Məhkəmə qərarları › İş №1(007)-172/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-172/2020

12.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-172/2020 12.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Ələsgərova Aytac Hikmət qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Namiq oğlunun, zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1970-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham elan olunmuşdur ondan ötrü ki, o, xx.xx.2019-cu il tarixdə saat 18:30 radələrində nikah münasibətində olduğu Şahid3 ilə birlikdə ünvan 3 ünvanında kirayədə yaşayarkən sonuncunun keçmiş nikah münasibətində olduğu Zərərçəkmiş şəxs alkoqollu içki təsirindən sərxoş halda həmin ünvana gəlib münasibətlərinə aydınlıq gətirərkən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlətməsi və zor tətbiq etməsi ilə əlaqədar həyətdən götürdüyü metal parçası ilə Zərərçəkmiş şəxs burun nahiyəsinə, əl və təpiklə bədəninin müxtəlif nahiyələrinə vuraraq sonuncuya burun sümüyünün yerdəyişməyən sınığı, burun belinin şişkinlik halında əzilməsi və sağtərəfli sıyrıqları, üst dodağın iç səthinin qansızması, sağ budun iç səthinin şişkinlik halında əzilməsi və qançırı ilə müşayiət olunan, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamığa yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilərək göstərmişdir ki, 2006-cı ildən Şahid3 ilə yaxın münasibəti olmuşdur, 2019-cu ilin oktyabr ayından isə bir yerdə yaşayırlar. Şahid3 əvvəllər qeyri-rəsmi Zərərçəkmiş şəxs ilə yaşamış və Qoşqardan ayrıldıqdan sonra onunla qeyri-rəsmi yaşamışdır. Hazırda Bəsti övladları ilə bir yerdə onunla Nizami rayonu, Keşlə qəsəbəsində kirayədə yaşayır. xx.xx.2019-cu il tarixdə saat 19 radələrində ailəsi ilə evdə olarkən həyətin qapısı döyülmüş, Qoşqarın içkili vəziyyətdə gəldiyini görmüşdür. O, Qoşqarla üzbəüz gəlmək istəmədiyindən Bəsti Qoşqarı yola salmaq üçün qapıya çıxmışdır. 2-3 dəqiqədən sonra yenidən qapı döyülmüş, Bəsti yenə qapıya çıxdıqdan az sonra bayırdan səs-küy səsləri gəldiyini eşitmişdir. Həyətə çıxdıqda Qoşqarın Bəstinin saçından tutaraq yerə yıxıb, yerdə təpiklədiyini görmüşdür. Qoşqarı sakitləşdirmək istəyərkən Qoşqar onun yaxasından tutub ona yumruq atmışdır. Qoşqar içkili olduğu üçün ona baş qoşmamışdır. Sonra Qoşqar onun əynində olan köynəyini dartıb cırmış, həyətdəki qaz plitəsinin üzərində olan tavanı içərisindəki yeməklə bir yerdə Bəstinin üzərinə tullamış, lakin tava heç kimə dəyməmişdir. Qoşqarı bayıra çıxarmaq istəyərkən Qoşqar bayır qapının arxasındakı, təxminən uzunluğu bir metr olan metaldan su borusunu götürüb onun üzərinə hücum etmişdir. Qoşqar həmin boru ilə onun boynundan və əlindən vurub xəsarət yetirmişdir. O, özünü qorumaq üçün Qoşqarı yumruqla vurmuşdur. O, çətinliklə borunu Qoşqarın əlindən alıb onu bayıra çıxartmışdır. Bir qədər keçmiş bayırdan şüşə səsi gəlmişdir. Bəsti ilə bayıra çıxdıqda Qoşqarın ona məxsus küçədə saxladığı “Tofaş” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilinin arxa şüşəsini, qapıların tutacaqlarını və arxa işıqların şüşələrini sındırdığını aşkar etmişlər. Məhəllədə uşaqlar bir nəfərin avtomobili vurub sındırdığını demişdir. Hadisə zamanı Qoşqar ona 700 manat ziyan vurmuşdur. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2010-cu il tarixdə Şahid3 ilə qeyri-rəsmi olaraq ailə həyatı qurmuş, 2011-ci ildə oğlu Nail, 2014-cü ildə isə qızı Röya dünyaya gəlmişdir.Bəsti xadimə kimi, özü isə fəhləliklə məşğul olub ailəsini dolandırmışdır. Evli olduğu müddətdə kirayədə yaşadıqları Sabunçu rayonundakı evinə tanışı Təqsirləndirilən şəxs tez-tez qonaq gəlmiş, Bəsti ona Mehmanın qohumu olduğunu demişdir. O, bir neçə dəfə Mehmanı evində içkili vəziyyətdə görmüş, sonra isə Bəsti ilə bir yerdə tutmuşdur. Sonra ona məlum olmuşdur ki, Bəsti ona qədər Mehmanla bir yerdə yaşamışdır. O, Mehmanı evdən qovmuş, məhəllədə biabır olduğu üçün yaşadığı evdən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsinə köçmüşdür. Mehman da onların evindən bir qədər kənarda kirayə ev tutub yaşamağa başlamışdır. xx.xx.2019-cu il tarixdə gecə saatlarında Bəstinin övladları ilə evdə olmadığını görmüş, Bəstinin övladlarını götürüb Mehmanın yanına getdiyini bilmişdir. O, əşyalarını götürüb anasının evinə getmiş və təxminən 20 gün Bəsti ilə əlaqə saxlamamışdır. xx.xx.2019-cu il tarixdə övladlarına baş çəkib pul vermək istəmişdir. Bu məqsədlə bacısından 180 manat, fəhlə işlədiyi yerdə ustasından əmək haqqını alıb, üzərində cəmi 330 manat pul ilə Bəstinin yaşadığı evə getmişdir. Həmin gün saat 18:30 radələrində Mehmanın evinin qapısını döyüb Bəstini bayıra çağırmışdır. Bəstiyə uşaqlarını görmək istədiyini dedikdə Bəsti ona “içkilisən, çıx get” demişdir. Bəsti onu əsəbləşdirmiş, o da Bəstini vurmuşdur. Səs-küyə Mehman çıxmışdır. Mehman yumruqla burnundan vurub ona burun sümüyünün yerdəyişməyən sınığı, burun belinin şişkinlik halında əzilməsi və sağ tərəfli sıyrıqları xəsarəti yetirmişdir. Mehman onu vurduğu üçün o da əlinə keçən dəmir ilə Mehmanı vurmuşdur. Bəsti ilə Mehman bir yerdə onu əl və ayaqla döyərək bayıra çıxartmışlar. O, əsəbləşib Mehmanın avtomobilinin buferini yerindən çıxartmışdır. Ətrafda heç kim olmamış, qonşular onları ayırmamışdır. Həmin vaxt sərxoş olmuşdur. Hadisə vaxtı cibində olan pulunu itirmişdir. Ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 2006-cı ildə Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi yaşamışdır. Sonradan aralarında narazılıq olduğu üçün Təqsirləndirilən şəxs ayrılıb Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi ailə həyatı qurmuşdur. Qoşqar mütəmadi olaraq spirtli içki qəbul etmiş, hətta bir dəfə yanında içki yoldaşı ilə evə gəlmişdir. Bu səbəbdən aralarında söz-söhbət olmuş, nəticədə xx.xx.2019-cu il tarixdə Qoşqardan ayrılaraq iki övladını da götürüb əvvəl yaşadığı Mehmanın yanına qayıtmışdır. Həmin gündən etibarən Qoşqar tez-tez içkili vəziyyətdə onların kirayədə yaşadığı ünvan 4 ünvanındakı fərdi yaşayış evinə gəlib onları narahat etmişdir. xx.xx.2019-cu il tarixdə saat 19 radələrində övladları və Mehmanla evdə olarkən həyətin bayır qapısı döyülmüş, Qoşqarın içkili vəziyyətdə gəldiyini görmüşdür. Qoşqar ona uşaqlarını görmək istədiyini dedikdə Qoşqara içkili olduğunu, çıxıb getməsini bildirmişdir. Qoşqar getmiş və 2-3 dəqiqədən sonra yenidən gəlib qapını döymüşdür. O, qapının qarşısına çıxanda Qoşqar onun saçından tutub yerə yıxmış və yerdə ayaqlarına bir neçə dəfə təpik vurmuşdur. Səs-küyə çıxan Mehman Qoşqarı sakitləşdirib oradan uzaqlaşdırmaq istəyərkən Qoşqar Mehmanın yaxasından tutub əynindəki köynəyini cırmışdır. Daha sonra Qoşqar həyətdəki qaz plitəsinin üzərində olan tavanı içərisindəki yeməklə birlikdə onun üzərinə tullamışdır. Tava heç kimə dəyməmişdir. Mehman çətinliklə Qoşqarı bayıra çıxartmağa çalışmışdır. Həmin vaxt Qoşqar bayır qapının arxasındakı, təxminən bir metr uzunluğunda metaldan su borusunu götürüb Mehmanın üzərinə hücum etmişdir. Mehman onun içkili olduğunu bildiyi üçün baş qoşmamışdır. Qoşqar həmin boru ilə Mehmanı vurmuşdur. Mehman çətinliklə borunu Qoşqarın əlindən alıb onu həyətdən çıxartmışdır. Bir az keçmiş bayırdan şüşə səsi gəlmiş, Mehmanla bayıra çıxdıqda Mehmanın küçədə saxladığı avtomobilinin arxa şüşəsinin, qabaq qapıların tutacaqlarının və arxa işıqların şüşələrinin, qeydiyyat nömrəsinin sındırıldığını görmüşlər. Həmin vaxt Qoşqar artıq orada olmamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs və Şahid3 qonşu kimi tanımışdır. O, Keşlə qəsəbəsində təndirdə işləyir. Zərərçəkmiş şəxs həmişə uşaqları ilə gəlib çörək aldığından Qoşqarı oradan tanıyır. xx.xx.2019-cu il tarixdə axşam saatlarında işdən evə gəlmişdir. Həyətdən səs-küy səslərini eşidib bayıra çıxmışdır. Bu zaman Qoşqarı həyətdən bayıra çıxartdıqlarını görmüşdür. Qoşqarın Mehmanı, Mehmanın Qoşqarı vurmasını, ümumiyyətlə kiminsə kimi vurmağını görməmiş, söyüş eşitməmişdir. Qoşqarın Mehmana məxsus avtomobilin şüşəsini daşla sındırdığını eşitməmişdir. Sonradan eşitmişdir ki, Qoşqar Bəstinin keçmiş həyat yoldaşıdır, içkili vəziyyətdə gəlib. Müstəntiqə də məhkəmədə verdiyi məzmunda ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanılması və aidiyyəti üzrə göndərilməsi haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs qarşılıqlı döyülərək hər ikisinin sağlamlığa qəsdən yüngül zərər vurmaya aid xəsarət almaları faktı üzrə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2- Təcrübi və Tədris Birliyinin xx.xx.2019-cu il tarixli, 1075 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs burun sümüyünün yerdəyişməyən sınığı, burun belinin şişkinlik halında əzilməsi və sağtərəfli sıyrıqları, üst dodağın iç səthinin qansızması, sağ budun iç səthinin şişkinlik halında əzilməsi və qançırı olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2019-cu il tarixdə yarana bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Müayinə zamanı aşkar edilən sağ tərəfli qasıq nahiyəsindəki şişkinlik qasıq yırtığı olub, xəstəlik hesab edilir və xx.xx.2019-cu il tarixdə baş vermiş hadisə ilə əlaqəli deyil. Lokalizasiya və xarakterlərinə əsasən demək olar ki, xəsarətlərin şəxsin öz boyu hündürlüyündən yıxılması və şəxsin özü tərəfindən özünə yetirməsi nəticəsində yaranması inandırıcı deyil. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2- Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizasına dair xx.xx.2019-cu il tarixli, 1076 saylı rəyin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs İİ və İİİ barmaqların hərəkət məhdudluğu ilə müşayiət olunan sağ əlin arxa səthinin şişkinlik halında əzilməsi, sağ əlin ovuc səthinin qançırı olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2019-cu il tarixdə yarana bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Lokalizasiya və xarakterlərinə əsasən demək olar ki, xəsarətlərin şəxsin öz boyu hündürlüyündən yıxılması və şəxsin özü tərəfindən özünə yetirməsi nəticəsində yaranması inandırıcı deyildir. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs kimi tanınmışdır. - təqsirləndirilən şəxsə ittiham elan edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham elan edilmişdir. - qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə təqsirli bilinib CM-nin 68.1.2, 66.3 və 66.4-cü maddələrinə əsasən 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum olunmaqla 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2011-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqlarını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmiş və barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda, Zərərçəkmiş şəxs da məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tamamilə ödənilmişdir, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə hesab edir ki, aşağıdakılara əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsində nəzərdə tutulmuş məsələni həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri xitam olunmalıdır. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 15 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 20 iş saatı, cəmi 35 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 210 (iki yüz on) manat (35x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.3, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri xitam olunsun. Təqsirləndirilən şəxs 35 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 210 (iki yüz on) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar