Məhkəmə qərarları › İş №1(007)-170/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-170/2022

08.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-170/2022 08.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 30 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1964-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, N.Abdullayev küçəsi ev 7, mənzil 110-da qeydiyyatda olmaqla yaşayan, 03 mart 2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, o, cavabdeh kimi ondan 12000 ABŞ dolları vəsaitinin (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30,40 manat məbləğində pulun tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli, 2(103)-13089/2018 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 3(007)-1894/2021 nömrəli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 manat məbləğində inzibati qaydada cərimə tənbeh növü təyin edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yenidən müddət verilərək dəfələrlə məsuliyyəti elan olunmaqla 10 avqust 2021-ci il və 26 avqust 2021-ci il tarixlərdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, 17 sentyabr 2021-ci il tarixə kimi qətnamə üzrə borcunu ödəməyərək zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, qohumlarına məxsus evdə ailəsi ilə birlikdə yaşayır, işəmuzd sürücü kimi fəaliyyət göstərir. Zərərçəkmiş şəxs 2013-cü ildən tanıyır, Bakı şəhəri Babək prospektində yerləşən avtoservisdə birlikdə işləyərkən onu tanımışdır. 2014-cü ilin avqust ayında mülkiyyətində olan “BMW-318i” markalı avtomobili Zərərçəkmiş şəxs 12000 ABŞ dolları məbləğinə satmış, aralarında faktiki olaraq alqı-satqı olsa da, ona həmin maşını etibarnamə əsasında vermiş, razılığa əsasən Zərərçəkmiş şəxs maşına dair ilkin olaraq 7000 ABŞ dolları məbləğində pul ödəmiş, qalıq hissəsini isə hissə-hissə 6 ay müddətində ödəcəyinə söz vermiş, bu səbəbdən ilkin olaraq həmin maşını İlqara etibarnamə əsasında vermiş, tam məbləğ ödənildikdən sonra adına rəsmiləşdirilməsinə söz vermişdir. Faktiki alqı-satqıdan sonra Zərərçəkmiş şəxs həmin maşına dair bir neçə aylıq ödəniş etmiş, 2015-ci ilin əvvəllərində ölkədə baş verən devalivasiyadan sonra Zərərçəkmiş şəxs qalıq borcunu köhnə məzənnə ilə manatla ödəniş edəcəyini bildirmiş, həmin maşını dollar valyutası ilə alqı-satqının razılaşdırıldığını bildirsə də, sonuncu bununla razı olmamışdır. Lakin bundan sonra uzun müddət Zərərçəkmiş şəxs onunla əlaqə saxlamamış, heç bir ödəniş etməmiş, maşını özü istismar etmiş, sonradan həmin etibarnamənin müddəti bitdiyindən təxminən 2017-ci ilin sonlarında Zərərçəkmiş şəxs ona zəng edərək notariat kontoruna yaxınlaşmağını bildirmiş, görüşərək ona qalıq borcu olan 2000 manat məbləğində pulu ödəmiş və yeni etibarnamənin verilməsini istəmiş, pulu qəbul etdikdən sonra yeni etibarnamə verilməsi üçün notariat kontoruna müraciət etdikdə etibarnamənin verilməsindən imtina olunmuş, səbəb kimi isə həmin nəqliyyat vasitənin məhkəmə tərəfindən bank öhdəliyinə görə həbsdə olması bildirilmiş, bu səbəbdən həbsin götürülməsi ilə bağlı məhkəməyə müraciət edərək bankın qarşısında olan öhdəliyi üzrə borcunu ödəyib maşının üzərindən həbs götürdükdən sonra həmin maşını Zərərçəkmiş şəxs adına rəsmiləşdirilməsini təklif etmişdir. İlqar artıq həmin maşından imtina edərək ona ödədiyi 12000 ABŞ dolları məbləğində pulu tələb etmiş, sonra həmin tələblə əlaqədar məhkəməyə müraciət etmiş və nəticədə Bakı Apellyasiya Məhkəməsinin 13 dekabr 2018ci il tarixli qətnaməsinə əsasən ondan 12000 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), habelə dövlət rüsumunun əvəzi qismində 30,40 manat alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunması üçün Nizami rayon icra şöbəsinə daxil olmuş, icra məmuru tərəfindən icra işi başlanılaraq tələbin könüllü icra olunması üçün ona 10 günlük müddət verilmişdir. Həmin məbləğdə pulun qaytarılması tələbini icra etməmiş, daha sonra barəsində məcburi icra tədbirləri həyata keçirilmiş, əmlakına və pul vəsaitlərinə dair müvafiq təşkilatlara sorğular verilmiş və adına yuxarıda qeyd olunan həmin mübahisəli avtonəqliyyat vasitəsi aşkar olunmuşdur. Lakin həmin avtomobilin əvvəldən Zərərçəkmiş şəxs istismarında olmasını bildirmiş, sonra da avtomobil Zərərçəkmiş şəxs alınaraq cərimə meydançasına yerləşdirilmiş, məcburi icra tədbirləri nəticəsində maşın 10000 manat dəyərində qiymətləndirilmiş və hərrac nəticəsində ilkin olaraq həmin əmlak tələbkar Zərərçəkmiş şəxs təklif olunmuşdur. Lakin sonuncu həmin avtomobili qəbul etməkdən imtina etdiyindən açıq hərraca yönəlmiş, hərracda nəqliyyat vasitəsi satılmamış və cərimə meydançasında məhkəmə qərarı əsasında saxlanılmışdır. İcra məmurunun tələblərinə əməl edə bilmədiyindən və icra vərəqəsi üzrə tələbi tam icra etmədiyindən icra məmuru tərəfindən iki dəfə inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş, hər iş üzrə 500 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. İcra zamanı qətnamə üzrə ümumilikdə 950 manat məbləğində ödəniş apara bilmişdir. “Elektron icra” informasiya sistemində mülkiyyətində olmuş 2007-ci il istehsalı olan “Chevrolet Lacceti” markalı nəqliyyat vasitəsini 11 may 2019-cu il tarixdə etibarnamə əsasında idarə edən X1 adına rəsmiləşdirilməsi onunla bağlı olmuşdur ki, həmin avtomobil 2008-ci ildə servisdən faktiki olaraq bacanağı X10 tərəfindən alınmış, lakin sonuncu Ağcabədi rayonunda qeydiyyatda olduğundan nəqliyyat vasitəsini Bakı qeydiyyatına salmaq üçün həmin maşın onun adına rəsmiləşdirilmişir. Sonradan həmin avtomobili digər bacanağı X3 idarə etdiyindən 2019-cü ildə onun adına rəsmiləşdirilmiş, həmin nəqliyyat vasitəsi ilkin olaraq mülkiyyətində olan əmlak kimi vurğulansa da, faktiki həmin maşın bacanağına məxsus olmuşdur. Bundan başqa tanışı X4 mülkiyətində olan “Mercedes-Benz Vito115” nəqliyyat vasitəsi 2021-ci ilin iyul ayında ona etibarnamə üzrə verilmiş, buna əsas isə həmin ərəfədə Göyçay rayonunda yaşayan qayını vəfat etdiyindən və yas yerinə qohumlarını aparmaq üçün mülkiyyətçidən həmin maşını bir günlük istəməsi olmuşdur. Digər maşın dostu X5 məxsusdur, həmin şəxs turizm sahəsində məşğul olur və onun işsiz olduğunu nəzərə alıb əlavə qazanc kimi dostunun göstərdiyi fəaliyyətlə əlaqədar Bakıya gələn turistləri rayonlara aparmaq məqsədi ilə həmin maşının sürücüsü kimi ona etibarnamə vermiş və sürücü kimi ona işəmuzd ödəniş aparmışdır. 2019-cu ilin fevral ayında ailəsi ilə birlikdə yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini 55500 manata Könül Abbasovaya satmış, həmin evə dair müvafiq sənədlər olmadığı üçün daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından evin çıxarışı olmamış, bu səbəbdən alıcı ilə rəsmi qaydada alqı-satqı aparılmamış, razılığa əsasən faktiki alqı-satqı zamanı Könül Abbasova ona 41200 manat məbləğində ödəniş etmiş və qalıq 14300 manat məbləğində pulu yaxın günlərdə ödəcəyinə söz vermiş, lakin sonradan həmin pulu ödəməkdən yayınmış, bu səbəbdən həmin pulun tələbi ilə bağlı 2019-cu ilin sonlarında Nizami Rayon Məhkəməsinə mülki iddia qaydasında müraciət etmiş, məhkəmənin 18 fevral 2021-ci il tarixli qətnaməsinə əsasən iddiası təmin edilərək qeyd olunan pulun Könül Abbasovadan tutularaq ona ödənilməsi qət edilmişdir. Həmin qətnamə hazırda qüvvədədir, Könül Abbasova borclu olduğu 14300 manat məbləğində pulu ona ödədikdə, həmin pulu Zərərçəkmiş şəxs ödəməyə söz vermişdir. Lakin həmin evin faktiki alqı-satqısı zamanı ilkin olaraq Könül Abbasova ona 41200 manat məbləğində pul ödəməsinə baxmayaraq, Zərərçəkmiş şəxs heç bir ödəniş etməmişdir. Bundan başqa 2017-ci ildə Zərərçəkmiş şəxs faktiki satılmış “BMW 318i” markalı avtomobilə dair ona qalıq olan 2000 manat borcu ödəməklə yeni etibarnamənin notarial qaydada verilməsi üçün həmin avtomobilin üzərinə həbsin qoyulması əsas olmuşdur. Belə ki, kredit öhdəliyinə görə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 may 2015-ci il tarixli qətnaməsi ilə ondan "xxxx" ASC-nin xeyrinə 1374,42 ABŞ dolları borc tutulması qərara alınmış, həmin qətnamənin məcburi icrası zamanı mülkiyyətində olan “Chevrolet Lacetti”, “BMW 318i” və “Volkswagen Passat” markalı avtomobillərin üzərinə Nizami Rayon Məhkəməsinin 24 noyabr 2015-ci il tarixli qərardadla həbs qoyulmuşdur. Həmin maşınların onun mülkiyyətində olması göstərilsə də, faktiki başqa şəxslərə məxsus olmuş və qətnamə üzrə borcunu icra şöbəsində yalnız 18 fevral 2019-cu il tarixdə ödədiyindən icra işinə xitam verilmiş və bunun nəticəsində Nizami Rayon Məhkəməsinin 05 mart 2019-cu il tarixli qərardadı ilə maşınların üzərindən həbs götürülmüşdür. Təqsirləndirilən şəxs ifadəsində daha sonra onun məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədini qərəzli olaraq icra etməməsi barədə göstərilənlərlə razı olmadığını, icra sənədinin icrasının mümkünsüz olmasının səbəbləri barədə ifadəsində qeyd etdiyini, daha sonra pandemiya dövründə iki dəfə xəstələndiyini, maddi vəziyyətinin pis olduğunu, səhhətində ciddi problemləri olduğunu, borcunu ödəyəcəyini, bundan yayınmadığını göstərmiş və yaşını nəzərə alaraq barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs özünə məxsus olan “BMW-318i” markalı avtomobili 2015-ci ilin əvvəllərində 12000 ABŞ dolları məbləğinə ona satmış, aralarında faktiki alqı-satqı olsa da, Təqsirləndirilən şəxs həmin maşını ona etibarnamə əsasında vermiş, razılığa əsasən Təqsirləndirilən şəxs həmin maşına dair ilkin olaraq 7000 ABŞ dolları məbləğində pul ödəmiş, qalıq hissəsini isə hissə-hissə ödəcəyinə söz vermiş, tam məbləği ödədikdən sonra adına rəsmiləşdirilməsini bildirmişdir. Faktiki alqı-satqıdan sonra Təqsirləndirilən şəxs həmin maşına dair daimi olaraq hər ay ödəniş etmiş, 2017-cı ilin mart ayında etibarnamənin müddəti bitdiyindən Təqsirləndirilən şəxs qalıq məbləği 2000 manat məbləğində ödəniş edərək notariat kontorunda adına rəsmiləşdirilməsini bildirmiş, lakin sonuncu həmin qalıq məbləği ondan qəbul edərək adına rəsmiləşdirilərkən məlum olmuşdur ki, nəqliyyat vasitəsinin üzərinə Təqsirləndirilən şəxs kredit borcu oluğu üçün məhkəmə tərəfindən həbs qoyulmuşdur. Təqsirləndirilən şəxs bank kreditini ödəməmiş, maşının üzərindən həbsi götürtməyərək onu aldatmış, bu səbəbdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı Apellyasiya Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli 2(103)-13089/2018 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən, Təqsirləndirilən şəxs 12000 ABŞ dolları vəsaitin (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30,40 manat məbləğində pulun tutularaq ona ödənilməsi qət edilmişdir. Qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunması üçün Nizami rayon icra şöbəsinə daxil olmuş, icra məmuru tərəfindən icra işi başlanılaraq, borcluya icra olunması üçün könüllü müddət verilmiş, Təqsirləndirilən şəxs tərəfindən öhdəlik yerinə yetirilməməsi səbəbindən məcburi icra tədbirləri həyata keçirilmiş, müvafiq təşkilatlara sorğular verilmiş və mülkiyyətində olan “BMW-318i” markalı avtomobil aşkar olunmuş, həmin nəqliyyat vasitəsini ona hələ 2017-ci ildən Nizami rayonu ərazisində yerləşən “Karnaval” şadlıq sarayının arxa tərəfində yerləşən dayanacağa qoymuş və bu barədə Təqsirləndirilən şəxs bildirib öz maşınını götürməsini demiş və onun pulunu geri qaytarmasını tələb etmişdir. Sonradan həmin dayanacaqdan zəng olunaraq maşının götürülməsi və dayanacaq haqqını ödənilməsi tələb olunmuş, həmin vaxt maşının ona deyil, Təqsirləndirilən şəxs məxsus olması barədə məlumat vermiş və dayanacaq haqqının həmin şəxsdən tələb olunmasını demişdir. Sonradan dayanacaq haqqı ödənilmədiyi üçün müvafiq dövlət orqanları tərəfindən həmin nəqliyyat vasitəsi Bakıxanov qəsəbəsində yerləşən cərimə meydançasına aparılmış, həmin nəqliyyat vasitəsi icra qurumu tərəfindən məcburi icra hərəkətləri çərçivəsində müvafiq qiymətləndirici təşkilat tərəfindən 10000 manat dəyərində qiymətləndirilmişdir. Sonradan açıq auksion şəkilində hərraca çıxarılmasına baxmayaraq hərracdan satılmamış, nəqliyyat vasitəsi ona təklif olunsa da, onu götürməkdən imtina etmişdir. Qətnamə üzrə qət edilmiş pul borclu Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq ödənilmədiyindən icra məmuru tərəfindən iki dəfə inzibati protokol tərtib edilib inzibati məsuliyyətə cəlb olunması üçün təqdimatla məhkəməyə müraciət olunmuş, sonuncu dəfə Təqsirləndirilən şəxs Nizami Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli qərarına əsasən İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 manat məbləğində inzibati qaydada cərimə olunmuş, daha sonra icra məmuru tərəfindən ona yenidən qətnaməni icra etmək üçün müddət verilməsinə baxmayaraq bir daha imkansızlığını əsas gətirib qətnaməni icra etməkdən yayınmışdır. Təqsirləndirilən şəxs mülki qaydada öhdəlik üzrə yaranmış borcu qərəzli olaraq ödəməkdən yayınır, özü hazırda qeyri-rəsmi işlədiyi turizm şirkətində çalışaraq işəmuzd rayonlararası “Mercedes Vito” markalı mikroavtobusla turistləri sərnişindaşınma fəaliyyəti ilə məşğul olur və qazanc əldə etməsinə baxmayaraq üç ildən artıqdır ödəniş etmir, icra hərəkətləri nəticəsində qətnamə üzrə cəmi 950 manat ödəniş təmin olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs məsuliyyətindən yayınaraq Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi çıxarıldıqdan sonra icra vərəqəsi icra şöbəsinə daxil olanadək Bakı şəhəri, Nizami rayonu, N.Abdullayev küçəsində yerləşən mənzili 2019-cu ildə 70000 manat dəyərində satmış, lakin qətnamə üzrə heç bir ödəniş etməmiş, həmin evin çıxarışı olmadığından daşınmaz əmlakın dövlət reyestr xidmətində qeyd olunmamış, bu səbəbdən vaxtında üzərinə həbsin qoyulması mümkün olmamışdır. Konkret faktlarla sübuta yetirilir ki, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra və iş icra şöbəsinin icraatında olduğu halda Təqsirləndirilən şəxs öz adına olan daşınar və daşınmaz əmlaklarını bir-bir öz adından çıxarıb yaxın qohum-əqrəbalarının adına keçirmiş və ya sataraq gəlir əldə etmişdir. Təqsirləndirilən şəxs öz adına olan “Shevrolet Lacetti” markalı avtomobili öz adından çıxarıb bacanağı Sahib adlı şəxsin adına keçirmiş, “Volkswagen” markalı avtomobilini öz adından çıxarıb satmış, Nizami rayonu, N.Abdullayev küçəsi 44 ünvanındakı həyət evini sataraq 44,500 manat gəlir əldə etmiş, lakin yenə də ona olan borcundan ödəməmişdir. Təqsirləndirilən şəxs ailəsinin və şəxsən özünün maddi vəziyyəti çox yüksək səviyyədədir, o, qərəzli olaraq məhkəmə qətnaməsini icra etmir və pulunu qərəzli şəkildə qaytarmır. Dövlət ittihamçısının təqsirləndirilən şəxsin barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi barədə çıxışı ilə razıdır. Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun üzərinə əlavə öhdəlik qoyaraq borcunu ödəməsi haqqında öhdəlik götürməsinin də təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-13089/18 saylı, 13 dekabr 2018-ci il tarixli qətnaməsi üzrə verilmiş icra sənədinə əsasən Təqsirləndirilən şəxs 12000 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə) və ödənilmiş dövlət rüsumuna görə 30 manat pul vəsaiti tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Nizami rayon icra şöbəsində 23 iyul 2019-cu il tarixdə başlanmış icraat zamanı tələbin icrasını təmin etmək məqsədi ilə borcluya bildiriş göndərilmiş, lakin tələb yerinə yetirilməmiş, keçirilmiş icra tədbirləri nəticəsində borclunun mülkiyyətində avtomobil olması müəyyən edilmiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-432/2019 saylı, 27 dekabr 2019-cu il tarixli qərardadı ilə borcluya məxsus olan “BMW 3181” minik markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuş, borclunun yaşayış ünvanı müəyyən olunmadığından 28 yanvar 2020-ci il tarixdə onun axtarılması haqqında qərar qəbul edilərək Nizami rayon polis idarəsinə göndərilmiş, 30 mart 2020-ci il tarixdə borclu şöbəyə təhvil verilmiş, borclu şöbədə izahat verərək 400 manat ödəniş edə biləcəyini, qalan borcunu adına olan əmlakın satışından əldə olunan pul vəsaitindən ödəyəcəyini bildirmişdir. 13 may 2020-ci il tarixdə borclunun barəsində İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsi ilə inzibati protokol tərtib edilərək Nizami Rayon Məhkəməsinə göndərilmiş, həmin məhkəmənin 3(007)-671/20 saylı, 13 may 2020-ci il tarixli qərarı ilə borclu 500 manat inzibati cərimə edilmiş, lakin öz hərəkətlərini davam etdirmiş və icra sənədi üzrə müəyyən olunmuş tələbi və borcunun ödənilməsini təmin etməmişdir. Borclu Təqsirləndirilən şəxs mülkiyyətində olan “BMW 3181” minik markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobil “Qiymətləndirici Xidməti Mərkəzi“ MMC-nin 11 sentyabr 2020ci il tarixli, QXM-2725 saylı rəyi ilə 10000 manat məbləğində qiymətləndirilmiş, tələbkar Zərərçəkmiş şəxs 18 sentyabr 2020-ci il tarixdə ərizə ilə Nizami rayon icra şöbəsinə müraciət edərək borclu Təqsirləndirilən şəxs mülkiyyətində olan “BMW” markalı avtomobilin ona təklif edilməsindən imtina etdiyini bildirmişdir. "xxxx" MMC tərəfindən keçirilmiş açıq hərrac nəticəsində “BMW 3181” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobil satılmamış və sifarişin müddəti başa çatdığı üçün sənədlər geri qaytarılmışdır. 09 fevral 2021-ci il tarixdə borclu yenidən şöbəyə dəvət olunarkən borcunu bir-iki ay müddətində ödəyəcəyinə soz vermiş, ödəməyəcəyi təqdirdə qanunvericiliyin müvafiq müddəalarına uyğun qaydada məsuliyyət daşıması barədə xəbərdar olunduğunu bildirmiş, lakin irəli sürülən tələbi yerinə yetirməmişdir. Nizami Rayon Məhkəməsinin 8(007)-108/21 saylı, 02 aprel 2021-ci il tarixli qərardadı ilə borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmış, bundan sonra dəfələrlə şöbəyə dəvət edilməsinə baxmayaraq borclu gəlməkdən və məhkəmə qərarını icra etməkdən yayınmışdır. 13 aprel 2021-ci il tarixdə borclunun axtarılması barədə qərar qəbul edilərək Nizami rayon polis idarəsinə göndərilmiş, 05 iyul 2021-ci il tarixdə borclu saxlanılaraq şöbəyə təhvil verilmiş, icra məmurunun tələblərini yerinə yetirmədiyi üçün barəsində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə təkrar inzibati protokol tərtib edilərək məhkəməyə təqdim edilmiş və Nizami Rayon Məhkəməsinin 3(007)-1894/21 saylı, 05 iyul 2021-ci il tarixli qərarı ilə borclu Təqsirləndirilən şəxs 500 manat inzibati qaydada cərimə edilmişdir. Bundan sonra da Təqsirləndirilən şəxs öhdəliyini lazımi qaydada yerinə yetirməmiş, borc məbləğini tam ödəməmiş və ödənilməsinə təşəbbüs göstərməmiş, icra sənədi üzrə 23 iyul 2019-cu il tarixdən 16 sentyabr 2021-ci il tarixədək tələbkara ödəməli olduğu 12000 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə) borc məbləğindən hissə-hissə, müxtəlif vaxtlarda cəmi 950 manat qismən ödənişlər etmişdir. Borc məbləğinin tam ödənilməsi üçün Təqsirləndirilən şəxs 26 avqust 2021-ci il tarixdə yenidən xəbərdarlıq göndərilmiş, borcluya dəfələrlə xəbərdar edilməsinə, iki dəfə inzibati məsuliyyətə cəlb olunmasına, onunla profilaktik söhbətlər aparılmasına baxmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasını təmin etməmişdir. Elektron icra sistemində olan notariat hərəkətlər haqqında sorğu zamanı 07 noyabr 2017-ci il tarixdə “X12 minik ” markalı, 16 iyun 2021-ci il tarixdə isə “X13 115 CDİ minik” markalı avtomobillər etibarnamə əsasına Əİi Mehdiyevin istifadəsinə verilmiş, həmçinin Təqsirləndirilən şəxs mülkiyyətində olan “Chevrolet Lacetti minik” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 11 may 2019-cu il tarixdə 2 saylı Bakı “ASAN xidmət” mərkəzində etibarnamə əsasında X2 vermişdir, hansı ki, həmin nəqliyyat vasitəsi hazırda Təqsirləndirilən şəxs mülkiyyətində yoxdur. İcraat zamanı tələbkar Zərərçəkmiş şəxs 22 iyul 2021-ci il tarixdə ərizə ilə Nizami rayon icra şöbəsinə müraciət edərək məhkəmə qərarını qərəzli olaraq icra etmədiyi üçün Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsi ilə cinayət işi başlanmasını xahiş etmişdir. Bu səbəbdən, dövlət adından çıxarılmış məhkəmə qətnaməsi borclu Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq icra edilmədiyindən onun Azərbaycan Respublikası CM-nin 306cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə təqdimat göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin böyük icra məmuru Şahid2, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 15 noyabr 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. (i.v. 1) -Bakı Apellyasiya Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli 2(103)-13089/2018 nömrəli icra vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs 12.000 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikasl Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və dövlət rüsumunun əvəzi qismində 30,40 manat alınaraq Zərərçəkmiş şəxs ödənilmişdir. (i.v. 10) - 23 iyul 2019-cu il tarixli qərarın və bildirişin surətlərindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli 2(103)-13089/2018 nömrəli icra vərəqəsi əsasında Bakı şəhəri Nizami rayon icra şöbəsində icraata başlanılmışdir. Borclu Təqsirləndirilən şəxs qərarı və bildirişi 22 noyabr 2019-cu il tarixdə qəbul etmişdir. (i.v. 11- 12) - 06 sentyabr 2019-cu il tarixli qərarın surətindən görünür ki, icra məmuru tərəfindən borclu Təqsirləndirilən şəxs məxsus “BMW 3181” minik markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobil barəsində axtarış elan edilmişdir. (i.v. 15) - 24 sentyabr 2019-cu il tarixli qərarın surətindən görünür ki, icra məmuru tərəfindən borclu Təqsirləndirilən şəxs iş yerinin olub-olmaması və əmlaklarının axtarışı elan edilmişdir. (i.v. 18) - 27 dekabr 2019-cu il tarixli 8(007)-432/2019 nömrəli qərardadın surətindən görünür ki, icra məmurunun təqdimatı əsasında Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən borclu Təqsirləndirilən şəxs məxsus “BMW 3181” minik markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. (i.v. 40-41) - 25 iyun 2020-ci il tarixli 3(103)-1062/2020 nömrəli qərarın surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 500 manat məbləğində inzibati cərimə tətbiq edilməsinə dair 13 may 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. (i.v. 73-75) - 12 aprel 2021-ci il tarixli qərarın surətindən görünür ki, icra məmuru tərəfindən borclu Təqsirləndirilən şəxs axtarışı elan edilmişdir. (i.v. 113) - 02 aprel 2021-ci il tarixli 8(007)-108/2021 nömrəli qərardadın surətindən görünür ki, icra məmurunun təqdimatı əsasında Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. (i.v. 115-116) - 05 iyul 2021-ci il tarixli 3(007)-1894/2021 nömrəli qərarın surətindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 500 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. (i.v. 135-137) - 05 iyul 2021-ci il tarixli xəbərdarlıqlardan görünür ki, Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru tərəfindən borclu Təqsirləndirilən şəxs, həmin tarixədək öhdəsində olan 11765 ABŞ dolları borcunu ödəmək üçün 10 gün vaxt verildiyi izah edilmiş, əks təqdirdə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Təqsirləndirilən şəxs imza edərək xəbərdarlığı almışdır. (i.v. 138-139) - 06 avqust 2021-ci il tarixli qərarın surətindən görünür ki, icra məmuru tərəfindən borclu Təqsirləndirilən şəxs iş yerinin olub-olmaması və əmlaklarının axtarışı elan edilmişdir. (i.v. 147) - 26 avqust 2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru tərəfindən borclu Təqsirləndirilən şəxs, həmin tarixədək öhdəsində olan borcunu ödəmək üçün 10 günlük yeni müddət təyin edilmiş, əks təqdirdə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Təqsirləndirilən şəxs imza edərək xəbərdarlığı almışdır. (i.v. 160-161) - 02 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmışdır. (i.v. 238-245) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edib, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün qismən etiraf ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 306.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci (hazırkı 528.1-ci) maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Azərbaycan Respublikası CM-nin 306-cı maddəsinin “Qeyd”inə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 306.1ci maddəsində nəzərdə tutulan əməli törətmiş Təqsirləndirilən şəxs, icra tədbirləri zamanı ödənilmiş 950 manat istisna olmaqla, cinayət işinin məhkəmənin icraatına daxil olduğu 18 mart 2022-ci il tarixindən yekun məhkəmə aktının çıxarıldığı 08 iyun 2022-ci il tarixinədək qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini yenə də icra etməmiş, hər hansı məbləğdə pul ödənişi etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin qeyd edilən əsasla cinayət məsuliyyətindən azad edilməsinə əsas yoxdur, ona görə onun barəsində ittihamedici hökm çıxarılmalıdır. Məhkəmə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun üzərinə borcunu ödəməsi haqqında əlavə öhdəlik qoyulması barədə xahişinə münasibətdə qeyd edir ki, pul vəsatinin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xeyrinə tutulmasına dair məhkəmə qətnaməsi mövcuddur, Təqsirləndirilən şəxs məhz qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etmədiyinə görə təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmə məsuliyyətinə verilmişdir, ona görə həmin pul vəsaitinin tutulması ilə bağlı ayrıca qərar çıxarılması və ya əlavə öhdəlik qoyulması zərurəti yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Bakı şəhəri Nizami rayon İHB-nın Keşlə qəsəbəsi İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 22 oktyabr 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 178) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 30 noyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 212) - 03 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 264-265) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində, cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Lakin məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törədərək məsuliyyətə cəlb olunmasını, zərərçəkmiş şəxsə qismən ödəniş etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət əməli törətməsini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı şübhəli şəxs qismində tutulmamış, həbsdə saxlanılmamışdır. Ona görə məhkəmə hesab edir ki, cəza müddətinin hesablanması zamanı Azərbaycan Respublikası CM-nin 69-cu maddəsinin müddəalaırnın tətbiqi üçün əsaslar yoxdur. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, iş üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə qeyd edir ki, məhkəməyədək icraat zamanı və məhkəmə icraatı dövründə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi müqavilə əsasında vəkili tərəfindən həyata keçirilmişdir, ona görə Azərbaycan Respublikası CPM-nin 193-cü maddəsinin tələbləri baxımından təqsirləndirilən şəxsə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına vəkilə əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar