Məhkəmə qərarları › İş №1(007)-173/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-173/2023

31.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-173/2023 31.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs - 31 avqust 1992-ci il tarixdə Tovuz rayonunun Abulbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada işləyən, əvvəllər məhkum olunmamış, Tovuz rayonunun Abulbəyli kəndində qeydiyyatda olmaqla yaşayan, 24 dekabr 2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 05 iyul 2022-ci il tarixdə saat 02 radələrində “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Opel Astra minik” markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti ilə üzü “Koroğlu” metrostansiyası istiqamətində 70 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməsi barədə tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu tələbləri pozub Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, 172 ünvanının qarşısında sürücü Şahid1 idarə etdiyi “Hyundai Getz minik” markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol güzgüsü ilə vurması nəticəsində yolun hərəkət hissəsində müvazinətini itirmiş halda olan piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilinin sağ qabaq hissəsi ilə ehtiyyatsızlıqdan vurub və üzərindən keçərək sonuncuya ağciyərdə qansızmalar, sağ böyrəyin zədələnməsi, sağdan İİ,İİİ,İV,V,Vİ,Vİİ,Vİİİ,İX qabırğaların, soldan İİİ,İV,V,Vİ,Vİİ,Vİİİ qabırğaların yayılmış, qapalı, yerdəyişmiş sınıqları, aralığın əzilmiş-cırılmış yarası, bədənin sıyrıqları ilə nəticələnən ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirmiş, bu xəsarətlərdən döş qəfəsinin küt travması, ikitərəfli qabırğa sınıqları, ağciyərlərin əzilməsi və sağ böyrəyin zədələnməsindən yaranan travmatik-hemmoragik şok Zərərçəkmiş şəxs ölümünə səbəb olmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən il yarım əvvəl Bakı şəhərinə gəlmiş və dostu Seymurun Novxanı qəsəbəsindəki ünvanını dəqiq bilmədiyi evində müvəqqəti yaşamışdır. Seymur onun icarəyə götürdüyü avtomobilin salonunda gecələdiyini gördüyü üçün onun evində müvəqqəti gecələyə biləcəyini bildirmişdir. Qardaşı olmadığından və atası da rəhmətə getdiyindən xəstə anasına baxmaq məcburiyyətində olmuş, rayonda iş olmadığı üçün Bakı şəhərinə gələrək həm gecə, həm də gündüz işləməyə başlamışdır. O, kafel-metlax ustasıdır və gündüz vaxtları kafel vurmaqla məşğul olduqdan sonra Tovuz rayonundakı xəstə anasının müalicəsi üçün pul göndərə bilmək üçün axşam vaxtları da günlük 20 manat icarə haqqı ödəməklə avtomobillə taksi fəaliyyəti göstərmişdir. O, taksi fəaliyyəti göstərmək üçün Şahid3 məxsus “Opel Astra minik” markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobili günlük 20 manat icarə haqqı ödəyərək götürmüş və avtomobilin mühərrikində problem olduğu üçün 500-600 manat xərc çəkərək onu təmir etdirmişdir. Həmin təmir avtomobilin ilkin ödənişi kimi hesablanmışdır. 05 iyul 2022-ci il tarixdə saat 02 radələrində həmin “Opel Astra minik” markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti ilə üzü “Koroğlu” metrosu istiqamətində orta zolaqla təxminən 70 km/saat sürətlə avtomobilində bir nəfər tanımadığı öndə oturan kişi sərnişin ilə hərəkətdə olarkən qarşısında tünd göy rəngli “Hyundai” markalı avtomobil hərəkət etmişdir. “Azpetrol” YDM-nin qarşısı istiqamətində “Hyundai” markalı avtomobil ondan təxminən 10 metr aralıda hərəkət etmiş və həmin avtomobil qəflətən sağa hərəkət etmişdir. O, həmin vaxt “Hyundai” markalı avtomobilin sürücüsünün yuxulu olmasını zənn etmişdir. Həmin avtomobil qəflətən sağa hərəkət edərkən onun sol qabaq tərəfindən kiminsə düşməyini görmüş kimi olduğu üçün o da qəflətən əyləcdən istifadə edib avtomobilini sola hərəkət etdirmişdir. Lakin həmin “Hyundai” markalı avtomobilə dəymiş və ayaq üstə fırlana-fırlana onun qarşısına çıxmış naməlum kişini o, görəndə həmin piyada artıq avtomobilinin qabaq sağ küncünə dəymiş və yerə yıxılmışdır. O, əyləcdən tam istifadə edib piyadanın vurulduğu yerdən təxminən 15 metr irəlidə avtomobilini saxlamış və yerdə olan vurulmuş piyadaya yaxınlaşmışdır. Orada “Hyundai” markalı avtomobilin sürücüsü, sonradan tanıdığı İlhamın həmin kişini yolda avtomobilinin sol yan güzgüsü ilə vurmasını və həmin kişinin də vurulmanın təsiri ilə yolda qalmasını, onun da həmin piyadanı görmədiyi üçün avtomobilinin sağ yan hissəsi ilə vurmasını bilmişdir. İlhamla o, hadisə yerində qalmışlar, İlham polisə məlumat vermiş və təcili yardım çağırmışdır. Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərmişdir ki, əməlindən səmimi peşmandır, hadisədən sonra mərhumun ailə üzvlərinə maddi köməklik göstərmiş, onlarla barışıq əldə etmişdir. Qeyd etdiklərini, ağır ailə vəziyyətini nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq dindirilmiş X5 dəfələrlə dəvət olunmasına baxmayaraq, məhkəmə iclaslarında iştirak etmək üçün gəlməmiş, lakin məhkəməyə ünvanladığı, 15 mart 2023-cü il tarixdə notariat qaydada təsdiq edilmiş ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir iddiası yoxdur. Bununla əlaqədar, onun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi sözügedən ifadəsində göstərmişdir ki, o, mərhum Zərərçəkmiş şəxs oğludur. Atasının yol nəqliyyat hadisəsi nəticəsində hadisə yerində vəfat etməsini özünü polis əməkdaşı kimi təqdim edən şəxsin onun istifadəsində olan mobil nömrəyə zəng edərək bu barədə məlumat verməsi ilə öyrənmişdir. Həmin məlumatı öyrəndikdən dərhal sonra o, yaşadığı evdən xəstəxanaya gəlmiş və mərhum atasının meyitini təhvil almişdir. Həmin vaxt o, hadisə barədə məlumatı olan şəxslərdən öyrənmişdir ki, 05 iyul 2022-ci il tarixdə saat 02 radələrində Şahid1 idarə etdiyi “Hyundai Getz” markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti ilə üzü “Koroğlu” metrostansiyası istiqamətində orta zolaqla 80 km/saat sürətlə hərəkətdə olarkən H.Əliyev prospekti, 172 ünvanında yolun sağ hərəkət zolağına keçmək istəyərkən yolu hərəkət istiqamətində adi yerişlə sağdan sola keçən mərhum atası Zərərçəkmiş şəxs avtomobilinin sol yan güzgüsü ilə vurduqdan sonra, onun arxasında həmin istiqamətdə 70 km/saat sürətlə orta hərəkət zolağı ilə hərəkətdə olan Təqsirləndirilən şəxs idarə etdiyi “Opel Astra” markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobillə atasını avtomobilinin qabaq sağ tərəfi ilə vurmuş və sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Hadisədən sonra Şahid1 və Təqsirləndirilən şəxs ilə və onların yaxınları ilə barışıq əldə etmişdir, buna görə də onun və anası X1 Şahid1 və Təqsirləndirilən şəxs şikayətləri yoxdur. Yas mərasimini yola verdikdən sonra atasının qanunla qorunan hüquq və mənafelərini qorumaq üçün onun hüquqi varisi qismində tanınmağı ilə bağlı ərizə ilə müraciət etmişdir. Hadisə baş verən vaxt o, yaşadığı ünvanda olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 22 iyul 2021-ci il tarixdən “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə icarə müqaviləsi əsasında taksi fəaliyyəti ilə məşğul olur. İdarə etdiyi avtomobillər müxtəlif şəxslərə və şirkətə məxsus olmuş və o, həmin avtomobilləri yalnız idarə etmək barədə etibarnamə ilə idarə edərək taksi fəaliyyəti göstərmişdir. 24 may 2022-ci il tarixdə uzaq tanışı X4 məxsus “Hyundai Getz” markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilkin ödəniş olmadan aylıq 520 manat icarə pulu ödəməklə nəqliyyat vasitəsini idarə etmək səlahiyyətli etibarnamə ilə bir il müddətinə icarəyə götürmüş və onunla taksi fəaliyyəti göstərmişdir. 05 iyul 2022-ci il tarixdə saat 02 radələrində etibarnamə əsasında taksi kimi idarə etdiyi həmin “Hyundai Getz” markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobillə avtomobildə sərnişin kimi öndə adını bilmədiyi kişi və arxa oturacaqlarda onun ailə üzvləri bir qadın və bir uşaq olmaqla Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti ilə üzü “Koroğlu” metrosu istiqamətində əsas yolla, orta zolaqla təxminən 80 km/saat sürətlə hərəkətdə olmuşdur. Həmin yolun sol tərəfindəki “Azpetrol” YDM-nin qarşısı tərəf, onun hərəkətdə olduğu istiqamətin sağ tərəfindəki, köməkçi yolla onun irəlilədiyi əsas yolu ayıran barduarın üstündə bir nəfər kişinin dayanmasını görmüşdür. Həmin kişinin dayanmasını, yolu keçmək istəməməsini gördüyü üçün o, yolun sağ zolağı da boş olduğundan sağ hərəkət zolağına çıxmaq istəmiş və kişiyə çatmağına təxminən 100 metr qalmış həmin kişinin özünü yola atıb səndələyərək, qaçaraq deyil, normal sürətlə yolu onun gəldiyi istiqamətdə sağdan sola keçərkən o, avtomobilini həmin kişini vurmamaq üçün sağa hərəkət etdirmiş və əyləcdən istifadə etmişdir. Lakin həmin kişini avtomobilin sol yan güzgüsü ilə vurmuş və irəlidə dayanmışdır. Həmin kişini vurduğu yer sağ zolaqla orta zolağı ayıran qırıq-qırıq xətdən təxminən 1 metr sağ tərəf olmuşdur. Həmin kişi avtomobilinin güzgüsünə dəydikdən sonra o, arxa tərəfində heç nə görməsə də arxa tərəfdən guppultu səsi eşitmişdir. Avtomobilini piyadının vurulduğu yerdən təxminən 60 metr irəlidə dayandırdıqdan sonra yerə düşmüş və həmin kişini arxasınca gələn “Opel” markalı avtomobilin sonradan tanıdığı Ümid adlı sürücsü tərəfindən vurulmasını öyrənmişdir. Həmin kişi yerdə uzanmış vəziyyətdə olmuş və o, hadisə yerinə gələn kənar şəxslərin vurulmuş piyadaya zərər yetirə biləcəklərini düşünüb dərhal DİN-nin 102 xidmətinə və təcili yardıma zəng etmişdir. Bir qədər sonra təcili yardım və polislər gəlmişlər, sonra avtomobillə vurulan kişinin öldüyünü öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ona məxsus “Hyundai Getz” markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Dostu olan Şahid1 bir müddət əvvəl ona işsiz olduğunu dediyi üçün və o da həmin avtomovbilini nadir hallarda istifadə etdiyi üçün avtomobilini ona aylıq icarə haqqı ödəməklə verə biləcəyini demişdir. İlham da bununla razılaşmış, buna görə həmin avtomobilini aylıq 520 manat icarə haqqı ilə İlhama vermişdir. Avtomobil bacısının qayınatası X2 adına olsa da, faktiki onun avtomobilidir və onun həmin avtomobili idarə etmək, satmaq və s. kimi hüquqları olmaqla avtomobilə baş etibarnaməsi vardır. 05 iyul 2022-ci il tarixdə o, İlhamın qeyd olunan avtomobillə yol-nəqliyyat hadisəsi törətdiyini eşitmişdir, deməsinə görə İlham bir nəfər şəxsi yan güzgüsü ilə vurduqdan sonra digər avtomobil onu vurub öldürmüşdür. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclaslarında iştirakını təmin etmək mümkün olmadığından onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid sözügedən ifadəsində göstərmişdir ki, ona məxsus “Opel Astra” markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Vüqar adlı dostu ona Tovuz rayon sakini olan Təqsirləndirilən şəxs adlı imkansız bir nəfər tanışı olmasını və taksi fəaliyyəti ilə məşğul olmaq istədiyini bildirmişdir. O da qeyd olunan avtomobilini idarə etmədiyi üçün Vüqarın həmin avtomobili tanışı Ümidə kredit şərtləri ilə vermək təklifini qəbul etmişdir. Razılaşmalarına əsasən o, Ümiddən ilkin ödəniş almadan sadəcə avtomobilini idarə etməsi üçün ona etibarnamə vermiş və o da aylıq 600 manat olmaqla 2 il müddətinə ona hissə-hissə ödəniş etməli olmuşdur. Bu şərtlərlə Ümid avtomobilini idarə edib aylıq pulunu vermişdir. Təxminən 20 iyun 2022-ci il tarixdə Ümid ona avtomobilinin qabaq tərəfini Bakı şəhərində başqa avtomobilə vurmasını və avtomobilin ön buferinin əzilməsini bildirmişdir. O da avtomobili ona satdığını və özünün təmir etməsini Ümidə bildirmişdir. Ümid isə imkanı olmadığı üçün avtomobilin ön hissəsi qəzalı vəziyyətdə avtomobili idarə etmişdir. 05 iyul 2022-ci il tarixdə Ümidin yenidən avtomobil qəzası törətməsini və bir nəfər şəxsi vurması nəticəsində ölüm hadisəsi olmasını öyrənmişdir. Bundan sonra artıq o, avtomobilini Ümiddən almışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 05 iyul 2022-ci il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) -Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 05 iyul 2022-ci il tarixli 2/22255 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 03:55-də ayıq olduğu müəyyən edilmişdir. (i.v. 21) -DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin 07 iyul 2022-ci il tarixli 011-7780-1222 nömrəli məktubundan və ona əlavə olunan daktiloskopik xəritədən görünür ki, aparılmış kriminalistik tədqiqatlar nəticəsində, 05 iyul 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 172 ünvanının qarşısında avtomobillə vurulmuş piyada meyitinin 10 fevral 1953-cü il tarixdə Göyçay rayonunda anadan olmuş Zərərçəkmiş şəxs olması müəyyən edilmişdir. (i.v. 67-69) - 30 iyul 2022-ci il tarixli protokoldan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətinin 18 iyul 2022-ci il tarixli 003-12352-1222 nömrəli müşayiət məktubu ilə daxil olmuş hadisənin görüntülərini özündə əks etdirən CD diskdəki videokadrlara baxış keçirilərkən müəyyən olunmuşdur ki, daxil olmuş 4 ədəd videogörüntüdən 3 videogörüntüdə hadisənin görüntüləri yoxdur. Bir görüntünün isə 1 dəqiqə 06-cı saniyəsində “Hyundai Getz” markalı tünd rəngli avtomobilin üzü “Koroğlu” metrosu istiqamətində orta zolaqla hərəkətdə olarkən yolu hərəkət istiqamətində sağdan sola doğru keçmək istəyən (həmin piyada vurulduğu əsas yolun sağındakı, köməkçi yoldan başlayaraq köməkçi yolu keçdikdən sonra əsas yolla köməkçi yolu ayıran barduarın da üzərindən keçib qarşı tərəfə keçmək üçün adi yerişlə irəliləyir) bir nəfər piyadanı avtomobilin sol tərəfi ilə vurması, daha sonra sərt şəkildə avtomobilin sağa hərəkət etdirilməsi və vurulmuş piyadanın yerə yıxılmadan, ayaq üstə müvazinətini itirmiş vəziyyətdə yolun ortasında olarkən həmin avtomobilin arxasınca orta zolaqda hərəkətdə olan “Opel” markalı avtomobilin qabaq sağ tərəfi ilə həmin piyadanı vurub sərt şəkildə sola hərəkətlənməsi müşahidə olunmuşdur. (i.v. 73) - 30 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Şahid1 təqdim etdiyi hadisənin görüntülərini özündə əks etdirən 01 ədəd CD diskdəki videokadra 30 iyul 2022-ci il tarixdə baxış keçirilərkən müəyyən olunmuşdur ki, görüntünün 07-ci saniyəsində “Hyundai Getz” markalı tünd rəngli avtomobilin üzü “Koroğlu” metrosu istiqamətində orta zolaqla hərəkətdə olarkən yolu hərəkət istiqamətində sağdan sola doğru keçmək istəyən (həmin piyada vurulduğu əsas yolun sağındakı, köməkçi yoldan başlayaraq köməkçi yolu keçdikdən sonra əsas yolla köməkçi yolu ayıran barduarın da üzərindən keçib qarşı tərəfə keçmək üçün adi yerişlə irəliləyir) bir nəfər piyadanı yolun hərəkət istiqamətində sağdan birinci zolaqla ikinci zolağı ayıran qırıq-qırıq xəttə yaxın hissədə avtomobilin sol yan güzgüsü ilə vurması, daha sonra sərt şəkildə avtomobilin sağa hərəkət etdirilməsi və vurulmuş piyadanın yerə tam yıxılmadan, ayaq üstə müvazinətini itirmiş vəziyyətdə yolun hərəkət istiqamətindən geriyə hərəkət edərək yolun orta zolağının tən ortasında deyil, hərəkət istiqamətində sağdan birinci zolaqla ikinci zolağı ayıran qırıq-qırıq xətdən 1,2 metr yolun içinə doğru olan hissədə olarkən həmin avtomobilin arxasınca orta zolaqda hərəkətdə olan “Opel” markalı avtomobilin qabaq sağ tərəfi ilə həmin piyadanı vurub sərt şəkildə sola hərəkətlənməsi müşahidə olunmuşdur. (i.v. 74) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsin Nizami rayon şöbəsinin 09 avqust 2022-ci il tarixli 121 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs meyiti məhkəmə-tibbi müayinə olunarkən onun bədənində aşağıdakı xəsarətlər aşkar edilmişdir: ağciyərdə qansızmalar, qaraciyərin və sağ böyrəyin zədələnməsi, sağdan İİ,İİİ,İV,V,Vİ,Vİİ,Vİİİ,İX qabırğaların, soldan İİİ,İV,V,Vİ,Vİİ,Vİİİ qabırğaların yayılmış, qapalı, yerdəyişmiş sınıqları, sol budun orta 1/3dən qapalı, qəlpəli sınığı, sol qalça sümüyünün qəlpəli sınığı, aralığın əzilmiş-cırılmış yarası, bədənin sıyrıqları. Qeyd edilən xəsarətlər həyatidirlər, ölümdən az əvvəl, yəni xx.xx.2022-ci il tarixdə bərk küt əşyanın (əşyaların) təsirindən piyada qismində olarkən avtoqəza zamanı alınmaları mümkündür, dərəcələrinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyırlar və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəlidirlər. Zərərçəkmiş şəxs ölümünə skelet sümüklərinin çoxsaylı sınıqları və daxili orqanların zədələnməsi nəticəsində baş vermiş kəskin qanitirmə səbəb olmuşdur. Ölüm meyit meyitxanada müayinə olunduğu vaxtdan 8- 12 saat əvvəl baş verə bilərdi. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəməkimya tədqiqatı nəticəsində etil spirti aşkar edilmişdir. Etil spirtinin qatılığı - 1,96%o-dir. Bu miqdar canlı şəxslərdə orta dərəcəli alkoqol sərxoşluğuna uyğun gəlir. Metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, fenilakilamin qrupuna aid olan amfetamin və metamfetamin, pirazolon, 1,4 benzodiazepin törəmələri və salisatları aşkar edilməmişdir. (i.v. 80-82) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 29 sentyabr 2022-ci il tarixli 8/2327 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Hyundai Getz markalı 99XG250 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Opel Astra minik markalı 77FB580 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (i.v. 88-92) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsin 14 noyabr 2022-ci il tarixli T 502/2022 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitinin məhkəmə tibbi ekspertizası zamanı sağ İİ- İX, sol lll-Vİİİ qabırğaların yayılmış qapalı sınıqları, sağ böyrəyin, qaraciyərin cırılması, ağciyərdə qansızmalar, qarın boşluğunda 1,0 litrə qədər qan, sol budun orta 1/3-dən qapalı, qəlpəli sınığı, sol qalça sümüyünün qəlpəli sınığı, aralığın əzilmiş-cırılmış yarası, bədənin sıyrıqları aşkar edilmişdir. Qeyd edilən xəsarətlərin xarakteri və yerləşdiyi nahiyələrə əsasən hadisənin yaranma mexanizmini təxminən belə izah etmək olar, ilkin zərbə Zərərçəkmiş şəxs sol qalça və sol bud nahiyəsinə olmuş, bundan sonra zərərçəkmiş öz ağırlıq qüvvəsi hesabına zərbənin gücündən yana və arxaya atılmış, bunun nəticəsində hidrodinamik təsirdən maye ilə güclü təchiz olunmuş qaraciyər cırılmış, sonrakı etapda isə artıq müvazinətini itirmiş ayaq üstə və ya ona yaxın vəziyyətdə digər hərəkətdə olan avtomobillə piyadanın vurulması və ya yol örtüyünə sıxılması nəticəsində döş qəfəsində ikitərəfli qabırğaların sınıqları, ağciyərdə qansızma, sağ böyrəyin cırılması, aralığın əzilmiş-cırılmış yarası və sıyrıqların yaranması mümkündür. İstər hərəkətdə olan birinci avtomobilin piyadanı vurması zamanı, istərsə də İİ avtomobilin piyada ilə təması zamanı yaranan xəsarətlər canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb döş qəfəsinin küt travması, ikitərəfli qabırğa sınıqları, ağciyərlərin əzilməsi və sağ böyrəyin zədələnməsindən yaranmış travmatik-hemorragik şok olmuşdur. (i.v. 95-97) -Azərbaycan Respublikası DİN DYP Wep portalından əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs adına 19 sentyabr 2011-ci il tarixdə 05 aprel 2032-ci il tarixədək etibarlılıq müddəti olan “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş, 16 sentyabr 2022-ci il tarixdən 15 mart 2023-cü il tarixədək isə sürücülük hüququndan məhrum edilməsi (cinayət işi üzrə hadisənin baş verməsindən sonra) müəyyən edilmişdir. (i.v. 99- 101) - 22 dekabr 2022-ci il tarixli qərarlardan görünür ki, Şahid1 barəsində Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən inzibati tənbeh tədbirinin görülməsi üçün qərarın surəti Nizami RPİ-nin DYPŞ-nə göndərilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ittiham elan edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 263-1, 264 və 187-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmiş, hadisənin görüntülərini özündə əks etdirən 03 ədəd CD disk maddi sübut qismində tanınaraq cinayət işinə əlavə edilmiş, “Hyundai Getz minik” markalı **-XG-*** dövlət qeydiyyat nişanlı və “Opel Astra minik” markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobillər maddi sübut qismində tanınaraq onların sahiblərinə qaytarılması nəzərə alınmışdır. (i.v. 104-117) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin İ hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən ifadələr, ekspertiza rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 263.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1ci maddəsində nəzərdə tutulmuş əməllər (avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda, həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur və üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 14 iyul 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 56) - 24 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 142) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 26.1-ci maddəsinə əsasən isə ehtiyatsızlıqdan törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin müvafiq olaraq 59.1.1 və 59.1.12-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 noyabr 2013-cü il tarixli Qərarının 21-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, ... məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmin Məcəllənin 59.1.10-59.1.14-cü maddələrinə əsasən şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi; cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması; zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması; cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hallardır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun hadisələrin təsadüfi axarı zəminində az ağır cinayət törətməsini nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Məhkəmə həmin maddənin tələbinə əsasən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulmamış, həbsdə saxlanılmamışdır, ona görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olsa da, onun məntəqə tipli cəzaçəkmə müəssəsinə göndərilməsinədək barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz olunmasına zərurət yoxdur, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəzanın icrası Cinayət Məcələsinin 45-ci və Cəzaların İcrası Məcəlləsinin 154-cü maddəsinin tələblərinə uyğun təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmişdir, o, ərizə verərək təqsirləndirilən şəxslə barışdığını, şikayət və tələbinin olmadığını bildirmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut olan 03 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdırlar; maddi sübut qismində tanınmış avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 27 iş saatı müddətinə bərabər tutularaq, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış 03 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın, “Hyundai Getz minik” markalı **-XG-*** dövlət qeydiyyat nişanlı və “Opel Astra minik” markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobillərin məhkəməyədək icraat zamanı sahiblərinə qaytarılması nəzərə alınsın. Məhkəmə məsrəfi olan 128 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 27 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 162 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar