Məhkəmə qərarları › İş №1(007)-17/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-17/2022

10.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-17/2022 10.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1996-cı il tarixdə Gürcüstan Respublikası, Bolnisi rayonunda anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Gürcüstan Respublikası, Bolnisi rayonu, Daşdıqullar kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində nömrəsiz fərdi evdə yaşamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 may 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4, 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 08 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 avqust 2016-cı il tarixli qərarı ilə “Azərbaycan Respublikasının Cinayət Məsəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 06 may 2016-cı il tarixli Qanununa əsasən CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair müddəa hökmdən xaric edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 09 ay 21 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Bakı şəhər probasiya idarəsinin qeydiyyatında olarkən hazırkı iş üzrə 20 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 22 fevral 2021-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, həmin qətimkan tədbirinin şərtlərini pozaraq məhkəmədən gizləndiyindən 15 sentyabr 2021-ci il tarixdə haqqında axtarış elan edilmiş və qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 25 sentyabr 2021-ci il tarixdə tutulmuş, həmin vaxtdan həbsdə olmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu yivli silah, onun komplekt hissəsini və döyüş sursatını əldə edərək saxlamış, daşımaqla gəzdirmişdir. Belə ki, o, istintaqla müəyyən edilməmiş mənbədən qanunsuz olaraq əldə eldiyi 01 ədəd PC-2374 nömrəli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1974-cü ildə istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli texniki cəhətdən saz olaraq atəş üçün yararlı yivli odlu silah olan tapançanı, 01 ədəd onun komplekt hissəsi olan zavod üsulu ilə hazırlanmış 08 ədəd 9x18 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş texniki cəhətdən saz olan darağını və 06 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 9x18 mm kalibrli Makarov (PM) və Steçkin (APS) konsiruksiyalı tapançaların təyinatı üzrə istifadə üçün yararlı döyüş sursatı olan ştat patronlarını qanunsuz olaraq əldə edərək özündə saxlamış, qəhvəyi əl çantasında daşımaqla gəzdirmiş və daxil olmuş əməliyyat məlumatına əsasən 20 fevral 2021-ci il tarixdə saat 14:10 radələrində ünvan 1 ünvanın yaxınlığında Bakı şəhəri Nizami RPİ-nin CAS-nin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 4 inzibati binasına gətirilmiş, orada üzərində şəxsi axtarış keçirilən zaman sonuncunun qəhvəyi rəngli əl çantasında həmin 01 ədəd PC-2374 nömrəli 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapança, 01 ədəd onun komplekt hissəsi olan 08 ədəd 9x18 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş daraq və 06 ədəd 9x18 mm kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların döyüş sursatı olan ştat patronları aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ittihamda qeyd edilən əməli törətməmişdir, üstündə silah olmamışdır. O, mağazaya getmiş, mağazadan çıxanda polislər onu saxlamış və polis idarəsinə aparmışlar, polis idarəsində üzərindən heç nə aşkar edilməmişdir. Cinayət əməli törətmədiyinə görə ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi cari ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun 26 may 2021-ci il tarixdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs sözügedən ifadəsində göstərmişdir ki, o, təxminən tutulduğu gündən 6 ay öncə dəqiq tarixini xatırlamadığı günlərin birində Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən zibilliklərin birinin yanından keçəndə bir sellofan bağlama diqqətini cəlb etmiş, onu götürüb içərisinə baxanda görmüşdür ki, orada bir ədəd “Makarov” konstruksiyalı tapanca və həmin tapançanın dəstəyinin daxilində bir daraq, həmin darağın içərisində isə 6 ədəd patron vardır. O, həmin tapancanı tapdıqdan sonra görmüşdür ki, üzərində PC 2374 və 1974 yazıları vardır, silahdan xoşu gəldiyi üçün onu götürüb yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində yerləşən məzilinə apararaq orada saxlamışdır. Mənzildə o, tək yaşadığı üçün bundan heç kimin xəbəri olmamışdır. Arabir o, həmin tapancanı patronları ilə birlikdə əl çantasına qoyaraq gəzdirmişdir. Silah onda olan dövrdə onunla heç bir cinayət etməmiş, onu kimə isə qarşı istifadə etməmişdir. 20 fevral 2021-ci il tarixdə o, həmin silahı qəhvəyi rəngli əl çantasında saxlayaraq öz işlərinin arxasıyca gedərkən, saat təxminən 14 radələrində ünvan 3 ünvanın qarşısında olan zaman üç nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu Nizami rayon polis idarəsinə gətirmişlər. Polis idarəsində xidməti otaqların birində, onun razılığı ilə, polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılaraq üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman polis əməkdaşları ona üzərində qeyri-qanuni hər hansı bir əşya varsa könüllü təqdim elməyi bildirmişlər, o, əlində olan qəhvəyi rəngli əl çantasının içərisindən “Makarov” konstruksiyalı bir ədəd tapancanı və tapançaya məxsus darağını, darağın içərisində olan 6 ədəd patronu polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, həmin tapançanı təxminən 6 ay əvvəl Bakı şəhəri, Suraxanı rayonu ərzisində zibillikdən tapmışdır. Onun üzərindən aşkar olunan tapanca, tapancaya məxsus daraq və 06 ədəd patron polis əməkdaşlarının iştirakı ilə qablaşdırılıb möhürlənmişdir. O və polis əməkdaşları protokolu və möhürlənmiş zərfi öz imzaları ilə imzalayaraq təsdiq etmişlər. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, o, silah həvəskarı olduğundan “Makarov” tipli tapanca, həmin tapançaya məxsus daraq və 06 ədəd patron tapsa da onları polisə könüllü təqdim etmək fikirində olmamışdır və saxlandıqdan əvvəl də o, işləri ilə məşğul idi, onları polisə təhvil vermək fikirində deyildi. O, həmin silahla heç bir cinayət törətməmişdir, yuxarıda qeyd etdiyi kimi həmin silahı tapdıqdan sonra yaşadığı evdə gizlətmiş, arabir isə üzərində gəzdirmişdir. Belə ki, silah həvəskarı olduğundan onu arabir əl çantasına qoyaraq üzərində daşımışdır. Onu satmaq və ya kiməsə vermək məqsədi olmamışdır. O, həmin silahı heç bir şəxsdən almamış, yuxarıda göstərdiyi kimi zibillikdən tapmışdır. Təqsirləndirilən şəxs ifadəsinin elan olunmasından sonra, həmin ifadəni inkar etmək üçün hər hansı dəlil irəli sürə bilməmiş, polislərin sözü ilə həmin qaydada ifadə verdiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin Cinayət axtarış şöbəsinin rəis müavini vəzifəsində xidmət etmiş Şahid1 ifadəsində göstərmişdir ki, 20 fevral 2021-ci il tarixdə xidmət etdiyi şöbəyə Amıt adlı şəxsin qanusuz olaraq odlu silah əldə etməsi və Bakı şəhəri Nizami rayonu ərazisində daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş həmin əməliyyat məlumatı onun tərəfindən raportla rəsmiləşdirilərək şöbə rəhbərliyi vasitəsi ilə idarə rəhbərliyinə məruzə edilmiş, müvafiq əmrlə əməliyyat qrupu yaradılmış, əməliyyat tədbirinin keçirilməsi barədə qərar təsdiq olunmuşdur. Həmin məlumatın yoxlanılması zamanı keçirilmiş əməliyyat tədbiri nəticəsində 20 fevral 2021-ci il tarixdə saat 14:10 radələrində ünvan 1 ünvanın yaxınlığında qanunsuz olaraq odlu silah əldə etməsi və daşımasında şübhəli bilinən Amıt adlı şəxs tərəflərindən saxlanılmış, onun xx xxxxxx 1996-cı il tarixdə Gürcüstan Respublikasında anadan olmuş Təqsirləndirilən şəxs olması miiəyyən edilərək o, ünvan 4 ünvanda yerləşən Nizami rayon polis idarəsinə dəvət olunmuşdur. Bu barədə idarə rəhbərliyinə raportla məruzə edilmişdir. Bundan sonra, həmin şəxsin üzərində şəxsi axtarışın keçirilməsi və götürmənin aparılması idarənin təhqiqat şöbəsinin təhqiqatçısı Tufan Şükürova həvalə olunmuşdur. İdarənin inzibati binasında yerləşən xidməti otaqların birində videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində onun yazılı razılığı ilə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs ilə yanaşı iştirakçıların hüquq və vəzifələri izah edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində olan hər-hansı qanunsuz narkotik vasitə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və sənəd varsa onları könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs əlində olan qəhvəyi rəngli əl çantasını təqdim edərək həmin çantanın içərisində olan qanusuz əldə edib üzərində gəzdirdiyi 01 ədəd PC-2374 nömrəli 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapanca, 01 ədəd onun komplekt hissəsi olan 08 ədəd 9/18 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş daraq və 06 ədəd 9x18 mm kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapancaların döyüş sursatı olan patronları təqdim edərək bildirmişdir ki, qeyd olunan odlu silah, daraq və patronları təxminən 6 ay əvvəl Bakı şəhəri, Suraxanı rayon ərazisində zibilliklərdən birindən taparaq əl çantasında gəzdirir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qeyd olunan tapanca, patronları yerləşdirmək üçün nəzərdə tutulmuş daraq və 06 ədəd patron ekspertizaya təqdim olunması üçün Təqsirləndirilən şəxs və onların iştirakları ilə qablaşdırılmış, möhürlənərək götürülmüş, tədbirin nəticəsi barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin Cinayət axtarış şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət etmiş Şahid2 və həmin şöbənin kiçik əməliyyat müvəkkili vəzifəsində xidmət etmiş Şahid3, Şahid1la oxşar məzmunda ifadə vermişlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 20 fevral 2021-ci il tarixli qərardan görünür ki, material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 20 fevral 2021-ci il və 22 fevral 2021-ci il tarixli protokollardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuş, o, təkliflə razılaşaraq əlində olan qəhvəyi rəngli əl çantasını təqdim edərək çantanın içərisindən üzərində PC-2574 və 1974 yazıları olan bir ədəd Makarov tapançasını, bir ədəd patron sandıqçasını və 06 ədəd patronu təqdim etmiş, həmin tapança, daraq və patronları təxminən 6 ay əvvəl Suraxanı rayonu ərazisində zibillikdən tapdığını və əlində olan çantada gəzdirdiyini bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntüyə baxış keçirilməsində müdafiəçisi ilə birlikdə iştirak edən Təqsirləndirilən şəxs etiraf etmişdir ki, videogörüntüdə olan şəxs özüdür, videogörüntülər düzgün çəkilmişdir, şəxsi axtarış zamanı ona qarşı heç bir təzyiqə yol verilməmişdir. (i.v. 31-32, 76) -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə-ballistik ekspertizasının 20 fevral 2021-ci il tarixli 21/147R nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd PC-2374 №-li silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1974-cü ildə istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapançadır, yivli oldlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan kustar üsulla heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 06 ədəd patronlar zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı) tapançaların ştat patronlarıdır, döyüş sursatıdırlar və təyinatı üzrə istifadə üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır. Qeyd: təqdim edilmiş 06 ədəd 9x18 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olunmuşdur. (i.v. 40-46) - 23 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd PC-2374 nömrəli 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapança, 01 ədəd onun komplekt hissəsi olan 08 ədəd 9/18 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş daraq və 06 ədəd 9x18 mm kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların döyüş sursatı olan ştat patronları cinayət işi üzrə xüsusi əhəmiyyət kəsb etdikləri üçün maddi sübut kimi tanınmış və istintaqın yekununda saxlanması üçün ekspertiza tədqiqatından sonra 01 ədəd onun komplekt hissəsi olan zavod üsulu ilə hazırlanmış 08 ədəd 9x18 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş texniki cəhətdən saz olan daraq və 03 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 9x18 mm kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların təyinatı üzrə istifadə üçün yararlı döyüş sursatı olan ştat patronları Nizami RPİ-nin növbətçi hissəsinə təhvil verilmişdir. (i.v. 88-89) - 24 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd PC-2374 nömrəli, 1974-cü ildə istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli odlu silah olan tapança, 01 ədəd onun komplekt hissəsi olan daraq və 06 ədəd 9x18 mm kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların döyüş sursatı olan patronları saxlayıb gəzdirdiyi qəhvəyi rəngli əl çantası və 01 ədəd şəxsi axtarış və götürmənin videoçəkilişi yazılmış DVD disk cinayət işi üzrə xüsusi əhəmiyyət kəsb etdikləri üçün maddi sübut kimi tanınmış, DVD disk iş materiallarına əlavə olunmuş, əl çantası isə istintaq tamamlandıqdan sonra saxlanılması üçün Nizami RPİ-nin MSSK-na təhvil verilmişdir. (i.v. 91-92) -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 25 fevral 2021-ci il tarixli 011-1774-1221 nömrəli məktubundan görünür ki, təqdim edilən 9 mm kalibrli PC-2374 №-li Makarov konstruksiyalı tapançadan eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin “güllə-giliz” kartotekasında “Arsenal” avtomatlaşdırılmış balistik sistemi vasitəsilə müqayisə edilmiş, müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. (i.v. 96) - 25 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, cinayət işinin materiallarından Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd Makarov markalı tapançanın, tapançaya məxsus darağın, həmin darağın içərisində olan 6 ədəd patronun mənbəyinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə ayrıca icraata iş ayrılmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir. (i.v. 132-138) -Məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında təyin edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizaya dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsinin 04 dekabr 2021-ci il tarixli 2876 nömrəli rəyindən görünür ki, cinayət işinin materiallarından və halhazırkı psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idatə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hadisə ilə bağlı məlumatlarında və ifadələrində cinayət hadisəsi haqqında göstərmiş olduğu hallar həqiqətə uyğun olub-olmaması, cinayət törədən zaman və cinayət törətdikdən sonra o, yüksək ruhi həyəcan vəziyyətində olub-olmaması barəsində qərarda qoyulmuş sual ekspert-psixoloqun səlahiyyətində olduğu üçün cavablandırılmır. -Məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında təyin edilmiş ambulator məhkəmə-psixoloji ekspertizaya dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsinin 16 aprel 2022ci il tarixli 938 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyətli halları düzgün qavramaq, təsvir etmək və öz hərəkətlərini dərk etmək qabiliyyətinə malikdir. Emosionaliradi sferasında qıcığa qarşı həssaslıq, emosional qeyri-sabitik, hövsələsizlik, dəyişkən əhval-ruhiyyəlik aşkar olunmaqla xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Fərdi-psixi xüsusiyyətlərində yalan danışmağa, özündən uydurmağa patoloji meyillilik əlamətləri müşahidə olunmadı. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl zamanı psixi emosional vəziyyətində hər hansı dəyişiklik (güclü ruhi həyəcan, psixi-emosional gərginlik, stress, fizioloji affekt və s.) yaranmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizasının rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə verilmiş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Təqsirləndirilən şəxsin və müdafiəçisinin irəli sürdüyü dəlillər məhkəmə tədqiqi zamanı hərtərəfli, tam və obyektiv araşdırılmış, öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Cinayət-prosessual qanunvericiliyinə görə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Lakin məhkəmə tədqiqi zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır; müvafiq cinayətin törədilməsinə məhz Təqsirləndirilən şəxs aidiyyəti olmuşdur və onun bu cinayət hadisəsində təqsirliliyi sübuta yetirilmişdir, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin maddənin “Qeyd”inə əsasən bu maddədə göstərilən əşyaları könüllü surətdə təhvil verən şəxs, əgər onun əməllərində başqa cinayət əməlinin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad edilir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, irəli sürülmüş ittihamda əksini tapan odlu yivli silahı, onun komplekt hissəsini və döyüş sursatını Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edərək saxlamış, daşımaqla gəzdirmişdir, həmin əşyaları könüllü surətdə təhvil verməyərək saxlamış, yalnız bu barədə daxil olmuş məlumat əsasında Nizami RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən 20 fevral 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində aşkar edilərək ondan götürülmüşdür. Belə olan halda, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228-ci maddəsinin “Qeyd”ndə nəzərdə tutulduğu qaydada cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 228.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 20 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 20) - 22 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair məhkəməyə təqdimat verilməsi barədə müstəntiqin vəsatətinin müdafiə olunmasından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən imtina edilmişdir. (i.v. 79-81) - 22 fevral 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs müvəqqəti tutulmadan azad edilmiş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v. 82-83) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 26 fevral 2021-ci il tarixli tələbnamədən, hökmün və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 may 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4, 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 08 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 avqust 2016-cı il tarixli qərarı ilə “Azərbaycan Respublikasının Cinayət Məsəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 06 may 2016cı il tarixli Qanununa əsasən CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair müddəa hökmdən xaric edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 09 ay 21 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. (i.v. 94-95, 99-106, 108-112) -Bakı şəhər probasiya idarəsinin 02 noyabr 2021-ci il tarixli 21-1/3-9616/13 nömrəli məktubundan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 may 2013-cü il tarixli hökmü ilə 08 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nərimanov Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 09 ay 21 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş Təqsirləndirilən şəxs cəzası 02 aprel 2021-ci il tarixdə başa çatdığı üçün probasiya idarəsinin qeydiyyatından çıxarılmışdır. - 15 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin şərtlərini pozduğu, üzürlü səbəblər olmadan məhkəməyə gəlməyərək gizləndiyi üçün, habelə, məcburi gətirilməsinə dair qərarın icrası mümkün olmadığından Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən onun haqqında axtarış elan edilmiş, barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir; - 3 saylı istintaq təcridxanasının 25 sentyabr 2021-ci il tarixli 17/40-3976 nömrəli məktubundan görünür ki, barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs 25 sentyabr 2021-ci il tarixdə Nizami RPİ-nin əməkdaşları tərəfindən tutularaq həmin tarixdə saxlanılması üçün istintaq təcridxanasına təhvil verilmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, ittiham aktına əsasən müstəntiq tərəfindən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilsə də, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 may 2013-cü il tarixli hökmü ilə müəyyən olunaraq təqsirli bilindiyi cinayət əməlini yetkinlik yaşına çatmadığı dövrdə törətmişdir. Məhkəmə residivin müəyyən edilməsi zamanı yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlərin nəzərə alınmaması barədə Azərbaycan Respublikası CM-nin 18.4.2-ci maddəsinin tələbi baxımından hesab edir ki, həmin nəticə səhvdir, ona görə cinayətlərin residivi və bunun cəzanı ağırlaşdıran hal olması barədə müddəalar ittiham aktından xaric edilməli, nəzərə alınmamalıdır. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli qərarının 29-cu bəndinə əsasən məhkəmələr bu növ cinayətlər törətmiş şəxslərə cəza təyin edərkən onların hərəkətlərinin məqsədi və motivini, talanmış odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatlarının, partlayıcı maddələr və qurğuların əldə edilmə mənbəyini və ələ keçirmə üsulunu, onların növünü, miqdarını, dəyərini və döyüş xüsusiyyətlərini nəzərə almalıdırlar. Cinayət qanunvericiliyinə görə, CM-nin 228-ci maddəsində nəzərdə tutulan cinayətin bilavasitə obyekti silah, döyüş sursatı, partlayıcı qurğularla davranma sahəsində ictimai təhlükəsizlikdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun odlu silah və onun komplekt hissələrini əldə etməklə qəsdən az ağır cinayət əməli törətməsini, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının qeyri-mümkün olması qənaətinə gələrək, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə və CM-nin 69.3-cü maddəsinə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 20 fevral 2021-ci il tarixdən 22 fevral 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Cinayət işinin materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli qərarına əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 may 2013-cü il tarixli hökmü ilə təyin edilmiş və sonu 02 aprel 2021-ci il tarixdə başa çatmalı olan 08 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 09 ay 21 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, cəzanın çəkilməmiş hissəsi ərzində, 20 fevral 2021-ci il tarixdə o, qəsdən az ağır cinayət törətmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli qərarı ilə təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 may 2013-cü il tarixli hökmü ilə təyin edilmiş 08 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 09 ay 21 gün hissəsini Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin ediləcək müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirmək yolu ilə ona qəti müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, eyni zamanda onun cəzaçəkmə müddətinin başlanğıcı axtarışda olan şəxs kimi tutulduğu 25 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Həmin Məcəllənin 52.2.1 və 52.2.4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək beş il Azərbaycan Respublikasının ərazisində daimi yaşayan şəxslərə və valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxslərə şamil edilmir. Cinayət işinin materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 1996-cı il tarixdə Gürcüstan Respublikasında doğulmaqla həmin ölkənin vətəndaşı olsa da, o, ailəsi ilə kiçik yaşlarından Bakı şəhərinə gələrək yaşamış, orta təhsil almış, beş ildən artıq müddətdə Azərbaycan Respublikasının ərazisində daimi yaşamışdır, eyni zamanda AA3264108 nömrəli şəxsiyyət vəsiqəsinə sahib olan anası X1 Azərbaycan Respublikasının vətəndaşıdır. Ona görə məhkəmə hesab edir ki, bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi nəzərdə tutulan əcnəbi Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış baxış və götürmə aparılmasının videogörüntülərinin əks olunduğu bir ədəd DVD disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, müvafiq qaydada götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilən silah, onun komplekt hissəsi və döyüş sursatı cinayətin aləti olduğuna görə CPM-nin 132.1.1-ci maddəsinə əsasən dövlət nəfinə müsadirə edilərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təһvil verilməli, bir ədəd qəhvəyi rəngli əl çantası dəyəri olmadığından məhv edilməlidir; məhkəmə məsrəfinin tutulmasına əsas olan ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, dövlət hesabına təyin olunmuş vəkilin məhkəməyədək icraat və məhkəmə icraatı dövründə təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət ümumilikdə 50 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat olmaqla müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 20 fevral 2021-ci il tarixdən 22 fevral 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli qərarı ilə təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilsin, Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 may 2013-cü il tarixli hökmü ilə təyin edilmiş 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 09 (doqquz) ay 21 (iyirmi bir) gün hissəsi Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 25 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış, baxış və götürmə aparılmasının videogörüntülərinin əks olunduğu 01 ədəd DVD disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülməklə Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan 01 ədəd PC-2374 nömrəli 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapança, 01 ədəd onun komplekt hissəsi olan 08 ədəd 9/18 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş daraq və 03 ədəd 9x18 mm kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların döyüş sursatı olan ştat patronları dövlət nəfinə müsadirə edilərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təһvil verilsin, bir ədəd qəhvəyi rəngli əl çantası məhv edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə icraatı dövründə ümumilikdə 50 saat göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 300 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar