Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-17/2025 02.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Cavadov Rüfət Şahverən oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi – Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx xxx 1984-cü ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Abşeron rayonu, Mazasır Ə/D, Masazır kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində axtarış elan edilmiş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmiş, “həbs” qətimkan tədbiri seçilmiş, xx.xx.2025-ci il tarixdə tutulmuş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs özünün vəzifəli şəxslərlə yaxın əlaqəsi olması barədə yalan məlumat verib inandıraraq sonuncunun övladı X4 Azərbaycan Dövlət İqtisad Universitetinə tələbə kimi qəbul etdirəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə edib bu adla 09 iyun 2023-cü il tarixdə ünvan 3 ünvanda yerləşən “Ordubad” adı ilə fəaliyyət göstərən çay evində onun cinayətkar niyyətindən xəbərsiz olan tanışı Şahid2 vasitəsilə Zərərçəkmiş şəxs məxsus həmin dövrün rəsmi məzənnəsi ilə 26010 manat təşkil edən 15300 ABŞ dolları məbləğində pul vəsaitini alıb ələ keçirdikdən sonra verdiyi yalan vədə inandırmaq məqsədilə sonuncunu aldatmağa yönəlmiş qanunsuz hərəkətlərini davam etdirərək istintaqa məlum olmayan vaxtda və mənbədə hazırlanmış hüquq verən və vəzifədən azad edən rəsmi sənəd hesab edilən, guya Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Dövlət İqtisad Universitetindən verilmiş Zərərçəkmiş şəxs övladı X2 20 iyul 2023-cü il tarixdə həmin universitetə ərizə ilə müraciət etməsi və sənədlərinin qəbul olunmasına dair həqiqi məlumatları özündə əks etdirməyən 20 iyul 2023-cü il tarixli, 15/08- 258 saylı saxta arayışın kserosurətini ünvan 5 ünvanda yerləşən “Qara Qarayev” metrostansiyasının yaxınlığında Zərərçəkmiş şəxs təqdim edərək bilə-bilə saxta sənəddən istifadə etməklə Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Həmin əməlinə görə Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.4 və 320.2-ci maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş ittihamla özünü qismən təqsirli bilərək, Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsində nəzərdə tutulmuş ittihamla isə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, 2023-cü ilin əvvəllərində “Facebook” sosial şəbəkəsi vasitəsilə Şahid2 ilə tanış olmuşdur. 2023-cü ilin may ayının ortalarında “İnşaatçılar” metrostansiyasının yaxınlığında yerləşən kafelərin birində Ədillə görüşdüyü zaman Ədil kiminləsə telefonla danışmışdır. O, Ədildən kiminlə danışdığını soruşduqda Ədil Zərərçəkmiş şəxs adlı tanışı ilə danışdığını, onun oğlunun ali məktəbə qəbul imtahanına hazırlaşdığını, lakin depressiyada olduğuna görə imtahanda yaza bilməyəcəyindən narahat olduğunu bildirmişdir. Ədil ondan Mətanətin oğlunun ali məktəbə qəbul edilməsinə köməklik göstərə biləcək tanışının olub-olmadığını soruşmuşdur. O, belə bir tanışının olmadığını, qəbul imtahanlarının X7 tərəfindən həyata keçirildiyini, qəbul məsələsinə kiminsə müdaxilə edə bilməyəcəyini bildirmişdir. O, bundan bir müddət sonra əlavə təhsil almaq üçün “Odlar Yurdu” Universitetinə müraciət etmiş, lakin əlavə təhsilə qəbul müddətinin başa çatması səbəbindən sənədlərini verə bilməmişdir. Həmin vaxt universitetdən çıxarkən əvvəllər tanıdığı, həmin universitetin rəhbərliyinin sürücüsü Şahid1 görmüşdür. Faiqlə salamlaşıb söhbət etdikdən sonra Ədilin Mətanətin oğlunun universitetə qəbul edilməsinə köməklik göstərilməsi ilə bağlı müraciəti yadına düşmüşdür. Şahid1 bu məsələdə köməklik göstərə biləcəyini soruşmuş, Faiq köməklik göstərə biləcəyini demişdir. O, Ədilə zəng vuraraq bu barədə bildirmiş və Faiqin nömrəsini Ədilə vermişdir. Ədil axşamüstü Faiqlə görüşüb danışdığını, bununla bağlı Zərərçəkmiş şəxs ilə görüşmələrini xahiş etmiş o, razılaşmışdır. Görüş zamanı Mətanət oğlunun attestat nəticələrini Ədilə göndərmiş, Ədil də həmin nəticələri Faiqə göndərməsi üçün ona göndərmişdir. O da nəticələri Faiqə göndərmişdir. Görüş zamanı Mətanət oğlunun universitetə qəbul edilməsi məsələsi həll edilməyincə pulu vermək istəmədiyini bildirmişdir. O, Faiqə zəng vuraraq bu barədə bildirmiş, Faiq isə pulun əvvəlcədən verilməli olduğunu bildirmişdir. Bir müddət sonra Ədillə görüş zamanı Ədil Mətanətin qohumunun Faiqə 15000 ABŞ dolları verdiyini, Faiqin əlavə 1500 ABŞ dolları da tələb etdiyini bildirərək nə səbəbə əlavə pul tələb etdiyini soruşmuşdur. O da bu barədə məlumatı olmadığını bildirmişdir. Bir müddət sonra Faiq ona zəng vuraraq Mətanətin əlavə 1500 ABŞ dolları verdiyini demişdir. Bir müddət sonra Faiq ona zəng vuraraq işi həll edə bilmədiyi üçün pulu qaytarması ilə bağlı Mətanətlə danışdığını bildirmişdir. 2023-cü ilin iyun ayının 9-da X8 pulu onun almasını xahiş etdiyini, bu barədə Faiqlə danışdığını, pulu götürmək üçün Faiqlə görüşməyə getdiyini bildirərək onunla getməsini xahiş etmişdir. O, Ədillə birlikdə Bakı şəhəri Nizami rayonunun yerləşən “Ordubad” adlı çay evinə getmiş, orada bir neçə saat Faiqi gözləmişlər. Həmin gün saat 20:00 radələrində Faiq yanlarına gəlmiş və pulu gətirdiyini bildirmişdir. Ədil Mətanətə zəng edərək mikrofona qoymuş Faiqin pulu gətirdiyini bildirmişdir. Bu zaman Faiq danışığa qoşularaq onu və Ədili nəzərdə tutaraq “pulu bunların hansına verim” deyə soruşmuş, Mətanət isə pulu Ədilə verməsini tapşırmışdır. Bu zaman Ədil kabinetə kiminsə girə biləcəyini bildirərək ondan çölə çıxmasını xahiş etmiş, o, razılaşaraq otaqdan çıxmışdır. O, qapının ağzında pulu saydıqlarını eşitmişdir. Sonra Mətanətə zəng etmişlər, Mətanət pulun tam olduğunu demişdir. Bundan sonra onlar kafedən çıxıb getmişlər. Bir neçə gün sonra Ədillə görüş zamanı Ədil pulu Mətanətə vermədiyini, onun oğlunu başqa şəxs vasitəsi ilə 2-ci turda 18000 ABŞ dolları müqabilində Kooperasiya Universitetinə qəbul etdirəcəyini bildirmişdir. Ədil Mətanətə bu işi öz tanışının vasitəsilə deyil, guya onun tanışının vasitəsilə həll edəcəyini bildirmişdir. Mətanət tez-tez iş barədə soruşduqda Ədil ondan Mətanətlə danışıb işin həll olunacağını deməsini xahiş etmiş, o da Mətanətlə danışıb işin həll ediləcəyini demişdir. İmtahan keçirilmiş və Mətanətin oğlu imtahandan keçməmişdir. Cavablar çıxdıqda o, Ədillə kafedə olmuş, Mətanət Ədilə zəng vurmuş, lakin Ədil cavab verməmişdir. Bundan sonra Mətanət onun telefonuna mesaj yazmışdır. Sonra ona zəng edərək niyə işin həll olunmadığını soruşmuş, o isə işi həll edəcək şəxslə danışıb məlumat verəcəyini bildirmişdir. O, Ədildən məsələni dərhal həll etməsini tələb etmişdir. Bir neçə gün sonra Ədil onunla əlaqə saxlayaraq İqtisad Universitetində keçiriləcək daxili imtahanla Mətanətin oğlunun universitetə qəbul ediləcəyini, bununla bağlı müvafiq sənədi Mətanətə göstərməsi üçün ona gətirəcəyini bildirmiş və məktubun şəklini ona göndərmişdir. Ədillə “Qara Qarayev” metrostansiyasının yaxınlığına getmişlər. Mətanətlə binanın qarşısında görüşmüş, həmin sənədi Mətanətə göstərmişdir. Sonra maşına qayıtmış, sənədi Ədilə qaytarmış və birlikdə geri qayıtmışlar. Bundan sonra Mətanət dəfələrlə onunla əlaqə saxlayaraq pulunu tələb etməyə başlamışdır. Ədil də hər dəfə ondan Mətanətə pulu qaytaracağına dair vədlər verməsini xahiş etdiyinə görə o da pulun onda olmamasına baxmayaraq dəfərlərlə Mətanətlə bu məzmunda danışmışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyan tam ödənilmişdir, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən 7 övladının olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsirliliyi aşağıdakı sübutlarla təsdiq olunur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, oğlu İsmayıl universitetə hazırlaşmış, lakin oğlunun hazırlıq səviyyəsi yaxşı olmadığına görə universitetə qəbul ola bilib-bilməyəcəyindən narahat olmuşdur. 2023-cü ilin may ayının ortalarında tanışı Şahid2 ilə bu barədə söhbət edərkən Ədil ona Təqsirləndirilən şəxs adlı tanışının yüksək vəzifəli tanışlarının olduğunu və oğlunun universitetə qəbul edilməsinə köməklik edə bilib-bilməməsi barədə Mehribanla məsləhətləşəcəyini bildirmişdir. Bir neçə gün sonra Ədil Mehriban ilə danışdığını, oğlunu “Odlar Yurdu” Universitetinə qəbul etdirə biləcəyini bildirmişdir. 2023-cü ilin may ayının ortalarında Yasamal rayonunun ərazisində olan “Mado” adlı restoranda o, qızı, Ədil, Mehriban və onun qızı ilə görüşmüşlər. Söhbət zamanı Mehriban oğlunu “Odlar Yurdu” Universitetinə həmin universitetin rektorunun sürücüsü Şahid1 vasitəsi ilə qəbul etdirə biləcəyini, Faiqin bunun müqabilində 15000 ABŞ dolları tələb etdiyini bildirmişdir. 27 may 2023-cü il tarixdə ailə yaxınları olan Əliyə 15000 ABŞ dolları və Faiqin mobil telefon nömrəsini vermişdir. Həmin gün Əli Faiqlə “Gənclik” metrostansiyasının yaxınlığında görüşmüş, oğlu İsmayılın sənədlərini və 15000 ABŞ dollarını Faiqə vermişdir. Daha sonra işin həll edilməsi üçün əlavə olaraq 1500 ABŞ dolları pul istəmişlər. 02 iyun 2023-cü il tarixdə “Romance Palace” şadlıq sarayının həyətində Faiqlə görüşüb 1500 ABŞ dollarını ona vermişdir. Bir müddət keçdikdən sonra cavablar açıqlanmış və oğlunun adı həmin siyahıda olmamışdır. O, Faiq və Mehribanın bu işi həll etmədiklərini başa düşmüş və onlarla əlaqə saxlayaraq pulunu geri tələb etmişdir. Mehriban narahat olmamasını, pulu Faiqdən götürdükdən sonra 2-ci turda oğlunu başqa yüksək vəzifəli şəxslərin vasitəsilə başqa universitetə qəbul etdirəcəyini bildirmiş, o da razılaşmışdır. Bundan sonra Ədilə Faiqdən pulu götürməsini tapşırmışdır. Ədil ona 09 iyun 2023-cü il tarixdə Faiqlə görüşərək 16500 ABŞ dolları məbləğində pulu Faiqdən aldığını bidirmişdir. O, Ədilə götürdüyü 16500 ABŞ dollarından 15000 ABŞ dolları və 1000 manatını Mehribana verməsini, 1000 manatını özünə götürməsini, qalan 500 manatını isə ona qaytarmasını tapşırmışdır. Ədil onun dediyi kimi 09 iyun 2023-cü il tarixdə 15000 ABŞ dolları və 1000 manat pulu Mehribana vermişdir. Mehriban onunla əlaqə saxlayaraq Ədilin pulu ona verdiyini təsdiq etmiş və oğlunun universitetə qəbul edilməsi məsələsini başqa vəzifəli şəxs vasitəsi ilə həll edəcəyini bildirmişdir. Mehriban 23 iyul 2023-cü il tarixdə ona oğlunun sənədlərinin Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul edilməsi barədə arayışı göstərmişdir. Sonra o, oğlunun universitetə qəbul edilmədiyini görüb Mehribandan pulunu qaytarmağını tələb etmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış, həmçinin notariat qaydada verilmiş ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və maddi tələbi yoxdur. Gələcəkdə də bu işlə bağlı heç bir iddiası və maddi tələbi olmayacaqdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, “Odlar Yurdu” Universitetinin sürücüsü vəzifəsində işləyir. 2023-cü ilin may ayının ortalarında universitetin həyətində Təqsirləndirilən şəxs ilə rastlaşmış, salamlaşıb söhbət etmişlər. Mehriban ondan yaxın qohumunun oğluna hansısa bir universitetə qəbul olunmasına köməklik etməsini xahiş etmişdir. O, əvvəl razılaşmamış, lakin Mehriban israr etdiyindən kömək etməyə çalışacağını demişdir. Mehriban Ədilə zəng etmiş, onlar görüş təyin etmişlər. 26 may 2023-cü il tarixdə Ədillə görüşmüşlər, Ədil də həmin şəxsin ən yaxın adamı olduğunu bildirib köməklik etməsini xahiş etmiş, o, söz verməmiş, lakin kömək etməyə çalışacağını bildirmişdir. Həmin gün axşamçağı “Gənclik” metrostansiyasının yaxınlığında o, Ədil və Mətanət görüşmüşlər. Mətanət ona oğlunun universitetə qəbul edilməsinə köməklik göstərməsini xahiş etmiş və bunun üçün nə qədər pul lazım olduğunu soruşmuşdur. O, təxminən 15000 ABŞ dolları lazım olacağını bildirmişdir. 27 may 2023-cü il tarixdə “Gənclik” metrostansiyasının yaxınlığında özünü Mətanətin qardaşı oğlu kimi təqdim etdiyi şəxslə görüşmüş, həmin şəxs ona 15000 ABŞ dolları məbləğində pul və Mətanətin oğluna aid sənədləri vermişdir. Bir müddət sonra Mətanətə əlavə pul lazım olduğunu demişdir. 02 iyun 2023-cü il tarixdə Mətanətlə “Romance Palace” şadlıq sarayının həyətində görüşmüş və Mətanət ona 1500 ABŞ dolları məbləğində pul vermişdir. Bir müddət sonra o, Mətanətin oğlunun işinin düzəlmədiyini görüb Mətanətə zəng edib üzrxahlıq etmiş və pulu qaytarmaq istədiyini bildirmişdir. Mətanət ona pulu Ədilə qaytarmasını bildirmişdir. 09 iyun 2023-cü il tarixdə Ədillə Nizami rayonunda yerləşən “Ordubad” adlı çay evində görüşmüşdür. Ədil oraya Mehribanla birlikdə gəlmişdir. O, 16500 ABŞ dolları məbləğində pulu Ədilə vermiş, Ədil pulu sayıb götürmüşdür. Ədil Mətanətə zəng edərək telefonu mikrofona qoymuş, o, Mətanətə 16500 ABŞ dolları məbləğində pulu Ədilə verdiyini demiş, Ədil də bunu təsdiq etmişdir. O, Ədilgildən ayrılmış və bundan sonra nə baş verdiyindən xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə ailəvi dostluqları olmuşdur. Mətanət xanımın oğlu İsmayıl 2023-cü ildə universitetə qəbul imtahanına hazırlaşmışdır. May-iyun aylarında Mətanət xanım ona Ədil adlı tanışı olduğunu, Ədilin Mehriban və Faiq adlı tanışlarının onun oğlunu “Odlar Yurdu” Universitetinə qəbul edilməsinə köməklik göstərəcəklərini bildirmişdir. 21 may 2023-cü il tarixdə qəbul imtahanı keçirilmişdir. İmtahandan bir neçə gün sonra Mətanət xanım ona 25500 manat pul verərək həmin pulu ABŞ dollarına çevirməsini, Faiq adlı şəxsə verməsini xahiş etmiş və ona Faiqin nömrəsini vermişdir. O, Mətanət xanımdan aldığı 25500 manat pulu 15000 ABŞ dollarına çevirmişdir. O, 27 may 2023-cü il tarixdə “Gənclik” metrostansiyasının yaxınlığında Faiqlə görüşüb İsmayılın sənədlərini və 15000 ABŞ dolları məbləğində pulu ona vermişdir. Bundan 3-4 gün sonra Mətanət xanım onunla əlaqə saxlayaraq Mehriban və Faiqin əlavə olaraq 1500 ABŞ dolları tələb etdiklərini və həmin məbləğdə pulu Faiqə şəxsən verdiyini bildirmişdir. Bir müddət sonra imtahanın 1-ci mərhələsinin nəticələri açıqlanmış, İsmayılın adı universitetə qəbul olanların siyahısında olmamışdır. Buna görə də Mətanət xanım pulunu geri tələb etmişdir. Mətanət xanım ona Ədilin 16500 ABŞ dolları məbləğində pulu Faiqdən aldığını, həmin pulun 15000 ABŞ dollarını və 1000 manatını Mehribana verməsini, 1000 manatını Ədilin özünə götürməsini, qalan 500 manatını isə ona qaytarmasını tapşırdığını bildirmişdir. Həmin vaxtdan sonra Ədil, Mehriban və Faiq dəfələrlə İsmayılın başqa universitetlərə qəbul ediləcəyini vəd etmələrinə baxmayaraq vədlərinə əməl etməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 2023cü ilin may ayının ortalarında tanışı Zərərçəkmiş şəxs ona oğlu İsmayılın ali məktəbə hazırlaşdığını, lakin hazırlıq səviyyəsi yaxşı olmadığından oğlunun universitetə qəbul edilməsinə köməklik etməsini xahiş etmişdir. O, bu məsələ ilə bağlı Təqsirləndirilən şəxs ilə danışmış, Mehriban ona “Odlar Yurdu” Universitetinin rektorunun sürücüsü Şahid1 vasitəsilə İsmayılı universitetə qəbul etdirə biləcəyini bildirmişdir. 2023-cü ilin may ayının sonlarında Yasamal rayonu ərazisində yerləşən “Mado” adlı restoranda o, Mətanət, onun qızı, Mehriban və onun qızı görüşmüşlər. Söhbət zamanı Mehriban İsmayılı “Odlar Yurdu” Universitetinə həmin universitetin rektorunun sürücüsü Şahid1 vasitəsi ilə qəbul etdirə biləcəyini, Faiqin bunun müqabilində 15000 ABŞ dolları tələb etdiyini bildirmiş, Mətanət xanım razılaşmışdır. 27 may 2023-cü il tarixdə Mətanətin Əli adlı qohumu 15000 ABŞ dolları məbləğində pulu Faiqə vermişdir. Bundan qısa müddət sonra Faiq və Mehriban əlavə olaraq 1500 ABŞ dolları pul lazım olduğunu bildirmişlər, Mətanət həmin məbləğdə pulu Faiqə vermişdir. Bir müddət keçdikdən sonra cavablar açıqlanmış, lakin İsmayılın adı qəbul olunanların siyahısında çıxmamışdır. Buna görə də Mətanət narazılığını bildirmiş və pulunu geri tələb etmişdir. Mətanət Mehribanla danışıb narazılığını bildirdikdə Mehriban pulu Faiqdən almağı, sonradan başqa vəzifəli tanışlarının köməkliyi ilə İsmayılı başqa universitetə düzəldəcəyini bildirmiş, Mətanət xanım da razılaşmışdır. Mətanət onunla əlaqə saxlayaraq Faiqin pulu qaytarmaq istədiyini, Faiqlə görüşüb pulu götürməsini xahiş etmiş, o da razılaşmışdır. 09 iyun 2023-cü il tarixdə Mehribanla birlikdə “Ordubad” adlı çay evində Faiqlə görüşmüşlər. Faiq ümumilikdə 16500 ABŞ dolları pulu tam şəkildə ona vermiş, o da Mətanət xanımla əlaqə saxlayaraq pulu tam şəkildə aldığını bildirmişdir. Mətanət ona həmin puldan 15000 ABŞ dollarını və 1000 manatını Mehribana verməsini, 1000 manatını özünə götürməsini, qalan 500 manatı isə ona göndərməsini tapşırmışdır. O da Mətanətin dediyi qaydada dolların manata olan məzənnəsi ilə hesablayaraq Mehribanın təklifi ilə Mehribanın ona əvvəlcədən olan borcundan 490 manat pulu çıxıb 15300 ABŞ dollarını ona vermiş, 1050 manatını özünə götürmüş, qalan 500 manat pulu isə hissə-hissə Mətanətə göndərmişdir. Mehriban işin alınması üçün 15000 ABŞ dollarının bütövlükdə iş görməli olan hansısa vəzifəli şəxsə çatmalı olduğunu bildirmişdir. Bundan bir müddət sonra Mətanət və o, Mehribanın kirayədə yaşadığı evinə getmişlər. Mehriban vəzifəli şəxsin sürücüsü vasitəsi ilə İsmayılı qəbul imtahanının 2-ci turunda qəbul etdirəcəyini bildirmiş, Mətanət xanım da onunla razılaşmışdır. Bundan sonra dəfələrlə oxşar məzmunlu danışıqlar olsa da heç bir irəliləyiş görməmişlər. Hətta Mehriban bir dəfə İsmayılın sənədlərinin Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul edilməsi barədə məktubu da göstərmişdir. Bundan sonra 2-ci turun cavabları açıqlanmış və İsmayılın “0 bal” toplaması barədə mesaj gəlmişdir. Bundan sonra Mətanət pulunu tələb etməyə başlamışdır. Mehriban isə pulu çox yüksək vəzifəli şəxsə verdiyini demiş, lakin həmin şəxsin kim olduğunu deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, 2014cü ilin dekabr ayından 2023-cü ilin oktyabr ayınadək Azərbaycan Dövlət İqtisad Universitetində ümumi şöbənin müdiri vəzifəsində işləmişdir. Onun adı, soyadı və imzası ilə tərtib olunmuş 20 iyul 2023-cü il tarixli arayış onun tərəfindən tərtib edilməmiş, ordakı imza ona məxsus deyildir. X6 Azərbaycan Dövlət İqtisad Universitetində təhsil almamış, həmin universitetin məzunu olmamış və bununla bağlı universitetə müraciət etməmişdir. İşlədiyi Azərbaycan Dövlət İqtisad Universitetinin arayışlarında olan və hazırda işlədilən blank və əsas möhürün təsviri ən azı 2 il bundan qabaq dəyişdirilmişdir. Azərbaycan Dövlət İqtisad Universitetinə təqdim edilmiş arayışda qeyd olunan blank, loqo və möhür 2017-ci il tarixədək istifadə olunmuşdur. Həmin arayışın kim tərəfindən nə vaxt, hansı məqsədlə və hansı şəraitdə hazırlanması barədə məlumatı yoxdur. Azərbaycan Dövlət İqtisad Universitetinə X2 müraciət etməsi bağlı arayış verilməmişdir. Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və Şahid2 tanımır. Kimin kimdən hansı məqsədlə, nə qədər pul alması barədə məlumatı yoxdur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması haqqında 07 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılmışdır. - zərərçəkmiş şəxs qismində tanınma haqqında 06 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. - diskə baxış keçirilməsi haqqında 30 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi Təqsirləndirilən şəxs ilə aralarında “WhatsApp” sosial şəbəkəsi vasitəsilə danışdığı səs yazılarını əks etdirən bir ədəd “CD” formatlı diskə Təqsirləndirilən şəxs və onun vəkili X5 iştirakı ilə baxış keçirilən zaman müəyyən edilmişdir ki, diskdə 10 ədəd WhatsApp Audio 2023-08-01 at 16.36.42; WhatsApp Audio 2023-08-01 at 16.41.06; WhatsApp Audio 2023-08-01 at 16.45.06; WhatsApp Audio 2023- 08-01 at 16.47.52; WhatsApp Audio 2023-08-01 at 16.53.35; WhatsApp Audio 2023-08-01 at16.27.00; WhatsApp Audio 2023-08-01 at 16.32.30; WhatsApp Video 2023-08-01 at 16.11.39 və WhatsApp Video 2023-08-01 at 16.15.13 fayllarda səs yazısı vardır. Həmin səs yazılarına qulaq asdıqda WhatsApp Audio 2023-08-01 at 16.36.42 faylda Fərruxlu X1 işi ilə bağlı danışır və işi kiminləsə görməsini, Mətanətin işinə görə narahat olmamasını bildirir. WhatsApp Audio 2023-08-01 at 16.36.42 faylda olan səs yazısı 43 saniyə davam edir. WhatsApp Audio 2023-08-01 at 16.45.06 faylda Fərruxlu X3 Ədil Tahir oğlu və Zərərçəkmiş şəxs ilə Zərərçəkmiş şəxs oğlunun universitet məsələsi ilə bağlı danışaraq ağlaya-ağlaya sonuncunun uşağının işini həll edəcəyini, həftənin 5-ci gününə qədər işin alınmasını, iş gördüyü şəxsə güvəndiyini, həmin şəxsin onun uşağını İqtisad Universitetinin Dərbənd filialına düzəldəcəyini, bir ilin tamamında həmin uşağı Bakının istənilən universitetinə dəyişəcəyini, Mətanətin razılaşdığı halda onun uşağının Dərbəndə getməyəcəyini, əgər alınmasa pulu qaytarıb verəcəyini, həmin şəxsin adını verməyəcəyini, lazım gəlsə işin məsuliyyətini öz üzərinə götürəcəyini və pulu özü birinci günə qaytaracağını bildirir. Həmin vaxt Zərərçəkmiş şəxs Dərbəndi istəmədiyini bildirib Təqsirləndirilən şəxs pulunu geri qaytarmasını istəyir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs pulu borc aldığını və pulu sahibinə qaytarmalı olduğunu bildirir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs pulunu tələb edir, Təqsirləndirilən şəxs pulu qaytarmaq üçün həftənin birinci gününə qədər vaxt istəyir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onun oğlunun işini görən şəxsin telefon nömrəsini istədikdə Təqsirləndirilən şəxs bildirir ki, “məni öldürsələr belə həmin şəxsin telefonunu verə bilmərəm, o adam elə şəxsdir ki, mümkün deyil ki, onun telefonunu mən kiməsə verim. Camaatın nə qədər pulu var həmin şəxslərdə mən onun nömrəsini heç kimə verə bilmərəm camaatın pulu batar. Sən bu dəqiqə nə etsən də mən deyəcəm mən almışam, mən yemişəm, borc mənimdir, mən heç kimi satası deyiləm”. WhatsApp Audio 2023-08-01 at 16.45.06 faylda olan səs yazısı 6 dəqiqə 04 saniyə davam edir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, diskdə WhatsApp Audio 2023-08-01 at 16.36.42 və WhatsApp Audio 2023-08-01 at 16.45.06 faylda olan səs onun səsidir, Şahid2 və Zərərçəkmiş şəxs ilə aralarında Zərərçəkmiş şəxs oğlunun universitetə düzəlməsi ilə bağlı danışmışlar. - diskə baxış keçirilməsi haqqında 30 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Şahid2 təqdim etdiyi Təqsirləndirilən şəxs ilə aralarında “WhatsApp” sosial şəbəkəsi vasitəsilə danışdığı səs yazılarını əks etdirən bir ədəd “CD” formatlı diskə Təqsirləndirilən şəxs və onun vəkili X5 iştirakı ilə baxış keçirilən zaman müəyyən edilmişdir ki, diskdə 5 ədəd WhatsApp (1); WhatsApp Audio (1); WhatsApp Audio (2); WhatsApp Audio 4 və WhatsAap Audio 5 fayllarda səs yazısı vardır. WhatsApp (1); WhatsApp Audio (1); WhatsApp Audio (2); WhatsApp Audio 4 və WhatsApp Audio 5 fayllarda Fərruxlu X3 Ədil Tahir oğlu ilə Mətanətin işi ilə bağlı danışır və işin kiminləsə görməsini həmin şəxsin işi görməsini üzərinə götürməsini, Mətanətin işinə görə narahatlıq olmamasını bildirir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, diskdə WhatsApp (1); WhatsApp Audio (1); WhatsApp Audio (2); WhatsApp Audio 4 və WhatsApp Audio 5 fayllarda səs yazısı vardır. WhatsApp (1); WhatsApp Audio (1); WhatsApp Audio (2); WhatsApp Audio 4 və WhatsApp Audio 5 fayllarda olan səs onun səsidir, Şahid2 ilə aralarında Zərərçəkmiş şəxs oğlunun işi ilə bağlı vaxtı olmadığından görüşə bilməməsi, Zərərçəkmiş şəxs oğlunun işini düzəltməsi ilə bağlı danışmışlar. - diskə baxış keçirilməsi haqqında 30 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Şahid2 təqdim etdiyi 02 vərəqdən ibarət “WhatsApp” yazışmalarına şübhəli şəxs Təqsirləndirilən şəxs və onun vəkili X5 iştirakı ilə baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin “WhatsApp” yazışmalarında “əl çəkməz bayquşşş, Meni onnarnan üz üze getirme, dünen arada qiyamt olub ha, Men çalışıram, boş dayammıtram, Onlarla kelme kesen deyilem, Gel da, Allah buların belasını versin, Getirecem deyir, Sebr et görek, nefes ala bilmirem, Evi yıxılsın bunların, Gözle deyir, gözle gözle, Sende veziyyet necədir, Zeng zad varını, Sebr et, Az qaldı deyir., Zaryatka bitir” sözləri qeyd olunmuşdur. Sorğu zamanı ki, Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş “WhatsApp” yazışmalarında qeyd olunanlarla razıdır və həmin yazışmanı Şahid2 ilə aparmışdır. - Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən verilmiş 30 yanvar 2024-cü il tarixli 010-030-xx/xx/2024 saylı məktubdan görünür ki, vətəndaş X2 adına 20 iyul 2023-cü il tarixli, 15/08-293 saylı arayış Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Ümumi şöbəsinin sabiq şöbə müdiri Şahid4 tərəfindən verilməmişdir. UNEC-in təhsil alanları və məzunları sırasında X6 adlı şəxs yoxdur. - cinayət işi üzrə əməlin tövsif edilməsi barədə 30 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.4 və 320.2-ci maddələrinə tövsif olunmuşdur. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 30 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4 və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. - qətimkan tədbirinin seçilməsi haqqında 30 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. - cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında 12 fevral 2024-cü il tarixli qərardan görünür ki, 02 ədəd “CD” formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. - nikah haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində xx.xx.2009-cu il təvəllüdlü İsmayılov Mədət, xx.xx.2010-cu il təvəllüdlü İsmayılov Səməd, xx.xx.2012-ci il təvəllüdlü İsmayılova Arzu, xx.xx.2013-cü il təvəllüdlü İsmayılov Öməryusif, xx.xx.2016-cı il təvəllüdlü İsmayılov Həsən və İsmayılov Hüseyn, xx.xx.2019-cu il təvəllüdlü İsmayılova Firəngiz adlı 7 yetkinlik yaşına çatmayan uşağı vardır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 11 dekabr 2023-cü il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-17/2025 nömrəli, 29 iyul 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilmiş və “həbs” qətimkan tədbiri seçilmişdir. - axtarışda olan şəxsin tutulması haqqında 08 noyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 noyabr 2025-ci il tarixdə Abşeron RPİ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, 7 №-li Qərarına əsasən törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və.s) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 320.2-ci maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələrlə tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.4 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1-ci maddəsinə müvafiq olaraq böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Təqsirləndirilən şəxsə ittiham olunan Cinayət Məcəlləsinin 320.2-ci maddəsinin sanksiyasından da aydın olur ki, həmin əməl cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətə aiddir. Bununla belə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə baxmayaraq müdafiə tərəfi bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsinə razılıq verməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Bundan əlavə həmin Məcəllənin 44.2.1-ci maddəsinə görə bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 iyul 2008-ci il tarixli Qərarında qeyd olunur ki, cinayət və cinayət prosessual qanunvericiliyi məhkəmə tərəfindən ittiham hökmünə əsasən cəzadan azad etmənin iki şərtsiz halını nəzərdə tutur: cinayət məsuliyyətinə cəlbetmə müddətlərinin keçməsi və amnistiya aktının mövcud olması. Buna görə də məhkəmə hesab edir ki, iş üzrə ittiham hökmü çıxarılmalı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, lakin həmin maddə ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası CM-nin 75.1.1-ci və Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddələrinə əsasən barəsində cəza təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə törətdiyi əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 №li qərarında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini və onunla barışmasını, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını, himayəsində 7 yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Məhkəmə Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 24 gün həbsdə saxlanılmasını nəzərə alaraq hesab edir ki, onun barəsində təyin ediləcək cərimə cəzası yüngülləşdirilməlidir. Azərbaycan Respublikasının CPM-nin 346.1.19-346.1.20-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilməli, hökm qanuni qüvvəyə minənədək barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməli; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 02 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası CM-nin 75.1.1-ci və Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddələrinə əsasən barəsində cəza təyin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, barəsində 4000 (dörd min) manat miqdarında cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 24 gün həbsdə saxlanılması nəzərə alınmaqla üzərində 3500 (üç min beş yüz) manat miqdarında cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya İdarəsinə tapşırılsın. Cinayət işi üzrə maddi sübut olan 2 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-17/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-17/2025
02.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver