Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-171/2023 17.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1977-ci il tarixdə Rusiya Federasiyası, Orlovsk rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada işləmiş, məhkumluğu olmayan, Gəncə şəhəri, Ü.Hacıbəyli küçəsi, 4-cü döngə, ev 1, mənzil 46-da qeydiyyatda olan, 18 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 20 noyabr 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin cibindən çıxarmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 16 yanvar 2022-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 81 ünvanında 64 nömrəli marşurut xətti ilə hərəkət edən avtobusda sərnişin qismində olan zaman həmin avtobusda digər sərnişin Zərərçəkmiş şəxs əynindəki qəhvəyi rəngli gödəkçəsinin sol yan cibindən 920 manat dəyərində **********68502 və **********68500 İmei kodlu “Samsung Galaxy A51” DS 128 yaddaş kartı ilə olan mobil telefon aparatını çıxarmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs 920 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 16 yanvar 2022-ci il tarixdə saat 16 radələrində oğlu Orxanla Bakı şəhəri, Nizami rayonu, “8-ci km bazarı”na getmək üçün yaşadıqları Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” massivindən 64 saylı marşurut avtobusuna minmişlər. Onlar avtobusun arxa tərəfinə keçib əyləşmişdir. Marşurut avtobusunda olan zaman qarşıda tanımadığı bir xanımın əyləşdiyini gördükdə təsadüfən həmin xanımın əynində olan qəhvəyi rəngli gödəkçəsinin sol yan cibində bir ədəd “Samsung” markalı mobil telefonu görmüş və həmin mobil telefonu oğurlamaq qərarına gəlmişdir. O, ətrafda heç kimin ona baxmadığına əmin olduqdan sonra gizlin arxadan əlini həmin xanımın əynində olan qəhvəyi rəngli paltosunun sol yan cibinə salıb mobil telefonu götürmüşdür. Bundan sonra oğlu Orxanla birlikdə Nizami rayonu, “Xalqlar Dostluğu” metrosunun yaxınlığında düşmüşlər. Birlikdə metronun yaxınlığında yerləşən bankomata getmişlər və Orxan bankomatdan pul çıxarmışdır. Sonra taksiyə minib evə getmişlər. O, Orxanı evdə düşürdükdən sonra Nizami rayonu, “Neftçilər” metrostansiyasının yaxınlığında oğurladığı həmin “Samsung” markalı mobil telefonu tanımadığı şəxsə 160 manata satmış, pulu isə şəxsi ehtiyacları üçün xərcləmişdir. Mobil telefonu oğurlayarkən oğlu Orxan yanında olsa da, onun mobil telefonu oğurladığını görməmiş, eyni zamanda Orxana bu barədə heç bir söz deməmişdir. Təqsirləndirilən şəxs daha sonra zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı ödədiyini, törətdiyi əməldən peşman olduğunu bildirərək, ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” massivində ailəsi ilə birlikdə yaşayır, özü və iki övladı “Hemofiliya” xəstələyindən əziyyət çəkirlər, İİİ qrup əlildir. 11 fevral 2020-ci il tarixdə “Kontakt Home” mağazasının Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən fillialından 920 manat dəyərində **********68502 və **********68500 İmei kodlu “Samsung Galaxy A51” DS 128 yaddaş kartı ilə mobil telefonu kredit müqaviləsi ilə almış və istifadəsində olmuşdur. 16 yanvar 2022-ci il tarixdə saat 16 radələrində geyim əşyaları almaq məqsədi ilə Bakı şəhəri, Nizami rayonu, “Lotos” ticarət mərkəzinə getmək üçün yaşadığı “V” massivində 64 saylı marşurut avtobusuna minmiş, avtobusda arxa cərgədə əyləşmişdir. Avtobusda olan zaman mobil telefonunu əynində olan qəhvəyi rəngli gödəkçəsinin sol yan cibinə qoymuşdur. “Lotos” ticarət mərkəzinin qarşısında dayancaqda düşmüş, bundan sonra əlini gödəkçəsinin sol yan cibinə saldıqda mobil telefonu tapa bilməmiş və telefonunun cibindən oğurlandığını başa düşmüşdür. Bundan sonra dərhal həmin avtobusa qayıtmış və sürücüyə mobil telefonunun oğurlanmasını bildirərək ondan avtobusda olan müşahidə kameralarını açmasını xahiş etmişdir. Lakin sürücü polisə məlumat verməsini, əgər polis icazə versə görüntülərə baxa biləcəyini demişdir, buna görə baş vermiş hadisə haqqında DİN-nin 102 zəng mərkəzinə məlumat vermişdir. Oğurlanan zaman mobil telefonun üzərində heç bir mobil operatora məxsus nömrə olmamışdır. Oğurluq nəticəsində ona 920 manat məbləğində maddi ziyan dəymişdir. Araşdırma zamanı oğurluğun Təqsirləndirilən şəxs tərəfindən törədildiyi müəyyən olunmuşdur. Ona vurulmuş maddi ziyan ödənildiyinə görə həmin şəxslə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 16 yanvar 2022-ci il tarixdə saat 16 radələrində atası Ariflə birlikdə Bakı şəhəri, Nizami rayonu, “8-ci km bazarı”na getmək üçün yaşadıqları Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” massivində 64 saylı marşurut avtobusuna minmiş, avtobusun arxa tərəfinə keçib əyləşmişlər. Lakin Nizami rayonu, “Xalqlar Dostluğu” metrosunun yaxınlığında atasının təklifi ilə dayanacaqda düşmüşlər. Avtobusdan düşdükdən sonra metronun yaxınlığında yerləşən bankomata gedərək pul çıxartdıqdan sonra taksi ilə evə qayıtmışlar. Həmin vaxt o, evə getmiş, atası isə şəxsi işləri olduğunu deyib şəhərə getmişdir. 18 noyabr 2022-ci il tarixdə yaşadıqları evdə olan zaman polis əməkdaşları gəlib özlərini təqdim edərək bildirmişlər ki, 16 yanvar 2022-ci il tarixdə saat 16 radələrində atası Fərqani və o, 64 saylı marşurut avtobusunda olan zaman Zərərçəkmiş şəxs məxsus mobil telefonu oğurlamışlar. O, heç bir etiraz etmədən atası ilə birlikdə Nizami RPİ-nin 24cü polis şöbəsinə getmişdir. Polisdə olan zaman bilmişdir ki, həmin marşurut avtobusunda olan zaman atası avtobusun salonunda əyləşən Zərərçəkmiş şəxs məxsus “Samsung Galaxy A51” DS 128 yaddaş kartlı mobil telefonu gizli yolla oğurlamışdır. Atasının mobil telefon oğurlamasından onun heç bir xəbəri olmamış, bu barədə yalnız polisdə olan zaman bilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 28 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs mobil telefonunun oğurlanması barədə müraciəti əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 16 yanvar 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 7-8) - 20 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 64 nömrəli marşurut xəti ilə hərəkət edən avtobusda törətdiyi oğurluq əməlini əks etdirən videogörüntünün yazıldığı 01 ədəd CD diskə müstəntiq tərəfindən təqsirləndirilən şəxsin və müdafiəçisinin iştirakları ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 16 yanvar 2022-ci il tarixdə saat 16 radələrində 64 nömrəli marşurut xətti ilə hərəkət edən avtobusda olan zaman Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81 ünvanında avtobusda sərnişin Zərərçəkmiş şəxs əynindəki qəhvəyi rəngli gödəkçəsinin sol yan cibindən 01 ədəd “Samsung Galaxy A51” markalı mobil telefon aparatını gizli olaraq oğurlaması aşkar edilmişdir. (i.v. 123) - 20 noyabr 2022-ci il tarixli qərardan görünür ki, iş üzrə 01 ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. (i.v. 124) - 10 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, X1 təqdim etdiyi **********68502 və **********68500 imeil kodlu “Samsung Galaxy A51” DS 128 yaddaş kartı ilə olan mobil telefon aparatı ondan götürülmüşdür. (i.v. 154) - 02 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, iş üzrə maddi ziyan Zərərçəkmiş şəxs ifadəsinə əsasən 920 manat dəyərində müəyyən edilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 180-ci maddəsinin tərkibi olmadığından barəsində cinayət təqibi üzrə icraatın başlanması rədd edilmiş, Şahid əməlində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.5-ci maddələrinin tərkibi olmadığından həmin faktla bağlı barəsində cinayət təqibi üzrə icraatın başlanması rədd edilmiş, X3 barəsində Azərbaycan Respublikası CM-nin 177 və 194-cü maddələrinin bütün tərkib əlamətləri üzrə cinayət təqibinin başlanması rədd edilmiş, **********68502 və **********68500 İmei kodlu “Samsung Galaxy A51” DS 128 yaddaş kartı ilə olan mobil telefon sübut əhəmiyyəti kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Nizami RPİ-nin MSK-na təhvil verilmişdir. (i.v. 158-162) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etiraf ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.5-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 18 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində həmin tarixdə tutulmuşdur. (i.v. 64) - 20 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 02 ay 09 gün həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 18 noyabr 2022-ci il tarixdən hesablanmışdır. (121-122) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 30 noyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz Rayon Xalq Məhkəməsinin 08 aprel 1993-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 143-cü maddəsinin 4-cü hissəsi ilə təqsirli bilinib, 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 41-ci maddəsinə əsasən 03 il şərti sınaq müddəti təyin edilmiş; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 may 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlıqan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 fevral 2011-ci İ tarixli qərarı ilə cəzanın çəkilməmiş 06 ay 21 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuş; Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 iyun 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib, 300 manat cərimə cəzasına məhkum edilmiş; Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 may 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib, qazancından dövlət nəfinə 15% məbləğində pul tutulmaqla 01 il 05 ay 24 gün müddətinə islah işləri cəzasına məhkum edilmiş; Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 avqust 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 68.1, 68.1.3 və 66.5-ci maddələrinə əsasən 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə və 300 manat cərimə cəzalarına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 30 may 2018-ci il tarixli qərarı ilə həmin hökm dəyişdirilmiş, CM-nin 180.1-ci maddəsi ilə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cərimə cəzası ləğv olunaraq cinayət işinə xitam verilmiş və azad olunmuşdur. (i.v. 141-143) Məhkəmə Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinin tələbləri baxımından qeyd edir ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 18 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələbinə uyğun olaraq, hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış oğurluq əməlini özündə əks etdirən videogörüntülərin olduğu 01 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, Nizami RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan 01 ədəd mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxsə qaytarılmalıdır; məhkəmə məsrəfinin tutulmasına səbəb olacaq ekspertiza isə iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 35 iş saatı müddətinə bərabər tutularaq, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 18 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış 01 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın, Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş **********68502 və **********68500 İmei kodlu “Samsung Galaxy A51” DS 128 yaddaş kartı ilə olan mobil telefon aparatı Zərərçəkmiş şəxs qaytarılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 35 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 210 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-171/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-171/2023
17.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver