Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-168/2025 27.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçiləri: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri 32 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1962-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, təqaüdçü, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması, habelə özgənin əmlakının məhv edilməsi ilə müşaiyət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs qardaşı Şahid1 ilə aralarında ünvan 2 ünvanında yerləşən qeyri- yaşayış obyekti ilə bağlı olan mülki mübahisə ilə əlaqədar 10 mart 2024-cü il tarixdə saat 12 radələrində həmin obyektə gəlib qardaşı Şahid1 tərəfindən ticarət obyekti kimi işlədilməsi üçün Zərərçəkmiş şəxs2 icarəyə verilməsini bildikdə həmin ünvanda obyektin icarəyə verilməsinə etiraz edib narazılığını bildirməsi ilə əlaqədar obyektə qardaşı Şahid1 arvadı Zərərçəkmiş şəxs1 ilə birlikdə gəldikdə o, ictimai yer olan qeyd edlən ticarət obyektində hec bir əsas olmadan özünün şəxsiyyətini digər şəxslərin şəxsiyyətinin fövqündə qoyaraq ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək, digər şəxslərin narahatıçılığına səbəb olmaqla zor tətbiq olunması və özgə əmlakının məhv edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək ticarət obyektində yığılmış meyvə-tərəvəzi dağıtdıqdan sonra silah qismində istifadə etdiyi taxta parçası ilə icarədar Zərərçəkmiş şəxs2 məxsus tərəzini vurub sındıraraq sonuncunun əmlakını məhv etməklə 40 manat maddi ziyan vurmuş və qərəzli hərəkətlərini davam etdirib əlində olan taxta parçası ilə qardaşı Şahid1 hücum edən zaman sonuncunun arvadı Zərərçəkmiş şəxs1 ictimai borcunu yerinə yetirib ictimai qaydanın pozulmasının və onun qanunsuz hərəkətlərinin qarşısını almaq istəyərkən Zərərçəkmiş şəxs1 müqavimət göstərərək qolundan tutub silah qismində istifadə etdiyi həmin taxta parçası ilə qəsdən Zərərçəkmiş şəxs1 sağ qol nahiyəsinə və sağ əlinə bir neçə dəfə vuraraq sonuncuya sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sağ əlin İV barmaq dırnağının travmatik qopması, sağ bazunun hematomasından, ümumilikdə sağlamlığına zərər vurmayan sağ dirsək nahiyəsinin qançırı, sağ saidin sıyrığından ibarət xəsarətlər yetirib qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3- cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Zərərçəkmiş şəxs1 qardaşı Şahid1 həyat yoldaşıdır. O, 1998-ci ildə qardaşı Eldarın yaşadığı ünvanın hasarının qarşısında mağaza tikdirmiş və həmin mağazanı işlətməsi üçün digər qardaşı Faiqə vermişdir. Daha sonra o həmin mağazanı müxtəlif şəxslərə icarəyə vermiş, qardaşı Şahid1 mağazanın işləməsinə imkan vermədiyindən mağaza fəaliyyətsiz qalmış, bu səbəbdən mağaza barədə məhkəmə mübahisəsi davam edir. 10 mart 2024-cü il tarixdə o, həmin mağazaya gəlmiş və mağazanın bir nəfər qadın tərəfindən işədildiyini görmüş, ondan mağazanı işlətməsi üçün icazənin kim tərəfindən verdiliyini soruşduqda mağazanın qardaşı Eldar və həyat yoldaşı tərəfindən ona işlətməsi üçün verildiyini bilmiş, o, Eldarı çağırmağa getmiş, təxminən 5 dəqiqə sonra qardaşı Şahid1, həyat yoldaşı Zərərçəkmiş şəxs1, oğlu Şahid2 və tanımadığı üç nəfər şəxsin gəlmiş, onlar ona mağazanı tərk etməyi bildirmişlər və qardaşının oğlu mobil telefonla çəkiliş aparmağa başlamışdır. O, həmin vaxt əsəbləşdiyi üçün bu hadisələr baş vermiş, lakin o, Könülü taxta ilə vurmamışdır. Hazırda zərərçəkmiş şəxslərlə barışmışdır. Əməllərindən peşmandır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməllərini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qaynıdır. Təxminən 7-8 il əvvəl həyat yoldaşı qardaşı Abuzərin maddi vəziyyətinin yaxşılaşması məqsədilə yaşadıqları ünvanın həyətinin qurtaracağında olan mağazanı işlətməsi üçün qardaşına vermiş, həmin vaxtdan 2022-ci ilədək həmin mağazanı Təqsirləndirilən şəxs işlətmiş, 2022-ci ildə Abuzərin mağazanı satmaq istəməsi səbəbindən həyat yoldaşı tərəfindən qardaşı mağazadan uzaqlaşdırılmış, həmin vaxtdan mağazanın işi dayandırılmışdır. Daha sonra qaynı Abuzər tərəfindən həyat yoldaşı məhkəməyə verilmiş, məhkəmə həyat yoldaşının xeyrinə qətnamə qəbul etmiş və mağazının onlara məxsus olması təsdiqlənmişdir. Bundan sonra qaynı Abuzər mütəmadi olaraq həmin mağazaya və yaşadıqları ünvana gəlmiş, onu və ailə üzvlərini narahat etmiş, 2024-cü ilin mart ayının əvvəllərində həmin mağazanı icarə əsasında işlətməsi üçün adını xatırlamadığı qadına vermiş, xx.xx.2024-cü il tarixdə saat 12 radələrində yaşadıqları ünvanda olan zaman çöldə səs-küy gəldiyini eşitmişdir. Həyat yoldaşı Eldar çölə çıxmış və mağazaya tərəf gedən zaman o və oğlu Şahid2 onun arxasınca getmiş, oraya getdikdən sonra qaynı Təqsirləndirilən şəxs səs-küy yaratdığını görmüş, həyat yoldaşı Şahid1 ona bu hərəkətlərini sonlandırmasını bildirmiş, lakin qaynı Abuzər buna məhəl qoymayaraq meyvə tərəvəz mağazasına daxil olaraq mağazanı işlədən qadına məxsus tərəzini zədələmiş, mağazanın şüşəsini sındırmış və mağazanı işlədən qadına məxsus ərzaq məhsullarını yerə atmışdır. Həyat yoldaşı Eldar qardaşına tərəf gedib ona irad bildirmiş, Abuzər mağazanın çölündə olan taxta parçasını götürərək həyat yoldaşına tərəf hücum etmiş, o, Abuzəri dayandırmaq üçün araya girmiş, həmin vaxt Abuzər onun sol qolundan tutaraq onu silkələmiş və əlində olan taxta ilə sağ qoluna bir neçə dəfə zərbələr vurmuş, o, özünü müdafiə etmək üçün sağ qolunu qaldırmış və Abuzər taxta ilə onun əlinə zərbə vurmuş və onu itələyərək yerə yıxmışdır. Hazırda təqsirləndirilən şəxslə barışmış, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Təxminən 7-8 il əvvəl qardaşı Abuzər təqaüdə çıxdığından maddi vəziyyətinin yaxşılaşması məqsədilə yaşadıqları ünvanın həyətinin qurtaracağında olan mağazanı işlətməsi üçün ona vermiş, 2022-ci ilədək mağazanı qardaşı Təqsirləndirilən şəxs işlətmişdir. 2022-ci ildə o, müalicə almaq məqsədilə rayona getmiş və oradan qayıtdıqdan sonra qardaşı Abuzərin mağazanın ətrafına mağazanı satmaq istəməsi barədə elan yerləşdirməsini görmüş, bu səbəbdən ona irad bildirmiş və onun mağazanı tərk etməsini demiş, həmin vaxtdan qardaşı mağazada işini dayandırmışdır. Daha sonra qardaşı Abuzər tərəfindən mağaza mübahisələndirildiyindən məhkəmədə araşdırma aparılmışdır. Məhkəmə onun xeyrinə qətnamə qəbul etmiş və mağazının onlara məxsus olması təsdiqlənmişdir. Bundan sonra qardaşı Abuzər mütəmadi olaraq həmin mağazaya və yaşadıqları ünvana gəlmiş, onu və ailə üzvlərini narahat etmiş, 2024-cü ilin mart ayının əvvəllərində həmin mağazanı icarə əsasında işlətməsi üçün adını xatırlamadığı qadına vermişdir. xx.xx.2024-cü il tarixdə saat 12 radələrində yaşadıqları ünvanda olan zaman çöldə səs-küy gəldiyini eşitmiş, mağazaya tərəf gedən zaman qardaşı Abuzərin mağazada olduğunu və mağazanı işlədən qadınla uca səslə mübahisə etdiyini görmüş, oraya yaxınlaşmış, həyat yoldaşı Könül və oğlu Ağa onun arxasınca gəlmiş, o, qardaşı Abuzərin mübahisəni sonlandırmağını və mağazanı tərk etməsini demiş, lakin o, ona məhəl qoymamış və onunla mübahisə etməyə başlamışdır. Daha sonra qardaşı mağazaya daxil olmuş və mağazanın şüşəsini sındırmış və mağazan işlədən qadına məxsus tərəzini zədələmişdir, ərzaq məhsullarını yerə atmışdır. O yenidən qardaşına irad bildirmiş və həmin vaxt qardaşı yerdən taxta parçası götürərək ona hücum etmiş, həyat yoldaşı onları aralamaq üçün müdaxilə edən zaman qardaşı Təqsirləndirilən şəxs əlində olan taxta parçası ilə həyat yoldaşına bir neçə dəfə zərbələr vurmuş və onu itələmişdir. Həyat yoldaşı Zərərçəkmiş şəxs1 yerə yıxılmış və qardaşının taxta parçası ilə vurması nəticəsində Könülün dırnağı qopmuş və barmağından qan axmağa başlamışdır. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əmisidir. xx.xx.2024-cü il tarixdə saat 12 radələrində yaşadıqları ünvanda olan zaman çöldə səsküy gəldiyini eşitmiş, həmin vaxt atası çölə çıxmış və mağazaya tərəf gedən zaman o və anası Zərərçəkmiş şəxs1 onun arxasınca getmiş, onlar oraya çatdıqdan sonra əmisi Abuzərin mağazanı icarə əsasında işlədən qadınla mübahisə etdiyini və onun satdığı meyvə-tərəvəzləri dağıtdığını, həmçinin, mağazanın piştaxtasının taxtasını sındıraraq çölə atdığını görmüş, əmisi uca səslə nalayiq söyüşlər söymüş, bu vaxt o, əlində olan mobil telefonla kənarda dayanaraq əmisinin hərəkətlərini çəkməyə başlamış, əmisi atası ilə mübahisə etmiş və mağazaya daxil olaraq mağazanı işlədən qadına məxsus olan tərəzini zədələmiş, həmçinin, mağazanın şüşəsini sındırmışdır. Daha sonra əmisi mağazadan çölə çıxmış, yerdə olan taxta parçasını götürərək səs-küy saldığından oraya gəlmiş olan tanımadığı bir neçə nəfər şəxsin üzərinə getmiş, daha sonra isə taxta ilə atası Eldara hücum etmiş, həmin vaxt anası Könül onları ayırmaq üçün araya girmiş və əmisi əlindəki taxta parçası ilə anasına bir neçə dəfə zərbələr vurmuş, anasının əli qan olmuş, bu zaman o, həyacanlandığından videoçəkilişi sonadək apara bilməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaqa verdiyi ifadəsində bildirmişdir ki, 10 mart 2024-cü il tarixdə o, Keşlə qəsəbəsində yerləşən təxminən 10 kvadratmetr yeri kirayə götürərək orada meyvə-tərəvəz alveri etməyə başlamışdır. Meyvə-tərəvəz yerini Şahid1 icarəyə götürmüşdür. Həmin gün meyvə tərəvəzləri icarəyə götürdüyü yerə yığaraq satış etməyə hazırlaşmışdır. 10 mart 2024-cü il tarixdə saat 11 radələrində əvvəlcədən tanımadığı bir nəfər şəxs mağazaya gələrək həmin yeri ona kimin icarəyə verdiyim soruşmuşdur. O, Eldar tərəfindən icarəyə verildiyini demiş, həmin şəxs ona ərzaq məhsullarını çölə çıxarmağını bildirmiş və Eldarı təhqir etmişdir. Həmin şəxs səs-küy salmağa başlamış, səsküyə Şahid1, həyat yoldaşı və oğlu gəlmişlər. Onlar gəldikdən sonra həmin şəxslə Eldar mübahisə etməyə başlamışlar. Abuzər icarəyə götürdüyü yerə daxil olmuş, piştaxtanı özünə tərəf dartaraq ayağını qırmışdır. Həmin taxta parçası ilə tərəzinin ayağını zədələmişdir. Onlar mübahisə etməyə başlamışlar. Ətrafda bir neçə şəxs olmuşdur. Şahid1 oğlu baş verən hadisələri kameraya çəkmişdir. O, Abuzər adlı şəxs söyüşlər söydüyündən həmin söyüşləri eşitməmək üçün kənara çəkilmişdir. Daha sonra oradan təxminən 30 metr kənarda olan ağacın altında dayanmış, orada səs-küy olduğunu eşitmişdir. Təxminən 15-20 dəqiqə sonra Eldarın həyat yoldaşının sağ əlinin barmağının zədələndiyini və qan axdığını görmüşdür. O, oradan uzaqlaşaraq evə getmişdir. Onu 23-cü Polis Bölməsinə dəvət etmişlər. O, orada olan əşyalarını yığaraq fəaliyyətini dayandırmışdır. Zərərçəkmiş şəxs2 ifadəsinə əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs həddən artıq aqresiv olmuş, orada olan 4-5 nəfər şəxsləri təhqir etmiş, nalayiq söyüşlər söymüş, piştaxtanın ayağını sındırdığı taxta ilə hücum etmişdir. Təqsirləndirilən şəxs həddən artıq söyüşlər söydüyündən kənara çəkilmiş, kənara çəkildiyindən Təqsirləndirilən şəxs xəsarət yetirməsini görməmişdir. Ona məxsus olan tərəzinin ayağı zədələndiyindən tərəzini işlətmək mümkün olmamış, ona 40 manat maddi ziyan dəymiş, lakin şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan Şahid3 ibtidai istintaqa verdiyi ifadəsində bildirmişdir ki, Şahid1 və Təqsirləndirilən şəxs əvvəllər qonşusu olduqlarından tanıyır. Təxminən 3 ay əvvəl o, Araz marketdən al-ver etdikdən sonra yaşadığı ünvana gedən zaman ünvan 3da yerləşən meyvə-tərəvəz satılan yerin yaxınlığında Təqsirləndirilən şəxs məxsus olan avtomobilinin dayandığını və Təqsirləndirilən şəxs qardaşı Şahid1 həyat yoldaşı ilə söhbət etdiyini görmüşdür. O, həmin yerdən təxminən 15 metr kənarda dayanaraq onlara baxmış, təxminən beş dəqiqə onlara baxdıqdan sonra oranı tərk edərək getmişdir. O, orada dayanan zaman həmin şəxslərin sözlə mübahisə etdiklərini görmüş, o, oranı tərk edib getdikdən sonra baş verən hadisələr barədə məlumatı olmamışdır. Onun 85 yaşı olduğundan səhəti ilə əlqədar qulağı zəif eşitdiyindən və gözü zəif gördüyündən hadisə barədə dəqiq məlumat verə bilmiədiyini, həmçinin, orada beş dəqiqə dayandığıncan baş vermiş hadisədən dəqiq xəbərdar olmadığını ifadəsinə əlavə etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 tərəfindən aparılmış məhkəmə tibb ekspetizası nəticəsində verilmiş xx.xx.2024-cü il tarixli, 211 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 aşkar olunmuş xəsarətlər - sağ əlin İV barmaq dırnağının travmatik qopması, sağ bazunun hematoması, sağ dirsək nahiyəsinin qançırı, sağ saidin sıyrığı –bərk küt əşyanın (əşyaların təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə. Yəni 1003.2024-cü il tarixdə alınmaları mümkündür, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan Yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 tərəfindən aparılmış məhkəmə tibb ekspetizası nəticəsində verilmiş xx.xx.2024-cü il tarixli, 06/211 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 sağ əlin İV barmaq dırnağının travmatik qopması, sağ bazunun hematoması dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan Yüngül zərər vurmaya, sağ dirsək nahiyəsinin qançırı, sağ saidin sıyrığı həm ayrı- ayrılıqda, həmçinin də ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərini nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin ekspertizaya təqdim edilmiş taxta parçası ilə törənmələri mümkündür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən zərərçəkmiş şəxslər və şahid ifadələrinə, ekspertiza rəyindən ibarət olan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı CM-nin 221.3-cü maddəsi ilə özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi həmin ifadə həqiqətə uyğun deyildir, şahidlərin bir-birinə və işin faktiki hallarına uyğun gələn ifadələri, ekspertiza rəyi və cinayət işinin digər materialları ilə tam təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olub cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidirlər və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 221.3-cü maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulduğundan məhkəmə təqsirləndirilən şəxsə həmin növdə cəzanın təyin edilməsini qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Cinayət işi üzrə zərərçəkmiş şəxslər təqsirləndirilən şəxslə barışmışdır, təqsirləndirilən şəxsdən şikayət və tələbləri yoxdur, onun cəzalanmasını istəmirlər. Məhkəmə təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmamasını, ilk dəfə az ağır cinayət əməli törətməsini, ahıl yaşında olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsə təyin edilən cəzanın çəkilməli olub-olmaması haqqında məsələnin həlli zamanı qeyd olunan cəzanı yüngülləşdirən halların olmasını, cinayətin baş vermə şəraitini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cinayətin ictimai təhlükəlilik dərəcəsini, həmçinin aşağıdakıları nəzərə alır və belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkmədən də islah olunması mümkündür, ona görə də onun barəsində CM-nin 70-ci maddəsi tətbiq olunaraq ona təyin edilən cəzanın sınaq müddəti tətbiq edilməklə şərti hesab edilməsi cəzanın məqsədlərinə nail olunması üçün daha məqsədəmüvafiqdir. Çünki cəzanın 3 məqsədi müəyyən olunub: 1) sosial ədalətin bərpası; 2) məhkumun islah edilməsi, yəni xüsusi xəbərdaredici məqsəd; 3) həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması, yəni ümumi xəbərdaredici məqsəd (CM, maddə 41.2). Şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas - məhkumun cəza çəkmədən islah olunmasının mümkün sayılmasıdır, qanunverici başqa əsas müəyyən etməyib (CM, maddə 70.1). Göründüyü kimi, şərti məhkum etmənin tətbiqi zamanı cəzanın 2-ci məqsədinə çatmağın mümkünlüyü müzakirə olunmalıdır, bu məqsəd isə məhkumun islah edilməsidir. Məhkumun islah edilməsi deyiləndə onda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması başa düşülür (Cəzaların İcrası Məcəlləsi, maddə 8.1). Təqsirləndirilən şəxs əməlindən səmimi peşmandır, CM-nin 221.3-cü maddəsi üzrə zərərçəkmiş şəxslərin onun barəsində şikayəti və ya tələbi yoxdur, onunla barışmışmışlar. Cəza təyini məsələsində humanizm prinsipinə əməl edilməlidir və CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin şərti məhkum etmə institunun imkanlarından yararlanmaq haqqı təmin olunmalıdır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınan 01 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılmalı, 01 ədəd taxta parçası hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisinin məhkəmədə iştirak etdiyi müddət cəmi 65 iş saatı müddətinə bərabər olmaqla, 25 iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 150 manat (25x6) məbləğində, 40 iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarına əsasən hüquqi yardım haqqı 11 (on bir) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 440 manat (40x11) məbləğində, cəmi 590 (beş yüz doxsan) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi2 dövlət büdcəsi hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il (iki il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunsun və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 il (bir il) sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs davranışına nəzarət onun yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin və Təqsirləndirilən şəxs bir vəzifə olaraq tapşırılsın ki, sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişdirməsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd taxta parçası hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs 65 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi2 590 (beş yüz doxsan) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizaami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №1(007)-168/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-168/2025
27.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver