç bir maddi ziyan dəyməmişdir, o, mağazada satıcı işləyir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 23 noyabr 2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v. 1) - 03 sentyabr 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, hadisə yerinə baxış keçirilmişdir. (i.v. 6-7) - 25 noyabr 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs oğurluq əməlini törətdiyi yeri əyani olaraq göstərmiş və hansı qaydada törətdiyini ifadəsində göstərilən qaydada izah etmişdir. (i.v. 27-29) - 10 mart 2021-ci il tarixli protokoldan görünür ki, CD diskə baxış zamanı qeydə alınmış videogörüntüyə əsasən Təqsirləndirilən şəxs 03 sentyabr 2020-ci il tarixdə saat 15 radələrində ünvan 1 ünvanında yerləşən “Azercell Aziza” mobil telefon alqı-satqısı mağazasında gizlin surətdə vitrinin üzərində olan bir ədəd mobil telefonu vitrinin üzərindən bir ədəd mobil telefonu götürüb yan cibinə qoymaqla oğurladığı müəyyən edilmişdir. (i.v. 84) - 10 mart 2021-ci il tarixli qərardan görünür ki, bir ədəd CD disk maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 85) - 14 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin tərkib əlaməti olmadığından barəsində həmin xüsusatla bağlı cinayət təqibi rədd edilmiş, ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan ittiham qüvvəsində saxlanılmış, Şahid2 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 194.1-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. (i.v. 92-96) Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 02 dekabr 2020-ci il tarixli tələbnamədən, hökmün və qərarların surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 may 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən tutulduğu müddət nəzərə alınmaqla, qəti olaraq 384 saat ictimai işlər cəzasına məhkum edilmiş, 07 oktyabr 2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Amnistiya Qərarının 1.6-cı bəndinə əsasən cəzadan azad olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib, 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzanın icrasının əvvəli cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmış, üzərində nəzarətin həyata keçirilməsi həvalə edilmiş Bakı şəhər probasiya idarəsinin icra məmurunun təqdimatına əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli qərarı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 05 ay 04 gün hissəsi, iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla 02 ay 17 gün müddətinə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilmiş, barəsində həbs qətimkan tədbiri seçilərək məhkəmə iclas zalından həbsə alınmış, cəzaçəkməsinin əvvəli 15 iyul 2021-ci il tarixdən hesablanmışdır. (i.v. 31-32) - 09 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. (i.v. 61) - 10 mart 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 86) - 04 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin şərtlərini pozduğu üçün və üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməyərək gizləndiyindən, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən onun barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunmuş və haqqında axtarış elan edilmişdir. Cinayət işinin materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli hökmü üzrə böyük ictimai təhlükə törətməyən cinayət əməlini 13 noyabr 2020-ci il tarixdə, yəni hazırkı cinayət işi üzrə böyük ictimai təhlükə törətməyən əməli 03 sentyabr 2020-ci il tarixdə törətdikdən sonra törətmiş, həmin cinayət əməlləri üzrə ibtidai istintaqlar ayrıca icraatda aparılaraq mahiyyəti üzrə baxılması üçün məhkəməyə verilmiş, 13 noyabr 2020-ci il tarixdə törətdiyi cinayət əməlinə görə məhkum olunmuş, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 02 oktyabr 2021-ci il tarixdə başa çatmışdır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilənlərə münasibətdə məhkumluğu olmayan şəxs hesab edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, cəzasını yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların isə olmamasını, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tərk etməmək, yaşadığı Daşkəsən rayonunun hüdudlarını tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 09 mart 2021-ci il tarixdən 10 mart 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulmuşdur, bundan başqa Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli hökmü üzrə azadlıqdan məhrum etmə cəzasının müddəti 02 oktyabr 2021-ci il tarixdə başa çatdıqdan sonra, baxılan işlə bağlı barəsində həbs qətimkan tədbiri seçildiyindən həmin tarixdən hökmün çıxarıldığı 22 oktyabr 2021-ci il tarixədək həbsdə saxlanılmışdır, ona görə həmin müddətlər hazırkı cəza müddətinə hesablanmalıdır. Bu baxımdan məhkəmə hesab edir ki, qeyd edilən cəmi 21 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunacaq cəzanın müddətindən çıxılaraq, təqsirləndirilən şəxsin üzərində qəti müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib, hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunmalı və o, məhkəmə iclas zalında dərhal azad edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, işin məhkəməyədək icraatı və məhkəmə icraatı zamanı zərərçəkmiş şəxs tərəfindən mülki iddia verilməmişdir, məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs ərizə verərək ona vurulmuş maddi ziyanın ödənildiyini bildirmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış bir ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza isə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət ümumilikdə 50 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə 09 mart 2021-ci il tarixdən 10 mart 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün və 02 oktyabr 2021-ci il tarixdən 22 oktyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 20 (iyirmi) gün, ümumilikdə 21 (iyirmi bir) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 10 (on) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, yaşadığı Daşkəsən rayonunun hüdudlarını tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib, hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalında dərhal azad edilsin. Maddi sübut qismində tanınmış bir ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, ümumilikdə 50 saat göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi "xxxx" ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h - AZ37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 300 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-166/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-166/2021
22.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver