Məhkəmə qərarları › İş №1(007)-169/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-169/2020

03.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-169/2020 03.11.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1992-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə, Azərbaycan Respublikası CMnin 180.1-ci maddəsi ilə, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 07 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Quba şəhəri, M.Qorki küçəsi, 24 saylı evin 21 saylı mənzilində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivi, nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizamqətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talama məqsədilə, xx xxxxxx 2019-cu il tarixdə saat 19 radələrində Bakı şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi, 7 saylı ünvanda yerləşən “Metro” ticarət mərkəzinin içərisindəki qadın paltarlarının satqısı mağazasına müştəri kimi daxil olaraq mağazada satıcı işləyən Zərərçəkmiş şəxs1 diqqətini yayındırıb müxtəlif növ paltarlar sifariş vermiş, sonuncu sifarişi yerinə yetirən zaman masanın açıq siyirməsində olan bir ədəd **********12760 imey kodlu nömrə ilə işləyən 160 manat dəyərində “Samsung Galaxy” markalı “SM-A310F” modelli mobil telefon aparatını üzərində 5 manat dəyərində olan ***-***-**-** saylı nömrə ilə birlikdə və bir ədəd içərisində 150 manat pul vəsaiti olan 10 manat dəyərində pul kisəsini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 325 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxx 2019-cu il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Nizami rayonu, İ.Məmmədov kiiçəsi, 7 saylı ünvanda olan “Metro” Ticarət mərkəzində yerləşən 32 saylı mağazaya müştəri kimi daxil olaraq icarədar Zərərçəkmiş şəxs2 diqqətini yayındırıb satılan paltarlarla maraqlanmaqla masanın üzərindəki bir ədəd **********43060 imey kodlu nömrə ilə işləyən 360 manat dəyərində “Honor” markalı 7C modelli mobil telefon aparatını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 360 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, xx xxxxxx 2019-cu il tarixdə alış-veriş etmək üçün Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti “Xalqlar Dostluğu” metrostansiyasının çıxışında yerləşən “Metro'’ ticarət mərkəzinə getmiş, ora çatdıqda ticarət mərkəzinin içərisinə daxil olub mağazalara baxmış, həmin vaxt münasib mağaza tapıb oğurluq etmək qərarına gəlmişdir. Saat təxminən 19 radələrində ticarət mərkəzinin içərisində olan qadın paltarları satılan mağazaya daxil olmuş, mağazada tanımadığı bir nəfər qadın satıcı yaxınlaşmış, həmin qadına demişdir ki, “həyat yoldaşıma paltar almaq istəyirəm paltarlara baxacam”. Satıcı qadının başını qatmaq üçün müəyyən paltarlar göstərib selefon torbaya qoymasını xahiş etmiş, satıcı qız da sifariş etdiyi paltarları götürüb selefon torbaya qoymağa başladıqda mağazada olan masaya yaxınlaşmış və masanın siyirməsinin açıq olmasını görmüş, siyirmənin içərisində olan bir ədəd “Samsung” markalı mobil telefon aparatını götürüb diqqət çəkməyərək cibinə qoymuşdur. Satıcı qız sifarişini yerinə yetirdikdən sonra sonuncuya demişdir ki, “gözlə gedim maşından pul gətirim”. Sonra isə mağazadan çıxıb getmişdir. Yolla gedərkən mobil telefonun “Samsung” markalı A3 2017 modelli olmasını görmüşdür. Mobil telefonun üzərində olan nömrəni çıxarıb sındırıb yerə atmış, sonra isə yaşadığı evə getmişdir. Səhər açıldıqda telefonu satmaq üçün Bakı şəhəri, Nərimanov rayonu, Ağanemətulla küçəsinə getmişdir. Orada tanımadığı mağazaya daxil olub mobil telefonu bir nəfər kişiyə göstərib satmaq istədiyini bildirmişdir. Həmin şəxsə mobil telefonun özünə məxsus olduğunu bildirmiş, sonuncu telefona baxdıqdan sonra 100 manat verə biləcəyini demişdir. Həmin şəxslə razılaşıb mobil telefonu və özünə məxsus şəxsiyyət vəsiqəsini ona vermişdir. Həmin kişi telefonu yoxladıqdan sonra şəxsiyyət vəsiqəsinin surətini çıxarıb sonuncuya vermiş, şəxsiyyət vəsiqəsnin surətinin üzərinə telefonun özünə məxsus olması barədə qeydlər yazmış və imza etmişdir. Həmin şəxsdən 100 manat pulu aldıqdan sonra oradan çıxıb getmiş, əldə etdiyi pul vəsaitini isə öz şəxsi məqsədləri üçün xərcləmişdir. xx xxxx 2019-cu il tarixdə Bakı şəhəri, Nizami rayonu, 8-ci km qəsəbəsindəki “Yun Bazarı” adlanan yerə getmiş, ora getməkdə məqsədi oğurluq etmək olmuşdur.Qeyd etdiyi yerə çatdıqda oğurluq etmək üçün münasib mağaza axtarmağa başlamış, saat 15 radələrində həmin yerdə 32 saylı mağazanın içərisinə daxil olub mallara baxmağa başlamışdır. İçəri daxil olduqda tikiş maşınının üzərində bir ədəd telefon olmasını görmüş və həmin telefonu oğurlamaq qərarına gəlmişdir. Bu səbəbdəndə diqqət çəkməyərək mağazada işləyən qadınla söhbət edərək onun başını qatmağa başlamış, qadının diqqətinin onda olmadığını görüb diqqət çəkməyərək mobil telefonu götürüb cibinə qoymuşdur. Sonra isə mağazadan çıxıb getmişdir. Yolla gələrkən mobil telefonun “Honor” markalı olmasını görmüşdür. Mobil telefonun üzərində nömrə olmamış, həmin günü mobil telefonu satmaq üçün Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospektinə getmiş, orada tanımadığı mağazaya daxil olub bir nəfər oğlana yaxınlaşmış və oğurladığı telefonu göstərib satmaq istədiyini bildirmişdir. Həmin şəxs mobil telefonu götürüb yoxladıqdan sonra 125 manata ala biləcəyini bildirmiş, sonuncu ilə razılaşıb telefonu və şəxsiyyət vəsiqəsini həmin şəxsə vermişdir. Həmin şəxs şəxsiyyət vəsiqəsinin surətini çıxarıb əsli ilə birlikdə özünə qaytarmış, şəxsiyyət vəsiqəsinin surətinin üzərinə telefonun oğurluq olmadığını yazıb imza etmişdir. Bundan sonra həmin şəxsdən 125 manat pulu alıb oradan çıxıb getmiş, əldə etdiyi pulu isə öz şəxsi məqsədləri üçün xərcləmişdir. Həmin günün səhəri gün yəni xx xxxx 2019-cu il tarixdə saat 18 radələrində ünvan 3 saylı ünvanda yerləşən meyvə-tərəvəz mağazasından orada işləyən tanımadığı qadına məxsus bir ədəd “Samsung Galaxy” markalı S 3 modelli mobil telefonu götürmüş və oradan qaçıb getmişdir. Bu barədə Xətai RPİ-də barəsində cinayət işi başlanılmış və istintaq olunan cinayət işi Xətai rayon məhkəməsinə göndərilmişdir. xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri, Xətai rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 07 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhum edilmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini bildirdi və barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsiniməhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. xx xxxxxxxx 2020-ci il tarixdə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs1 bildirmişdir ki, rəsmi olaraq dövlət orqanlarında işləməsə də, Bakı Metropolitenin Nizami rayonu ərazisində olan “Xalqlar Dostluğu” stansiyasının çıxışında yerləşən “Metro” ticarət mərkəzindəki qadın paltarlarının satışı mağazasında satıcı kimi işləyir. Həmin mağazada müxtəlif növlü qadın paltarları satılır, iş fəaliyyəti ondan ibarətdir ki, mağazaya gələn müştərilərin sifarişini yerinə yetirir. Hər gün saat 09 radələrində işə gedir, axşam saat 17-18 radələrində işdən çıxır. xx xxxxxx 2019-cu il tarixdə saat 09 radələrində işlədiyi mağazaya getmiş və işləri ilə məşğul olmağa başlamışdır. Həmin günü saat 19 radələrində mağazada olduğu zaman əvvəllər tanımadığı bir nəfər təxminən 27 yaşında oğlan mağazaya gəlmiş və qadın paltarlarına baxmağa başlamışdır. Həmin şəxsə yaxınlaşıb sonuncu ilə maraqlanmış, həmin oğlan həyat yoldaşı üçün paltar almaq istədiyini bildirmişdir. Həmin şəxs mağazadan bir neçə ədəd paltar götürüb həmin paltarları selofan torbaya qoymağını xahiş etmişdir. Mağazada müştərilərlə maraqlandıqda özünə məxsus olan bir ədəd “Samsung” markalı A3 2017 modelli mobil telefonunu və dəri materialdan olan pul kisəsini mağazada olan masanın siyirməsinə qoymuşdur. Mağazaya gələn həmin oğlanın sifarişini yerinə yetirən zamanda mobil telefonu və pul kisəsi masanın siyirməsində olmuş, həmin vaxt mobil telefonunun içərisində ***-***-**-** saylı nömrə və pul kisəsinin içərisində isə 150 manat pul olmuşdur. Həmin şəxsin dediyi paltarları selofan torbaya qoymuş və bu barədə müştəriyə bildirmişdir. Bu zaman həmin oğlan demişdir ki, “gözlə gedim maşından pul gətirim”. Təxminən 10 dəqiqə ərzində həmin şəxsi gözləmiş, lakin həmin şəxs gəlməmişdir. Masaya yaxınlaşıb telefonunu götürmək istədikdə görmüşdür ki, mobil telefonu və pul kisəsi yerində yoxdur. Bundan sonra məlum olmuşdur ki, mağazaya gələn həmin şəxs mobil telefonunu və içərisində 150 manat pul olan kisəni oğurlamışdır.Zərərçəkmiş şəxs1 həmçinin göstərmişdir ki, cinayət yolu ilə ələ keçirilmiş “Samsung Galaxy” markalı A3 2017 modelli mobil telefon özünə məxsus olmuş və baş vermiş cinayət hadisəsi nəticəsində ona ümumilikdə 465 manat maddi ziyan dəymişdir. Belə ki, cinayət nəticəsində oğurlanmış mobil telefonunun dəyəri 300 manat olmuş, 150 manat da pulu oğurlanmış, telefonunun üzərində isə 5 manata aldığı ***-***-**-** saylı nömrə olmuşdur. Pul kisəsinin dəyəri isə 10 manat təşkil etmişdir. Telefonu oğurlanan zaman üzərində yalnız ***-***-**-** saylı nömrə olmuş, telefonunun üzərində başqa aksessuar və mobil nömrənin içərisində isə danışıq konturu olmamışdır. Sonda Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs etdiyi əməlinə görə bağışladığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmiş və təqsirləndirilən şəxsə cəza təyin edərkən qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs2 bildirmişdir ki, o, rəsmi olaraq dövlət orqanında işləməsə də, Bakı şəhəri, Nizami rayonu, 8-ci km qəsəbəsində yerləşən “Metro” ticarət mərkəzindəki “Yun bazarı” adlanan yerdə 32 saylı mağazanı icarəyə götürmüş və orada dərzilik etməklə və paltar satmaqla məşğul olur. İş fəaliyyəti ondan ibarətdir ki, mağazaya gələn müştərilərin sifarişini yerinə yetirir. Hər gün saat 09 radələrində işə gedir, axşam saat 16-17 radələrində işdən çıxır. xx xxxx 2019-cu il tarixdə saat 09 radələrinə işlədiyi yerə getmiş və işləri ilə məşğul olmağa başlamışdır. Həmin günü saat 15 radələrində mağazada olduğu zaman əvvəllər tanımadığı bir nəfər təxminən 27 yaşında üzü tüklü oğlan mağazaya gəlmiş və paltarlara baxmağa başlamışdır. Həmin şəxsə yaxınlaşıb sonuncu ilə maraqlanmış, həmin oğlan təxminən 10 dəqiqə ərzində mağazada olan mallara baxmış, sonra isə mağazanı tərk edib çıxıb getmişdir. Mağazada müştərilərlə maraqlandıqda özünə məxsus olan bir ədəd “Honor” markalı 7C modelli mobil telefonunu daima mağazada olan tikiş maşınının üzərinə qoymuşdur. Mağazaya gələn həmin oğlanla da söhbət edən zaman mobil telefonu tikiş maşınının üzərində olmuş, həmin vaxt mobil telefonunun içərisində nömrə olmamışdır. Mağazaya gələn şəxs getdikdən sonra tikiş maşınının üzərindən mobil telefonunu götürmək istədikdə görmüşdür ki, mobil telefonu qoyduğu yerdə yoxdur. Bundan sonra mağazaya gələn həmin şəxsin mobil telefonunu oğurlaması məlum olmuşdur. Bundan bir qədər sonra oğlu Tale mağazaya gəlmiş və oğluna bu barədə məlumat vermişdir. Oğlu Tale mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş, sonra oğlu ilə birlikdə Nizami RPl-nin 24-cü PŞ-nə gedərək baş vermiş hadisə ilə əlaqədar ərizə ilə müraciət etmişdir. xx xxxxxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs etdiyi əməlinə görə bağışladığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmiş və təqsirləndirilən şəxsə cəza təyin edərkən qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki,təxminən 3-4 ildir ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağanemətullah küçəsində mağazada mobil telefonların alqı-satqısı ilə məşğul olur. Bu barədə həmin ünvanın sahibi ilə müqaviləsi vardır və buna görə də vergidən VÖEN-i olmaqla dövlətə vergi də ödəyir. Mağazanı hər gün səhər saat 08 radələrində açıb axşam saat 22 radələrində mağazanı bağlayıb gedir. İş fəaliyyəti ondan ibarətdir ki, fərdi qaydada olaraq müxtəlif şəxslər mobil telefonlarını satmaq üçün təqdim edirlər, həmin mobil telefonu qiymətləndirib ümumi razılığa gəldikdən sonra alır. Həmçinin, işlədiyi mağazada mobil nömrələr və telefonlara aid aksessuarlar satılır. Mağazada özündən başqa heç kim işləmir. ***-***-**-** saylı mobil telefon nömrəsi özünündür və həmin nömrə özündən başqa heç kimin istifadəsində olmamışdır. Belə ki, nömrəni hər hansı bir şəxsə istifadə etməsi üçün verməmişdir. xx xxxxxx 2019-cu il tarixdə səhər saat 08 radələrində mağazanı açaraq işləri ilə məşğul olmağa başlamış, həmin gün əvvəllər tanımadığı bir nəfər təxminən 27 yaşında şəxs mağazaya daxil olmuş, həmin şəxs “Samsung” markalı A3 2017 modelli mobil telefon göstərib özünə məxus olduğunu və satmaq istədiyini bildirmişdir. Mobil telefonu həmin şəxsdən alaraq baxıb yoxlamış, 100 manata ala biləcəyini demiş və həmin şəxslə razılaşmışdır. Bundan sonra həmin şəxsdən şəxsiyyət vəsiqəsini almış və sonuncunun Təqsirləndirilən şəxs olmasını görmüşdür. Adilin şəxsiyyət vəsiqəsinin surətini çıxarıb üzərinə mobil telefonu almağı barədə qeyd edib sonuncuya imza etdirmişdir. Sonra Adilə 100 manat pul verib telefonu sonuncudan almışdır. Mobil telefonun üzərinə ***-***-**-** saylı nömrəsini taxıb xatırlamadığı müddət işlətmiş və sonra isə nömrəni çıxarıb telefonu satmaq üçün mağazada olan digər telefonların yanına, yəni vitrinə qoymuşdur. Telefonu istifadə etdiyi müddətdə telefonun imey koduna baxmış və **********12760 imey kodlu olmasını görmüşdür. Xatırlamadığı tarixdə mağazaya bir nəfər müştəri gəlmiş və “Samsung” markalı A3 2017 modelli mobil telefonu almaq istədiyini bildirmişdir. Həmin şəxs telefona baxdıqdan sonra sonuncu ilə telefonu 170 manata razılaşmış və həmin məbləğə telefonu sonuncuya satmışdır. Telefonu satdıqdan bir neçə gün sonra istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna zəng gəlmiş və zəng edən şəxs özünü Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşı kimi təqdim etmişdir. Polis əməkdaşı onu polis şöbəsinə dəvət etmişdir. Bundan sonra polis şöbəsinə getmiş və orada məlum olmuşdur ki, Adil adlı şəxsdən aldığı “Samsung” markalı A3 2017 modelli mobil telefonu oğurluqdur. O daha sonra göstərmişdir ki, ***-***-**-** saylı mobil nömrə öz adınadır və həmin nömrə özünə məxsus olmaqla öz istifadəsindədir. Təqsirləndirilən şəxs “Samsung” markalı A3 2017 modelli mobil telefonu alarkən mobil telefonun oğurluq olmasını bilməmiş, belə ki, Təqsirləndirilən şəxs telefonu cinayət yolu ilə ələ keçirməsini bildirməmiş, telefonun da cinayət yolu ilə əldə olunmasını bilməyərək almışdır. İş materiallarında olan xx xxxxx 2019-cu il tarixdə Nizami RPİ-nin 24-cü PŞ-nin sahə inspektoru, polis kapitanı Elxan Əliyev tərəfindən tərtib olunmuş əşyaların və sənədlərin götürülməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə cinayət yolu ilə ələ keçirdiyi “Samsung” markalı A3 modelli mobil telefon aparatı müəyyən olunaraq Şahid1 Mehdi oğlundan götürülmüşdür. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixdə Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı Fuad Əmənov tərəfindən tərtib edilmiş götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə cinayət yolu ilə ələ keçirdiyi “Samsung” markalı A3 modelli mobil telefon aparatını Bakı şəhəri, Nərimanov rayonu, Ağaneymətullah küçəsində yerləşən mobil telefonların alqısatqısı mağazasında işləyən Şahid2 xx xxxxxx 2019-cu il tarixdə satarkən, sonuncunun Adilin şəxsiyyət vəsiqəsinin surətini çıxarıb telefonu almağı barədə qeydlər apardığı sənədin surəti Şahid2 götürülmüşdür. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, xx xxxxxx 2019-cu il tarixdə hadisə Bakı şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi, 7 saylı ünvanda olan “Metro” ticarət mərkəzinin içərisindəki qadın paltarlarının satqı mağazasında baş vermişdir. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, xx xxxx 2019-cu il tarixdə hadisə Bakı şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi, 7 saylı ünvanda olan “Metro” Ticarət mərkəzində yerləşən 32 saylı mağazanın içərisində baş vermişdir. Bu barədə fotoşəkillər çəkilərək cinayət işinə əlavə olunmuşdur. İş materiallarında olan xx xxxx 2019-cu il tarixdə tərtib olunmuş götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdə cinayət yolu ilə ələ keçirdiyi “Honor” markalı 7C modelli mobil telefon aparatını Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 46 saylı ünvanda yerləşən mobil telefonların alqı-satqısı mağazasında işləyən Şahid3 xx xxxx 2019-cu il tarixdə satarkən, sonuncunun Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətini çıxarıb telefonu almağı barədə qeydlər apardığı sənədin surətini Şahid3 götürmüşdür. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizanın xx xxxxxxx 2019-cu il tarixli 24358 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş, bir ədəd “Samsung” markalı “SM-A310F” modelli mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmamasını və istifadə olunduğunu nəzərə alaraq 2019-cu ildə fevral ayına olan orta bazar qiyməti təxminən 160,00 manat müəyyən olunur. İş materiallarından görünür ki, xx xxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi, 7 saylı ünvanda yerlcşən “Metro” ticarət mərkəzinin içərisindəki qadın paltarlarının satqı mağazasından oğurladığı bir ədəd “Samsung” A3 modelli mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs1 qaytarılmışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs, həmin hökmlə, Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 07 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş,cəzaçəkmə müddətinin əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması qərara alınmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(011)-282/2019 saylı hökmü ilə ona qəti olaraq təyin edilmiş 07 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını çəkməmişdir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, həmin Məcəllənin 66.5 və 66.2-ci maddələrinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməmiş 07 (yeddi) ay 20 (iyirmi) gün müddətində hissəsi, hazırki hökm üzrə təyin edilmiş cəza ilə tam toplanmaqla Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan xx xxx 2020-ci il tarixli tutma protokolundan, vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx xxx 2020-ci il tarixli qərardan və eyni tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs, xx xxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxx 2020-ci il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatətindən imtina edilmiş və həmin tarixdə, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək tutulduğu 01 (bir) gün müddət həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Habelə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə uyğun olaraq, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Samsung” markalı, “A3” modelli mobil telefonun ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 40 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 35 iş saatı, cəmi 75 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 450 (dörd yüz əlli) manat (75x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5 və 66.2-ci maddələrinə əsasən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməmiş 07 (yeddi) ay 20 (iyirmi) gün müddətində hissəsi, hazırki hökm üzrə təyin edilmiş cəza ilə tam toplanmaqla, Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 02 (iki) il 07 (yeddi) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza müəyyən edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək tutulduğu 01 (bir) gün müddət nəzərə alınmaqla, həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq üzərində 02 (iki) il 07 (yeddi) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Bakı şəhərini tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Samsung” markalı, “A3” modelli mobil telefonun ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 75 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 450 (dörd yüz əlli) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar