Məhkəmə qərarları › İş №1(007)-171/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-171/2025

07.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-171/2025 07.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi, tərcüməçi X1 iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri Nizami rayonu, Keşlə qəsəbəsi, D.Aslan küçəsi, A/YAT, ev 2-də qeydiyyatda olan, Bakı şəhəri Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 72, mənzil 18-də yaşamış, 05 noyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 07 noyabr 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan adam öldürmüşdür. Belə ki, o, 01 noyabr 2024-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, 61 ünvanında yerləşən söhbətgahın qarşısında tanışı Zərərçəkmiş şəxs ilə hər ikisi sərxoş vəziyyətdə olarkən şəxsi münasibətlərin pozulması zəminində aralarında baş vermiş mübahisə zamanı sonuncunun onun ünvanına nalayiq ifadələr işlətməsi ilə əlaqədar o, əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda onları görməyərək, cinayətkarcasına etinasızlıq göstərməklə yumruqla Zərərçəkmiş şəxs çənə nahiyəsindən bir dəfə vuraraq sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid çənə bucağının sol yarısının şişkinlik halında əzilməsi xəsarətini yetirmiş və nəticədə sonuncu zərbənin təsirindən yıxılıb sağ qaşustu nahiyəsi zərblə yerə dəyməklə aldığı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid və ölümünə səbəb olan alnın sağ yarısının hematoması ilə müşayiət olunan baş beyinə və mədəciklərə qansızma xəsarətlərindən ölmüş, bununla da o, Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan öldürmüşdür. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 01 noyabr 2024-cü il tarixdə dostu Ələkbər Ramizi də dəvət edərək evdə yemək yeyib spirtli içki içməyi təklif etmiş, Ramiz də evdən çörək götürüb gəlmişdir. Təxminən saat 18 radələrində Ələkbərin evində o, Ramiz və Ələkbər yumurta yeyib spirt içmişlər. Saat 19 radələrində qapının döyüldüyünü eşitmiş, Ələkbər qapını açmağa getmiş, həmin vaxt gələnin Oleq olduğunu görmüş və sonuncunu da yeməyə dəvət etmişdir. Lakin Oleq artıq çox sərxoş vəziyyətdə olduğundan yeyib içməkdən imtina etmiş, amma Oleq sataşmağa, uca səslə ünvansız söyüşlər söyməyə başlamışdır. Həmin vaxt Oleqin mobil telefonuna zəng gəlmiş, telefondan gələn qadın səsi Oleqə “hardasan, evə gəl” demişdir. Bundan sonra o, sərxoş olduğu üçün Oleqə evə getməsini, lazım olarsa ötürə biləcəyini demişdir. Ələkbər də onunla razılaşıb Oleqi evə yola salmasını demiş, o, Ramiz və Oleq evdən çıxaraq Oleqi ötürməyə getmişlər. Ələkbərin evindən çıxıb 110 saylı uşaq bağçası istiqamətində getmişlər, yolda getdikləri zaman Oleq ona və Ramizə sataşmağa, söyüş söyməyə davam etmişdir. Oleq onun solunda, Ramiz isə 5-10 metr arxalarından gəlmişdir. 110 saylı uşaq bağçasının hasarından sağ tərəfə üzü söhbətgaha döndükləri zaman Oleq yenə də ona qarşı ağır söyüşlər söyməyə davam etmişdir. Lakin sərxoş olduğu üçün onun konkret hansı söyüşləri söyməsini xatırlamır, həmçinin, Oleq də sərxoş olduğundan tam nə deməyi anlaşılmamışdır. Sonda Oleqin səsindən bezib söhbətgahın qarşısında Oleqin çənəsinin sol tərəfindən möhkəm bir yumruq vurmuşdur. Bundan sonra Oleq zərbənin təsirindən, yəqin ki, sərxoş olduğundan ayaqları yerdən üzülərək sağ çiyni üstə yerə yıxılmış və başı asfalta dəymişdir. Oleqin yerə yıxıldıqdan sonra reaksiya vermədiyini görüb Ramizə Oleqi qaldırmasını bildirərək, Ələkbərin evinə tərəf getmiş, onu köməyə çağırmışdır. Məhəlləyə çatdıqda Ələkbəri görmiış və Oleqi yumruqla vurduğunu, Oleqin yıxılmasını bildirmiş, Ələkbərdən gəlib Oleqi qaldırmağa kömək etməsini istəmişdir. Ələkbər problem olacağından qorxduğu üçün gəlməkdən imtina etmiş, o da özu tək qayıdaraq Ramizlə birlikdə Oleqi uzandığı yerdən qaldırmağa çalışmışdır. Ramiz Oleqin ayaqlarından tutmuş, o isə Oleqin qollarının arasına girib baş tərəfindən qaldırmışdır. Oleq ağır çəkili olduğundan çətinliklə qaldırmış, demək olar ki, sürümüşlər. Oleqin mobil telefonu cibindən düşmüş, o da itməməsi üçün telefonu cibinə qoymuşdur. Həmin vaxt məhəllədə olan uşaqlar da onlara köməyə gəlmişlər. Oleqi qaldıran vaxt jaketi artıq əynindən çıxmışdır. Oleqi bir az qaldıraraq söhbətgahın içərisində sol tərəfdə olan skamyada əyləşdirməyə çalışmışlar, lakin Oleq skamyada qala bilmədiyindən yenidən yıxılmış, onlar da sonuncunu skamyanın yanında yerə uzatmış, bundan sonra məhəllədə olan uşaqlar təcili tibbi yardım çağırdıqlarını bildirmişlər. Bundan sonra o, həmin yerdən “8-ci km bazarı” istiqamətində çıxıb getmişdir. Oleq həmin axşam Ələkbərin evinə gəldikdə sərxoş olduğuna görə səskuy salaraq söyüş söydüyü, həmçinin arvadı Oleqin mobil telefonuna zəng edərək onu evə çağırdığı üçün o, Ramizlə birlikdə Oleqi ötürməyi qərara almışdır. Oleq sərxoş olduğundan həm Ələkbərin evində, həm də evdən çıxdıqdan sonra söyüşlər söymüş, söhbətgahın qarşısına çatdıqda ona qarşı ağır söyüşlər söyməyə davam etmiş, o da əsəbləşib Oleqin sol çənəsindən bir dəfə yumruq vurmuşdur. Oleqi öldürmək fikri olmamış, sadəcə əsəbiləşib ona yumruq vurmuşdur. Oleq də həm sərxoş olduğuna görə, həm də yumruğun təsirindən zərblə yerə yıxılmışdır. Oleq söhbətgahın qarşısında yerə yıxılarkən üzərindən sadəcə mobil telefonu yerə düşmüş, həmin mobil telefonu istintaqa təqdim etmişdir. Təqsirləndirilən şəxs daha sonra əməlindən səmimi peşman olduğunu nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Qanuni nümayəndə göstərmişdir ki, mərhum əri Zərərçəkmiş şəxs 01 noyabr 2024-cü il tarixdə saat 15 radələrində uşaqlıq dostu Vladislav ilə görüşmək üçün evdən çıxmışdır. Oleq Vladislav ilə uzun müddət, təxminən 10 ildir ki, görüşməmişdir. Saat 17 radələrində o, Oleq ilə əlaqə saxlamış, Oleq hələ Vladislav ilə birlikdə oturduğunu və yemək yediklərini bildirmişdir. Bundan bir neçə saat sonra, saat 19 radələrində bir daha Oleq ilə əlaqə saxlamış və evə tez gəlməsini, artıq gec olduğunu bildirmişdir. Oleq isə cavabında artıq Vladislavla olmadığını, evə gəldiyini demişdir. Bu, Oleqlə sonuncu danışığı olmuşdur. Həmin gün saat 22-23 radələrində polis əməkdaşları ona zəng edərək Oleqin öldüyünü bildirmişlər. Oleq narkotik və psıxotrop maddələr qəbul etməmiş, sadəcə bəzən məclislərdə spirtli içki içmişdir. Oleq 01 noyabr 2024-cü il tarixdə ona ancaq Vladislavla görüşüb yeyib-içəcəyini demiş, daha sonra harasa getməsi barədə heç bir söz deməmişdir. Oleq evdən çıxarkən üzərində mobil telefonu və pul qabısı olmuş, pul qabısında təxminən 50-60 manat məbləğində pul, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və digər sənədləri olmuşdur. O, baş vermiş hadisəyə görə Təqsirləndirilən şəxs ilə barışmamışdır, ondan şikayətçidir. Təqsirləndirilən şəxsə ağır cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 01 noyabr 2024-cü il tarixdə axşam saat 19:30 radələrində yaşadığı Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti, 61 ünvanında məhəllədə skamyada oturarkən birdən nəsə “şappıltı” səsi eşitmiş, dönüb söhbətgaha tərəf baxdıqda bir nəfər kişi cinsli şəxsin yerə yıxılmasını, bir nəfər kişi cinsli şəxsin isə yanında durmasını görmüş, bundan sonra söhbətgaha tərəf yaxınlaşdıqda, yıxılan şəxsin söhbətgahın qarşısında sağ çiyin üstə, başı yerə dəymiş formada yerdə uzanmağını görmüş, daha sonra orada üçüncü şəxs ünvan 3 ünvanında yaşayan Şahid2 görmüşdür. Təxminən 3-5 dəqiqə sonra sonradan adının Məcid olmasını öyrəndiyi şəxs yenidən qayıdaraq yıxılan şəxsi Ramiz və onunla birlikdə qaldırmağa çalışmış, həmin vaxt sonradan adının Oleq olduğunu öyrəndiyi şəxsi skamyaya aparmaq istəyərkən beli yerə sürtülmüş, Oleqi söhbətgahın sol skamyası üzərinə uzatmağa çalışmışlar, lakin Oleq özündə olmadığından, həmçinin ağır olduğundan uzada bilməmişlər, Oleq skamyadan arxası üstə yıxılmış və başının arxa hissəsi asfalt örtüyə dəymiş, bundan sonra təcili yardım xidmətinə zəng etmişlər. Məcid isə bundan sonra söhbətgahdan uzaqlaşaraq getmişdir. Oleq yıxılan zaman söhbətgaha baxmamış, yıxıldıqdan sonra səs eşitdiyindən söhbətgaha tərəf dönüb baxdıqda Oleqin artıq yerə yıxılmasını görmüş, “şappıltı” səsi, yəni Oleqin yerə yıxılma səsini eşitdikdən sonra həmin istiqamətə baxmışdır. Baş vermiş hadisə zamanı, həmçinin, Zərərçəkmiş şəxs qaldırmağa kömək etdiyi zaman onun üzərindən hər hansı əşyasının düşməsini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, tez-tez dostu Şahid3 ilə birlikdə sonuncunun yaşadığı mənzilə gedərək araq, hərdən bir də spirt (95%) içmişlər. Təqsirləndirilən şəxs Ələkbərin dostu olmaqla, ortaq məclislərdə oturub yeyib-içmişlər. 01 noyabr 2024-cü il tarixdə axşam saat 5-6 radələrində yaşadığı məhlədə hava alarkən təsadüfən Ələkbər onu görüb yaxınlaşaraq yemək yeyib-yemədiyini soruşmuş, o da heç nə yemədiyini bildirmişdir. Ələkbər evində yumurta olduğunu, lakin çörək olmadığını demiş, o da yaşadığı evdə para çörəyin olduğunu, götürüb gələcəyini deyərək, yaşadığı mənzildən çörəyi götürüb həmin radələrdə Ələkbərin yaşadığı mənzilə getmişdir. Ələkbərin yaşadığı mənzilə daxil olduqda orada Ələkbər və Məcid olmuş, onlar həmin vaxt yumurta bişirmişlər. Mənzilə daxil olduqda solda yerləşən qonaq otağında olmuş, yemək hazır olduqdan sonra Ələkbərlə Məcid də yeməyi gətirmişlər. Birlikdə yumurta yeyib təxminən 200-300 qram araq içərkən təxminən saat 20 radələrində mənzilə sonradan adının Oleq olduğunu bildiyi şəxs daxil olmuşdur. Mənzilin qapısı açıq olduğu üçün Oleq rahatlıqla içəri daxil olmuşdur. Oleq mənzilə daxil olan kimi Məcidlə sözlü mübahisə etməyə başlamışdır. Oleqin hərəkətlərindən sərxoş olduğunu hiss etmiş, Məcid isə Oleqi yola verməyə, sakitləşdirməyə çalışmışdır. Oleq mənzilə daxil olanda Məcidi görən kimi “sən kimsən, burda nə edirsən?” deyə soruşmuş, Məcid isə “otur çörək ye, niyə belə danışırsan? gəlmisən səs-küy salırsan, camaat var, qonşular var” deyə cavab vermişdir. Oleq isə sakitləşməyərək Məciddən kim olduğunu soruşmuş, Məcid məsələ böyüməsin deyə Oleqə “gəl gedək, yola salım səni, get evə” deyə bildirərək sonuncunu mənzilin çölünə normal şəkildə çıxarmış, o da hər ehtimala qarşı arxalarınca çölə çıxmış, Ələkbər isə mənzildə qalmışdır. Onlar blokdan çölə çıxıb uşaq bağçasına tərəf irəliləmişlər. Yol boyu Oleq rus dilində Məcidi təhqir etmiş, Məcid isə Oleqi sakitləşdirməyə çalışaraq yoluna davam etmiş, o da təxminən 5-6 metr aralıda arxalarınca getmişdir. Oleqlə Məcid binanın həyətində yerləşən söhbətgaha tərəf döndükdən sonra divarın olması səbəbindən gözdən itmiş, gözdən itər-itməz, yənı binanın söhbətgahına tərəf döndükdən təxminən 2-3 saniyə sonra Məcidin yüksək səslə sənin ağzıvı ... deməsini eşitmiş, həmin vaxt həm də “şappılltı” səsi gəlmiş və o da addımlarını sürətləndirib döngəni dönəndə Oleqin sağ çiyni üstə yerdə, söhhətgahın qarşısında uzanmasını görmüş, Məcid isə ayaq üstə durmuşdur. O, nə baş verdiyini başa düşməmiş, Məciddən nə baş verdiyini soruşduqda, Məcid hirsli şəkildə “səhərdən məni söyür, dözmədim vurdum” demişdir. Məcidi sakitləşdirdikdən sonra o, hadisə yerindən uzaqlaşaraq Ələkbəri köməyə çağırmaq üçün çıxıb getmiş, o da Oleqin yanına gedərək ayıltmağa çalışmışdır. Bir qədər sonra Məcid qayıdaraq digər qonşuların köməyi ilə Oleqi qaldırmaq istəmiş, Oleqin qollarından tutub söhbətgaha doğru sürümüşlər, bu zaman Oleqin beli asfalta sürtülmüşdür. Oleqin huşu özündə olmamışdır. Onu skamyaya gətirib söhhətgahın skamyasında özünə gəlməsi üçün otuzdurmuşlar, lakin Oleqin huşu özündə olmadığı üçün arxası üstə yerə yıxılmış, həmin vaxt Oleqin başının arxa hissəsi asfalta dəymişdir. Bundan sonra hadisə yerinə qonşular tərəfindən çağırılmış təcili tibbi yardım heyəti gəlmiş və Oleqin öldüyünü demişlər. Məcidlə Oleq arasında hər hansı düşmənçilik və ya ədavət olub-olmaması barədə məlumatı olmamışdır. Oleqi sadəcə bir neçə dəfə görmüş, onunla heç bir dialoqu olmamışdır. Məcidi isə dostu Ələkbərə görə tanımışdır. Oleqin hadisə baş verdiyi gün hansı səbəbdən Ələkbərin evinə gəlməsi barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3, Şahid2la eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs uşaqlıqdan tanımış, əvvəllər eyni məhəllədə yaşamışlar. Sonradan o, başqa yerə köçmüş, bundan sonra Oleqlə əlaqələri olsa da bir müddət sonra əlaqələri kəsilmiş, təxminən 10 il olar ki, Oleqi görməmişdir. Baş vermiş hadisədən təxminən bir həftə əvvəl Türkiyədə yaşayan Vidadi adlı dostu ilə mobil telefonla danışarkən onun Oleqlə hələ də münasibətinin olduğunu öyrənmiş və Vidadidən Oleqin əlaqə nömrəsini götürmüş, bundan sonra 30 oktyabr 2024-cü il tarixdə mobil telefon vasitəsi ilə Oleqə zəng edərək danışmış və həmin cümə gününə, yəni 01 noyabr 2024-cü il tarixə görüş təyin etmişlər. 01 noyabr 2024-cü il tarixdə saat 16 radələrində “Qara Qarayev” metrostansiyası yaxınlığında Oleqlə görüşmüş, “Praqa” şadlıq sarayının yanında yerləşən “Təbiət” adlı kafedə oluraraq yemək yemiş və söhbət etmişlər. Görüş zamanı əvvəlcə 0,7 litr, daha sonra 0,5 litr araq içmişlər, saat 18-19 radələrində isə görüşləri başa çatmışdır. Kafedən çıxdıqdan sonra o, öz evinə getmiş, Oleq isə “Neftçilər” metrostansiyası tərəfə getmişdir. Kafedən çıxdıqdan sonra Oleq ona gəzməyi təklif etsə də o, spirtli içki içdiyi üçün evə gedəcəyini demiş və gəzməkdən imtina etmişdir. Oleqlə görüşdükdə köhnə günlərdən danışmışlar, söhbət zamanı aralarında hər hansı mübahisə baş verməmişdir. Oleqin hər hansı şəxslə ədavəti olub-olmaması barədə heç bir məlumatı olmamış, görüş zamanı Oleq bu barədə ona heç bir şey deməmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 05 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğliu tərəfindən Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan öldürülməsi faktı üzrə toplanmış material əsasında Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 01 noyabr 2024-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, müstəntiq tərəfindən hal şahidlərinin və müvafiq şəxslərin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 4-12) - 05 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus “Huawei” markalı mobil telefon ondan götürülmüşdür. Mobil telefonun korpusu qara rəngli olmuş, mobil telelonun arxasında qəhvəyi rəngli, üzərində “Gucci” yazısı həkk olunmuş rezin qab olmuşdur. Baxış zamanı mobil telefonun “Mesajlar”, “Zənglər” və digər bölmələrində iş üzrə əhəmiyyət kəsb edəcək hər hansı məlumatlar aşkar edilməmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, 01 noyabr 2024-cü il tarixdə Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti, 61 ünvanında yerləşən söhbətgahın qarşısında Zərərçəkmiş şəxs çənəsinin sol hissəsinə yumruq vurduqdan sonra sonuncu yerə yıxılmış, Zərərçəkmiş şəxs yıxıldığı yerdən qaldırıb skamyaya uzatmaq istəyərkən sonuncunun cibindən mobil telefonu yerə düşmüş, mobil telefonun itməməsi üçün yerdən götürüb ayıldığı zaman geri qaytarmaq istəmişdir. Zərərçəkmiş şəxs vəfat etdiyini öyrəndikdən sonra mobil telefonu araşdırmaya təqdim etmişdir. (i.v. 38) - 05 noyabr 2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmışdır. Şübhəli şəxs müdafiəçisinin iştirakı ilə iş üzrə verdiyi ifadəsini bir daha hadisə yerində təsdiq edərək ifadəsində göstərdiyi xüsusatları hadisə yerində əyani şəkildə göstərib təsvir etmişdir. (i.v. 63-71) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 publik hüquqi şəxsin Nizami rayon şöbəsinin 05 noyabr 2024-cü il tarixli 996 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthi üzərində 01 noyabr 2024cü il tarixdə yaranmağa uyğun hər hansı bir xəsarətin obyektiv əlamətləri aşkar olunmadı. (i.v. 151-152) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasına dair 22 noyabr 2024-cü il tarixli 7412 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.155-156) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasına dair 30 noyabr 2024-cü il tarixli 201 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tıbbı müayinəsi zamanı bədən səthində aşkar olunmuş - alnın sağ yarısının hematoması ilə müşayiət olunan baş beyinə və mədəciklərə qansızına, ənsənin hematoması və çənə bucağının sol yarısının şişkinlik halında əzilməsi, belin sağ yarısının sıyrığı və sağ sağrının səthi sıyrığı xəsarətləri bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2024-cü il tarixdə yaranmaları istisna olunmur, dərəcəsinə görə canlı şəxslərdə “alnın sağ yarısının hematomaları ilə müşayiət olunan baş beyinə və mədəciklərə qansızma” həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya; “sol çənə bucağının şişkinlik halında əzilməsi və ənsənin hematoması” sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, “sıyrıq və səthi sıyrıq” isə sağlamlığa zərər vurmayan və dərəcəsi təyin olunmayan xəsarətlərə aiddirlər. Zərərçəkmiş şəxs baş nahiyəsində olan xəsarətlər kənar şəxsin onun sol çənə bucağı nahiyəsinə vurduğu zərbənin təsirindən sonra öz boyu hündürlüyündən alın nahiyyəsinə yıxılması nəticəsində alınmaları istisna olunmurlar və baş vermiş ölümlə səbəbli əlaqəlidirlər. Zərərçəkmiş şəxs ölümünə səbəb baş beyinə və mədəciklərinə travmatik qansızma olmuşdur. Ölüm şəxsin meyitxanadakı müayinəsindən 12-14 saat əvvələ uyğun gələ bilərdi. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda və mədədə (möhtəviyyatı ilə) məhkəmə-kimya tədqiqatı nəticəsində qanda etil spirti aşkar edildi. Etil spirtinin qatılığı - 059%-dir, bu da canlı şəxslərdə yüngül dərəcəli sərxoşluq kimi qiymətləndirilir. (i.v. 159-163) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin kompleks ambulator məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının 30 noyabr 2024-cü il tarixli 3475 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə “emosional davamsız səxsiyyət pozuntusu” qeyd olunmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda “emosional davamsız şəxsiyyət pozuntusu” aşkar olunur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə barəsində tibbi xarakterli tibbi tədbirlərin tətbiq edilməsinə zərurət yoxdur. Təqsirləndirilən şəxs aşkar edilən “emosional davamsız şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs iş üçün vacib olan halları düzgün dərk etmək və onları ölçüb-biçməklə ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman onda psixikanın pozulması baş verməmiş, törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və həmin əməli idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə istintaq hərəkətlərinin aparılmasında iştirak edə bilər, hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində qıcığa qarşı həssaslıq, hirslilik yaranmış, həmin halın yaranması situasiya fonunda fərdi-psixi xüsusiyyətləri ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində, affekt halında olmamışdır. (i.v. 211-215) - 20 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvədə saxlanılmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 120-ci, 221ci və 177.1-ci maddələrinin tərkib əlamətləri müəyyən olunmadığından barəsində həmin hissələrdə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilmiş, Zərərçəkmiş şəxs məxsus “Huawei” markalı mobil telefon maddi sübut kimi tanınmış, saxlanılması üçün Nizami rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmişdir. (i.v. 219-230) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə görə, təqsirkarın zərərçəkmiş şəxsi öldürmək niyyətini təsdiq edən başqa sübutlar yoxdursa, zərərçəkmiş şəxsin həyat üçün mühüm olmayan orqanlarına zərər vurulması hallarında əməl qəsdən adam öldürməyə cəhd kimi deyil, baş vermiş faktiki nəticələrə görə məsuliyyətə səbəb olacaqdır. Bu halda zərərçəkmiş şəxs ölərsə, təqsirkarın əməli qəsdən adam öldürməyə cəhd kimi deyil, ehtiyatsızlıqdan adam öldürmə (CM-nin 124.1-ci maddəsi), ya da törədilən əmələ və baş verən nəticəyə psixi münasibətin formasından asılı olaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma (CM-nin 126.3-cü maddəsi) kimi tövsif ediləcəkdir. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsin hüquqi varisini, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 124.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan adam öldürmə - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 04 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 54-55) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 noyabr 2024-ci il tarixli qərarından görünür ki, müstəntiqin vəsatəti əsasında Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 05 noyabr 2024-cü il tarixdən hesablanmışdır. (i.v. 106-112) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 27 noyabr 2024-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 may 1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 102-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinib, 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 41-ci maddəsinə əsasən cəzası şərti olaraq tətbiq edilmiş; Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 dekabr 2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 221.1-ci maddəsi ilə təqsirli bilinib, qazancından dövlət nəfinə 15% tutulmaqla 01 il müddətinə islah işlər cəzasına məhkum edilmiş; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 iyul 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128 və 221.1-ci maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən qazancından dövlət nəfinə 15% tutulmaqla 01 il müddətinə islah işlər cəzasına məhkum edilmiş; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 31 iyul 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128 və 221.1-ci maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən 01 il müddətinə islah işlər cəzasına məhkum edilmiş; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 iyun 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 02 ay 22 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, 17 iyun 2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. (i.v. 185-209) Məhkəmə Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinin tələbləri baxımından qeyd edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir, o, məhkumluğu olmayan şəxs hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 26.1-ci maddəsinə əsasən isə ehtiyatsızlıqdan törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində, cəzasını ağırlaşdıran hal qismində həmin Məcəllənin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 05 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinin tələbinə əsasən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, Azərbaycan Respublikası CPM-nin 175.5ci maddəsinin tələbinə uyğun olaraq, barəsində seçilmiş həbs qətimkan tədbiri onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə təhvil verilməsinədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmaqla saxlanılması üçün Nizami rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş mərhum Zərərçəkmiş şəxs məxsus “Huawei” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxsin hüquqi varisi Qanuni nümayəndə təhvil verilməlidir; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi qaydada müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi xidmətlərə görə (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 05 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə təhvil verilməsinədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi qaydada müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut qismində tanınmaqla saxlanılması üçün Bakı şəhəri Nizami rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş mərhum Zərərçəkmiş şəxs məxsus “Huawei” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxsin hüquqi varisi Qanuni nümayəndə təhvil verilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 25 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 150 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar