Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-169/2024 25.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş Əli-zadə Aydın Arif oğlunun, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X3 və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xüsusi ittiham qaydasında şikayət vermiş Əli-zadə Aydın Arif oğlunun, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X3 Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Əli-zadə Aydın Arif oğlu, X3 Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətlə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 14 dekabr 2023-cü il tarixli 1(009)-361/2023 nömrəli qərarı ilə şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, sosial medialarda “Cahan+” agentliyi adlı mətbuat orqanında onun təsisçisi və baş redaktoru X6 tərəfindən “Tanış olun! Saxtakarlıqla AAK-a professor adı üçün tövsiyə olunmuş Aydin Əlizadə budur” adlı məqalə dərc edilmişdir. Həmin məqalədə X20-zadəyə qarşı böhtan və təhqirlər yağdırılmış, şərəf və ləyaqətinə toxunulmuş, işgüzar nüfuzuna ləkə vurulmuşdur. Məqalənin ünvanı: https://cahanplus.com/gundem/4898-tanis-olun-saxtakarliqla-aak-a-professor-adi-ucuntovsiyye-olunmus-aydin-elizade-budur.html (Müraciət tarixi xx.xx.2023). Arxivləşdirilmiş mətni: https://webcache.googleusercontent.com/search?q=cache:-daH1r5_ObUJ:https:// cahanplus.com/gundem/4898-tanis-olun-saxtakarliqla-aak-a-professor-adi-ucun-tovsiyyeolunmus-aydin-elizade-budur.html&hl=ru&gl=az. Xatirə Quliyeva tərəfindən böhtanlar - Aşağıda həmin məqalədən 15 bənddən ibarət böhtanlar və onlara təkziblər verilmişdir: Böhtan 1. Xatirə Quliyevaya görə Aydın Əli-zadə professorluğa saxtakarlıqla iddia edib: “AAK-a saxtakarlıqla professor adı ilə tövsiyə olunmuş...”; “AMEA rəhbərliyi bilməlidir ki, X10 adına Tövsiyə olunmasında böyük saxtakarlıq edilib”. Təkzib: Professorluğa vəsatət, AMEA Fəlsəfə və Sosiologiya institutunun Elmi Şurası tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) qarşısında iddiaçının gördüyü elmi işlərin əsasında qaldırılıb. Burada heç bir saxtakarlıq olmayıb, bütün hərəkətlər qanuna uyğun həyata keçirilib, Elmi Şuranın üzvləri qaydalar üzrə səs veriblər. Həmin vəsatətin və səsvermənin nəticələrinin surətləri məhkəməyə təqdim edilir; Böhtan 2. Xatirə Quliyevaya görə Aydın Əli-zadənin “Azərbaycanın qazlaşdırılması və qaz təsərrüfatının istismarı (1955-1970). Tarixi-sosioloji araşdırma” adlı monoqrafiyası başqa əsərin şablonudur, yəni plagiatdır: “100 dildə məlum bir əsərin şablonu... Azərbaycanın qazlaşdırılması kimi kitabları çıxmaqla... təmsil olunan Aydın Əlizadə budur”; Təkzib: Həmin monoqrafiya heç bir şablonla yazılmayıb, plagiat deyil və dünyada ilk dəfə aparılan tədqiqat əsəridir. Bu barədə məhkəməyə antiplagiat proqramının nəticəsi əsasında verilmiş arayış təqdim edilir. Plagiat ittihamı alim üçün ən böyük rüsvayçılıqdır, onun adına ləkə gətirən və gələcək perspektivlərini pozan hadisədir. Xatirə Quliyeva bu böhtanı Aydın Əlizadənin adına ləkə vurmaq, onu rüsvay etmək üçün qəsdən edib, bu barədə şayiələri AMEA-da yayıb və rəhbərliyə bildirib. Böhtan 3. Xatirə Quliyevaya görə Aydın Əli-zadənin monoqrafiyası sosiologiya elminə aid deyil, müəllif onu saxtakarlıqla bu elmə aid edib: “Azərbaycanın qazlaşdırılması kimi adından da bəlli, fəlsəfəyə, sosiologiyaya aidiyyəti olmayan kitab...”; “fəlsəfəyə qaz idarəsindən gəlmiş, qeyri sahə üzrə (qazlaşdirma babasinin xatirəsinə “nağilla”) kitabi ilə elmi ada iddiaçi”. Təkzib: Birincisi, Qaz idarəsindən fəlsəfəyə gəlmək qanunla qadağan edilməyib. İkincisi, “Azərbaycanın qazlaşdırılması...” monoqrafiyasının sosiologiya elm sahəsinə uyğun olmasını AMEA Fəlsəfə və Sosiologiya institutunun Elmi Şurası təsdiq edib və çapa məsləhət görüb. Bu barədə onun qərarının surəti məhkəməyə təqdim edilir. Eyni zamanda, monoqrafiyanın elmi redaktoru sosiologiya elmləri doktoru, professordur və onun redaktorluğu da əsərin sosiologiya elm sahəsinə aid olduğunun sübutudur. Xatirə Quliyevanın isə bu barədə hansısa qəti hökm verməyə və Elmi Şuranın qərarına müdaxilə etməsinə ixtiyarı yoxdur, çünki onun elmi dərəcəsi “etika” elm sahəsinə aiddir və o, sosiologiya sahəsində heç vaxt fəaliyyət göstərməyib, bu sahənin peşəkarı, ya da eksperti deyil. Böhtan 4. Xatirə Quliyevaya görə Aydın Əli-zadə, həmin monoqrafiyada Heydər Əliyevin dövrünü tədqiq etməmişdir: “Ulu öndər Heydər Əliyev hakimiyyətə gələnədək 1955-1970-ci illərdə Azərbaycanın qazlaşdirilmasi... kitabı”; Təkzib: X15 göstərdiyi dövrləşmədən görünür ki, tədqiqat Heydər Əliyevin 2 illik hakimiyyət dövrünü (1969-1970) əhatə edir. Bu barədə monoqrafiyanın üz səhifəsi təqdim edilir. Bu iftiranı isə Aydın Əlizadənin guya dövlətçiliyin düşməni olması ilə əlaqələndirir: “...dövlət əleyhinə işləyən Əlizadə”. Halbuki yazılan monoqrafiyada siyasi motivlər yoxdur, ancaq qaz təsərrüfatında baş verən sosial problemlər tədqiq edilir. Bu tədqiqatı siyasiləşdirmək Xatirə Quluyeva tərəfindən provokasiyadır. Böhtan 5. Xatirə Quliyevaya görə Aydın Əlizadənin elmi nailiyyətləri yoxdur: “Elmi nailiyyətləri gözə dəyməyən... Aydın Əlizadə”; Təkzib: X16 nailiyyətləri çoxdur, onlardan biri həmin “Azərbaycanın qazlaşdırılması...” monoqrafiyasıdır. Onun əhəmiyyəti haqqında SOCAR-ın “Qaz İxrac idarəsi” AMEA Fəlsəfə və Sosiologiya institutuna rəsmi məktub göndərmişdir. Həmin məktub məhkəməyə təqdim edilir. Elmi nailiyyətlərin olmaması iftirası elmlər doktoru olan Aydın Əlizadəyə atılmış ağır böhtandır. Çünki belə olan halda onun vəzifəsinə və elmi dərəcəsinə uyğunsuzluq məsələsi qaldırıla bilər. Xatirə Quliyeva bu böhtanı onu vəzifəsindən və dərəcəsindən məhrum etmək üçün ortalığa atıb. Böhtan 6. Xatirə Quliyevaya görə Aydın Əli-zadə, qanunla təyin edilmiş qədər dissertantı olmadan professor adını almaq üçün iddia edib, bununla da saxtakarlıq edib: “Müdafiəsi olmuş 4 əvəzinə 1-cə dissertantla... professor adina təsdiq edilən”. Digər yerdə isə bildirir ki, Aydın Əlizadənin dissertantı olmayıb: “A.Əlizadənin dissertantları var?” Təkzib: “Elmi adlar verilməsi qaydası haqqında Əsasnaməyə” (3.1.5.1) görə professorluğa iddia edənin elmi rəhbərliyi və ya elmi məsləhətçiliyi ilə ixtisas üzrə təkbaşına hazırladığı azı iki mütəxəssis (dissertant) elmi dərəcə almalıdır. İddiaçı iki dissertant hazırlayaraq heç bir saxtakarlığa yol vermədən bu tələbi yerinə yetirmişdir. Bu barədə məhkəməyə arayış təqdim edilir. Böhtan 7. Xatirə Quliyeva iddia edir ki, Aydın Əli-zadə 2018-ci ildə dövlət planı üzrə yerinə yetirdiyi işin elmi standartlara və şöbənin məzmunu olan multikulturalizmə uyğun olmadığına görə şöbədən qovulub. Hətta guya Aydın Əli-zadə, həmin işi yerinə yetirərkən dövlətin pulunu haqsız olaraq alıb, bununla da dələduzluğa eyham edilir: “Aydın Əlizadəni mən sənədli-sübutlu surətdə - direktorun adına yazdığım, institutun Elmi Şurada yazdıqlarımı sübut etməklə 2 Təqdimatla rəhbərlik etdiyim şöbədən çıxarmışam”; “Bundan başqa 12 ay dövlətdən bu 70 səhifəlik materiala görə maaş, bayramlarda pul hədiyyəsi alan Aydın Əlizadə tədqiq-təhlil etdiyi dövrün və dövlətlərin mədəniyyətində də multikulturalizmi təhlil etməmişdir”. Təkzib: Xatirə Quliyevanın əsassız təkidi ilə iddiaçının 2018-ci il üzrə elmi işi AMEA Fəlsəfə və Sosiologiya institutunun rəhbərliyi tərəfindən ekspertizaya verilmişdir. Ekspert komissiyasının üzvləri işi yoxlamış, orada heç bir ciddi nöqsan, ya qanun pozuntusu aşkar etməmiş, elmi standartlara və şöbənin araşdırdığı ümumi mövzuya (multikulturalizmə) uyğun olmasını təsdiq etmişdirlər. Ekspertizanın qərarı məhkəməyə təqdim edilir. Buna baxmayaraq Xatirə Quliyeva, vəzifəsindən sui-istifadə edərək, şər, təhqir və böhtan kampaniyasını davam etdirərək iş yerində iddiaçıya qarşı dözülməz şərait yaratmış və şöbəni tərk etməyə məcbur etmişdir. Eləcə də ona qarşı şayiələr yayaraq AMEA rəhbərliyi qarşısında haqqında mənfi rəy yaratmışdır. Böhtan 8. Xatirə Quliyevaya görə Aydın Əlizadənin son 5-6 ildə elmi əsərləri yoxdur: “Taniş olun və görün o, Azərbaycanin professor kimi yüksək elmi adina layiqdirmi?! Onun son 5-6 ildə elmi əsərləri də yoxdur”. Təkzib: Son 6 il ərzində Aydın Əlizadənin 2 monoqrafiyası (1 xaricdə), 6 məqaləsi (2 xaricdə), 4 elmi konfrans materialı (1 xaricdə) dərc edilib. Bu barədə İnstitutun Elmi katibinin möhürü ilə sənəd məhkəməyə təqdim edilir. Böhtan 9. Xatirə Quliyevaya görə 2018-ci ildə “X18 Plan materialında həmçinin yenə ermənipərəst mövqedən yazdığı “Parthia Tarixi və onun X9 Təsiri” adlı məqaləsində”. Təkzib: Birincisi, Aydın Əli-zadə belə bir mövzuda məqalə dərc etməyib, edibsə Xatirə Quliyeva məhkəməyə sübut təqdim etməlidir. İkincisi isə öncə qeyd edildiyi kimi, 2018-ci ildə onun elmi Plan üzrə yerinə yetirdiyi iş AMEA rəhbərliyi tərəfindən xüsusi ekspertizaya verilib və orada heç bir nöqsan, ermənilik ya da dövləti cinayət aşkar edilməmişdir və bu barədə məhkəməyə arayış təqdim edilir. Sonrakı illərdə isə Aydın Əlizadənin bütün işlərinə, başqa işçilərinki kimi, İnstitutda təşkil edilmiş Komissiya tərəfindən baxılır və yenə də heç bir ermənilik aşkar edilməmişdir. Böhtan 10. Xatirə Quliyevaya görə Aydın Əli-zadə, erməni KİV-ləri ilə əməkdaşlıq edir: “Rusiya ermənilərinin молния тв-sinin “ürəyinə yatib” onlarla əməkdaşliq edən”; “ermənilərlə bizim ölkənin FB şəbəkəsi üzərində dostluq etməsindən”.. Təkzib: Aydın Əlizadə heç vaxt erməni KİV-lərlə əməkdaşlıq etməyib, sosial şəbəkələrdə ermənipərəst mövqeyini sərgiləməyib, əksinə ermənilərlə mübarizə aparıb. Azərbaycan Respublikasının düşməni olan erməni mediası ilə əməkdaşlıq dövlətə qarşı cinayətdir və Aydın Əlizadəyə atılmış ən ağır böhtandır. Halbuki belə ağır ittihama dair Xatirə Quliyevanın heç bir sübutu yoxdur. Varsa, qoy məhkəməyə təqdim etsin. Böhtan 11. Xatirə Quliyevaya görə Aydın Əli-zadə erməni dilini bilir: “A.Əlizadə erməni dilində ədəbiyyat göstərib. Sual doğurur, o bu dili Azərbaycanda və Bakıda doğulub böyüdüyü halda haradan bilir?.. Materialda bir neçə yerdə də erməni dilini bildiyi aydın olur. Ancaq qonşu ermənilərdən 2. 3 söz öyrənmək ayrı, elmi əsər oxuyub, başa düşmək ayrı. Hələ o o kitabı haradan tapıb?!” Bununla da onun erməni olmasına eyham edilir. Təkzib: Aydın Əlizadə erməni dilində bircə dənə olsun belə söz bilmir, erməni deyil və ermənilərlə qohumluğu ya da əlaqəsi yoxdur. O ki qaldı erməni dilində istinad verməyə, elmi qanunlara görə, hansı müəllifə müraciət edirsənsə, onun orijinal adını yazmalısan. Erməni müəllifinə istinad isə mənim tərəfimdən, onu təkzib etmək edilmişdi, onunla razılaşmaq üçün yox. Məzmunu da bilmək üçün erməni dilini bilmək lazım deyil. Google-tərcüməçidə istənilən dildən mətni tərcümə edib oxumaq olar. Təəccüb ediləsidir ki, elmlər doktoru olan Xatirə Quliyeva bundan xəbəri yoxdur. X11 erməni dilini bilməsinə dair Xatirə Quliyeva məhkəməyə sübut təqdim etməlidir. Böhtan 12. Xatirə Quliyeva həmin məqalədə Aydın Əli-zadəni 36 dəfə (!) ermənilərlə eyniləşdirib. Şərh: Əlbəttə hansısa millətlə eyniləşdirməyə fikir verməmək olardı. Məsələn, gürcü, ingilis, rus, ərəb və s. millətlərə bənzətsəydi etiraz olmazdı. Ancaq ermənilər, erməni dövləti Azərbaycanın düşmənləridir və Aydın Əlizadəni nə az nə çox 36 (!) dəfə onlarla eyniləşdirmək onu milli xain, satqın, düşmənə işləyən casus kimi qələmə verməkdir. Bundan ağır böhtan ola bilməz və buna görə cəzalandırılmalıdır! Böhtan 13. Xatirə Quliyevaya görə Aydın Əlizadə, Azərbaycan dövlətçiliyinin düşmənidir, milli dəyərlərimizi və İslamı təhqir edir, söyüş söyür: “Görək hansı haqla - hüquqla dövlət əleyhinə işləyən, xalqı, türkü, atalarımızı, milli varlığımızı alçaldan Aydın Əlizadəni təsdiqləyirlər...”; “siyasi mahiyyətdə” izah etməklə də yenə düşmənlərimizə xidmət etmişdir”; “İslama- şəriətə tamam hörmətsiz adamdır”; “Ziyalı da söyüş söyər?! O, necə ziyalıdır ki, söyüşü mədəniyyətin tərkib hissəsi hesab edir”; “Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, elmi katibi elmi tələblərə zidd gedərək dövlət əleyhinə çıxışlar edən bu adamı irəli çəkirlər”. Təkzib: Dövlətçiliyin düşməni olması və s. bu kimi ittihamlar iddiaçının elmi fəaliyyəti və işgüzar nüfuzuna ləkə yaxmaq məqsədini daşıyır; cəfəngiyat, böhtan və təhqirdən başqa bir şey deyil. Xatirə Quliyeva bu cür ağır ittihamlarla çıxış edir və bu barədə məhkəməyə sübutlar təqdim etməlidir. Böhtan
14. Xatirə Quliyevaya görə Aydın Əli-zadə, cinayət məsuliyyətinə cəlb edilib: “Bundan da başqa o necə İlahiyyatçı, dinşünasdır ki, haqqında İslamla bağlı cinayət işi açılıb”. Təkzib: Aydın Əli-zadəyə qarşı heç vaxt cinayət işi açılmayıb. Bu iftira Xatirə Quliyeva tərəfindən onun adını ləkələmək üçün qəsdən atılıb. Cinayət işi olubsa məhkəməyə bu barədə sübut təqdim etməlidir. Böhtan 15. Xatirə Quliyevaya görə “Aydın Əlizadə çox geniş Facebook sosial şəbəkəsi vasitəsi ilə milyonlar arasında təbliğat aparır ki, Türklər qırılmalıdır”. Təkzib: Bu cəfəngiyatdır. Xatirə Quliyeva buyursun məhkəməyə bu barədə sübut təqdim etsin. Yekun: Göstərilən 15 bənd üzrə X7, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 (böhtan) maddəsinə əsasən məsuliyyət daşımalıdır. Xatirə Quliyeva tərəfindən təhqirlər: Təhqir 1. Aydın Əlizadəni 36 (dəfə) ermənilərlə eyniləşdirmək ağır böhtandan başqa həm də onu təhqir etməkdir, alçaltmaq cəhdidir. Təhqir 2. Xatirə Quliyevaya görə “Aydın Əlizadə nəinki professor adına, o, bu yazıdakı faktların da təsdiqlədiyi kimi öz “mənəviyyatı” ilə AMEA-da - elm məbədimizdə işləməyə layiq deyil”. Şərh: Aydın Əlizadənin mənəviyyatını dırnaq (“”) arasında göstərmək onu mənəviyyatsız adlandırmaqdır. Eləcə də AMEA-da kimlərin işləməyə layiq olmasını X7 təyin etməməlidir. Təhqir 3. Xatirə Quliyevanın sitatı “Matroşka kuklalar var aaa, açdıqca bir-birindən balaca matroşkalar çıxır...” kimi ifadələrlə. Şərh: Aydın Əlizadənin və ondan başqa bütün İnstitut rəhbərliyini uzadılmış “aaa” pronondsu ilə “matroşka kukla” adlandırmaq bayağı tərzdə edilən təhqirdir. Təhqir 4. (Qazlaşdirma - babasinin xatirəsinə “nağilla”) kitabi ilə elmi ada iddiaçi” Aydın Əlizadə tərəfindən yazılmış ölkəmizdə SOCAR tərəfindən yüksək dəyərləndirilən və xarici ölkələrdə tanınan monoqrafiyanı “nağıl” adlandırmaq müəllifə təhqirdir, alimə yaraşmaz hərəkətdir. Təhqir 5. Yuxarıda deyildiyi kimi, X19 Əlizadəni plagiatda ittiham edib. Bu isə böhtandan əlavə həm də alimi təhqir etməkdir. Aydın Əlizadənin plagiata yol vermədiyi haqqında arayış vardır. Yekun: Göstərilən 5 bəndə əsasən X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148 (təhqir) maddəsinə əsasən məsuliyyət daşımalıdır. Məhkəməyə müraciətin səbəbləri və qanuniliyi: İnsanın şərəfi, ləyaqəti və nüfuzu hüququn ən ali bəşəri dəyərlərindən hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində, Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və 16 dekabr 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda, “İnsan Hüquqlarının və X8 haqqında” Avropa Konvensiyasında təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. İnsanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən müdafiə olunur. Konstitusiya fikir və söz, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirərkən hər kəsdən qanunlara riayət etməsini və başqalarının hüquqlarına hörmətlə yanaşmasını tələb edir. Lakin, bir sıra hallarda bəzi insanlar fikir və söz azadlığını əsas götürməklə digərlərinə böhtan atmaqdan belə çəkinmir ki, bunlardan biri X2. Bundan başqa CPM-nin 21-ci maddəsində göstərilir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Bütün bunlar nəzərə alınmaqla demək olar ki, X19 Əli-zadə haqqında KİV-də dərc etdiyi böhtanları bilə-bilə edib və heç bir halda əsaslı mənbələri olmayıb. Xatirə Quliyeva, həmin məqalədə qəsdən Aydın Əlizadəni hətta Respublika səviyyəsində şərləyərək rüsvay etmək niyyətini bu sözlərlə ifadə edib: “İlk öncə Sizin diqqətinizə çatdırmaq istəyirəm ki, haqqında bəhs etməkdən başqa təfəkkürünün, şüurunun məhsulu və öz qələminin ələ verdiyi yazdıqları ilə Respublika ictimaiyyətinə tanış edəcəyim Aydın Əlizadə”. Bundan başqa Xatirə Quliyeva qəsdən böhtanlara əl atıb ki, Aydın Əli-zadə haqqında işlədiyi AMEA-nın rəhbərliyi qarşısında mənfi rəy yaratsın. Buna dair belə yazır: “AMEA rəhbərliyi bilməlidir ki, Aydın Əlizadə saxtakarlıq edib...”, “Aydın Əlizadəni mən sənədli-sübutlu surətdə - direktorun adına yazdığım...”. X17 “Cahan+” saytında Aydın Əli-zadə haqqında böhtan dolu “Professor adı üçün tövsiyə olunmuş Aydın Əlizadə budur” başlıqlı yazısı Fəlsəfə və Sosiologiya İnstitutunun işçiləri və digər insanlar arasında yayılmış və onun haqqında mənfi rəy yaradılmış, elmi dairələrdə adına ləkə vurmuşdur. X14 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1. Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma, 147.2. Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma, 148 Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma maddələrilə cinayət əməlini törətmiş, şərəf və ləyaqətini alçaltmaqla şəxsi nüfuzuna xələl gətirmişdir. Göstərilənlərə əsasən, X6 barəsində yuxarıda sadalanan əsasları nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələrilə cinayət işinin başlanması və onun cinayət məsuliyyətinə cəlb olunaraq cəzalandırılması barədə hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş Əli-zadə Aydın Arif oğlu şikayətin dəlillərini müdafiə etmiş, sualları cavablandırarkən qeyd etmişdir ki, bu məqalə ilk dəfə 11 ay bundan əvvəl çıxmışdır, şikayəti ona görə gec vermişdir ki, düşünmüşdür ki, Xatirə Quliyeva yığışdırar, lakin həmin məqalə hələ də orada durur. O, ilk Səbail Rayon Məhkəməsinə müraciət etmiş, orada iclaslar olmuş, məlum olmuşdur ki, iş Nizami Rayon Məhkəməsinə aiddir. Xatirə Quliyeva da ona qarşı şikayət vermiş, rədd olunmuşdur. O, Xatirə Quliyevanı 11 fevral 2023-cü il tarixli məqaləsinə görə məhkəməyə vermişdir. Əməl 11 fevral 2023-cü il tarixdə baş vermiş hesab olur, sayt da “Cahan plus” saytıdır. Həmin saytın ünvanının hara olduğunu bilmir. “Cahan plus”un hüquqi ünvanı barədə məlumatı yoxdur, amma lazım bilinsə, bu barədə araşdırıb məlumat verər. Həmin məqalə məhz həmin saytda ilk olaraq yayılmışdır. Bu məsələ ortaya çıxandan sonra düşünmüşdür ki, razılaşa bilərlər. Xatirə Quliyevanın gəlib onunla barışmağa cəhd edəcəyini fərz etmişdir. Xatirə Quliyevanın bu məqaləsi çap olunandan sonra təxminən 10 məqaləsi çap olunmuş, onun barəsində təhqir və böhtan məzmunu olmuşdur. Bu xanım bunları bəlkə də ona görə edir ki, onun əleyhinə qərar qəbul olunsun, o da bundan istifadə edərək Avropaya getsin. Sonda, o, şikayətin məhkəmənin icraatına qəbul edilməsini və məhkəmə baxışının təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X7 izahatında göstərmişdir ki, “Cahan plus” saytı Amerikadadır, bu, sonluğunun “com” olmasından da görünür. Sadəcə onlar admin olaraq burada fəaliyyət göstərirlər və buradan həmin səhifəyə yazılar yazırlar. Onun internet saytı Amerikada qeydiyyatdan keçmişdir, o, admindir, parolunu 50-100 dollar pul verməklə almışdır. Bir nəfər admin var, hamını idarə edir. O, istəyir ki, iş icraata götürülsün, işə baxılsın, onun Aydın Əlizadənin erməni mətbuatında çıxış etməsi ilə əlaqədar olaraq sübutları vardır, onları məhkəməyə təqdim edəcəkdir. Məhkəmənin hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X3 vəkili Müdafiəçi qanuna müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, xüsusi ittiham qaydasında şikayəti, ona əlavə edilmiş sənədləri öyrənərək, hesab edir ki, şikayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olmadığından, məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Cinayət-prosessual qanunvericiliyinə görə, xüsusi ittiham qaydasında şikayət o zaman əsaslı hesab edilir ki, şikayətdə istinad olunan əməlin həqiqətdə baş vermiş olduğu, bu əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyi, habelə həmin əməlin barəsində şikayət verilən şəxs tərəfindən törədildiyi müvafiq sübutlarla əsaslandırılsın. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir; 299.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında aşağıdakı məsələlərə baxılır: 299.3.1. məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə; 299.3.2. aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə; 299.3.3. xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə; 299.3.4. cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə; 299.3.5. cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olub-olmaması barədə. 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: 302.2.1. bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.2. bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.3. bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının 12-ci bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Qərarın 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafiya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Qərarın 11-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası CPM-nin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Məhkəmə xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması məsələsini yoxlayaraq qeyd edir ki, şikayətə görə, Əli-zadə Aydın Arif oğlu, X4 yalan olduğunu biləbilə müvafiq məlumatları sosial media - “Cahan+” agentliyi adlı mətbuat orqanı vasitəsi ilə yayaraq onu ağır cinayət törətməkdə ittiham edib ona böhtan atmaqda və həmin kütləvi nümayiş etdirilən mediada şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla təhqir etməkdə ittiham edərək cinayət məsuliyyətinə cəlb olunması üçün məhkəməyə müraciət etmişdir. X7 xüsusi ittiham qaydasında şikayətin aidiyyəti üzrə Nizami Rayon Məhkəməsinə göndərilməsi ilə bağlı Səbail Rayon Məhkəməsinə müraciət edərkən onun rəsmi yaşayış və qeydiyyat ünvanının, həmçinin təsis etdiyi “Cahan plyus com” saytının ünvanının ünvan 2ərsə də, şikayət aidiyyəti üzrə göndərilərkən lazım olan sübutlar tələb edilib alınmamışdır. Hazırda isə müəyyən edilmişdir ki, X7 faktiki olaraq ünvan 3 ünvanında yaşayır. “Cahan+” agentliyinin və ya “Cahan plyus com” saytının hüquqi ünvanı isə müəyyən edilməmişdir. Əli-zadə Aydın Arif oğlu xüsusi ittiham qaydasında şikayətində göstərməli və buna dair sübut təqdim etməli olduğu halda, törədilməsi ehtimal olunan cinayətin məhz hansı ünvanda baş verdiyini şikayətində göstərməmiş və buna dair sübut təqdim etməmişdir. Hansı ki, kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitəsində (internet informasiya ehtiyatında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılmalıdır. X3 yaşayış ünvanının özü də mübahisəlidir, onun həmin məlumatları yaydığı anda axırıncı yaşayış yeri müəyyən edilməklə şikayətdə də cinayətin törədilmə yeri kimi həmin yer göstərilməlidir. Bundan başqa, şikayətdə qeyd olunmuşdur ki, X1-zadə Aydın Arif oğlunun adına ləkə vurmaq, onu rüsvay etmək üçün böhtan atmanı qəsdən etmiş, bu barədə şayiələri AMEA-da yaymış və rəhbərliyə bildirmişdir. Buna baxmayaraq həmin yerin də cinayətin törədildiyi yer hesab olunub-olunmaması şikayətdən aydın deyildir. Belə olan halda, cinayət hesab olunan əməlin məhz Bakı şəhəri Nizami rayonunun yurisdiksiyasına aid olan yerdə törədildiyi barədə qənaətə, hüquqi nəticəyə gəlinməsi üçün əsas yoxdur. Ehtimal olunan cinayət əməlinin törədilmə vaxtı barədə xüsusi ittiham qaydasında şikayətdə ümumiyyətlə göstərilməmişdir. Şikayətin verilməsinin əsasını təşkil edən məqalədə əksini tapan tarixlə müəyyən olunur ki, “Professor adı üçün tövsiyye olunmuş Aydın Əlizadə budur” adlı həmin məqalə 11 fevral 2023-cü il tarixdə saat 17:50-də dərc edilmişdir. Ona görə xüsusi ittihamçı cinayətin törədilmə vaxtını dəqiq müəyyən etməklə şikayətində bunu göstərməli və əsaslandırmalıdır. Məhkəmə əlavə olaraq qeyd edir ki, cinayətin törədilmə vaxtının müəyyən edilməsi, həmçinin cinayət məsuliyyətinə cəlb etmə müddətinin hesablanması baxımından da xüsusi əhəmiyyət kəsb edir. Bu zaman, xüsusilə nəzərə alınmalıdır ki, baxılan xüsusi ittiham qaydasında şikayətin məzmunu ilə bağlı çatışmazlıqların məhkəmənin hazırlıq iclasında aradan qaldırılması mümkün olmamışdır, belə ki, yuxarıda göstərilən qaydada sübutların əldə edilməsinə sərf olunacaq müddət qeyri-müəyyəndir, şikayətçi belə əsaslı imtinadan sonra çatışmazlıqları aradan qaldırmaqla, sübutlarını toplamaqla təkrarən məhkəməyə müraciət edə bilər. Bundan başqa, Əli-zadə Aydın Arif oğlu xüsusi ittiham qaydasında şikayətinin nəticə hissəsində X7 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət işinin başlanmasını və onun cinayət məsuliyyətinə cəlb olunaraq cəzalandırılması barədə hökm çıxarılmasını xahiş edərkən də qanunvericiliyin tələblərinə əməl etməmiş, təqsirli bilindiyi halda X5 hər bir maddə üzrə və Cinayət Məcəlləsinin cinayətlərin məcmusu üzrə cəzanın təyin olunmasını müəyyən edən 66-cı maddəsinin tələbləri qaydasında qəti cəzanın növünü və həddini göstərməmiş, xahiş etməmişdir. Bununla da, Əli-zadə Aydın Arif oğlunun xüsusi ittiham qaydasında şikayətinin yoxlanılması zamanı müəyyən edilmişdir ki, şikayətin məhz Bakı şəhəri Nizami Rayon Məhkəməsinə aid olması öz təsdiqini tapmamaqla yanaşı, onun məzmunu Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə də uyğun deyil, həmin şikayətin qanunvericiliyin tələblərinə əməl edilməklə verilmiş xüsusi ittiham qaydasında şikayət qismində qəbul olunaraq şikayət üzrə məhkəmə baxışının keçirilməsi və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi üçün heç bir qanuni əsas yoxdur. Belə olan halda, məhkəmə, şikayət üzrə əlavə araşdırma və hüquqi qiymətləndirmə aparılmasına artıq zərurət görməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş Əlizadə Aydın Arif oğlunun, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X3 Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə qeyd edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin hüquqlarının təmin edilməsi üçün məhkəmənin qərarı əsasında müdafiəçi dəvət edilmiş, ərazi üzrə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi şikayət və ona əlavə edilmiş sənədlərlə tanış olmuş, məhkəmənin hazırlıq iclasında iştirak etmişdir. Vəkilin göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət üçün, Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatına 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 293, 299 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş Əli-zadə Aydın Arif oğlunun, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X3 Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X3 hüquqlarının müdafiəsi üçün 03 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi 18 manat əmək haqqı müvafiq hesablaşma hesabı üzərindən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərar elan olunduğu gündən hesablanmaqla 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Mehdiyev