Məhkəmə qərarları › İş №1(007)-172/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-172/2021

23.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-172/2021 23.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxx 1987-ci il tarixdə Ermənistan Respublikası, Amasiya rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, iki uşağı olan, əvvəllər məhkum olunmamış, "xxxx" ASC-nin Sabunçu RETSİ-nin istismar şöbəsinin mühəndisi vəzifəsində işləmiş, hazırda işləməyən, Bakı şəhəri, Xətai rayonu, Gen. Şıxlinski küçəsi ev 59, mənzil 172də qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Bağ evi, ev 823-də yaşayan, 16 mart 2021-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3, 178.2.4 və 32.4,312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə qeyrisini təhrik etmişdir. Belə ki, o "xxxx" ASC-nin sədr müavininin 23 may 2017-ci il tarixli k/17-02074 nömrəli əmri ilə Sabunçu RETSİ-in istismar şöbəsinin mühəndisi vəzifəsinə təyin edilməklə həmin vəzifədə 29 mart 2020-ci il tarixədək işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə elektrik xəttinin çəkilməsi ilə bağlı Şahid1 2019-cu ilin dekabr ayının ikinci yarısında 2 saylı Bakı “ASAN Kommunal” mərkəzinə qeyri-yaşayış sahəsinin sahibi Şahid2 adından müraciəti ilə əlaqədar, Şahid1 ilə telefon vasitəsi ilə əlaqə saxladıqdan sonra sonuncu ilə istintaqla dəqiq müəyyən edilməyən tarixdə ünvan 1 ünvanında görüşərək özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özünə olan inam və etibardan sui-istifadə edərək qeyd edilən qeyri-yaşayış sahəsinə 15 (kVt) gücündə elektrik xəttinin çəkilməsini təmin etmək imkanına malik olduğunu, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”nın 3.1ci bəndinə əsasən sifarişçinin elektrik xətlərinin çəkilməsi üçün qoşulma haqqından əlavə heç bir əlavə haqqın ödənilməsi tələbinin olmadığı halda, 10 (kVt) gücündə elektrik xəttinin çəkilməsi üçün 1824 manat dövlət rüsumunu “ASAN Kommunal” mərkəzinə, guya həmin xətt dəmir yolu xəttinin altından keçəcəyinə görə 1540 manat dövlət rüsumunu "xxxx" QSC-yə, 350 manat kabel üzrə ödəniş, 500 manat fəhlə haqqı, 500 manat xidmət haqqı, 786 manat isə sayğac quraşdırmaq və digər xidmətlər üzrə ödəniş olmaqla, ümumilikdə 5500 manat məbləğində pul vəsaitinin ödənilməli olduğunu Şahid1 yalandan bildirib, sonuncuda özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək həmin niyyətlə 2019-cu ilin dekabr ayının ikinci yarısında ünvan 1 ünvanında Şahid1 5500 manat məbləğində pul vəsaitini alıb, həmin pul vəsaitinin 1817,8 manat hissəsini "xxxx" ASC-nin hesabına 21 yanvar 2020-ci il tarixdə qoşulma haqqı kimi ödədikdən sonra qalan 3682,2 manat məbləğində pul vəsaitini isə hər hansı rüsum və sair xərc üzrə ödəməyib, şəxsi ehtiyaclarına sərf etməklə, həmçinin cinayət əməllərini davam etdirərək, Şahid1 ünvan 1 ünvanında yerləşən həmin qeyri-yaşayış sahəsinin qarşısında olan ağacların digər əraziyə köçürülməsi üçün Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyindən icazə alınmasında köməklik göstərilməsi ilə bağlı 2020-ci ilin yanvar ayında istintaqla dəqiq müəyyən edilməyən tarixdə özünə müraciəti ilə əlaqədar, Şahid1 özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özünə olan inam və etibardan sui-istifadə edərək Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyində səlahiyyətli şəxslər ilə guya yaxın əlaqələrinin olmasını, həmin əlaqələri vasitəsilə səlahiyyətli vəzifəli şəxs olan tanışının köməyi ilə qeyd edilən sahənin qarşısında olan ağacların köçürülməsi imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə, yəni ağacların köçürülməsi üçün zəruri tədbirlərin həyata keçirilməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 5000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini bildirərək, Şahid1 özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə 2020-ci ilin yanvar ayında istintaqla dəqiq müəyyən edilməyən tarixdə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Qara Qarayev” metrostansiyası yaxınlığında Şahid1 cinayətdən xəbərsiz Şahid3 vasitəsi ilə 5000 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, ümumilikdə qeyd edilən qaydada Şahid1 məxsus cəmi 8682,2 manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə ələ keçirərək Şahid1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunu təhrik etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3, 178.2.4 və 32.4,312.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.3, 178.2.4 və 32.4,312.1-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2013-cü ildən 2015-ci ilədək "xxxx" ASC-nin Nizami və Nərimanov rayon idarələrində mühəndis vəzifəsində işləmiş, 2015-ci ildə isə öz ərizəsi ilə işdən çıxaraq fərdi qaydada işləmiş, 2017-ci ildə yenidən işə bərpa olunaraq "xxxx" ASC-nin Sabunçu rayon Enerji və Satışı idarəsinə mühəndis vəzifəsində işləməyə başlamış, lakin əmək haqqı aşağı olduğu üçün 2020-ci ilin mart ayında öz ərizəsi ilə işdən çıxmışdır, hazırda fərdi qaydada evlərdə işləyir. Şahid1 ilə tanışlığı 2019-cu ilin dekabr ayında olmuşdur. Həmin zaman Şahid1 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bünyadov küçəsində yerləşən qeyri-yaşayış obyektinə elektrik enerjisinin çəkilməsi barədə “ASAN Kommunal” mərkəzinə etdiyi müraciət aidiyyəti üzrə baxılması üçün Sabunçu RETSİ-nə göndərilmişdir. Mühəndis kimi Bakıxanov qəsəbəsi onun dislokasiyası olduğundan müraciət onun üstünə yazılmış, o da Şahid1la əlaqə saxlayıb qeyd olunan ünvanda onunla görüşmüşdür. Həmin ünvana getdikdə, qeyri-yaşayış sahəsində avtomobil təmiri yerlərinin təmirinin aparılmasını görmüşdür. Orada Şahid1 ona bildirmişdir ki, həmin qeyri-yaşayış sahəsi onun müdirinindir, özü isə onların sürücüsüdür. İntiqam demişdir ki, həmin sahəyə 15 (kVt) gücündə elektrik xəttinin çəkilməsi işi ona həvalə edilmiş, bununla bağlı ona etibarnamə verilmişdir. O, ərazini gəzərək müəyyən etmişdir ki, həmin qeyri-yaşayış sahəsi dəmir yolunun kənarındadır və elektrik xəttinin çəkilməsi üçün orada qida mənbəyi yoxdur, elektrik xəttini yalnız dəmir yolunun altından keçirmək mümkündür, bu barədə İntiqama məlumat vermiş, izah etmişdir ki, ilk əvvəl dəmir yolunun altından elektrik enerjisinin çəkilməsi üçün o, Dəmir Yolu İdarəsinə rəsmi müraciət etməlidir, müsbət cavab aldıqda 1540 manat dövlət rüsumu ödəməli, şəxsi hesabına kabel alıb obyektinə çəkməli, sonra isə ondan elektrik enerjisinin verilməsinə razılıq aldıqdan sonra “ASAN Kommunal” mərkəzdə 4824 manat dövlət rüsumu ödəməlidir, bundan sonra 20 iş günü ərzində sayğac quraşdırılacaqdır. X18 İdarəsinə əlavə olaraq dövlət rüsumu ödəmək istəmədiyini, bu işdə ona necə köməklik edə biləcəyini soruşmuş, o da etibarnamə əsasında İntiqamın adından cəmi 5300 manat xərc ilə, yəni 1540 manat Dəmir Yolu İdarəsinə ödəniləcək dövlət rüsumu, 1824 manat 10 (kVt) gücündə elektrik enerjisinin çəkilməsi üçün “ASAN Kommunal” mərkəzinə ödəniləcək dövlət rüsumu, 350 manat kabel pulu, 500 manat fəhlə pulu, 500 manat onun xidməti haqqı, qalan pul isə elektrik sayğacının yerləşdirilməsi üçün lazımi avadanlıqların alınmasına xərcləyərək elektrik xətti çəkə biləcəyini bildirmişdir. Növbəti gün İntiqamın müdir kimi adlandırdığı Şahid2 adlı şəxs ona “28 May” metrostansiyası yaxınlığında etibarnamə vermişdir. 2019-cu ilin dekabr ayının ikinci yarısında Bakı şəhəri Sabunçu rayonu ərazisində, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyatzadə küçəsi, 4A ünvanda İntiqamın adından adını və nömrəsini xatırlamadığı bir şəxslə görüşmüş və ondan İntiqamın göndərdiyi 3000 manatı almış, 2 gün sonra isə Bakı şəhəri, Nizami rayonu, “Qara Qarayev” metrostansiyası yaxınığında İntiqamın adından adını və nömrəsini xatırlamadığı bir şəxslə görüşüb 2300 manat pulu almışdır. Bundan sonra, o, pulu aparıb “ASAN Kommunal” mərkəzinə də ödəniş etdikdən sonra həmin qeyri-yaşayış sahəsinin elektrik enerjisini çəkərək sayğacı birləşdirib yerin sahibinə təhvil vermişdir. 2020-ci ilin yay aylarında İntiqam ona zəng edib onu aldatdığını bildirmiş, obyektə 35 mm-lik yox, 25 mm-lik kabel çəkdiyini, ona görə də verdiyi puldan 2000 manat qaytarmalı olduğunu demiş, o isə ona etiraz edərək demişdir ki, ondan artıq pul almamışdır və pulu qaytarmayacaqdır. Bundan sonra eşitmişdir ki, İntiqam işlədiyi idarəyə də onun barəsində şikayət etmişdir, lakin o, artıq həmin İdarədə işləməmişdir. O, İntiqamdan 5500 manat yox, 5300 manat pul almış, həmin pulların da hara sərf olunacağını bir-bir ona bildirmişdir. 10 (kVt) gücündə elektrik enerjisinin çəkilməsi üçün 1824 manat “ASAN Kommunal” mərkəzə dövlət rüsumu, Dəmir Yolu İdarəsində isə adını hazırda xatırlamadığı şəxsə 1540 manat ödəmişdir, lakin həmin ödəniş qəbzlərini təqdim edə bilmir. Şahid1 ilə arasında “WhatsApp” yazışmalar olmuşdur, onu başından eləmək üçün yalandan ona təqdim edilən məzmunda mesajlar yazmışdır. 2020-ci ilin birinci yarısında obyektin qarşısında ağacların Yaşıllaşdırma İdarəsindən razılıq alıb digər yerlərdə əkilməsi üçün İntiqamın göndərdiyi şəxsdən 5000 manat deyil, 4200 manat alıb Yaşıllaşdırma İdarəsində adını və nömrəsini xatırlamadığı şəxsə ağacların yerinin dəyişilməsi ilə bağlı şifahi müraciət etmiş, həmin şəxs də ona ağacların gənc olduğunu, yerlərlərini dəyişmək mümkün olmadığını demiş, ona görə də götürdüyü pulu İntiqama geri qaytarmışdır. Onun Yaşıllaşdırma İdarəsində hər hansı vəzifəli şəxsə pul vermək niyyəti olmamışdır. Məhkəmədə son sözündə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu, Şahid1 aldığı pulu tam şəkildə ona qaytardığını, himayəsində iki azyaşlı uşağı olduğunu, ailə və maddi vəziyyətinin ağır olduğunu, ailədə ondan başqa işləyən olmadığını nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən 200 kv.m qeyri-yaşayış sahəsi 2013-cü ildən onun istifadəsindədir, lakin mülkiyyət hüququ ilə qohumu Şahid2 məxsusdur, özünə məxsus qeyri-yaşayış sahəsi də ona bitişikdir. Həmin obyektdə 2019-cu ilə kimi kommersiya fəaliyyət olmamışdır. 2019-cu ildə o, həmin qeyri-yaşayış sahəsində dükan açıb akkumulyator satışı ilə məşğul olmaq qərarına gəlmişdir. Bunun üçün müvafiq icazələr aldıqdan sonra 2020-ci ilin yanvar ayında həmin sahədə obyekti tam şəkildə tikib başa çatdırmış və yeni tikilidə elektrik xətti olmadığı üçün sənədləri toplayıb 2019-cu ilin dekabr ayının ikinci yarısında elektrik enerjisinin çəkilməsi üçün dəmir yolu vağzalının inzibati binasına bitişik yerləşən “ASAN Kommunal” mərkəzinə Elmar Tanrıverdiyevin adından müraciət etmişdir. Müraciət etdiyi gün özünü Sabunçu rayon Enerji Təchizatı və Satışı idarəsinin rəis müavini kimi təqdim edən Xaqani adlı şəxs ona istifadəsində olan ***-***-**- ** nömrəsindən zəng vuraraq elektrik xəttinin çəkilməsi barədə müraciəti ilə əlaqədar görüşmələrini təklif etmişdir. Xaqani ilə ikisi həmin gün qeyri-yaşayış sahəsinin yerləşdiyi ünvanda görüşmüşlər. Söhbət zamanı Xaqani qeyri-yaşayış sahəsinə qanuni yolla 15 kVt gücündə elektrik xəttinin çəkilməsinin xərci 4850 manat, elektrik kabeli xərci ayrı olmaqla 700 manat yaxınlığında, ümumilikdə dövlət rüsumu ilə birlikdə 5500 manat məbləğində pulu ödəməli olduğunu ona bildirmişdir. Xaqani ona 5500 manat pulu verdiyi halda heç bir əziyyət çəkməyəcəyini, işıq idarəsində heç bir problem yaranmayacağını, məsələni şəxsi əlaqələri hesabına "xxxx" ASC-də və "xxxx" QSC-də yoluna qoyacağını, həmin idarələrdən müvafiq razılığın alınmasını təmin edəcəyini, beləliklə bütün sənədləşmə işlərini özü həll etməklə, xətt çəkildikdən sonra həmçinin sayğacın da quraşdırılmasını təmin edəcəyini ona vəd etmişdir. Növbəti gün, 2019-cu ilin dekabr ayının ikinci yarısında ünvan 1 ünvanında o, Xaqani ilə ikisi olmaqla görüşüb 5500 manat pulu eyni ünvana elektrik xəttinin çəkilməsi üçün ona vermişdir. Xaqani pulu aldıqdan sonra 15 iş günü ərzində işıq məsələsinin həll olunacağını söz vermişdir. O, həmin məsələnin həllini gözləyərkən 2020-ci ilin birinci yarısında Xaqaniyə həmçinin obyektin qarşısında bir neçə ağacın olduğunu deyib, həmin ağacların Yaşıllaşdırma İdarəsindən razılıq alıb digər yerlərdə əkilməsinin mümkün olub-olmamasını soruşmuşdur. Xaqani həmin məsələni şəxsi əlaqələri hesabına Yaşıllaşdırma İdarəsində 5000 manat “hörmət” etməklə həll edə biləcəyini bildirmişdir. Danışıqdan bir həftə sonra işçisi Şahid3 vasitəsi ilə Xəqaniyə onun olduğu Nizami rayonu, “Qara Qarayev” metrostansiyası yaxınığında 5000 manat pul göndərmiş, Xaqani həmin pulu aldıqdan sonra işin həlli üçün onun adına etibarnamə lazım olduğunu demişdir. Buna görə qohumu Şahid2 Xaqaninin adına “ASAN Kommunal” mərkəzinin yaxınlığındakı notariat kontorunda etibarnamə vermişdir. Lakin həmin məsələ həll olunmamışdır. Buna görə o, Yaşıllaşdırma İdarəsi üçün nəzərdə tutulmuş 5000 manat pulu Anar Haciyev vasitəsi ilə Xaqanidən geri ala bilmişdir. Belə ki, elektrik xəttinin çəkilişi məsələsi çox ləngimiş, yalnız 2020-ci ilin mart ayında möhkəm mübahisədən sonra Xaqani qeyri-yaşayış sahəsinə elektrik xəttinin çəkilməsi və sayğacın quraşdırılmasını təmin etmişdir. Lakin o, çəkilən elektrik xəttinin onun təqdim etdiyi müqavilədə 15 kVt gücündə deyil, 10 kVt gücündə olduğunu görmüş, səbəbini soruşduqda Xaqani narahat olmamağı, bir müddət sonra həmin məsələni də həll edəcəyini demişdir. O, sonradan öyrənmişdir ki, 10 kVt gücündə elektrik enerjisinin çəkilməsi üçün dövlət rüsumu 1350 manatdır, belə ki, Xaqani həmin rüsumu “ASAN Kommunal” mərkəzinə köçürüb qalan pulu özündə saxlamışdır. Sonradan Xaqani ona elektrik nəqlinin gücünü 15 kVt edəcəyini söz versə də, nəticədə məsələni həll etməmiş, pulunu da geri qaytarmamışdır. Bununla bağlı aralarında olan “WhatsApp” yazışmalarını istintaqa təqdim etmişdir. Xaqani ondan 15 kVt gücündə elektrik xəttinin çəkilməsi üçün 5500 manat pulu rüsum adı ilə almış, iki aydan sonra 10 kVt gücündə elektrik xəttinin çəkilməsini təmin etmişdir. Xaqani "xxxx" ASC-də, "xxxx" QSC-də, Yaşıllaşdırma İdarəsində hər hansı vəzifəli şəxslərin adlarını konkret olaraq çəkməmiş, hər hansı şəxslərlə onları görüşdürməmiş və danışdırmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, qohumu Şahid1 ilə birlikdə işləyir, onlar "xxxx" MMC vasitəsi ilə akkumulyator satışı ilə məşğul olurlar. ünvan 1 ünvanında yerləşən 200 kv.m qeyri-yaşayış sahəsi ona, yanındakı 190 kv.m qeyri-yaşayış sahəsi isə İntiqama məxsusdur, qeyri-yaşayış sahələri bir-birinə bitişik vəziyyətdədirlər. Həmin obyektdə 2019-cu ilə kimi kommersiya fəaliyyət olmamışdır. 2019-cu ildə o, həmin qeyri-yaşayış sahəsində dükan açıb akkumulyator satışı ilə məşğul olmaq qərarına gəlmişdir. Bunun üçün müvafiq icazələr aldıqdan sonra 2020-ci ilin yanvar ayında həmin sahədə obyekti tam şəkildə tikib başa çatdırmış və yeni tikilidə elektrik xətti olmadığı üçün sənədləri toplayıb 2019-cu ilin dekabr ayının ikinci yarısında elektrik enerjisinin çəkilməsi üçün dəmir yolu vağzalının inzibati binasına bitişik yerləşən “ASAN Kommunal” mərkəzinə müraciət etmişlər. Müraciət etdikləri gün özünü Sabunçu rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəis müavini kimi təqdim edən Xaqani adlı şəxs İntiqama zəng vuraraq elektrik xəttinin çəkilməsi barədə müraciəti ilə əlaqədar görüşmələrini təklif etmişdir. İntiqamın dediyinə görə o, Xaqaninin İntiqama zəng etdiyi eyni gündə qeyri-yaşayış sahəsinin yerləşdiyi ünvanda ikisi olmaqla görüşmüşlər, Xaqani İntiqama ona 5500 manat pul verdiyi halda heç bir əziyyət çəkməyəcəyini, işıq idarəsində heç bir problem yaranmayacağını, məsələni şəxsi əlaqələri hesabına "xxxx" ASC-də və "xxxx" QSC-də yoluna qoyacağını, həmin idarələrdən müvafiq razılığın alınmasını təmin edəcəyini, beləliklə bütün sənədləşmə işlərini özünün həll edəcəyini, xətt çəkildikdən sonra sayğacın da quraşdırılmasını təmin edəcəyini ona vəd etmişdir. Sonradan İntiqam ünvan 1 ünvanda Xaqani ilə görüşüb 5500 manat pulu həmin ünvana elektrik xəttinin çəkilməsi üçün ona vermişdir. Həmin pulu İntiqam ümumi kassalarından alıb vermişdir. Onlar həmin məsələnin həllini gözləyərkən 2020-ci ilin birinci yarısında İntiqam Xaqaniyə həmçinin obyektin qarşısında bir neçə ağacın olduğunu bildirib, həmin ağacların Yaşıllaşdırma İdarəsindən razılıq alınıb digər yerlərdə əkilməsinin mümkün olub-olmamasını soruşmuşdur. İntiqam həmin məsələni şəxsi əlaqələri hesabına Yaşıllaşdırma İdarəsində 5000 manat “hörmət” etməklə həll edə biləcəyini bildirmişdir. Danışıqdan bir həftə sonra İntiqam işçisi Şahid3 vasitəsi ilə Xəqaniyə onun olduğu 5000 manat pul göndərmiş, Xaqani Nizami rayonu, “Qara Qarayev” metrostansiyası yaxınığında həmin pulu aldıqdan sonra işin həlli üçün onun adına etibarnamə lazım olduğunu demişdir. Buna görə o, Xaqaninin adına “ASAN Kommunal” mərkəzinin yaxınlığındakı notariat kontorunda etibarnamə vermişdir. Lakin həmin məsələ həll olunmamışdır. Bundan sonra X4 İdarəsi üçün nəzərdə tutulmuş 5000 manat pulu Şahid3 vasitəsi ilə geri ala bilmişdir. Belə ki, elektrik xəttinin çəkilişi məsələsi çox ləngimiş, yalnız 2020-ci ilin mart ayında İntiqam ilə möhkəm mübahisədən sonra Xaqani qeyri-yaşayış sahəsinə elektrik xəttinin çəkilməsi və sayğacın quraşdırılmasını təmin etmiş, lakin çəkilən elektrik xətti onun təqdim etdiyi müqavildə 15 kVt gücündə deyil, 10 kVt gücündə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 2019-cu ilin yanvar ayından "xxxx" MMC-də satış üzrə menecer işləyir. 2020-ci ilin birinci yarısında direktoru Şahid1 tapşırığına əsasən Xaqani adlı şəxsə Bakı şəhəri Nizami rayonu, “Qara Qarayev” metrostansiyası yaxınığında 5000 manat pul vermiş və bu barədə direktora məruzə etmişdir. Həmin pulun konkret olaraq hansı məqsədlə verilməsi haqda məlumatı olmamışdır. Təxminən 20-25 gün sonra o, Şahid1 tapşırığına əsasən Xaqani ilə Bakı şəhəri, Xətai rayonu, Babək prospektində “X19”nın yaxınlığında görüşüb həmin 5000 manat pulu ondan geri alıb direktora vermişdir. O, yalnız direktorun tapşırığı ilə pulu Xaqaniyə verib bir müddət sonra isə geri götürmüş, həmin pulun hansı məqsədlə verildiyini bilməmişdir. Xaqaninin daha əvvəl Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyatzadə küçəsi, 4A ünvana elektrik xəttinin çəkilməsi üçün direktoru Şahid1 5500 manat pulu alması barədə məlumatı olmamışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 03 fevral 2021-ci il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 178.2.3, 178.2.4 və 308.1-ci maddələri ilə cinayət işi başlanmışdır. (i.v. 1) -"xxxx" ASC-nin 05 noyabr 2020-ci il tarixli 0299/3041 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 2.1-ci bəndinin tələblərinə uyğun olaraq yenidən qurulan, həmçinin enerji təchizatı sxemini dəyişən obyekt olaraq Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 04 aprel tarixli 1313 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarların tələb olunan gücü 150 kVT-a qədər (150 kVT da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”na uyğun olaraq müvafiq sənədləri təqdim etməklə “ASAN Xidmət” və ya “ASAN Kommunal” mərkəzlərinə müraciət etməlidirlər. Vətəndaş Şahid1 ticarət obyektinin elektrik enerjisi ilə təchiz edilməsi üçün “ASAN Kommunal” mərkəzinə deyil, müraciətində bildirdiyi kimi Xəqani adlı şəxsə müraciət etmişdir. Sabunçu RETSİ-nin əməkdaşı X8 əmək müqaviləsinə 29 mart 2020-ci il tarixdə Əmək Məcəlləsinin İİ hissəsinin 68-ci maddəsinin “a” bəndinə əsasən K/20-01134 nömrəli əmrlə xitam verilmişdir; -Bakı şəhəri Sabunçu rayon icra hakimiyyəti başçısının 02 iyul 2019-cu il tarixli 196 nömrəli Sərəncamının surətindən görünür ki, ünvan 1 ünvanında X5 tərəfindən inşa edilmiş qeyri-yaşayış obyektinin layihəsi təsdiq edilmişdir. (i.v. 55) -"xxxx" QSC-nin 1 nömrəli Bakı elektrik təchizatı sahəsinin 08 yanvar 2021-ci il tarixli 03 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Elmar Tanrıverdiyevin etibarnaməsi əsasında ünvan 1 ünvanına elektrik enerjisinin verilməsi üçün dəmir yolu altından elektrik xəttinin çəkilməsi barədə müraciət etməmişdir. (i.v. 64) -"xxxx" ASC-nin sədr müavininin 23 may 2017-ci il tarixli k/17-02074 nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Sabunçu RETSİ-nin istismar şöbəsinin mühəndisi vəzifəsinə təyin edilmişdir. (i.v. 73) -"xxxx" ASC-nin sədrinin 29 mart 2020-ci il tarixli k/20-01134 nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs əmək müqaviləsinə öz xahişi ilə 29 mart 2020ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. (i.v. 75) -“Azərbaycan Beynəlxalq Bankı”na məxsus 21 yanvar 2020-ci il tarixli FJB**********383 nömrəli mədaxil qəbzindən görünür ki, həmin tarixdə Elmar Tanrıverdiyevin adından elektrik xəttinin çəkilməsi üçün 1802 və 0,40 manat məbləğində, eyni tarixli FJB**********402 nömrəli mədaxil qəbzinə əsasən Elmar Tanrıverdiyevin adından 15 və 0,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. (i.v. 76) -"xxxx" ASC-nin X2 09 yanvar 2020-ci il tarixli EQTSA**********8967 nömrəli müraciəti üzrə tərtib olunmuş texniki şərt sənədinin surətindən görünür ki, ünvan 1 ünvanına 10 (kVt) gücündə elektrik xəttinin çəkilməsi razılaşdırılmış, texniki şərt verilmişdir. (i.v. 79-80) - 10 mart 2021-ci il tarixli protokoldan görünür ki, Şahid1 iş üzrə 18 dekabr 2020-ci il tarixdə verdiyi izahatına əlavə etdiyi “Whatsapp” tətbiqindəki Təqsirləndirilən şəxs ilə şikayətçi Şahid1 arasında aparılmış yazışmalara müstəntiq tərəfindən Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı üməyyən edilmişdir ki, onlar arasında aşağıdakı danışıqlar aparılmışdır: “İntiqam: Mənə orda işıqla bağlı problem yaranarsa səndən 5500 yox, 10500 alacam. Xaqani: Ok söz onu sənə dünən dedim ki, nəsə qanunsuz və ya az olsa 2 qatını verməyən nakişidir, şərəfsizdir. İntiqam: Əvvəldən demişdim sənə ki, istəyirsən cır çölə at ye xərclə neyliyisən et sənədi düzgün mənə təhvil ver, qanunsuz odur ki, 15 Kv yerinə mənə 10 Kv-ın sənədini gətirmisən. Xaqani: Ok danışdıq 15 düzəldib verəcəm sənə, saat 3-də adını yazdırıb dəqiq saatı deyəcəm sənə ki hansı gün məndən 15 Kv verim sənə. İntiqam: Mən ASAN kommunalla müraciət etmişdim, sən nümayəndə olaraq dedin hamsı mənlikdi. Xaqani: İntiqam təki uşaqlara bir şey olmasın 15-i verəcəm sənə, səhər idarədən yığacam səni fikirləşdiyin deyil. İntiqam: 5500 alanda dedin hamsı mənlikdi, düzdü? hələ 30 yazdıracaqdın guya neyliyisən et öz işində məsələni həll et Xaqani: Darıxma səhər müraciət edəcəm sənin adından, prosto mənə şəkillərini at, allah şahididir dediyimdən artıq eləmişəm İntiqam: Axşama kimi ya pulu ya da 15 kv yazıdırıb gətirirsən, qalan pulu ödə 15 yazdır ora tələb olunanı, noldu sənin sənədin Xaqani? Xaqani: Dedim axı sənədləri göndər baş idarəyə göndərim 15 eləyim İntiqam: Bəs sən dedin köhnə sənəd verirəm 2019,bəs ASAN kommunaldan nə olacaq aldığımız. Xaqani: Səhər idarədən yığacam səni,15 verəcəm sənə. İntiqam: sənədi tam düzəlt ver bura, olmasa prokurorluğa şikayət edəcəm, mənə orda işıqla bağlı problem yaransa səndən 5500 yox 10500 alacam, mənə görüş yox sənəd lazımdır Xaqani: səhər gedəcəm baş idarəyə buğun iş günü deyildi, mənim istədiyimlə olsaydı nə var idi ki, xahiş eləmədiyim adam qalmayıb Xaqani: Mənim gördüyüm işə arxayın ol, 17 kv yazdırmışam götürəcəm,18-nə kimi vaxt var ama mən tez verəcəm, çıxan kimi verəcəm. İntiqam: Sən məni aldatdın da 3600 qəpiyinə kimi alacam, şikayət edəcəm. Xaqani: İşə çıxmırıq oturmuşuq evdə qəza xidməti işləyir. İntiqam: Xaqani işıqdan zəng vurular nə məsələdi, nə oyun çıxarırsan sən bilmirəm Xaqani: Dedim rəisə 100 manat istəyiblər qələt edirlər, İntiqam: Mənim orda işığım kəsilsə, məndən canını qurtarmazsan.” (i.v. 108-109) -Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”nın 3.1ci bəndindən görünür ki, sifarişçinin elektrik xətlərinin çəkilməsi üçün qoşulma haqqından əlavə heç bir əlavə haqqın ödənilməsi tələb olunmur. (i.v. 129-134) - 16 mart 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi Azərbaycan Respublikası CM-nin 178.2.3, 178.2.47 və 308.1-ci maddələrindən həmin Məcəllənin 178.2.3, 178.2.4 və 32.4,312.1-ci maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs tərəfindən guya ünvan 2 ünvanın qarşısında olan ağacların yerinin dəyişilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyində adını bilmədiyi şəxsə şifahi müraciət etməsi barədə göstərdikləri və Təqsirləndirilən şəxs tərəfindən guya sözügedən ünvana elektrik xəttinin çəkilməsi ilə bağlı "xxxx" QSC-də adını bilmədiyi şəxsə guya 1540 manat məbləğində dövlət rüsumu ödəməsi barədə dedikləri təsdiq olunmadığından həmin xüsusatlar üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, Şahid1 zərərçəkmiş şəxs qismində tanınması istisna edilmiş və barəsində rüşvət verməyə cəhd etmə əməlinə görə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CM-nin 312-ci maddəsinin Qeydinə və Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən rədd edilmiş, iş üzrə öz xüsusiyyətinə, əlamətlərinə, habelə üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs ilə şikayətçi Şahid1 arasında “Whatsapp” tətbiqindəki aparılmış yazışmalar maddi sübut kimi tanınmışdır. (i.v. 147-157) Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluğun şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi (CM-nin 178.2.3-cü maddəsi) dedikdə, həmin əməlin CM-nin 308-ci maddəsinin qeydində göstərilən vəzifəli şəxslərlə yanaşı, vəzifəli şəxs olmayan, lakin müəyyən səlahiyyətlərə malik olan digər şəxslər tərəfindən də törədilməsi başa düşülür. Qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətmiş vəzifəli şəxsin əməli CM-nin 178.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan həmin əməlin əlavə olaraq CM-nin 308, 309 və ya 341-ci maddələri ilə tövsif edilməsinə ehtiyac olmur. Rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər ona məxsus olmuş əmlakdan artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasını yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətin (hərəkətsizliyin) edilməsini gözləyir. Özgənin əmlakını ələ keçirmək məqsədi ilə vəzifəli şəxs öz qulluq mövqeyinə görə onun səlahiyyətlərinə aid olmayan hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsini vəd edərək buna görə pul, qiymətli kağızlar və sair maddi nemətlər aldıqda təqsirkarın əməli dələduzluq kimi qiymətləndirilməlidir. Şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4,312-ci maddələri) kimi qiymətləndirilir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3, 178.2.4 və 32.4,312.1-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etiraf ifadəsi ilə yanaşı mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.3, 178.2.4 və 32.4,312.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.2.3, 178.2.4 və 32.4,312.1-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 312.1-ci maddəsinə əsasən rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi - beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Sözügedən Məcəllənin 32.4-cü maddəsinə əsasən ələ alma, sövdələşmə, hədəqorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 22 fevral 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 86) -Bakı şəhəri 96 saylı MKİS-nin 16 mart 2021-ci il tarixli 53 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri - həyat yoldaşı X6, 2014-cü il təvəllüdlü qızı X7 və 2015-ci il təvəllüdlü oğlu X9 ibarətdir. (i.v. 114) - 16 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 183) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3, 178.2.4 və 32.4,312.1-ci maddələri ilə törətdiyi əməllər həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqların olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə əlavə olaraq Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, əməlindən səmimi peşmançılıq hissləri keçirdiyini Azərbaycan Respublikası CMnin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, iş üzrə ittiham aktına əsasən Azərbaycan Respublikası CMnin 59.1.14-cü maddəsinə əsasən dələduzluq cinayət əməli nəticəsində dəymiş ziyanın qismən ödənilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində nəzərə alınsa da, bunun əsası yoxdur. Belə ki, təqsirləndirilən şəxsə rüşvət şəklində pul vermiş Şahid1 əməli işin ibtidai istintaqı zamanı rüşvət verməyə cəhd kimi tövsif edildiyindən onun zərərçəkmiş qismində tanınması qanunvericliklə istisna olunmuş, o, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmamışdır. Belə olan təqdirdə, yuxarıda şərh olunan qaydada həmin hal Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsində nəzərdə tutulan təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə alına bilməz, buna dair müddəa ittiham aktından xaric edilməlidir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halın isə olmamasını, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3, 178.2.4 və 32.4,312.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən təyin edilmiş həmin cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə tutulmamış, həbsdə saxlanılmamışdır, ona görə də cəza müddətinin hesablanması zamanı Azərbaycan Respublikası CM-nin 69-cu maddəsinin müddəlarının tətbiqi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış Təqsirləndirilən şəxs ilə şikayətçi Şahid1 arasında “WhatsApp” tətbiqindəki aparılmış yazışmalar saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır; iş üzrə məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3, 178.2.4 və 32.4,312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə qeyd edir ki, işin məhkəməyədək icraatı dövründə təqsirləndirilən şəxsə dövlət hesabına vəkil təyin edilmiş, Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili X3 ibtidai istintaqda iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmişdir. İş materiallarına əsasən həmin vəkilin göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 12 iş saatı olmuşdur, Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müdafiəçiyə əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İşin məhkəmə icraatı dövründə də təqsirləndirilən şəxsə dövlət hesabına vəkil təyin edilmiş, ərazi üzrə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iş materialları ilə tanış olub və məhkəmə iclasında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmişdir. İş materiallarına əsasən vəkilin göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 60 iş saatı müddətində olmuşdur, Nazirlər Kabinetinin müvafiq qərarına uyğun hesablanmaqla həmin müdafiəçiyə də əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası CMnin 32.4,312.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş həmin cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq, 03 (üç) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Maddi sübut qismində tanınmış Təqsirləndirilən şəxs ilə şikayətçi Şahid1 arasında “WhatsApp” tətbiqindəki aparılmış yazışmalar cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İşin məhkəməyədək icraatı zamanı iş materialları ilə tanış olmaqla birlikdə, vəkil X1 Təqsirləndirilən şəxs 12 saat göstərdiyi pulsuz hüquqi yardıma görə 72 manat əmək haqqı "xxxx" ASC-nin Binəqədi filialı, kod 200156, VÖEN **********, m/h - AZ37NABZ********************, SWİFT KOD AİİBAZ2X, hesab - AZ48AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 11 saylı vəkil bürosu vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İşin məhkəmə icraatı dövründə iş materialları ilə tanış olmaqla birlikdə, vəkil Müdafiəçi Təqsirləndirilən şəxs 60 saat göstərdiyi pulsuz hüquqi yardıma görə 360 manat əmək haqqı "xxxx" ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ********************, SWİFT.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar