Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-171/2024 21.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərzadə Fərid Bəşir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs 14 avqust 2023-cü il tarixdə saat 13 radələrində ünvan 3 ünvanında yerləşən “X1”nın ikinci mərtəbəsində yerləşən, həmin klinikada plastik cərrah işləyən Zərərçəkmiş şəxs 2012 saylı xidməti otağına gələrək 2022-ci ildə sonuncu tərəfindən düzgün əməliyyat olunmamasını bəhanə edib Zərərçəkmiş şəxsla mübahisə edərək sonuncudan həmin əməliyyata görə ödəmiş olduğu pulu geri tələb etməklə öz şəxsiyyətini sonuncunun şəxsiyyətinin fövqündə qoyaraq ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərərək Zərərçəkmiş şəxs fiziki zor tətbiq edib qəsdən sillə ilə sonuncunun hər iki sifət nahiyəsindən bir neçə dəfə, dırnaqları ilə sol qolunun said hissəsindən vurduqdan sonra otaqda olan masanın üzərindən sərt metallik korpuslu kağıztikəni götürüb silah qismində istifadə edərək həmin kağıztikəni qəsdən Zərərçəkmiş şəxs üzərinə tullayaraq sonuncuya ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid sol saidin ön səthinin sıyrıqları, ənsənin sağ yarısını və boyunun arxa səthinin yuxarı şöbəsini əhatə edən hematomasından ibarət xəsarətlər yetirdikdən sonra Zərərçəkmiş şəxs otağı tərk etdikdə o, xuliqanlıq hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs arxasınca gedib xəstəxananın dəhlizində digər işçilərin və xəstələrin gözü qarşısında Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədib səs-küy salmaqla ictimai yer olan xəstəxananın normal iş rejimini pozaraq qərəzli hərəkətləri ilə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilməyərək göstərmişdir ki, 2022-ci ildə Səbail rayonunda yerləşən “Badam” klinikasında həkim Zərərçəkmiş şəxs ona sinə əməliyyatı etmişdir. Əməliyyatla əlaqədar klinikaya gedibgəlmiş və həkim Zərərçəkmiş şəxsla aralarında sevgi münasibəti yaranmış, qeyri-rəsmi ərarvad münasibətində olmuşlar. Zərərçəkmiş şəxs onunla evlənəcəyini bildirmiş və övladları olması üçün səhhətinə ciddi təsir edən ağır müalicələrə başlamışdır. Sonra onlar ayrılmışlar. Zərərçəkmiş şəxs ona verdiyi sözü tutmadığından və etdiyi əməliyyatdan narazı qaldığı üçün ona verdiyi pulu geri tələb etmək üçün 14 avqust 2023-cü il tarixdə Zərərçəkmiş şəxs işlədiyi “Məlhəm Hospital”a getmişdir. Bu zaman onun yanında Şahid3 olmuşdur. Təqribən saat 13 radələrində Elçin otağına daxil olmuşdur. Bu zaman onlar da onun arxası ilə otağa daxil olmuşlar. Otaqda onlardan başqa Elçinin köməkçisi və digər bir xəstə qadın olmuşdur. O, otağa daxil olduqdan sonra otaqda olan qadınlardan otağı tərk etməsini xahiş etmiş, lakin Elçin heç kimin çıxmayacağını bildirmiş, onun otaqdan çıxıb getməyini tələb etmişdir. Bu zaman o, Elçindən əməliyyat üçün ona verdiyi 5000 manat məbləğində pulu və daha sonra müalicə olacağından həmin müalicə xərclərini tələb etmişdir. Elçin ona verəcəyi pulu olmadığını, gedib pulunu klinikadan tələb etməyini bildirmişdir. Elçin onunla ucadan kobud formada danışmağa başlamışdır. O, iş masasının kənarından Elçinə yaxınlaşmış və ona təkrarən “ağzının danışığını bil, sən özünü kimə göstərirsən?” demişdir. Elçin onun sağ bazu nahiyəsindən əli ilə itələdikdə, onun bel nahiyəsi stolun üzərində olan sənəd qabına dəymiş və sənədlər yerə tökülmüşdür, o da özünü müdafiə məqsədi ilə Elçinin üzündən yüngülcə şillə ilə vurmuşdur. Bundan sonra Elçin otaqdan dəhlizə çıxmışdır. O da onun arxası ilə getmiş və onun getməməsini, ona sözü olduğunu bildirmişdir. Lakin, Elçin onu dinləmədən uzaqlaşmışdır. Bu zaman o, Elçinə yaxınlaşmış, lakin ətrafda olan şəxslər onların mübahisələrinə müdaxilə edib onları ayırmışlar. O, əsəbiləşdiyi üçün geri qayıdıb Elçinin masasının üzərində olan bəzi sənədləri cırmışdır. Daha sonra polis əməkdaşları gəlmiş, o, izahat vermək üçün Polis Şöbəsinə getmişdir. O, Elçinə hər hansı bir əşya atmamış, ona xəsarət yetirməmişdir. Aralarında mübahisə olmuş və yavaşca Elçini şillə ilə vurmuşdur. Zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı ödəmiş, zərərçəkmiş şəxsin ona qarşı şikayəti yoxdur. Onun təqsiri yoxdur, məhkəmədən qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, təqribən 2022-ci ildə Təqsirləndirilən şəxs süd vəzilərinin silikon vasitəsi ilə endoprotezləşdirilməsi əməliyyatı etmişdir. Bu əməliyyat təqribən 3000-3500 manata başa gəlir. Təqsirləndirilən şəxs da hamı kimi bu pulu xəstəxananın xəzinəsinə ödəmişdir. Onu əməliyyat etdikdən sonrakı dövrlərdə o, sarğılar üçün xəstəxanaya gələndə onun Səidədən xoşu gəlməyə başlamış və 2022-ci ilin sentyabr ayından onların arasında sevgi münasibəti başlamışdır. Onunla rəsmi nikahda olmasa belə ər-arvad münasibətində olmuşlar. Hətta onunla gələcəkdə nikaha daxil olmağı belə düşünmüşdür. İlk vaxtlar xasiyyətlərinin uyğun olduğunu düşünmüş, aralarında olan mübahisələrdən sonra 2023-cü ilin may ayında Səidəyə ondan ayrılmaq istədiyini demiş, o da buna etiraz etməmiş və onunla razılaşmışdır. 14 avqust 2023-cü il tarixdə, saat 13 radələrində işlədiyi “Məlhəm” Hospitalın 2012 saylı otağında köməkçisi Firəngiz və bir-iki qadın xəstə ilə olan zaman qapı anidən açılmış ilk öncə Səidə, dalınca isə Günel içəri daxil olmuşlar. Səidə içəri girən kimi, otaqda olan şəxslərə qışqıraraq “dərhal otaqdan çıxın Elçinlə işim var” demişdir. Bundan sonra xəstələr otağı tərk edib qapının yanında durmuş, bu zaman qapı açıq olmuş, onlar içəri baxmışlar. Firəngiz isə otağı tərk etmədən onun yanında qalmışdır. O, öz iş stolunun arxasında ayaq üstündə dayanan zaman Səidə qışqıraraq onun ünvanına “şərəfsiz, cındır, sən məni bu qədər zülmə salmısan” demiş, o, Səidədən sakitləşməsini tələb etsə də Səidə öz hərəkətlərinə davam etmişdir. Sonra Səidə ona yaxınlaşıb hər iki əli ilə onun üz nahiyəsindən şillə ilə vurmuş, əli ilə sol qolunun said hissəsindən tutub dırnaqlarını keçirmiş, bu zaman Günel kənardan müdaxilə etmədən izləmişdir. Firəngiz və kənarda tanımadığı şəxslər gələrək onları ayırmağa çalışmışlar. Onlar Səidəni kənara çəkdikdən sonra Səidə stolun üzərindən kağıztikəni, yəni stepleri götürərək ona tullamış o, başını əydiyi üçün stepler onun boyun nahiyəsinə dəymişdir. Bu zaman kənar şəxslər yenə onu sakitləşdirməyə çalışmışlar. O, Səidənin bu davranışlarını, özünü itirməsini, söyüşlər söyərək insanlar arasında narahatlıq yaratmasını gördüyündən, həm də həmin vaxt xəstəxanada olan başqa işi ilə bağlı dəhlizə çıxdıqda Səidə dəhlizdə onun üzərinə yenidən hücüm çəkmiş və onu çəkişdirməyə və söyməyə başlamışdır. Lakin, o, Səidənin davaya meyilli olduğunu gördüyündən onun yanında qalmayıb getməyə çalışmışdır. Bu zaman dəhlizdə olan şəxslərin araya girməsi ilə Səidənin əlindən çıxıb getmişdir. Daha sonra otağa daxil olduqda görmüşdür ki, Səidə otaqda ona məxsus bəzi sənədləri cırmışdır. O, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, ona dəymiş ziyan ödənilmiş və bu barədə notarial qaydada təsdiq edilmiş ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmədən təqsirləndirilən şəxsin barəsində cəza təyin edilməməsini xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun xalasının qızıdır. Səidə Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi ərarvad münasibətində yaşamışlar. Onların münasibətləri Elçinin Səidəni sinə əməliyyatı etməsindən sonra başlamışdır. Səidə bu əməliyyatdan razı qalmadığından Elçindən pulunu tələb etmişdir. 14 avqust 2023-cü il tarixdə saat 13 radələrində Səidənin xahişi ilə “Məlhəm” Hospitala getmişlər və Elçinin əməliyyatdan çıxmasını gözləmişlər. Elçin gəlib öz otağına daxil olduqdan sonra o, və Səidə birlikdə onun otağına daxil olmuşlar. İçəri girdikdən sonra Səidə otaqda olan digər şəxslərə Elçinlə danışmalı olduğunu, buna görə də otağı tərk etmələrini bildirmişdir. Bu zaman köməkçi otaqda qalmış, amma digər qadın otağı tərk etmişdir. Elçin qışqırmağa və nalayiq ifadələr işlətməyə başlamış və Səidədən əl çəkməsini tələb etmişdir. Səidə ona tərəf getdikdə Səidəni itələmiş, Səidə Elçinin iş masasının üzərindəki sənəd qabına dəymiş, sənəd qabı yerə düşmüş və sənədlər yerə dağılmışdır. Bundan sonra Səidə onun üz nahiyəsindən şillə ilə vurmuşdur. Elçin otaqdan çıxdıqdan sonra Səidə onun arxası ilə getmiş və ona dayanmasını, söhbət etmək istədiyini bildirmiş, Elçin isə dayanmayaraq uzaqlaşmışdır. Daha sonra Səidə Elçinin otağına gəlib onun iş masasının üzərində olan sənədləri götürüb cırmışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 X3 canlı şəxsin ekspertizasına dair xx.xx.2023-cü il tarixli, 786 saylı rəyin nəticə hissəsindən görünür ki, vət. Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar olunmuş – sol saidin ön səthinin sıyrıqları; ənsənin sağ yarısını və boynun arxa səthinin yuxarı şöbəsini əhatə edən hematoması – bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətə, yəni xx.xx.2023-cü il tarixdə alınmaları istisna olunmur, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Lokalizasiya və xüsusiyyətlərinə istinad edərək demək olar ki, qeyd olunan xəsarətlər müxtəlif şəraitlərdə törənə bilərdirlər, lakin özü tərəfindən və ya öz boyu hündürlüyündən yıxılması nəticəsində alınmaları inandırıcı deyildir. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs kimi tanınmışdır. - təqsirləndirilən şəxs qismində cəlb etmək barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 X3 canlı şəxsin ekspertizasına dair xx.xx.2023-cü il tarixli, 31/786 saylı rəyin nəticə hissəsindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə almış olduğu ənsənin sağ yarısını və boynun arxa səthinin yuxarı şöbəsini əhatə edən hematoması – müxtəlif şəraitlərdə törənə bilərdi, o cümlədən ekspertizaya təqdim edilmiş 01 ədəd kağıztikənlə (steplerlə) zərblə vurulması nəticəsində alınması inkar olunmur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 X3 canlı şəxsin məhkəmə-tibbi ekspertizasına dair xx.xx.2023-cü il tarixli, KEŞ-854 saylı rəyin nəticə hissəsindən görünür ki, tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə “X4”ə müraciət etmişdir. Aparılmış müvafiq müayinələrdən sonra ona “Süd vəzisinin uşaq doğma ilə bağlı dəqiqləşdirilməmiş və digər dəyişiklikləri” diaqnozu təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq operativ müalicə taktikası seçilmiş və “Süd vəzinin böyütmə amoplastikası” cərrahiyyə əməliyyatının aparılması planlaşdırılmışdır. Həmin tarixdə “Süd vəzinin böyütmə mamoplastikası” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş və Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə evə yazılmışdır. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə mütəxəssis müayinəsi zamanı onda süd vəzilərində əməliyyatdan sonrakı yumşalmış atrofık çapıq izləri, hər iki areolada tatuaj və bir qədər toxuma konturlarında fərqlilik qeyd olunmuşdur. Keçirilmiş əməliyyatın xarakterini nəzərə alaraq, göstərilən dəyişikliklərin yaranması mümkündür. Əməliyyat texniki cəhətdən düzgün icra olunmuşdur. Təqsirləndirilən şəxs “X4”də xx.xx.2022-ci il tarixdə icra edilmiş “Süd vəzinin böyütmə mamoplastikası” cərrahiyyə əməliyyatı səhiyyə sistemində mövcud təlimat qaydalarının tələblərinə uyğun olmuşdur. - sübutların qiymətləndirilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd üzərində “DL0307” yazısı olan kağıztikən maddi sübut kimi tanınmış və saxlanılması üçün Nizami RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. - cinayət işi materiallarının və əməlin tövsif edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsindən həmin Məcəllənin 221.3-cü maddəsinə tövsif olunmuşdur. - təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. - diskdə olan videogörüntüdən görünür ki, xəstəxananın dəhlizində Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin qolundan, köynəyindən tutaraq çəkişdirir, dəhlizdə olan şəxslər müdaxilə edir və zərərçəkmiş şəxs uzaqlaşır. Sonra Təqsirləndirilən şəxs geri qayıdır. - elektron məhkəmə informasiya sistemindən əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il təvəllüdlü Selin adlı və xx.xx.2016-cı il təvəllüdlü Davud adlı iki övladı vardır. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 17 fevral 2006-cı il tarixli qərarında xuliqanlıq cinayət əməlinin məzmunu və tətbiqi məsələləri ilə bağlı aşağıdakı hüquqi mövqelərini ifadə etmişdir: “ Xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CMnin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli Qərarının 9-cu bəndində göstərilir ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan, lakin silah qismində istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, CM-nin 221.3-cü maddəsi xuliqanlığın digər tövsifedici əlaməti qismində bu cinayət əməlinin silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədilməsini nəzərdə tutur…CM-nin 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfat-məişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. “Silah qismində istifadə edilən əşyaların” anlayışına Konstitusiya Məhkəməsi Plenumunun B.Yusifovanın şikayəti üzrə 17 fevral 2006-cı il tarixli Qərarında aydınlıq gətirilmişdir. Həmin Qərara əsasən silah qismində istifadə edilən əşyalar konstruksiya cəhətdən digər məqsədlər üçün, o cümlədən istehsalat təsərrüfat-məişət məqsədi ilə və yaxud da ümumiyyətlə hər hansı müəyyən məqsədlərə yönəlməyən, istehsal və emal olunmayan, yəni təbiətdə mövcud olan əşyalardır. Bu əşyalar silah deyil, bununla belə hər hansı məhvetmə xüsusiyyətinə, yəni soyuq və ya başqa silah növünə xas olan bəzi xüsusiyyətlərə malikdir və onların siyahısı hədsizdir. Silah qismində istifadə edilən əşyanın məhvetmə xüsusiyyətinə malik olması, onu bu xüsusiyyətə malik olmayan digər əşyalardan fərqləndirən əsas və mütləq şərtdir. CM-nin 221.3-cü maddəsi xuliqanlıq hərəkətlərinin törədilməsi üçün əvvəlcədən hazırlanmış əşyalarla bu hərəkətlərin həyata keçirilməsi zamanı təsadüfi əldə edilmiş əşyalar arasında heç bir fərq qoymur. Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi – ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-nin 221.3-cü maddəsi ilə tövsif olunmalıdır.” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında olan münaqişə şəxsi münasibətlər zəminində, yaxud əməliyyat pulunun qaytarılması ilə əlaqədar başlasa da təqsirləndirilən şəxsin hərəkətləri sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrildiyindən onun əməli xuliqanlıq kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxsnun törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib kağıztikən ilə Zərərçəkmiş şəxs qəsdən vuraraq sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid xəsarət yetirməklə xuliqanlıq cinayətini törətməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair ifadəsi özünü müdafiə etmək məqsədilə verilmiş ifadə kimi qiymətləndirilir və ifadəsində göstərdiyi xüsusatlar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olundu. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə, Təqsirləndirilən şəxs qadın olmasını, himayəsində iki azyaşlı övladının olmasını, övladlarını tək böyütməsini, ilk dəfə cinayət əməli törətməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin şikayətinin və tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin bilavasitə obyektini ictimai qayda, əlavə obyektini isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin təqsirləndirilən şəxsə münasibətdə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınan yuxarıda sadalanmış halların məcmusunu rəhbər tutaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, habelə cəzanın ədalətli olmasını və şəxsin islah olunmasına təsirini təmin etmək üçün Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün sayır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq olunaraq təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəza şərti olaraq tətbiq edilməlidir. Bundan başqa Təqsirləndirilən şəxs sınaq müddəti müəyyən edilməli və üzərinə onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.19 və 346.1.20-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı; İş üzrə maddi sübut olan Nizami RPİ-nin saxlanc yerində saxlanılan 1 ədəd kağıztikən dövlət nəfinə müsadirə olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 50 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 300 (üç yüz) manat (50x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməklə barəsində 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilsin. Sınaq müddəti hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri üzrə Probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya şöbəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd kağıztikən dövlət nəfinə müsadirə edilsin. Təqsirləndirilən şəxs məhkəmədə 50 (əlli) saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 300 (üç yüz) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-171/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-171/2024
21.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver