Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-173/2024 03.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1989-cu il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, üç uşağı olan, fərdi qaydada işləyən, Salyan Rayon Məhkəməsinin 08 sentyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1 və 237.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 177.1-ci maddəsi ilə 500 manat miqdarında cərimə cəzasına, CM-nin 237.1-ci maddəsi ilə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar tam toplanmaqla qəti olaraq 500 manat miqdarında cərimə və 01 il müddətinə azadlıqdan məhrum etmə cəzaları təyin edilmiş, CM-nin 68.2-ci maddəsinə əsasən cəzaların müstəqil icra olunması qərara alınmış, 25 mart 2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Salyan şəhəri, H.Z.Tağıyev küçəsi ev 88-də qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, E.İmanov küçəsi ev 11-də yaşayan, 13 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 15 sentyabr 2023-cü il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, 01 ədəd bükümdə ümumi təmiz çəkisi 7,248 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımış, 13 sentyabr 2023-cü il tarixdə saat 19 radələrində Bakı şəhəri Nizami rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi 342 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 1 ünvanında yerləşən Nizami rayon polis idarəsinə gətirilmiş, orada əynində olan boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə ümumi təmiz çəkisi 7,248 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 5-6 il olar narkotik vasitə olan marixuanadan istifadə edir. 13 sentyabr 2023-cü il tarixdə saat 19 radələrində ünvan 3 ünvanında yerləşən işlədiyi avtomobil təmiri sexinin qarşısında tanıdığı Raufla birlikdə dayandığı vaxt 4 nəfər mülkü geyimdə olan şəxs onlara yaxınlaşaraq polis əməkdaşı olmalarını bildirib onlarla polis idarəsinə getməyi təklif etmişlər. Hər ikisi etiraz etməyərək polis əməkdaşları ilə birlikdə polis idarəsinə getmişlər. Polis idarəsində xidməti otaqların birində polis əməkdaşlarının və vəkilin iştirakları ilə videoçəkiliş aparılaraq üzərinə baxış keçirilmişdir. Baxış zamanı polis əməkdaşları ona üzərində qeyri-qanuni hər hansı bir əşya varsa könüllü təqdim etməsini təklif etmişlər. Bundan sonra o, əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş yaşıl rəngli maddəni polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları həmin maddənin nə olduğu barədə soruşduqda təqdim etdiyi maddənin narkotik vasitə marixuana olmasını, 09 sentyabr 2023-cü il tarixdə “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu və özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən “Mehdi” adlı şəxsin kart hesabına 30 manat pul göndərdikdən sonra “Mehdi” adlı şəxsin narkotik vasitə marixuananı Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən “AL” marketin arxa hissəsinə qoymasını, “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə həmin yerin məkanını onun mobil telefonuna göndərdikdən sonra həmin yerə gedib oradan narkotik vasitə marixuananı götürməsini bildirmişdir. Təqdim etdiyi marixuana polis əməkdaşlarının iştirakı ilə qablaşdırılaraq möhürlənmiş, digər iştirakçılarla birlikdə möhürlənmiş bağlamanın üzərini və tərtib olunan protokolu imzası ilə təsdiq etmişdir. Saxlanılarkən və polis şöbəsində olduğu müddətdə polis əməkdaşları tərəfindən ona qarşı qanunsuz hərəkətə yol verilməmişdir. Təqsirləndirilən şəxs ifadəsində daha sonra əməlindən səmimi peşman olduğunu, himayəsində azyaşlı uşaqları olduğunu nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami RPİ-nin narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Bakı şəhəri Nizami rayonu ərazisində yaşayan “Rauf” adlı şəxsin mütəmadi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. 13 sentyabr 2023-cü il tarixdə saat 19:00 radələrində əvvəlcədən daxil olmuş əməliyyat məlumatına əsasən təşkil olunmuş əməliyyat qrupunun tərkibində, o, narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili X5, əməliyyat müvəkkilləri X6 və Şahid2, birlikdə ünvan 4 ünvanda sonradan şəxsiyyəti onlara X2 məlum olan şəxsi müəyyən etmişlər, həmin vaxt Rauf Yusifovun yanında sonradan şəxsiyyəti onlara Təqsirləndirilən şəxs kimi məlum olan şəxs də olmuşdur. Qeyd olunan şəxslərə özlərini təqdim etdikdən sonra onları Nizami rayon polis idarəsinin inzibati binasına dəvət etmişlər, onlar da etiraz etmədən birlikdə getmişlər. Polis idarəsinin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, sonra onun, əməliyyat müvəkkili Şahid2, videoçəkiliş aparan Nizami RPİ-nin KTQ-nin baş inspektor kriminalisti Şahid3 və dəvət olunmuş vəkilin iştirakları ilə Təqsirləndirilən şəxs üzrində şəxsi axtarış aparılmışdır. Bu barədə ona elan edildikdən sonra üzərində qanunla daşınması, saxlanması və dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın, maddənin olub-olmaması soruşulmuş, olduğu halda isə təqdim etməsi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf polietilenə bükülmüş, içərisində yaşıl rəngli, spesifik iyə malik kütləni təqdim etmişdir. Şəxsi axtarış aparılsa da, şübhəli şəxsin üzərindən qeyriqanuni digər əşya və ya maddə aşkar olunmamışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükülüdə narkotik vasitə marixuana olmasını, onu 09 sentyabr 2023-cü il tarixdə “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu və İran İslam Respublikası vətəndaşı kimi özünü təqdim edən “Mehdi” adlı şəxsin bank kart hesabına 30 manat pul ödədikdən sonra həmin şəxsin narkotik vasitəni Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən “Al Market”in arxa hissəsinə qoyub həmin yerin məkanını “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə onun mobil telefonuna göndərdikdən sonra həmin ərazidən gedib narkotik vasitəni götürüb özü istifadə etmək məqsədi ilə üzərində saxlayaraq daşımasını və heç kimə satmamasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükülü zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib olunmuş, protokol və zərf iştirakçılar tərəfindən imzalanmışdır. Əməliyyat tədbirinin gedişi zamanı Təqsirləndirilən şəxs özünü səmimi apararaq əməlini etiraf etmiş, tərəflərindən ona qarşı qanunsuz hərəkətə yol verilməmiş, təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid2, Şahid1la eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİnin KTQ-nin ekspert-kriminalisti Şahid3 iştirakı mümkün olmadığından, həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş və onun digər şahidlərlə eyni məzmunlu ifadə verdiyi müəyyən edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 14 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, X8 və Təqsirləndirilən şəxs barələrində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 4) - 30 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. (i.v. 1-2) - 13 sentyabr 2023-cü və 14 sentyabr 2023-cü il tarixli protokollardan görünür ki, 13 sentyabr 2023-cü il tarixdə Nizami RPİ-nin təhqiqat şöbəsinin təhqiqatçısı tərəfindən polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə, videoçəkiliş aparılmaqla, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmışdır. Həmin vaxt ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf polietilenə bükülmüş, içərisində yaşıl rəngli, spesifik iyə malik kütləni təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bükülüdəki maddənin narkotik vasitə olan qurudulmuş marixuana olmasını, marixuananı 09 sentyabr 2023-cü il tarixdə “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu və İran İslam Respublikası vətəndaşı kimi özünü təqdim edən “Mehdi” adlı şəxsin bank kart hesabına 30 manat pul ödədikdən sonra həmin şəxsin narkotik vasitəni Abşeron rayonu Hökməli qəsəbəsi ərazisində yerləşən “Al Market”in arxa hissəsinə qoyub yerin məkanını “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə onun mobil telefonuna göndərdikdən sonra həmin ərazidən gedib narkotik vasitəni götürməsi barədə məlumat vermişdir. Aşkar edilən 01 ədəd bükümdəki maddə tərkibinin müəyyən edilməsi məqsədi ilə ekspertizaya təqdim edilməsi üçün 01 ədəd içərisi boş olan zərfin içərisinə qoyulub qablaşdırılaraq götürülmüşdür. İstintaq hərəkətinin aparılmasına dair protokol tərtib olunmuş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntülərə 14 sentyabr 2023-cü il tarixdə şübhəli şəxsin və müdafiəçisinin iştirakları ilə keçirilən baxış zamanı yuxarıda qeyd olunan məlumatların həmin görüntülərlə öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 55-56, 86) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 14 sentyabr 2023-cü il tarixli 3-16- 16/2-6/1286 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Saxlanılan imza Təqsirləndirilən şəxs...” yazı və imzalar olan zərfdə 01 ədəd şəffaf sellofanda təmiz çəkisi 7,248 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: marixuananın təmiz çəkisi 7,248 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 7,198 qram qalıq qalmışdır. (i.v. 67-69) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasının 26 sentyabr 2023-cü il tarixli 6135 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (i.v. 154-155) - 29 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin tərkib əlamətləri olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 ədəd şəffaf sellofanda təmiz çəkisi 7,248 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış, tədqiqata 0,05 qram sərf edildikdən sonra qalıq çəkisi 7,198 qram narkotik vasitə qurudulmuş marixuana saxlanması üçün Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs narkotik vasitəni haradan və kimdən əldə etməsinin müəyyən edilərək istintaqa təqdim edilməsi məqsədi ilə ********* nömrəli cinayət işindən ayrıca icraata material ayrılmış, təqsirləndirilən şəxslər X8 və Təqsirləndirilən şəxs ilə birlikdə saxlanılmasına görə hər iki şəxsin ifadəsində bir-birinin üzərində narkotik vasitənin olmasından məlumatlarının olmamasını bildirmələrinə görə həmin xüsusat nəzərə alınmış, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs X4, digər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs ilə heç bir əlaqəsinin olmaması, ayrı-ayrılıqda hər birinin üzərindən aşkar edilmiş narkotik vasitələri ayrı-ayrı mənbələrdən əldə etmələri, əlbir olaraq əldə etməmələri müəyyən edilməsinə görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində ayrıca icraata cinayət işi ayrılmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan vaxt qeydə alınmış videoçəkiliş olan 01 ədəd DVD disk sübut qismində cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 161-173) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin əldə olunma mənbəyi barədə material ayrılmışdır, nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 13 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 46) - 15 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nizami rayon prokuroru tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqda məhkəməyə təqdimat verilməsinə dair Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin vəsatətinin müdafiə edilməsindən imtina olunmuş və onun Nizami RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. (i.v. 126-127) - 15 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 129-130) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 16 oktyabr 2023-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin 08 sentyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1 və 237.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 177.1-ci maddəsi ilə 500 manat miqdarında cərimə cəzasına, CM-nin 237.1-ci maddəsi ilə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar tam toplanmaqla qəti olaraq ona 500 manat miqdarında cərimə və 01 il müddətinə azadlıqdan məhrum etmə cəzaları təyin edilmiş, CM-nin 68.2-ci maddəsinə əsasən cəzaların müstəqil icra olunması qərara alınmış, 25 mart 2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (i.v. 149-150) -Şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 02 sentyabr 2011-ci il təvəllüdlü Amin, 02 noyabr 2012-ci il təvəllüdlü Vidadi, 27 fevral 2016-cı il təvəllüdlü Dəniz adlı uşaqları vardır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenmunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair” 28 sentyabr 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 83.4-1-ci maddələrinin məzmununa görə, cinayətlərin və ya hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə ilə yanaşı digər cəzaya məhkum olunmuş şəxs məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə yenidən qəsdən cinayət törətdikdə, onun əməli cinayətin residivini yaradır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin 08 sentyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təyin edilmiş 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasını Penitensiar Xidmətin 5 saylı cəzaçəkmə müəssisəsində tam çəkərək 25 mart 2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Lakin, azadlıqdan məhrum etmə növündə cəza çəkərkən o, həmin cəza ilə yanaşı təyin olunan 500 manat cərimə məbləği üzrə ödəniş etməmişdir, cəzasının sonu ilə azad olunarkən isə cərimənin tutulması ilə bağlı icra vərəqəsi aidiyyəti probasiya şöbəsinə göndərilməmişdir. İstər qeydiyyat yeri üzrə Salyan rayon icra və probasiya şöbəsinin icraatında, istərsə də yaşadığı yer üzrə Bakı şəhər probasiya idarəsinin icraatında belə icra sənədi mövcud olmamışdır. Salyan Rayon Məhkəməsinin 08 sentyabr 2016-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs 2016-cı ilin yanvarın 11-də saat 23 radələrində Abdullayev Elvin Babaş oğlunun yaşadığı ünvan 5 ünvandakı evinin hasarının yanında saxladığı Elvin Abdullayevə məxsus “VAZ 21013” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan pəncərəsinin şüşəsini açaraq salona daxil olub oradan bir ədəd 100 manat dəyərində olan “Pioneer” markalı maqnitofonu, 2 ədəd hər birinin dəyəri 3 manat olan yaddaş kartlarını və 37,40 manat nağd pulu gizli olaraq talamaqla zərərçəkmiş şəxs Elvin Abdullayevə ümumilikdə 143,40 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. 01 dekabr 2017-ci il tarixdə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu qüvvəyə minmişdir və həmin Qanunun 1.61.7-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi aşağıdakı qaydada verilmişdir: “Bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır”. İstinad edilən Qanunun 2.4-cü bəndinə görə, bu Qanunun 1-ci maddəsinə əsasən cinayət hesab olunmayan əməllərə görə bu Qanun qüvvəyə minənədək məhkum edilmiş və hazırda cəzasını çəkən şəxslər cəzadan azad olunurlar. Onlar, habelə bu Qanunla cinayət hesab olunmayan əməllərə görə əvvəllər məhkum edilmiş və cəzasını çəkmiş şəxslər məhkumluğu olmayan hesab edilirlər. Göründüyü kimi, qanunvericiliyə həmin dövrdə edilmiş dəyişikliyə əsasən oğurluq zamanı əmlakın mülkiyyətçisinə və ya sahibinə beş yüz manatadək məbləğdə maddi ziyan vurulması CM-nin 177.1-ci maddəsinin təsiri altına düşməməklə, Təqsirləndirilən şəxs 11 yanvar 2016-cı il tarixdə oğurluq cinayətinin törədilməsi ilə zərərçəkmiş şəxsə 143,40 manat maddi ziyan vurulması da cinayət məsuliyyəti yaratmamışdır. Təqsirləndirilən şəxs probasiya şöbəsinin qeydiyyatında olmadığından ona münasibətdə qanunvericiliyin həmin müddəalarının tətbiqi məsələsi üçün müvafiq tədbirlər görülməmişdir. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsinin olması barədə Cinayət Məcəlləsinin 10-cu maddəsinin göstərişlərini, təqsirləndirilən şəxsin mənafeyini, humanizm və ədalət prinsiplərini nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, baxmayaraq ki, sözügedən hökm üzrə Təqsirləndirilən şəxs əməli qüvvədə olan qanunvericiliklə tənzimlənməmiş, uyğunlaşdırılmamışdır, həmçinin cərimə məbləği ödənilməmişdir, həmin əməl özlüyündə ictimai təhlükəliliyini, əhəmiyyətini itirmişdir, cinayət sayılmır, ona görə qeyd olunanlar təqsirləndirilən şəxsin mənafeyinə uyğun qaydada həll edilməklə cinayətlərin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmamalıdır. Belə olan halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinin tələbləri qaydasında cəza təyin olunması üçün əsaslar, eyni zamanda onun cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar mövcud deyildir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət əməli törətməsini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 13 sentyabr 2023-cü il tarixdən 15 sentyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Ona görə məhkəmə hesab edir ki, həmin 02 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunacaq cəzanın müddətindən çıxılaraq, təqsirləndirilən şəxsin üzərində qəti müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış təqsirləndirilən şəxsdən aşkar edilərək götürülməklə Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, içərisində şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardımla bağlı iştirak etdiyi müddətə görə Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə 13 senyabr 2023-cü il tarixdən 15 sentyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 04 (dörd) günə bərabər sayılmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profikatik qeydiyyata alınsın. Maddi sübut qismində tanınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,198 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, içərisində şəxsi axtarış və götürmə aparılmasının videogörüntüləri olan 01 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan 70 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə 22 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X3 müvafiq hesablaşma hesabı üzərindən 132 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-173/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-173/2024
03.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver