Məhkəmə qərarları › İş №1(007)-168/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-168/2021

01.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-168/2021 01.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Konvoy taborunda mühafizəçi vəzifəsində qulluq edərkən özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxsun etibarından sui-istifadə edib övladı Şahid1 X1 işə düzəltmək adı ilə aldadaraq 29 mart 2018-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nizami rayonunda yerləşən Bakı Metropoliteninin “Koroğlu” stansiyası yaxınlığında olan “Alov” parkında 10.000 manat, 29 may 2018-ci il tarixdə isə saat 15 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 53 ünvanda yerləşən “Waikiki” geyim mağazanın qarşısında eyni məqsədlə 1.000 manat nağd pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs cəmi 11.000 manat xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2007-ci ilin may ayından 2018-ci ilin noyabr ayınadək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Konvoy Taborunda arxa xidmətin komendantı vəzifəsində çalışmış, 2017-ci ilin əvvəllərindən pula ehtiyacı yaranmış, maddi ehtiyaclarını ödəyə bilməmişdir. Həmin vaxtlar 8000 manat “Kapital Bank”-dan və 2000 manat da “Unibank”- dan kredit götürüb həmin pul ilə işdən kənar vaxtında fərdi olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəmiş, lakin sonradan özəl biznesi uğursuz olmuş və nəticədə bankların aylıq ödənişlərini vaxtında ödəyə bilməmişdir. 2017-ci ilin yay aylarında onunla eyni taborda həqiqi hərbi xidmət keçən Şahid1 atası Zərərçəkmiş şəxs ilə aralarında münasibət yaranmışdır. Bir gün söhbət zamanı Azər ona övladı, Şahid1 hərbi xidməti başa vurduqdan sonra X1 işə düzəltmək istədiyini bildirmişdir. O da Zərərçəkmiş şəxs Daxili İşlər Orqanlarında çalışan tanışlarının vasitəsi ilə 11.000 manat pulun müqabilində Hidayətin X1 polis nəfəri kimi işə qəbuluna kömək edə biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs onunla razılaşmış və 29 mart 2018-ci il tarixdə saat 15 radələrində Azərlə Bakı şəhəri, Nizami rayonu, metronun “Koroğlu” stansiyası yaxınlığındakı “Alov” parkda görüşmüşdür. Azər adını xatırlamadığı bir qohumu ilə gəlmişdir. O, Azərin qohumunun yanında Hidayətin şəxsiyyət vəsiqəsini, hərbi biletini, orta məktəb attestatının surətlərini və 10.000 manat pulu Zərərçəkmiş şəxs almışdır. O, Azərə 3 ay müddətinə Hidayətin X1 polis nəfəri kimi qəbul edilməsinə kömək edəcəyini bildirmişdir. Azər isə qalan 1000 manat pulu yaxın vaxtlarda ona verəcəyini demişdir. Təxminən bir ay keçdikdən sonra Zərərçəkmiş şəxs ilə Bakı şəhəri, Nizami rayonu, metronun “Neftçilər” stansiyası yaxınlığındakı ’’Waikiki” mağazasının qarşısında görüşmüş və qalan 1000 manat pulu almışdır. Azərdən aldığı pul ilə borclarının bir hissəsini ödəmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmiş, onunla barışmışdır. Məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, oğlu Şahid1 2016-2018-ci illərdə həqiqi hərbi xidmətdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Konvoy taborunda olmuşdur. Həmin vaxtlar Konvoy taborunda komendant işləyən Təqsirləndirilən şəxs ilə arasında münasibət yaranmışdır. 2017-ci ilin yay aylarında Cavidlə söhbət zamanı X3 Nazirliyində yüksək vəzifədə işləyən tanışlarının vasitəsi ilə 10.000 manat pulun müqabilində oğlu Hidayəti polis orqanlarına polis nəfəri kimi işə düzəlməsinə kömək edə biləcəyini bildirmişdir, o, Cavid ilə razılaşmışdır. 29 mart 2018-ci il tarixdə “Koroğlu” metrostansiyasının yaxınlığında yerləşən “Alov” parkının yaxınlığında 10000 manat pulu Cavidə vermiş, Cavid həmin pulu rüsum olaraq dövlətə köçürəcəyini bildirmişdir. Təxminən 1 aydan sonra Cavid oğlu Hidayətin DİN-nin tibb komissiyasından keçməsi üçün dövlətə daha 1000 manat keçirməsinin vacib olduğunu bildirmişdir. O, “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən “Waikiki” mağazasının qarşısında 1000 manat pulu Cavidə vermişdir. Həmin vaxtdan bir neçə ay keçsə də Təqsirləndirilən şəxs oğlu Hidayəti X1 işə düzəltməsi ilə bağlı verdiyi vədinə əməl etməmişdir. Ona dəymiş 11000 manat ziyan tam ödənilmişdir, şikayəti yoxdur, onu bağışlayır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması haqqında 15.12.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə cinayət işi başlanılmışdır. - zərərçəkmiş şəxs qismində tanınma haqqında 20.12.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs oğlu zərərçəkmiş şəxs qismində tanınmışdır. - maddi sübut kimi tanıma haqqında 20.12.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd “CD” disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. - Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci PŞ tərəfindən verilmiş 01.03.2021-ci il tarixli məktubdan görünür ki, 02.02.2021-ci il tarixdə barəsində CM-nin 178.2.4-cü maddəsi ilə açılmış 80826/21 nömrəli Aİ-i üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs 28.02.2021-ci il tarixdə tutularaq aidiyyəti üzrə Nizami RPİ-nin MSY-nə təhvil verilmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 02.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 02.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə İstintaq Şöbəsinin müstəntiqi Rəşadət Axundovun vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs həbsdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi üçün Nizami RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. - qətimkan tədbirinin seçilməsi haqqında 02.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. - doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 23.05.2014-cü il təvəllüdlü Abdullayeva Tahirə, 29.07.2016-cı il təvəllüdlü Abdullayeva Əsma və 16.11.2018-ci il təvəllüdlü Abdullayev Davud adlı 3 azyaşlı uşağı vardır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 14.04.2021-ci il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, 7 №-li qərarına əsasən törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və.s) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs 11000 manat məbləğində pulunu ələ keçirərək dələduzluq cinayətini törətməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 №li qərarında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin şikayətinin olmamasını, evli olmasını, himayəsində 3 azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Məhkəmə Təqsirləndirilən şəxs 28.02.2021-ci il tarixdən 02.03.2021-ci il tarixədək həbsdə saxlanılmasını nəzərə alaraq hesab edir ki, onun barəsində təyin ediləcək cərimə cəzası yüngülləşdirilməlidir. Azərbaycan Respublikasının CPM-nin 346.1.19-346.1.20-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 1 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, barəsində 4000 (dörd min) manat miqdarında cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28.02.2021-ci il tarixdən 02.03.2021-ci il tarixədək həbsdə saxlanılması nəzərə alınmaqla barəsində təyin edilmiş 4000 (dörd min) manat miqdarında cərimə cəzası yüngülləşdirilsin və onun üzərində qəti olaraq 3500 (üç min beş yüz) manat miqdarında cərimə cəzası saxlanılsın. Cəzanın icrası yaşayış yeri üzrə Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar