Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-170/2023 12.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmova Pərvin Nofəl qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1979-cu ildə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Balakən rayonu, Qazma kəndində qeydiyyatda olan, Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, özgə əmlakını gizli olaraq talama məqsədilə, 12 oktyabr 2022ci il tarixdə saat 11 radələrində qeyri-rəsmi ər-arvad münasibətində olduğu Zərərçəkmiş şəxs ilə birlikdə yaşadığı ünvan 2 ünvanından sonuncuya məxsus 01 ədəd 600 manat dəyərində klon, 01 ədəd 500 manat dəyərində qızıl klon, 01 ədəd 155 manat dəyərində qızıl boyunbağı, 01 ədəd 800 manat dəyərində qızıl qolbaq və 01 cüt 600 manat dəyərində qızıl sırğa və 01 cüt 950 manat dəyərində qızıl sırğa olmaqla, ümumilikdə 4950 (dörd min doqquz yüz əlli) manat dəyərində qızıl-zinət əşyalarını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs 4950 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Onun anası əvvəllər Günel xanımın müəlliməsi olmuşdur. Təxminən 16 ay onların arasında qeyri-rəsmi münasibət olmuşdur. Bu müddət ərzində Pərviz onunla birlikdə ünvan 3 ünvanında yerləşən Günelə məxsus mənzildə yaşamışlar. Günel ilə birlikdə onun üç azyaşlı uşağı da yaşamış və o da onlarla yaşamışdır. Buna görə də o, evin açarının bir nüsxəsini ona vermişdir. Çünki, Günel ona etibar etmişdir. Pərviz onun mənzilində olduğu müddət ərzində onun qızıl-zinət əşyalarını evdə paltar dolabında saxladığını bilmişdir. Çünki, uzun müddət onlarla birlikdə yaşadığı üçün artıq evdə nəyin harada olmasından istər-istəməz xəbərdar olmuşdur. Pula ehtiyacı olduğundan xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Günelin işdə, övladlarının isə dərsdə olduğu vaxtda o, evdə tək olmuşdur. O, bundan istifadə edib, hamam otağının yanındakı dolabda olan 2 cüt qızıl sırğanı, bir ədəd qızıl boyunbağını, iki ədəd qızıl klonu, bir ədəd qızıl qolbağı gizli şəkildə götürmüş və bu barədə nə Günelin özünə, nə də ki onun övladlarına heç bir məlumat verməmişdir. 12 oktyabr 2022-ci il tarixdə Nizami rayonu, Q.Qarayev prospektində yerləşən “Lotos” ticarət mərkəzində qızıl qəbulu məntəqəsində bir cüt qızıl sırğanı 140 manata satmışdır. 14 oktyabr 2022-ci il tarixdə bir cüt qızıl sırğanı və bir ədəd qızıl klonu Nizami rayonu, Q.Qarayev prospektində adını dəqiq xatırlamadığı lombard məntəqəsində qızıl qəbul edən şəxsə 165 manata satmışdır. Həmin qızıl əşyasını satarkən qızılı qəbul edən şəxsə öz şəxsiyyət vəsiqəsini təqdim etmişdir. xx.xx.2022-ci il tarixdə Nizami rayonu, Q.Qarayev prospektində yerləşən “Lotos” ticarət mərkəzində qızıl qəbulu məntəqəsində bir ədəd qızıl klonu 214 manata satmışdır. Həmin qızılların satışından əldə etdiyi 519 manat pulu öz şəxsi tələbatları üçün xərcləmişdir. Həmin qızıllardan əlavə oğurladığı bir ədəd boyunbağını isə 15 oktyabr 2022-ci il tarixdə “Xalqlar Dostluğu” metrostansiyası yaxınlığında tanımadığı şəxsə 110 manata satmışdır. O, qızılları götürdükdən bir neçə gün sonra Günel qızılların evdə olmadığını aşkar etmiş, ondan bu barədə maraqlandıqda o, bir neçə gün qızıllardan xəbərsiz olduğunu demişdir. Təxminən on gündən sonra Günel ilə aralarında olan söhbət zamanı o, Günelə qızıllarının onun tərəfindən götürülməsini etiraf etmişdir. Zərərçəkmiş şəxs evindən oğurluq etməsi barədə heç kimə məlumat vermədiyini bildirmişdir. Bundan başqa oğurladığı qızılları qızıl qəbulu məntəqələrinə satan zaman şəxsiyyətini təsdiq edən sənədin surətini onlara vermiş, həmin qızılların oğurluq olması barədə heç bir söz deməmiş və qızılların onun yaxın qohumuna və qızına məxsus olmasını demişdir. Sonda Təqsirləndirilən şəxs, törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş zərəri qismən ödədiyini bildirdi və barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir, onu uşaqlıqdan tanıyır. Əvvəllər onunla münasibəti sadəcə həmkəndlisi kimi olmuşdur. Bir müddət onunla yaxın münasibəti olmuşdur. Son 1 ay müddətdə Pərviz onun yaşadığı evdə onunla birlikdə yaşamışdır. O, hətta Pərvizə güvənib yaşadığı mənzilin açarının bir nüsxəsini ona vermişdir. O, həmin dönəmlərdə işlədiyi üçün günün əksər saatlarını işdə olmuşdur. Uşaqları da sutkanın gündüz saatlarında məktəbdə olmuşlar. Pərviz də o, hər gün işə gedən zaman onunla birlikdə işə getmək adı ilə evdən çıxmışdır. 02 noyabr 2022-ci il tarixdə qızı məktəbə gedən zaman ondan yaxasına taxmaq üçün qızıl klon istəmiş, o, evdə qızılları saxladığı yerə baxmış, lakin qızılların orada olmadığını aşkar etmişdir. O, qızılları mənzildə hamam otağının yanında olan şifonerdəki paltarların arxasında saxlamışdır. O, qızılların yerində olmadığını aşkar etdikdən sonra evi axtarmağa başlamışdır. Bu zaman Pərviz də onunla birlikdə evi axtarmağa başlamışdır. O, qızılları Pərvizin götürdüyündən şübhələnmişdir. Hadisədən 2-3 gün müddət keçdikdən sonra Pərviz qızılları götürdüyünü etiraf etmişdir. O, Pərvizdən qızılları qaytarmasını tələb etmişdir. Pərviz əvvəlcə ona qızılları satdığını deməmişdir. Ona pula ehtiyacı olduğu üçün qızılları banka girov qoyduğunu və yenidən pul əldə edən kimi qızılları girovdan götürüb ona qaytaracağını bildirmişdir. Pərviz həmin gündən sonra hər gün müxtəlif bəhanələr gətirərək onu yola vermişdir. Pərviz ümumilikdə ona məxsus 01 ədəd 600 manat dəyərində klon, 01 ədəd 500 manat dəyərində klon, 01 ədəd 1500 manat dəyərində boyunbağı, 01 ədəd 800 manat dəyərində qolbaq, 01 cüt 600 manat dəyərində sırğa və 01 cüt 950 manat dəyərində sırğa aparmışdır. Hər bir qızılın ayrı-ayrılıqda qramını və əyyarını xatırlamamışdır. Həmin qızılların təxminən 4950 manat dəyəri olmuşdur. Həmin qızılların bir hissəsini o, özü almışdır, bir hissəsini də keçmiş həyat yoldaşı almışdır. Bir müddət gözləsə də, Pərvizin qızılları qaytarmadığını görmüşdür. Buna görə də bu barədə polisə şikayət etmişdir. Sonda Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın qismən ödənildiyini, sonuncu ilə barışmadığını, buna görə də sonuncu barəsində qanunla müəyyən edilmiş həddə cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş Zərərçəkmiş şəxs 12 sentyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş 4950 (dörd min doqquz yüz əlli) manat ziyanın 2000 (iki min) manat hissəsini ödəmiş, lakin onlar barışıq əldə etməmişlər. Zərərçəkmiş şəxs ona dəymiş ziyanın qalan hissəsini tələb edir. Şahidlər Şahid1 və Şahid2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzürlü səbəbdən baş verməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişlər. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, o, 2015-ci ildən etibarən Nizami rayonu, “Xalqlar Dostluğu” metrostansiyasının çıxışında icarə əsasında qızıl alqı-satqısı məntəqəsi işlətmişdir. 14 oktyabr 2022-ci il tarixdə orta yaşlı bir kişi işlətdiyi obyektə daxil olaraq bir cüt qızıl sırğa və bir ədəd qızıl klon satmaq istədiyini bildirmişdir. O, bir cüt qızıl sırğanı və bir ədəd qızıl klonu ümumilikdə 165 manata ala biləcəyini bildirmişdir. Həmin şəxs də bu qiymətlə razılaşmışdır. Daha sonra həmin şəxsin təqdim etdiyi şəxsiyyəti təsdiq edən sənədin fotoşəklini çəkmişdir. Həmin şəxs də qeyd etdiyi qızılları verdikdən sonra ona 160 manat vermiş və o, çıxıb getmişdir. O, həmin qızıl-zinət əşyalarının oğurluq olmasını sonradan polis əməkdaşlarından öyrənmişdir. Təqsirləndirilən şəxs qızılları ona satdığı zaman həmin qızılların onun nəvəsinə aid olduğunu demiş və maddi sıxıntıları olduğu üçün satdığını bildirmişdir. Həmin qızılları da sonradan kimliyini və anket məlumatlarını bilmədiyi müştərilərə satmışdır. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, 2019-ci ildən etibarən Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “Lotos” ticarət mərkəzində icarə əsasında götürdüyü obyektdə qızıl alqı-satqısı ilə məşğul olmuşdur. 12 oktyabr 2022-ci il tarixdə orta yaşlı bir kişi işlətdiyi obyektə daxil olaraq bir cüt qızıl sırğa satmaq istədiyini bildirmişdir. Həmin kişi qızılların onun qızına məxsus olduğunu və maddi sıxıntısı olduğu üçün satdığını bildirmişdir. O, həmin kişiylə 140 manata razılaşmışdır. Daha sonra ona şəxsiyyət vəsiqəsinin surətini vermiş və onun alqısatqı üçün nəzərdə tutduğu kitabçaya qol çəkmişdir. O, həm şəxsiyyət vəsiqəsinin surətini verdiyi üçün, həm də kitabçaya qol çəkdiyi üçün ondan şübhələnməmişdir. Növbəti dəfə həmin şəxs 15 oktyabr 2022-ci il tarixdə təkrarən gəlmiş və bir ədəd qızıl qolbaq və bir ədəd qızıl klon satmaq istədiyini bildirmişdir. Onunla 214 manata razılaşmış və birinci dəfə alqı-satqı etdiyi qaydada həmin şəxsdən sənədinin surətini götürərək və kitabçaya qol çəkdirərək qızılı ondan almışdır. O, həmin qızıl-zinət əşyalarının oğurluq olmasını sonradan polis əməkdaşlarından öyrənmişdir. Təqsirləndirilən şəxs qızılları ona satdığı zaman həmin qızılların onun qızına aid oluğunu demiş və maddi sıxıntıları olduğu üçün satdığını bildirmişdir. Həmin qızılları da sonradan kimliyini və anket məlumatlarını bilmədiyi müştərilərə satmışdır. İş materiallarında olan baxış keçirilməsi barədə 11 noyabr 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, oğurluq hadisəsi baş verdiyi yer ünvan 4 ünvanında yerləşir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 20 noyabr 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsi yerində yoxlanılarkən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəni bir daha təsdiq edərək, oğurluq hadisəsini törətdiyi yeri əyani qaydada yerində göstərmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 20 noyabr 2022-ci il tarixli protokollardan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsi yerində yoxlanılarkən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəni bir daha təsdiq edərək, oğurluq cinayəti nəticəsində əldə etdiyi qızıl-zinət əşyalarını satdığı yerləri əyani qaydada yerində göstərmişdir. İş materiallarında olan könüllü təqdim edilmiş əşyaların götürülməsi haqqında 24 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə vətəndaş Şahid1 tərəfindən istintaqa təqdim edilmiş iki ədəd fotoşəkil iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. İş materiallarında olan könüllü təqdim edilmiş əşyaların götürülməsi haqqında 25 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə vətəndaş Şahid2 tərəfindən istintaqa təqdim edilmiş iki ədəd fotoşəkil iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 01 nömrəli qərarının 1, 19 və 20-ci bəndlərinə əsasən, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və zərərçəkmiş şəxsə vurulmuş zərəri qismən ödəməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 30 noyabr 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan 13 noyabr 2022-ci il tarixli tutma protokolundan, 14 noyabr 2022-ci il tarixli və 18 noyabr 2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 13 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 14 noyabr 2022-ci il tarixdə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilmiş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və 18 noyabr 2022-ci il tarixdə isə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun haqqında seçilmiş qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, həbsdə saxlanma müddəti cinayət işi üzrə yekun qərar qəbul edilənə qədər müəyyən edilmiş, həbs etmənin əvvəli Təqsirləndirilən şəxs həbs edildiyi gündən hesablanmış, Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilmiş və qərarın icrası Bakı şəhəri Nizami rayon Polis İdarəsinə həvalə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami RPİ-nin xx.xx.2023-cü il tarixli, 3-13-52- 2/2-10621 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli qərarı ilə barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs 05 iyun 2023-cü il tarixdə Nizami RPİ-nin əməkdaşları tərəfindən tutularaq, 3 saylı İstintaq Təcridxanasına yerləşdirilməsi üçün MSY-nə təhvil verilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 13 noyabr 2022-ci il tarixdən 14 noyabr 2022-ci il tarixədək tutulduğu 01 (bir) gün müddət və məhkəmə icraatı zamanı 05 iyun 2023-cü il tarixdən 12 sentyabr 2023-cü il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 03 (üç) ay 07 (yeddi) gün müddət, ümumilikdə 03 (üç) ay 08 (səkkiz) gün həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Habelə, Azərbaycan Respublikası CPM-nin 175.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda, daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyinə görə hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə təqsirləndirilən şəxsin həbsdə saxlanılmaqla, azadlıq və bir sıra digər hüquqlarına məhdudiyyətlər qoyulmasına zərurət yoxdur və Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi müddət 45 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 270 manat məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 13 noyabr 2022-ci il tarixdən 14 noyabr 2022-ci il tarixədək tutulduğu 01 (bir) gün və 05 iyun 2023-cü il tarixdən 12 sentyabr 2023-cü il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 03 (üç) ay 07 (yeddi) gün, ümumilikdə 03 (üç) ay 08 (səkkiz) gün müddət nəzərə alınmaqla, həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq üzərində 01 (bir) il 05 (beş) ay 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Bakı şəhərini tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs 45 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 270 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-170/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-170/2023
12.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver